Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-441/2024 24.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X5 Əsədov (sədrlik edən və məruzəçi), Aytən Nazim qızı Novruzova və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X7, iddiaçı X1 və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Lənkəran Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli qətnaməsindən Cavabdeh Bəbir oğlu tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı X1 Cavabdeh Bəbir oğluna qarşı «evdən çıxarılma» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran rayonun İstisu qəsəbəsində ona məxsus 0,06 ha torpaq sahəsində olan bir mərtəbəli, üç otaqlı fərdi yaşayış evindən Cavabdeh Bəbir oğlunun çıxarılmasını xahiş etmişdir (1-ci mülki iş). İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: Cavabdeh Bəbir oğlu bacısı X6 ilə 17 il birgə nikahda olmuş, xx.xx.2020-ci ildə nikahları pozulmuşdur. Cavabdeh özbaşına və onun iradəsinə zidd olaraq evinə daxil olmuşdur. Ev ona atasından miras qalmışdır, bir mərtəbəli, üç otaqlı fərdi yaşayış evidir. Cavabdehə mənzili boşaltmaq barədə dəfələrlə şifahi şəkildə xəbərdarlıq etsə də, nəticəsi olmamışdır. Mülkiyyət hüququnu təsdiq edən 0,06 ha torpaq sahəsinə dair xx.xx.2022-ci il tarixli və fərdi yaşayış evinə dair xx.xx.2022-ci il tarixli çıxarışlar verilmişdir. Bundan başqa, Cavabdeh Bəbir oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran rayonu, İstisu qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin X1 adına qeydə alınması barədə çıxarışın ləğv edilməsi və həmin torpaq sahəsində inşa edilmiş 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinin onunla X1 bacısı olan X3 birgə nikahı dövründə tikilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (2-ci mülki iş). Cavabdeh tələbini onunla əsaslandırmışdır ki, mübahisə edilən torpaq sahəsi və yaşayış evini iddiaçının bacısı X6 ilə birgə nikah dövründə əldə etmişdir. Belə ki, o, X1 bacısı X6 ilə 17 il birgə nikahda olmuşlar. 2020-ci ildə onların aralarında olan nikah qeydi pozulmuş və onlar ayrılmışlar. X1 adına olan çıxarışa əsasən onun mülkiyyəti kimi qeyd edilmiş fərdi yaşayış evin yerləşdiyi 0,06 ha həyətyanı torpaq sahəsi onunla X1 bacısı olan X6 ilə birgə nikahı dövründə onlar üçün alınmışdır. Həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi isə onunla X3 birgə nikahı dövründə onun valideynləri tərəfindən inşa edilmişdir. Qeyd olunan torpaq sahəsinin alınması üçün və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin tikintisinə sərf olunmuş vəsait də onun valideynləri tərəfindən həyata keçirilmişdir. Lakin həmin torpaq sahəsi mərhum qayınatası Əlikərimin adına dövlət qeydiyyatına alınmış, qayınatası vəfat edəndən sonra isə onun digər vərəsələri qeyd olunan torpaq sahəsindən imtina etmiş və buna görə də həmin torpaq sahəsi yeni çıxarışla X1 adına dövlət qeydiyyatına alınmışdır. Baxmayaraq ki, həmin torpaq sahəsi onunla X1 bacısı olan X3 birgə nikahı dövründə qeyd etdiyi kimi onun valideynlərinin vəsaiti hesabına alınmışdır. Həmin torpaq sahəsinin onunla X3 birgə nikahı dövründə alınmasını və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin onunla X3 birgə nikahı dövründə alınmasını şahidlər də təsdiq edə bilərlər. Lənkəran Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli qərardadı ilə, iddiaçı Cavabdeh Bəbir oğlunun cavabdeh X2 qarşı «çıxarışın ləğv edilməsi və fərdi yaşayış evinin birgə nikah dövründə tikilməsi faktının müəyyən olunması» tələbinə dair 2(049)-1607/2023 №li mülki iş iddiaçı X1 Cavabdeh Bəbir oğluna qarşı «evdən çıxarılma» tələbinə dair 2(049)- 536/2023 №-li mülki işə birləşdirilmiş və həmin mülki işlərə bir icraatda baxılması qərara alınmışdır. Birinci instansiya məhkəməsində Cavabdeh Bəbir oğlu özünün iddiasını müdafiə etmiş, X1 iddiasının isə rədd edilməsini məhkəmədən xahiş etmiş və göstərmişdir ki, o İddiaçı bacısı X6 ilə 20 iyul 2001-ci il tarixdə faktiki nikaha daxil olmuş, 18 may 2006-cı il tarixdən nikahlarını rəsmləşdirmişlər. xx.xx.2023-cü il tarixdən X1 adına qeydə alınmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 10 il əvvəl, yəni 2013-cü ildə tikilmiş və həmin tarixdən də o, evdə arvadı X6 və uşaqları ilə birlikdə yaşamışdır. Lənkəran Rayon Məhkəməsinin 29 yanvar 2020ci il tarixli qətnaməsi ilə nikah pozulmuş, ailə münasibətlərinə xitam verilmişdir. Həmin fərdi yaşayış evi onun tərəfindən tikilmişdir. Evin inşa edilməsi ilə əlaqədar bütün xərclər onun tərəfindən ödənilmişdir. Birinci instansiya məhkəməsində X4 öz tələbini müdafiə etmiş, Cavabdeh iddiasını qəbul etməmiş, izahatında göstərmişdir ki, atası vəfat etməmişdən əvvəl 0,06 ha torpaq sahəsi almış, həmin sahədə atası tərəfindən ev inşa edilmişdir. Evin tikilməsində Cavabdeh qohum kimi müəyyən köməklik etsə də evin tikilməsinə sərf olunan bütün inşaat materialları atası tərəfindən alınmışdır. Lənkəran Rayon Məhkəməsinin (hakim R.Məmmədov) 07 iyun 2023-cü il tarixli qətnaməsi ilə birləşdirilmiş 1-ci iş üzrə iddia təmin edilmiş, Cavabdeh Bəbir oğlunun, iddiaçı X2 məxsus ünvan 1 ünvanında yerləşən bir mərtəbəli, üç otaqlı fərdi yaşayış evindən çıxarılması qət edilmiş, birləşdirilmiş 2-ci iş üzrə- iddiaçı Cavabdeh Bəbir oğlunun cavabdeh X2 qarşı «Lənkəran rayonu, İstisu qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin X1 adına qeydə alınması barədə çıxarışın ləğv edilməsi və həmin torpaq sahəsində inşa edilmiş 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinin onunla X1 bacısı olan X3 birgə nikahı dövründə tikilməsi faktının müəyyən edilməsi» tələbinə dair iddiası rədd edilmişdir. Qətnamədən Cavabdeh Bəbir oğlu apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Bəbir oğlu apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək, X1 iddiasının təmin edilməməsi, Cavabdeh Bəbir oğlunun tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə qətnamə qəbul edərkən aydınlaşdırmamışdır ki, mübahisəli fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi 1-ci iddia üzrə iddiaçının mülkiyyətində ola-ola necə olur ki, torpaq sahəsi alındığı gündən torpaqdan o, ailəsilə birlikdə istifadə edir. Torpaq sahəsində 2013-cü ildə fərdi yaşayış evi tikildikdən sonra həmin fərdi yaşayış evində o, ailə üzvləri ilə birlikdə yaşayır. Evin qaz və işıq sayğacları da onun adınadır. Məhkəmə qəbul etdiyi qətnamədə onun ailə üzvləri ilə birlikdə hansı formada və hansı tarixdən mübahisəli fərdi yaşayış evində yaşamağına heç bir aydınlıq gətirməmiş və bununla bağlı heç bir araşdırma aparmamışdır. O, bütün məhkəmə iclaslarında məhkəmənin diqqətinə çatdırmışdır ki, 1-ci iddia üzrə iddiaçının mərhum atası qeyd olunan 0.06 ha torpaq sahəsini alarkən, həmin torpaq sahəsinə bitişik onlar da özləri üçün 0.08 ha torpaq sahəsi almış və bunun üçün bələdiyyənin hesabına pul da ödəmiş, lakin bələdiyyənin sədri 1-ci iddia üzrə iddiaçının qohumu olduğu üçün onların aldığı 0.06 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsi tərtib etmiş, onların aldığı və ona görə də pul ödədiyi 0.08 ha torpaq sahəsi ilə bağlı alqı-satqı müqaviləsi bağlamağını qəsdən yubatmışdır. Mübahisəli fərdi yaşayış evi də onlar bələdiyyənin hesabına ödədiyi pulun müqabilində onlara göstərilən 0.08 ha torpaq sahəsində inşa edilmişdir. Lakin bələdiyyənin sədri onların ödədiyi pulun müqabilində göstərdiyi 0.08 ha torpaq sahəsi ilə bağlı alqı-satqı müqaviləsi bağlamadığı üçün və mübahisəli fərdi yaşayış evin yerləşdiyi torpaq sahəsinə dair onun mülkiyyət hüququ olmadığı üçün 1-ci iddia üzrə iddiaçı ilkin olaraq xx.xx.2022-ci il tarixdə mərhum atasının adına alınmış 0.06 ha torpaq sahəsinə dair öz adına çıxarış almış və sonradan görmüşdür ki, o mübahisəli fərdi yaşayış evinin birgə nikah dövründə tikilməsi faktı ilə bağlı məhkəmədə iddia qaldırmış, dərhal iş hələ məhkəmədə gedə-gedə öz qohumu olan bələdiyyə sədrinin köməkliyi ilə təzədən reyestr xidmətinə müraciət edərək baxmayaraq ki, mübahisəli fərdi yaşayış evi bələdiyyənin hesabına 2013-cü ildə ödədiyi pulun müqabilində bələdiyyənin sədrinin ona göstərdiyi və sonradan onunla həmin torpaq sahəsi ilə bağlı alqı-satqı müqaviləsi bağlayacağını söz verdiyi 0.08 ha torpaq sahəsinin üzərində tikildiyini bilə-bilə, lakin 0.08 ha həmin torpaq sahəsi onun adına qeydiyyata alınmadığı üçün özünə məxsus torpaq sahəsin koordinatlarını və döngə nöqtələrini dəyişdirərək mübahisəli fərdi yaşayış evinin də ona məxsus torpaq sahəsində tikildiyini yalandan bildirirək həmin mübahisəli fərdi yaşayış evinə dair də öz adına çıxarış almağa nail olmuşdur. Lakin bütün bu hallar məhkəmə tərəfindən araşdırılmamış və sonda məhkəmə qanunvericiliyin tələblərini pozmaqla qanunsuz və ədalətsiz qətnamə çıxarmlşdır. İzahatlar Apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini, İddiaçı iddiasının təmin edilməməsi, Cavabdeh iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, qeyd olunan ev birgə nikah dövründə inşa edilmişdir. Cavabdeh torpaq sahəsi bələdiyyə tərəfindən ayrılmışdır. Pul ödənilmişdir. Həmin torpaq sahəsi 0.08 ha-dır. Ekspert rəyi düzgün deyildir. İddiaçı X4 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş və izahatında bildirmişdir ki, ev onun atasının adına olub, sonradan onun adına keçmişdir. Əsaslandırma Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 dekabr 2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, 2(049)-536/2023 nömrəli qətnaməsi Cavabdeh Bəbir oğlunun cavabdeh X2 qarşı Lənkəran rayonu, İstisu qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair X1 adına qeydə alınması barədə çıxarışın ləğv edilməsi və həmin torpaq sahəsində inşa edilmiş 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinin onunla X3 birgə nikahı dövründə tikilməsi faktının müəyyən edilməsi tələbinə dair hissədə ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Hazırda, Lənkəran rayonun İstisu qəsəbəsində 0,06 ha torpaq sahəsində olan bir mərtəbəli, üç otaqlı fərdi yaşayış evindən Cavabdeh Bəbir oğlunun çıxarılmasına dair X1 iddiası üzrə işə baxılır. İşin faktiki hallarından görünür ki, Lənkəran rayonu İstisu qəsəbəsində 0,06 ha torpaq sahəsi üzərində İddiaçı tam mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış, onun adına Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarış verilmişdir. Bundan başqa, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində İddiaçı tam mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Onun adına mülkiyyət hüququnu təsdiq edən Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarış verilmiş, eləcə də yaşayış evinin texniki pasportu tərtib edilmişdir. İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsində yerləşən və mülkiyyət hüququ əsasında özünə məxsus yaşayış evindən Cavabdeh Bəbir oğlunun çıxarılmasını tələb edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Kollegiya ilk növbədə qeyd edir ki, yaşayış evindən çıxarılma barədə iddia tələbi üzrə mübahisəni həll edərkən cavabdehin yaşayış evinə hər-hansı hüququnun olub-olmamasına qiymət verilməlidir. Cavabdeh etirazında bildirmişdir ki, yaşayış evini iddiaçının bacısı ilə birgə nikah dövründə inşa etmişlər, onun özü də ailəsi ilə birgə həmin evdə yaşamışdır. Evin qaz və işıq sayğacları da onun adınadır. Kollegiya qeyd edir ki, yaşayış evində cavabdehin ailə üzləri ilə birgə yaşaması, qaz və işıq sayğaclarının onun adına qeyd edilməsi onun həmin evən çıxarılmasından imtina üçün əsas deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Hazırki halda iddiaçının həm torpaq sahəsinə dair, həm də tikiliyə dair mülkiyyət hüququnu təsdiq edən sənədin qanuniliyi prezumsiyası vardır və mülkiyyətin qeydə alınması qüvvədədir. İzahatlardan hüququ münasibətlərinin 2006-cı ildən sonra yarandığı müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarında göstərilir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Bununla yanaşı, müəyyən edilir ki, iddiaçının yaşayış evinə mülkiyyət hüququ xx.xx.2023-ci ildən qeydiyyatdan keçmişdir. Cavabdeh iddiaçının ailə üzvü deyil. “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarında deyilir ki, ...tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Daşınmaz əmlaka mülkiyyət hüququnun əmələ gəlməsində dövlət qeydiyyatının əhəmiyyətini açıqlayaraq, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumu 11 iyul 2014-cü il tarixli qərarında onu da qeyd etmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Beləliklə, qanunun tələbinə görə, cavabdehin istifadə hüququnun yaranması üçün həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalı və hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilməlidir. Lakin yaşayış sahəsinin istifadəçisi olaraq cavabdehin mülkiyyətçi ilə hər hansı razılaşması müəyyən edilməmişdir. İddiaçı yaşayış evinin mülkiyyətçisidir; cavabdeh isə iddiaçının ailə üzvü deyil. Beləliklə, Kollegiya hesab edir ki, yaşayış evindən çıxarılma barədə iddiaçının tələbi əsaslıdır. Cavabdeh tərəf apellyasiya şikayətində onu da bidirmişdir ki, iddiaçının mərhum atası qeyd olunan 0.06 ha torpaq sahəsini alarkən, həmin torpaq sahəsinə bitişik onlar da özləri üçün 0.08 ha torpaq sahəsi almış və bunun üçün bələdiyyənin hesabına pul ödəmişdir. Mübahisəli fərdi yaşayış evi də onların bələdiyyədən aldığı 0.08 ha torpaq sahəsində inşa edilmişdir. Mübahisəli yaşayış evinin iddiaçı F.Əlıiyevaya məxsus olunan 0.06 ha torpaq sahəsində, yoxsa Cavabdeh iddia etdiyi 0.08 ha torpaq sahəsində yerləşib-yerləşmədiyini müəyyən etmək üçün məhkəmə tikinti-texniki ekspertizası keçirilmişdir. İş üzrə tikinti-texniki obyektlərinin tədqiqi ekspertizasının 15 noyabr 2024-cü il tarixli, 10/7923 nömrəli rəyində göstərilir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi idarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-2888/2024 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran rayonu, İstisu qəsəbəsi ərazisində yerləşən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış və **********75-10301 reyestr nömrəli Texniki Pasporta (xx.xx.2023-cü il tarixdə olan vəziyyətə əsasən tərtib olunmuş) əsasən X1 mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən olunmuşdur. Mütəxəssis rəyinə əsasən, Cavabdeh Bəbir oğluna bələdiyyə tərəfindən ayrılmış torpaq sahəsinə dair torpaqayırma sənədləri mülki iş sənədlərinə əlavə olunmadığından və ya mövcud olmadığından həmin torpaq sahəsinin sənəd üzrə sərhədlərini müəyyən etmək mümkün olmamışdır. Cavabdeh Bəbir oğlu tərəfindən iddia olunan torpaq sahəsinin faktiki vəziyyətə uyğun naturada döngə nöqtələrinin koordinatları müəyyən olunmuşdur. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi idarəsinin xx.xx.2024cü il tarixli, 3-21-3-43/2-2888/2024 saylı mütəxəssis rəyinə əsasən, X1 xüsusi mülkiyyəti kimi Dövlət reyestrindən qeydiyyatdan keçmiş (Lənkəran rayonu, İstisu qəsəbəsi, Fariz Əliyev küçəsi, 73) 117,7 kv.m ölçüdən ibarət fərdi yaşayış evinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış və **********75-10301 reyestr nömrəli Texniki Pasporta (xx.xx.2023-cü il tarixdə olan vəziyyətə əsasən tərtib olunmuş) əsasən X1 mülkiyyətində olan 0.06 ha torpaq sahəsinin üzərində yerləşməsi müəyyən olunmuşdur. Kollegiya ekspert rəyini sübut olaraq qəbul edir. Həmin rəylə müəyyən edilir ki, İddiaçı mülkiyyəti kimi qeydiyyatdan keçmiş yaşayış evi, onun mülkiyyətində olan torpaq sahəsində yerləşir. Cavabdeh apellyasiya şikayətində ona da əsaslanmışdır ki, İddiaçı ona məxsus torpaq sahəsin koordinatlarını və döngə nöqtələrini dəyişdirərək mübahisəli fərdi yaşayış evini ona məxsus torpaq sahəsinin içərisinə saldırmışdır. Cavabdeh mahiyyətcə plan ölçü sənədlərinin tərtibini və bununla da inzibati orqanın hərəkətlərini mübahisələndirmişdir. Ona görə bu hissədə işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, baxılan hissədə Cavabdeh apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur. Ona görə də cavabdehin yaşayış evindən çıxarılmasının təmin edilməsi hissədə apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu şikayətçiyə aid edilir. Şərh olunanlara əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh Bəbir oğlunun apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, 2(049)-536/2023 saylı qətnaməsi yaşayış evindən çıxarılmanın təmin edilməsi hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-441/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-441/2024
24.12.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver