Məhkəmə qərarları › İş №2(106)-450/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-450/2024

31.01.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-450/2024 31.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Səfərov Rəşad Ramazan oğlunun katibliyi, qətnamə hüquq və vəzifələrinə toxunan şəxs kimi X5 nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun tanınması tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Hacıqabul Rayon Məhkəməsinin 2(071)-1167/2017 saylı, 08 noyabr 2017-ci il tarixli qətnaməsindən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs kimi X14 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Meyniman kənd X27 Komissiyasının 02 sentyabr 2001-ci il tarixli qərarına əsasən JN-176, KOD 91004018 saylı və JN-178, KOD 91004018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktlarında olan torpaq sahələrindən 9,89 ha torpaq sahəsinə mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hacıqabul Rayon Məhkəməsinin 08 noyabr 2017-ci il tarixli, 2(071)-1167/2017 saylı qətnaməsi ilə (sədrlik edən hakim Həmid Əzizov) iddia təmin edilmiş, Meyniman kənd X27 Komissiyasının 02 sentyabr 2001-ci il tarixli qərarına əsasən JN-176, KOD 91004018 saylı və JN-178, KOD 91004018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktlarında olan torpaq sahələrindən 9,89 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun tanınması qət edilmişdir. Hacıqabul Rayon Məhkəməsinin 13 noyabr 2017-ci il tarixli, 2(071)-1167/2017 saylı qərardadı ilə Hacıqabul Rayon Məhkəməsinin 08 noyabr 2017-ci il tarixli, 2(071)- 1167/2017 nömrəli qətnaməsinə düzəliş edilməsi və qətnamənin təsviri və nəticə hissəsində “JN-178, KOD 91004018 saylı şəhadətnamənin L və K hissələri bütöv, JN-176, KOD 91004018 saylı şəhadətnamənin L hissəsi tam, K hissəsindən isə 1,2 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququ tanınsın” sözlərinin əlavə edilməsi qərara alınmışdır. Qətnamədən narazı qalan Maraqlı şəxs 05 iyul 2022-ci ildə maraqlarına toxunulan şəxs kimi apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Hacıqabul Rayon Məhkəməsinin 08 noyabr 2017-ci il tarixli, 2(071)-1167/2017 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Hacıqabul Rayon Məhkəməsinin 08 iyul 2022-ci il tarixli, 2(071)-1167/2017 saylı qərardadı ilə özünü işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onun hüquq və vəzifələrinə toxunan şəxs hesab edən – Maraqlı şəxs iş üzrə Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(071)-1167/2017 nömrəli qətnaməsindən xx.xx.2022-ci il tarixdə verdiyi apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs iş üzrə tərəf, üçüncü şəxs deyil, həmçinin Mülki Prosessual Məcəllənin 357.2-ci maddəsində nəzərdə tutulmuş işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onun hüquq və vəzifələrinə toxunan şəxs hesab edilmir. Bu səbəbdən özünü işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onun hüquq və vəzifələrinə toxunan şəxs hesab edən Maraqlı şəxs iş üzrə Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək hüququ yoxdur. Həmin qərardaddan narazı qalan Maraqlı şəxs şikayət vermiş, şikayətində Hacıqabul Rayon Məhkəməsinin 08 iyul 2022-ci il tarixli, 2(071)-1167/2017 saylı qərardadının ləğv edilərək, mülki işin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Hacıqabul Rayon Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 2(071)-1167/2017 saylı qərardadı ilə Maraqlı şəxs iş üzrə Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(071)-1167/2017 nömrəli qərardadından verdiyi şikayət rədd edilmiş, şikayətin mülki işlə birlikdə baxılması üçün 7 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 avqust 2022-ci il tarixli, 2(106)-1850/2022 saylı qərardadı ilə özünü işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onun hüquq və vəzifələrinə toxunan şəxs hesab edən Maraqlı şəxs vəkili və eyni zamanda nümayəndəsi Vəkil1 şikayəti təmin edilməmiş, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-1167/2017 saylı, 08 iyul 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardaddan narazı qalan Maraqlı şəxs kassasiya şikayəti vermiş, kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 avqust 2022-ci il tarixli, 2(106)-1850/2022 saylı qərardadının ləğv edilməsini və apellyasiya şikayətinin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatına götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 05 noyabr 2022-ci il tarixli, 2(102)-5794/2022 saylı qərarı ilə Maraqlı şəxs Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 avqust 2022-ci il tarixli, 2(106)-1850/2022 saylı qərardadından verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli qərardadı ləğv edilmiş, Maraqlı şəxs Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 avqust 2022-ci il tarixli, 2(106)- 1850/2022 saylı qərardadından verdiyi kassasiya şikayəti kassasiya baxışından çıxarılmış və işin kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərar onunla əsaslandırılmışdır ki, qanunvericilik apellyasiya instansiyası məhkəmələrinin hansı növ qərardadlarından kassasiya şikayəti verilməsini konkret müəyyən etmişdir və həmin sırada apellyasiya şikayətinin qaytarılması barədə qərardadlardan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Bu baxımdan kassasiya şikayəti səhvən icraata götürülmüşdür. Şirvan Apellyasiya Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 2(106)-1850/2022 saylı qərardadı ilə özünü işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onun hüquq və vəzifələrinə toxunan şəxs hesab edən Maraqlı şəxs və vəkili Vəkil1 tərəfindən Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 avqust 2022-ci il tarixli, 2(106)-1850/2022 saylı qərardadından verilən kassasiya şikayəti geri qaytarılmışdır. Bundan sonra, 03 may 2023-cü il tarixində maraqlarına toxunulan şəxs kimi X14 Hacıqabul Rayon Məhkəməsinin 08 noyabr 2017-ci il tarixli, 2(071)-1167/2017 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 may 2023-cü il tarixli, 2(106)-948/2023 saylı qərardadı ilə Hacıqabul Rayon Məhkəməsinin 08 noyabr 2017-ci il tarixli, 2(071)-1167/2017 saylı qətnaməsindən maraqlarına toxunan şəxs X5 vəkili və nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş, qərardadın təsviri hissəsində göstərilən prosessual hərəkətlərin yerinə yetirilməsi üçün mülki işin Hacıqabul Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən ilk öncə maraqlarına toxunan şəxs kimi X5 Hacıqabul Rayon Məhkəməsinin 08 noyabr 2017-ci il tarixli, 2(071)- 1167/2017 saylı qətnaməsi ilə onun hüquq və vəzifələrinin pozulmasının nədən ibarət olması, yaxud hansı maraq və ya mənafelərinə toxunulması əsaslandırılmalıdır. Eyni zamanda, bu şəxslərin hüquqlarının bərpası üçün nəzərdə tutulmuş buraxılmış prosessual müddət də müzakirə edilməlidir. Hacıqabul Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 2(071)-1167/2017 saylı qərardadı ilə Hacıqabul Rayon Məhkəməsinin 2(071)-1167/2017 saylı, 08 noyabr 2017-ci il tarixli qətnaməsindən maraqlarına toxunulan şəxs X5 nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinin mülki işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-1167/2017 saylı, 08 noyabr 2017-ci il tarixli qətnaməsi apellyator X3 hüquqlarına toxunur. Belə olan halda o, sözügedən qətnamədən apellyasiya şikayəti vermək hüququna malikdir. Digər tərəfdən, X12 ərizə ilə məhkəməyə müraciət edərək, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-1167/2017 saylı, 08 noyabr 2017-ci il tarixli qətnaməsinin surətini xx.xx.2023-cü ildə rəsmi qaydada əldə etmiş və həmin tarixdə qətnamədən apellyasiya şikayəti vermişdir. Mülki iş materialları Hacıqabul Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli göndəriş məktubu ilə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmiş, 06 iyul 2023-cü ildə Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 iyul 2023-cü il tarixli, 2(106)-1201/2023 saylı qərardadı ilə Hacıqabul Rayon Məhkəməsinin 08 noyabr 2017-ci il tarixli, 2(071)-1167/2023 saylı qətnaməsindən maraqlarına toxunan şəxs X15 və onun nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilmiş, mülki iş icraata qəbul edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 sentyabr 2023-cü il tarixli, 2(106)-1201/2023 saylı qərardadı ilə qətnamə hüquq və maraqlarına toxunan şəxs X14 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Hacıqabul Rayon Məhkəməsinin 08 noyabr 2017-ci il tarixli, 2(071)-1167/2017 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçün şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında DƏDKR publik hüquqi şəxsinin 13 saylı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun tanınması tələbinə dair” işə mülki məhkəmə icraatında baxılmalı olmadığından xitam verilmişdir. Həmin qərardaddan narazı qalan İddiaçı kassasiya şikayəti vermiş, kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 sentyabr 2023-cü il tarixli, 2(106)-1201/2023 saylı qərardadının ləğv edilməsini, iş üzrə yenidən araşdırma aparılması üçün Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına qaytarılmasını və ya yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 28 noyabr 2023-cü il tarixli, 2(102)-4389/2023 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 sentyabr 2023-cü il tarixli, 2(106)-1201/2023 saylı qərardadı ləğv edilmiş və işin Hacıqabul Rayon Məhkəməsinin 2(071)-1167/2017 nömrəli, 08 noyabr 2017-ci il tarixli qətnaməsindən, qətnamə hüquq və maraqlarına toxunan şəxs kimi X6 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü barədə məsələnin yenidən müzakirə edilməsi üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası 28 noyabr 2023-cü il tarixli, 2(102)-4389/2023 saylı qərarında öz hüquqi mövqeyini belə ifadə etmişdir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, məhkəmə tərəfindən düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnə biləcək prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş materiallarından müəyyən edilir ki, X16 yaşadığı Rusiya Federasiyasının Şimali Osetiya- Alaniya Respublikası Mozdok şəhərindən 14 aprel 2023-cü il tarixdə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil1 onu Azərbaycan Respublikasında nümayəndə kimi təmsil etmək üçün etibarnamə göndərmişdir. Həmçinin müəyyən edilir ki, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-1167/2017 nömrəli, 08 noyabr 2017-ci il tarixli qətnaməsindən 03 may 2023-cü il tarixdə həmin qətnamə hüquq və vəzifələrinə toxunan şəxs kimi X7 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-948/2023 nömrəli, 22 may 2023-cü il tarixli qərardadı ilə həmin apellyasiya şikayəti, - qətnamənin Qəhrəman Koçiyevin hüquq və vəzifələrini pozulmasının nədən ibarət olması, yaxud hansı maraq və ya mənafelərinə toxunulmasının, eyni zamanda bu şəxslərin hüquqlarının bərpası üçün nəzərdə tutulmuş buraxılmış prosessual müddətin də müzakirə ediməsi məqsədi ilə, - qeyri-mümkün hesab edilərək, qərardadın təsviri hissəsində göstərilən prosessual hərəkətlərin yerinə yetirilməsi üçün mülki iş Hacıqabul Rayon Məhkəməsinə qaytarılmışdır. Apellyasiya instansiya məhkəməsi həmin qərardadda göstərmişdir ki, Mülki Prosessual Məcəlləsinin 233.1-ci maddəsinə əsasən bu Məcəllənin 355-7.4-cü, 355-13.4-cü, 355-17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Göründüyü kimi, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-1167/2017 nömrəli, 08 noyabr 2017-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almış və bundan sonra icraya yönəldilmişdir. Çünki MPM-in 234.1-ci maddəsinə əsasən, bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Həmin Məcəllənin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. Prosessual hüquq normalarının mənasından da göründüyü kimi, yalnız qanuni qüvvəyə minməmiş qətnamələr və qərardadlardan verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatı mümkündür. Hazırkı işdə isə qətnamə qanuni qüvvəsini almış, icraya yönəldilmişdir. Hazırda X14 hesab edir ki, qəbul olunmuş qətnamə onun maraqlarına toxunur və həmin qətnaməni mübahisələndirir. Belə olan halda birinci instansiya məhkəməsi tərəfindən ilk öncə maraqlarına toxunan şəxs kimi X5 Hacıqabul Rayon Məhkəməsinin 2(071)-1167/2017 nömrəli, 08 noyabr 2017ci il tarixli qətnaməsi ilə onun hüquq və vəzifələrinin pozulmasının nədən ibarət olması, yaxud hansı maraq və ya mənafelərinə toxunulması əsaslandırılmalıdır. Eyni zamanda bu şəxslərin hüquqlarının bərpası üçün nəzərdə tutulmuş buraxılmış prosessual müddət də müzakirə edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 364.2-ci maddəsinə əsasən apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə həmin Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu isə ona dəlalət edir ki, işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsaslar olmamışdır. Bundan sonra Hacıqabul Rayon Məhkəməsinin 2(071)- 1167/2017 nömrəli, 09 iyul 2023-cü il tarixli qərardadı ilə həmin məhkəmənin 08 noyabr 2017-ci il tarixli qətnaməsindən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs kimi X7 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsi Hacıqabul Rayon Məhkəməsinin 08 noyabr 2017-ci il tarixli qətnaməsinin X7 hüquqlarına toxunması barədə nəticəyə gələrkən qeyd etmişdir ki, adı çəkilən qətnamə ilə X18 və onun ailə üzvlərinə verilmiş JN-178 KOD 91004018 saylı dövlət aktında göstərilən torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ tanınmışdır. Məhkəmə həmin qənaətə gələrkən ona əsaslanmışdır ki, Meyniman kənd X27 Komissiyasının 02 sentyabr 2001-ci il tarixli qərarına əsasən X8 adına verilmiş JN-178 KOD 91004018 saylı dövlət aktı etibarsız hesab edilmişdir. Halbuki, Meyniman kənd X27 Komissiyasının 02 sentyabr 2001-ci il tarixli qərarında “Ənvər Alıyevin” adına verilmiş dövlət aktının etibarsız hesab edilməsi qeyd edilmişdir. Bundan sonra Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1201/2023 nömrəli, 11 iyul 2023-cü il tarixli qərardadı ilə qətnamə hüquq və vəzifələrinə toxunan şəxs kimi X7 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilərək, mülki iş icraata qəbul edilmişdir. Kassasiya kollegiyası Hacıqabul Rayon Məhkəməsinin 2(071)-1167/2017 nömrəli, 08 noyabr 2017-ci il tarixli qətnaməsinin X7 hüquq və vəzifələrinə toxunması barədə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, iş materiallarından müəyyən olunur ki, Hacıqabul rayonu Meyniman kənd X27 Komissiyasının 02 sentyabr 2001-ci il tarixli qərarına əsasən, torpaq islahatı zamanı Meyniman İ.Ə.V-də qeydiyyatda olaraq torpaq payı alan və hal-hazırda Özbəkistan Respublikasına köçüb getmiş Elmdar Qəmbərov və Ənvər Alıyevin adına verilmiş Dövlət Aktları etibarsız hesab edilmiş, Meyniman kənd sakini İddiaçı ərizəsi nəzərə alınmaqla həmin 9,89 ha torpaq sahəsi onun mülkiyyətinə verilmiş, 05 sentyabr 2001-ci il tarixdə isə mərz nişanları vurulmaqla həmin torpaq sahəsi sonuncuya təhvil verilmişdir. Göründüyü kimi, Hacıqabul rayonu Meyniman kənd X27 Komissiyasının 02 sentyabr 2001-ci il tarixli qərarında hal-hazırda Özbəkistan Respublikasına köçüb getmiş Elmdar Qəmbərov və Ənvər Alıyevin adına verilmiş Dövlət Aktlarının etibarsız hesab edilməsi qeyd olunsa da, Dövlət Aktlarının nömrələri həmin qərarda göstərilməmişdir. Həmçinin iş materiallarından müəyyən olunur ki, X2 cavabdeh X13 və hazırki işdə də tərəf olan, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsi qarşı “mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə bağlı işdə olan və qanuni qüvvəsini almış Hacıqabul Rayon Məhkəməsinin 2(071)-737/2017 nömrəli, 19 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (iş vərəqi 104-107) müəyyən edilir ki, Meyniman kənd X27 Komissiyasının 02 sentyabr 2001-ci il tarixli qərarına əsasən X9 adına verilmiş JN-178 KOD 91004018 saylı dövlət aktı etibarsız hesab edilmişdir. Bundan başqa işdə olan Hacıqabul rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 181 nömrəli Sərəncamına əsasən Hacıqabul rayonu Meyniman kənd inzibati ərazisində JN 178 saylı Dövlət Aktı ilə pay torpaq sahəsi verilmiş, 1998-ci ildən Hacıqabul rayonundan qeydiyyatdan çıxıb Rusiya Federasiyasına köçmüş X4 adına verilmiş pay torpaq sahəsindən Talış kəndində məskunlaşmış X1 və onun ailə üzvlərinə əkinçilik məqsədi üçün 2 hektar torpaq sahəsi ayrılması qərara alınmışdır (İş vərəqi 218). Eyni zamanda işdən görünür ki, özünü qətnamə hüquq və vəzifələrinə toxunan şəxs kimi təqdim edən X7 nümayəndəsi və vəkili Vəkil1 qətnamədən apellyasiya şikayəti versə də, qətnamənin X7 hüquq və vəzifələrinə toxunmasını təsdiq edən hər hansı bir sənədi, o cümlədən mübahisəli JN-178 KOD 91004018 saylı dövlət aktının hazırda qüvvədə olması barədə sübutu apellyasiya şikayətinə əlavə etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı madddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Qəbul edilmiş qətnamədən apellyasiya şikayəti vermək hüququ olan şəxslərin siyahısı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə görə Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinin tələbinə görə həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi, özünü qətnamə hüquq və vəzifələrinə toxunan şəxs kimi təqdim edən X7 nümayəndəsi və vəkili Vəkil1, 14 noyabr 1997-ci il tarixdə Qəhrəman Koçiyevin də mülkiyyət hüququnu təsbit etmiş mübahisəli JN-178 KOD 91004018 saylı dövlət aktının hazırda qüvvədə olması barədə sübutu apellyasiya şikayətinə əlavə etməməsinə, həmin aktın Hacıqabul rayonu Meyniman kənd X27 Komissiyasının 02 sentyabr 2001-ci il tarixli qərarı, habelə Hacıqabul Rayon Aqrar İslahat Komissiyasının 15 avqust 2003-cü il tarixli qərarı ilə ləğv edilib-edilməməsini araşdırmadan, dövlət aktında soyadları “Kaçiyev” kimi qeyd olunmasına baxmayaraq, Qəhrəman Koçiyevin dövlət aktında olan şəxs olubolmamasını aydınlaşdırmadan, 20 ildən çox müddət keçdikdən sonra müraciət etmiş X11 qətnamə hüquq və vəzifələrinə toxunan şəxs kimi qiymətləndirərkən gəldiyi nəticəni formal olaraq əsaslandırmış, iş materiallarında olan və yuxarıda sadalanan hallara hər hansı hüquqi qiymət verməmişdir. Eyni zamanda apellyasiya instansiya məhkəməsi X7 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)- 948/2023 nömrəli, 22 may 2023-cü il tarixli qərardadında qeyd olunan göstərişlərin birinci instansiya məhkəməsi tərəfindən tam icra edilməməsini diqqətdən qaçırmışdır. Göstərilənlərə əsasən, JN-178 KOD 91004018 saylı dövlət aktının verilməsindən 20 ildən artıq müddət keçməsinə, həmin dövlət aktının keçən bu müddət ərzində etibarsız hesab edilməsi üçün tutarlı əsasların olmasına baxmayaraq həmin halları araşdırmadan, özünü qətnamə hüquq və vəzifələrinə toxunan şəxs kimi təqdim edən X7 iş üzrə qətnamədən apellyasiya şikayəti vermək hüququ olan şəxs olması məsələsinə apellyasiya instansiya məhkəməsi tərəfindən düzgün qiymət verilməmişdir. Bundan başqa, apellyasiya instansiya məhkəməsi Hacıqabul Rayon Məhkəməsinin 2(071)-1167/2017 nömrəli, 08 noyabr 2017ci il tarixli qətnaməsinin qanuni qüvvəsini almasını, icraya yönəldildikdən sonra qətnaməyə əsasən iddiaçıya torpaq sahəsinə dair çıxarışların verilməsini, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilmədiyi halda, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyasının qüvvədə olması barədə Mülki Məcəllənin 140-cı maddəsinin tələblərini, habelə hazırda iddiaçı tərəfindən torpaq sahəsinin özgəninkiləşdirilməsi barədə işdə olan sübutları və bu halda qətnamə hüquq və vəzifələrinə toxunan digər şəxslərin də dairəsinin genişlənməsi ehtimallarını nəzərə alınmamışdır. Apellyasiya şikayətinin mümkünlüyü barədə məsələyə bu cür həddən artıq formal yanaşma, apellyasiya şikayətinə dair tələblərlə bağlı prosessual qanunvericiliyin məqsədlərinə cavab vermir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 28 noyabr 2023-cü il tarixli, 2(102)-4389/2023 saylı qərarında ifadə edilmiş hüquqi mövqeyi nəzərə alan məhkəmə kollegiyası bildirir ki, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-1167/2017 nömrəli, 08 noyabr 2017-ci il tarixli qətnaməsindən, qətnamə hüquq və maraqlarına toxunan şəxs kimi X14 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü barədə məsələ yenidən yoxlanılaraq müzakirə edilməlidir. Apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılmasına dair məhkəmə iclasında iştirak edən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs kimi X5 nümayəndəsi Vəkil1 bildirdi ki, işdə olan Hacıqabul Rayon Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli qətnaməsində qeyd edilir ki, Meyniman kənd X27 Komissiyasının 02 sentyabr 2001-ci il tarixli qərarına əsasən X9 adına verilmiş JN-178 KOD 91004018 saylı dövlət aktı etibarsız hesab edilmişdir. Həmin qərarla bağlı bildirir ki, hazırda Meyniman kənd X27 Komissiyasının 02 sentyabr 2001-ci il tarixli və Hacıqabul rayon Aqrar İslahat Komissiyasının 15 avqust 2003-cü il tarixli qərarlarının ləğv edilməsinə dair Şirvan İnzibati Məhkəməsində iddia qaldırılmışdır. Həmçinin, xüsusi icraat qaydasında X14 tərəfindən Hacıqabul Rayon Məhkəməsinə hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olmasına dair qətnamə çıxarılması ilə bağlı müraciət olunmuşdur. Xahiş edir ki, həmin işlər üzrə yekun məhkəmə aktları çıxarılanadək hazırkı iş üzrə icraat ya dayandırılsın, ya da qeyri-müəyyən tarixə təxirə salınsın. Apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılmasına dair məhkəmə iclasında tərəflər və üçüncü şəxsin nümayəndəsi iştirak etməmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mümkünlüyünün onların iştirakı olmadan yoxlanılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 28 noyabr 2023-cü il tarixli, 2(102)-4389/2023 saylı qərarında ifadə edilmiş hüquqi mövqeyi nəzərə alaraq belə nəticəyə gəlir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və onun qəbulundan imtina edilməlidir. Belə ki, X5 hazırda mümkünlüyü yoxlanılan apellyasiya şikayətindən görünür ki, o, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-1167/2017 saylı, 08 noyabr 2017-ci il tarixli qətnaməsinin onun hüquq və vəzifələrinə toxunmasını təsərrüfat rəhbəri kimi atası X10 adına verilmiş JN-178 KOD 91004018 saylı Dövlət aktına istinad etməklə əsaslandırır. Lakin işdə surəti olan Hacıqabul Rayon Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli, 2(071)- 737/2018 saylı qətnaməsinin məzmunundan görünür ki, Meyniman kənd X27 Komissiyasının 02 sentyabr 2001-ci il tarixli iclas protokolundan göründüyü kimi, X10 adına verilmiş JN-178 KOD 91004018 saylı Dövlət aktı etibarsız hesab edilmişdir. Belə olan halda isə həmin akta istinad edərək Hacıqabul Rayon Məhkəməsinin 2(071)- 1167/2017 saylı, 08 noyabr 2017-ci il tarixli qətnaməsinin onun hüquq və vəzifələrinə toxunmasına dair X5 dəlili əsaslı hesab edilə bilməz. Apellyasiya məhkəməsinin iclasında da X5 nümayəndəsi Vəkil1 hazırda Meyniman kənd X27 Komissiyasının 02 sentyabr 2001-ci il tarixli və Hacıqabul rayon Aqrar İslahat Komissiyasının 15 avqust 2003-cü il tarixli qərarlarının ləğv edilməsinə dair Şirvan İnzibati Məhkəməsində iddia qaldırıldığını bildirmiş, həmin iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək hazırkı iş üzrə icraatın dayandırılmasını, yaxud da qeyri-müəyyən tarixə təxirə salınmasını xahiş etmişdir. Lakin məhkəmə kollegiyası bildirir ki, apellyasiya şikayətinin mümkünlüyü yoxlanılarkən yalnız apellyasiyanın mümkünlüyü üçün əsaslar araşdırılır, bu zaman belə əsaslar aşkar edilmirsə, apellyasiya şikayətinin qəbulundan imtina edilir. Hazırda isə apellyasiyanın mümkünlüyü üçün əsaslar aşkar edilmir. Məhkəmə kollegiyası apellyatora bildirir ki, qeyd edildiyi kimi Şirvan İnzibati Məhkəməsində qaldırılmış Meyniman kənd X27 Komissiyasının 02 sentyabr 2001-ci il tarixli və Hacıqabul rayon Aqrar İslahat Komissiyasının 15 avqust 2003-cü il tarixli qərarlarının ləğv edilməsinə dair iddia tələbi təmin edilərsə, o halda Hacıqabul Rayon Məhkəməsinin 2(071)-1167/2017 saylı, 08 noyabr 2017-ci il tarixli qətnaməsi X5 hüquq və vəzifələrinə toxunan qətnamə kimi qiymətləndirilə bilər. Həmin halda isə məhz bu əsas üzrə X14 buraxılmış prosessual müddətin bərpasına dair ərizə təqdim etməklə, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-1167/2017 saylı, 08 noyabr 2017-ci il tarixli qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs kimi yenidən apellyasiya şikayəti verə bilər. Mülki Prosessual Məcəllənin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. MPM-in 357.2-ci maddəsinə əsasən, həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsi Hacıqabul Rayon Məhkəməsinin 2(071)-1167/2017 saylı, 08 noyabr 2017-ci il tarixli qətnaməsinin X5 hüquq və vəzifələrinə toxunması məsələsinə düzgün hüquqi qiymət vermədən, onun tərəfindən verilmiş apellyasiya şikayətini apellyasiya instansiyası məhkəməsinə göndərmiş, bununla da mülkiprosessual qanunvericiliyin tələblərini pozmuşdur. Ona görə də məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qeyrimümkün hesab edilməli, apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. MPM-in 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Mülki Prosessual Məcəllənin 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Şərh edilənlərə əsasən və MPM-in 263, 264, 361, 363, 364 və 366-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Hacıqabul Rayon Məhkəməsinin 2(071)-1167/2017 saylı, 08 noyabr 2017-ci il tarixli qətnaməsindən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs kimi X14 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Hacıqabul Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə qanunla müəyyən edilmiş qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar