Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-437/2024 06.03.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və X1 ibarət tərkibdə, Qəribov Nahid Vidadi oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının evdən çıxarılması tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1940/2023 saylı, 11 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq; MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh aid cehiz əşyalarının iddiaçıya məxsus Cəlilabad rayonu, Qarazəncir kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə iddiaçının oğlu Elçin Əliyev 2021-ci ildə el adəti ilə ailə qurmuş və iddiaçıya məxsus Cəlilabad rayonu, Qarazəncir kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Lakin cavabdehin onun oğlu Elçin Əliyevlə rəsmi nikahı olmamışdır. Cavabdeh onların evində 2 ilə yaxın yaşadıqdan sonra, oğlu Elçin Əliyevlə anlaşa bilmədiklərinə görə ayrılıb öz atası evinə, yəni Cəlilabad rayonu, Ocaqlı kəndinə qayıtmışdır. Cavabdeh 2023-cü ilin yanvar ayında iddiaçının evindən getdikdən sonra bir daha həmin evə qayıtmamışdır. Cavabdehə onun gəlin köçərkən gətirdiyi cehiz əşyalarını iddiaçının evindən aparılması barədə xəbər göndərilməsinə baxmayaraq, o, gəlib əşyalarını aparmır. Cavabdehə məxsus cehiz əşyaları iddiaçıya məxsus evdən çıxarılmalıdır. Ona görə də cavabdehin cehiz əşyalarının yaşadıqları evdən çıxarılması ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı birinci instansiya məhkəməsində keçirilən 11 oktyabr 2023-cü il tarixli məhkəmə baxışı iclasında bildirmişdir ki, Cavabdeh ilə onun (iddiaçının) oğlu Elçin Əliyev 2021-ci il tarixdə el adəti ilə ailə qurmuşlar və cavabdeh ona (iddiaçıya) məxsus Cəlilabad rayonu, Qarazəncir kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Lakin cavabdehin oğlu Elçin Əliyevlə rəsmi nikahı olmamışdır. Cavabdeh onların evində 2 ilə yaxın yaşadıqdan sonra oğlu Elçin Əliyevlə anlaşa bilmədiklərindən ayrılıb öz atası evinə, yəni Cəlilabad rayonu, Ocaqlı kəndinə qayıtmışdır. Cavabdeh 2023-cü ilin yanvar ayında onların evindən getdikdən sonra bir daha həmin evə qayıtmamışdır. Cavabdehin gəlin köçərkən gətirdiyi cehiz əşyaları ona (iddiaçıya) məxsus evdə qalmışdır. Sonradan cavabdehə məxsus yataq dəsti, dolab (şifoner), kiçik dolab, termo, 3 dəst yorğan-döşək, 6 ədəd kiçik döşəkçə, 1 ədəd xalça, 4 ədəd böyük balış, 2 ədəd kiçik balış, 3 dəst odeyal, 1 ədəd yataq örtüyü, 1 ədəd kiçik çilçıraq, 7 ədəd hamam dəsmalı, 7 ədəd əl-üz dəsmalı, 6 ədəd çay dəsmalı, 4 ədəd mələfə dəsti, 1 ədəd yer süfrəsi, 1 ədəd masa süfrəsi, 1 ədəd qapı və 1 ədəd pəncərə pərdəsi, 1 ədəd masa, 6 ədəd stul, 1 ədəd televizor, 1 ədəd televizor altlığı, 1 ədəd kiçik çarpayı, 1 ədəd uşaq çarpayısı, 1 ədəd soyuducu, 1 ədəd tozsoran, 1 ədəd elektrik sobası, 1 ədəd ütü, 1 ədəd ətçəkən, 1 ədəd mikser, 1 ədəd xəmir qarışdıran, 1 ədəd paltaryuyan, 1 ədəd “Tefal” qazan dəsti, 1 ədəd çuqun qazan dəsti, 1 ədəd kiçik çuqun qazan dəsti, 2 ədəd böyük çaydan, 1 ədəd dəm çaydanı, 12 ədəd xrustal çay bardağı, 12 ədəd armudu stəkan, 2 ədəd kağız dəsmal qabı, çörəkqabı, 1 ədəd bıçaq dəsti, 1 ədəd qaşıq dəsti, xörək və çay qaşığı 12 ədəd, plastmas göyərti doğrayan, dolmabükən dəsti, döşəməsilən (polsilən), zibilqabı, 12 ədəd boşqab, 1 ədəd serviz dəsti, 2 ədəd qənd qabı, 1 ədəd şüşə su qabı, 2 ədəd ləpə qabı, 2 ədəd meyvə qabı, 1 ədəd podnos dəsti, 1 ədəd ədviyyat qabı, 12 ədəd şüşə rumka, ləpə üyüdən, 6 ədəd duz qabı, 2 ədəd kül qabı, çuqun tabaq, aşsüzən, göyərti doğramaq üçün taxta, 12 ədəd xörək, çay, çəngəl-qaşıq dəsti, 6 ədəd bulud qaşığı, ütü altlığı, geyim, kosmetika, parfum, qızıldan ibarət əşyalar və cavabdehin uşağına məxsus əşyalar cavabdehin qohumları tərəfindən onun (iddiaçının) evindən aparılmış, lakin cehiz əşyalarının bir hissəsi qalmışdır. Tələb etməsinə baxmayaraq, cavabdeh qalan əşyalarını aparmamışdır. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlər nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1940/2023 saylı, 11 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Qalib Paşayev) iddia təmin edilmiş, Cavabdeh məxsus əşyaların Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli (********** qeydiyyat nömrəli) çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Cəlilabad rayonu, Qarazəncir kəndində 0,1519 ha torpaq sahəsində yerləşən 98,5 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evindən çıxarılması, Cavabdeh 100 manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1940/2023 saylı, 11 oktyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işin faktiki halları ondan ibarətdir ki, o, iddiaçının oğlu Elçin Əliyevlə 2021-ci ildə ailə qurmuş, onun valideynlərinə məxsus Cəlilabad rayonu, Qarazəncir kəndində yerləşən evə gəlin köçmüş və 2 il həmin evdə yaşamışdır. Gəlin köçərkən el adətinə uyğun olaraq özü ilə müxtəlif cehiz əmlakları və qızıl-zinət əşyaları aparmış və həmin əşyaların hamısı iddiaçının evində qalmışdır. O, evdən DİN-in “102” xidmətinin əməkdaşları tərəfindən çıxarılmış və evdən çıxarkən heç nə götürməmiş, sonradan da qohumları tərəfindən evdən əmlak çıxarılmamışdır. Onun bütün əmlakları iddiaçının evindədir. Lakin məhkəmə həmin halları araşdırmamış və qanunsuz qətnamə qəbul etmişdir. Hətta o, evdən çıxarılmazdan əvvəl qızıl-zinət əşyaları hamısı ondan alınmışdır. Ümumiyyətlə, qətnamə düzgün çıxarılmamışdır. Qətnamədə evdən çıxarılmalı olan əşyaların nədən ibarət olması göstərilməmişdir. Cavabdehin əmlakları aşağıdakı əşyalardan ibarətdir və hamısı iddiaçının evində qalmışdır. Həmin əmlaklar: yataq dəsti - 1 ədəd taxt, 1 ədəd dolab, 2 ədəd tumba, 1 ədəd termo, 1 ədəd taxt döşəyi, 1 ədəd iki nəfərlik döşək, 2 ədəd tək nəfərlik döşək, 1 ədəd iki nəfərlik yorğan, 2 ədəd tək nəfərlik yorğan, 7 ədəd kiçik döşəkçə, 4 ədəd böyük balış, 4 ədəd kiçik balış, 3 dəst odeyal, 2 ədəd taxt örtüyü, 1 ədəd kiçik çilçıraq, 1 ədəd böyük çilçıraq, 8 ədəd hamam dəsmalı, 8 ədəd əl-üz dəsmalı, 8 ədəd çay dəsmalı, 4 ədəd çexol – prastinya, 2 ədəd yer süfrəsi, 1 ədəd masa süfrəsi, 1 ədəd masa sellofanı, 1 ədəd qapı dekoru, 2 ədəd pəncərə tülü, 2 ədəd pəncərə dekoru, 1 ədəd xalça, 1 ədəd yay yorğanı, 3 ədəd karniz, 1 ədəd uşaq çarpayısı, çarpayıda olan 1 ədəd matras, 1 ədəd tül, 1 ədəd tül saxlayan dəmir, 1 ədəd tək nəfərlik çarpayı, 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd “Samsung” plazma televizoru, 1 ədəd televizor altlığı; Məişət əşyaları: 1 ədəd ütü, 1 ədəd ütü altlığı, 1 ədəd soyuducu, 1 ədəd tozsoran, 1 ədəd txovka, 1 ədəd ətçəkən, 1 ədəd mikser, 1 ədəd paltaryuyan, 1 ədəd soğançəkən, mətbəx mebel dəsti, 20 ədəd paltar asılqanı, Məişət əşyaları: qazan dəsti “Tefal” – 5 ədəd, çuqun qazan dəsti - 5 ədəd, çuqun qazan dəsti – 3 ədəd, 2 ədəd böyük çaydan, 2 ədəd kiçik çaydan – dəm üçün, 2 ədəd kiçik tava, 12 ədəd xrustal çay stəkanı, 12 ədəd armudu stəkan, 2 ədəd salfetka qabı, 2 ədəd çörək qabı, bıçaq dəsti – 10 ədəd, xörək qaşığı – 12 ədəd, çəngəl – 12 ədəd, balaca çəngəl – 12 ədəd, 12 ədəd limon çəngəli, 12 ədəd çay qaşığı, 6 ədəd - limon qaşığı, 6 ədəd bulud qaşığı, 12 ədəd nəlbəki, 12 ədəd su rumkası, 6 ədəd su stəkanı, 6 ədəd şirniyyat qabı, 1 ədəd göyərti doğrayan, 1 ədəd su qabı (qrafenka), çömçə dəsti – 6 ədəd, padnos dəsti – 3 ədəd, 1 ədəd taxta qaşıq, 1 ədəd əl mikseri, 1 ədəd şirniyyat şotkası, 1 ədəd ləpə üyüdən, 1 ədəd kotlet götürən, 1 ədəd polsilən svabra, şotka və vedrə ilə birlikdə, 1 ədəd tavansilən, 1 ədəd salat doğrayan, 1 ədəd dolma bükən, 6 ədəd duz qabı, 2 ədəd ayaqlı ləpə qabı, 2 ədəd ayaqlı meyvə qabı, 4 ədəd qapaqlı qənd qabı, 2 ədəd ayaqlı qənd qabı, 1 ədəd qapaqlı zibil qabı (pedallı), 1 dəst ədviyyat qabı – 8 ədəd, 2 ədəd plasmas ləyən, 1 ədəd kiçik aşsüzən, 1 ədəd böyük aşsüzən, 132 ədədlik serviz dəsti, 72 ədədlik serviz dəsti, 6 ədəd mürəbbə qabı, 12 ədəd limon qabı, 12 ədəd yağ bıçağı, 1 ədəd şəffaf böyük qab, 1 ədəd böyük xəmir tabağı, 1 ədəd kiçik xəmir tabağı, 1 ədəd pendir qabı, 1 ədəd şəkər qabı, 1 ədəd paltar səbəti, 2 dəst uşaq yemək qabı, 1 ədəd uşaq üçün termos, 1 ədəd blender və qabı; Qızıl-zinət əşyaları: 1 ədəd boyunbağı – 585 əyyar, 10,5 qram, 1 ədəd üzük – 585 əyyar, 7 qram, 1 ədəd qolbağı – 585 əyyar, 3,5 qram, 1 cüt sırğa - 6 qram, 585 əyyar, 1 ədəd üzük – 585 əyyar alyans, 7,5 qram, 1 ədəd üzük – 585 əyyar qaşlı, 10 qram, 1 ədəd üzük – 585 əyyar, 9 qram, 1 ədəd boyunbağı - 585 əyyar kulonla birlikdə 11 qram, 1 ədəd boyunbağı – 585 əyyar kulonla birlikdə 11,3 qram, 1 ədəd qolbağı – 585 əyyar, 3 qram; Paltar: 1 ədəd qış paltosu, 1 ədəd balonka gödəkçə, 3 ədəd tək pencək, 6 dəst idman geyimi, 5 ədəd don, 3 ədəd jaket, 10 ədəd klassik və cins şalvar, 3 ədəd yubka, 2 ədəd jilet, 15 ədəd kofta, 3 ədəd klassik köynək, 5 ədəd ev şalvarı, 8 ədəd futbolka köynək, 5 ədəd əl çantası, 2 ədəd idman ayaqqabısı, 7 ədəd yay və klassik ayaqqabı, 1 ədəd qış ayaqqabısı, 2 ədəd ev ayaqqabısı, 1 ədəd hamam dəsti, 3 ədəd gecə geyimi, 2 ədəd həyət ayaqqabısı, 1 ədəd ütü feni, kosmetika, parfumeriya və digər sadalamadığı paltarları, uşaq üçün 1 ədəd qış gödəkçəsi, 2 dəst uşaq paltarı (şalvar və köynək), uşaq yol çantası, bələk çantası, 1 ədəd uşaq arabası, uşaq oyuncaqları, digər sadalamadığı uşağa və özünə məxsus əşyalar. Qeyd etdiyi əmlaklar, şəxsi əşyalar və qızıl-zinət əşyaları hamısı iddiaçının evində qalmışdır. O, evdən çıxarkən polis əməkdaşları tərəfindən çıxarılmış və polis əməkdaşları onun evdən heç nə aparmadığının şahidləridir. Lakin onlar da məhkəmə iclasında dindirilməmişlər. Həmçinin, qətnamədə göstərilir ki, guya cavabdehin qohumları əmlakların müəyyən hissəsini evdən götürüb aparmışlar. Lakin həmin qohumlar da şahid qismində dindirilməmişlər. Ümumiyyətlə, iddiaçının ailə üzvləri Arzu və Elçin cavabdehi döymüş, ona işgəncələr vermiş, bədənini yandırmış və müxtəlif xəsarətlər yetirmişlər. Bununla bağlı Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Elçin Əliyev və Arzu Əliyeva Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək cəzalanmışlar. Göründüyü kimi, cavabdehin evdən getmək şəraiti məlumdur, o, döyülərək evdən çıxarılmış və bu zaman polis əməkdaşları da orada olmuşdur. O, heç bir əmlak çıxarmamışdır. O, hazırda əmlaklarını tələb edir, əgər iddiaçı onun əmlaklarını çıxarmaq istəyirsə, qeyd etdiyi əmlakların hamısını ona verməlidir. Lakin qətnamədə heç bir konkret əmlak göstərilməmişdir. Həmçinin, cavabdeh əmlak tələbi ilə bağlı məhkəməyə qarşılıqlı iddia ərizəsi vermək istəyirdi. Məhkəməyə xx.xx.2023cü il tarixdə teleqram vurmuşdur ki, məhkəmə iclası təxirə salınsın, lakin məhkəmə iclası təxirə salınmamış və hakim qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə ümumiyyətlə araşdırmamışdır ki, əmlaklar nədən ibarətdir, həmin əmlaklar mövcuddurmu, əgər mövcuddursa, kimə məxsusdur. Hakim işin həmin hallarının heç birini araşdırmamışdır. Məhkəmə mülkiyyətlə bağlı maddi hüquq normalarının tələblərini kobud şəkildə pozmuşdur. İddiaçının mülkiyyət hüququnu qoruyan məhkəmə cavabdehin mülkiyyət hüququnu pozmuşdur. Halbuki, mülkiyyətin təminatçısı dövlətdir və mülkiyyət qanunla qorunur. Məhkəmə tərəfindən sübutlar tam araşdırılmamış, işin faktiki halları ilə sübutlara düzgün qiymət verilməmiş, sübutlara iddiaçının xeyrinə qiymət verilmişdir. Məhkəmə sübutları düzgün qiymətləndirməmişdir. Ümumiyyətlə iddiaçının əşyalarla bağlı heç bir sübutu olmadığı halda məhkəmə naməlum əşyaların evdən çıxarılmasını qət etmişdir. Həmin əşyaların nədən ibarət olması müəyyən edilməmişdir. Məhkəmə iclasının təxirə salınması barədə vəsatəti təmin olunmamış, qarşılıqlı iddia vermək hüququ pozulmuşdur. Nəticədə məhkəməyə müraciət hüququ məhdudlaşdırılmışdır. Həmçinin, məhkəmə prosesləri çəkişmə və tərəflərin bərabərliyi əsasında aparılmamışdır. Məhkəmə iddiaçının çıxarılmasını tələb etdiyi əşyaların nədən ibarət olmasını, hansı əşyaların olmasını, cavabdehin evdən hansı şəraitdə çıxarılmasını, cavabdehin qohumlarının qətnamədə göstərilən əmlakları götürüb-götürməməsini araşdırmamışdır. Məhkəmə tərəfindən həqiqətən cavabdehin iddiaçıya məxsus evə gəlin köçməsi, orada yaşaması, cehizlərini və əşyalarını həmin evə aparması müəyyən olunsa da, həmin əmlakların cavabdeh və ya qohumları tərəfindən çıxarılması sübuta yetirilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun deyildir, belə ki, işin hallarından görünür ki, cavabdeh evdən zorla döyülərək polis əməkdaşları tərəfindən çıxarılmış, o, evdən çıxarkən özü ilə heç bir əşya, əmlak və qızıl-zinət əşyası götürməmiş, sonradan onun qohumları da hər hansı əmlak götürməmişlər. Cavabdehin döyülməsi ilə bağlı cinayət işi başlanmış və Elçin Əliyev və Arzu Əliyeva cəzalanmışlar. Lakin məhkəmə həmin halların heç birini nəzərə almamışdır. Apellyasiya məhkəməsinin iclasında Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək bildirdi ki, onun cehiz əmlaklarının, şəxsi geyim əşyalarının və qızılzinət əşyalarının hamısı iddiaçıya məxsus evdə qalmışdır. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş siyahı isə onun bütün əmlaklarını əhatə etmir. Orada bir çox əmlakları ya göstərilməmiş, ya da sayı realda olduğundan daha az göstərilmişdir. Birinci instansiya məhkəməsi isə iddiaçının evindən çıxarılmasını tələb etdiyi əşyaların nələrdən ibarət olmasını müəyyənləşdirmədən iddianı təmin etmişdir. Ona görə də hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi düzgün olmamışdır. O, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, o, iddia ərizəsinə cavabdehin onun evində olan cehiz əmlaklarının siyahısını əlavə etmişdir. Lakin həmin siyahını onun özü yazmamış, siyahı onun həyat yoldaşı tərəfindən tərtib olunmuşdur. Qeyd etdi ki, o, evində cavabdehə məxsus hansı əşyaların olmasını dəqiq bilmir, ola bilər ki, həyat yoldaşı tərəfindən tərtib olunmuş siyahıda da qeyri-dəqiqlik olsun. Bununla belə, cavabdehin onun evində olan bütün əşyalarının götürülməsinə şərait yaratmağa hazırdır. O, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qətnamənin ləğv edilməsini yönəldiyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və tərəfləri dinləyərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Cəlilabad Rayon Məhkəməsinin 2(073)- 1940/2023 saylı, 11 oktyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iddia baxılmamış saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticənin maddi və prosessual hüquq normalarının tələblərinə uyğunluğunu yoxlayarkən müəyyən etmişdir ki, hazırkı iddia ərizəsi birinci instansiya məhkəməsi tərəfindən icraata qəbul edilərkən prosessual hüquq normalarının tələblərinə əməl olunmamış, nəticədə prosessual hüquq normasını pozmaqla qətnamə qəbul edilmişdir. Məhkəmə kollegiyası gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş prosessual pozuntuların izah olunmasını məqsədəuyğun hesab edir. MPM-in 149.2.3-cü maddəsinə əsasən, iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Əgər təqdim edilmiş iddia ərizəsində cavabdeh kimi qeyd olunmuş işdə iştirak edən şəxsə münasibətdə istinad olunan maddədə sadalanan hallardan biri və ya bir neçəsi göstərilməyibsə, yaxud ümumiyyətlə iş üzrə hər hansı şəxsin cavabdeh kimi göstərilməsi açıq-aşkar formaldırsa (həmin şəxsin mübahisəyə aidiyyəti iddia ərizəsi və ona əlavə olunmuş sənədlərlə təsdiq olunmursa), məhkəmə iddia ərizəsinin MPM-in 152.1.1-ci maddəsinə əsasən geri qaytarılması barədə məsələni müzakirə etməlidir. MPM-in 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. MPM-in 151.2-ci maddəsinə əsasən, zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. MPM-in 151.3-cü maddəsinə əsasən, məhkəmə iddia ərizəsini (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılan iddia ərizələri istisna olmaqla), daxil olmasından 5 gün müddətində qaytarmayıbsa və ya onu qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Maddənin məzmunundan da göründüyü kimi, məhkəmə iddia ərizəsinin mümkünlüyünü yoxlayarkən iddiaçı tərəfindən MPM-in tələblərinə riayət olunub-olunmaması yoxlanılmalı və yalnız MPM-in tələbləri nəzərə alınmaqla məhkəmə icraatı mümkün hesab edilməlidir. Əks təqdirdə, MPM-in tələblərinə uyğun olmadığından iddia ərizəsi geri qaytarılmalıdır. İddia ərizəsindən görünür ki, iddiaçı cavabdehə aid cehiz əşyalarının ona məxsus Cəlilabad rayonu, Qarazəncir kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, lakin tələbin əsası kimi çıxış edən və cavabdehdən çıxarılmasının tələb edildiyi əşyaların dəqiq və konkret siyahısı iddia ərizəsinə əlavə edilməmişdir. Apellyasiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsinə həyat yoldaşı tərəfindən tərtib edilmiş siyahının əlavə edildiyini qeyd etsə də, eyni zamanda vurğulamışdır ki, həmin siyahıda qeyri-dəqiqliklərin olması mümkündür. Belə olan halda isə iddiaçının ona məxsus evdən cavabdehin məhz hansı əşyalarının çıxarılmasını tələb etdiyini müəyyən etmək olmur. Həmçinin, birinci instansiya məhkəməsində keçirilən 11 oktyabr 2023-cü il tarixli məhkəmə baxışı iclasında da iddiaçı cavabdehin qohumları tərəfindən adlarını qeyd edərək bir sıra əşyaların onun evindən götürüldüyünü qeyd etsə də, digər cehiz əşyalarının qaldığını ümumi şəkildə bildirmişdir. Cəlilabad Rayon Məhkəməsi 2(073)-1940/2023 saylı, 11 oktyabr 2023-cü il tarixli qətnaməsində də ümumi şəkildə, onların nələrdən ibarət olmasını sadalamadan cavabdehə məxsus əşyaların iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılmasını qət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdehə məxsus cehiz əşyalarının mülkiyyətində olan evdən çıxarılması tələbini irəli sürərkən mütləq şəkildə çıxarılması tələb olunan əşyaların nədən ibarət olmasını dəqiq müəyyən etməlidir. Lakin hazırda bu cür dəqiq siyahı təqdim etməməklə yanaşı, iddiaçı apellyasiya məhkəməsinin iclasında da onun evində cavabdehə məxsus hansı əşyaların qaldığını dəqiq bilmədiyini qeyd etmişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçının cavabdehə qarşı hazırkı iş üzrə iddia ərizəsi MPM-in 149.2.3-cü maddəsinin tələblərinə uyğun olmamışdır. Birinci instansiya məhkəməsi isə qeyd olunanları nəzərə almadan iddia ərizəsini geri qaytarmalı olduğu halda qaytarmamış, iddia ərizəsini icraata qəbul etməklə prosessual qanunvericiliyin tələblərini pozmuş, nəticədə qətnamənin apellyasiya qaydasında ləğvi üçün əsaslar yaranmışdır. MPM-in 149.2.3-cü maddəsinə uyğun olaraq, iddia ərizəsində iddiaçının tələbi, habelə tələbini əsaslandırdığı hallar göstərilməlidir. İddiaçının tələbi dedikdə, onun cavabdehi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədi ilə ona qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi maddi-hüquqi tələb başa düşülür. İddia tələbinin əsaslandırıldığı hallar isə iddiaçının cavabdehə qarşı yönəltdiyi tələbi əsaslandırmaq üçün istinad etdiyi hüquqi faktlar və hüquq normalarıdır. Eyni zamanda, MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.3-cü maddəsinə əsasən, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. MPM-in 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. MPM-in 78.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 10 faiz paya (səhmə) malik olan işdə iştirak edən şəxs vəsatətdə işdə iştirak edən digər şəxsdə (hüquqi şəxsdə və ya onun adından çıxış edən şəxsdə) olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.4-cü maddəsində nəzərdə tutulan hallarla bağlı bütün sənədlərin (konkret sənəd göstərilmədən) və ya məlumatların təqdim edilməsinin təmin olunmasını məhkəmədən tələb edə bilər. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. MPM-in 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda qeyd olunan prosessual hüquq normalarında göstərilən tələb imperativ xarakterli olub, tərəflərin istinad etdikləri sübutları vaxtında məhkəməyə təqdim etməklə həm işdə iştirak edən şəxslər, həm də məhkəmələr tərəfindən prosessual qənaət prinsipinə riayət edilməsinə yönəldilmiş tədbirdir. Göründüyü kimi birinci instansiya məhkəməsi bütün yuxarıda qeyd olunanları nəzərə almamış, iddia tələbini icraata qəbul edilməsi üçün prosessual əsasların olmadığı halda icraata qəbul etməklə, yekunda isə iddia tələbi üzrə nəticəyə gəlməklə prosessual qanunvericiliyin tələblərini pozmuşdur. MPM-in 259.0.12-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, məhkəmə ərizəni baxılmamış saxlayır. MPM-in 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. MPM-in 387.2.8-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa, şikayətin dəlillərindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. MPM-in 384.0.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. MPM-in 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq bildirir ki, iddianın baxılmamış saxlanılması üçün əsas olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxaraq prosessual hüquq normasını pozduğundan apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia baxılmamış saxlanılmalıdır. Məhkəmə kollegiyası iddiaçıya bildirir ki, hazırkı iş üzrə qətnamənin ləğv edilərək, iddianın baxılmamış saxlanması iddiaçının yenidən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır. Şərh olunanlara əsasən və MPM-in 259, 260, 263, 264, 384.0.5, 385.1, 387.2.8, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1940/2023 saylı, 11 oktyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının evdən çıxarılması tələbinə dair” iddiası baxılmamış saxlanılsın. İddiaçı izah edilsin ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-437/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-437/2024
06.03.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver