Məhkəmə qərarları › İş №2(106)-457/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-457/2023

26.04.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-457/2023 26.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, İddiaçı nümayəndəsi X4, cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5 və üçüncü şəxs Salyan rayon Şorsulu bələdiyyəsinin nümayəndəsi (sədri) X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X7, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “icarə müqavilələrinə xitam verilməsi, cavabdehlərin torpaq sahəsindən çıxarılması və torpaq sahələrinin bələdiyyənin sahibliyinə qaytarılması tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Salyan Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2(057)-1590/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Salyan rayon Şorsulu bələdiyyəsinin mülkiyyətinə aid 4,0 ha örüş torpaq sahəsinin Cavabdeh6 icarəyə verilməsi ilə bağlı bələdiyyə ilə cavabdeh arasında bağlanılmış 11 may 2018-ci il tarixli; Salyan rayon Şorsulu bələdiyyəsinin mülkiyyətinə aid 13 ha örüş torpaq sahəsinin Cavabdeh4 icarəyə verilməsi ilə bağlı bələdiyyə ilə cavabdeh arasında bağlanılmış 02 dekabr 2003-cü il tarixli; Salyan rayon Şorsulu bələdiyyəsinin mülkiyyətinə aid 5,0 ha örüş torpaq sahəsinin Cavabdeh5 icarəyə verilməsi ilə bağlı bələdiyyə ilə cavabdeh arasında bağlanılmış 01 noyabr 2007-ci il tarixli icarə müqavilələrinə xitam verilməsi və torpaq sahələrinin bələdiyyənin sahibliyinə qaytarılması, həmçinin Cavabdeh1 zəbt etdiyi bələdiyyəyə məxsus 4 ha örüş təyinatlı torpaq sahəsindən, Cavabdeh2 zəbt etdiyi bələdiyyəyə məxsus 9 ha örüş təyinatlı torpaq sahəsindən və X5 zəbt etdiyi bələdiyyəyə məxsus 1,5 ha örüş təyinatlı torpaq sahəsindən çıxarılması və torpaq sahələrinin bələdiyyənin sahibliyinə qaytarılması ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Salyan rayonu, Boranıkənd kəndi sakinləri X1 və X3 müraciətlərinə əsasən Salyan rayon Şorsulu bələdiyyəsinin mülkiyyətinə aid örüş torpaqlarının qanunsuz istifadəsi ilə bağlı faktlar araşdırılarkən torpaq qanunvericiliyinin pozulması halları aşkar edilmişdir. Araşdırma zamanı əldə edilmiş sənədlərin tədqiqi əsasında müəyyən olunmuşdur ki, Salyan rayonu, Boranıkənd kəndi sakinləri Cavabdeh1 tərəfindən 2003-cü ildə zəbt edilmiş bələdiyyənin 4 ha torpaq sahəsinin; Salyan rayon M.F.Axundov adına kolxozun 15 may 1990-cı il tarixli, 8 saylı ümumi iclas protokoluna əsasən balıqçılıq üçün Cavabdeh2 ayrılmış 9 ha torpaq sahəsinin; Salyan rayon M.F.Axundov adına kolxoz tərəfindən 1991-ci ildə balıqçılığın inkişafı üçün X7 ayrılmış 1,5 ha torpaq sahəsinin; Salyan rayon Şorsulu bələdiyyəsinin (keçmiş Boranıkənd bələdiyyəsinin) 02 dekabr 2003-cü il tarixli, 01 saylı qərarı ilə balıqçılıq üçün Cavabdeh4 ayrılmış 13 ha torpaq sahəsinin, Şorsulu bələdiyyəsinin xx.xx.2001-ci il tarixli, 9/3 saylı qərarı ilə balıqçılıq üçün Cavabdeh5 ayrılmış 5 ha torpaq sahəsinin və Şorsulu bələdiyyəsinin xx.xx.2017-ci il tarixli, 05 saylı qərarı ilə Cavabdeh6 ayrılmış 4 ha bələdiyyəyə məxsus örüş təyinatlı torpaq sahəsinin təyinatının vətəndaşlar tərəfindən pozularaq qanuni əsaslar olmadan balıqçılıq təsərrüfatları yaratdıqları müəyyən edilmişdir. Torpaq sahələrinin qanunsuz olaraq istifadə edilməsi, eləcə də təyinatının pozularaq istifadə edilməsi Torpaq Məcəlləsinin tələblərinə ziddir. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkili haqqında Təlimata əsasən müvafiq araşdırmalar aparılmış və “Regional Ədliyyə İdarələri haqqında” Əsasnamənin 8-ci maddəsinə istinad edilərək bələdiyyəyə, Salyan rayon Şorsulu bələdiyyəsinin mülkiyyətinə aid 4,0 ha torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı 07 aprel 2017-ci il tarixli, 05 saylı qərarının ləğv edilməsi və bələdiyyə ilə Cavabdeh6 arasında bağlanmış 11 may 2018-ci il tarixli icarə müqaviləsinə xitam verilərək torpaq sahəsinin bələdiyyənin mülkiyyətinə qaytarılması, Salyan rayonu, Boranıkənd kəndi sakini Cavabdeh1 zəbt etdiyi bələdiyyəyə məxsus 4 ha örüş təyinatlı torpaq sahəsindən çıxarılması barədə məhkəməyə müraciət edilməsi, Salyan rayonu, Boranıkənd kəndi sakini Cavabdeh2 zəbt etdiyi bələdiyyəyə məxsus 9 ha örüş təyinatlı torpaq sahəsindən çıxarılması barədə məhkəməyə müraciət edilməsi, Salyan rayonu, Boranıkənd kəndi sakini X5 zəbt etdiyi bələdiyyəyə məxsus 1,5 ha örüş təyinatlı torpaq sahəsindən çıxarılması barədə məhkəməyə müraciət edilməsi, Salyan rayon Şorsulu bələdiyyəsinin mülkiyyətinə aid 13 ha torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı 02 dekabr 2003-cü il tarixli, 01 saylı qərarının ləğv edilməsi və bələdiyyə ilə Cavabdeh4 arasında bağlanmış 02 dekabr 2003-cü il tarixli icarə müqaviləsinə xitam verilərək torpaq sahəsinin bələdiyyə mülkiyyətinə qaytarılması və Salyan rayon Şorsulu bələdiyyəsinin mülkiyyətinə aid 5,0 ha torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı 20 sentyabr 2001-ci il tarixli, 9/3 saylı qərarının ləğv edilməsi və bələdiyyə ilə Cavabdeh5 arasında bağlanmış 01 noyabr 2007-ci il tarixli, 08 saylı icarə müqaviləsinə xitam verilərək torpaq sahəsinin bələdiyyənin mülkiyyətinə qaytarılması barədə idarə tərəfindən bələdiyyəyə 1379/Ə-369 saylı, xx.xx.2021-ci il tarixli təklif verilmişdir. İddiaçı 1379/Ə-369 saylı, xx.xx.2021-ci il tarixli təklifi 25 saylı, 30 avqust 2021-ci il tarixli bələdiyyə iclasında protokolu ilə müzakirə olunsa da, Şorsulu bələdiyyəsi tərəfindən icarə müqavilələrinə xitam verilməsi və torpaq sahələrinin bələdiyyənin mülkiyyətinə qaytarılması barədə məhkəməyə müraciət edilməmişdir. Salyan Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2(057)-1590/2022 saylı qətnaməsi ilə (sədrlik edən hakim Muradağa Qasımov) iddia təmin edilməmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Salyan Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2(057)-1590/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri və onunla əsaslandırmışdır ki, məhkəmə iddianı rədd edərkən bələdiyyənin torpaqları öz istədiyi kimi deyil, bələdiyyə fəaliyyətini tənzimləyən qanunlar əsasında idarə etməli olduğunu nəzərə almamışdır. Bələdiyyənin qanunların tələblərinə əməl etməsinə nəzarət funksiyası X9 həvalə olunmuşdur. Bu səbəbdən İddiaçı hazırkı iddianı qaldırmışdır. Salyan rayon Şorsulu bələdiyyəsi ilə cavabdehlər Cavabdeh6, Cavabdeh4, Cavabdeh5 arasında bağlanmış torpaq icarəsi müqavilələrinə əsasən torpaqlar həmin şəxslərə heyvandarlıq məqsədilə verilmişdir. Yəni onlara verilmiş torpaq sahələri örüş təyinatlıdır. Lakin cavabdehlər tərəfindən icarəyə götürülən torpaq sahələri məqsədli təyinatına görə istifadə edilmir, icarə müqavilələrinin şərtləri pozulmuşdur və pozulmaqda davam edir. Cavabdehlər icarəyə götürdükləri torpaq sahələrində süni göllər qazaraq balıqçılıq təsərrüfatları yaratmış, torpağın kateqoriya və landşaftına ziyan vurmuşlar. Digər cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X10 ümumiyyətlə bələdiyyə ilə heç bir müqavilələri olmadan zəbt etdikləri torpaq sahələrində süni göllər yaradaraq balıqçılıq təsərrüfatları qurmuşlar. Bələdiyyələrin vəzifəsidir ki, torpaqdan təyinatı üzrə istifadəyə nəzarət etsinlər. Əks halda qanunla müəyyən edilmiş tədbirləri görsünlər. Torpaq sahəsini özbaşına tutan cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X10 torpaq sahəsini könüllü olaraq geri qaytarmaq istəmir. Bələdiyyə isə torpaq və mülki qanunvericiliyə uyğun olaraq heç bir addım atmaq istəmir. Məhkəmə də bunun bələdiyyənin hüququ olduğunu hesab etmiş və iddianı rədd etmişdir. İddiaçı bildirir ki, hazırkı tələblə bağlı əvvəlcə bələdiyyəyə xx.xx.2021-ci il tarixli təklif verilmiş, lakin təklif bələdiyyənin 25 saylı, xx.xx.2021-ci il tarixli iclasında müzakirə olunsa da, qəbul edilməmiş və məhkəməyə müraciət olunmamışdır. İddiaçı “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun 8.5-ci maddəsinə əsasən bu iddia ilə Salyan Rayon Məhkəməsinə müraciət etmişdir. İşin faktiki halları “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkili haqqında” Təlimata əsasən aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir. Məhkəmə işin faktiki hallarını şübhə altına almasa da, hesab etmişdir ki, mülkiyyət bələdiyyənindir və yalnız bu səbəbdən hazırkı tələb üzrə yalnız bələdiyyə iddia qaldıra bilər. Apellyasiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi X11 apellyasiya şikayətini müdafiə etdiyini bildirdi və qeyd etdi ki, bələdiyyənin balansında olan örüş təyinatlı torpaq sahələri cavabdehlər tərəfindən süni balıq gölləri yaradılmaqla, təyinatına uyğun olmayan formada istifadə edilir. Salyan rayonunun Boranıkənd kəndində təxminən 450 ha torpaq sahəsi təyinatına uyğun olmayan formada istifadə edilməkdədir. Belə ki, bu barədə Salyan rayon sakini tərəfindən iddiaçıya daxil olmuş ərizə əsasında aparılmış araşdırmanın nəticəsində müəyyən edilmişdir ki, həmin torpaq sahələri örüş təyinatlı olmasına baxmayaraq, balıqçılıq məqsədilə süni göllər yaradılaraq istifadə edilir. O bildirdi ki, hazırkı iş üzrə iddiaçının iddia qaldırmaq hüququ olmuşdur. Belə ki, X6 əsasnaməsinə görə bələdiyyə iddia qaldırmadıqda, regional ədliyyə idarələri tərəfindən iddia qaldırılması mümkündür. Həmçinin iddiaçı bələdiyyələrə inzibati nəzarəti həyata keçirdiyi üçün də bu cür iddia qaldırmaq hüququna malikdir. O, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh2 çıxış edərək bildirdi ki, ona 9 ha torpaq sahəsi balıqçılıq təsərrüfatı ilə məşğul olmaq üçün müddətsiz ayrılmışdır. Bununla bağlı 1990-cı ildə kolxoz tərəfindən verilmiş sənədi var. O, həmin torpaq sahəsi ilə 25-30 nəfərlik ailə dolandırır. O, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh4 çıxış edərək bildirdi ki, istifadəsində olan torpaq sahəsi 2003-cü ildə ona verilmiş, həmin torpaq sahəsi kolxoz vaxtından kolxoz gölü olub balıq yetişdirilmişdir. Sənədlərdə də torpaq sahəsinin təyinatı balıqçılıq göstərilmişdir. O, 2007-ci ildə Boranıkənd bələdiyyəsi ilə 20 il müddətinə icarə müqaviləsi bağlamışdır. Sonralar bələdiyyələr birləşmiş və Şorsulu bələdiyyəsi olmuşdur. Həmin sahə onun yeganə gəlir mənbəyidir və həmin təsərrüfatda çalışan 5 ailəni ordan gələn qazancla dolandırır. O, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh5 çıxış edərək bildirdi ki, istifadəsində olan torpaq sahəsi əvvəllər təbii sututar, yəni göl olmuşdur. O da 2007-ci ildə həmin sahəni bələdiyyədən 20 illik icarəyə götürərək, balıqçılıqla məşğul olmuşdur. Əldə olunan qazancla 2 ailə dolandırır. O, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh6 çıxış edərək bildirdi ki, onun 4 ha ərazi üçün sənədi var və hazırda həmin torpaq sahəsindən balıqçılıq üzrə deyil, sadəcə örüş sahəsi kimi istifadə edir. 2021-ci ildə isə torpaq sahəsindən təyinatı üzrə istifadə etmədiyinə görə 600 manat məbləğində cərimə olunmuşdur. Həmin torpaq sahəsindən istifadə edərək əldə etdiyi qazancla özünün və qardaşlarının 4 ailəsi dolanır. O, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən üçüncü şəxs Salyan rayon Şorsulu bələdiyyəsinin nümayəndəsi (sədri) X8 çıxış edərək bildirdi ki, cavabdehlərdən Cavabdeh1 və X10 bir neçə gün əvvəl ərizə yazaraq istifadələrində olan torpaqları bələdiyyə fonduna geri qaytarmışlar. Digər cavabdehlərin isə istifadələrində olan sahələrdəki göllərdə balıq yetişdirmək üçün müqavilələri və sənədləri var. Cavabdeh6 isə heyvandarlıqla məşğuldur və əvvəllər torpaqdan təyinatına uyğun istifadə etmədiyinə görə 600 manat məbləğində cərimə olunmuşdur. O bildirdi ki, hazırkı iş üzrə İddiaçı iddia tələbini müdafiə etmir. Hazırda torpaqdan istifadə etməkdə olan cavabdehlərin müvafiq sənədləri mövcuddur və onların hər biri sahələrdən əldə etdikləri gəlirlə ailələrini dolandırırlar. Famil Məmmədov apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehlər Cavabdeh1 və X10 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı iş üzrə iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası tərəfləri və üçüncü şəxsin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etmək hüququnun olub-olmamasını araşdıraraq bildirir ki, iddiaçının bu cür hüququ mövcuddur. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 4-N nömrəli, 19 aprel 2022-ci il tarixli Kollegiya qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Regional ədliyyə idarələri haqqında Əsasnamə”nin 3.0.7-ci maddəsinə əsasən, regional idarə bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, bu Əsasnamənin 3.0.5 və 3.0.6-cı yarımbəndlərində nəzərdə tutulmuş müraciətlər “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş müddət ərzində müvafiq bələdiyyə tərəfindən yerinə yetirilmədikdə məhkəməyə müraciət etmək və bu barədə müvafiq bələdiyyəyə məlumat vermək vəzifəsini yerinə yetirir. Həmin Əsasnamənin 5.12.8-ci maddəsinə əsasən, regional idarənin rəisi bu Əsasnamənin 3.0.5 və 3.0.6-cı yarımbəndlərində nəzərdə tutulmuş müraciətlər Qanunla müəyyən olunmuş müddət ərzində müvafiq bələdiyyə tərəfindən yerinə yetirilmədikdə məhkəməyə müraciət edir və bu barədə müvafiq bələdiyyəyə məlumat verilməsini təşkil edir. İş materiallarının 51-ci vərəqində olan İddiaçı tərəfindən Salyan rayon Şorsulu bələdiyyəsinə edilmiş müraciətdən görünür ki, Salyan rayon Şorsulu bələdiyyəsinin mülkiyyətinə aid 4,0 ha torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı 07 aprel 2017-ci il tarixli, 05 saylı qərarının ləğv edilməsi və bələdiyyə ilə Cavabdeh6 arasında bağlanmış 11 may 2018-ci il tarixli icarə müqaviləsinə xitam verilərək torpaq sahəsinin bələdiyyənin mülkiyyətinə qaytarılması; Salyan rayonu, Boranıkənd kəndi sakini Cavabdeh1 zəbt etdiyi bələdiyyəyə məxsus 4 ha örüş təyinatlı torpaq sahəsindən çıxarılması barədə məhkəməyə müraciət edilməsi, Salyan rayonu, Boranıkənd kəndi sakini Cavabdeh2 zəbt etdiyi bələdiyyəyə məxsus 9 ha örüş təyinatlı torpaq sahəsindən çıxarılması barədə məhkəməyə müraciət edilməsi, Salyan rayonu, Boranıkənd kəndi sakini X5 zəbt etdiyi bələdiyyəyə məxsus 1,5 ha örüş təyinatlı torpaq sahəsindən çıxarılması barədə məhkəməyə müraciət edilməsi, Salyan rayon Şorsulu bələdiyyəsinin mülkiyyətinə aid 13 ha torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı 02 dekabr 2003-cü il tarixli, 01 saylı qərarın ləğv edilməsi və bələdiyyə ilə Cavabdeh4 arasında bağlanmış 02 dekabr 2003-cü il tarixli icarə müqaviləsinə xitam verilərək torpaq sahəsinin bələdiyyə mülkiyyətinə qaytarılması və Salyan rayon Şorsulu bələdiyyəsinin mülkiyyətinə aid 5,0 ha torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı 20 sentyabr 2001-ci il tarixli, 9/3 saylı qərarının ləğv edilməsi və bələdiyyə ilə Cavabdeh5 arasında bağlanmış 01 noyabr 2007-ci il tarixli, 08 saylı icarə müqaviləsinə xitam verilərək torpaq sahəsinin bələdiyyənin mülkiyyətinə qaytarılması barədə idarə tərəfindən bələdiyyəyə 1379/Ə-369 saylı, 25 avqust 2021-ci il tarixli təklif verilmişdir. İş materiallarının 52-ci vərəqində olan Salyan rayon Şorsulu bələdiyyəsinin 25 saylı, 30 avqust 2021-ci il tarixli iclas protokolunun surətindən görünür ki, İddiaçı 1379/Ə-369 saylı, 25 avqust 2021-ci il tarixli təklifi müzakirə edilərək qəbul edilmişdir. İddiaçı tərəfindən edilmiş təklif Salyan rayon Şorsulu bələdiyyəsi tərəfindən müzakirə edilərək qəbul edilsə də, həmin təklifin icrası istiqamətində tədbirlər həyata keçirilməmiş, məhkəməyə müraciət olunmamışdır. Bu səbəbdən də, yuxarıda göstərilmiş normalara uyğun olaraq İddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmək hüququ yaranmışdır. İddiaçı hazırkı iş üzrə 6 cavabdehə qarşı iddia qaldırmışdır. Lakin iddia tələbindən görünür ki, cavabdehlərdən Cavabdeh1, Cavabdeh2 və X7 münasibətdə iddia tələbi onların istifadə etdikləri torpaq sahələrini zəbt etmələrinə əsaslanmış, bu səbəbdən onların həmin torpaq sahələrindən çıxarılması və torpaq sahələrinin bələdiyyənin sahibliyinə qaytarılması xahiş olunmuşdur. Apellyasiya məhkəməsinin iclasında iştirak edən üçüncü şəxs Salyan rayon Şorsulu bələdiyyəsinin nümayəndəsi (sədri) olan X8 bildirmişdir ki, Cavabdeh1 və X10 bir neçə gün əvvəl ərizə yazaraq istifadələrində olan torpaq sahələrini bələdiyyəyə geri qaytarmışlar. Bu halı nəzərə alaraq məhkəmə kollegiyası bildirir ki, cavabdehlər Cavabdeh1 və X7 münasibətdə iddia tələbinin təmin edilməsi üçün hər hansı əsas mövcud deyil, onların istifadəsində olmuş mübahisəli torpaq sahələri bələdiyyəyə qaytarılmaqla da mübahisəli hal aradan qalxmışdır. İddiaçı cavabdehlərdən Cavabdeh2 da istifadəsində olan bələdiyyəyə məxsus 9 ha örüş təyinatlı torpaq sahəsini zəbt etdiyini bildirərək, onun həmin torpaq sahəsindən çıxarılaraq, torpaq sahəsinin bələdiyyənin sahibliyinə qaytarılmasını xahiş etmişdir. İşdəki M.F.Axundov adına kolxozun 15 may 1990-cı il tarixli, 8 nömrəli ümumi iclas protokolundan çıxarışın surətindən görünür ki, yeni balıqçılıq istiqamətli kooperativə icarə qaydası ilə istifadə üçün kolxozun əkinə yararsız yerindən 9 hektar sahə ayrılması qərara alınmışdır. İşdəki Salyan rayon XDS İcraiyyə Komitəsinin 11 may 1990-cı il tarixli aktının surətindən görünür ki, Cavabdeh2 RİK-ya müraciəti əsasında, M.F.Axundov adına kolxozda Armyanka çayının sol sahilində mövcud drenlə çay arasında qalan boş sahədən 9 hektar yeni kooperativə balıqçılıq məqsədilə icarə qaydasında istifadəyə ayrılması məqsədəuyğundur. Göründüyü kimi, Cavabdeh2 istifadəsində olan 9 ha torpaq sahəsini zəbt etməmiş, M.F.Axundov adına kolxozun 15 may 1990-cı il tarixli, 8 nömrəli ümumi iclasında qəbul edilmiş qərarla balıqçılıq təsərrüfatı ilə məşğul olması üçün ona əkinə yararsız 9 ha torpaq sahəsi ayrılmış, torpaq sahəsinin təyinatı balıqçılıq məqsədi ilə bağlı olmuşdur. Həmin sənədlər isə mübahisələndirilməmişdir. Odur ki, Cavabdeh2 bələdiyyəyə məxsus örüş təyinatlı torpaq sahəsini zəbt etməsi ilə bağlı iddia tələbi əsaslı hesab edilə bilməz. İddiaçının digər üç cavabdehə - Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 münasibətdə iddia tələbi onlarla bələdiyyə arasında bağlanmış icarə müqavilələrinə xitam verilməsi və torpaq sahələrinin bələdiyyənin sahibliyinə qaytarılması ilə bağlı olmuşdur. İddiaçı bu hissədə iddia tələbini onunla əsaslandırmışdır ki, qeyd edilən cavabdehlər torpaq sahəsindən onun təyinatını qanunsuz olaraq dəyişməklə istifadə edirlər. İşdəki Salyan rayon Boranıkənd bələdiyyəsi sədri Q.Qəhrəmanov tərəfindən təsdiq edilmiş xx.xx.2001-ci il tarixli aktın surətindən görünür ki, Komissiya tərəfindən Boranıkənd kənd sakini Cavabdeh5 sabiq M.F.Axundov adına təsərrüfat tərəfindən yaradılmış bələdiyyə mülkiyyətinə məxsus olan kənd təsərrüfatına az yararlı ərazidən balıqçılığın inkişafı məqsədilə 5,0 ha torpaq sahəsinin icarəyə ayrılması məqsədəmüvafiq hesab edilmişdir. İşdəki Salyan rayon Boranıkənd bələdiyyəsi ilə Cavabdeh5 arasında bağlanmış 01 noyabr 2007-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin surətindən görünür ki, Salyan rayon Boranıkənd bələdiyyəsi 5 hektar torpaq sahəsini 20 il müddətinə balıqçılıq məqsədi üçün Cavabdeh5 icarəyə vermişdir. İşdəki Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş A 195190 seriya nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, Salyan rayon Boranıkənd bələdiyyəsinin 20 sentyabr 2001-ci il tarixli, 9/3 saylı qərarı ilə Cavabdeh5 Salyan rayonu, Boranıkənd kəndində 5 ha torpaq sahəsi balıqçılığın inkişafı üçün ayrılmışdır. İşdəki Salyan rayon Boranıkənd bələdiyyə başçısının 02 dekabr 2003-cü il tarixli, 1 nömrəli Qərarının surətindən görünür ki, sabiq M.F.Axundov adına təsərrüfatı tərəfindən bələdiyyələr yaranandan əvvəl süni yaradılmış Boranıkənd kənd sakini Cavabdeh4 tərəfindən balıq gölü tikintisi altına istifadə edilən 13 ha torpaq sahəsi icarəyə ayrılmışdır. İşdəki Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 03 noyabr 2006-cı il tarixli torpaq sahəsinin kadastr planının surətindən görünür ki, o, Salyan rayon Boranıkənd bələdiyyəsinin 02 dekabr 2003-cü il tarixli, 01 saylı qərarı ilə Salyan rayonu, Boranıkənd kənd sakini Cavabdeh4 icarəyə ayrılan balıqçılıq üçün 13 ha torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. İşdəki Salyan rayon Boranıkənd bələdiyyəsi ilə Cavabdeh4 arasında bağlanmış 01 noyabr 2007-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin surətindən görünür ki, Salyan rayon Boranıkənd bələdiyyəsi 13 ha torpaq sahəsini 20 il müddətinə balıqçılıq məqsədi üçün Cavabdeh4 icarəyə vermişdir. İşdəki RX ******* seriya nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Salyan rayonu, Boranıkənd kəndində yerləşən 4,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2017-ci il tarixində Salyan rayon Şorsulu bələdiyyəsinin adına bələdiyyə mülkiyyəti hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş materiallarının 33-cü vərəqində olan arayışdan görünür ki, RX ******* seriya nömrəli Çıxarışa əsasən Salyan rayon Şorsulu bələdiyyəsinin mülkiyyətində olan 4,0 ha torpaq sahəsinin məqsədli istifadəsi örüş otlaq üçün nəzərdə tutulmuşdur. İşdəki Salyan rayon Şorsulu bələdiyyəsinin 07 may 2018-ci il tarixli, 07 nömrəli iclas protokolunun qərarından çıxarışın surətindən görünür ki, Salyan rayon Şorsulu bələdiyyəsi fondu torpağından 4,0 ha torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Salyan Torpaq Hərrac və Müsabiqə Komissiyasının xx.xx.2018-ci il tarixli şəhadətnaməsinə əsasən hərracın qalibi Cavabdeh6 xx.xx.2033-cü ilədək icarəyə verilməsi qərara alınmışdır. İşdəki Salyan rayon Şorsulu bələdiyyəsi ilə Cavabdeh6 arasında bağlanmış 11 may 2018-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, Salyan rayon Şorsulu bələdiyyəsi Salyan rayonu, Boranıkənd kəndində yerləşən ümumi sahəsi 4,0 ha olan torpaq sahəsini xx.xx.2033-cü ilədək Cavabdeh6 icarəyə vermişdir. Salyan rayon Şorsulu bələdiyyəsinin 02 fevral 2018-ci il tarixli iclasının 03 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Salyan rayonunun Şorsulu bələdiyyəsinin Nizamnaməsinin 1.5-ci bəndinə əsasən, Salyan rayonunun Şorsulu bələdiyyəsi Salyan rayonunun Boranıkənd və Şorsulu kəndlərinin ərazi sərhədləri daxilində özünüidarəetmə formasında fəaliyyət göstərir. Göründüyü kimi, Cavabdeh6, Cavabdeh4 və Cavabdeh5 bələdiyyə ilə bağlanmış icarə müqaviləsinə əsasən torpaq sahəsindən istifadə edirlər. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh4 icarəsində olan 13 ha torpaq sahəsinin və Cavabdeh5 icarəsində olan 5 ha torpaq sahəsinin təyinatı balıqçılıq məqsədi ilə bağlıdır. Həmin şəxslərə torpaq sahələri də məhz balıqçılıq məqsədi üçün ayrılmış, onlar da torpaq sahəsindən təyinatına uyğun istifadə edirlər. Müqavilə tərəflərinin heç biri qeyd edilən icarə müqavilələrinin ləğvini tələb etmir. Bu hal həm onların izahatları, həm Salyan rayon Şorsulu bələdiyyəsinin nümayəndəsinin (sədrinin), həm də iddia ərizəsinin dəlilləri ilə öz təsdiqini tapır. Cavabdeh6 icarəsində olan 4,0 ha torpaq sahəsinin təyinatı isə örüş otlaq məqsədli olsa da, o, da əvvəllər torpaq sahəsindən balıqçılıq məqsədi üçün istifadə etmiş, lakin sonradan 2021-ci ildə torpaq sahəsindən təyinatı üzrə istifadə etmədiyinə görə aidiyyəti qurum tərəfindən 600 manat məbləğində cərimə olunmuşdur. Hazırda isə o, icarəsində olan torpaq sahəsindən örüş otlaq kimi istifadə edir. Bundan başqa, hazırkı iş üzrə iddiaçı ancaq Cavabdeh6 ilə bələdiyyə arasında bağlanmış 11 may 2018-ci il tarixli icarə müqaviləsini mübahisələndirmiş, lakin həmin müqavilənin bağlanması üçün əsas olmuş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Salyan Torpaq Hərrac və Müsabiqə Komissiyasının xx.xx.2018-ci il tarixli şəhadətnaməsini və Salyan rayon Şorsulu bələdiyyəsinin bələdiyyə fondu torpağından kənd təsərrüfatı təyinatlı 4,0 ha torpaq sahəsinin icarəyə verilməsi barədə 07 may 2018-ci il tarixli qərarını mübahisələndirməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51.1-ci maddəsinə əsasən, torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir. Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinin 5-ci abzasına əsasən, torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilir. Həmin Məcəllənin 75.3-cü maddəsinə əsasən, bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 5-ci, 7-ci, 10-cu abzaslarında nəzərdə tutulan hallarda torpaq sahələri üzərində istifadə və icarə hüquqlarına xitam verilməsi haqqında qərar, buraxılmış nöqsanların (pozuntuların) müəyyən edilmiş vaxtda aradan qaldırılması barədə xəbərdarlıqdan sonra tədbirlər görülmədikdə qəbul edilir. Qeyd edilən maddələrin tələblərini hazırkı iş üzrə bələdiyyə ilə bağlanılmış icarə müqaviləsi olan cavabdehlər Cavabdeh6, Cavabdeh4 və Cavabdeh5 münasibətdə tətbiq edən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cavabdeh4 və Cavabdeh5 torpaq sahəsindən 01 noyabr 2007-ci il tarixli icarə müqavilələrində nəzərdə tutulmuş təyinatına uyğun istifadə etdiklərindən və tərəflərdən heç biri həmin icarə müqavilələrinin ləğvini istəmədiyindən, Cavabdeh6 isə buraxdığı nöqsanları aradan qaldırmaqla hazırda torpaqdan məqsədli təyinatına görə istifadə etdiyindən və onunla bağlı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Salyan Torpaq Hərrac və Müsabiqə Komissiyasının xx.xx.2018-ci il tarixli şəhadətnaməsi və Salyan rayon Şorsulu bələdiyyəsinin bələdiyyə fondu torpağından kənd təsərrüfatı təyinatlı 4,0 ha torpaq sahəsinin icarəyə verilməsi barədə 07 may 2018-ci il tarixli qərarı mübahisələndirilmədiyindən onlara münasibətdə icarə müqavilələrinə xitam verilməsi üçün hər hansı əsas mövcud deyil. Onlarla bağlanılmış icarə müqavilələrinə xitam verilməsi üçün əsas olmadığından, onların müddəti bitməmiş icarə müqaviləsi üzrə torpaq sahəsindən istifadə etmək hüquqları olduğundan, həmin cavabdehlərə münasibətdə iddia tələbi onların icarəsində olan torpaq sahələrinin bələdiyyənin sahibliyinə qaytarılması hissəsində də əsaslı deyil. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri ümumiləşdirərək belə nəticəyə gəlir ki, Cavabdeh1 və X10 istifadələrində olmuş bələdiyyəyə məxsus torpaq sahəsini bələdiyyənin sahibliyinə qaytardıqlarından, Cavabdeh6 torpaqdan təyinatına uyğun istifadə etməməklə bağlı buraxdığı nöqsanları aradan qaldırdıqdan sonra hazırda torpaq sahəsindən təyinatına uyğun istifadə etdiyindən və onunla bağlı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Salyan Torpaq Hərrac və Müsabiqə Komissiyasının xx.xx.2018-ci il tarixli şəhadətnaməsi və Salyan rayon Şorsulu bələdiyyəsinin bələdiyyə fondu torpağından kənd təsərrüfatı təyinatlı 4,0 ha torpaq sahəsinin icarəyə verilməsi barədə 07 may 2018-ci il tarixli qərarı mübahisələndirilmədiyindən, Cavabdeh4 və Cavabdeh5 torpaq sahəsindən 01 noyabr 2007-ci il tarixli icarə müqavilələrində nəzərdə tutulmuş təyinatına uyğun istifadə etdiklərindən və tərəflərdən heç biri həmin icarə müqavilələrinin ləğvini istəmədiyindən, Cavabdeh6, Cavabdeh5 və Cavabdeh4 ilə bağlanılmış icarə müqavilələrinə xitam verilməsi üçün hər hansı əsas olmadığından, Cavabdeh2 bələdiyyəyə məxsus 9 ha torpaq sahəsini zəbt etməməsi faktı müəyyən edildiyindən və o torpaq sahəsindən təyinatına uyğun istifadə etdiyindən, Cavabdeh6, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh2 istifadələrində olan torpaq sahələrinin bələdiyyənin sahibliyinə qaytarılması üçün əsas olmadığından, eləcə də, mübahisəli torpaq sahələrinin mülkiyyətçisi olan Salyan rayon Şorsulu bələdiyyəsinin nümayəndəsi (sədri) hazırkı iddianı müdafiə etmədiyindən, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, iddia tələbinin rədd edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslandığından iş üzrə Salyan Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2(057)-1590/2022 saylı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2(057)-1590/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov Hakimlər: İlham Əsədov Tofiq Heydərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar