Məhkəmə qərarları › İş №2(106)-470/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-470/2025

13.02.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-470/2025 13.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı evdən çıxarılma tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzildən çıxarılma, istifadə hüququ, kompensasiya) Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, X15 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı evdən çıxarılma tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(032)- 1434/2024 saylı qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 özlərinə məxsus əşyaları ilə birlikdə ona məxsus ünvan 1 ünvanında yerləşən 5 nömrəli mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Rusiya Federasiyasının vətəndaşı olmaqla Azərbaycan Respublikasında öz evi olmasına baxmayaraq, hal-hazırda yuxarıda göstərilən ünvanda başqa şəxsə məxsus mənzildə yaşayır. İddia ərizəsinə əlavə etdiyi “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” RX seriyalı ******* nömrəli çıxarışdan göründüyü kimi onun xüsusi mülkiyyətində ünvan 2 ünvanında 5 nömrəli mənzili vardır. Həmin mənzil ona anasından miras qalmışdır. Lakin cavabdehlər onu həmin evə buraxmırlar. Cavabdehlər həmin evə Əli Bayramlı şəhər Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(032)-167/2008 nömrəli qətnaməsi əsasında köçürülmüşdürlər. Həmin vaxt ev anasının mülkiyyətində olmuş və qeyd edilən qətnamədən də göründüyü kimi anasının adına həmin vaxt qeydiyyat vəsiqəsi olmuşdur. Həmin vaxt Cavabdeh1 qardaşının ailə üzvü sayıldığından iş üzrə cavabdehlərdən biri, mərhum anası X3 qeyd edilən qətnamədən apellyasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)525/08 saylı, xx.xx.2008-ci il tarixli qətnaməsinə əsasən apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya məhkəməsinin qeyd edilən qətnaməsindən kasassiya şikayəti verilməmişdir. Lakin sonradan Şirvan şəhər Məhkəməsinin xx.xx.2012- ci il tarixli, 2(032)-548/2012 nömrəli qətnaməsi ilə qardaşı X11 ilə birinci Cavabdeh1 arasında 30 aprel 2004-cü ildə Şirvan şəhər Qeydiyyat şöbəsində 130 nömrə ilə qeydə alınmış nikah etibarsız hesab edilmişdir. Bu da onu göstərir ki, birinci cavabdeh X5 heç vaxt onun, anasının və qardaşının ailə üzvü olmamışdır. Beləliklə, faktiki olaraq onun, anasının və qardaşının ailə üzvü olmayan bir şəxs halhazırda nə onu, nə də ki qardaşının anasının mülkiyyətində olmuş, indi də onun xüsusi mülkiyyətində olan evə buraxmır. Ümumiyyətlə, cavabdehlərlə hal-hazırda birlikdə yaşamaqları mümkün deyil. Birinci cavabdehin uşaqları olan digər cavabdehlər isə halhazırda yetkinlik yaşına çatmışdırlar. Ona görə də hesab edir ki, onlar mənzildən çıxarılmalıdırlar. Birinci instansiya məhkəməsində icraat Şirvan Şəhər Məhkəməsinin (hakim: C.Mustafayev) xx.xx.2024-cü il tarixli, 2(032)- 1434/2024 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı cavabdehlərin özlərinə məxsus əşyaları ilə ona məxsus ünvan 3 ünvanında yerləşən 5 nömrəli mənzildən çıxarılmaları barədə iddiasının təmin edilməməsi və iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş olan dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şirvan şəhəri, Nəriman Nərimanov küçəsi, ev 9, mənzil 5 X1 xüsusi mülkiyyətində olmuşdur. X4 xx.xx.2013-cü il tarixdə vəfat etmiş və ondan miras qalmış Şirvan şəhəri, N.Nərimanov küçəsi, ev 9, 5 saylı mənzilə İddiaçı vərəsəlik hüququ tanınmış və tam payçı olaraq sonuncuya vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Hazırda Şirvan şəhəri, Nəriman Nərimanov küçəsi, ev 9, 5 saylı mənzil X2 xüsusi mülkiyyətindədir. Hazırkı mülki iş üzrə Cavabdeh1 ilə X11 2001-ci ildən faktiki nikah münasibətlərində olmuşdurlar. Hazırkı mülki iş üzrə cavabdeh 2001-ci ildə mübahisəli mənzilə köçmüşdür. Hazırkı mülki iş üzrə iddiaçının mübahisəli əmlak üzərində mülkiyyət hüquqları qeydə alındığından və mülkiyyət hüquqları dövlət tərəfindən tanınan və qorunan hüquq olduğundan iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ mövcud olmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Hazırkı mülki iş üzrə cavabdehlərin mübahisəli mənzilə hüquqlarına münasibətdə məhkəmə hesab etmişdir ki, cavabdehlərin Şirvan şəhəri, Nəriman Nərimanov küçəsi, ev 9, 5 saylı mənzilə istifadə hüquqları mövcud olmuşdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Əli Bayramlı (indiki Şirvan) şəhər Məhkəməsinin 04 mart 2008-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 azyaşlı uşaqları xx xxxxx 2003-cü il təvəllüdlü Cavabdeh2 və xx xxxxxxxx 2004-cü il təvəllüdlü Cavabdeh3lə birlikdə Əli Bayramlı şəhəri, N.Nərimanov küçəsində yerləşən 9 saylı evin 5-ci mənzilinə köçürülmələri qət edilmişdir. Məhkəmənin sözügedən qətnaməsindən apellyasiya şikayəti verilsə də, Şirvan Apellyasiya Məhkəməsinin 23 oktyabr 2008-ci il tarixli qətnaməsi ilə X1 apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Əli Bayramlı şəhər Məhkəməsinin 04 mart 2008-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda Əli Bayramlı (indiki Şirvan) şəhər Məhkəməsinin 04 mart 2008-ci il tarixli qətnaməsi və Şirvan Apellyasiya Məhkəməsinin 23 oktyabr 2008-ci il tarixli qətnaməsinin əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, Cavabdeh1 2001-ci ildə X1 və X6 razılığı əsasında ailə üzvü kimi Əli Bayramlı şəhəri N.Nərimanov küçəsində yerləşən 9 saylı evin 5 saylı mənzilinə gəlin köçürərək orada yaşadığından və cavabdehlərlə ümumi təsərrüfat apardığından onun (hazırkı mülki iş üzrə iddiaçı Cavabdeh1) azyşlı uşaqları ilə birlikdə həmin yaşayış sahəsindən istifadə hüququnun tanınması qanuni və əsaslıdır. Məhkəmə qeyd etmişdir ki, xüsusi mülkiyyətdə olan evə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsi ilə əmələ gəlmiş istifadə hüququna kompensasiya verilməklə, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsi ilə əmələ gəlmiş istifadə hüququna isə həm istifadə hüququna malik olan şəxsə kompensasiya verilməklə, həm də istifadə hüququna malik olan şəxsin daimi yaşamaq üçün digər yaşayış sahəsinə köçməsinə görə xitam verilə bilər. Məhkəmə qeyd olunanları nəzərə alıb qeyd edir ki, yaşayış sahəsindən istifadə hüququna malik olan şəxsin istifadə hüququna xitam verilməsi iki əsasla 1) şəxsin daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçdüyü əsasa və 2) mülkiyyətçi tərəfindən kompensasiya verildiyi əsasa görə mümkündür. Hazırki iş üzrə isə tədqiq edilmiş sübutlardan və tərəflərin mübahisə edilməyən izahatlarından müəyyən olunmuşdur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 fasiləsiz olaraq mübahisəli yaşayış sahəsində yaşamışlar, daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçməmişlər. Eyni zamanda cavabdehlərə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi əvəzində kompensasiya təklif edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2, 228.4, 228.5-ci maddələri, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun 27 iyul 2001-ci il tarixli qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3, 119.1, 124.2ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki qətnamədə Əli Bayramlı (indiki Şirvan) Şəhər Məhkəməsinin 04 mart 2008-ci il tarixli qətnaməsinin və Şirvan Apellyasiya Məhkəməsinin 23 oktyabr 2008-ci il tarixli qətnaməsinin əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, Cavabdeh1 2001-ci ildə X1 və X6 razılığı əsasında ailə üzvü kimi Əli Bayramlı şəhəri N.Nərimanov küçəsində yerləşən 9 saylı evin 5 saylı mənzilinə gəlin köçərək orada yaşadığından və cavabdehlərlə ümumi təsərrüfat apardığından onun (hazırkı mülki iş üzrə iddiaçı Cavabdeh1) azyaşlı uşaqları ilə birlikdə həmin yaşayış sahəsindən istifadə hüququnun tanınması qanuni və əsaslıdır. Məhkəmə bununla göstərmək istəmişdir ki, Cavabdeh1 mülkiyyətçinin razılığı ilə evə köçmüş və ona həmin evdən istifadə hüququ məhkəmə qətnaməsinə əsasən verilmişdir. Məhkəmə qeyd edilən xüsusatlarla bağlı düzgün nəticəyə gəlməmişdir. Belə ki, həmin qətnamə qəbul edilənədək və ondan sonra Cavabdeh1 nə o vaxtkı mülkiyyətçi ilə nə də hazırki mülkiyyətçi ilə notariat qaydasında təsdiqlənən yazılı razılaşma bağlamamışdır. Yəni, Cavabdeh1 evə köçürülməsi üçün mülkiyyətçinin razılığı olmamışdır. 04 mart 2008-ci il tarixli qətnaməni qəbul edən məhkəmə razılığın olmasını onunla əsaslandırmışdır ki, Cavabdeh1 mülkiyyətçinin ailə üzvü ilə nikaha daxil olarkən (yəni onun ailə üzvü olarkən) ev Şaxanım Heybətovanın xüsusi mülkiyyətində olmamış və mənzil 2006-cı ilin fevral ayında özəlləşdirildikdən sonra Şaxanım Heybətovanın mülkiyyətinə keçmişdir. Beləliklə, həmin vaxt məhkəmələr qeyd edilən nəticəyə gələrkən hesab etmişdilər ki, Cavabdeh1 mülkiyyətçinin oğlunun arvadıdır. Lakin iş matriallarında olan Şirvan Şəhər Məhkəməsinin 2(032)-548/2012 saylı, 06 noyabr 2012-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X11 ilə Qulamzadə (Həmzəyeva) Rəsmiyyə Nəzir qızı arasında 30 aprel 2004-cü ildə Şirvan şəhər Qeydiyyat şöbəsində 130 nömrə ilə qeydə alınmış nikahın etibarsız hesab edilmişdir. Hazırda şikayət verilən qətnamənin əsaslandırıcı hissəsində isə göstərilmişdir ki, Şirvan şəhər Polis şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-13111/2-26300/24 saylı cavab məktubundan görünür ki, X7, Cavabdeh2 və Cavabdeh3 həmin ünvana qeydiyyata düşməsinə səbəb olan sənədlərin saxlama müddəti bitdiyi üçün məhv edilmişdir və həmin şəxs ünvan 4 ünvanında 2017-ci il tarixdən qeydiyyatdadır. Beləliklə, X13 ilə Cavabdeh1 arasında 30aprel 2004-cü ildə Şirvan şəhər Qeydiyyat şöbəsində130 nömrə ilə qeydə alınmış nikah etibarsız hesab edildiyi üçün Cavabdeh1 əvvəldən mülkiyyətçinin ailə üzvü olmamış və büna görə də həmin nikahın etibarsız hesab edilməsindən əvvəl qəbul edilmiş Əli Bayramlı Şəhər Məhkəməsinin 04 mart 2008-ci il tarixli qətnaməsinin və Şirvan Apellyasiya Məhkəməsinin 23 oktyabr 2008-ci il tarixli qətnaməsinin əsaslandırıcı hissəsində qeyd edilənlər hazırki qətnamənin nəticə hissəsində göstərilənlərə gəlmək üçün əsas ola bilməzdi. Digər tərəfdən qeyd edilməlidir ki, Əli Bayramlı Şəhər Məhkəməsinin 04 mart 2008-ci il tarixli qətnaməsinin və Şirvan Apellyasiya Məhkəməsinin 23 oktyabr 2008-ci il tarixli qətnaməsinin əsaslandırıcı hissəsində yuxarıda göstərilənlər qeyd edilsə də hər iki məhkəmə Rəsmiyə Həmzəyevanın evdən istifadə hüququnu tanımamışdır. Belə ki, qeyd edilən qətnamələrin giriş hissəsindən də göründüyü kimi Rəsmiyə Həmzəyevanın həmin vaxt tələbi yaşayış sahəsindən istifadə hüququnun tanınması və azyaşlı uşaqları ilə birlikdə mənzilə köçürülməsi barədə olmuş, birinci instansiya məhkəməsi iddianı təmin etdiyini göstərsə də yalnız iddianı “evə köçürmə” hissəsində təmin etmiş, iddiaçının mənzilə istifadə hüququnu tanımamış, Apellyasiya İnstansiyası Məhkəməsi də bununla bağlı heç bir düzəliş aparmamışdır. Cavabdehlərin evdən istifadə hüquqlarının olması məhkəmə tərəfindən də tanınmamışdır. Qeyd edilənlər isə onu göstərir ki, istifadə hüququnun yaranması üçün cavabdehlərin mülkiyyətçi ilə yazılı razılığın yoxdur və onların məınzildən istifadə hüququnun tanınması barədə hər hansı məhkəmə qətnaməsi qəbul edilməmişdir. Eyni zamanda cavabdehlərin belə bir hüquqlarının olması daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış istifadə hüququnun olmasına əsaslanan məhkəmə qətnaməsi qeyd edilən maddi hüquq normalarına ziddir. Ona görə də Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü iltarixli 2(032)-1434/2024 saylı qətnaməsinin ləğv edilməli və İddiaçı iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə tərkibinin iclasında iştirak iddiaçının nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, apellyasiya şikayətini müdafiə edir. Apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, Cavabdeh1 iddiaçının qardaşı arvadı, digər cavabdehlər isə onların övladlarıdır. Müvafiq məhkəmə qətnaməsi əsasında qarşı tərəf mübahisəli fərdi yaşayış evinə köçürülmüşdür. Lakin daha sonra iddiaçının qardaşı və Rəsmiyyə xanım arasındakı nikah məhkəmə qətnaməsi ilə etibarsız sayılmışdır. Hesab edir ki, artıq Rəsmiyyə xanım ailə üzvü sayılmadığı üçün həmin evdən çıxarılmalıdır. Apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Cavabdehlər isə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsin əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.4-cü maddəsinə görə yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun 27 iyul 2001-ci il tarixli qərarı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(032)-1434/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı məhkəmə tərkibi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə tərkibi prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(032)-1434/2024 saylı qətnaməsini apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(032)-1434/2024 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında yaranmış hüquq münasibətləri iddiaçıya məxsus evdən çıxarılma ilə bağlı yaranan mülki mübahisədir. Şikayətin dəlili ondan ibarətdir ki, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2008-ci il tarixli qətnaməsi qəbul edilənədək və ondan sonra Cavabdeh1 nə o vaxtkı mülkiyyətçi ilə nə də hazırki mülkiyyətçi ilə notariat qaydasında təsdiqlənən yazılı razılaşma bağlamamışdır. Yəni, Cavabdeh1 evə köçürülməsi üçün mülkiyyətçinin razılığı olmamışdır. Eyni zamanda Əli Bayramlı Şəhər Məhkəməsinin 04 mart 2008-ci il tarixli qətnaməsi ilə Rəsmiyə Həmzəyevanın evdən istifadə hüququnu tanımamışdır. Məhkəmə tərkibi hesab edir ki, şikayətin bu dəlilləri əsassızdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Əli Bayramlı (indiki Şirvan) şəhər Məhkəməsinin 04 mart 2008-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 azyaşlı uşaqları xx xxxxx 2003-cü il təvəllüdlü Cavabdeh2 və xx xxxxxxxx 2004-cü il təvəllüdlü Cavabdeh3lə birlikdə Əli Bayramlı şəhəri, N.Nərimanov küçəsində yerləşən 9 saylı evin 5-ci mənzilinə köçürülmələri qət edilmişdir. Məhkəmənin sözügedən qətnaməsindən apellyasiya şikayəti verilsə də, Şirvan Apellyasiya Məhkəməsinin 23 oktyabr 2008-ci il tarixli qətnaməsi ilə X1 apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Əli Bayramlı şəhər Məhkəməsinin 04 mart 2008-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi: hazırkı mülki iş üzrə iddiaçı mənzilin mülkiyyəçisidir. Hazırkı mülki iş üzrə cavabdehlər isə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə mənzilə köçürülmüş şəxslərdir və həmin şəxslərin mübahisəli mənzilə istifadə hüququnun mövcud olması tanınmışdır. Yəni şikayətin bu dəlili qətnamənin ləğvi üçün əsas ola bilməz. Ona görə də məhkəmə tərkibi hesab edir ki, şikayətin dəlilləri əsassızdır. Eyni zamanda məhkəmə tərkibi qeyd edir ki, yuxarıda qeyd edilən qətnamələrin əsaslandırıcı hissəsində Cavabdeh1 mübahisəli mənzilə istifadə hüuqunun tanınması müddəasının qeyd edilməməsi Cavabdeh1 mənzilə olan istifadə hüququnun olmaması anlamına gəlmir. Yəni, Cavabdeh1 mübahisəli mənzilə istifadə hüququnun olması əsası ilə köçürülmüşdür. Şikayətin digər dəlili ondan ibarətdir ki, X13 ilə Cavabdeh1 arasında 30 aprel 2004-cü ildə Şirvan şəhər Qeydiyyat şöbəsində130 nömrə ilə qeydə alınmış nikah etibarsız hesab edildiyi üçün Cavabdeh1 əvvəldən mülkiyyətçinin ailə üzvü olmamış və buna görə də həmin nikahın etibarsız hesab edilməsindən əvvəl qəbul edilmiş Əli Bayramlı Şəhər Məhkəməsinin 04 mart 2008-ci il tarixli qətnaməsinin və Şirvan Apellyasiya Məhkəməsinin 23 oktyabr 2008-ci il tarixli qətnaməsinin əsaslandırıcı hissəsində qeyd edilənlər hazırki qətnamənin nəticə hissəsində göstərilənlərə gəlmək üçün əsas ola bilməzdi. Məhkəmə tərkibi qeyd edir ki, şikayətin bu hissəsi də əsassızdır. Əvvəla, nəzərə almaq lazımdır ki, nikahın bağlanması, nikaha xitam verilməsi, habelə onun etibarsız saylması, övladlığa götürmə, aliment və sair bu kimi məsələlər Ailə Məcəlləsi ilə tənzimləndiyi halda, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinə məxsus mənzillərə istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi və ona xitam verilməsi məsələləri Mülki Məcəllənin normalarına müvafiq olaraq tənzimlənir. Başqa sözlə, nikahın bağlanması sırf ailə münasibətləriylə bağlı, mülkiyyətçinin mənzilinə istifadə hüququ ilə əlaqədar məsələlər isə mülki münasibətlərlə bağlı olan məsələdir. Məhkəmə tərkibi hesab edir ki, analoji mübahisələrin düzgün həlli baxımından həmin münasibətlərin fərqləndirilməsinin mühüm əhəmiyyəti vardır. Belə yanaşma «Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1və 30.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16.12. 2014-ci il tarixli Qərarında də təsbit edilmişdir. Həmin Qərarında Məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Bu isə o deməkdir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulmuş hüququn «ər və arvada» münasibətdə əmələ gəlməsini yalnız nikahla bağlamaq, onu nikahdan asılı etmək düzgün olmazdı. Həmin normanın bu cür təfsiri, hər şeydən öncə, qanunun özünün əsl mahiyyətinə, onun güddüyü həqiqi məqsədlərə, başlıcası isə hüququn ümumi prinsiplərinə zidd olardı. Nəzərə almaq lazımdır ki, ər, arvad, ailə və ailə üzvləri anlayışları birbaşa ailə münasibətlərini tənzimləyən qanunvericilikdən fərqli olaraq, mülki münasibətlərdə, o cümlədən də mənzil hüququ ilə bağlı münasibətlərdə daha geniş məna kəsb edir və daha geniş əhatə dairəsinə malikdir. Qeyd edilməlidir ki, ər, arvadı (ər və arvad) sözləri (məfhumları) heç bir vəchlə Azərbaycan Respublikası Ailə Məcəlləsində nəzərdə tutulmuş qaydada müvafiq icra orqanında rəsmi qeydə alınmış nikahda olan kişi və qadın kimi qəbul oluna bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi bir çox qərarlarında İştirakçı Dövlətlər tərəfindən ancaq hüquq normalarının-qanunların qəbulunun yetərli olmadığını, həm də həmin normların «hüquqa uyğun» olmasının və hüquqi müəyyənlik prinsipinə cavab verməsinin mühüm əhəmiyyətə malik olduğunu qeyd etmişdir. Belə bir göstəriş Azərbaycan Respublikası Konstitusiyasında da təsbit edilmişdir. Konstitusiyanın tələbinə görə normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır. Hamıya məlum və danılmaz faktdır ki, müvafiq icra hakimiyyəti orqanında nikah bağlamadan, dini kəbinkəsmə qaydasında, bəzən də bunsuz ailə qurub yaşayan xeyli sayda ailələr mövcuddur. Bu cür ailələrin böyük əksəriyyəti adi qaydada öz ailə həyatlarını yaşayır, ata-ana olur, belələri arasında, hətta nəvə və nəticələri olanlara da rast olunur. Bununla belə, qeyd-şərtsiz olaraq bütün cəmiyyət tərəfindən həmin ailədə kişi və qadın məhz ər və arvad kimi qəbul olunur. Beləliklə də məlum olur ki, ər, arvad (əri, arvadı ) anlayışları təkcə müvafiq icra orqanında nikah bağlamış kişi ilə qadını deyil, həm də bu cür nikah olmasa belə, ailə qurmaq məqsədi ilə ailə qurub yaşayan bütün kişi və qadınları ehtiva edir, onları da nəzərədə tutur. Bu gün qüvvədə olan müxtəlif normativ aktlarda: -Ailə, Mülki, Mənzil məcəllələrində, eləcə də bir sıra digər qanunlarda ailə üzvləri məfhumundan istifadə edilsə də, lakin bu qanunların heç birində ailə və ailə üzvünün dəqiq anlayışı verilməmişdir. Məsələn: hazırkı mübahisə tərəfləri arasında münasibətlərin yarandığı vaxt və xx.xx.2009-cu il tarixinədək qüvvədə olmuş (qeyd edilməlidir ki, mübahisəli mənzil 2006-cı il tarixdə mülkiyyət kimi iddiaçının anasının adına qeydə alınmışdır) Mənzil Məcəlləsində icarədarın ailə üzvləri kimi onun əri (arvadı), onların uşaqları və valideynləri qeyd olunmuş, elə orada da icarədarla birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslərin də ailə üzvləri hesab edilə bilməsi, daha sonra isə icarədarın başqa vətəndaşları da ailə üzvləri sifəti ilə yaşayış sahəsinə köçürmək hüququ nəzərdə tutulmuşdur (həmin Mənzil Məcəlləsi, maddə 53-54). Göründüyü kimi, misal olaraq istinad olunan qanunda ailə üzvlərinin dairəsi nəinki konkret şəxslərə münasibətdə məhdud olmayıb, əksinə, hətta ayrı-ayrı təsnifatlandırıla bilən üç müxtəlif kateqoriyaya mənsub və həm də qeyri-müəyyən şəxslərə şamil olunmuşdur. Başqa sözlə, həmin qanunun mənasına görə və onun məqsədləri üçün aşağıdakılar ailə üzvləri hesab olunur: -birincisi, icarədarla qohumluq faktına əsaslanan yaxın qohumlar, -ikincisi, icarədarla birlikdə yaşayan və təsərrüfat aparan digər şəxslər, -üçüncüsü, nə birinci, nə də ikincilərə aid olmayan, lakin razılıqla icarədarın mənzilinə köçmüş başqa şəxslər. Göründüyü kimi, istinad olunan normalarda ailə üzvlərinin dairəsi daha genişdir, bu da Mənzil Məcəlləsinin tənzimlədiyi ictimai münasibətlərin xarakterinə görə həmin qanunun məqsədləri baxımından tamamilə əsaslı və anlaşılandır. Məhkəmə tərkibi hesab edir ki, iş üzrə cavabdehin mənzilin sahibinin qardaşı ilə mövcud olan nikahlarının etibarsız hesab edilməsi cavabdehlərlə mübahisəli mənzilin sahibinə münasibətdə hər hansı bir hüquqi nəticə yaratmır. İş materiallarında olan Şirvan Apellyaisya Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(106) 525/08 saylı qətnaməsində göstərilmişdir ki, cavabdeh mübahisəli evə gəlin köçüb, həmin evdə yaşamağa başlayarkən Əli Bayramlı şəhəri, N.Nərimanov küçəsində yerləşən 9 saylı evin 5 saylı mənzili cavabdeh X1 mülkiyyətində olmamış, mənzil 2006-cı ilin fevral ayında özəlləşdirildikdən sonra X1 mülkiyyətində olmuşdur. Baxılan işdə iş üzrə Cavabdeh1 ilə X11 2001-ci ildən rəsmi nikahda olmasa belə faktiki nikah münasibətlərində olmuş şəxs kimi, gələcək mülkiyyətçi (qeyd edilməlidir ki, mübahisəli mənzil 2006-cı il tarixdə mülkiyyət hüququ ilə indiki iddiaçının anasının adına qeydə alınmışdır) tərəfindən ailə üzvü kimi mənzilə buraxılmış, cavabdeh 2001-ci ildən mübahisəli mənzilə köçərək burada yaşamış, icarədar ilə bərəbər birgə təsərrüfat aparmış və mənzil mülkiyyət hüququ ilə iddiaçının anasının adına qeydiyyata alındıqdan sonra da bu günə kimi mübahisəli mənzildə yaşayır. Hazırkı iş üzrə digər cavabdehlər də Cavabdeh1 uşaqları olmaqla onunla birlikdə mübahisəli mənzildə yaşamış, bu gündə artıq yetkinlik yaşına çataraq anaları ilə birlikdə mübahisəli mənzildə yaşayırlar. Məhkəmə tərkibinin qənaətinə görə Cavabdeh1 ilə X6 nikah münasibətlərinə xitam verilməsi Cavabdeh1, onun övladları digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 evdən çıxarılmasına əsas ola bilməz. Məhkəmə tərkibi qeyd olunanları nəzərə alıb hesab edir ki, yaşayış sahəsindən istifadə hüququna malik olan şəxsin istifadə hüququna xitam verilməsi iki əsasla 1) şəxsin daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçməsi 2) mülkiyyətçi tərəfindən kompensasiya verildiyi əsasa görə mümkündür. Məhkəmə tərkibi hesab edir ki, cavabdehlərin başqa yerdə mənzil tələbatını ödəməyə imkanı olmadığı halda mübahisəli evdən çıxarılma tələbinin təmin edilməsi qanunvericiliyə və ədalət prinsipinə uyğun olmazdı. Çünki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verir. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Hazırkı iş üzrə isə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 fasiləsiz olaraq mübahisəli yaşayış sahəsində yaşamışlar, daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçməmişlər. Eyni zamanda cavabdehlərə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi əvəzində kompensasiya təklif edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsin əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz Məhkəmə tərkibi qeyd edir ki, qeyd edilən normanın məzmunundan da göründüyü kimi insanın yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsi qadağandır. Bu istifadə hüququnun olub-olmadığından asılı olmayaraq mənzildə yaşayan hər kəsi qanunsuz məhrumetmədən mühafizə edir və şəxsin mənzildə yaşaması faktı kifayətdir ki, normanın mühafizəsi ona tətbiq edilsin. Qeyd edilən normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə, məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmiş, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmişdir. Ona görə də İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(032)-1434/2024 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(032)-1434/2024 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar