Məhkəmə qərarları › İş №2(106)-47/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-47/2023

07.03.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-47/2023 07.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X10 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və X6 ibarət tərkibdə, katib X8, iddiaçılar X2, X11 və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Lənkəran Rayon Məhkəməsinin 10 avqust 2020-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri əsasında iddiaçılar İddiaçı1, X11, X12, İddiaçı5 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma qanunsuz tikililərin və hasarın cavabdehlərin vəsaitləri hesabına sökülməsi, maneələrin aradan qaldırılması və s. tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçılar İddiaçı1, X11, X12, İddiaçı5 və İddiaçı4 iddia ərizəsi məhkəməyə müraciət edərək, Lənkəran rayon Aqrar İslahat Komissiyasının 15 aprel 1998-ci il tarixli 07 saylı qərarı ilə Lənkəran rayonu Osaküçə kəndində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə X11, İddiaçı1 və digər ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş 1,00 ha paybəlli torpaq sahəsinin, İddiaçı4 mülkiyyətinə verilmiş 0,11 ha paybəlli torpaq sahəsinin, İddiaçı5 mülkiyyətinə verilmiş 0,11 ha payıbəlli torpaq sahəsinin, X12 və digər 3 ailə üzvünün birgə mülkiyyətinə verilmiş 0.19 ha payıbəlli torpaq sahəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qanunsuz sahibliyindən azad edilməsi, mülkiyyətlərində olan torpaq sahələrinə gediş-gəliş üçün nəzərdə tutulmuş ümumi istifadədə olan yolda Cavabdeh3 tərəfindən inşa edilmiş qanunsuz tikilinin (fərdi yaşayış evinin) sökülməklə və torpaq sahələrinin ətrafına cavabdehlər tərəfindən çəkilmiş ağac payalar və tikanlı məftillərdən ibarət olan hasarın onların öz vəsaitləri hesabına sökülməklə yolun və torpaq sahələrinin əvvəlki vəziyyətinə qaytarılması, onların öz mülkiyyətlərində olan torpaq sahələrindən istifadə etmələrinə cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması və onların qanunsuz hərəkətlərinə son qoyulmasını xahiş etmişlər. İddiaçıların tələbi onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan torpaq sahələrinə gedən yol cavabdehlər tərəfindən qanunsuz olaraq zəbt edilmişdir. Belə ki, 2018-ci ilin iyuniyul aylarından başlayaraq cavabdehlər onların torpaq sahələrini və həmin torpaq sahələrinə gediş-gəliş yolunu zəbt etməklə orada qanunsuz tikililər inşa etməyə başlamışlar. Bununla bağlı dəfələrlə cavabdehlərin özlərinə və kənd icra nümayəndəliyinə, həmçinin kənd bələdiyyəsinə müraciətlər etsələr də müsbət nəticə əldə olunmamışdır. Cavabdehlərin qanunsuz hərəkəti nəticəsində torpaq sahələrinə daxil ola bilmirlər. Onlar iddiaçılar olaraq hansı cavabdehin, onların hansının torpaq sahəsini hansı ölçüdə zəbt etdiyini dəqiq bilmirlər. Cavabdehlər mülkiyyətlərində olan torpaq sahəsindən qanunsuz istifadə etməkdə, eyni zamanda onların öz mülkiyyətində istədiyi kimi istifadə etmələrinə maneçilik törətməkdə davam edirlər. Cavabdehlərin bu qanunsuz əməlləri nəticəsində onlara maddi ziyan da dəyir. Birinci instansiya məhkəməsində Cavabdeh3 iddia tələbini qəbul etməmiş, iddianın təmin edilməməsini xahiş etmiş və izahatında bildirmişdir ki, o, Lənkəran rayonu, Osaküçə kəndində ailəsi ilə birlikdə yaşayır. Onun yaşayış evi olmadığına görə yaşayış evi tikmək üçün torpaq sahəsinin ayrılması barədə Osaküçə bələdiyyəsinə müraciət etmiş və Osaküçə bələdiyyəsinin sədri T.Cavadova torpaq sahəsi göstərərək istifadə etməsini, sənədləşdirmənin isə sonradan aparılacağını bildirmişdir. Ona görə də o, göstərilən sahədə ev tikməyə başlamışdır. Lakin sonradan həmin torpaq sahəsi ilə əlaqədar mübahisə yarandığından tikintini yarımçıq saxlamışdır. Onun istifadə etdiyi torpaq sahəsi iddiaçıların torpaq sahələrinə gedişgəliş üçün nəzərdə tutulan torpaq sahəsi deyil. İddiaçıların torpaq sahəsinə gedən yol başqa yerdə yerləşir. Birinci instansiya məhkəməsində Cavabdeh1 iddia tələbini qəbul etməmiş, iddianın rədd olunmasını xahiş etmiş və izahatında bildirmişdir ki, o, Lənkəran rayonu, Osaküçə kəndində ailəsi ilə birlikdə yaşayır. Onun torpaq sahəsi olmadığına görə torpaq sahəsinin ayrılması barədə Osaküçə Bələdiyyəsinə müraciət etmiş və Osaküçə bələdiyyəsinin sədri Tərbiyə Cavadova ona iddiaçıların torpaq sahəsinin qonşuluğunda torpaq sahəsi göstərərək istifadə etməsini, sənədləşdirmənin isə sonradan aparılacağını bildirmişdir. Ona görə də o, göstərilən sahənin kənarlarına ağac payalar basdıraraq hasara almışdır. Onun istifadəsində olan sahəsinin iddiaçıların torpaq sahəsinə heç bir aidiyyəti yoxdur. Birinci instansiya məhkəməsində üçüncü şəxs Lənkəran rayonu, Osaküçə bələdiyyəsinin təmsilçisi X7 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, Osaküçə kənd sakinləri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ona müraciət edərək ev tikmək və həyətyanı sahə üçün onlara torpaq sahələrinin ayrılmasını xahiş etmişlər. O da bələdiyyə mülkiyyətində olan torpaq sahələrindən onların hər birinə ayrılıqda torpaq sahələri göstərərək gələcəkdə sənədləşdirmə işlərinin aparılacağını bildirmişdir. Lakin sonradan sənədləşdirmə aparmaq mümkün olmamışdır. Onun tərəfindən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ayrılmış torpaq sahələri bələdiyyənin mülkiyyətinə aid olan torpaq sahələridir və iddiaçıların torpaq sahəsinə heç bir aidiyyəti yoxdur. Lənkəran Rayon Məhkəməsinin (hаkim M.İsayev) 10 avqust 2020-ci il tarixli qətnаməsi ilə iddia qismən təmin edilmiş, Lənkəran rayon AİK-nın 15 aprel 1998-ci il tarixli 07 saylı qərarı ilə JN-4** KO ***16018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Lənkəran rayonu, Osaküçə kəndində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə X11, İddiaçı1 və digər ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş 1.00 ha payıbəlli torpaq sahəsinin, Lənkəran rayon AİK-nın 15 aprel 1998-ci il tarixli 07 saylı qərarı ilə JN-481 KOD-80216018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Lənkəran rayonu, Osaküçə kəndində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə İddiaçı4 mülkiyyətinə verilmiş 0.11 ha payıbəlli torpaq sahəsinin, Lənkəran rayon AİK-nın 15 aprel 1998-ci il tarixli 07 say qərarı ilə JN-482 KOD-80216018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı rayonu, Osaküçə kəndində kənd təsərrüfatı məhsullarının istehsal məqsədilə İddiaçı5 mülkiyyətinə verilmiş 0.11 ha payıbəlli torpaq sahəsinin, Lənkəran rayon AİK-nın 15 aprel 1998-ci il tarixli 07 saylı qərarı ilə JN-483 KOD-80216018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əasən Lənkəran rayonu, Osaküçə kəndində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə X12 və digər 3 ailə üzvünün birgə mülkiyyətinə verilmiş torpaq sahələrinə gediş-gəliş üçün nəzərdə tutulmuş ümumi istifadədə olan yolda Cavabdeh3 tərəfindən inşa edilmiş qanunsuz tikilinin (fərdi yaşayış evinin) Cavabdeh3 vəsaiti hesabına sökülməsi, Cavabdeh1 iddiaçılar İddiaçı1 Yaqub qızına, İddiaçı2, İddiaçı4 və İddiaçı5 məxsus torpaq sahələrindən və yolun ümumi gediş-gəliş yolu kimi nəzərdə tutulmuş 0.15 ha torpaq sahəsi hissəsindən çıxarılması, həmin torpaq sahəsi ətrafına çəkilmiş ağac dirəklər və tikanlı məftillərin Cavabdeh1 vəsaiti hesabına sökülməklə yol və torpaq sahələrinin əvvəlki vəziyyətinə qaytarılması, iddiaçıların öz mülkiyyətlərində olan torpaq sahələrindən istifadə etmələrinə cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması və onların qanunsuz hərəkətlərinə son qoyulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayəti vermişdir. İşə apellyasiya qaydasında baxılmış, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 iyun 2021-ci il tarixli 2(106)-487/2021 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Lənkəran Rayon Məhkəməsinin 10 avqust 2020-ci il tarixli qətnаməsi dəyişdirilmədən saxlanılmışdır. İşə kassasiya qaydasında baxılmış, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 07 fevral 2022-ci il tarixli qərarı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 iyun 2021-ci il tarixli 2(106)-487/2021 saylı qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5, 180.1, 180.4-cü, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının MPM-nin) müvafiq maddələrinə istinad etmişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh3 apellyasiya şikayətində birinci intansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh3 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, ekpert rəyləri ilə razı deyil, ekspert rəyləri arasında uyğunsuzluq vardır. Cavabdehin mövqeyinə görə, o, iddiaçıların yolunu tutmamışdır, iddiaçıların torpaq sahələrinə yolu şimal tərəfdəndir. Cavabdeh1 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, cavabdehlər iddiaçıların yolunu tutmamışlar, çünki iddiaçıların torpaq sahələrinə yolu şimal tərəfdəndir. İzahatlar Prosessualməsələlər Apellyasiya baxışında iştirak edən X11, onun nümayəndəsi və vəkili Vəkil2, eləcə də digər iddiaçı X12 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişlər. İş üzrə digər iddiaçılar, eləcə də cavabdehlər və üçüncü şəxsin nümayəndəsi apellyasiya baxışında iştirak etməmişlər. Əvvəlki apellyasiya baxışında iştirak edən Cavabdeh3 və digər Cavabdeh1 nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, qətnamə ilə razı olmadıqlarını bildirmiş, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişlər. Cavabdeh3 məhkəməyə məktub ünvanlamış, müraciətində iddiaya qarşı etirazını bildirmiş, iddiaçıların torpaq sahəsinə gedən yolun şimal tərəfdən olduğunu qeyd etməklə iddianın əsassız olduğunu bildirmişdir. Sonra cavabdehlər Cavabdeh3 və Cavabdeh1 məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişlər. Kollegiya işə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının MPM-nin) 376.2-ci maddəsinə əsasən gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası, məruzəçinin işin halları barədə məruzəsini, tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Qətnamənin iddianın təmin olunmasına dair hissəsi mübahisələndirilir. Kollegiya işə apellyasiya şikayəti həddində baxır. İşin faktiki hallarından görünür ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının 15 aprel 1998-ci il tarixli 07 nömrəli qərarı ilə iddiaçılara kənd təsərrüfatı məhsullarının istehsalı üçün müvafiq ölçülərə uyğun torpaq sahələri ayrılmış, bu barədə onların adlarına müvafiq qaydada mülkiyyət hüquqlarını təsdiq edən dövlət aktları verilmişdir. Lənkəran rayonu, Osaküçə kəndində İddiaçı1, X11 və digər ailə üzvlərinin mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 1.00 hektar torpaq sahəsi, Lənkəran rayonu, Osaküçə kəndində X3 mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 0.11 hektar torpaq sahəsi, Lənkəran rayonu Osaküçə kəndində X4 mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 0.11 hektar torpaq sahəsi, Lənkəran rayonu Osaküçə kəndində X5 və və onun ailə üzvlərinin mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 0.19 hektar torpaq sahəsi verilmişdir. İddiaçılar hazırki tələbində onlara məxsus torpaq sahələrinə gedən ümumi yolun cavabdehlər tərəfindən qanunsuz zəbt edildiyini, orada qanunsuz tikililər inşa edildiyini, çəpər çəkildiyini iddia etməklə, yolun açılmasını, qanunsuz inşa edilmiş tikilinin və çəpərin sökülməsini xahiş edirlər. Cavabdehlər iddianı qəbul etməmiş, mübahisəli torpaq sahəsinin bələdiyyənin mülkiyyətinə aid olduğunu, onlara bələdiyyə tərəfindən verildiyini, iddiaçıların torpaq sahəsinə gediş-gəliş yolunun şimal tərəfdən olduğunu bildirmişlər. Kollegiya iddia tələbi ilə bağlı aşağıdakıları bildirir: Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İddiaçılar sahiblikdən məhrum edilmədən, mülkiyyətdən istifadəyə edilən maneələrlə bağlı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsi əsasında iddia vermişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr alınmadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi şəkildə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin tələbinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Birinci instansiya məhkəməsi iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsaslanmaqla iddianı qismən təmin etmişdir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekpertizasının 23 aprel 2019-cu il tarixli 4268 nömrəli rəyinə görə, iddiaçıların mülkiyyətinə verilmiş torpaq sahəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən istifadə olunmur. İddiaçılara məxsus payı bəlli torpaq sahələrində və ya həmin torpaq sahələrinə gediş-gəliş üçün nəzərdə tutulmuş ümumi istifadədə olan yolda Cavabdeh3 tərəfindən qanunsuz tikili (fərdi yaşayış evi) inşa edilməmişdir. İddiaçıların mülkiyyətində olan torpaq sahələrinin ətrafında cavabdehlər tərəfindən ağaclar və tikanlı məftillərdən olan hasar çəkilməmişdir. Bu rəyin mütəxəssis arayışı əsasında verilməsi müəyyən edilmir. Burada plan-ölçü və koordinatlar göstərilməmişdir. İş üzrə məhkəmə tikinti-texniki ekpertizasının 01 oktyabr 2019-cu il tarixli 23718 nömrəli rəyinə görə iddiaçıların torpaq sahələrinə dair sənədlərdəki məkan göstəriciləri ilə ilə torpaqların faktiki yerləşdiyi məkan göstəriciləri arasında uyğunsuzluq olduğu müəyyən edilmişdir. İddiaçılara məxsus paybəlli torpaq sahələri faktiki olaraq ölçülüb müəyyənləşdirildikdən sonra iddiaçıların iddia etdikləri yol kimi hesab edilən Osaküçə təsərrüfatının «torpaq islahatlarına dair kompleks yerquruluşu layihəsinə əsasən meşə zolağı ərazisi olduğu və iddiaçıların pay torpaq sahələrinə gediş-gəliş yolu kimi istifadə edilə bilən bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin iddia olunan yerdən şimal istiqamətində, yəni meşə zolağı ilə pay torpaqları ərazisində yerləşdiyi müəyyən edilmişdir. „AB Consulting“ şirkətinin rəyi əsasında verilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin 27 aprel 2020-ci il tarixli 31437 nömrəli ekspert rəyinə görə, iddiaçılara məxsus torpaq sahəsinə gedən yolun üzərində Cavabdeh3 tərəfindən iki mərtəbəli fərdi yaşayış evi inşa edilmişdir. Cavabdeh3 inşa etdiyi tikili iddiaçıların torpaq sahələrinə gedən yolun üzərində olduğu üçün sərbəst şəkildə daxil olmağa və oradan istifadə etməyə maneə olur. İddiaçılar X1, İddiaçı4 və İddiaçı5 məxsus torpaq sahələrində və yolun ümumi gediş-gəliş yolu kimi nəzərdə tutulmuş hissəsində Cavabdeh1 tərəfindən 0.15 ha torpaq sahəsi ağac dirəklər və tikanlı məftillərlə hasara alınmışdır. İddiaçılara məxsus torpaq sahələri hal-hazırda yalnız Cavabdeh1 tərəfindən istifadə olunur. Birinci instansiya məhkəməsi sonuncu rəyi əsas tutaraq iddianı təmin etmişdir. Lakin bu rəydə də koordinatlar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırki iş üzrə müvafiq göstərişlərindən sonra iş üzrə əlavə tikinti-texniki ekspertizası keçirilmiş, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********08 saylı mütəxəssis arayışı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəyi alınmışdır. İş üzrə məhkəmə tikin-texniki ekspertizasının 21 dekabr 2022-ci il tarixli rəyinə görə, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 07 sayli qərari əsasında JN-480, KOD 80216018 nömreli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə Adigözəlova (Əsgərova) Sazərif Yusub (Yəhya) qızı, İddiaçı2 və digər ailə üzvlərinin mülkiyyətlərinə verilmiş 1,0 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 07 saylı qərari əsasında JN-483, KOD 80216018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" ilə İddiaçı3 Əbdül oğlu və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş 0,19 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 07 saylı qərarı əsasında JN-482, KOD 80216018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə İddiaçı5 mülkiyyətinə verilmiş 0,11 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin və Lənkəran rayon X9 xx.xx.1998-ci il tarixli, 07 saylı qərarı əsasında JN-481, KOD 80216018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə İddiaçı4 mülkiyyətinə verilmiş 0,11 ha kənd təsərrüfatı təyinatli pay torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Rəyə görə, torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsinə əsasən hazirki mülki işdə iddiaçılar qismində olan İddiaçı1, İddiaçı2, İddiaçı3 Əbdül oğlu, İddiaçı5, İddiaçı4 JN-480, JN-481, JN-482 və JN-483 nömrəli Dövlət Aktları ilə mülkiyyətlərinə verilmiş pay torpaq sahələri 3 tərəfdən (şimal, şərq və qərb istiqamətlərindən) digər sakinlərə məxsus xüsusi mülkiyyətdə olan pay torpaq sahələri ilə həmsərhəddir. Yalnız cənub istiqamətində (mübahisə predmeti olan ərazidə) sözügedən torpaq sahələri bələdiyyə mülkiyyətində olan (meşə zolağı və həmin zolaqla iddiaçıların pay torpaq sahələri arasında eni orta hesabla 5-8 m olan sair torpaq sahələri) torpaq sahələri ilə həmsərhəddir. İddiaçılar vaxtilə sonuncu qeyd edilən ərazidən gediş-gəliş yolu kimi istifadə etmiş və hazırda da yol kimi iddia edilən torpaq sahəsinin həmin əraziyə aid olması müəyyən edilir. Rəydə göstərilir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********08 saylı mütəxəssis rəyinə əsasən, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 faktiki istifadə etdikləri torpaq sahələrinin yerləşdiyi yerin koordinatları müəyyən edilmişdir. Həmin torpaq təsərrüfatı təyinatlı (islahat uqodiyası meşə zolağı) torpaq sahəsi olduğu müəyyən edildi. Rəyə görə, iddiacılar İddiaçı1, İddiaçı2, X13, İddiaçı5, İddiaçı4 məxsus pay torpaq sahələrinin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən istifadə olunmadığı müəyyən edildi. 1-ci sualın cavabında qeyd edildiyi kimi torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsinə əsasən iddiaçılara məxsus torpaq sahələrinə gedişgəliş yolu kimi həmin torpaq sahələrinin yalnız cənub istiqamətində bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən mümkün ola bilər. Çünki layihəyə əsasən həmin torpaq sahələri digər 3 tərəfdən xüsusi mülkiyyətdə olan digər sakinlərə məxsus pay torpaq sahələri ilə həmsərhəddir. Bu baxımdan iddiacilara məxsus torpaq sahələrinə vaxtilə iddiaçılar tərəfindən gediş-gəliş yolu kimi istifadə edilən torpaq sahəsini faktiki olaraq cavabdehlər Cavabdeh3 (Cavabdeh3 tərəfindən həmin torpaq sahəsində fərdi yaşayış evi inşa edilmişdir) və Cavabdeh1 tərəfindən tutularaq həyətyanı torpaq sahəsi kimi istifadə edilməsi müəyyən edildi. Rəydə eyni zamanda qeyd edilmişdir ki, TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasına əsasən JN-480 nömrəli Dövlət Aktı ilə İddiaçı1 qizi, X11 və digər ailə üzvlərinin, JN-481 nömrəli Dövlat Akti iləİddiaçı4, JN- 482 nömrəli Dövlət Aktı ilə İddiaçı5 və JN-483 nömrəli Dövlət Aktı ilə ilə İddiaçı3 Əbdül oğlu və onun ailə üzvlərinin mülkiyyətlərində olan torpaq sahələrinə (sözügedən torpaq sahələrinə gediş- gəlişyolunun faktiki olaraq mövcud olmamasına görə elektron uçot işləri görülən zaman bu hal nəzərə alınmış) həmin torpaq sahələrinin şimal istiqamətində yol nəzərdə tutulmuş və nəzərdə tutulan həmin yolun da tədqiqat zamanı faktiki olaraq digər şəxs və ya şəxslər müəyyən edildi. Beləliklə, müəyyən edilir ki, iddiaçılar gediş-gəliş yolu kimi istifadə etdiyi, bələdiyyə mülkiyyətində olan ərazi cavabdehlər tərəfindən özbaşına zəbt edilmiş, orada müəyyən tikililər inşa edilmişdir. Cavabdehlər etirazlarına iddiaçılara məxsus torpaq sahəsinə gediş-gəliş yolunun şimal tərəfdən olduğunu iddia etsələr də Kollegiya hesab edir ki, bu, cavabdehlərin ümumi bələdiyyəyə aid və istifadədə olan (istər meşə zolağı, istərsə də ümumi bələdiyyə mülkiyyətinə aid olan) torpaq sahələrini zəbt etməyə hüquqları yoxdur. Çünki cavabdehlərin bu hərəkəti iddiaçıların torpaqlarından təyinatı üzrə istifadə etmələrinə, orada kənd təsərrüfatı məhsulları istehsal etməyə maneçilik törətməklə yanaşı, kənd sakinləri olaraq həmin sahədən ümumi olaraq istifadəyə də imkan vermir. Bundan başqa, cavabdehlərin özlərinin izahatlarından və Lənkəran rayonu, Osaküçə bələdiyyəsinin verdiyi məlumatdan görünür ki, cavabdehlərə bələdiyyə tərəfindən rəsmi olaraq torpaq sahəsi ayrılmamışdır. Həmçinin həmin sahə ölçülərinə görə də təyinatı üzrə istifadəyə verilməsi üçün uyğun olmadığından müvafiq Aqrar İslahat Komissiyası tərəfindən kənd təsərrüfatı məhsulları istehsalı üçün verilməmişdir. Digər tərəfdən, izahatlardan və iş üzrə təqdim edilmiş digər sübutlardan görünür ki, mübahisəli torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlardır və həmin ərazidəki torpaq sahələri kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuşdur. Cavabdehlərin orada yaşayış evi inşa etməsi də yolverilməzdir. Bu baxımdan, orada olan qanunsuz tikililər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinin tələbinə görə də maraqlı subyektlərin tələbi ilə sökülə bilər. Kollegiya tərəflərin izahatlarına, iş üzrə təqdim edilmiş sübutlara, o cümlədən iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının 21 dekabr 2022-ci il tarixli rəyinə əsaslanaraq belə hesab edir ki, iddia əsaslıdır. Kollegiya hesab edir ki, cavabdehlər öz etirazlarını əsaslandıra və sübuta yetirə bilməmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə doğru qənaətə gəlmişdir. Qətnamə qanuni və əsaslıdır, apellyasiya şikayətini təmin etmək və qətnaməni ləğv etmək üçün əsas yoxdur. Beləliklə, Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehlərin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilir. Ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qətetdi: Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 10 avqust 2020-ci il tarixli, 2(049)-55/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Ekspertiza tədqiqatının dəyərinə görə Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 50 manat tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti vermək olar. Sədrlik edən İlham Əsədov Hakimlər Samir Mayılov Pərviz Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar