Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-468/2024 12.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, Kərimov Tale Suliddin oğlu və X1 ibarət məhkəmə tərkibində, İddiaçı MMC-nin Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli 2(022)-758/2023 saylı qərardadından Cavabdeh nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, avtomobilə dəymiş ziyanın əvəzi olaraq 7770,30 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Biləsuvar Rayon Məhkəməsinin 01 avqust 2023-cü il tarixli e-2(022)-758/2023 saylı qətnaməsi ilə (hakim Nüsrət Mirzəyev) Cavabdeh vurulmuş maddi ziyana görə 7770 (yeddi min yeddi yüz yetmiş) manat 30 (otuz) qəpik və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənişin əvəzi qismində 50 (əlli) manat məbləğində pul vəsaitinin alınıb İddiaçı hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh tərəfindən Biləsuvar Rayon Məhkəməsinin 01 avqust 2023-cü il tarixli 2(022)-758/2023 saylı qətnaməsindən apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə verilmişdir. Biləsuvar Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli 2(022)-758/2023 saylı qərardadı ilə Cavabdeh apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 363.1.3-cü maddəsinin tələblərinə riayət edilmədən verilməsi əsası ilə geri qaytarılmışdır. Cavabdeh İmanzadə X2 Rayon Məhkəməsinin 14 noyabr 2023- cü il tarixli 2(022)- 758/2023 saylı qərardadından şikayət verərək onun ləğv edilərək vəsatətin təmin olunmasını xahiş etmişdir. Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(022)-758/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətdə göstərilmişdir ki, cavabdeh xx.xx.2023-cü ildə qətnaməni rəsmi qaydada məhkəmədən almışdır. Qətnamədən xx.xx.2023-cü ildə poçt vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayət vermişdir. Hüquqlarını bilmədiyi üçün şikayəti düzgün yazmamış və birbaşa Şirvan Apellyasiya Məhkəməsinə göndərmişdir. Qətnamədən şikayət vermə müddətni üzrlü səbəbdən ötürmüşdür. Şirvan Apellyasiya Məhkəməsinə ünvanlanmış məktubun qəbzini vəsatətə əlavə etmişlər. Qətnamədən şikayət vermə müddəti üzrlü səbəbdən ötürülmüşdür. Lakin məhkəmə qərəzli şəkildə vəsatəti təmin etməmişdir. Məhkəmə MPM-in 133.1-ci maddəsinin tələbini nəzərə almamaqla MPM-in tələbini pozmuşdur, çünki işdə olan poçt qəbzi ilə sübut olunur ki, cavabdeh xx.xx.2023-cü il tarixdə aldığı qətnamədən apellyasiya şikayətini xx.xx.2023-cü ildə birbaşa Şirvan Apellyasiya Məhkəməsinə göndərmişdir. Sonradan məhkəmədən ona zəng edərək, şikayəti Biləsuvar Rayon Məhkəməsi vasitəsilə göndərilməsini bildirmişlər və xx.xx.2023cü ildə cavabdeh həmin qətnamədən apellyasiya şikayətini elektron qaydada Biləsuvar Rayon Məhkəməsinə göndərmişdir (qərardadda qeyd olunub ki, xx.xx.2023-cü ildə göndərilib. Elektron sistemdə isə xx.xx.2023-cü ildə göndərildiyi öz əksini tapır). Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və işin müəyyən edilmiş hallarına prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verərək belə yekun nəticəyə gəlir ki, cavabdehin şikayəti qismən təmin edilməli, Biləsuvar Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli 2(022)-758/2023 saylı qərardadı ləğv edilməli, Biləsuvar Rayon Məhkəməsinin 01 avqust 2023-cü il tarixli 2(022)-758/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəyə baxılaraq hüquqi qiymət verilməsi üçün mülki iş materialları Biləsuvar Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. MPM-in 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. Kollegiya diqqətə çatdırır ki, MPM-in 130.1-ci və 130.3-cü maddələrinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur; prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133-cü maddəsinin tələblərinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır; Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Bundan əlavə, nəzərə alınmalıdır ki, adıçəkilən maddənin imperativ göstərişinə görə buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. Qeyd edilməlidir ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi Cavabdeh tərəfindən Biləsuvar Rayon Məhkəməsinin 01 avqust 2023-cü il tarixli e-2(022)- 758/2023 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin bərpa edilməsinə dair ərizə - vəsatətə (iş materialları, səh.: 54) işin müəyyən edilmiş hallarına uyğun olaraq heç bir hüquqi qiymət verməmişdir. Bununla yanaşı, qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin forma və məzmununa, habelə müddətlə bağlı tələblərinə əməl edilib-edilməməsi eyni anda yoxlanılmamışdır. Beləliklə, məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına MPM-in tələbləri baxımından hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin geri qaytarılması barədə yanlış qənaətə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edilənlərlə yanaşı diqqətə çatdırır ki, hər kəsin qanunla qorunan öz hüquq və azadlıqlarını qorumaq və təmin etmək məqsədilə məhkəmə müdafiəsindən istifadə etmək hüququna hörmət baxımından mübahisələndirilən qərardadla əldə edilən qənaət mülki məhkəmə icraatının vəzifələrinin imperativ göstərişlərinə uyğun deyildir və mülki prosessual qanunvericiliyin tələblərinə ziddir. MPM-in 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Şərh olunanlara əsasən və MPM-in 263, 264, 397.2, 398, 400 və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Biləsuvar Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli 2(022)-758/2023 saylı qərardadı ləğv edilsin. Biləsuvar Rayon Məhkəməsinin 01 avqust 2023-cü il tarixli 2(022)-758/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəyə baxılaraq hüquqi qiymət verilməsi üçün mülki iş materialları Biləsuvar Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-468/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-468/2024
12.02.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver