Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-463/2025 19.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, İddiaçı "xxxx" X5 Cəmiyyətinin nümayəndələri Nümayəndə1 və Nümayəndə2, Cavabdeh vəkili və nümayəndəsi X1 iştirakları ilə, İddiaçı X3 Cavabdeh qarşı borc tələbinə dair Laçın Rayon Məhkəməsinin 04 dekabr 2024cü il tarixli, e-2(047)-1011/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları İş materiallarına əlavə olunmuş sənədlərdən (müqavilə, hesabdan çıxarış, arayış və s.) görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında “Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi” dair xx.xx.2021-ci il tarixli, ******************** saylı müqavilə bağlanmış, həmin müqaviləyə əsasən bank ödəniş kartının verilməsi ilə bağlı müvafiq bank xidmətləri göstərməyi, müştəri isə müqavilə üzrə nəzərdə tutulmuş hallarda komissiya haqlarını, xidmət haqlarını, habelə digər ödənişləri həyata keçirməyi öz öhdəsinə götürmüş, bank tərəfindən müvafiq kart cavabdehə təhvil verilmiş, həmin kart cavabdehin istifadəsində olmuş və bundan sonra xx.xx.2021-ci il tarixdə xarici bankın müştərisi aldadılaraq pul köçürülmüş, daha sonra qarşı bank bu əməliyyat üçün chargeback sorğusu yaratmış və udmuş, bununla əlaqədar olaraq da İddiaçı ASC-nə 2450,52 manat həcmində ziyan dəymişdir. İş materiallarına əlavə olunmuş borcun hissə-hissə ödənilməsi barədə xx.xx.2023-cü il tarixli razılaşmadan görünür ki, Cavabdeh İddiaçı ASC-nə 3002,22 manat borcu olduğunu qəbul etmiş və həmin borcu 24 ay müddətinə, aylıq 125,09 manat məbləğindən az olmayaraq ödəməyi öz üzərinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xəbərdarlıqdan görünür ki, cavabdehə əsassız varlanma nəticəsində əldə edilmiş 172,75 manat gecikdirilmiş vəsaiti 5 (beş) iş günü ərzində ödəməsi ondan xahiş edilmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış etiraz və vəsatətlərin məzmunundan görünür ki, o, iddiaçı "xxxx" ASC tərəfindən ona qarşı irəli sürülən əsassız varlanma nəticəsində əldə edilmiş 2450,52 manat məbləğində pul tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçı ASC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi iddia tələbini onunla əsaslandırmışdır ki, ”Azər-Türk Bank” ASC ilə Cavabdeh arasında “fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsinə dair 19 oktyabr 2021-ci il tarixli, ******************** saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, bank ödəniş kartının verilməsi ilə bağlı müvafiq bank xidmətləri göstərməyi, müştəri isə müqavilə üzrə nəzərdə tutulmuş hallarda komissiya haqlarını, xidmət haqlarını, habelə digər ödənişləri həyata keçirməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə əsasən bank tərəfindən müvafiq kart cavabdehə təhvil verilmiş və onun istifadəsində olmuşdur. xx.xx.2021-ci il tarixdə xarici bankın müştərisi aldadılaraq pul köçürülmüşdür. Qarşı bank bu əməliyyat üçün chargeback sorğusu yaratmış və udmuşdur. Yuxarıda qeyd edilənlərə əsasən Cavabdeh bankın hesabına 2450,52 (iki min dörd yüz əlli manat əlli iki qəpik) manat məbləğində əsassız varlanmışdır. 26 sentyabr 2023-cü il tarixində tərəflər arasında borcun hissə-hissə ödənilməsi barədə razılaşma əldə edilsə də, borc məbləği tam olaraq ödənilməmişdir. Bundan başqa, müqavilənin 2.7-ci bəndinə əsasən, müştərinin ödəniş kartı vasitəsilə apardığı əməliyyata görə bank rəsmi internet səhifəsində yaxud bunun üçün xüsusi yaradılmış digər elektron vasitələrdə əvvəlcədən müəyyən edilmiş şərtlərə uyğun həcmdə və ya məbləğdə geri ödəniş (cashback) həyata keçirə bilər. Müştəri xidmət/satış nöqtələrində alış zamanı alınan mal və ya xidmət geri qaytarıldıqda, ödənilmiş geri ödəniş məbləği (cashback) bank tərəfindən geri qaytarılır. Geri qaytarılan zaman müştərinin hesabında kifayət qədər vəsait olmadığı halda müştərinin ödəniş kartında (hesabında) borc məbləği (overdraft) yaradılır və müştəri tərəfindən qeyd-şərtsiz ödənilməlidir. Bank tərəfindən geri ödənişin (cashback) həyata keçirilməsi birtərəfli qaydada dayandırıla və ya şərtləri dəyişdirilə bilər. Fiziki şəxslərə ödəniş kartinin (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi müqaviləsinin standart şərtlərinin 3.1.8-ci bəndinə əsasən kart hesabına artıq səhvən mədaxil olunmuş vəsait (və ya texniki overdraft) barədə dərhal bankı məlumatlandırmaq, əlavə mədaxil olunmuş vəsaitdən istifadə etməmək, vəsaitin geri qaytarılmasını təmin etmək, əlavə mədaxil olunmuş vəsaitin bank tərəfindən silinməsinə etiraz etməmək, həmin standart şərtlərin 3.1.9-cu bəndinə əsasən isə əməliyyatın aparıldığı tarixdən vəsaitin silinməsi həyata keçirilən tarixədək olan dövr ərzində baş verən valyuta kursu dəyişikliyi nəticəsində və yaxud “offline” terminallarda aparılan əməliyyatlar nəticəsində kart hesabındakı vəsaitdən artıq istifadə halı qeydə alındığı təqdirdə bu vəsaiti qeyd-şərtsiz geri qaytarmaq müştərinin vəzifəsidir. Göründüyü kimi, cavabdeh ilə bank arasında olan 19 oktyabr 2021-ci il tarixli müqavilə ödəniş kartının verilməsi və ondan istifadə münasibətlərini tənzimləyir. Borcun yaranmasına səbəb olan hadisə zamanı cavabdehin əldə etdiyi vəsait onun müqaviləyə əsasən əldə etməli olduğu əmlak (vəsait) deyildir və cavabdehin əsassız varlanması kimi şərh edilməlidir. Borcun ödənilməsi tələbi ilə borcluya dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq Cavabdeh onun istifadəsində ödəniş kartına bağlı olan hesabına köçürülən vəsaitin qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Borcluya göndərilmiş 18 mart 2024-cü il tarixli, 6-3/xx/xx-2680 saylı bildiriş (xəbərdarlıq) məktubu da cavabsız qalmışdır. Hal-hazırda borclunun müqaviləyə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcu 2450,52 (iki min dörd yüz əlli manat əlli iki qəpik) manat təşkil edir ki, bu borcun da cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. Odur ki, Cavabdeh əsassız varlanma nəticəsində əldə etiyi 2450,52 manat pulun və 44,91 manat ödənilmiş dövlət rusumunun İddiaçı ASC-nin xeyrinə tutulması məhkəmədən xahiş edilmişdir. Laçın Rayon Məhkəməsinin (hakim Cavad İbrahimov) e-2(047)-1011/2024 saylı, 04 dekabr 2024cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh əsassız varlanma nəticəsində əldə edilmiş 2450,52 (iki min dörd yüz əlli manat əlli iki qəpik) manat məbləğində pul və 44,91 (qırx dörd manat doxsan bir qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə, 29-cu maddəsinin 2-ci hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 386.1, 439.4, 1091.1, 1091.2, 1092.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmış və qeyd etmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında “Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi” dair xx.xx.2021-ci il tarixli, ******************** saylı müqavilə bağlanmış, həmin müqaviləyə əsasən bank ödəniş kartının verilməsi ilə bağlı müvafiq bank xidmətləri göstərməyi, müştəri isə müqavilə üzrə nəzərdə tutulmuş hallarda komissiya haqlarını, xidmət haqlarını, habelə digər ödənişləri həyata keçirməyi öz öhdəsinə götürmüş, bank tərəfindən müvafiq kart cavabdehə təhvil verilmiş, həmin kart cavabdehin istifadəsində olmuş, bundan sonra xx.xx.2021-ci il tarixdə xarici bankın müştərisi aldadılaraq pul köçürülmüş, daha sonra qarşı bank bu əməliyyat üçün “chargeback” sorğusu verərək mübahisəni öz xeyrinə həll etmişdir. Bundan sonra tərəflər arasında qarşılıqlı razılıq əsasında borcun hissə-hissə ödənilməsi barədə xx.xx.2023-cü il tarixli razılaşma imzalanmış, Cavabdeh İddiaçı ASC-nə 3002,22 manat borcu olduğunu qəbul etmiş və həmin borcu 24 ay müddətinə, aylıq 125,09 manat məbləğindən az olmayaraq ödəməyi öz üzərinə götürmüşdür. Lakin Cavabdeh borcun hissə-hissə ödənilməsi barədə xx.xx.2023-cü il tarixli razılaşmanın tələblərini pozmuş, qeyd edilənlərlə əlaqədar olaraq da İddiaçı ASC-nə hal-hazırda 2450,52 manat həcmində ziyan dəymiş və Cavabdeh bankın hesabına 2450,52 manat məbləğində əsassız varlanmışdır. Cavabdehə əsassız varlanma nəticəsində əldə edilmiş vəsaitin qaytarılması haqqında İddiaçı ASC tərəfindən xx.xx.2024-cü il tarixdə bildiriş göndərilərək gecikdirilmiş vəsaitin banka geri qaytarılması barədə xəbərdarlıq edilsə də, bundan sonra da Cavabdeh tərəfindən əsassız varlanma nəticəsinə əldə olunmuş vəsait geri qaytarılmadığından iddiaçı məcbur olub belə bir tələblə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən də məhkəmə belə hesab edir ki, sonradan tərəflər arasında qarşılıqlı razılıq əsasında borcun hissə-hissə ödənilməsi barədə xx.xx.2023-cü il tarixli razılaşma imzalanmış olsa da belə Cavabdeh heç bir hüquqi əsas olmadan başqa şəxsin, yəni İddiaçı ASC-nin hesabına pul vəsaiti əldə edərək əsassız varlanmışdır. Odur ki, iddia tələbinin təmin edilməsi qanuni və əsaslı hesab olunmalıdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində göstərmişdir ki, İddiaçı ASC xx.xx.2023 tarixində,yəni xaricdən kartına pul gələndən 2 il sonra, əsassız varlanma iddiası ilə Məhkəməyə müraciət etmişdir. Əsassız varlanmaya dair münasibətləri tənzimləyən normaların (Mülki Məcəllənin 1090-1094-cü maddələri) təhlilindən bəlli olur ki, bu əsasa söykənən tələbin keçərliliyi üçün qanunda nəzərdə tutulmuş dizpozitiv şərtlərin eyni vaxta olması tələb olunur: -birincisi, əsassız varlanmaya haqq qazandıran qanuni və ya müqavilə əsası olmur -ikincisi, iddiaçı əmlakdan məhrum olur; -üçüncüsü, cavabdeh iddiaçının hesabına əmlak əldə etmiş olur. Əgər bu şərtlərdən hər hansı biri yoxdursa, tələb keçərli hesab edilmir. Bu səbəbdən, məhkəmədə əsassız varlanma tələbi irəli sürülərkən hər bir şərtin sübut olunması vacibdir. İddiaçı ASC-nin iddiasında yuxarıda göstərilən şərtlərin heç biri mövcud deyildir: 1) xaricdən gələn pul qanuni əsasla bankın sayından və ya bank linki vasitəsi ilə mənim kartına mədaxil edilmişdir. Sonradan, gələn pulun bir qisminə etiraz gəlibsə, bu mübahisə mövzusudur. Bankın təqdim etdiyi “Dispute” sənədindən görünür ki, əməliyyat 3D güvənlik sistemini keçərək,uğurlu olmuş,fraud yükü sıfırdır. Təəccüblidir ki, İddiaçı ASC bu mübahisəni necə uduzub (təqdim olunan sənəddə əksini tapmayıb)? Uduzubsa da bankın nöqsanıdır. 2)Bank ziyana uğrayaraq, məhrum olduğunu subut edə bilmir. Bu subut cavabdehin kartına mədaxil edən xarici banka 3002,22 manat məbləğin (xx.xx.2023 tarixli overdraft razılaşmasında göstərilən) geri qaytarılmasını təsdiq edən hesabdan çıxarış və ödəmə qəbzidir.Bu sənədin adı “REFUND”-dır-yəni vəsaitin geri qaytarılması. “REFUND” (vəsaitin geri qaytarılması) sənədi cavabdehə, məhkəməyə bugünədək təqdim edilməmişdir. İddiaçı ASC-in ziyana uğramasının yeganə sübutu olan “REFUND” (vəsaitn geri qaytarılması) sənədi haqqında məlumat yoxdur. Bank məhrum olmamışdırsa, cavabdeh də onun hesabına varlanmamışdır. xx.xx.2023 tarixində overdraft borc razılaşması bağlanarkən və sonrakı 10 ay ərzində 551,70 manat ödənilərkən bankdan “REFUND” (vəsaitin geri qaytarılması) sənədini tələb etmişdir. Bu “REFUND” sənədi məxfi deyildir, müştərinin tələbi ilə ona bank tərəfindən təqdim edilməlidir. Bu günədək o, bu sənədi görməmişdir. Bu sənəd yoxdursa, xx.xx.2023 tarixli razılaşmanın bağlanması prosesində o, aldadılmış, hədə təsiri altında əqdi bağlamağa məcbur edilmişdir. Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apelyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında Cavabdeh vəkili və nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək Laçın Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya baxışında iddiaçı "xxxx" X5 Cəmiyyətinin nümayəndələri Nümayəndə1 və Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməməsini, Laçın Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, e-2(047)-1011/2024 saylı qətnaməsinin qanuni və əsaslı olduğunu bildirərək, dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdiyindən qətnamə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 14.2.7-ci maddəsinə əsasən, əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas nolmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2.-ci maddəsinə Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1.-ci maddəsinə Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1.-ci maddəsinə bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016cı il 23 fevral tarixli Qərarı: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki hüquq münasibətləri sferasında da müqavilələrdən geniş səviyyədə istifadə olunur. Geniş spektrli mülki hüquq və vəzifələrin əmələ gəlməsi məhz bilavasitə müqavilələrlə bağlıdır. Hüquqi fakt kimi müqavilə-mülki hüquq və vəzifələr əmələ gətirir, dəyişdirir və ya xitam edir. Bu baxımdan müqavilələr öhdəlik hüquq münasibətlərinin (öhdəliklərin) əmələ gəlməsini şərtləndirən hüquqi fakt kimi çıxış edir. Yaponiya mülki hüquq elmində göstərildiyi kimi, müqavilənin məqsədi, adətən, öhdəlik yaratmaqdan ibarətdir. Lakin bütün hüquqi faktların hamısını, istisnasız olaraq, mücnvilə hesab etmək olmaz. Elə hüquqi faktlar vardır ki, onlar müqavilə hesab edilmir. İnsan iradəsindən asılı olmayaraq baş verən hüquqi faktlar, yəni hadisələr (məsələn, tufan, təbii fəlakət, zəlzələ, təbii yanğın və s.) mülki hüquq və vəzifələr əmələ gətirsə də və ya onları ləğv etsə də, müqavilə sayılmır. Hüquq məsuliyyətin müxtəlif növləri fərqləndirilir: sosial məsuliyyət; mənəvi məsuliyyət; siyasi məsuliyyət; hüquqi məsuliyyət. Sosial məsuliyyət daha əhatəli v ümumiləşdirilmiş anlayışdır. Bu məsuliyyət cəmiyyətdəki bütün məsuliyyət növlərini özündə birləşdirir. Bu baxımdan hüquqi məsuliyyət sosial məsuliyyətin bir növü kimi çıxış edir. Mülki hüquqda hüquqi məsuliyyət mülki hüquq məsuliyyəti anlayışı ilə əhatə olunur. Mülki (əmlak) dövriyyənin normal inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Bu şərtin iqtisadiyyatın normal fəaliyyət göstərməsi üçün mühüm əhəmiyyəti vardır. Bəzi hallarda mülki hüquq subyektləri müqavilə və digər öhdəlikləri ya yerinə yetirmirlər, ya da lazımınca icra etmirlər. Bununla onlar mülki hüquq pozuntusu (mülki xətalar) törətmiş olurlar. Müqavilə və digər öhdəliklərin pozulması — törədilmiş mülki hüquq pozuntuları nəinki subyektlərin əmlak sferasına, habelə bütövlükdə ölkə iqtisadiyyatına və vətəndaş cəmiyyətinə mənfi təsir göstərir. Bunun nəticəsində istehsalın sabitliyi pozulur, cəmiyyətin əmtəə-pul münasibətləri mexanizmində qeyri-müntəzəmlik, fasilə, boş dayanma və pozuntu halları yaranı Mülki işin araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında “Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsinə” dair xx.xx.2021-ci il tarixli müqavilə bağlanmış, müqavilə şərtinə əsasən bank tərəfindən müvafiq kart cavabdehə təhvil verilmiş və onun istifadəsində olmuşdur. Qeyd edilən müqavilənin 2.7-ci bəndinə əsasən müştərinin ödəniş kartı vasitəsilə apardığı əməliyyata görə bank rəsmi internet səhifəsində yaxud xüsusi yaradılmış digər elektron vasitələrdə əvvəlcədən müəyyən edilmiş şərtlərə uyğun həcmdə və ya məbləğdə geri ödəniş (cashback) həyata keçirə bilər. Müştəri xidmət/satış nöqtələrində alış zamanı alınan mal və ya xidmət geri qaytarıldıqda, ödənilmiş geri ödəniş məbləği (cashback) Bank tərəfindən geri qaytarılır. Geri qaytarılan zaman müştərinin hesabında kifayət qədər vəsait olmadığı halda müştərinin ödəniş kartında (hesabında) borc məbləği (overdraft) yaradılır və müştəri tərəfindən qeyd-şərtsiz ödənilməlidir. Bank tərəfindən geri ödənişin (cashback) həyata keçirilməsi birtərəfli qaydada dayandırıla və ya şərtləri dəyişdirilə bilər. “Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə Xidmətlərin göstərilməsi müqaviləsinin standart şərtlərinin 3.1.8-ci və 3.1.9-cu bəndlərinə əsasən kart hesabına artıq səhvən mədaxil olunmuş vəsait (və ya texniki overdraft) barədə dərhal bankı məlumatlandırmaq, əlavə mədaxil olunmuş vəsaitdən istifadə etməmək, vəsaitin geri qaytarılmasını təmin etmək, əlavə mədaxil olunmuş vəsaitin bank tərəfindən silinməsinə etiraz etmək; əməliyyatın aparıldığı tarixdən vəsaitin silinməsi həyata keçirilən tarixədək olan dövr ərzində baş verən valyuta kursu dəyişikliyi nəticəsində və yaxud “Offline” terminallarda aparılan əməliyyatlar nəticəsində kart hesabındakı vəsaitdən artıq istifadə halı qeydə alındığı təqdirdə bu vəsaiti qeyd-şərtsiz geri qaytarmaq müştərinin vəzifəsidir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, xaricdən gələn pul qanuni əsasla bankın saytından və ya bank linki vasitəsi ilə onun kartına mədaxil edilmişdir. Sonradan, gələn pulun bir qisminə etiraz gəlibsə, bu mübahisə mövzusudur. Bankın təqdim etdiyi “Dispute” sənədindən görünür ki, əməliyyat 3D güvənlik sistemini keçərək,uğurlu olmuş,fraud yükü sıfırdır. Təəccüblidir ki, İddiaçı ASC bu mübahisəni necə uduzub(təqdim olunan sənəddə əksini tapmayıb). Uduzmuş olasa belə, bankın nöqsanıdır. Bank ziyana uğrayaraq, məhrum olduğunu sübut edə bilmir. Bu sübut cavabdehin kartına mədaxil edən xarici banka 3002,22 manat məbləğin (xx.xx.2023 tarixli overdraft razılaşmasında göstərilən)geri qaytarılmasını təsdiq edən hesabdan çıxarış və ödəmə qəbzidir. Bu sənədin adı “REFUND”-dır-yəni, vəsaitin geri qaytarılması. “REFUND” sənədi cavabdehə, məhkəməyə bu günədək təqdim edilməmişdir. Kollegiya qeyd edir ki, dispute (mübahisə) sənədidir və saxta (fraud) tranzaksiya iddiası ilə bağlı mübahisəni əks etdirir. İş materiallarlnda olan X6-Arbitration Questionnaire- Fırıldaqçılıq Mübahisəsi ilə bağlı Arbitrajdan əvvəlki anketdən görünür ki, “invalid dispute” etibarsızlıqla bağlı mübahisə başladılmışdır. Bank bildirmişdir ki, “PAY.ATB.AZ/CARD” onların rəsmi ticarətçisidir və bu ticarətçi vasitəsilə kredit kartlarının balansı artırılır və ödənişlər edilir. Bütün ödənişlər 3D Secure (3DS) yoxlaması ilə təsdiqlənir. Yəni, ödəniş icazəsiz olmamışdır, çünki kart sahibinin təsdiqi tələb olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qarşı bank bu əməliyyat üçün “chargeback” sorğusu verərək mübahisəni öz xeyrinə həll etmişdir. Bundan sonra tərəflər arasında qarşılıqlı razılıq əsasında borcun hissə-hissə ödənilməsi barədə xx.xx.2023-cü il tarixli razılaşma imzalanmış, Cavabdeh İddiaçı ASC-nə 3002,22 manat borcu olduğunu qəbul etmiş və həmin borcu 24 ay müddətinə, aylıq 125,09 manat məbləğindən az olmayaraq ödəməyi öz üzərinə götürmüşdür. Lakin Cavabdeh borcun hissə-hissə ödənilməsi barədə xx.xx.2023-cü il tarixli razılaşmanın tələblərini pozmuş, qeyd edilənlərlə əlaqədar olaraq da İddiaçı ASC-nə hal-hazırda 2450,52 manat həcmində ziyan dəymiş və Cavabdeh bankın hesabına 2450,52 manat məbləğində əsassız varlanmışdır. Eyni zamanda cavabdeh apellyasiya şikayətində “Refund” sənədinin yeganə sübut olmasını qeyd etmişdir. Bu dəlillə bağlı Kollegiya qeyd edir ki, borcun yaranması və mövcudluğu sübut olunmuşdur. Belə ki, 1.xx.xx.2023 tarixli overdraft borc razılaşmasın tərəflər arasında borcun mövcudluğunu təsdiq edən rəsmi sənəd olaraq yazılı sübut növüdür. 2.Müqavilə bağlanarkən cavabdeh razılaşmanın şərtləri ilə razılaşmış və borcun ödənilməsinə dair öhdəlik götürmüşdür. Bununla yanaşı, refund sənədi isə borcun mövcudluğunu təsbit edən yeganə sübut kimi qəbul edilə bilməz. Çünki refund sənədi yalnız vəsaitin geri qaytarılmasını təsdiq edən sənəddir. Lakin mübahisədə əsas məsələ borcun yaranması və mövcudluğudur, bu isə artıq overdraft razılaşması və ödənişlər əsasında sübut olunur. Refund sənədinin təqdim edilməməsi borcun olmadığını göstərmir. Məhkəməyə təqdim olunan hesabdan çıxarışda pulların köçürülməsi təsdiq olunur. Cavabdeh, müqaviləni hədə təsiri altında imzaladığını iddia edir, lakin bunu sübut edən heç bir fakt təqdim etməyib. Kollegiya cavabdehin bu arqumenti zəiflədən məqamları qeyd edir: Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, xx.xx.2023-cü il tarixdə overdraft razılaşması bağlandıqdan sonrakı 10 ay ərzində, 551.70 manat ödəniş etmişdir. Əgər həqiqətən razılaşma hədə altında bağlanılmışdırsa, cavabdeh tərəfindən borcun müəyyən hissəsinin ödənilməsi ağlabatan və məntiqli deyildir. Bundan başqa, əqd bağlayan zaman vacib əhəmiyyətli yanılmanın şərtləri aşağıdakılardır (AR MM 347.2) 1.Şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; 2.Şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; 3.Tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. Lakin mövcud iş üzrə təqdim olunan sübutlar və hüquqi dəyərləndirmə göstərir ki, cavabdehin irəli sürdüyü dəlillər qeyd edilən hallardan heç birinə uyğun gəlmir. Cavabdeh iddia edir ki, bank zərərə uğramayıb və buna görə də cavabdeh əsassız varlanmayıb. 1.Lakin overdraft razılaşması, faktiki ödənişlər və digər sübutlar göstərir ki, borc yaranmışdır və ödənilməlidir. 2.Bununla belə, bankın maddi ziyana uğrayıb-uğramaması borcun geri qaytarılmasının zəruriliyini ortadan qaldırmır. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddianın hüquqi əsası kimi əsassız varlanma nəticəsində əldə edilənləri qaytarma vəzifəsi ilə əlaqədar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091 və 1092-ci maddələrinin nəzərdən keçirilməsi ilə bağlı gəldiyi qənaət düzgün olmuşdur. Belə ki, hüquqqoruyucu öhdəlik münasibətləri müqavilə əsasında əmələ gəlmir. Bu cür münasibətlər zərər vurmaqdan, ziyan yetirməkdən və ya əsassız varlanmadan əmələ gəlir. Həmin münasibətlər iki cür olur: delikt öhdəlik münasibətləri; əsassız varlanma ilə bağlı olan öhdəlik münasibətləri. Əsassız varlanmaya dair münasibətləri tənzimləyən normaların təhlilindən bəlli olur ki, bu əsasa söykənən tələbin keçərliliyi üçün qanunda nəzərdə tutulmuş dizpozitiv şərtlərin, həm də eyni vaxta olması tələb olunur: - birincisi, əsassız varlanmaya haqq qazandıran qanuni və ya müqavilə əsası olmur, eləcə də bu cür varlanma həyata keçirilmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənir; - ikincisi, iddiaçı əmlakdan məhrum olur; - üçüncüsü, cavabdeh iddiaçının hesabına əmlak əldə etmiş olur.cavabdeh qeyd edilən məbləği bank təşkilatına ödəmədiyindən, o, həmin məbləğ həddində əsassız varlanmışdır. Hazırki iş üzrə tərəflər arasında bağlanılmış müqavilə şərtinin cavabdeh tərəfindən pozulması nəticəsində iddiaçının ziyanla bağlı tələbinin təmini üçün işin müəyyən olunmuş faktiki hallarının istinad olunan qanunun dispozitiv şərtlərinə cavab verməsi – uyğun gəlməsi müəyyən olunur. Yəni işin qeyd edilən halında cavabdeh iddiaçının hesabına qanuni əsas olmadan əmlak əldə etmiş, əsassız varlanmış, iddiaçı da bunun nəticəsində həmin əmlakdan məhrum olmuşdur. Cavabdeh apellyasiya şikayətində irəli sürdüyü dəlilləri əsaslandırmaq üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. Buna görə də onun iddiaları yalnız subyektiv mülahizələrdən ibarət olmaqla, hüquqi və faktiki əsaslardan məhrumdur. Məhkəmə işə baxarkən yalnız tərəflər tərəfindən təqdim olunmuş və işin mahiyyətinə aidiyyəti olan sübutları nəzərə alır. Sübutların məhkəməyə təqdim edilməsi kifayət etmir; onlar eyni zamanda işin halları ilə əlaqəli olmalı və onların həqiqiliyinə, mötəbərliyinə şübhə yeri qalmamalıdır. Sübutlar qanuni qaydada əldə edilməli və prosessual normalara uyğun təqdim olunmalıdır. Qətnamənin çıxarılması zamanı məhkəmə iş üzrə toplanmış sübutları hərtərəfli, tam və obyektiv şəkildə qiymətləndirir. Hakim sübutların dəyərini müəyyən edərək, iş üçün əhəmiyyətli olan halların təsdiqlənib-təsdiqlənmədiyini araşdırır. Eyni zamanda, məhkəmə tərəflərin hüquqi münasibətini müəyyən edir və mübahisənin həlli üçün tətbiq edilməli olan qanun normalarını dəqiqləşdirir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin həlli baxımından düzgün qənaətə gəlmişdir. Apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur, odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirələn hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki halda mübahisələndirilən hissədə iddianın qiyməti qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının 382, 384.0.1, 385.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Laçın Rayon Məhkəməsinin e-2(047)-1011/2024 saylı, 04 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-463/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-463/2025
19.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver