Məhkəmə qərarları › İş №2(106)-444/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-444/2025

03.03.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-444/2025 03.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə; Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı alğı-satqı müqaviləsinin etibarsızlığı, çıxarışın ləğvi və pul tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 2(032)-1413/2024 saylı, 10 dekabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə 03 mart 2025-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi; İşin halları: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şirvan şəhəri, Şəhidlər küçəsi, 7 nömrəli fərdi yaşayış evinə dair xx.xx.1999cu il tarixli alğı-satqı müqaviləsi etibarsız hesab edilməsi və onun əsasında əldə edilmiş hüquqlar, yəni xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli və xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi, xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixə kimi iddiaçı yaşadığı mənzildən qanunsuz olaraq məhrum olduğu üçün 50 ay müddətinə görə (50 ay x 300 manat (1 aylıq kirayə haqqı) = 15000 manat) 15000 (on beş min) manat kompensasiya, həmçinin ödənilmiş 135 manat dövlət rüsumunu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1999-cu ildə Şirvan şəhəri, Şəhidlər küçəsi, 7 nömrəli fərdi yaşayış evi alınarkən İddiaçı ilə Cavabdeh1 rəsmi nikahda olmuşdurlar. İddiaçı atası mərhum Mirsəmid özünə məxsus evi sataraq qızı Abdullayeva (Səmədova) Miranəyə pul vermişdir ki, özlərinə ev alsınlar. Həmin evin alınmasına İddiaçı tərəfindən Cavabdeh2 və Cavabdeh1 evin satış qiymətinin 70% dəyərində pul vermişdir ki, sözügedən evi alsınlar. Cavabdehlər tərəfindən həmin evin alınmasına 30% həcmində pul vəsaiti xərcləmişdirlər. Hətta evi aldıqdan sonra iddiaçı Abdullayeva (Səmədova) Miranə Mirsəməd qızı tərəfindən evin təmir bərpa işlərinə vəsait xərcləmişdir. xx.xx.1999-cu ildə alınmış Şirvan şəhəri, Şəhidlər küçəsi, 7 nömrəli fərdi yaşayış evinə dair iddiaçı Abdullayeva (Səmədova) Miranə Mirsəməd qızının faktiki mülkiyyət payı vardır. Çünki sözügedən evin alınmasında iddiaçı tərəfindən vəsait qoyulmuşdur. Lakin bu faktları cavabdehlər tərəfindən gizlədilmişdir, iddiaçı Abdullayeva (Səmədova) Miranə Mirsəməd qızı isə hesab etmişdir ki, evin ona düşən payı ayrılıb veriləcəkdir. 15 aprel 1999-cu il tarixdə X5 ilə mərhum X9 arasında alğı-satqı müqaviləsi bağlanarkən mərhum X9, Cavabdeh2 və Cavabdeh1 tərəfindən Abdullayeva (Səmədova) Miranə Mirsəməd qızı almışdır. Cavabdehlər sözügedən alğı-satqı müqaviləsini mərhum X4 adına ona görə rəsmiləşdirmişdirlər ki, Abdullayeva (Səmədova) Miranə Mirsəməd qızını nə vaxtsa nikahı pozulsa, Şirvan şəhəri, Şəhidlər küçəsi, 7 nömrəli fərdi yaşayış evi məhkəmə qaydasında tələb edə bilməsin. Məhz elə bu məqsədlə sözügedən evi mərhum X4 adına çıxarış əldə edilmişdir, mərhum Q.Səlimovun ölümündən sonra xx.xx.2022-ci il tarixli, 2V-116 nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” və eyni tarixli 3M-316 nömrəli “Miras payın bağışlanması müqaviləsi” əsasında xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış iddiaçı Cavabdeh2 adına qeydiyyata alınmaqla tam mülkiyyətçi olmuşdur. İşin faktiki hallardan görünür ki, Cavabdeh2 və Cavabdeh1 aldatma yolu ilə yalan alğı-satqı müqaviləsi bağlanmasına nail olmuşdurlar. 2019-cu ildə cavabdeh tərəf sözügedən evdən iddiaçı Abdullayeva (Səmədova) Miranə Mirsəməd qızını qovmuşdurlar və heç bir cehiz əmlakını götürə bilməmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(032)- 1373/2019 saylı qətnaməsinə əsasən Abdullayeva (Səmədova) Miranə Mirsəməd qızı ilə Cavabdeh1 arasında nikah məhkəmə qaydasında pozulmuşdur. Nəticədə Cavabdeh2 və Cavabdeh1 qanunsuz əməlləri nəticəsində iddiaçı Abdullayeva (Səmədova) Miranə Mirsəməd qızı əsassız olaraq əmlakından məhrum olmuşdur. Bundan başqa xx.xx.2019-cu il tarixindən bugünə kimi, yəni xx.xx.2024-cü il tarixə qədər Cavabdeh2 və Cavabdeh1 tərəfindən heç bir qanuni əsas olmadan iddiaçı Abdullayeva (Səmədova) X8 şəhəri, Şəhidlər küçəsi, 7 nömrəli fərdi yaşayış evində yaşamaq hüququndan məhrum olaraq, müxtəlif yerlərdə şəraitsiz evlərdə kirayədə yaşmışdır. ünvan 1 ünvanında Abdullayeva (Səmədova) Miranə Mirsəməd qızı qeydiyyatda olmasına baxmayaraq cavabdehlərin qanunsuz hərəkətlərinə görə 4 ildən coxdur ki, Abdullayeva (Səmədova) Miranə Mirsəməd qızına maddi ziyan dəymişdir. Halbuki, Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin İ bəndinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Qeyd edilən Konstitusiyanın tələblərinə baxmayaraq cavabadehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən bugünə kimi qanunsuz hərəkətlər davam edir. Qeyd edilənlərə əsasən Şirvan şəhəri, Şəhidlər küçəsi, 7 nömrəli fərdi yaşayış evinə dair xx.xx.1999-cu il tarixli alğı-satqı müqaviləsi etibarsız hesab edilməli, onun əsasında əldə edilmiş hüquqlar, yəni xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli və xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar ləğv edilməli, həmçinin xx.xx.2019-cu il tarixindən xx.xx.2024-cü il tarixinə kimi iddiaçıya yaşadığı mənzildən qanunsuz olaraq məhrum olduğu üçün kompensasiya ödənilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1, eyni zamanda digər Cavabdeh2 nümayəndəsi iddia tələbini etiraf etməyərək onun rədd edilməsini xahiş etdi və izahatında bildirdi ki, atası mərhum X9 46 il neft sənayesində işləmiş, ona dövlət tərəfindən 1967-ci ildə 3 otaqlı ev verilmiş, həmin evin çıxarışı olmamış, orderlə atasının istifadəsinə verilmişdir. Daha sonra alğı-satqı yolu ilə hal-hazırda yaşadıqları mübahisəli evi, yəni Şirvan şəhəri, Şəhidlər küçəsi, 7 saylı fərdi yaşayış evini üstündə pul verməklə almışlar. Atası xx.xx.2002-ci il tarixdə vəfat etmiş, daha sonra mənzil anası Cavabdeh2 adına rəsmiləşdirilmişdir İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Şəhər Məhkəməsinin 2(032)-1413/2024 saylı, 10 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (Hakim: Ceyhun Mustafayev), iddianın rədd edilməsi, iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş olan dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı Şirvan Şəhər Məhkəməsinin 2(032)-1413/2024 saylı, 10 dekabr 2024-cü il tarixli qətnaməsini ləğv edib iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehinapelyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək izahatında, apelyasiya şikayətinin təmin edilməsini, Şirvan Şəhər Məhkəməsinin 2(032)- 1413/2024 saylı, 10 dekabr 2024-cü il tarixli qətnaməsini ləğv edib iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək izahatında, apelyasiya şikayətinin təmin edilməməsini, Şirvan Şəhər Məhkəməsinin 2(032)-1413/2024 saylı, 10 dekabr 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada digər Cavabdeh2 məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bu barədə heç bir məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə Cavabdeh2 iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası İddiaçı apellyasiya şikayətinin dəlilləri həddində Şirvan Şəhər Məhkəməsinin 2(032)-1413/2024 saylı, 10 dekabr 2024-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Şirvan Şəhər Məhkəməsinin 2(032)-1413/2024 saylı, 10 dekabr 2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, qarşılıqlı iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, Apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası iş materiallarında aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarında olan 15 aprel 1999-cu il tarixli alğı-satqı müqaviləsinin surətindən görünür ki, X2 Bayramlı şəhəri TİB-in reyestr kitabı № 04-08, inventar işi № 2288,13 aprel 1999-cu il tarixli 120 saylı arayışına əsasən özünə məxsus Əli-Bayramlı şəhəri Şəhidlər küçəsi 7 saylı evi X1. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarış surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə X4 mülkiyyət hüquqları qeydə alınmışdır. İş materiallarında olan Şirvan şəhər 1 saylı Notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2002-ci ildə vəfat etmiş X4 vərəsələri ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh2 və Cavabdeh1dur. Onların hər biri miras əmlakdan ½ irs almışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli miras payın bağışlanması barədə müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 Şirvan şəhər 1 saylı Notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixli 2V-116 reyestrlə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ona düşən payını anası Cavabdeh2 bağışlamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, xx.xx.2022-ci il tarixində fərdi yaşayış evinə dair mülkiyyət hüququ ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” sənədi ilə X4 adına qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixli, 2V-116 nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” və eyni tarixli, 3M-316 nömrəli “Miras payın bağışlanması müqaviləsi” əsasında Cavabdeh2 miras əmlak olan həmin fərdi yaşayış evindən tam hissədə pay almaq hüququ yaranmışdır. xx.xx.2022-ci il tarixində isə fərdi yaşayış evinə dair mülkiyyət hüququ ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” sənədi ilə Cavabdeh2 adına qeydiyyata alınmışdır İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin 2(032)-882/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı X3 Cavabdeh2 qarşı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi və həmin evdə yaşamağına maneəçilik edilməsinin cavabdehə və digər şəxslərə qadağan edilməsi tələbinə dair iddiası qismən təmin edilərək, iddiaçı X3 ünvan 3 ünvanına köçürülməsi qət edilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1596/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti təmin edilməyərək, Şirvan şəhər Məhkəməsinin 04 avqust 2023-cü il tarixli, 2(032)-882/2023 saylı qətnaməsi Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının iddia tələbindən müəyyən edilir ki, o, ünvan 3 nömrəli fərdi yaşayış evinə dair xx.xx.1999-cu il tarixli alğı-satqı müqaviləsi etibarsız hesab edilməsi və onun əsasında əldə edilmiş hüquqlar, yəni xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli və xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi, xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixə kimi iddiaçı yaşadığı mənzildən qanunsuz olaraq məhrum olduğu üçün 50 ay müddətinə görə (50 ay x 300 manat (1 aylıq kirayə haqqı) = 15000 manat) 15000 (on beş min) manat kompensasiya pulunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1999-cu ildə Şirvan şəhəri, Şəhidlər küçəsi, 7 nömrəli fərdi yaşayış evi alınarkən onunla Cavabdeh1 rəsmi nikahda olmuşlar. İddiaçı atası mərhum Mirsəmid özünə məxsus evi sataraq qızı Abdullayeva (Səmədova) Miranəyə pul vermişdir ki, özlərinə ev alsınlar. Həmin evin alınmasına İddiaçı tərəfindən Cavabdeh2 və Cavabdeh1 evin satış qiymətinin 70% dəyərində pul vermişdir ki, sözügedən evi alsınlar. Cavabdehlər tərəfindən həmin evin alınmasına 30% həcmində pul vəsaiti xərcləmişdirlər. Hətta evi aldıqdan sonra iddiaçı Abdullayeva (Səmədova) Miranə Mirsəməd qızı tərəfindən evin təmir bərpa işlərinə vəsait xərcləmişdir. xx.xx.1999-cu ildə alınmış Şirvan şəhəri, Şəhidlər küçəsi, 7 nömrəli fərdi yaşayış evinə dair iddiaçı Abdullayeva (Səmədova) Miranə Mirsəməd qızının faktiki mülkiyyət payı vardır. Çünki sözügedən evin alınmasında iddiaçı tərəfindən vəsait qoyulmuşdur. Cavabdehlər sözügedən alğı-satqı müqaviləsini mərhum X4 adına ona görə rəsmiləşdirmişdirlər ki, Abdullayeva (Səmədova) Miranə Mirsəməd qızını nə vaxtsa nikahı pozulsa, Şirvan şəhəri, Şəhidlər küçəsi, 7 nömrəli fərdi yaşayış evi məhkəmə qaydasında tələb edə bilməsin. xx.xx.2019-cu il tarixindən bugünə kimi, yəni xx.xx.2024-cü il tarixə qədər Cavabdeh2 və Cavabdeh1 tərəfindən heç bir qanuni əsas olmadan iddiaçı Abdullayeva (Səmədova) X8 şəhəri, Şəhidlər küçəsi, 7 nömrəli fərdi yaşayış evində yaşamaq hüququndan məhrum olaraq, müxtəlif yerlərdə şəraitsiz evlərdə kirayədə yaşamışdır. Kollegiya ilk növbədə iddiaçının birinci tələbi üzrə, yəni ünvan 2 nömrəli fərdi yaşayış evinə dair xx.xx.1999-cu il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsinə və onun əsasında əldə edilmiş hüquqlar, yəni xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli və xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi tələbinə hüquqi qiymət verilməsini zəruri hesab edir. İş materiallarından görünür ki, X2 Bayramlı şəhəri TİB-in reyestr kitabı № 04-08, inventar işi № 2288,13 aprel 1999-cu il tarixli 120 saylı arayışına əsasən ona məxsus olan Əli-Bayramlı şəhəri Şəhidlər küçəsi 7 saylı evi 15 aprel 1999-cu il tarixli alğı-satqı müqaviləsi əsasında X1. Həmin əmlaka sonuncunun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ”L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Kollegiya qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi iddiaçının mübahisələndirdiyi alğı-satqı müqaviləsi üzrə tərəflər X5 və X7r. Mülki qanunvericiliyin tələblərinə uyğun olaraq müqavilə tərəflərin iradə ifadəsini təsbit edir. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Hazırda isə müqavilənin etibarsızlığı tələbi ilə məhkəmə müqavilə üzrə tərəf olmayan şəxs müraciət etsə də, bağlanmış olan müqavilə üzrə onun hansı hüquqlarının pozulmuş olması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Kollegiya hesab edir ki, iddiaçının mübahisəsini etdiyi yaşayış sahəsinə dair hazırda qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüququ olmadığı üçün iddiaçının sözügedən iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Həmçinin, qeyd edilməlidir ki, belə halda hazırki tələbin araşdırılması, hüququ olmayan şəxsin iddiasına qiymət verilməsi mənasına gəlməklə məhkəmə müdafiəsi hüququnun ümumi prinsiplərinə zidd olardı. Kollegiya iddiaçının iddia tələbinin xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli və xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi hissəsinə münasibətdə qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2002-ci ildə X9 vəfat etmiş və ondan miras qalmış əmlaka Cavabdeh2 və X14 hər biri miras əmlakdan ½ irs almışdır. Həmçinin sonradan Cavabdeh1 Şirvan şəhər 1 saylı Notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixli 2V-116 reyestrlə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ona düşən payını anası Cavabdeh2 bağışlamış və sonuncunun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş materiallarında olan rəsmi sənədlərdən görünür ki, mübahisə predmeti olan əmlak Cavabdeh2 mülkiyyətindədir Belə olduğu halda Cavabdeh2 qarşı qeydiyyatın və dövlət reyestrindən çıxarışın ləğv olunması tələbinin təmin olunması hüquqi baxımdan mümkün deyildir. Belə ki, mübahisələndirilən əmlakın Cavabdeh2 mülkiyyətinə verilməsinin qanuniliyini sübhə altına alan hər hansı bir əsas və sübut iş materiallarında olmadığı kimi, iddiaçı tərəfindən də təqdim edilməklə reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməmişdir. Bununla yanaşı, kollegiya qeyd edir ki, reyestrdən çıxarış daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın əsasında verilir. Cavabdeh2 adına verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli və xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışının və reyestr qeydiyatının ləğv edilməsi məsələsi müzakirə edilərkən ilk növbədə “daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı”nın hüquqi əhəmiyyətinin nədən ibarət olması müəyyən edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Göründüyü kimi, dövlət qeydiyyatının hüquqi əhəmiyyəti yalnız dövlət tərəfindən tanınma və təsdiq etmədən ibarətdir, yəni hüququn əmələ gəlməsi, məhdudlaşdırılması, başqasına keçməsi və hüquqa xitam verilməsi dövlət tərəfindən tanınır və təsdiq edilir Beləliklə, kollegiya hesab edir ki, Cavabdeh2 mülkiyyət hüququnun əmələ gəlməsinə əsas olmuş sənədlərin etibarsız hesab edilmədən hüququn əmələ gəlməsinin tanınması və təsdiqi (yəni dövlət qeydiyyatı və həmin qeydiyyatın əsasında verilən reyestrdən çıxarış) ləğv edilə bilməz. Kollegiya iddiaçının iddia tələbinin xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixə kimi iddiaçı yaşadığı mənzildən qanunsuz olaraq məhrum olduğu üçün 50 ay müddətinə görə (50 ay x 300 manat (1 aylıq kirayə haqqı) = 15000 manat) 15000 (on beş min) manat kompensasiya pulunun tutulması hissəsinə münasibtədə hesab edir ki, iddia tələbi həmin hissədə də əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Mülki Məcəlləsinin 228.2ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair plenumunun xx.xx.2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, “... mülki qanunvericilikdə kompensasiya maddi və mənəvi xüsusiyyət daşıyır və mülki hüquq münasibətlərində bir neçə formada çıxış edir: mülki-hüquq öhdəliklərinin pozulması nəticəsində zərəri naturada qaytarmaq imkanı olmadıqda həmin zərərin əvəzinin ödənilməsi; sifarişçinin öhdəliyi yerinə yetirənin təqsiri nəticəsində həmin öhdəliyin icrasına marağının itirildiyi halda; qanunvericiliklə nəzərdə tutulan digər hallarda “əmlak itkilərinin” pulla əvəzinin ödənilməsi və s.; mənəvi zərərin ödənilməsi; habelə qanunvericiliklə nəzərdə tutulan əmlak, qeyri-əmlak, əmək və digər münasibətlərdə dəymiş zərərin əvəzinin ödənilməsi.” Kollegiya qeyd edir ki, iddia tələbindən göründüyü kimi hazırkı halda iddiaçının tələb etdiyi kompensasiya əmlakdan istifadə ilə bağlıdır. Lakin mülki qanunvericiliyin tələblərindən və məhkəmənin yuxarıda qeyd etdiyi Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi kompensasiya hüququ mülkiyyətçiyə məxsus olan subyektiv hüququdur. Hazırkı mülki iş üzrə əmlakın mülkiyyətçisi isə mülki iş üzrə Cavabdeh2dır. İddiaçının isə qeyd edilən tələblə müraciət etmək üçün subyektiv hüququ müəyyən edilmir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı № 25657/94, §282). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). İddia tələbinin təmin olunmaması barədə birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə faktlar nöqteyi-nəzərdən qanuni və əsaslı olduğundan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizə kimi dəyərləndirilməli və əsassız hesab edilməklə gəlinən nəticənin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətləri təmin edilməməli Şirvan Şəhər Məhkəməsinin 2(032)-1413/2024 saylı, 10 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 2(032)-1413/2024 saylı, 10 dekabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar