Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-469/2025 19.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, katib X1, Cavabdeh İmişli şəhər N.Nərimanov adına 1 nömrəli məktəb-liseyin direktoru Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh2 və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil-Muğan Regional Təhsil İdarəsinə qarşı “əmrin ləğv edilməsi və məlumatların təkzib edilməsi” tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli, 2(036)-1868/2024 saylı qətnaməsindən İddiaçı nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları “Azemis” Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, iddiaçının əmək müqaviləsi məlumatında işəgötürən xanasında “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil-Muğan Regional Təhsil İdarəsi”, VÖEN xanasında **********, vəzifə olaraq müəllim, əmək haqqı olaraq 928.91 sözləri qeyd edilmişdir. xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixdə keçirilmiş pedoqoji şurada elan edilmiş xəbərdarlıqların təsdiq edilmiş surətlərinin ona təqdim edilməsi xahiş olunmuşdur. İmişli Rayon VVAQ şöbəsi tərəfindən verilmiş V-JQ seriyalı, 283634 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə İddiaçı arasında xx.xx.1990-cü il tarixdə nikah bağlanmış nikah 56 №-li akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada “Aslanova” soyadı verilmişdir. İmişli şəhər N.Nərimanov adına 1 nömrəli humanitar fənlər təmayüllü məktəb-liseyin xx.xx.2024-cü il tarixli 61 nömrəli əmrindən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsini və “Təhsilverənlərin etik davranış qaydaları”nı əsas götürərək əmr edirəm: Məktəbin GÇQH müəllimi X4 və məktəbin rus dili müəllimi X6 “Təhsilverənlərin etik davranış qaydaları”nın tələblərini pozduqları üçün onlara Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü bəndinə əsasən xəbərdarlıq elan edilsin. xx.xx.2024-cü il tarixli iddiaçının İmişli şəhər N.Nərimanov adına 1 nömrəli humanitar fənlər təmayüllü məktəb-liseyin direktoruna verdiyi izahatından görünür ki, 23 may saat 09:45-də rus dili dərsini keçmək üçün 36-cı otağın qapısını açarkən hərbi hazırlıq müəllimi Səbuhi Məmmədov gəlmiş və “bu sinifdə mən dərs keçəcəm” demişdir. O, deyəndə ki, “siz 22-ci otaqda dərs keçirsiz”, cavabı bu oldu ki, “o sinfin açarını tapmadım və mən axtarmalı deyiləm, 36-cı otaq mənimdir və mən burda dərs keçəcəm”. Müəllimlər otağında Səbuhi müəllim bərk səslə ona “sən” deyə müraciətlə səs-küy yaratdı. O, 22-ci otağın açarını axtarıb tapmış və İXa sinfini orada dərs keçmək üçün aparmışdır. xx.xx.2024-cü il tarixli X2 izahatından görünür ki, 23 may saat 09:45-də dərs keçmək üçün məktəbin hərbi hazırlıq sinifindən istifadə etmək üçün istəmişdir. Sinifə gedən zaman məktəbin rus dili müəllimi İddiaçı ilə sinifin qarşısında onun sinifə girməyinə maneə olaraq onu təhqir etmiş və oda qarşılığı olaraq ona öz etirazını bildirmişdir. Nəticədə müəllimlər otağında qarşılıqlı ittihamlarla bir-biriləri ilə mübahisə etmişlər. İş materiallarında olan 06 iyun 2024-cü il tarixli poçt qəbzinin – məxaric qəbzinin surətindən surətindən görünür ki, Cavabdeh2 direktoru Nümayəndə2 İddiaçı tərəfindən əmrin təqdim edilməsi barədə müvafiq ərizə göndərilmişdir. İş materiallarında olan 10 iyun 2024-cü il tarixli poçt qəbzinin – məxaric qəbzinin surətindən surətindən görünür ki, Cavabdeh2 direktoru Nümayəndə2 tərəfindən İddiaçı müvafiq ərizə göndərilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli MŞS/MT023/2024-01377 nömrəli Sabirabad 1 saylı Mediasiya Təşkilatının arayışından görünür ki, iddiaçı 60 manat məbləğində pul vəsaitini Sabirabad 1 saylı Mediasiya Təşkilatının hesabına köçürmüşdür. İş materiallarında yaddaş qurğusunda (flash kartda) olan audio-video yazıya baxış zamanı müəyyən edilmişdir ki, məktəbin GÇQH müəllimi X4 və məktəbin rus dili müəllimi X6 yüksək səslə mübahisə etmişlər. Həmin vaxt mübahisə müəllimlərin otağında başlasa da, otağın qapısının açıq olduğu və şagirdlərin dəhlizdən keçməsi müşahidə olunur. Daha sonra X3 dəhlizə çıxaraq, yüksək səslə X4 ilə mübahisəni davam edərək, uzaqlaşması görünür. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh2ə və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil-Muğan Regional Təhsil İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xəbərdarlıq edilməyi barədə Cavabdeh2 direktoru Nümayəndə2 (tarixi və nömrəsi bəlli deyil) tərəfindən verilmiş əmrin ləğv edilməsi və 60 manat mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia ərizəsini dəqiqləşdirərək, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil-Muğan Regional Təhsil İdarəsinin digər cavabdeh kimi cəlb edilməsini və Cavabdeh2 xx.xx.2024-cü il tarixli 61 nömrəli xəbərdarlıq barədə əmrinin ləğv edilməsi, məktəbin pedaqoji şura iclasının çağırılması və günahsız olduğunun, qayda pozuntusuna yol vermədiyi, xx.xx.2024 tarixli şura iclasında elan edilmiş və haqqında mənfi rəy yaradan məlumatlara təkzib verilməsinin cavabdehlərə həvalə edilməsi və 60 manat mediasiya xərcinin cavabdehlərdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 1 saylı məktəb-liseyin rus dili müəlliməsidir. Direktor Nümayəndə2 xx.xx.2024-cü il tarixdə məlumat verdi ki, bu gün pedaqoji şura olacaq. Məktəbin xx.xx.2024-cü il tarixdə keçirilmiş pedaqoji şurasında mətnini oxumaqla elan etdi ki, rus dili müəllimi İddiaçı və hərbi hazırlıq müəllimi Səbuhi Məmmədovu xəbərdarlıq edir. Həmin həftə qeyd edilən xəbərdarlıqların surətinin ona təqdim edilməsi üçün ona 2 (iki) dəfə şifahi müraciət etmiş, vaxtı yoxdur və sair səbəblər gətirməklə xahişini təmin etməmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə ona yazılı müraciət tərtib etmiş, müraciətini həmin gün, saat 14:00-da təlim tərbiyə işləri üzrə direktor müavininə təhvil vermişdir. Təhvil verdikdən sonrakı 1 saat ərzində dəfələrlə otağına yaxınlaşmış, vaxtı yoxdur, məşğuldur bildirməklə direktor xəbərdarlıqları ona təqdim etməmişdir. xx.xx.2024-cü il tarixdə səhər saatlarında yenidən ona yaxınlaşıb, yazılı müraciətinə uyğun xəbərdarlıqların ona təqdim edilməsini bir daha xahiş etmişdir. Bildirir ki, xəbərdarlıqlar ona poçtla, 10 gündən sonra göndəriləcək. Direktora “Azərpoçt” vasitəsi ilə xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək xx.xx.2024-cü il tarixdə keçirilmiş pedaqoji şurada elan edilən xəbərdarlıqların təsdiq edilmiş surətinin ona təcili təqdim edilməsini xahiş etmişdir. Müraciətinə hazırkı vaxta kimi cavab verilməyib. Pedaqoji şura iclasında direktor xəbərdarlığın mətnini oxumaqla elan etdi ki, “Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 2014-cü il 16 may 06 N-li əmrə əsasən təsdiq edilmiş müəllimlərin etik davranış qaydalarını əsas götürərək qərara alıram: Məktəbin hərbi hazırlıq müəllimi X5, məktəbin rus dili müəllimi İddiaçı Qeyd olunan qərarın 3.9-cu maddəsi - müəllimin pedaqoji əxlaqi normalara riayət etməli, müəllim nüfuzunu yüksək tutmalı, ziyalılıq nümayiş etdirməlidir. 4.1-müəllim təhsilalanların münasibətinə qarşılıqlı hörmət, hörmətə əsaslanan ünsiyyət tərzi seçməlidir. 4.1.3-müəllim təmkinli davranmalıdır, hər bir vəziyyətdən özünü ələ almağı bacarmalıdır. 4.1.9 - müəllim təhsilalanlara qarşı fiziki zor işlətməməli, onlara şərəf və ləyaqətini alçaldan hərəkətlərə yol verməməlidir. Qeyd olunan maddələrə tələblər pozulduğu üçün hər iki müəllimə xəbərdarlıq edilsin”. Hadisənin əsl mahiyyəti aşağıdakı kimi olmuşdur. 23 may saat 09:45-də rus dili dərsini keçmək üçün 36-cı otağın qapısını açarkən hərbi hazırlıq müəllimi Səbuhi Məmmədov gəlmiş və “bu sinifdə mən dərs keçəcəm” demişdir. O, deyəndə ki, “siz 22-ci otaqda dərs keçirsiz”, cavabı bu oldu ki, “o sinfin açarını tapmadım və mən axtarmalı deyiləm, 36-cı otaq mənimdir və mən burda dərs keçəcəm”. Müəllimlər otağında Səbuhi müəllim bərk səslə ona “sən” deyə müraciətlə səs-küy yaratdı. O, 22-ci otağın açarını axtarıb tapmış və İXa sinfini orada dərs keçmək üçün aparmışdır. Əgər bu hərəkətləri günahdırsa və ya orada hər hansı qayda pozuntusu varsa qoy məhkəmə ona qiymət versin, Yusif müəllim ona qarşı qərəzlidir. Dəfələrlə tələb etməyinə baxmayaraq Yusif müəllim ona xəbərdarlığın surətini verməmiş və bu səbəbdən iddianın əsaslandırmasını aparmaq mümkün olmur. Xəbərdarlıq məhkəməyə təqdim edildikdən sonra ona dair ətraflı münasibət bildirəcəkdir. Mübahisənin mediasiya qaydasında həlli ilə bağlı direktora xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Eyni zamanda bununla bağlı xx.xx.2024-cü il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasına Yusif müəllim gəlməmişdir. İmişli Rayon Məhkəməsinin Məhkəməsinin (hakim Orxan Mahmud) 24 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunun 33.1, 33.3, 33.3.5-ci maddələrinə, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının 15 may 2024-cü il tarixli KQ-07 nömrəli Qərarı ilə təsdiq edilmiş Təhsilverənlərin etik davranış Qaydalarının 2.4.1, 2.2.1, 3.1, 3.2, 5.1, 5.2.2, 5.2.4-cü bəndlərinə istinad etmiş və qeyd etmişdir ki, intizam tənbehləri kimi isə töhmət vermək, sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək, kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtiilə cərimə etmək, əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək müəyyən edilmişdir. Xəbərdarlığın isə intizam tənbehi sayılmaması təsbit edilmişdir. Göründüyü kimi xəbərdarlıq ümumiyyətlə intizam tənbehi sayılmamaqla fərdi əmək mübahisəsinin predmeti ola bilməz. Belə olan halda, məhkəmə hesab edir ki, xəbərdarlıq barədə əmrin ləğv edilməsini mübahisələndirmək üçün iddiaçının subyektiv hüququ yaranmadığı üçün iddia tələbi həmin hissədə təmin edilə bilməz. Məhkəmə hesab edir ki, iddia tələbinin məktəbin pedaqoji şura iclasının çağırılması və iddiaçının günahsız olduğunun, qayda pozuntusuna yol verməməsi, xx.xx.2024 tarixli şura iclasında elan edilmiş və haqqında mənfi rəy yaradan məlumatlara təkzib verilməsinin cavabdehlərə həvalə edilməsi edilməsi hissəsində İmişli şəhər N.Nərimanov adına 1 nömrəli humanitar fənlər təmayüllü məktəb-liseyin xx.xx.2024-cü il tarixli 61 nömrəli xəbərdarlıq barədə əmrinin əsasını təşkil edən faktlar təsdini tapdığı üçün təmin edilə bilməz. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən İddiaçı nümayəndəsi Nümayəndə1 apellyasiya şikayəti vermişdir. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmiş, apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Əmək Məcəlləsinin 186-ca maddəsinin 3-cü bəndinə əsasən xəbərdarlıq aşağıdakı hallarda verilə bilər: 1)İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, 2)Bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda. Çünki Əmək Məcəlləsinin 186-cımaddəsinin 3-cü bəndinə əsasən xəbərdarlıq həmin maddənin 2-ci hissəsində göstərilən pozuntular baş verdikdə verilə bilər. Burada işəgötürənin seçimi var, pozuntu varsa ya işçiyə intizam tənbehi vermək və ya onu xəbərdar etmək. İşçi haqqında görülən hər iki hərəkət tənbehdir, biri intizam tənbehi, digəri adi tənbehdir. Hər ikisinin verilməsinə əsas əmək və icra intizamının pozuntusudur. Belə olan halda iddiaçının necə subyektiv hüququ yaranmaya bilər? Axı həmin tənbehin verilməsi əmək və icra intizamı pozulduğu halda verilə bilər. Əmək və icra intizamı pozulmadığı halda tənbeh necə verilə bilər? Digər tərəfdən isə direktor həmin xəbərdarlığı(adi intizam tənbehini) əsas tutaraq pedaqoji şura çağırır, kollektivin içərisində iddiaçını biabır etməyə çalışır. Sadalanan hallarda subyektiv hüquq necə yaranmaya bilər? Daha sonra iddiaçı apellyasiya şikayətinə əlavə göndərərək qeyd etmişdir ki, məhkəmə təqdim edilmiş videoya istinad edib ki, o, yüksək səslə danışmışdır. Lakin onun səsi anadangəlmə başqa səslərdən fərqli, bir qədər yüksəkdir, bunu hamı bilir. Digər tərəfdən isə videoda Səbuhi müəllimin münahisəyə başlaması, anası yerində olan - ona və müəlliməsinə səsini yüksəltməsi eşidilir. Nəticədə onun öz səsi onun yüksək səsinə qarışır. Belə olan halda demək ki, o, yüksək səslə danışmamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh Mil-Muğan Regional Təhsil İdarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayətinə qarşı etiraz göndərmiş, etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Həmin Məcəllənin 190-cı maddəsinə əsasən işçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər. Qeyd olunanlardan belə qənaətə gəlinir ki, xəbərdarlıq intizam tənbehi sayılmır və fərdi əmək mübahisəsinin həlli üçün xəbərdarlıqdan məhkəməyə müraciət hüququ əmək qanunvericiliyində nəzərdə tutulmamışdır. 23 may 2024-cü il tarixdə saat 09:45 radələrində imişli şəhər 1 saylı humanitar məktəb liseydə 3-cü dərs saatı zamanı gənclərin çağırışaqədərki hazırlığı rəhbəri X4 ilə rus dili müəllimi İddiaçı arasında sinif otağının hansı fənnin tədrisi üçün ayrılması barədə fikir ayrılığı yaranmaqla sözlü münaqişə baş vermiş və bir birilərinə qarşı yüksək səs tonu ilə rəftar edərək digər şəxslərə mənfi nümunə olmaqla “Təhsilverənlərin etik davranış Qaydalan”nın tələblərini pozmuşdurlar. Həmin Qaydaların 2.4.1-ci bəndinə əsasən təhsilverən təhsil prosesinin iştirakçıları ilə davranışında nəzakətli və təmkinli olmalıdır. 5.2.4-cü bəndinə əsasən müəssisə rəhbəri etik davranış qaydalarını pozan təhsilverənlərin intizam məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görməlidir. Qeyd olunanlar nəzərə alınaraq, 23 may 2024-cü il tarixdə S.V.Məmmədov və İddiaçı izahatları alınmaqla 27 may 2024-cü il tarixli 61 nömrəli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü bəndinə əsasən onlara xəbərdarlıq elan olunmuşdur. Odur ki, İddiaçı tərəfindən irəli sürülmüş iddianın rədd olunmasını xahiş etmişlər. Apellyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən cavabdeh İmişli şəhər N.Nərimanov adına 1 nömrəli məktəb-liseyin direktoru Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməməsini, İmişli Rayon Məhkəməsinin 2(036)-1868/2024 saylı, 24 oktyabr 2024-cü il tarixli qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etdi. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada İddiaçı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil-Muğan Regional Təhsil İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iclasda iştirak etməmişdir. Odur ki, məhkəmə kollegiyası məhkəmə icraatının tezliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçının və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil-Muğan Regional Təhsil İdarəsinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iş üzrə yeni qətnamə qəbul edilməsini, iddianın təmin edilməsini xahiş etməklə, qətnamə apellyasiya şikayətinin dəlilləri həddində yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır; 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; 125-ci maddəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; 129-ci maddəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 2.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslanır. 186-cı maddəsinə əsasən Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri
1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.
2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının 15 may 2024-cü il tarixli KQ-07 nömrəli Qərarı ilə təsdiq edilmiş Təhsilverənlərin etik davranış Qaydalarının 2.4-cü bəndinə görə, Mədəni davranış: təhsilverən təhsil prosesinin iştirakçıları ilə davranışında nəzakətli və təmkinli olmalıdır; təhsilverən xidməti fəaliyyəti ilə əlaqədar iradlara, tənqidi fikirlərə hörmətlə yanaşmalı və onları dəyərləndirməlidir; təhsilverənin xarici görkəmi və geyimi çalışdığı təhsil müəssisəsinin daxili nizam-intizam qaydalarına uyğun olmalıdır.
Azərbaycan Respublkası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” 2008-ci il 22 sentyabr və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2012-ci il 2 aprel tarixli Qərarları Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu, öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarının müdafiə ediləcəyinə, hüquq tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiq etmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə Kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi mübahisənin həlli baxımından düzgün qənaətə gəlmişdir. Kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əmək münasibətləri cəmiyyətin iqtisadi və sosial strukturunun əsasını təşkil edən münasibətlərdən biridir. Bu münasibətlər işçi ilə işəgötürən arasında əmək müqaviləsi əsasında tənzimlənir və qarşılıqlı hüquq və vəzifələri müəyyən edir. Əmək intizamı isə əmək münasibətlərinin effektivliyini və nizamlı fəaliyyətini təmin edən mühüm elementlərdən biridir. Əmək intizamı işçinin öz vəzifələrini yerinə yetirməsi, müəssisənin daxili qaydalarına riayət etməsi və müəyyən olunmuş normativ çərçivədə fəaliyyət göstərməsi deməkdir. Əmək intizamına riayət olunması: 1.İş prosesinin stabil və fasiləsiz aparılmasını təmin edir. 2.İstehsal və xidmət keyfiyyətini artırır. 3.İşçilər arasında əməkdaşlıq və qarşılıqlı hörmət mühitini formalaşdırır. 4.Müəssisənin və təşkilatın ümumi strateji məqsədlərinə çatmasına kömək edir. Aydındır ki, işçi və işəgötürən hüquqi münasibətlər baxımından faktiki olaraq bərabər mövqedə deyillər. İşçi əmək münasibətlərində daha zəif tərəf hesab edilsə də, bu amil işçinin üzərinə düşən əmək funksiyalarını və vəzifə öhdəliklərini icra etmək məsuliyyətini aradan qaldırmır. Əmək hüququ balans prinsipinə əsaslanır və işçinin zəif tərəf olması ona hüquqdan sui-istifadə etmək imkanı yaratmamalıdır. Bununla yanaşı, işçi əmək münasibətlərinin icrası zamanı vəzifə öhdəliklərini kobud şəkildə pozduğu və ya tutduğu vəzifəyə uyğun gəlmədiyi halda, işəgötürən qanunvericilik çərçivəsində onunla əmək müqaviləsinə xitam vermək hüququna malikdir. Əmək münasibətlərində işçinin maraqlarının qorunması mühüm prinsip olsa da, bu prinsip əmək intizamının pozulmasını, işəgötürənin qanuni maraqlarına ziyan vurulmasını və ya müəssisənin normal fəaliyyətinə maneələrin yaradılmasını əsaslandıran bir mexanizm kimi istifadə olunmamalıdır. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar aşağıdakıları qeyd edir. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü bəndinə əsasən xəbərdarlıq həmin maddənin 2-ci hissəsində göstərilən pozuntular baş verdikdə verilə bilər. Burada işəgötürənin seçimi var, pozuntu varsa ya işçiyə intizam tənbehi vermək və ya onu xəbərdar etmək. İşçi haqqında görülən hər iki hərəkət tənbehdir, biri intizam tənbehi, digəri adi tənbehdir. Hər ikisinin verilməsinə əsas əmək və icra intizamının pozuntusudur. Belə olan halda iddiaçının necə subyektiv hüququ yaranmaya bilər? Axı həmin tənbehin verilməsi əmək və icra intizamı pozulduğu halda verilə bilər. Əmək və icra intizamı pozulmadığı halda tənbeh necə verilə bilər? Kollegiya qeyd edir ki, subyektiv hüquq-hüquq subyektinin qanunvericiliklə təmin edilən və qorunan konkret hüquqi imkanlarıdır. Onun məzmunu isə hüquqi imkanlardan ibarətdir. Hüquqi imkanlar dedikdə isə, 1.Tələb etmək səlahiyyəti; 2.Müdafiə səlahiyyəti; 3.Müstəqil surətdə hərəkət etmək səlahiyyəti; 4.İstifadə səlahiyyəti başa düşülür. Subyektiv hüquq yalnız hüquqi nəticə doğuran hallar üzrə yarana bilər. Subyektiv hüququn həyata keçirilməsi üçün mübahisələndirilən xəbərdarlığın hüquqi nəticə doğurması zəruridir. Xəbərdarlıq isə yalnız işçinin məlumatlandırılması xarakteri daşıyır və əmək müqaviləsinə, işçinin hüquq və vəzifələrinə birbaşa təsir göstərmir. Kollegiya qeyd edir ki, əmək hüququnda mübahisələndirilə bilən inzibati və hüquqi aktlar əsasən əmək müqaviləsinin dəyişdirilməsi, işdən çıxarılma, intizam tənbehi kimi hüquqi nəticələr doğuran qərarlar olmalıdır. AR Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsindən göründüyü kimi, xəbərdarlıq intizam tənbehi sayılmır. Əmək intizamı obyektiv və subyektiv mənada fərqləndirilir. Obyektiv mənada əmək inztizamı-əmək intizamı haqqında normalar sistemidir, yəni əmək hüquq instutu və həmin istehsalatda müəyyən edilən müəssisədaxili intizam qaydalarıdır. Beləliklə, obyektiv mənada əmək intizamı dedikdə, əmək prosesində işçidən tələb olunan davranış qaydalarının məcmusu başa düşülür. Subyektiv mənada əmək intizamı-işçinin əmək hüquq münasibətinin elementi və onun müəssisədaxili intizam qaydalarına, əmək intizamına əməl etmək vəzifəsidir. Bu anlayış mövcud hüquq normaları ilə müəyyən olunmuş davranış qaydalarına əmək prosesinin bütün iştirakçıları tərəfindən ciddi əməl olunmasını nəzərdə tutur. AR Əmək Məcəlləsinin 9-cu maddəsində əsasən əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biri də, əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaqdır. Lakin iş materialları və mülki işin araşdırılması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı elan edilən xəbardarlıq onun iş yerində yol vermiş olduğu pozuntuya adekvatdır və xəbərdarlığın elan edilməsi ilə onun hər hansı hüququ pozulmamışdır. Belə ki, İddiaçı AR Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 15 may 2024-cü il tarixli KQ-07 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsilverənlərin etik davranış qaydaları”nın 2.4.1-ci bəndində əks olunmuş davranış qaydasını pozaraq iş yerində nəzakətli davranış prinsiplərinə və peşə etikasına riayət etməmişdir. İş mühitində qarşılıqlı hörmətin, təmkinli olmağın və etik qaydalara əməl olunmasının vacibliyi nəzərə alınaraq, elan edilmiş xəbardarlıq barədə əmr əsaslı hesab edilir. Həmçinin xəbardarlığın elan edilməsi əmək intizamının qorunması, iş yerində etik davranış qaydalarına riayət olunmasının təmin edilməsi və gələcəkdə oxşar halların qarşısını almaq baxımından mühüm əhəmiyyət kəsb edir. Bu, həm işçi üçün məsuliyyəini dərk etməyə imkan yaradır, həm də kollektiv daxilində nizam-intizamın və qarşılıqlı hörmət mühitini qorunmasını təşviq edir. Təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərindən biri keyfiyyətlilikdir ki, bu prinsip təhsilin mövcud standartlara, normalara, sosial-iqtisadi tələblərə, şəxsiyyətin, cəmiyyətin və dövlətin maraqlarına uyğunluğunu nəzərdə tutur. (Konstitusiya Məhkəməsi Palatasının “X7 və digərlərinin şikayətinə dair” 2023-cü il 15 mart tarixli Qərardadı). Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizə hesab edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, İmişli Rayon Məhkəməsinin 2(036)-1868/2024 saylı, 24 oktyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası;
qətetdi:
İddiaçı nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 2(036)-1868/2024 saylı, 24 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.