Məhkəmə qərarları › İş №2(106)-439/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-439/2024

22.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-439/2024 22.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X6 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X4 ibarət məhkəmə tərkibində, X10 oğlunun katibliyi, cavabdehin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair Şirvan Şəhər Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli e-2(032)-1158/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh əsas borca görə 1500 manat, “COVİD” testinin verilməsinə görə 360 manat, aviabiletlərin alınmasına görə 936 manat, hoteldə qalmağa görə çəkilən xərc olaraq 438 manat, yemək və taksi xidmətləri xərci olaraq 350 manat, sənədlərin tərcümə və apostil olunmasına görə 70 manat, pulun qaytarılmasının gecikdirilməsinə görə 150 manat əlavə faiz, 500 manat hüquqi xidmətlərə görə, 135 manat ödənilmiş dövlət rüsumu və 10000 manat mənəvi ziyan olmaqla, ümumilikdə 14439 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli e-2(032)-1158/2023 saylı qətnaməsi ilə (hakim Ceyhun Mustafayev) iddia qismən təmin edilərək Cavabdeh tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli xaricdə təhsil müqaviləsi üzrə ödənilmiş olan 1500 manat, İddiaçı tərəfindən çəkilmiş xərclər olaraq “COVİD” testinin verilməsinə görə 360 manat, aviabiletlərin alınmasına görə 936 manat, yemək və taksi xidmətlərinə görə 311,84 manat, hoteldə qalmağa görə 438 manat, sənədlərin tərcümə və apostil olunmasına görə 10 manat, pulun qaytarılmasının gecikdirilməsinə görə 100 manat və ödənilmiş dövlət rüsumuna görə 55 manat olmaqla, ümumilkdə 3610,84 manat pulun tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş edilmişdir. İŞİNHALLARİ: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2021-ci il tarixində oğlu X5 Ukraynada yerləşən T.Şevçenko adına Kiyev Milli Universitetinə qəbul olmağında kömək edilməsi məqsədilə Cavabdeh ilə xaricdə təhsil xidməti haqqında müqavilə bağlamışdır. Həmin müqavilənin şərtlərinə görə Cavabdeh iddiaçının oğlu Akifin Ukraynada universitetə qəbul olunması ilə əlaqədar üzərinə öhdəlik götürmüşdür. Müqavilənin xidmət haqqı 1500 manat məbləğində müəyyən olunmuşdur. Onun tərəfindən həmin 1500 manat cavabdehə ödənilmişdir. Bununla əlaqədar cavabdeh tərəfindən ona müvafiq qəbz də verilmişdir. O, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, cavabdeh üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Ali təhsil müəssisələrinə qəbul vaxtı bitdikdən sonra artıq oğlunun ali təhsil müəssisəsinə qəbul olmadığını başa düşmüşdür. Cavabdeh narahat olmamağını və tezliklə bu məsələnin həll olunacağını bildirmişdir. Bir müddət sonra Cavabdeh sözü əsasında oğlu ilə birlikdə həmin T.Şevçenko adına Kiyev Milli Universitetinə getməli olmuşdur. Artıq həmin universitetə getdikdən sonra ümumiyyətlə həmin universitetdə qəbul olunan tələbələr arasında oğlunun adının olmadığını və eyni zamanda Cavabdeh adlı şəxsi tanımadıqlarını bildirmişlər. O artıq aldandığını başa düşdüyü üçün stress və əsəb keçirmişdir. Həmin vaxtdan Ukrayna Respublikasında artıq müharibə başlayırdı. Aldandığını başa düşdüyü üçün güclü stress və əsəb keçirmiş, həmçinin yeni başlayan müharibənin təsiri də özünü göstərirmişdir. Lakin oğlunun belə şəkildə aldadılması ona mənəvi və psixoloji cəhətdən çox pis təsir göstərmişdir. Cavabdeh bu müqaviləyə görə ondan aldığı 1500 manatdan əlavə ona xeyli miqdarda maddi ziyan da vurmuşdur. Belə ki, oğlu ilə məcbur olub Ukraynaya getmək üçün “COVİD” testi verməli idilər. Həmin testin biri 90 manat idi. Hər biri həm Ukraynaya gedəndə, həm də gələndə “COVİD” testi vermişlər. Bu testin birinin qiyməti 90 manat olduğunu nəzərə alsalar 4 dəfə “COVİD” testi vermişlər ki, bunlara da 360 manat məbləğində pul xərclənmişdir. Həmçinin Ukraynaya gedib-gəlmələrinə bilet almaq üçün 936 manat məbləğində pul xərclənmişdir. 4 gün Kiyevdə qalmağa görə 438 manat hotel xərci, 350 manat yemək və taksi xidmətləri xərci olmuşdur. Sənədlərin tərcüməsinə və apostil olunmasına 70 manat məbləğində pul xərclənmişdir. Cavabdeh tərəfindən ona ödənilmiş 1500 manat məbləğində pul 2 il müddətindədir ki, onun tərəfindən əsassız olaraq geri qaytarılmır. Cavabdehin qanunsuz əməlləri nəticəsində o, mənəvi ziyan da çəkmişdir. Belə ki, cavabdeh tərəfindən aldadıldıqlarını və həmçinin oğlunun 1 il də təhsildən geri düşməsi, bir neçə gün xarici dövlətdə qalmaları, əlavə məsrəflər çəkmələri və aldanmaları ona mənəvi cəhətdən çox böyük zərbə vurmuşdur. Ona görə də hesab edir ki, cavabdehin bu qanunsuz əməlləri nəticəsində ona vurulmuş həm maddi, həm də mənəvi ziyan tam şəkildə ödənilməlidir. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddiaçı ilə aralarında 02 avqust 2021-ci il tarixdə “Xaricdə təhsil” xidmət müqaviləsi bağlanmışdır. Müqavilə şərtlərinə əsasən sifarişçi İddiaçı 1500 manat məbləğində ödəniş etməli, icraçı isə onun oğlu X5 Ukrayna Respublikasında yerləşən T.Şevçenko adına Kiyev Milli Universitetinin Hüquq fakültəsinə bakalavr səviyyəsi üzrə qəbul sənədini əldə etməlidir. Müqavilə şərtlərinə əsasən sifarişçi müqavilə imzalandığı gün ödənişlə birlikdə oğlu Akif Hümbətova aid sənədləri (şəxsiyyət vəsiqəsi, attestat və ya transkript) təqdim etməli idi. Müqavilə bağlandıqdan sonra 2021-ci ilin avqust ayı ərzində o, dəfələrlə iddiaçıya müraciət edərək sənədləri təqdim etməsini xahiş etmişdir. Lakin iddiaçı göstərilən müddətdə qeyd edilən sənədləri ona təqdim etməmişdir. 2021-ci ilin avqust ayının sonunda iddiaçı işlədiyi ofisə gələrək oğlu Akif Hümbətovda “Leykoz” xəstəliyinin aşkar edildiyini və bu səbəbdən işin dayandırılmasını xahiş etmişdir. Həmin vaxt iddiaçıya təklif etmişdir ki, müqavilə üzrə ödədiyi xidmət haqqı, yəni 1500 manat məbləğində pulu ona geri qaytara bilər, lakin iddiaçı pulu istəmədiyini və oğlunun xəstəliyi ilə bağlı müalicələrə başladıqlarını bildirmişdir. 2021-ci ilin sentyabr ayının 15-dən sonra iddiaçı ofisə gələrək lazım olan sənədləri təqdim etmiş və bildirmişdir ki, o, oğlunun Ukrayna Respublikasında yuxarıda adı çəkilən universitetdə qiyabi təhsilə qəbul edilməsini istəyir. İddiaçıya bildirmişdir ki, universitetlə əlaqə yaratdıqdan sonra ona məlumat veriləcəkdir. Təxminən iki həftə sonra iddiaçı ona müraciət edərək oğlunun qəbul edilib-edilməməsini soruşduqda ona qəbulla bağlı nəticələr hələ elan edilmədiyini bildirmişdir. Həmin vaxt iddiaçı öz təşəbbüsü ilə ona bildirmişdir ki, o, oğlu ilə birlikdə Ukrayna Respublikasına getmək istəyir. İddiaçıya qəbulla bağlı məlumatlar elan edildikdən sonra onların getməsinin daha məqsədəuyğun olmasını bildirmişdir. Lakin iddiaçı ucuz bilet əldə etdiklərini və gedəcəklərini demişdir. Onun sözlərinə məhəl qoymayaraq iddiaçı özünün dediyi kimi oğlu ilə birlikdə Ukrayna Respublikasına getmişdir. İddiaçı Ukrayna Respublikasına gedib qayıtdıqdan sonra ona müraciət edərək Ukrayna Respublikasının müharibə vəziyyətində olduğu üçün onları ora göndərdiklərini bildirmişdir. İddiaçıya əvvəlcədən nəticələr elan edildikdən sonra ora getmələri tövsiyə edilmişdir. İddiaçı bildirmişdir ki, onun oğlunun adı T.Şevçenko adına Kiyev Milli Universitetinə qəbul edilən tələbələrin siyahısında olmamışdır. İddiaçıya bildirmişdir ki, T.Şevçenko adına Kiyev Milli Universitetinə tələbə qəbulu dayandırılmışdır və bu səbəbdən iddiaçıya Ukrayna Respublikasında olan digər universitetləri təklif etmişdir. İddiaçı şifahi olaraq təklifini qəbul etmiş, iddiaçının xahişi əsasında onun oğlunun digər universitetə qəbulu ilə bağlı müraciət etmişdir. Lakin bir müddət sonra iddiaçı yenidən müraciət edərək heç bir universitetə qəbulu istəmədiyini və sənədlərin geri qaytarılmasını xahiş edib. Müqavilə şərtləri (müqavilənin 3.3-cü bəndi) iddiaçı tərəfindən pozulduğuna xidmət haqqı iddiaçıya geri qaytarılmamışdır. İddiaçı onunla aralarında bağlanmış müqavilənin 2.1-ci maddəsinin “b” bəndini pozduğuna görə müqavilənin icrası mümkün olmamışdır. Yəni məhz iddiaçının təqsiri üzündən müqavllə şərtləri icra edilməmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun tərəfindən iddiaçıya heç vaxt Ukrayna Respublikasına getməsi ilə bağlı məsləhət verilməmişdir. Əksinə iddiaçıya səbirli olmağı və nəticələri gözləməsini bildirmişdir. İddiaçı özü öz təşəbbüsü ilə oğlu ilə birlikdə Ukrayna Respublikasına getmək qərarına gəlmişdir. 2021-ci ilin avqust ayında tərəfindən iddiaçıya təklif edilmişdir ki, müqavilə ilə əlaqədar ödədiyi məbləği geri qaytara bilər, lakin iddiaçı qəbul etməmişdir. Daha sonra isə müqavilə şərtlərini pozduğu üçün qeyd edilən 1500 manat məbləğdə iddiaçıya qaytarılmamışdır. İddiaçıya oğlunun Ukrayna Respublikasında hansısa ali təhsil müəssisəsinə qəbul edilməsi və ora yerləşdirilməsi ilə bağlı heç bir rəsmi sənəd təqdim edilmədiyi halda iddiaçı yalnız öz istəyi ilə bilet alaraq oğlu ilə Ukrayna Respublikasına getmişdir. O, iddia ərizəsinə verdiyi etirazda, eləcə də polis şöbəsində verdiyi izahatda da iddiaçının sənədləri vaxtında təqdim etməməsi səbəbindən onun övladının qəbulla bağlı gecikməsi olduğunu və müqavilə şərtlərinin iddiaçı tərəfindən pozulduğu üçün ona 1500 manat ödənişin qaytarılmamasını bildirmişdir. Birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən halları, yəni iddiaçının övladının məhz iddiaçının sənədləri gec təqdim etməsi səbəbindən müqavilənin icarısının mümkün olmamasını, tərəfindən iddiaçıya və onun oğluna Ukrayna Respublikasına getmələri ilə bağlı heç bir təklif etməməsini nəzərə almadan əsassız qətnamə qəbul etmişdir. Cavabdehin nümayəndəsi Vəkil2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, cavabdeh iddiaçı ilə müqavilə bağladığını, habelə ondan 1500 manat məbləğində pul aldığını etiraf edir. Lakin iddiaçı oğlunun Ukraynada ali təhsil müəssisəsinə qəbul olunması barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Tərəflər arasında bağlanan müqavilənin şərtlərinə görə əgər müqavilə sifarişçi tərəfindən pozularsa, alınan məbləğ geri qaytarılmır. İddiaçı cavabdehə 1500 manat məbləğində ödəniş etmişdir, lakin iddiaçı cavabdehin tələb etdiyi sənədləri təqdim etməmiş, müqavilə icra olunmamışdır. Sənədlərin təqdim edilməsi barədə xüsusi bir məktub, bildiriş, rəsmi sənəd yoxdur. Cavabdeh iddiaçıya oğlunun başqa bir universitetdə oxuması təklifini də vermişdir. Digər tərəfdən qeyd edilməlidir ki, iddiaçıya Ukraynada oğlunun universitetə qəbul olunması barədə hər hansı bir sənəd göndərilmədiyi halda oraya niyə getməsi də sual doğurur. İddiaçı 28 fevral 2024-cü il tarixdə məhkəmə iclasında izahat verərək bildirmişdir ki, oğlu X5 Ukraynada yerləşən T.Şevçenko adına Kiyev Milli Universitetinə qəbul olmağında kömək edilməsi məqsədilə cavabdeh ilə xaricdə təhsil xidməti haqqında müqavilə bağlamışdır. Həmin müqavilənin şərtlərinə görə cavabdeh oğlunu Ukraynada universitetə qəbul olunması ilə əlaqədar üzərinə öhdəlik götürmüşdür. Müqavilənin xidmət haqqı 1500 manat məbləğində müəyyən olunmuşdur. Onun tərəfindən həmin 1500 manat cavabdehə ödənilmişdir. Bununla əlaqədar cavabdeh tərəfindən ona müvafiq qəbz də verilmişdir. Lakin o öz tərəfindən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, cavabdeh üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Ali təhsil müəssisələrinə qəbul vaxtı bitdikdən sonra artıq oğlunun ali təhsil müəssisəsinə qəbul olunmadığını başa düşmüşdür. Cavabdeh narahat olmamasını və tezliklə bu məsələnin həll olunacağını bildirmişdir. Bir müddət sonra cavabdehin sözü əsasında o, oğlu ilə birlikdə həmin T.Şevçenko adına Kiyev Milli Universitetinə getməli olmuşdur. Artıq həmin universitetə getdikdən sonra ümumiyyətlə həmin universitetdə qəbul olunan tələblər arasında oğlunun adının olmadığını və eyni zamanda, Cavabdeh adlı şəxsi tanımadıqlarını ona bildirmişdirlər. O, artıq aldandığını başa düşdüyü üçün stress və əsəb keçirmişdir. Həmin vaxtdan Ukrayna Respublikasında artıq müharibə başlamışdır. Həmçinin yeni başlayan müharibənin təsiri də özünü göstərmişdir. Lakin oğlunun belə şəkildə aldadılması ona mənəvi və psixoloji cəhətdən çox pis təsir göstərmişdir. Cavabdeh bu müqaviləyə görə ondan aldığı 1500 manatdan əlavə ona xeyli miqdarda maddi ziyan da vurmuşdur. Belə ki, oğlu ilə məcbur olub Ukraynaya getmək üçün COVİD testi verməli olmuşlar. Həmin testin biri 90 manat idi. Hər ikisi həm Ukraynaya gedəndə, həm də gələndə COVİD testi vermişlər. Bu testin birinin qiymətinin 90 manat olduğunu nəzərə alınsa, onlar 4 dəfə COVİD testi vermişlər ki, bunlara da 360 manat məbləğində pul xərclənmişdir. Həmçinin Ukraynaya gedibgəlmələrinə bilet almaq üçün 936 manat məbləğində pul xərcləmişdir. 4 gün Kiyevdə qalmağa görə 438 manat hotel xərci, 350 manat yemək və taksi xidmətləri xərci olmuşdur. Sənədlərin tərcüməsinə və apostil olunmasına 70 manat məbləğində pul xərclənmişdir. Cavabdeh tərəfindən ona ödənilmiş 1500 manat məbləğində pul 2 il müddətindədir ki, onun tərəfindən əsassız olaraq geri qaytarılmır. Azərbaycana səfirlik vasitəsi ilə qayıtmışlar. Cavabdehə hadisələri danışdıqdan sonra, cavabdeh ona bildirmişdir ki, oğlunu Ukraynada bir universitetə, sonra isə Naxçıvan Dövlət Universitetinə transfer edə bilər. Özü cavabdehin əvvəllər də bu işlərlə məşğul olub-olmamasını aydınlaşdırmışdır. Ondan bu işləri həyata keçirdiyini təsdiq edən hər hansı bir sənəd də tələb etmişdir. Cavabdeh onu “Caspian Center”də ofisinə dəvət etmiş və iş yerinin orada olmasını bildirmişdir. O, sonradan öyrənmişdir ki, cavabdeh həmin ofisə 1 saatlıq pul ödəyir və müştərilərinə oranın özünə məxsus ofis olduğunu bildirmişdir. Cavabdeh əvvəl ona oğlunun T.Şevçenko adına Universitetə qəbul olmasını bildirmiş, daha sonra isə orada qrup hələ tamamlanmadığı üçün yer açılmadığını qeyd etmişdir. Bileti cavabdeh ona aldırmış və qeyd etmişdir ki, oraya çatan zaman onları qarşılayacaqlar. Həmin gün oteldə qalmışlar. Bütün sübutları birinci instansiya məhkəməsi zamanı təqdim etmişdir. Birinci instansiya məhkəməsi zamanı bütün məhkəmə iclaslarında cavabdehin vəkili iştirak etmiş, özü iştirak etməmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları hərtərəfli şəkildə tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və Şirvan Şəhər Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli e-2(032)-1158/2023 saylı qətnaməsi qismən ləğv edilməlidir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1999-cu ildə anadan olmuşdur və hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan doğum haqqında şəhadətnəmənin surətindən görünür ki, X7 xx.xx.2004-cü il tarixdə doğulmuşdur. X2, anası İddiaçıdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 21/08/02 nömrəli Xaricə Təhsil Xidmət Müqaviləsindən görünür ki, “İcraçı” Cavabdeh “Sifarişçi” İddiaçı övladı X7 üçün Ukraynada yerləşən T.Şevçenko adına Kiyev Milli Universitetinə bakalavr səviyyəsində hüquq təhsili üzrə qəbul sənədinin, sənədləşmə işinin aparılması xidmətini göstərməsini öhdəsinə götürmüş, həmin müqavilə əsasında “Sifarişçi” müvafiq sənədlərin, həmçinin xidmət haqqının 1500 manat ödənilməsini öz üzərinə götürmüşdür. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 27-ci Polis bölməsinin təhqiqatçısı Elvin Hümbətov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, ünvan 2 ünvanında yaşayan İddiaçı Cavabdeh ilə müqavilə bağlayaraq onun xaricdə təhsil almasına görə sonuncuya 1500 manat pul ödəməsi ilə bağlı şikayət ərizəsi əsasında aparılan təhqiqat araşdırması zamanı Cavabdeh izahatı alınmış, izahatında bildirmişdir ki, xx.xx.2021-ci il tarixli xx/xx/2021 saylı xidmət göstərməsinə dair müqavilə “icraçısı” Cavabdeh VÖEN ********** və sifarişçi İddiaçı arasında bağlanmış müqaviləyə əsasən o icraçı olaraq müvfiq qurumlar vasitəsi ilə “sifarişçi”nin övladı X3 Ukraynada təhsil alnmasını həll edəcəkdir. Proses olunmamasının səbəbi kimi İddiaçı gəlib övladının xəstə olmasını bildirməsidir. Bu səbəbdən də, müqavilədə qeyd olunan universitet və əyani təhsil üzrə yox Xarkov Milli Aviasiya Akademiyasında qiyabi hüquq təhsili üzrə yerləşdirmə aparılacaqdır. Sirafişçinin lazım olan sənədləri doğum haqqında şəhadətnaməni vaxtında vermədiyi üçün 1-ci dönəm üzrə sentyabr, oktyabr ayı üçün qəbul olunmamışdır. Sifarişçi İddiaçı sənədi gec verməklə müqavilənin 2.1-ci bəndini pozduğunu bildirmişdir. X15 akademiyasına qəbul istəyən sifarişçi tələbləri yerinə yetirməməyi səbəbi Ukraynada baş vermiş müharibə olduğunu qeyd etmişdir. Orada olan işçilər bunkerlərdə olduğu üçün işin gedişi dayandırılmışdır. O, bu proseslərin sonunda sifarişçiyə bildirmişdir ki, növbəti ilin sentyabr ayı üçün qəbul alaq və tələbinin gedişi üçün təyyarə bileti almasın. Lakin sirafişçi İddiaçı ərizəsində qeyd etdiyi “Go Edu”-nun şirkət olması onun dekabr ayında Ukraynaya gedib qayıtdıqdan sonra “nə bilirsən elə” deməsi yalan olduğunu və “Go Edu”nun fərdi sahibkar olması, yəni fiziki şəxs olması Ukraynaya o sənəd vermədən getməməklərini bildirmişdir. Onlar özbaşına getdiyini sonuncu dəfə isə xx.xx.2022-ci ildə onunla telefon danışığı olduğunu zənglərə və “sms”lərə cavab verməməsinin səbəbi isə valideyninin xəstə olmasını bildirmişdir. xx.xx.2022-ci il tarixdə HXV № 359913 saylı mədaxil qəbzə əsasən 850 manat və xx.xx.2021-ci il tarixdə HXV № 359913 saylı mədaxil qəbzə əsasən 650 manat xidmət haqqı ödənildiyini bildirmişdir. Müqavilənin 5-ci maddəsinə əsasən mübahisənin həll olunması üçün sifarişçi İddiaçı sənədləri qaytaracağını və müqavilə üzrə olan 1500 manat pulu müqavilənin 3.1-ci bəndinə əsasən aktlaşdıraraq 30 iş günü ərzində sirafişçiyə təhvil verəcəyini bildirmişdir. Razılaşmadığı halda məhkəməyə müraciət etməyini qeyd etmişdir. İş materiallarında olan İddiaçı adına olan "xxxx" ASC-nin ödəniş kartı üzrə çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müəyyən məbləğlərdə nəğdsiz məxariclər olmuşdur. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı ilə “GO EDU” arasında xx.xx.2021-ci il tarixli xaricdə təhsil xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən “icraçı” olaraq Cavabdeh müvafiq müəssisələr vasitəsilə “sifarişçi” İddiaçı övladı X3 Ukraynada yerləşən T.Şevçenko adına Kiyev Milli Universitetinə bakalavr səviyəsində hüquq təhsili üzrə qəbul sənədinin, sənədləşmənin aparılması xidmətini göstərilməli idi. Həmin xidmətin həyata keçirilməsi ilə bağlı sifarişçi tərəfində 1500 manat pul ödənilməsi razılaşdırlmışdır. Sifarişçi tərəfindən xidmətin göstərilməsi ilə bağlı 1500 manat məbləğdə pul ödənilmişdir. Lakin “icraçı” müqavilə üzrə üzərinə götürmüş olduğu öhdəlikləri icra etməmişdir. Göründüyü kimi tərəflər arasında xx.xx.2021-ci il tarixli xaricdə təhsil xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə uyğun olaraq xidmətin həyata keçirilməsi ilə bağlı sifarişçi tərəfindən 1500 manat pul ödənilməsi razılaşdırılmışdır. Sifarişçi tərəfindən xidmətin göstərilməsi ilə bağlı 1500 manat ödənilmişdir. Belə ki, tərəflərin məhkəmə iclasında vermiş olduğu izahatlarında, həmçinin Bakı şəhəri Yasamal rayon polis idarəsinin 27-ci Polis bölməsində verilmiş izahatında Cavabdeh İddiaçı tərəfindən ona xx.xx.2022-ci il tarixdə HXV № 359913 saylı mədaxil qəbzinə əsasən 850 manat və xx.xx.2021-ci il tarixdə HXV № 359913 saylı mədaxil qəbzinə əsasən 650 manat xidmət haqqı ödənildiyini etiraf etmişdir. Tərəflər arasında bağlanmış olan xx.xx.2021-ci il tarixli xaricdə təhsil müqaviləsinin 2-ci bəndinə əsasən “icraçı” “sifarişçi”yə Ukrayında yerləşən Unversitet haqqında məlumat vermək, 1500 manat təmin olunduqdan sonra “sifarişçi” üçün qəbul sənədlərinin alınması prosesini müvafiq müəssisələr vasitəsi ilə həyata keçirmək, qəbul sənədləri alındıqdan sonra universitetə yerləşdirmək üçün lazım olan xidmətləri verməklə bağlı öhdəlik götürmüşdür. Lakin qeyd edilən xidmətlərin “icraçı” hazırkı mülki iş üzrə cavabdeh tərəfindən həyata keçirilmiş olması ilə bağlı “sifarişçi”yə hər hansı bir məlumat verilmədiyindən (məhkəməyə təqdim edilmiş “Whatsapp” yazıları) iddiaçı tərəfindən övladının sənədlərinin universitetə təqdim edilibedilməməsi, qəbul edilən abituriyentlər sırasında adının olub-olmaması halının aşkar edilməsi, yəni “içraçı” tərəfindən müqavilə üzrə öhdəliklərinin yerinə yetrilib-yetirilməməsinin aydınlaşdırılması məqsədi ilə Ukrayana getdiyi müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış olan xx.xx.2021-ci il tarixli xaricdə təhsil müqaviləsinin 3.2-ci bəndinə əsasən “icraçı” tərəfindən hər hansı bir səbəbə görə dəvətnaməni (qəbul sənədlərini) ala bilməzsə “sifarişçi”nin ödədiyi bütün məbləği 30 iş günü ərzində geri qaytarılır. Cavabdeh tərəfin məhkəməyə təqdim etmiş olduğu etirazında müqavilə şərtlərinin cavabdeh tərəfindən pozulmuş olduğunu bildirsə də, bununla bağlı sübut məhkəməyə təqdim etməmişdir. Əksinə, iddiaçının məhkəməyə təqdim etmiş olduğu sübutlarda Cavabdeh İddiaçı tərəfindən ona xx.xx.2022-ci il tarixdə HXV № 359913 saylı mədaxil qəbzinə əsasən 850 manat və xx.xx.2021-ci il tarixdə HXV № 359913 saylı mədaxil qəbzinə əsasən 650 manat xidmət haqqı ödənildiyini etiraf etmiş, ödənişlərlə bağlı iddiaçı tərəfindən dəfələrlə ona (Cavabdeh) zəng olunduğu, lakin zənglərə və “sms”lərə cavab verməmə səbəbi olaraq valideynlərinin xəstə olmasını bildirmişdir. Cavabdeh etirazında müqavilə şərtlərinin iddiaçı tərəfindən pozulması halı kimi 2021-ci ilin avqust ayının sonunda iddiaçının işlədiyi ofisə gələrək oğlu Akif Hümbətovda “Leykoz” xəstəliyinin aşkar edildiyini və bu səbəbdən işin dayandırılmasını xahiş etdiyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Eyni zamanda məhkəməyə təqdim edilmiş olan yazışmalardan iddiaçının cavabdehdən ödəmiş olduğu ödənişi geri qaytarılmasını tələb etdiyi öz əksini tapmışdır. Tərəflər arasında bağlanmış olan xx.xx.2021-ci il tarixli xaricdə təhsil müqavilədə gecikdirilmiş vaxt üçün hər hansı faiz dərəcəsi nəzərədə tutulmamışdır. Belə olan halda, iddiaçı Mülki Məcəllənin tələblərinə uyğun olaraq gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə, yəni illik beş faizin ödənilməsini tələb etməkdə haqlıdır. Lakin qeyd edilən faiz məbləği iddiaçının iddia etdiyi iki il üçün deyil, bir il dörd ay nəzərə alınmaqla hesablanmalıdır. Belə ki, işin faktiki hallarından iddiaçı tərəfindən pulun tələb edilməsi ilə bağlı müddət olaraq cavabdeh tərəfindən məhz 28 fevral 2022ci il tarixdən müraciət olunduğu aşkar edilir. İddiaçı isə hazırkı iddia tələbi ilə məhkəməyə 25 iyul 2023-cü il tarixdə müraciət etmişdir. Məhkəmə hesab etmişdir ki, kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsi 28 fevral 2022-ci il tarixdən 25 iyul 2023-cü il tarixədək olan dövr nəzərə alınmaqla hesablanmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. MM-in 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. MM-in 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bundan əlavə, MM-in 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Habelə MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Mülki işin mühabisəsiz hallarına görə 02 avqust 2021-ci il tarixdə Cavabdeh və İddiaçı arasında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh İddiaçı övladı X7 üçün Ukraynada yerləşən T.Şevçenko adına Kiyev Milli Universitetinə bakalavr səviyyəsində hüquq təhsili üzrə qəbul sənədinin, sənədləşmə işinin aparılması xidmətini göstərməsini öhdəsinə götürmüş, İddiaçı xidmətlərin görülməsi üçün 1500 manat məbləğində ödəniş etmişdir. Cavabdeh iddia ərizəsinə etirazında, apellyasiya şikayətində və məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, müqavilə bağlandıqdan sonra xidmət haqqı qismində 1500 manat məbləğində pul ödənilmiş, daha sonra - 2021-ci ilin avqust ayı ərzində o, dəfələrlə iddiaçıya müraciət edərək sənədləri təqdim etməsini xahiş etsə də, iddiaçı göstərilən müddətdə qeyd edilən sənədləri ona təqdim etməmişdir. Müqavilənin icra edilməməsi səbəbini də cavabdeh məhz bununla izah etmişdir. Lakin cavabdeh iddiaçıya müvafiq sənədlərin təqdim olunmasına dair məlumat verməsi, eləcə də ona cavabın verilməməsi və nəticədə müqavilənin baş tutmaması barədə dəlilini sübut edə bilməmişdir. Bu səbəbdən də, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən 1500 manat məbləğində pulun iddiaçıya tutulması hissədə düzgün qərar vermişdir. Ancaq iddianın digər təmin edilən hissələri ilə əlaqədar qeyd edilməlidir ki, iddiaçı izahatında göstərir ki, oğlu X5 Ukraynada yerləşən T.Şevçenko adına Kiyev Milli Universitetinə qəbul olmağında kömək edilməsi məqsədilə cavabdehlə xaricdə təhsil xidməti haqqında müqavilə bağlamış, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, cavabdeh üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Daha sonra o, göstərir ki, ali təhsil müəssisələrinə qəbul vaxtı bitdikdən sonra artıq oğlunun ali təhsil müəssisəsinə qəbul olunmadığını başa düşmüş, cavabdeh tezliklə məsələnin həll olunacağını bildirmiş və bir müddət sonra cavabdehin sözü əsasında oğlu ilə birlikdə həmin T.Şevçenko adına Kiyev Milli Universitetinə getmişdir. Ancaq cavabdeh öz izahatlarında iddiaçıya Ukraynaya getməyin zəruri olmadığını, buna baxmayaraq iddiaçının öz təşəbbüsü əsasında oğlu ilə birlikdə Ukrayna Respublikasına getdiyini bildirmişdir. O, həmçinin iddiaçının ucuz bilet əldə etdiyi üçün gedəcəyini ona dediyini də məhkəmədə göstərmişdir. Kollegiya cavabdehin iddiaçının iş üzrə çəkdiyi əlavə xərclərində heç bir göstərişinin, məsuliyyətinin olmaması, iddiaçının öz təşəbbüsü ilə (onun iradəsindən kənar digər formalarda) Ukrayna Respublikasına getməsi ilə bağlı dəlilləri ilə razılaşır. Belə ki, iddiaçı məhkəmə iclasında verdiyi izahatlarda Ukrayna Respublikasına getməsi üçün bileti cavabdehin aldırdığını və onun orada qarşılanacaqlarını bildirmişdir. İddiaçının Ukrayna Respublikasına getməsi və bununla bağlı çəkilmiş xərclər (COVİD” testinin verilməsi, aviabiletlərin alınması, yemək və taksi xidmətləri, hoteldə qalmaları, sənədlərin tərcümə və apostil olunması) iş materialları ilə öz təsdiqini tapır, lakin iddiaçı çəkilən əlavə xərclərin Cavabdeh məsləhəti, xahişi, təkidi və s. ilə bağlı hər hansı sübut təqdim edə bilməmişdir. Qeyd edilənlərə əsasən iddianın göstərilən hissələrdə təmin edilməsi üçün heç bir əsas mövcud deyildir. Göründüyü kimi, iddiaçı Ukraynaya cavabdehin tapşırığı əsasında getməsini və ona dəymiş ziyanın da məhz bunun nəticəsində baş verdiyini sübuta yetirə bilməmişdir. “S.Əliyevanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2006-cı il 31 may tarixli qərarında göstərilmişdir ki, məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Beləliklə, sübutların düzgün qiymətləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, məhkəmə qərarının əsaslı olması üçün o, məhkəmə iclasında mülki prosessual qanunvericiliyin prinsiplərinə və qaydalarına uyğun şəkildə hərtərəfli və tam araşdırılmış, iş üçün önəmli olan hallara əsaslanmalıdır. Bu səbəbdən məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, hər hansı sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin səbəbləri və əsasları göstərilməli, yəni gəlinən nəticə və qənaət kifayət qədər əsaslandırılmalıdır. Konstitusiyadan irəli gələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Belə ki, ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi nəticəsində qəbul edilən məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermir və onların ədalətli olması şübhə altına alınır ("F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli və N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarlar). Məhkəmə qeyd edir ki, MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, kollegiya hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən – Cavabdeh İddiaçı tərəfindən çəkilmiş xərclər olaraq “COVİD” testinin verilməsinə görə 360 manat, aviabiletlərin alınmasına görə 936 manat, yemək və taksi xidmətlərinə görə 311,84 manat, hoteldə qalmağa görə 438 manat, sənədlərin tərcümə və apostil olunmasına görə 10 manat, pulun qaytarılmasının gecikdirilməsinə görə 100 manat məbləğdə pulun tutularaq İddiaçı verilməsi hissəsində ləğv edilməli, iddia həmin hissədə rədd edilməlidir. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 372, 384, 385, 392, 393 və 402.1-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Şəhər Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli e-2(032)-1158/2023 saylı qətnaməsi qismən - Cavabdeh İddiaçı tərəfindən çəkilmiş xərclər olaraq “COVİD” testinin verilməsinə görə 360 manat, aviabiletlərin alınmasına görə 936 manat, yemək və taksi xidmətlərinə görə 311,84 manat, hoteldə qalmağa görə 438 manat, sənədlərin tərcümə və apostil olunmasına görə 10 manat, pulun qaytarılmasının gecikdirilməsinə görə 100 manat məbləğdə pulun tutularaq İddiaçı verilməsi hissəsində ləğv edilsin, iddia həmin hissədə rədd edilsin. Qətnamə qalan hissədə dəyişdirilməsin. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar