Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-45/2024 21.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X4 ibarət tərkibdə, Qəribov Nahid Vidadi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Salyan Rayon Məhkəməsinin 2(057)-1578/2022 saylı, 04 noyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya icraatı qaydasında, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan Salyan şəhəri, Yunus Zərgərli küçəsi, 12 nömrəli evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, hal-hazırda ünvan 1 ünvanda 1 mərtəbəli, 5 otaqdan ibarət yaşayış evi var. Ev tam qanuni sənədlər əsasında iddiaçıya məxsusdur. Evin çıxarışı da iddiaçının adınadır. Cavabdeh iddiaçının evində yaşayır, lakin cavabdehin ailə üzvləri ona məxsus olan Bakı şəhərində yerləşən evdə yaşayırlar. Cavabdehin Bakı şəhərində evi olmasına baxmayaraq, qanunsuz olaraq iddiaçının evində yaşayır və evdən çıxmır. Mütəmadi olaraq iddiaçını evdə nalayiq söyüşlərlə söyür. İddiaçı bir neçə dəfə ona demişdir ki, onun evindən çıxsın. Cavabdeh iddiaçının evində yaşamaqla, iddiaçının ev üzərində sahiblik, istifadə və sərəncam vermə hüquqlarını pozur. Salyan Rayon Məhkəməsinin 2(057)-1578/2022 saylı, 04 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Muradağa Qasımov) iddia təmin edilmiş, Cavabdeh Salyan şəhəri, Yunus Zərgərli küçəsi, ev 10-da (köhnə qaydalarla Salyan şəhəri, Yunis Zərgərli küçəsi, 12-də) yerləşən İddiaçı xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Salyan Rayon Məhkəməsinin 2(057)-1578/2022 saylı, 04 noyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Salyan şəhəri, Yunis Zərgərli küçəsi, ev 12 (yeni qaydalarla ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 153,2 kv.m olan fərdi yaşayış evi və ümumi sahəsi 0,04085 ha olan həyətyanı torpaq sahəsi nənəsi X2 mülkiyyətində olmuşdur. Həmin ünvanda qaldığı müddətdə işıq, qaz, su pulunu cavabdeh ödəmişdir. Mübahisə predmeti olan ev cavabdehin nənəsinə məxsusdur. Nənəsi hər zaman evi cavabdehə verdiyini demişdir. Həyətdə olan əlavə tikililər isə cavabdehin atası tərəfindən tikilmiş, təsərrüfat işləri aparılmışdır. Cavabdehin məlumatı olmadan nənəsinin evi bibisinin adına keçirilmişdir. Bibisi onu evdən qovmuşdur. Bibisinin həmin evdə heç bir payı yoxdur və heç bir təsərrüfat işi aparmamışdır. Artıq cavabdeh tərəfindən həmin çıxarışın mübahisələndirilməsi ilə bağlı Salyan Rayon Məhkəməsinə iddia verilmişdir. İddia Salyan Rayon Məhkəməsinin icraatına qəbul edilmişdir. Fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. İş üzrə iddiaçı mübahisələndirilən evi qanunsuz ələ keçirmişdir. Belə ki, o, nənəsini aldadaraq onun adından digər bibisinə etibarnamə almış və onunla bağışlama müqaviləsi bağlamışdır. Salyan Rayon Məhkəməsində cavabdeh bu halı qeyd etsə də, məhkəmə tərəfindən araşdırma aparılmamışdır. Notarius tərəfindən cavabdeh vərəsə olaraq çağırılmamışdır. Mülki işin mübahisəsiz halı ondan ibarətdir ki, onun atası Qəniyev Ələkbər Sabir oğlu xx.xx.2020-ci ildə vəfat etmişdir. Atası sağ olsaydı, bağışlanan əmlaka dair atasının razılığı nəzərə alınmalı idi. Çünki Mülki Məcəllənin 667.1-ci maddəsi bunu tələb edir. Atası nənəsi X1 əvvəl rəhmətə getdiyindən hüququn tətbiqi baxımından hazırkı halda Mülki Məcəllənin 1159.1.3-cü və 1193-cü maddələri nəzərə alınmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 yanvar 2001-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə, müvafiq maddədə bağışlama hüququnun konkret hansı vərəsələrin hüquqları ilə məhdudlaşdırıldığı dəqiq göstərilməsə də, Mülki Məcəllənin 667.1, 1193 və 1200-cü maddələrinin funksional əlaqəsinin, həmçinin vərəsəlik hüququnun prinsipləri ilə bağlı yuxarıda qeyd olunanların qarşılıqlı təhlili onu deməyə əsas verir ki, qanunverici bağışlama qabiliyyətinin reallaşdırılmasını bağışlanan əmlakın vərəsəlik hüquq normalarına uyğun olaraq qanun üzrə vərəsələrdən birinci növbə vərəsələrə, yəni məcburi pay əldə etmək hüququ olan şəxslərə çatacaq əmlak payına daxil olan hissəsi ilə məhdudlaşdırmışdır. Qanunverici həmin maddədə bağışlama müqaviləsinin əvəzsiz xarakter daşıdığını nəzərə alaraq bağışlamaya dair belə məhdudiyyət müəyyən etməklə, miras qoyan tərəfindən müxtəlif motivlə sağ ikən verilmiş sərəncamlar nəticəsində məcburi pay sahibi vərəsələrinin məcburi paylarının pozulmasının qarşısının alınması məqsədini güdmüşdür. Lakin Salyan Rayon Məhkəməsi cavabdehin qanunla qorunan vərəsəlik hüququnun pozulmasına yol verməklə yanaşı, maddi hüquq normalarını da kobud şəkildə pozmuşdur. Cavabdeh 09 fevral 2023-cü il tarixində Şirvan Apellyasiya Məhkəməsinə mülki iş üzrə icraatın dayandırılması barədə ərizə ilə müraciət etmiş, ərizədə Salyan Rayon Məhkəməsinin icraatında olan “bağışlama müqaviləsinin və dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi barədə” iddia tələbi üzrə 2(057)-242/2023 saylı mülki iş həll edilənə kimi hazırkı 2(106)-346/2023 saylı mülki iş üzrə icraatın dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh ərizəni onunla əsaslandırmışdır ki, Salyan Rayon Məhkəməsinə onun tərəfindən cavabdehlər X5 ilə İddiaçı arasında Salyan şəhəri, Yunis Zərgərli küçəsi, ev 12 (yeni qaydalarla ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 153,2 kv.m olan fərdi yaşayış evinə və ümumi sahəsi 0,04085 ha olan həyətyanı torpaq sahəsinə dair Salyan rayon 2 saylı notariat ofisində bağlanmış 28 dekabr 2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin və onun əsasında cavabdeh İddiaçı adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə iddia ərizəsi verilmişdir (iş nömrəsi: 2(057)-242/2023). Hazırkı mülki iş üzrə İddiaçı ona qarşı evdən çıxarılma tələbi ilə məhkəməyə müraciət edərkən 28 dekabr 2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi və onun əsasında verilmiş dövlət reyestrindən çıxarışa əsaslanmışdır. Cavabdeh isə həmin müqaviləni və çıxarışı mübahisələndirmişdir. Salyan Rayon Məhkəməsi tərəfindən iddia ərizəsi icraata qəbul edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 fevral 2023-cü il tarixli, 2(106)-346/2023 saylı qərardadı ilə Cavabdeh tərəfindən verilmiş mülki iş üzrə icraatın dayandırılmasına dair ərizə təmin edilmiş, Salyan Rayon Məhkəməsinin 2(057)-1578/2022 saylı, 04 noyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar 2(106)-346/2023 saylı mülki iş üzrə icraat, Salyan Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdehlər X3 və İddiaçı qarşı “bağışlama müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbinə dair” iddiası ilə bağlı 2(057)-242/2023 saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır. İşdə surəti olan Salyan Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 2(057)- 242/2023 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı Cavabdehlər X5 ilə İddiaçı arasında Salyan şəhəri, Yunis Zərgərli küçəsi, ev 12 (yeni qaydalarla ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 153,2 kv.m olan fərdi yaşayış evinə və ümumi sahəsi 0,04085 ha olan həyətyanı torpaq sahəsinə dair Salyan rayon 2 saylı notariat ofisində bağlanmış 28 dekabr 2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin və onun əsasında cavabdeh İddiaçı adına daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə iddia tələbi rədd edilmişdir. İşdə surəti olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 iyul 2023cü il tarixli, 2(106)-845/2023 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Salyan Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 2(057)-242/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə surəti olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 20 noyabr 2023-cü il tarixli, 2(102)-4160/2023 saylı qərarından görünür ki, həmin qərarla iddiaçı Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-845/2023 nömrəli, 11 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2024-cü il tarixli, 2(106)-45/2024 saylı qərardadı ilə Salyan Rayon Məhkəməsinin 2(057)-1578/2022 saylı, 04 noyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə dayandırılmış icraat təzələnmiş və işə məhkəmə iclasında baxılması 21 fevral 2024-cü il tarixə, saat 10:00-a Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasına təyin edilmişdir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, Cavabdeh onun qardaşı oğludur. Hazırda cavabdehin çıxarılmasını tələb etdiyi ev ona anası tərəfindən bağışlanılmış, həmin ev üzərində mülkiyyət hüququnun olması dövlət qeydiyyatına da alınmışdır. Evin bağışlanması ilə əlaqədar bağlanmış müqavilənin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi ilə bağlı Cavabdeh iddia qaldırmış olsa da, Salyan Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli qətnaməsi ilə onun iddiası təmin edilməmiş, sonradan Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsi və Ali Məhkəmənin qərarı ilə həmin nəticə dəyişdirilməmişdir. Belə olan halda cavabdehin apellyasiya şikayətinin əsassız olduğu görünür. O, həmçinin qeyd etdi ki, cavabdeh hazırda mübahisə predmeti olan evdə, demək olar ki, yaşamır. Lakin buna baxmayaraq, cavabdeh valideynlərindən qalmış bəzi əşyaların evin bir neçə otağında olması bəhanəsi ilə həmin otaqların qapısını qıfıllayaraq, onun evdən istifadəsinə maneə yaradır. Cavabdehin Bakı şəhərində evinin olması ilə yanaşı, özünə Salyan şəhərində də ayrıca ev almışdır. O, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, nümayəndə ilə təmsil olunmamışdır. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Hazırkı iş üzrə cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etməklə, birinci instansiya məhkəməsinin qətnaməsini tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri əsasında birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını və sübutları araşdırıb, həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, Salyan şəhəri, Yunus Zərgərli küçəsi, ev 12 (Yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən 0,04085 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 153,2 kv.m olan fərdi yaşayış evi 25 yanvar 2022-ci ildə İddiaçı adına tam mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 35 nömrəli reyestr kitabının 32 nömrəli vərəqində qeydiyyata alınmışdır. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, iddiaçının cavabdehin çıxarılmasını tələb etdiyi fərdi yaşayış evi anası tərəfindən ona bağışlanmış, bu bağışlama nəticəsində fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi 25 yanvar 2022-ci ildə daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ əsasında tam olaraq iddiaçının adına qeydə alınmışdır. Cavabdeh isə ayrıca məhkəmə icraatı çərçivəsində fərdi yaşayış evinin iddiaçıya bağışlanması ilə əlaqədar X5 ilə İddiaçı arasında bağlanmış 28 dekabr 2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsini və onun əsasında cavabdeh İddiaçı adına daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən verilmiş çıxarışın etibarsız hesab edilməsini tələb etmiş, lakin Salyan Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 2(057)-242/2023 saylı qətnaməsi ilə həmin iddia təmin edilməmiş, bu nəticə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 iyul 2023-cü il tarixli, 2(106)-845/2023 saylı qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 20 noyabr 2023-cü il tarixli, 2(102)-4160/2023 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilənlərdən də göründüyü kimi, iddiaçının mübahisə predmeti olan fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun qanuni əsaslarla yaranması və evin onun adına qeydə alınması zamanı hər hansı pozuntuya yol verilməməsi qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə öz təsdiqini tapmışdır. Bu isə cavabdehin apellyasiya şikayətinin əsas dəlili olan evin iddiaçı bibisi tərəfindən qanunsuz olaraq adına sənədləşdirilməsi və onun vərəsəlik hüquqlarının pozulması ilə bağlı dəlillərinin əsassız olmasını təsdiq edir. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, mübahisəli evdə qaldığı müddətdə işıq, qaz və su pulunu ödəmişdir. Lakin bu hal cavabdehin həmin evdən istifadə hüququnun yaranmasına əsas verən və ya onun evdən çıxarılmasını istisna edən bir məqam kimi qiymətləndirilə bilməz. Bundan əlavə, iş materialları ilə də cavabdehin mübahisəli fərdi yaşayış evindən istifadə hüququnun olması öz təsdiqini tapmır. Əksinə, “Elektron məhkəmə” informasiya sistemindən Cavabdeh barəsində məlumatların sorğulanması nəticəsində məlum olmuşdur ki, onun xüsusi mülkiyyətində ünvan 4 ünvanında yerləşən 4 otaqlı, ümumi sahəsi 171,5 kv.m olan fərdi yaşayış evi (tam mülkiyyət) və ünvan 5 ünvanında yerləşən 9 otaqlı, ümumi sahəsi 202,7 kv.m olan fərdi yaşayış evi (paylı mülkiyyət) mövcuddur. Bundan əlavə, cavabdeh hazırda mübahisə predmeti olan evdə də qeydiyyatda deyil və ünvan 5 ünvanında özünün paylı mülkiyyətində olan evdə qeydiyyatdadır. Qeyd edilənlər onu göstərir ki, cavabdehin mübahisəli fərdi yaşayış evində yaşaması üçün hər hansı hüquqi əsas mövcud deyil və onun mübahisəli evdən çıxarılacağı təqdirdə hər hansı yaşayış yerinin olmaması halı da iş materialları ilə təkzib olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ, İİ və İV hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyətin tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Konstitusiya mülkiyyət hüququnu təsbit etməklə yanaşı, bu hüququn effektiv vasitələrlə təmin olunmasına da zəmanət vermişdir. Buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir (Q.İbadovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 7 mart 2016-cı il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.4-ci maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd edilən müddəalardan da göründüyü kimi, mübahisə predmeti olan fərdi yaşayış evinin mülkiyyətçisi kimi iddiaçı hazırkı iddia ərizəsini irəli sürmək üçün subyektiv hüquqa malik olmuş, cavabdehin mübahisəli fərdi yaşayış evi üzərində hər hansı hüququ müəyyən olunmamış, birinci instansiya məhkəməsi isə haqlı olaraq iddianı təmin etmişdir. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq belə nəticəyə gəlir ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməməli, Salyan Rayon Məhkəməsinin 2(057)-1578/2022 saylı, 04 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin 2(057)-1578/2022 saylı, 04 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-45/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-45/2024
21.02.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver