Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-455/2025 19.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X19i cəlb etdiyi "faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə Lənkəran Rayon Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli, 2(049)-3154/2024 saylı qətnaməsindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X19 Sosial Ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları İş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxx 1955-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası X8 filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli a/823 saylı arxiv arayışından görünür ki, Ərizəçi Lənkəran rayon Daş Karxanasında sənədləri X8 filialına təhvil verilməmişdir.Ona görədə 1977-1980cı illərdə həmin təşkilatda işləməyi barədə məlumat veriləsi mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının ƏƏSMN-nin tabeliyində DSMF-nin Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi Filialının 25 yanvar 2023-cü il tarixli, 3-17-1/2-F-/8146/2024 nömrəli yaşa görə əmək pensiyasının təyin edilməsində imtina olunması haqqında məktubundan görünür ki, Ərizəçi məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun 7 saylı Regional Ərazi filialının 29 noyabr 2021-ci il tarixli məktubundan görünür ki, yaşa görə pensiyanın təyin olunması üçün yalnız məhkəməyə müraciət edəcəyim halda mümkün olacağı bildirilmişdir. İş materiallarında olan əmək kitabçalarından görünür ki, X13 və X1 Daş Karxanasında işləmişlər. X4 bildirdi ki, ərizəçini həmyerlisi və keçmiş iş yoldaşı kimi tanıyır. Hazırda pensiyadadır. O, uzun müddət Lənkəran rayonu Kosalar kəndi ərazisində yerləşən Daş Karxanasında usta işləmişdir. Həmin müddətdə, təxminən 1977-iyul ayından 1980-ci ilin dekabr ayına kimi Ərizəçi da eyni karxanada fəhlə işləmişdir. Bildiyinə görə sonradan Ərizəçi işdən çıxmışdır. X3 bildirdi ki, ərizəçini həmyerlisi və keçmiş iş yoldaşı kimi tanıyır. Hazırda pensiyadadır. O, uzun müddət Lənkəran rayonu Kosalar kəndi ərazisində yerləşən Daş Karxanasında qaynaqçı işləmişdir. Həmin müddətdə, təxminən 1977-iyul ayından 1980-ci ilindekabr ayına kimi Ərizəçi da eyni karxanada fəhlə işləmişdir. X2 bildirdi ki, ərizəçini həmyerlisi və keçmiş iş yoldaşı kimi tanıyır. Hazırda pensiyadadır. O, uzun müddət Lənkəran rayonu Kosalar kəndi ərazisində yerləşən Daş Karxanasında ekskvatorçu işləmişdir. Həmin müddətdə, təxminən 1977-iyul ayından 1980-ci ilin dekabr ayına kimi Ərizəçi da eyni karxanada fəhlə işləmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: Ərizəçi ilə məhkəməyə ərizə ilə müraciət edərək 1977-ci ilin iyul ayından 1980-cı ilin dekabr ayına kimi X9 fəhlə işləməyi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1955-ci il tarixdə Lənkəran rayonunun Gərmətük qəsəbəsində anadan olmuşdur. Hazırda həmin kənddə qeydiyyatda olmaqla orada yaşayır. Orta məktəbi bitirdikdən sonra 1972-ci ildə Bakı Texniki peşə məktəbinə qəbul olunmuş və 04 iyul 1974-cü ildə həmin məktəbi bitirmişdir. Məktəbi bitirdikdən sonra həmin ilin dekabr ayında hərbi xidmətə getmişdir. 18 dekabr 1976-cı il tarixdə hərbi xidmətdən qayıtdıqdan sonra ilk əmək fəaliyyətinə başlayaraq 1977-ci ilin iyul ayından 1980-cı ilin dekabr ayına kimi Lənkəran rayonu Kosalar kəndi ərazisində yerləşən Daş Karxanasında fəhlə işləmişdir. Sonradan, yəni xx.xx.1981-ci ildə X17 İdarəsinin Lənkəran rayonu Gərmətük qəsəbə çayxanasında çayçı kimi başlamış və xx.xx.1988-ci ilə kimi həmin çayxanada işləmişdir. xx.xx.1989-xx.xx.1994-cü il tarixlərdə isə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Bakı şəhəri, X18 İdarəsində işləmiş və xx.xx.1994-cü il tarixdə isə köçürmə yolu ilə Lənkəran X18 İdarəsinə İİİ dərəcəli suvaqçı vəzifəsinə keçirilməklə 24 fevral 2000-ci il tarixədək orada işləmişdir. xx.xx.2000-ci il tarixdə həmin müəssisə fəaliyyətini dayandırdığından bütün qulluqçularla birlikdə işdən azad olunmuşdur. xx.xx.2000-ci ildə isə Lənkəran rayon kənd mənzil kommunal təsərrüfatına fəhlə işinə qəbul olunmuş və 12 dekabr 2004-cü il tarixədək həmin təsərrüfatda işləmişdir. Bütün bu sadaladığı əmək fəaliyyəti işə girmə və işdən azad olma əmrləri ona məxsus olan İT № 18222449 nömrəli əmək kitabçasında qeyd olunmuşdur. Təhsili və hərbi xidmətdə olmağı ilə bağlı sənədləri də vardır.Yaşa görə ona pensiya təyin edilməsindən ötrü müvafiq sənədləri topayıb Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialının 25 yanvar 2024-cü il tarixli 3-17-1/2-F-18146/2024 nömrəli məktubu ilə sığorta stajının qanunla nəzərdə tutulan (25) ildən az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmiş və ona məhkəməyə şikayət vermək hüququ izah edilmişdir. Mərkəzi filial imtinanın əsası olaraq göstərmişdir ki, onun ümumi sığorta stajı (xx.xx.1972-ci il tarixindən xx.xx.1974-cü il tarixinədək və xx.xx.1978-ci il tarixindən xx.xx.1978-ci il tarixinədək təhsil aldığı illər, xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək hərbi xidmətdə olduğum müddət də nəzərə alınmaqla) 23 il təşkil edir. Eləcə də həmin məktubda qeyd edilmişdir ki, onun xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Pensiya sənədləri yoxlanılarkən onun Lənkəran rayonu Kosalar kəndi ərazisində yerləşən Daş Karxanasında əmək haqqı arayışları arxivdə aşkarlanmadığı və işlədiyi həmin müəssisə də hazırda fəaliyyət göstərmədikləri üçün əmək haqqı tabelləri tapılmamışdır. Ona görə də Dövlət Sosial Müdafiə Fondunun 7 saylı Regional Ərazi filialı da yaşa görə pensiyanın təyin olunması üçün yalnız məhkəməyə müraciət edəcəyi halda mümkün ola biləcəyini ona bildirmişlər. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hansı ki, Daş Karxanasında işlədiyi həmin vaxt Daş Karxanasının müdiri vəzifəsini yerinə yetirən və hazırda da Lənkəran rayonu Yuxarı Nüvədi kəndində yaşayan X14 və eləcə də onunla birlikdə Daş Karxanasında qaynaqçı işləmiş, Lənkəran rayonu Bala-Şürük kənd sakini X11 və həmin təşkilatda onunla birlikdə işləmiş digər vətəndaşlar da təsdiq edə bilərlər, eləcə də adları qeyd etdiyi şəxslərdən ikisinin Əmək kitabçalarının surətini də əlavə edərək qeyd edir ki, göstərdiyi illər üzrə onların əmək kitabçalarında da Daş Karxanasında işlədikləri qeyd edilmişdir. Həmin vaxt onun Əmək Kitabçası olmadığından Daş Karxanasında işlədiyi illər qeyd edilməmişdir. Sonradan həmin Daş Karxanası, hansı ki, inzibati idarəsi Bakı şəhərində yerləşirdi yandığından və arxiv sənədləri məhv edildiyindən qeyd etdiyi illər ərzində orada işləməyimi təsdiq edən sənədləri tapa bilməmişdir. X8 Filialından da ona verilmiş 11 noyabr 2022-ci il tarixli a/823 nömrəli arxiv arayışından görünür ki, Lənkəran rayon Daş Karxanasının sənədləri X8 filialına təhvil verilmədiyindən 1977-1980cı illər ərzində həmin təşkilatda işləməyi barədə məlumat verilməsi mümkün olmamışdır. O, ilk olaraq Şirvan İnzibati Məhkəməsinə müraciət edərək 1977-ci ilin iyul ayından 1980-cı ilin dekabr ayına kimi X9 fəhlə işlədiyi və Əmək Kitabçasında yazılmayan illərin iş stajına hesablanması və həmin stajla ona yaşa görə pensiyanın təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 7 saylı Regional Ərazi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etsə də, məhkəmə onun sözügedən idarədə işləməyi faktının müəyyən edilməsi üçün ümumi məhkəməyə müraciət etməyi tövsiyyə etdi və o da bu səbəbdən ərizə verərək sənədləri inzibati məhkəmədən geri götürərək hazırkı iddia ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə1 ərizəyə etiraz göndərərək, etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 308-ci maddəsində hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər qeyd edilmişdir. Həmin şərtlər kimi məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxanda qeyd edilən qanunvericilik normasının məzmunundan göründüyü kimi xüsusi icraat qaydasında məhkəmə tərəfindən hüquqi əhəmiyyətli faktlar müəyyən edilən zaman iki şərt nəzərə alınır:1) ərizəçinin müəyyən edilməsini məhkəmədən xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır; 2)ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onları bərpa edə bilməməlidir. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədləri başqa qaydada ala bilməməsi dedikdə, həmin sənədləri məhkəmədənkənar qaydada əldə etməyin mümkün olmaması nəzərdə tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Yəni müəyyən edilmiş səbəblər üzündən iş stajı barədə sənədlərin təqdim edilməsi mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı iş stajını təsdiq edən sənəd kimi qəbul edilmişdir. Lakin məhkəmə qərarı ilə iş stajı yalnız şahid ifadələrinə əsasən müəyyən edildikdə, ifadə verən ən azı iki şahid ərizəçi ilə bir idarədə birgə işləmələri barədə öz sənədlərini təqdim etməli və həmin sənədlərdə ərizəçinin işlədiyini iddia etdiyi, məhkəmə qaydasında təsdiq etmək istədiyi həmin dövrlər (işə daxil olma və işdən azad olma barədə qeydlər) öz əksini tapmalıdır. Eyni zamanda, Əsasnamənin eyni bəndinin tələbinə görə, şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz. Lənkəran Rayon Məhkəməsinin (hakim Murad Aslanov) 2(049)-3154/2024 saylı, 19 noyabr 2024cü il tarixli qətnaməsi ilə ərizə təmin edilmiş, Ərizəçi 1977-ci ilin iyul ayından 1980-cı ilin dekabr ayına kimi X9 fəhlə işləməyi faktının müəyyən edilməsi qət edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 305.1.1, 307.1, 307.2.5, 308, 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 13-cü bəndinə istinad etməklə əsaslandırmış və qeyd etmişdir ki, tərəflərin izahatlarını, xüsusilə şahidlərin ifadəsinə, habelə məhkəmə iclasında tədqiq edilmiş sənədlərə əsasən ərizə təmin edilməlidir. Bu hal şahidlərin ifadələri ilə yanaşı şahidlərə məxsus olan əmək kitabçaları ilə tam təsdiq edilir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a. Apellyasiya şikayətinin dəlilləri Qətnamədən maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondu X19 Sosial Ödənişlərin təyinatı üzrə mərkəzi filialının nümayəndəsi X7 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində göstərmişdir ki, iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpasımümkün olmasın. Yuxarıda göstərilən hallar “lazımi sənədləri başqa qaydada ala bilməməsi” müddəası ilə ziddiyət təşkil etsə də, məhkəmə tərəfindən araşdırılmadan əsassız olaraq ərizə təmin edilmişdir. Şahidlərin həmin müəssisədə işlədiyi illər onların əmək kitabçalarında öz əksini tapsa da, lakin məhkəmə heç bir araşdırma aparmadan həmin Daş Karxanasında işlədikləridövrlərin şahidlərə pensiya təyin olunarkən nəzərə alınıb-alınmadığını müəyyən etməmişdir. Eyni zamanda ərizəçi ilə eyni müəssisədə işləyən digər şahidlərin hər birinin əmək kitabçasında həmin dövrlərin qeyd olunmasına baxmayaraq, Ərizəçi öz ərizəsində və məhkəmə iclasında bildirmişdir ki, onun əmək kitabçası həmin dövlər (1977-1980) olmamışdır. Bununla belə, onun əmək kitabçasında 1981-1988-ci illərdə də başqa bir müəssisədə işləməsinə dair qeydlər vardır. Şübhəli haldır ki, digər şəxslərin əmək kitabçalarında Daş Karxanasında işlədiyi illər qeyd olunduğu halda, ərizəçinin əmək kitabçasında həmin illərə dair qeydlər olunmamışdır. Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apelyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Apelyasiya baxışında maraqlı şəxsin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ərizənin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya baxışında Ərizəçi apellyasiya şikayətinin təmin edilməməsini, Lənkəran Rayon Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli, 2(049)-3154/2024 saylı qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etdi. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Qətnamədən maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondu X19 Sosial Ödənişlərin təyinatı üzrə mərkəzi filialının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310-cu maddəsinə əsasən ərizədə, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımı sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. 372.1.-ci Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarı: 13.1. Nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. 13.4. Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olubolmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Ərizəçinin xahişi hüquqi nəticə doğuran faktın müəyyən olunmasına dairdir və həmin faktın müəyyən olunmasının ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə onun tərəfindən lazımi sənədləri almanın mümkün olmadığı təqdim olunan sübutlarla təsdiq olunur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə aşağıdakı kimi münasibət bildirir. Şikayətdə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda göstərilən hallar “lazımi sənədləri başqa qaydada ala bilməməsi” müddəası ilə ziddiyət təşkil etsə də, məhkəmə tərəfindən araşdırılmadan əsassız olaraq ərizə təmin edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinin mənasından göründüyü kimi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır - ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədlərin başqa qaydada (məhkəmədən kənar qaydada) alınmasının mümkünsüzlüyü hallarını isə öz növbəsində iki qrupa bölmək olar - hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin qanunvericiliklə yalnız məhkəmə qaydasının nəzərdə tutulduğu hallar və hüquqi əhəmiyyətli faktları müəyyən etmək səlahiyyəti olan dövlət orqanları və vəzifəli şəxslərin həmin faktları təsdiq edən sənədləri verə bilmədikləri, yaxud vermədikləri hallar. Kollegiya qeyd edir ki, ərizəçinin staj faktının məhkəmə tərəfindən müəyyən edilməsinin zəruriyyəti bir çox baxımdan əsaslandırıla bilər: Əvvəla, hüquqi zərurətlə bağlı- Ərizəçinin staj faktının müəyyən edilməsi hüquqi baxımdan onun digər hüquqlarından istifadə etməsi üçün zəruri ola bilər. Məsələn, pensiya təminatı, sosial müavinət, əmək hüquqlarının bərpası və ya digər dövlət təminatları üçün bu faktın təsdiqi lazımdır. İkincisi, sübutetmə vasitəsi kimi- əmək stajının mövcudluğunu təsdiq edən sənədlərin olmaması və ya itirilməsi səbəbindən ərizəçinin məhkəməyə müraciət etməsi zəruridir. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən, faktların müəyyən edilməsi barədə işlər xüsusi icraat qaydasında məhkəmədə baxıla bilər. Üçüncüsü, qanunvericiliyin tələbi olaraq- Əmək Məcəlləsinə və Sosial Müdafiə haqqında qanunvericiliyə əsasən, vətəndaşın əmək stajının təsdiq edilməsi üçün müəyyən sənədlər tələb olunur. Əgər bu sənədlər mövcud deyilsə, onların əldə edilməsi üçün ilkin hüquqi baza yaradılmalıdır, yəni məhkəmə qərarı ilə staj faktı təsdiq olunmalıdır. Dördüncüsü, Konstitusiyanın müvafiq maddələrinə görə, hər bir vətəndaşın sosial təminat hüququ vardır. Əgər sənədlərin olmaması bu hüquqdan istifadəyə mane olursa, onda bu maneənin aradan qaldırılması üçün məhkəməyə müraciət qaçılmazdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən Məhkəmənin ərizə üzrə qətnaməsi Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şikayətdə qeyd edilmişdir ki, şahidlərin həmin müəssisədə işlədiyi illər onların əmək kitabçalarında öz əksini tapsa da, lakin məhkəmə heç bir araşdırma aparmadan həmin Daş Karxanasında işlədikləri dövrlərin şahidlərə pensiya təyin olunarkən nəzərə alınıb-alınmadığını müəyyən etməmişdir. Eyni zamanda ərizəçi ilə eyni müəssisədə işləyən digər şahidlərin hər birinin əmək kitabçasında həmin dövrlərin qeyd olunmasına baxmayaraq, Ərizəçi öz ərizəsində və məhkəmə iclasında bildirmişdir ki, onun əmək kitabçası həmin dövlər (1977-1980) olmamışdır. Bununla belə, onun əmək kitabçasında 1981-1988-ci illərdə də başqa bir müəssisədə işləməsinə dair qeydlər vardır. Şübhəli haldır ki, digər şəxslərin əmək kitabçalarında Daş Karxanasında işlədiyi illər qeyd olunduğu halda, ərizəçinin əmək kitabçasında həmin illərə dair qeydlər olunmamışdır. Kollegiya qeyd edir ki, iş üzrə hüquqi qiymətləndirmə məhz ərizəçiyə münasibətdə aparılmalıdır və şahidlərə aid mülahizələr əsas hüquqi məsələyə təsir etmir. Bu baxımdan, maraqlı şəxsin istinad etdiyi hallar formal xarakter daşıyır və Ərizəçi münasibətdə işin mahiyyətini dəyişmir. Bundan başqa, Ərizəçi əmək kitabçasında doldurulma tarixinin göstərilməməsi, digər şəxslərin əmək kitabçalarında Daş Karxanasında işlədiyi illər qeyd olunduğu halda, ərizəçinin əmək kitabçasında həmin illərə dair qeydlər olunmaması hüquqi faktın təsdiq olunmasından imtina olunması, ərizənin rədd olunması üçün əsas ola bilməz. Ərizəçinin əmək kitabçasında onun X9 fəhlə işləməyinə dair qeydlər mövcud olsaydı, müəyyən edilməsini istədiyi hüquqi fakta da ehtiyac yaranmazdı. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi haqlı olaraq ərizəçiyə lazım olan hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinin başqa qaydada mümkün olmaması nəticəsinə gəlmişdir; çünkü ərizəçi, iş stajının bərpa edilməsi üçün aidiyyəti dövlət orqanlarına müraciət etsə də, onun müraciəti müsbət həll olunmamış, həmçinin o, bunu təsdiq edəcək sənədləri də əldə edə bilməmişdir. Kollegiya qeyd edir ki, maraqlı şəxsin istinad etdiyi hallar formal xarakter daşıyır və işin mahiyyətini dəyişmir. Belə ki, istinad edilən hallar mahiyyət etibarilə normativ hüquqi aktın formal tələblərinə əsaslanır. Buna görə də kollegiya hesab edir ki, apellyasiya şikayətində irəli sürülənlər formal mülahizələrdir; Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin həlli baxımından düzgün qənaətə gəlmişdir. Apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur, odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392, 405 və 393cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qətetdi: Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X19 Sosial Ödənişlərin təyinatı üzrə mərkəzi filialının apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 2(049)-3154/2024 saylı, 19 noyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-455/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-455/2025
19.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver