Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-448/2023 18.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Pərviz Tərlan oğlu (sədrlik edən və məruzəçi), İmanov Cahid Fehruz oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət məhkəmə tərkibində, Məmmədov Samir Valeh oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Rzayev Cəsail Süleyman oğluna qarşı (maraqlı şəxslər Rzayeva Gülnaz Süleyman qızı, Hüseynova Gülyanaq Süleyman qızı və Quliyeva Gülsümə Süleyman qızı) fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli 2(049)-887/2022 saylı qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Rzayev Cəsail Süleyman oğlunun ailə üzvləri ilə birlikdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestr Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onun, yəni İddiaçı, Rzayeva Gülnaz Süleyman qızının, Hüseynova Gülyanaq Süleyman qızının və Quliyeva Gülsümə Süleyman qızının ümumi birgə mülkiyyətində torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılmaları və ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhəkəmsinin 15 noyabr 2022-ci il tarixli 2(049)-887/2022 saylı qətnaməsi ilə (hakim Toğrul Məmmədov) İddiaçı cavabdeh Rzayev Cəsail Süleyman oğluna qarşı fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı tərəfindən Lənkəran Rayon Məhəkəmsinin 15 noyabr 2022-ci il tarixli 2(049)- 887/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilərək Lənkəran Rayon Məhəkəmsinin 15 noyabr 2022-ci il tarixli 2(049)-887/2022 saylı qətnaməsinin ləğv edilməklə iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. İŞİNHALLARİ: İddiaçı iddiası onunla əsaslandırılmışdır ki, o, 5 oktyabr 1963-cü il tarixdə ünvan 1ində anadan olmuş və hazırda da həmin kənddə yaşayır. ünvan 1ində yerləşən 0.31 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 77.6 kv.m olan 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi atasına məxsus olmuşdur. Atası vəfat etdikdən sonra həmin torpaq sahəsi ona 16/45 hissə, digər vərəsələrə, bacılarına 9/45 hissə, 2/45 hissə isə açıq saxlanılmaqla vərəsələr arasında bölünmüş və torpaq sahəsində yerləşən fərdi yaşayış evi isə 7/9 hissə ona verilməklə 2/9 hissə isə açıq saxlanılmaqla vərəsələr arasında bölünmüşdür. Bütün bunlar dövlət qeydiyyatına alınmış və adına verilmiş çıxarışda da bütün bunlar öz əksini tapmışdır. Onun və ailəsinin mülkiyyətində olan torpaq sahəsində eyni zamanda icazəsiz tikilmiş fərdi yaşayış evi də mövcuddur. Hazırda həmin evdə qardaşı Cəsail Rzayev ailəsi ilə birlikdə yaşayır. Cavabdeh ona imkan vermir ki, özünə məxsus fərdi yaşayış evində rahat yaşasın. Baxmayaraq ki, qardaşı Rzayev Cəsail Süleyman oğlunun başqa yerdə torpaq sahəsi və fərdi yaşayış evi vardır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ : İddiaçı apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsinin 16/45 hissəsi və fərdi yaşayış evinin 7/9 hissəsi onun mülkiyyətində olmaqla hazırda həmin torpaq sahəsindən öz mülkiyyəti kimi istifadə edir və fərdi yaşayış evində də tək yaşayır. Digər vərəsələr olan bacılarım isə ailə həyatı quraraq gəlin köçmüşlər və özlərinə məxsus evlərdə yaşayırlar. Beləliklə də, qeyd olunan torpaq sahəsi onunla bacılarının paylı mülkiyyətində və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi isə onun mülkiyyətindədir. Həmin torpaq sahəsində, eyni zamanda icazəsiz tikilmiş fərdi yaşayış evi də mövcuddur ki, hazırda həmin evdə cavabdeh yaşayırlar. Baxmayaraq ki, cavabdehlərin nə mübahisəli torpaq sahəsinə, nə də həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüquqları yoxdur. Ancaq məhkəmə tərəfindən bütün bu hallara hüquqi qiymət verilməmiş və sonda iddia tələbi təmin edilməmişdir. Lakin buna baxan məhkəmə qanunvericiliyin qeyd olunan normalarını pozmaqla qətnamə çıxardacaq iddia tələbini təmin etməmişdir. Eyni zamanda, qanunvericiliyin tələbinə görə özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Hazırkı iş üzrə qeyd olunan torpaq sahəsi onunla bacılarının paylı mülkiyyətindədir və qanunvericiliyin tələbinə görə həmin torpaq sahəsində yerləşən hər hansı özbaşına tikiliyə mülkiyyət hüququ da ancaq onun üçün tanına bilər. İş materiallarından da görünür ki, cavabdeh və onların ailə üzvləri onunla bacılarının paylı mülkiyyətində olan sənədsiz evdə yaşamaqla ona də öz mülkiyyətində olan fərdi yaşayış evində yaşamağa imkan vermirlər. Cavabdeh izahatında həmin tikilidə mərhum atası sağ olduğu dövrdə yaşadığını, uzun müddət orada yaşamaqla istifadə hüququna malik olduğunu qeyd etsə də, bununla bağlı istinad etdiyi halları məhkəmədə sübut edə bilməmiş və bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Habelə, işdə olan ekspert rəyinə görə cavabdehlər və onların ailə üzvləri ona və bacılarının paylı mülkiyyətində olmaqla ünvan 1ində yerləşən 1 mərtəbəli sənədsiz evdən istifadə edirlər. İddiaçı iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, Lənkəran Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli 2(049)-887/2022 saylı qətnaməsinin ləğv edilməklə, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, əlavə olaraq bildirmişdir ki, ünvan 1ində yerləşən 0.31 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 77.6 kv.m olan 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi atasına məxsus olmuş və atası vəfat etdikdən sonra həmin torpaq sahəsi ona 16/45 hissə, digər vərəsələrə, bacılarına 9/45 hissə, 2/45 hissə isə açıq saxlanılmaqla vərəsələr arasında bölünmüşdür. Torpaq sahəsində yerləşən fərdi yaşayış evi isə 7/9 hissə ona verilməklə, 2/9 hissə açıq saxlanılmışdır. Cavabdeh Rzayev Cəsail Süleyman oğlu həmin tikilidə əvvəllər, yəni anadan olduqdan sonra uzun müddət mərhum atası hələ sağ olduğu vaxtlarda yaşamışdır. Cavabdeh Rzayev Cəsail Süleyman oğluna və maraqlı şəxslər Rzayeva Gülnaz Süleyman qızı, Hüseynova Gülyanaq Süleyman qızı, Quliyeva Gülsümə Süleyman qızına məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan və ya səlahiyyətli nümayəndələrinin baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası İddiaçı izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Lənkəran Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli 2(049)-887/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1ində 0.31 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 77.6 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə (xx.xx.2016-cı il qeydiyyat tarixli) İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 53 nömrəli reyestr kitabının 65 nömrəli vərəqində dövlət qeydiyyatına alınmışdır. Hüquq sahibləri İddiaçı payı 7/9 hissə fərdi yaşayış evi və 16/45 hissə torpaq sahəsi, Rzayev Gülnaz Süleyman qızının payı 9/45 hissə torpaq sahəsi, Hüseynova Gülyanaq Süleyman qızının payı 9/45 hissə torpaq sahəsi, Quliyeva Gülnisə Süleyman qızının payı 9/45 hissə torpaq sahəsi olmaqla, 2/9 hissə fərdi yaşayış evi və 2/45 hissə torpaq sahəsi açıq saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran Ərazi İdarəsinin 24 noyabr 2016cı il tarixli 4192 inventar nömrəli texniki pasportundan görünür ki, reyestr nömrəsi **********54-10301 olan ünvan 1ində İddiaçı payı 7/9 hissə təşkil edir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 1ində 0.31 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 77.6 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə (xx.xx.2015-ci il qeydiyyat tarixli) Rzayev Süleyman Məmmədrza oğluna məxss olmuşdur. İşdə olan JN – 064A KOD 80220028 Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, ünvan 1ində yerləşən 0.31 ha torpaq sahəsi Lənkəran rayonu Aqrar İslahat Komisiyyasının 30 may 1998-ci il tarixli qərarı ilə İbrahimova Soğra Sahib qızının, İddiaçı, Rzayeva Gülnaz Süleyman qızı, Rzayeva Gülyanaq Süleyman qızı və Rzayeva Gülsümə Süleyman qızının mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 03 oktyabr 2022-ci il tarixli 10/4032 saylı ekspert rəyinə görə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********54-10301 reyestr nömrəli çıxarış sənədinə əsasən ünvan 1i ünvanında yerləşən paylı mülkiyyət hüququ ilə İddiaçı (16/45 hissə torpaq sahəsi), Rzayev Gülnaz Süleyman qızı (9/45 hissə torpaq sahəsi), Hüseynova Gülyanaq Süleyman qızı (9/45 hissə torpaq sahəsi), Quliyeva Gülnisə Süleyman qızının (9/45 hissə torpaq sahəsi) adına olmaqla, 2/45 hissə torpaq sahəsi açıq saxlanılmaqla qeydiyyata alınmış 0.31 ha torpaq sahəsində yerləşən bir mərtəbəli yaşayış evinin (texniki pasportda “B” literli ilə qeyd olunan) cavabdehin istifadəsində olduğu müəyyən edilmişdir. İşdə olan Lənkəran rayonu Zövlə KİƏDN-in 14 mart 2022-ci il tarixli 12-13/149 saylı arayışına görə Rzayev Cəsail Süleyman oğlu Zövlə kəndində yaşamaqla aşağıdakı ailə üzvləri vardır: arvadı – Rzayeva Zərinə Baxşəli qızı, oğlu – Rzayev Elgün Cəsail oğlu, oğlu – Rzayev Mansur Cəsail oğlu, oğlu – Rzayev Elnur Cəsail oğlu, gəlini – Rzayeva Elvira Bağır qızı, nəvəsi – Rzayev Rza Elgün oğlu, nəvəsi – Rzayeva İlahə Elgün qızı. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 03 oktyabr 2022-ci il tarixli 10/4032 saylı ekspertiza xərclərinə dair bildirişə əsasən məhkəmə tikinti-texniki ekspertiza xərci 100 manat təşkil edir. İşdə olan seriya AZE N 13651375 saylı Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Rzayev Cəsail Süleyman oğlu 30 avqust 1959-cu il tarixdə Lənkəran rayonu Boladi kəndində doğulmuş və ünvan 1ində qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də, mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi mülkiyyət hüququna verilən təminat, bu hüququ hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə, iş üzrə sübutlarla və işin faktiki hallarına əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa görə ünvan 1ində 0.31 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 77.6 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə (xx.xx.2015ci il qeydiyyat tarixli) Rzayev Süleyman Məmmədrza oğluna məxsus olmuşdur. Habelə, Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə görə Lənkəran rayonu Aqrar İslahat Komisiyyasının 30 may 1998-ci il tarixli qərarı ilə ünvan 1ində yerləşən 0.31 ha torpaq sahəsi İbrahimova Soğra Sahib qızının, İddiaçı, Rzayeva Gülnaz Süleyman qızı, Rzayeva Gülyanaq Süleyman qızı və Rzayeva Gülsümə Süleyman qızının mülkiyyətinə verilmişdir. Daha sonra ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 1ində 0.31 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 77.6 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 53 nömrəli reyestr kitabının 65 nömrəli vərəqində dövlət qeydiyyatına alınmış, hüquq sahibləri İddiaçı payı 7/9 hissə fərdi yaşayış evi və 16/45 hissə torpaq sahəsi, Rzayev Gülnaz Süleyman qızının payı 9/45 hissə torpaq sahəsi, Hüseynova Gülyanaq Süleyman qızının payı 9/45 hissə torpaq sahəsi, Quliyeva Gülnisə Süleyman qızının payı 9/45 hissə torpaq sahəsi olmaqla, 2/9 hissə fərdi yaşayış evi və 2/45 hissə torpaq sahəsi açıq saxlanılmışdır. Məhkəmə tərəfindən təyin edilmiş 03 oktyabr 2022-ci il tarixli ekspertiza rəyinə görə isə RX seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən paylı mülkiyyət hüququ ilə İddiaçı (16/45 hissə torpaq sahəsi), Rzayev Gülnaz Süleyman qızı (9/45 hissə torpaq sahəsi), Hüseynova Gülyanaq Süleyman qızı (9/45 hissə torpaq sahəsi), Quliyeva Gülnisə Süleyman qızının (9/45 hissə torpaq sahəsi) adına olmaqla, 2/45 hissə torpaq sahəsi açıq saxlanılmaqla qeydiyyata alınmış 0.31 ha torpaq sahəsində yerləşən bir mərtəbəli yaşayış evinin (texniki pasportda “B” literli ilə qeyd olunan) cavabdehin istifadəsində olduğu müəyyən edilmişdir. İş materiallarına, habelə iddiaçının izahatına əsasən 30 avqust 1959-cu il təvəllüdlü Rzayev Cəsail Süleyman oğlu ünvan 1ində yerləşən 0.31 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 77.6 kv.m olan 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi atasına məxsus olmuş və atası vəfat etdikdən sonra həmin torpaq sahəsi ona 16/45 hissə, digər vərəsələrə, bacılarına 9/45 hissə, 2/45 hissə isə açıq saxlanılmaqla vərəsələr arasında bölünmüş, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi 7/9 hissə ona verilməklə, 2/9 hissə açıq saxlanılmışdır. Cavabdeh Rzayev Cəsail Süleyman oğlu anadan olandan sonra uzun müddət atasına məxsus qeyd edilən evdə yaşamışdır. Cavabdehin atası Rzayev Süleyman Məmmədrza oğlu işdə olan sübutlara əsasən xx.xx.1989-cu il tarixdə, anası Rzayeva (İbrahimova) Suqra Sahib qızı isə xx.xx.2010-cu il tarixdə vəfat etmişlər. Ancaq cavabdeh Rzayev Cəsail Süleyman oğlu tərəfindən öz valideynlərinə məxsus olmuş ünvan 1ində 0.31 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 77.6 kv.m olan fərdi yaşayış evinə dair vərəsəlikdən (mirasın qəbulundan) imtina edilməsi iş materiallarından müəyyən edilmir və İddiaçı isə məhkəməyə bu faktı təsdiq edən heç bir mötəbər sübut təqdim etməmişdir. Hətta, yuxarıda sadalanan sübutlardan da görünür ki, ünvan 1ində 0.31 ha torpaq sahəsi və orada yerləşən ümumi sahəsi 77.6 kv.m olan fərdi yaşayış evi üzrə: 2/9 hissə fərdi yaşayış evi və 2/45 hissə torpaq sahəsi açıq saxlanılmışdır. Göründüyü kimi, cavabdeh Rzayev Cəsail Süleyman oğlunun çıxarılması tələb edilən fərdi yaşayış evi onun doğma valideynlərindən qalmış torpaq sahəsində yerləşir və onun həmin torpaq sahəsində miras payının mövcud olması istisna edilmir. Bu baxımdan, apellyasiya şikayətinin dəlili olan həmin evə mülkiyyət hüququ üzrə “qanuni gözlənti” cavabdehə də aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin maddə ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd edilməlidir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Kollegiya qeyd edir ki, MM-in 1133.1-ci, 1145-ci və 1157-ci maddələrinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Həmin məcəllənin 1255-ci və 1256-cı maddələrinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Bundan əlavə, nəzərə alınmalıdır ki, MM-in 1138-ci maddəsinin tələbinə görə valideynlik hüquqlarından məhrum edilmiş və mirasın açıldığı günədək bu hüquqları bərpa edilməmiş valideynlər uşaqlarının qanun üzrə vərəsələri ola bilməzlər. Miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” 22 aprel 2014cü il, “V.Quliyevin şikayəti üzrə” 07 sentyabr 2017-ci il və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 08 yanvar 2021-ci il tarixli qərarlarında qeyd edilmişdir ki, mülkiyyət hüququ ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi ona verilən təminat mülki hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur. Habelə Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ isə subyektiv hüquq olaraq bir tərəfdən miras qoymağı, vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya ilə vərəsəlik hüququna belə bir təminatın verilməsi birbaşa xüsusi mülkiyyət hüququnun toxunulmazlığı prinsipinin məntiqi nəticəsi olmaqla mülkiyyət hüququnun davamlılığının, heç bir məhdudiyyət qoyulmadan həyata keçirilməsinin təmin edilməsinə yönəlmişdir. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Bundan əlavə Vərəsəlik hüququ obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Vərəsəlik hüququ mülki hüququn ən böyük yarımsahələrindən olmaqla universal hüquq varisliyi, vəsiyyət azadlığı, ailə-təminat, məcburi vərəsələrin hüquq və maraqlarının təmin olunması, vərəsəliyə çağırılan şəxslərin azad seçimi, miras qoyanın və vərəsələrin hüquq və maraqlarının, hüquq qaydalarının və mənəviyyatın mühafizəsi prinsiplərinə əsaslanır. Qeyd edilən prinsiplərin hər biri digər prinsipin təmin edilməsinə yönəlir və qanunvericilikdə nəzərdə tutulmuş qaydada və hədlərdə müəyyən maraqlar nəzərə alınmaqla məhdudlaşdırıla bilər. Məhkəmə kollegiyası diqqətə çatdırmağı zəruri hesab edir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi Konvensiyanın və ona əlavə Protokolların tətbiqi və təfsiri məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanımışdır. Buna görə də, məhkəmənin presedent hüququ Konvensiyanın tərkib hissəsi kimi qəbul edilir və hüquq tətbiqetmə təcrübəsində rəhbər tutulur. Nəzərə alınmalıdır k, “Azərbaycan Respublikası Prezidentinin məhkəmə sisteminin müasirləşdirilməsi ilə bağlı tədbirlərə dair” 19 yanvar 2006-cı il tarixli Fərmanında Azərbaycan Respublikasının Ali Məhkəməsinə və digər yuxarı instansiya məhkəmələrinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi işini təşkil etmələri və onu məhkəmə təcrübəsində nəzərə almaları tövsiyə edilmişdir. Habelə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarında göstərilir ki, insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malikdir. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” o halda qanunidir ki, o hər hansı qanunvericilik müddəasına və ya mübahisə obyektinə dair hüquqi sənədə əsaslansın (Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 2010-cu il 27 may tarixli Qərar, §103). Avropa Məhkəməsi bir sıra qərarlarında onu da göstərmişdir ki, tələbin xarakteri əmlak maraqlarının mövcudluğunu nəzərdə tutduğu hallarda, belə maraq yalnız o zaman “əmlak” hesab oluna bilər ki, daxili qanunvericilikdə onun əsasları müəyyən edilsin (Kopecky Slovakiyaya qarşı iş üzrə 2004-cü il 28 sentyabr tarixli, Belane Nagy Macarıstana qarşı iş üzrə 2016-cı il 13 dekabr tarixli, Radomilja və digərləri Xorvatiyaya qarşı iş üzrə 2018-ci il 20 mart tarixli Qərarlar). Həmçinin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilibedilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Bundan başqa, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” iş üzrə qəbul etdiyi qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Digər - “Sporronq və Lonnpot İsveçə qarşı” iş üzrə qərarda isə göstərilmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyrisabit” xarakter almış olur. Beləliklə, məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, Lənkəran Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli 2(049)- 887/2022 saylı qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillləri yetərli deyildir və həmin dəlillər əsaslı sayıla bilməz. Belə ki, cavabdeh və ailə üzvlərinin fərdi yaşayış evində rahat yaşamağa ona imkan verməmələri halı mövcud olduğu təqdirdə belə, bu hazırkı iddianın deyil, iddia edilən maneələrin aradan qaldırılması və digər müvafiq iddiaların irəli sürülməsi və təmin edilməsi üçün əsas ola bilər. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. MPM-in 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına görə mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır; Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmış, təqdim olunmuş sübutlara obyektiv qiymət verilmişdir. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakterli dəlillər olmaqla birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və MPM-in 14.2, 77.1, 217.2, 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli 2(049)-887/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-448/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-448/2023
18.04.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver