Məhkəmə qərarları › İş №2(106)-483/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-483/2024

06.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-483/2024 06.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Qəribov Nahid Vidadi oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinə (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tabeliyində Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinə) qarşı “miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 2(020)-1625/2018 saylı, 02 avqust 2018-ci il tarixli qətnaməsindən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs kimi Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: Beyləqan Rayon Məhkəməsinin 02 avqust 2018-ci il tarixli, 2(020)-1625/2018 saylı qətnaməsi ilə (sədrlik edən hakim Ramiz Nurullayev) iddia təmin edilmiş, İddiaçı xx.xx.2007-ci ildə ölmüş mərhum anası X1 məxsus miras əmlaklarını qəbul etməsi faktı müəyyən edilmişdir. Qətnamədən narazı qalan Maraqlı şəxs apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Beyləqan Rayon Məhkəməsinin 02 avqust 2018-ci il tarixli, 2(020)-1625/2018 saylı qətnaməsinin ləğv edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmiş, apellyasiya şikayətinə onun verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə əlavə etmişdir. Beyləqan Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(020)-1625/2018 saylı qərardadı ilə Beyləqan Rayon Məhkəməsinin 02 avqust 2018-ci il tarixli, 2(020)-1625/2018 saylı qətnaməsi Maraqlı şəxs hüquq və vəzifələrinə toxunduğundan onun apellyasiya şikayəti verməsi üçün buraxılmış müddət üzrlü hesab edilməklə bərpa edilmiş, mülki işin apellyasiya şikayəti ilə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 sentyabr 2023-cü il tarixli, 2(106)-1497/2023 saylı qərardadı ilə Beyləqan Rayon Məhkəməsinin 02 avqust 2018-ci il tarixli, 2(020)-1625/2018 saylı qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və mülki işin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinin yerinə yetirilməsi və sonrakı prosessual hərəkətlərin edilməsi üçün Beyləqan Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti elektron qaydada verilməmiş və imzalanmamışdır. Bundan başqa, maraqlı şəxs apellyasiya şikayəti üçün qanunvericiliyin müəyyən etdiyi tələblərə əməl etməmiş, şikayət MPM-in 363.1.5-ci maddəsinə uyğun olmamaqla Mülki Prosessual Məcəlləyə 2 saylı Əlavədə müəyyən olunmuş lazımi məzmunda tərtib edilməmişdir. Maraqlı şəxs şikayətində maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsini nədən ibarət olmasını konkret şərh etməmiş, şikayətin nəticə hissəsində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, yeni qərar qəbul edilməsini xahiş etsə də, ərizəyə münasibətdə konkret tələbini (ərizənin təmin edilib-edilməməsini) göstərməmiş, şikayətin məzmunu ilə bağlı tələblərə əməl etməmişdir. Halbuki apellyasiya şikayətində maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması mütləq şəkildə göstərilməli, göstərilmiş hər bir normanın qarşısında pozuntunun və ya düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Beyləqan Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, 2(020)-1625/2018 saylı qərardadı ilə Beyləqan Rayon Məhkəməsinin 02 avqust 2018-ci il tarixli, 2(020)-1625/2018 saylı qətnaməsindən hüquq və vəzifələrinə toxunan Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Bundan sonra, Maraqlı şəxs nümayəndəsi olan Vəkil vasitəsilə yenidən Beyləqan Rayon Məhkəməsinin 02 avqust 2018-ci il tarixli, 2(020)-1625/2018 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Beyləqan Rayon Məhkəməsinin 02 avqust 2018-ci il tarixli, 2(020)-1625/2018 saylı qətnaməsinin ləğv edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmiş, həmçinin, apellyasiya şikayətində qeyd edilən qüsurların aradan qaldırılması nəzərə alınaraq onun verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə də əlavə etmişdir. Beyləqan Rayon Məhkəməsinin 30 dekabr 2023-cü il tarixli, 2(020)-1625/2023 saylı qərardadı ilə Beyləqan Rayon Məhkəməsinin 02 avqust 2018-ci il tarixli, 2(020)-1625/2018 saylı qətnaməsi Maraqlı şəxs hüquq və vəzifələrinə toxunduğundan onun və nümayəndəsi Vəkil birgə verdikləri apellyasiya şikayəti üzrə buraxılmış müddətin üzrlü hesab edilməklə bərpa edilməsi, mülki işin apellyasiya şikayəti ilə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Beyləqan Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli göndəriş məktubu ilə mülki iş materialları Şirvan Apellyasiya Məhkəməsinə göndərilmiş, 01 fevral 2024-cü ildə Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qeyrimümkün hesab edilməli və onun qəbulundan imtina edilməlidir. Məhkəmə kollegiyası ilk öncə onu qeyd etməyi zəruri sayır ki, hazırda Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti müstəqil və ayrıca formada elektron sənəd şəklində “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirilməmiş, yalnız vəkil müraciətinə qoşma edilərək onun davamı kimi verilmişdir. Birinci instansiya məhkəməsi isə bu halı nəzərə almamışdır. Bundan başqa, Maraqlı şəxs Beyləqan Rayon Məhkəməsinin 02 avqust 2018ci il tarixli qətnaməsindən ilk dəfə verdiyi apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 sentyabr 2023-cü il tarixli, 2(106)-1497/2023 saylı qərardadında apellyasiya şikayətinin elektron qaydada verilməməsi və imzalanmaması qeyd olunmaqla yanaşı, həmçinin göstərilmişdir ki, apellyator şikayətin nəticə hissəsində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, yeni qərar qəbul edilməsini xahiş etsə də, ərizəyə münasibətdə konkret tələbini (ərizənin təmin edilibedilməməsini) göstərməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 sentyabr 2023-cü il tarixli, 2(106)-1497/2023 saylı qərardadında qeyd edilən nöqsanları aradan qaldırdığını iddia edərək yenidən apellyasiya şikayəti verən apellyator isə şikayətin tələb hissəsində hər hansı düzəliş etməmiş, əvvəlki apellyasiya şikayətində olduğu kimi, yenə də, Beyləqan Rayon Məhkəməsinin 02 avqust 2018-ci il tarixli, 2(020)-1625/2018 saylı qətnaməsinin ləğv edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Halbuki, apellyasiya şikayətinin “Apellyasiya şikayəti verən şəxsin tələbi” hissəsində apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. Lakin göründüyü kimi yenə də apellyator öz tələbini dəqiq göstərməmiş, yalnız qətnamənin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etməklə, mübahisənin həlli və iddiaçının tələbi ilə bağlı nə barədə qərarın qəbul edilməsini tələb etdiyini dəqiq qeyd etməmişdir. Mülki Prosessual Məcəllənin 361.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktını hansı hissədə mübahisələndirdiyi göstərilməlidir. Birinci instansiya məhkəməsi isə qeyd edilən halları nəzərə almamış, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 sentyabr 2023-cü il tarixli, 2(106)- 1497/2023 saylı qərardadında göstərilmiş bütün nöqsanların apellyator tərəfindən aradan qaldırılması məsələsini araşdırmadan apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddəti bərpa edərək apellyasiya şikayətinə baxılması üçün mülki işi Şirvan Apellyasiya Məhkəməsinə göndərmişdir. Mülki Prosessual Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Mülki Prosessual Məcəllənin 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Qeyd edilənlərdən də aydın olduğu kimi, hazırkı iş üzrə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin MPM-in tələblərinə uyğunluğunu yoxlamadan apellyasiya şikayətini əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmiş, bununla da mülki-prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. MPM-in 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Mülki Prosessual Məcəllənin 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 361, 363, 364 və 366-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Beyləqan Rayon Məhkəməsinin 2(020)-1625/2018 saylı, 02 avqust 2018-ci il tarixli qətnaməsindən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs kimi Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Beyləqan Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qanunla müəyyən edilmiş qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar