Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-488/2023 14.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehin torpaq sahəsindən çıxarılması, onun tərəfindən çəkilmiş çəpərin sökülməsi, torpaq sahəsinin iddiaçının istifadəsinə qaytarılması və maneəçiliyin qadağan edilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Hacıqabul Rayon Məhkəməsinin 2(071)-285/2022 saylı, 20 dekabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq; MÜƏYYƏN ETDİ: Hacıqabul Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2(071)-285/2022 saylı qətnaməsi ilə (sədrlik edən hakim Vahid Hacıyev) iddia təmin edilmiş, Cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ********** nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan Hacıqabul rayonu, Pirsaat qəsəbəsində (Hacıqabul rayonu Pirsaat qəsəbəsi, Yeni qaydalar: ünvan 1 ünvanda yerləşən 0,12 ha torpaq sahəsindən çıxarılması, Cavabdeh tərəfindən çəkilmiş dəmir çəpərin sökülməsi və həmin torpaq sahəsinin İddiaçı qanuni istifadəsinə qaytarılması və gələcəkdə həmin torpaq sahəsindən sərbəst istifadəsinə hər hansı bir maneçilik etməsinin Cavabdeh qadağan edilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun və 95 manat xidmət haqqının İddiaçı aid edilməsi, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xərci 50 manat pulun Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Hacıqabul Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2(071)-285/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən cavabdehin apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və onun qəbulundan imtina edilməlidir. Apellyasiya şikayəti öyrənilərkən müəyyən olunmuşdur ki, apellyasiya şikayətinin forması Azərbaycan Respublikası MPM-in 361-ci maddəsində müəyyən olunmuş qaydalara uyğun deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir:
1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı;
2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti;
3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı;
4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi;
5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar;
6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar;
7. şikayətə əlavə edilən sənədlərin siyahısı. Apellyasiya şikayətinin forması Mülki Prosessual Məcəllənin 2 nömrəli Əlavəsində göstərilmişdir. Lakin cavabdeh tərəfindən verilən şikayət Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş apellyasiya şikayətinin formasına uyğun deyil. Mülki Prosessual Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Mülki Prosessual Məcəllənin 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin MPM-in tələblərinə uyğunluğunu yoxlamadan apellyasiya şikayətini əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmiş, bununla da mülkiprosessual qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 361, 363, 364 və 366-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Hacıqabul Rayon Məhkəməsinin 2(071)-285/2022 saylı, 20 dekabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Hacıqabul Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qanunla müəyyən edilmiş qaydada kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Samir Mayılov
Hakimlər İlham Əsədov
Tofiq Heydərov