Məhkəmə qərarları › İş №2(106)-459/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-459/2025

24.01.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-459/2025 24.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsinə qarşı istifadə edilməmiş məzuniyyət pullarının ödənilməsi tələbinə dair 2(017)-250/2025 saylı mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin sədri X1 və bütün məhkəmə tərkibinə İddiaçı tərəfindən verilmiş etiraza Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsindən istifadə edilməmiş məzuniyyət pullarının ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı məhkəməyə etiraz ərizəsi təqdim edərək, hakim və məhkəmənin sədri kimi Sulduz Ləzimova və bütün Ağcabədi rayon Məhkəməsinin hakimlərinə tam tərkibdə etiraz etdiyini bildirmiş və etirazını onunla əsaslandırmışdır ki, əvvəllər də onun Ağcabədi rayon Məhkəməsində işləri olmuş, ona qarşı haqsızlıq olmuş və ədalətsiz qərar çıxarılmış, ərizəsi hakim Etibar Quliyev tərəfindən gizlədilmiş, hazırkı işinə Zərdab rayonunda baxılmasını istəyir. Ona görə ki, əvvəlki iddiaları kimi hazırkı işi üzrə də ədalətsiz qərar qəbul olunacağını hesab edir. Ona görə də bir vətəndaş olaraq etirazın qanuni və əsaslı olduğunu və mülki işə Ağcabədi rayon Məhkəməsində deyil, digər rayon məhkəməsində baxılması üçün verilmiş etirazın Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi X2 izahat verərək, iddiaçı tərəfindən verilən etirazın əsassız olduğunu bildirdi. Məhkəmə kollegiyası qeyd edilən halla bağlı aşağıdakıları qeyd edir: “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən ədalət mühakiməsi hakimlərin müstəqilliyi təmin edilməklə, heç bir məhdudiyyət qoyulmadan, faktlara əsasən, qərəzsiz, ədalətlə və qanunlara müvafiq həyata keçirilir. Həmin qanunun 18-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri ədalət mühakiməsinin məhkəmə hakimiyyətinin yüksək statusuna uyğun olan, bütün prosessual tələblərin yerinə yetirilməsinə imkan verən, hakimlərin öz iradəsini ifadə etmək azadlığına təsiri istisna edən şəraitdə həyata keçirirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19.1-ci maddəsinə əsasən hakimin işə baxılmasına aşağıdakı hallarda yol verilmir: - O, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hakim vəzifəsinə təyin edilməmişsə; - O, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq işin baxılması üçün nəzərdə tutulmuş hakim deyildirsə; - O, əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində, apellyasiya və kassasiya instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin baxılmasında iştirak etmişsə. 19.2-ci maddəsinə əsasən aşağıdakı hallarda hakim işə baxılmasında iştirak edə bilməz və ona etiraz edilə bilər: - O, əvvəllər tərəflərdən birinin nümayəndəsi təyin edilmişsə və ya işdə şahid, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi kimi iştirak etmişsə; - O, tərəflərdən biridirsə və ya tərəflərdən birinin və yaxud onun nümayəndəsinin qohumudursa və ya qohumu olmuşsa; - O, şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlıdırsa, ya da onun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas varsa. - Bir-biri ilə qohum olan şəxslərin işə baxan məhkəmə tərkibində iştirakına yol verilmir. 21.1-ci maddəsinə əsasən bu Məcəllənin 19 və 20-ci maddələrində göstərilən hallar olduqda hakim, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi özü-özünə etiraz etməyə borcludur. İşdə iştirak edən şəxslər də həmin əsaslar üzrə etiraz edə bilərlər. 21.3. Məhkəməyə etiraz edən tərəf etirazın əsaslarını sübut etməlidir. Məhkəmə kollegiyası qeyd olunan hüquq normalarına əsaslanaraq qeyd edir ki, Ağcabədi Rayon Məhkəməsində mülki işin baxılmasına mane olan hallar müəyyən edilməmişdir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ərizəsində göstərdiyi hallar hakimə etiraz üçün əsas deyildir. Belə ki, hakim tərəfindən iddiaçının əvvəllər başqa iddia tələbi üzrə iddiasına baxılması onun yeni tələbi üzrə həmin hakim və məhkəmə tərəfindən işə baxılmasını istisna etmir. Belə ki, 3 pilləli məhkəmə sistemində tərəflərin məhkəmə aktından narazı qaldığı halda yuxarı instansiya məhkəməsinə şikayət etmək hüququ nəzərdə tutulmuşdur. Əgər iddiaçı onun barəsində çıxarılmış məhkəmə aktından narazı qaldığı halda apelyasiya şikayəti vermək yolu ilə yuxarı instansiya məhkəməsində həmin məhkəmə aktını mübahisələndirə bilər. Həmçinin məhkəmədə iddiaçının əvvəlki iddia tələbi üzrə qərarın qəbul edilməsi iddiaçı tərəfin mənafeyinə uyğun olması mənasına gəlməməlidir. Mülki iş üzrə mübahisə zamanı sübutların təqdim edilməsi mülki iş üzrə tərəflərin vəzifəsidir. Məhkəmələr isə yalnız təqdim edilmiş sübutlar əsasında yekun məhkəmə aktı qəbul edir. Bu baxımdan məhkəmə kollegiyası qeyd edilən etirazın əsassız olduğundan təmin edilməməsi qənaətindədir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 19- 22, 263 və 264-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdeh Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsinə qarşı istifadə edilməmiş məzuniyyət pullarının ödənilməsi tələbinə dair 2(017)-250/2025 saylı mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin sədri X1 və bütün məhkəmə tərkibinə İddiaçı tərəfindən verilmiş etiraz təmin edilməsin. Mülki iş baxılması üçün Ağcabədi Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar