Məhkəmə qərarları › İş №2(106)-481/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-481/2023

17.04.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-481/2023 17.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər: Allahyarov Zaur Mirzağa oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Hüseynov Elvin Nizami oğlunun katibliyi, İddiaçı, cavabdeh Yeni Azərbaycan Partiyasının Şirvan Şəhər Təşkilatının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Yeni Azərbaycan Partiyasının Şirvan Şəhər Təşkilatına qarşı əmrin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə iddia ərizəsinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(032)- *463/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı əmək kitabçasına əsasən, o, Yeni Azərbaycan Partiyasının Şirvan Şəhər Təşkilatının *6.07.202*-ci il tarixli 08 nömrəli əmri ilə mühasib vəzifəsinə qəbul edilmiş, xx.xx.2022-ci il tarixli *0 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən, Yeni Azərbaycan Partiyasının Şirvan Şəhər Təşkilatının “İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında” 26.*0.2022-ci il tarixli 26 nömrəli əmri ilə “İddiaçı “Yeni Azərbaycan Partiyasının üzvü olmaması” əsası ilə vəzifədən azad olunmasına dair xx.xx.2022-ci il tarixli *0 nömrəli əmr ləğv edilmişdir. Hazırda iddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə iki əmrin olduğunu iddia edərək eyni tarixli, eyni nömrəli həmin əmrlərin ləğv edilməsini tələb edir. Birinci instansiya məhkəməsindəki icraat: İddiaçı Şirvan Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Yeni Azərbaycan Partiyasının Şirvan Şəhər Təşkilatının onunla əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2022-ci il tarixli *0 nömrəli əmrin ləğv edilməsini, işə bərpa olunmasını, qanunsuz işdən çıxarılması müddətindən başlayaraq işə bərpa olunduğu günə qədər olan dövr üçün ona orta aylıq əmək haqının ödənilməsi, 2022-ci ilin ştat cədvəlinə uyğun olaraq ona ödənilməli olan əmək haqqının ödənilməmiş hissəsinin ödənilməsini xahiş etmişdir. İddiaçı Maarif oğlu iddia tələbində dəqiqləşdirmə apararaq cavabdeh Yeni Azərbaycan Partiyası Şirvan şəhər Təşkilatına qarşı “İddiaçı Maarif oğlu ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında” 04 iyul 2022-ci il tarixli *0 saylı əmrin və “əmək müqaviləsinə xitam verilməsi barədə” 04 iyul 2022-ci il tarixli *0 saylı əmrin ləğv edilməsini, işə bərpa edlməsini, məcburi iş buraxılmasına görə işə bərpa günə qədər əmək haqqının ödənilməsini tələb etmişdir. İddiaçı Maarif oğlu daha sonra iddia tələbində dəqiqləşdirmə apararaq cavabdeh Yeni Azərbaycan Partiyası Şirvan şəhər Təşkilatına qarşı “İddiaçı Maarif oğlu ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında” 04 iyul 2022-ci il tarixli *0 saylı əmrin və “əmək müqaviləsinə xitam verilməsi barədə” 04 iyul 2022-ci il tarixli *0 saylı əmrin ləğv edilməsini, işə bərpa edlməsini, məcburi iş buraxılmasına görə işə bərpa günə qədər əmək haqqının ödənilməsini və 50 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutulmasını tələb etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2020-202*-ci illərdə Şirvan şəhər Kommunal Kombinat Müəssisəsində baş mühasib vəzifəsində işləmişdir. Şirvan şəhər Kommunal Kombinatı Müəssisəsində işlədiyi dövrdə YAP Şirvan Şəhər Təşkilatına dəvət edilərək ona YAP Şirvan Şəhər Təşkilatında mühasibə ehtiyac olduğu bildirilmiş və ondan həmin təşkilatda mühasib kimi fəaliyyətə başlaması xahiş edilmişdir. O, əvvəlki iş yerinin onu qane etdiyini bildirərək YAP Şirvan Şəhər Təşkilatında mühasib vəzifəsində işləməkdən imtina etmişdir. Bu hadisədən təxminən 2 ay keçdikdən sonra Paşa Nəbiyev onunla yenidən əlaqə saxlayaraq xahişini təkrarlamış və ona YAP Şirvan Şəhər Təşkilatının mühasibinin olmaması səbəbindən təşkilatın işçiləri uzun zamandır əmək haqqı ala bilməməsini bildirmişdir. O, bu dəfə razılıq verərək 23 iyun 202*-ci ildə Kommunal Kombinatı Müəssisəsindəki vəzifəsindən öz xahişi ilə ayrılmış, işindən ayrılandan sonra ona bir müddət gözləməyi xahiş etmişlər. *6 iyul 202*-ci ildə onu YAP Şirvan Şəhər Təşkilatına dəvət edib 420 (dörd yüz iyirmi ) manat əmək haqqı ilə müddətsiz əmək müqaviləsi bağlamışlar. Yeni Azərbaycan Partiyasında işə başladıqdan qısa müddət sonra sədr əvəzi Paşa Nəbiyev ondan Yeni Azərbaycan Partiyasına üzv olmağını xahiş etmiş, o isə bununla razılaşmayaraq partiya mənsubiyyəti olmadan işini davam etdirmək istədiyini bildirmişdir. 0* fevral 2022-ci ildə YAP Şirvan Şəhər X* yeni sədr təyin olunmuşdur. Bu təyinatdan qısa müddət sonra yeni sədr ondan Yeni Azərbaycan Partiyasına üzv olmasını tələb etmiş, əks halda onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəyi ilə bağlı xəbərdarlıq etmişdir. O, Кonstitusiya və Əmək Məcəlləsinə istinad edərək şəxsin hər hansı bir partiyaya üzv olmasına məcbur edilməsinin qanuna zidd olduğunu bildirmiş və partiya mənsubiyyəti olmadan davam etmək istəyini bir daha təkrarlamışdır. O, işçilərin maaşlarının təmin edilməsi üçün rəhbərlik tərəfindən verilən ştat cədvəlində mühasibin əmək haqqının *400 (min dörd yüz) manat olduğunu görmüşdür. Bu barədə sədr X9 Azərbaycan Partiyasının 2022-ci ilin ştat cədvəlinə əsasən mühasiblərin maaşının nə qədər olduğunu soruşduqda o, “yeni ştat cədvəlinə əsasən mühasibin maaşı *400 (min dörd yüz ) manatdır, lakin bu əmək haqqını sizə verməyə icazə vermırlər, çünki ştat cədvəli hələ ki gəlməyib“ cavabını vermiş, o isə cavabında “Mərkəzi aparat rəhbəri tərəfindən təsdiqlənmiş 2022-ci il ştat cədvəlində sizin və digər işçilərin vəzifə maaşları göstərilməlidir, necə olur sizin 2500 (iki min beş yüz) manat əmək haqqınız yeni ştat cədvəlinə əsasən verilir, ancaq mənim təşkilatdan dekabr ayında çıxmış işçilərin və öz vəzifəmi icra etməyimə baxmayaraq köhnə ştat cədvəlinə əsasən 420 manat əmək haqqı alıram” bildimişdir. Yeni sədr Zahir Qəhrəmanov işlədiyi dövrdə ən azı 3 dəfə ondan Yeni Azərbaycan Partiyasına üzv olmasını tələb etmiş, o isə hər dəfə etirazını bildirərək üzv olmaqdan imtina etmişdir. 02 iyul 2022-ci il şənbə günü sədr Zahir Qəhrəmanov ona zəng vuraraq təşkilata çağırmış və orda həmin gündən bir gün əvvəl, yəni cümə günü onun işdən ayrılması ilə bağlı əmr verdiyini bildirmişdir. O, ona heç bir xəbərdarlıq edilmədən əmək müqaviləsinə xitam əmrinin verilməsinin heç bir halda yolverilməz olduğunu bildirmişdir. 04 iyul 2022-ci ildə sədrlə görüşdə onun YAP üzvü olmadığını əsas gətirərək onu işdən çıxardığını bildirmişdir. *4 iyul 2022-ci ildə mediasiya prosesinin tətbiqi barədə təklif göndərsə də, cavablanmamışdır. Bu səbəbdən o, mediasiya prosesinin tətbiqi üçün mediasiya şurasına müraciət etmişdir. X3 mediatorluğu ilə ** avqust 2022-ci ildə keçirilən prosesdə tərəflər razılaşmadığı üçün prosesin davam etdirilməməsi barədə qərar qəbul olunub. İşəgötürən Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndini (“işçilərin sayı və ya ştatlarının ixtisarı”) tətbiq edərkən bu maddə ilə əlaqəli olan Məcəllənin 77-ci maddəsinin (“əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları”) və 80-cı maddəsinin (“əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı razılaşmalar”) tələblərini pozmuşdur. İşdə cavabdeh işəgötürənin əmrlərindən biri də 04 №-li “ştat ixtisarı” əmridir ki, bunun *-ci bəndində “əmək müqavilələrinə xitam veriləcək” işçilərə ştatların ixtisarı ilə bağlı Əmək Məcəlləsinin 77-ci maddəsinin *-ci bəndinə uyğun olaraq “rəsmi xəbərdarlıq” əmrin mətnində ştatları ixtisara düşən işçilərin adları göstərilmədən yazılmışdır ki, bu əmək qanunvericiliyinin ciddi pozuntusudur. O, rəsmi qaydada bu əmrlə tanış edilməmişdir. Həm də işəgötürən, mətnində heç bir ad və soyad göstərilməyən “rəsmi xəbərdarlıq” əmrini həmkarlar ittifaqı təşkilatına 08 fevral 2022-ci il tarixli 05/a saylı təqdimatından 6 gün əvvəl qəbul etmişdir. Halbuki, elementar kargüzarlıq qaydalarına cavab verməyən bu əmr heç bir halda işəgötürənin təqdimatını qabaqlaya bilməzdi. xx.xx.2022-ci il tarixdə xəbərsiz olduğu “rəsmi xəbərdarlıq” Əmək Məcəlləsinin hətta 77-ci maddəsinin *-ci bəndinin də tələbinin pozuntusu (2 həftəlik müddət və iş axtarmağa imkan yaradılması) ilə aparılmış, cavabdehin “rəsmi xəbərdarlıq” hesab etdiyi əmrdən 5 ay 4 gün ötəndən sonra xx.xx.2022-ci il tarixli *0 saylı əmrlə onunla bağlanmış əmək müqaviləsinə “ştat ixtisarı” və “Yeni Azərbaycan Partiyası üzvü olmamağı” səbəbindən xitam verilmişdir. Əmək məcəlləsinin 80-cı maddəsinin tələbinə görə, əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının (daha cavabdehin “rəsmi xəbərdarlıq” hesab etdiyi əmrdən sonra yox) alınması üçün aşağıdakı hallar mövcud olmalıdır: İşçi müvafiq sahə üzrə həmkarlar ittifaqı təşkilatının üzvü olmalıdır. Belə ki, “Həmkarlar ittifaqları haqqında “Qanunun **-ci maddəsinə əsasən, həmkarlar ittifaqı öz üzvlərinin əmək hüquqlarını müdafiə edir. Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən həmin Məcəllənin 70-ci maddəsinin “b” və “c” bəndlərində göstərilən əsaslarla həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınması üçün işəgötürənin a) əsaslandırılmış yazılı təqdimatı olmalı, təqdimata b) müvafiq əsaslandırma sənədləri əlavə edilməlidir. Lakin işəgötürənin xx.xx.2022-ci il tarixli 05/a saylı təqdimatında bunların heç biri yoxdur. Həm də ki, bunların olması da qeyri-mümkün idi. Çünki təqdimatdan 5 ay 4 gün ötəndən sonra xx.xx.2022-ci il tarixli *0 saylı əmrlə “ştat ixtisarı” bəhanəsi ilə onu işdən çıxardandan 2 gün sonra bu vəzifəyə X*2 təyin edilmişdir. Əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası işəgötürənlə onun arasında əmək müqaviləsinin müddətsiz bağlandığını təsdiqləyir. “Əmək və Məşğulluq altsisteminə *3.09.202*-ci ildə daxil edilmiş *6.07.202*-ci ildə müddətsiz bağlanmış əmək müqaviləsi əsasında xxxxxxx000200 №-li “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi” də bunu bir daha təsdiqləyir. Lakin işəgötürənin əlyazması ilə məhkəməyə kserosurətini təqdim etdiyi *6.07.202*-ci il tarixli 08 saylı əmrdə (təşkilatın sabiq sədri P.Nəbiyev imzalamışdır) 0* yanvar 2022-ci ilə qədər mühasib vəzifəsinə qəbul edilməyi göstərilmişdir. X2 barəsində verdiyi xx.xx.2022-ci il tarixli *0 №-li əmrə əlavə olaraq “Əmək və Məşğulluq” altsisteminə işlənib, işəgötürənin öz əlyazması ilə imzalanmış əmrdə də onun işdən çıxardılma səbəbi “Yeni Azərbaycan Partiyası üzvü olmamamağı” və “ştat ixtisar” göstərilmişdir. İşəgötürənin yol verdiyi çox ciddi bir saxtakarlıq da bundan ibarətdir ki, onu “ştat ixtisarı” bəhanəsi ilə (04 iyul 2022-ci il tarixli əmrlə ) işdən çıxardandan *6 iş saatı keçdikdən sonra işəgötürən onun işlədiyi mühasib vəzifəsinə 06 iyul 2022 tarixli əmrlə X7 qəbul etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Şirvan Şəhər Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(032)-*463/2022 nömrəli qətnaməsi ilə (hakim Elçin Qurbanov) İddiaçı Maarif oğlunun cаvabdeh Yeni Azərbaycan Partiyası Şirvan şəhər Təşkilatına qarşı оnunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında 04 iyul 2022-ci il tarixli *0 saylı əmrin və “ əmək müqaviləsinə xitam verilməsi barədə” (Əmək və Məşğulluq” altsistemində qeyd edilmiş 04 iyul 2022-ci il tarixli *0 saylı əmrin ləğv edilməsi, işə bərpa edilməsi, məcburi iş buraxılmasına görə işə bərpa günə qədər əmək haqqının ödənilməsi, 2022-ci ilin ştat cədvəlinə uyğun olaraq əmək haqqının ödənilməmiş hissəsini və 50 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutulması tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Məhkəmə belə qənaətə gəlmişdir ki, işəgötürən Yeni Azərbaycan Partiyası Şirvan şəhər Təşkilatı tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinin tələblərinə uyğun olaraq İddiaçı ilə əmək müqaviləsi ləğv edilərkən Əmək Məcəlləsinin 77-ci maddəsinin *-ci bəndinə uyğun olaraq əmək stajına uyğun olaraq rəsmi xəbərdar edilmişdir. Ona görə də məhkəmə İddiaçı Əmək Məcəlləsinin 77-ci maddəsinin tələblərinə uyğun olaraq xəbərdar olunmaması barədə dəlilini qəbul etmir. Belə ki, cavabdeh Yeni Azərbaycan Partiyası Şirvan şəhər Təşkilatının cəmi 4 nəfər işçisindən 3 nəfərin xəbərdar olunması təsdiq olunmuş sübutlarla müəyyən olunduğu halda, İddiaçı xəbərdar olunmaması inandırıcı deyil, çünki həmin yazılı xəbərdarlıqları elə iddiaçının özü işçilərə təqdim etmişdir. Bundan başqa, məhkəmə onu da nəzərə alır ki, İddiaçı işdənçıxarma müavinəti də ödənilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatında işçilərin sayı və ştatlar ixtisar edildiyindən İddiaçı ilə olan əmək münasibətlərinə mövcud olan əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq xitam verilmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin *, 3-cü bəndlərinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri: İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, Ukrayna Respublikası Odessa şəhərindəki Milli Politexnik Universitetini 20*7-ci ildə “mühasibat uçotu və audit” ixtisası üzrə bitirmişdir. Diplomu Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən sertifikatlaşmışdır. 2009-cu ildən 20**-ci ilə qədər əmək fəaliyyəti Azərbaycan Respublikasında işə götürənlə bağlanmış əmək müqavilələri əsasında olmuşdur. *6 iyul 202*-ci il tarixdə bağlanmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə əsasən Yeni Azərbaycan Partiyasının Şirvan şəhər təşkilatı bölməsində mühasib vəzifəsinə təyin edilmişdir. Vəzifəsi öz funksiyasına görə maliyyə xarakterlidir, heç bir ictimai və siyası əhəmiyyət kəsb etmir. İşlədiyi müddətdə tərəfindən əmək və icra intizamının pozulmasıilə əlaqədar heç bir intizam tənbehi almamış, əmək müqaviləsi üzrə üzərinə düşən vəzifələri vicdanla yerinə yetirmişdir. xx.xx.2022-ci il tarixdə YAP Şirvan şəhər təşkilatının sədri, işəgötürən Z.Qəhrəmanov tərəfindən işdən azad edilmişdir. Bununla əlaqədar barəsində aşağıdakı əsaslarla əmr verilmişdir: *. xx.xx.2022-ci il tarixli *0 saylı əmrdə əsas kimi işdən çıxarılmasının səbəbi “İddiaçı Yeni Azərbaycan Partiyasının üzvü olmaması” göstərilmişdir.

2. Yenə eyni tarixli, eyni saylı əmrdə işdən çıxarılmasının əsası kimi “Azərbaycan Respublikası Əmək Məcəlləsinin “b” bəndinə-işçilərin sayı və ştatların ixtisarına” istinad edilmişdir. Təkrarən qeyd edir ki, onun vəzifəsi YAP şəhər təşkilatında nə ictimai, nə də siyasi xarakterli deyil, sırf maliyyə xarakterli olmuşdur.Onun işdən çıxarılmasından sonra nə işçilərin sayı, nə da ştatları ixtisar edilməmişdir. Cavabdehin etiraz ərizəsində də etiraf etdiyi kimi, o, işdən çıxarıldıqdan 2 gün sonra onun tutduğu vəzifəyə yeni mühasib işə götürülmüşdür. Şirvan Şəhər Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 25.3-cü maddəsinə əsasən Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Həmin maddənin İV bəndinə əsasən Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin *6.*-ci maddəsinə əsasən Əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır. Həmin Məcəllənin *6.3-cü maddəsinə əsasən Əmək münasibətləri prosesində işçilər arasında bu maddənin birinci hissəsində göstərilən ayrı-seçkiliyə yol verən işəgötürən və ya digər fiziki şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq məsuliyyət daşıyır. Həmin Məcəllənin *6.4-cü maddəsinə əsasən ayrı-seçkiliyə məruz qalan işçi pozulmuş hüququnun bərpa edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Siyasi Partiyalar haqqında Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsinə əsasən Heç kəs hər hansı siyasi partiyaya daxil olmağa və ya onun üzvlüyündə qalmağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e)dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, əgər müqaviləyə bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilirsə, işçinin bir ilədək əmək stajı olduqda işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi azı iki təqvim həftəsi öncə müqaviləyə xitam veriləcəyi ilə bağlı rəsmi xəbərdar edilməlidir. Cavabdeh siyasi partiya olsa da, o, hər hansı siyasi vəzifə tutmayıb. O, partiya ilə əmək müqaviləsi bağlayaraq, orada mühasib vəzifəsində işləyib. Belə bir durumda iddiaçının zorla siyasi partiyaya üzv edilməyə məcbur edilməsi, yuxarıda qeyd edilən qanunvericilik aktlarının, xüsusilə Əmək Məcəlləsi və Siyasi Partiyalar haqqında Qanunun tələblərinə ziddir. Əmək Məcəlləsin 70-ci maddəsi işəgötürən tərəfindən hansı hallarda əmək müqaviləsinin ləğv edilməsinin konkret siyahısını verib. Qeyd edilın siyahıda siyasi partiyaya üzv olmaqdan imtina edilməsi əmək müqaviləsinə xitam verilməsinə səbəb ola biləcəyi göstərilməyib və bunun olması da mümkün deyil. Cavabdeh formal olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə istinad etsə də, əmrin sonunda işdən çıxarılmağın səbəbi kimi iddiaçının partiya üzvlüyündən imtina etməsi aşkar göstərilib ki, bu da diskriminativ xarakter daşıyır. Əmək Məcəlləsinin 77-ci maddəsində açıq göstərilir ki, əgər müqaviləyə bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilsə, işçinin bir ilədək əmək stajı olduqda işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi azı iki təqvim həftəsi öncə müqaviləyə xitam veriləcəyi ilə bağlı rəsmi xəbərdar edilməlidir. İddiçı ilə cavabdeh arasında əmək müqaviləsi *7 iyul 202*-ci ildə imzalanıb və 04 iyul 2022-ci ildə müqaviləyə xitam verilib. Ancaq iddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı nəinki iki həftə öncə, hətta bir gün sonra məlumatlandırılıb və əmr 04 iyul 2022-ci ildə rəsmiləşdirilib. 202*-ci ilin iyulunda iddiaçı ilə 420 manat əmək haqqı ilə müddətsiz əmək müqaviləsi bağlansa da, YAP sədrinin 5 saylı 202*-ci il tarixli, 05 mart tarixli sərəncamında mühasibin maaşı *400 manat olaraq göstərilib. Bununla belə iddiaçının maaşı artırılmayıb ki, bu da onun mülkiyyət hüququnun pozulmasına səbəb olub. Məhkəmə iddiaçının sübutlarına ümumiyyətlə qiymət verməyib və nəzərə almayıb. Məhkəmə iddiaçıya münasibətdə qərəzli olub. Belə ki, işin məhkəmə baxışında cavabdeh işəgötürən manipulyasiya edərək onun barəsində verdiyi xitam əmrini-“YAP üzvü olmaması” əmrini-məhkəmə proseduru getdiyi dönəmdə yəni 26 oktyabr 2022-ci il tarixində digər bir əmrlə ləğv etmiş və artıq məhkəmə baxışı prosedurunun başlanmasına baxmayaraq, hakim də “YAP üzvü olmadığı” əsası ilə işdən çıxarılması barədə verilmiş əmrin ləğv edilməsi barədə işəgötürənin əmrini qanuni hesab etmişdir. Məhkəmə nəzərə almaq istəməmişdir ki, işəgötürən tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndi qəsdən düzgün tətbiq edilməmişdir. Çünki hakim görməyə bilməzdi ki, bu necə “ştat ixtisarıdır” ki, onu ixtisara salan işəgötürən 48 saat sonra (xx.xx.2022-xx.xx.2022) onun yerinə eyni vəzifə funksiyası ilə başqa şəxsi qəbul edir. Cavabdeh öz etiraz ərizəsində də X7 06 iyul 2022-ci il tarixli əmr ilə mühasib vəzifəsinə təyin etdiyini etiraf etmişdir. İşəgötürənin məhkəmə baxışı prosesində araşdırılmayan YAP-ın 05.03.202*-ci il tarixli sərəncamı ilə onu “ştat ixtisarı” bəhanəsi ilə işdən çıxartması da qanunsuzdur. Çünki həmin sərəncamda söhbət ştat ixtisarından deyil, YAP-ın yerli təşkilatlarının ştatlı işçilərinin vəzifə maaşlarından gedir. YAP sədrinin 05 mart 202*-ci il tarixli sərəncamı məhkəmə baxışında tədqiq edilməmiş, hakim tərəfindən qətnamənin qərar hissəsinin elan olunmasından sonra iş materiallarına əlavə edilmişdir. YAP sədrinin 05 mart 202*-ci il tarixli sərəncamını qanunsuz əsas tutaraq “ştat ixtisarı” bəhanəsi ilə onu işdən çıxaran işəgötürən Zahir Qəhrəmanov bu barədə həmkarlar ittifaqı təşkilatına bir ildən sonra 08 fevral 2022-ci il tarixdə təqdimat göndərmiş, “ştat ixtisarı” ilə əlaqədar işdən çıxarılmaq əmrlərini isə təqdimatdan 6 ay sonra 04 iyul 2022-ci il tarixdə vermişdir. Lakin məhkəmə işəgötürənin bu şübhəli, məntiqsiz hərəkətlərinə hüquqi qiymət verməmişdir. Göstərilənlərə əsasən Şirvan Şəhər Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(032)- *463/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddiaçının iddia tələbinin tam həcmdə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh apellyasiya şikayətinə yazılı etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək Şirvan Şəhər Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(032)-*463/2022 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh Yeni Azərbaycan Partiyasının Şirvan Şəhər Təşkilatının vəkili Vəkil apellyasiya şikayətini qəbul etməyərək Şirvan Şəhər Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(032)-*463/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda Həmin Məcəllənin 75-ci maddəsinə əsasən *. Tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər.

2. Əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə aşağıdakı əlavə hallar nəzərdə tutula bilər: a) tərəflərin qarşılıqlı razılığı; b) səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışması sağlamlığı üçün təhlükəli olduğu barədə tibb müəssisəsinin müvafiq rəyinə görə; c) əmək funksiyasının müəyyən müddətdə icrası zamanı müvafiq iş yerində peşə xəstəliyinə tutulmanın yüksək ehtimalı olduğu halda; ç) işin və ya göstərilən xidmətlərin həcminin azalması ilə əlaqədar müəyyən dövr keçdikdən sonra işçi ilə hökmən yenidən əmək müqaviləsi bağlayacağı şərti ilə işəgötürən yazılı formada məcburi öhdəlik götürdükdə; d) bu maddənin tələblərinə əməl edilməklə tərəflərin müəyyən etdiyi digər hallar. Maddə 84. Əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmunu *. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.

2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.

3. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin *-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada - təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 2*7.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.*. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.*., 385.*.*, 385.*.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.*. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.* və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 20**-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.*-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.* və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin bütövlükdə qanuniliyinin və əsaslılığının yoxlanması təşkil edir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edibetməməsini yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam və hərtərəfli dəyərləndirmə aparmayaraq prosessual qanunvericiliyin tələblərini pozmaqla, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normalarını səhv tətbiq və təfsir etmişdir. Bununla da qətnamənin apellyasiya qaydasında mübahisələndirilərək ləğv edilməsi üçün əsaslar yaratmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticənin apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə tərəflər arasında hansı tapşırığın olması və həmin tapşırığın yerinə yetirilib-yetirilməməsi və cavabdehin iddia tələbinə qarşı etirazlarının əsaslı olub-olmaması araşdırılaraq hüquqi qiymət verilməsi gəlinən hüquqi nəticələrin asan başa düşülməsi baxımından məqsədə uyğundur. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə tərəflər arasında işçi və işəgötürən münasibəti olmuş, iddiaçı iddia edir ki, cavabdeh işəgötürən onu qanunsuz olaraq işdən çıxarmış, nəticədə o, məcburi işburaxma səbəbindən əmək haqqı ala bilməmişdir. Odur ki, işə bərpa və məcburi iş burxmağa görə əmək haqqı tələb edir. Tələbinin hüquqi əsası kimi isə Əmək Məcəlləsinin 70,84,300-cü maddələri təşkil etdiyini göstərir. İddiaçı Maarif oğlu iddia tələbini onunla əsaslandırır ki, o, Yeni Azərbaycan Partiyasının Şirvan Şəhər Təşkilatında baş mühasib vəzifəsində işləmişdir. O, qanunsuz işdən çıxarıldığından cavabdeh Yeni Azərbaycan Partiyası Şirvan şəhər Təşkilatına qarşı “İddiaçı Maarif oğlu ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında” 04 iyul 2022-ci il tarixli *0 saylı əmrin və “əmək müqaviləsinə xitam verilməsi barədə” 04 iyul 2022ci il tarixli *0 saylı əmrin ləğv edilməsini, işə bərpa edlməsini, məcburi iş buraxılmasına görə işə bərpa günə qədər əmək haqqının ödənilməsini və 50 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi, iddiaçı 04 iyul 2022-ci il tarixli *0 saylı əmrin və 04 iyul 2022-ci il tarixli,*0 saylı əmrin ləğv edilməsini, işə bərpa edilməsini və məcburi iş buraxmaya görə əmək haqqı tələb etmişdir. İddiaçının tələbi əmrin qanunsuz hesab edilərək ləğv edilməsi və işə bərpa barədədir.Ona görə də ilk növbədə əmrin qanuniliyi məsələsinə diqqət yetirilməlidir. Cavabdehin iddia tələbinə etirazından müəyyən edilir ki, o, iddianı qəbul etmir. Belə ki, Yeni Azərbaycan Partiyasının Şirvan Şəhər təşkilatının *6.07.202*-ci il tarixli 08 saylı əmri ilə iddiaçı *6.07.202*-ci il tarixindən 0*.0*.2022-ci il tarixinə kimi müddətli müqavilə əsasında Yeni Azərbaycan Partiyasının Şirvan şəhər Təşkilatına məsləhətçi-mühasib vəzifəsinə işə qəbul edilmişdir. Yeni Azərbaycan Partiyasının Şirvan şəhər Təşkilatının 05.0*.2022-ci il tarixli, 0* saylı əmri ilə iddiaçı ilə bağlanılmış əmək müqaviləsinin müddəti 0*.03.2022-ci il tarixinə kimi uzadılmışdır. Yeni Azərbaycan Partiyasının Şirvan şəhər Təşkilatının xx.xx.2022-ci il tarixli, *0 saylı əmri ilə İddiaçı Maarif oğlu tutduğu məsləhətçi-mühasib vəzifəsindən azad olunmuşdur. İş materiallarında iddiaçının işdən azad olunması barədə eyni tarixli, eyni nömrəli (xx.xx.2022-ci il tarixli, *0 saylı) iki əmr vardır. Həmin əmrin birində əmək müqaviləsinə xitam verilməsi əsası "Yeni Azərbaycan Partiyasının üzvü olmaması”, digərində isə "ştatların ixtisarı" qeyd olunmuşdur. İddiaçı ilə bağlanılmış əmək müqaviləsinin ləğv olunması əsası onun bildirdiyi kimi Yeni Azərbaycan Partiyasının üzvü olmaması ilə deyil, ştatların ixtisarı ilə bağlı olmuşdur. Yeni Azərbaycan Partiyası sədrinin 05.03.202*-ci il tarixli, 5 nömrəli Sərəncamına uyğun olaraq YAP yerli təşkilatlarının Aparatının yenidən formalaşdırılması ilə əlaqədar YAP Şirvan şəhər təşkilatının işçilərinin əmək müqavilələrinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "B" bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) xitam verilməsi nəzərdə tutulmuş, bu barədə Əmək Məcəlləsinin 77-ci maddəsinin birinci hissəsinə əsasən altı təqvim həftəsi xəbərdarlıq müddəti müəyyən olunmuş, həmin müddət birdikdən sonra təşkilatın digər işçiləri ilə bərabər iddiaçı ilə də əmək müqaviləsinə xitam veriləcəyi ilə bağlı iddaçıya və digər işçilərə rəsmi xəbərdarlıq edilmiş, onlara bu barədə adı çəkilən xəbərdarlıq rəsmi qaydada təqdim olunmuşdur. Hal-hazırda digər işçilərə rəsmi xəbərdarlıq verilməsi ilə bağlı imzaları ilə təsdiq olunmuş müvafiq sənədlər əldə olsa da, iddiaçının adı ilə qeyd olunmuş həmin təsdiqedici sənəd iddiaçının təşkilatda çalışdığı müddətdə sənədlərin içərisindən götürülərək yox olmuşdur. Digər tərəfdən, iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə iddiaçının özü tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2022-ci il tarixli, *0 saylı əmrdə bağlanılmış əmək müqaviləsinin ləğv olunması əsasının “ Yeni Azərbaycan Partiyasının üzvü olmaması" qeyd olunması texniki səhvlə bağlı olmuş və həmin əmr YAP Şirvan şəhər təşkilatının sədri olaraq tərəfindən imzalanarkən də yanlışlıq diqqətindən yayınmışdır. Eyni zamanda, adı çəkilən əmrin yuxarı hisəssində işçi ilə bağlanılmış əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) istinad olunmuşdur. Bu səbəbdən də iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli, *0 saylı əmrdə işdən azad olma əsasının "Yeni Azərbaycan Partiyasının üzvü olmaması" kimi göstərilmiş qeyd əsassızdır. Adı çəkilən əmr tərəfindən verilmiş əmrlə ləğv olunmuşdur. Digər tərəfdən, iddiaçı təşkilatda çalışdığı dövrdə təşkilatın büdcəsinə yığılmış vəsait az olduğundan digər işçilərlə bərabər Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin *3.09.20*9-cu il tarixli, 3 saylı qərarına əsasən təsdiq olunmuş xx.xx.2020-ci il tarixli Ştat cədvəlinə uyğun əmək haqqı almışdır. Bu səbəbdən də İddiaçı əmək müqaviləsinə xitam verildiyi tarixədək 2020-ci il tarixli ştat cədvəlinə əsasən 442 manat əmək haqqı almışdır. Yeni Azərbaycan Partiyası Şirvan şəhər Təşkilatı Aparatının hazırda mühasibi vəzifəsində çalışan X8 06 iyul 2022-ci il tarixli əmrlə işə götürülmüş və ona verilən əmək haqqı 2022-ci il tarixli ştat cədvəlinə əsasən müəyyən olunmuşdur. YAP Şirvan şəhər təşkilatının sədri 0* fevral 2022-ci il tarixində Yeni Azərbaycan Partiyasının X*0 Heyəti tərəfindən vəzifəyə təyin olunduğu üçün onun aylıq əmək haqqı yeni ştat cədvəlinə əsasən müəyyən olunmuşdur. Əmək haqqı məbləği partiya üzvlərinin sayı ilə deyil, YAP X*0 Heyətinin qərarı ilə müəyyən olunur. Odur ki, iddianın təmin olunmamasını xahiş edir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı Yeni Azərbaycan Partiyasının Şirvan Şəhər Təşkilatına qarşı əmrin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə iddiası rədd edilməlidir. Çünki işəgötürən Yeni Azərbaycan Partiyası Şirvan şəhər Təşkilatı tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinin tələblərinə uyğun olaraq İddiaçı ilə əmək müqaviləsi ləğv edilərkən Əmək Məcəlləsinin 77-ci maddəsinin *-ci bəndinə uyğun olaraq əmək stajına uyğun olaraq rəsmi xəbərdar edilmişdir. Ona görə də məhkəmə İddiaçı Əmək Məcəlləsinin 77-ci maddəsinin tələblərinə uyğun olaraq xəbərdar olunmaması barədə dəlilini qəbul etmir. Belə ki, cavabdeh Yeni Azərbaycan Partiyası Şirvan şəhər Təşkilatının cəmi 4 nəfər işçisindən 3 nəfərin xəbərdar olunması təsdiq olunmuş sübutlarla müəyyən olunduğu halda, İddiaçı xəbərdar olunmaması inandırıcı deyil, çünki həmin yazılı xəbərdarlıqları elə iddiaçının özü işçilərə təqdim etmişdir. Bundan başqa, məhkəmə onu da nəzərə alır ki, İddiaçı işdənçıxarma müavinəti də ödənilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatında işçilərin sayı və ştatlar ixtisar edildiyindən İddiaçı ilə olan əmək münasibətlərinə mövcud olan əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq xitam verilmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin *, 3-cü bəndlərinə istinadla əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, işin hallarından görünür ki, İddiaçı işdən azad olunması barədə 04 iyul 2022-ci il tarixli,*0 saylı əmr verilmişdir .İş materiallarına eyni tarixli, eyni saylı, eyni məzmunlu əmrin surəti əlavə edilmişdir. İddiaçı 04 iyul 2022-ci il tarixli, *0 saylı əmri iki ayrı-ayrı əmrlər kimi mübahisələndirmişdir. Halbuki, əmrin tarixindən, nömrəsindən və məzmunundan görünür ki, faktiki olaraq bir əmr, yəni 04 iyul 2022-ci il tarixli, *0 saylı əmr mövcud olmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş əmrlərin qeydiyyatı kitabından çıxarışdan da görünür ki, bir ədəd xx.xx.2022-ci il tarixli, *0 saylı əmr vardır. İddiaçı tərəfindən 04 iyul 2022-ci il tarixli *0 saylı və “əmək müqaviləsinə xitam verilməsi barədə” 04 iyul 2022-ci il tarixli *0 saylı əmrlər mübahisələndirilmişdir.Halbuki, eyni tarixli, eyni nömrəli,eyni məzmunlu bir əmr olmuşdur ki, həmin əmr də məhz işəgötürən tərfindən 26 oktyabr 2022-ci il tarixli,26 saylı əmrlə ləğv edilmişdir. Yəni iddiaçının iddia etdiyi kimi işəgötürən tərəfindən verilmiş işdən çıxarılma barədə əmrin ləğv olunması ilə həmin əmrin mübahisələndirilməsi aradan qalxmışdır. Baxmayarq ki, birinci instansiya məhkəməsi ləğv edilmiş əmrin qanuni və ya qanunsuz olması üzrə hüquqi dəyərləndirmə apararaq yekun nəticəyə gəlmişdir. Məhkəmə nəzərə almamışdır ki, iddiaçının hüququnu və qanunla qorunan mənafeyini pozan əmr heç də, 04 iyul 2022-ci il tarixli *0 saylı və “əmək müqaviləsinə xitam verilməsi barədə” 04 iyul 2022-ci il tarixli *0 saylı əmr deyil, işəgötürən tərəfindən İddiaçı Maarif oğlunun barəsində qəbul edilən 26 oktyabr 2022-ci il tarixli əmr olmuşdur ki, hansı ki, bu əmr məhkəmənin mübahisə predmeti olmamışdır. Belə ki, Yeni Azərbaycan Partiyası Şirvan şəhər Təşkilatı tərəfindən qəbul edilmiş 26 oktyabr 2022-ci il tarixli 26 əmrlə müəyyən olunur ki, Yeni Azərbaycan Partiyası Şirvan şəhər Təşkilatı tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli *0 saylı əmr ləğv olunmuşdur, eyni zamanda həmin əmrdə qeyd olunmuşdur ki, digər tərəfdən Yeni Azərbaycan Partiyasının sədrinin 05 mart 202*-ci il tarixli, 05 nömrəli Sərəncamına uyğun olaraq YAP Şirvan şəhər təşkilatının Aparatının yenidən formalaşdırılması ilə əlaqədar YAP Şirvan şəhər təşkilatının işçilərinin əmək müqavilələrinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edilməsi) xitam verilmişdir. İddiaçı da həmin əsasla təşkilatın mühasib-məsləhətçi vəzifəsindən azad olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin *-ci hissəsində göstərilir ki, bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Əmək münasibətlərinin daha dolğun tənzimlənməsi, habelə baş verə biləcək hər hansı əmək mübahisəsinin düzgün, hərtərəfli və obyektiv araşdırılması və həll edilməsi məqsədi ilə tərəflər əmək müqaviləsi bağlayarkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş hallardan işçinin əmək şəraitinə uyğun olmasının birini və ya bir neçəsini əmək müqaviləsinə daxil etməlidir. Məhz göstərilən hallar əmək müqaviləsinə daxil edildiyi təqdirdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsində təsbit olunmuş əsaslardan biri ilə əmək müqaviləsinə xitam verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki,iddiaçının 26 oktyabr 2022-ci il tarixli ,26 saylı əmri mübahisələndirmək hüququ vardır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan Şəhər Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(032)- *463/2022 nömrəli qətnaməsi ləğv edilməli, İddiaçı Yeni Azərbaycan Partiyasının Şirvan Şəhər Təşkilatına qarşı оnunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında 04 iyul 2022-ci il tarixli *0 saylı əmrin və “ əmək müqaviləsinə xitam verilməsi barədə” (Əmək və Məşğulluq” altsistemində qeyd edilmiş 04 iyul 2022-ci il tarixli *0 saylı əmrin ləğv edilməsi, işə bərpa edilməsi, məcburi iş buraxılmasına görə işə bərpa günə qədər əmək haqqının ödənilməsi, 2022-ci ilin ştat cədvəlinə uyğun olaraq əmək haqqının ödənilməmiş hissəsini və 50 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutulması barədə iddiasının rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul etmək səlahiyyəti vardır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrinə əsasən, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Şəhər Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(032)-*463/2022 nömrəli qətnaməsi ləğv edilsin. İddia tələbi təmin edilməsin. Qətnamədən tam formada təqdim olunduğu gündən 2(iki) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına (AZ*025 Bakı şəhəri, Y.Səfərov küçəsi *4, **93-cü məhəllə) kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar