Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-49/2023 10.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi Vəkil2 və cavabdehin nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehin zəbt etmiş olduğu torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa olunması və zəbt olunmuş torpaq sahəsinin naturada ona təhvil verilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 2(049)-63/2020 saylı, 03 mart 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh zəbt etmiş olduğu torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa olunması və zəbt olunmuş torpaq sahəsinin naturada iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun şəxsi mülkiyyətində 0,1545 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Həmin torpaq sahəsi Lənkəran rayonu, Küvənil kəndi ərazisində yerləşir və DƏDRX-nin 15 oktyabr 2015-ci il tarixli, RX seriyalı, ******* saylı çıxarışı ilə qeydə alınmışdır. Torpaq sahəsi iddiaçının mülkiyyətində olsa da, cavabdehin özbaşına hərəkətləri nəticəsində o, faktiki olaraq mülkiyyətindən istifadə etmək hüququndan məhrum edilmişdir. Belə ki, cavabdeh torpaq sahəsini qanunsuz zəbt edərək, qeyri-kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olur. İddiaçı torpaq sahəsinin zəbt olunması barədə hüquq mühafizə orqanlarına dəfələrlə müraciət etmiş və araşdırma zamanı cavabdeh özü də izahatında bunu etiraf etmişdir. Hal-hazırda iddiaçının tələblərinə baxmayaraq, cavabdeh torpaq sahəsinin ona məxsus olduğunu iddia edir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-63/2020 saylı, 03 mart 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Toğrul Məmmədov) iddianın qismən təmin edilməsi, Cavabdeh Ağaəli qızının İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Küvənil kəndində yerləşən 0,1545 ha torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin İddiaçı naturada təhvil verilməsi, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Lənkəran Rayon Məhkəməsinin 03 mart 2020-ci il tarixli, 2(049)-63/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsinə dair yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə əsassız olduğundan ləğv edilməlidir. Birincisi, məhkəmə iş üzrə tikinti-texniki ekspertizası təyin etmiş, lakin həmin ekspertizanın rəyi işə əlavə edilməmişdir. Məhkəmə qeyd edir ki, həmin ekspertizanın keçirilməsinə cavabdeh mane olmuşdur. Lakin bu doğru deyil, cavabdeh sadəcə torpağına baxış keçirmək istəyən şəxslərdən onların sənədini tələb etmişdir. Belə ki, o, həqiqətən istəyir ki, ekspertiza mərkəzindən ekspert gəlib həmin torpağa baxış keçirsin. Gələn şəxslər isə yerli icra orqanlarının işçiləri olmuşdur. Ona görə cavabdeh də həmin şəxslərə etirazını bildirərək qeyd etmişdir ki, əgər müvafiq ekspertiza təyin edilmişdirsə, həmin torpağa da ekspertiza mərkəzindən gələn ekspert baxış keçirməklə, bu mübahisəyə aydınlıq gətirsin. Belə ki, hər hansı bir torpaq sahəsinin zəbt olunması faktını müəyyən etmək üçün müvafiq məlumat bazasına, texniki və digər vasitələrə malik təşkilatın rəyi əsaslı ola bilər. Lakin həmin təşkilatın işdə heç bir rəyi yoxdur. Məhkəmənin hansı səbəbdən qeyd olunan təşkilatın rəyini və ya zərurət yaranarsa, müvafiq ekspertizaların rəylərinin alınmasından ötrü tədbir görməməsi qeyri-müəyyən qalmışdır. Bununla bağlı, cavabdehin verdiyi vəsatətlər də baxılmamış qalmışdır. Bundan başqa, iddiaçının mülkiyyət sənədində qeyd olunan torpaqla cavabdehin istifadə etdiyi torpaq sahəsi eyni deyil. Cavabdeh heç kimin torpağını zəbt etməmiş, özünə məxsus torpaqdan istifadə etmişdir. Cavabdeh bu haqda ona verilmiş sənədi də işə əlavə etmişdir. Məhkəmənin iddiaçıya məxsus torpağın cavabdeh tərəfindən həqiqətən də zəbt olunub-olunmaması faktını müəyyən etmədən, cavabdehə məxsus və sahibliyində olan torpaqla iddiaçının torpağı ilə eyni olub-olmamasını müəyyən etmədən belə bir qətnamə qəbul etməsi əsassızdır. Məhkəmə heç bir araşdırma aparmadan iddia tələbini təmin etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-122/2021 saylı, 16 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh Ağaəli qızı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Lənkəran Rayon Məhkəməsinin 03 mart 2020-ci il tarixli, 2(049)-63/2020 saylı qətnaməsinin cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması, ekspertiza xərci 50 manatın Cavabdeh Ağaəli qızından alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh kassasiya şikayəti vermiş, kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli qətnaməsinin tam ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-797/2022 saylı, 28 yanvar 2022-ci il tarixli qərarı ilə Cavabdeh Ağaəli qızının kassasiya şikayətinin qismən təmin edilməsi, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-122/2021 saylı iş üzrə 16 sentyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası qərarında öz hüquqi mövqeyini onunla izah etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 may 2021ci il tarixli, 10/1502 saylı rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Küvənil kəndində yerləşən 0,1545 ha torpaq sahəsinə baxış keçirilməsi zamanı iddiaçının nümayəndəsi Əliyev Elman, Cavabdeh Ağaəli qızı, cavabdehin qızı Minayə, bir nəfər qohum adlandırdıqları şəxs və əvvəllər bu iş üzrə cavabdeh olmuş X12 iştirak etmişlər. Torpaq sahəsi daxilində olan 20 kub metr qum-çınqıl qarışığı və 18 ədəd su quyusu üçün nəzərdə tutulmuş beton günglərin əvvəllər bu iş üzrə cavabdeh olmuş X12 tərəfindən yığıldığı müəyyən olundu. X12 materialların ona məxsus olmasını təsdiqləmişdir. X21 mübahisəli torpaq sahəsini zəbt etmədiyini bildirmişdir. Mübahisəli torpaq sahəsi hal-hazırda tam hasarlanaraq Cavabdeh Ağaəli qızı və X12 tərəfindən istifadə edilir. Zəbt olunmuş torpaq sahəsində heç bir tikili inşa edilməmişdir. Qeyd edilənlərə əsasən müəyyən edilmişdir ki, Cavabdeh Ağaəli qızı tərəfindən İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Küvənil kəndində yerləşən 0,1545 ha torpaq sahəsi Cavabdeh Ağaəli qızı tərəfindən hasarlanaraq zəbt edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi Lənkəran Rayon Məhkəməsinin 05 dekabr 2016-cı il tarixli, 2(049)-10565/2016 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, İddiaçı cavabdeh X5 qarşı qanunsuz zəbt olunmuş torpaq sahəsinin qaytarılması və maneənin aradan qaldırılması tələbinə dair iddia təmin edilərək cavabdeh X12 İddiaçı mülkiyyətində olan Lənkəran rayonu Küvənil kəndində yerləşən 0,1545 ha torpaq sahəsindən çıxarılması və cavabdeh tərəfindən həmin torpaq sahəsində qanunsuz olaraq su quyuları üçün hazırlanmış günglərin götürülməsi və iddiaçının mülkiyyətində olan 0,1545 ha torpaq sahəsində olan maneələrin aradan qaldırılması qət edilmişdir. Kassasiya şikayətinə əlavə edilmiş Şirvan Apellyasiya Məhkəməsinin 25 sentyabr 2017-ci il tarixli, 2(106)- 755/2017 saylı qətnaməsi ilə Lənkəran Rayon Məhkəməsinin 05 dekabr 2016-cı il tarixli, 2(049)-10565/2016 saylı qətnaməsi ləğv edilmiş, həmin iş üzrə iddia tələbi rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının mülkiyyətində olan Lənkəran rayonu, Küvənil kəndində yerləşən mübahisəli 0,1545 ha torpaq sahəsinin Cavabdeh Ağaəli qızının qanuni əsaslarla istifadəsində, mülkiyyətində olması barədə cavabdeh tərəfindən sübut təqdim edilməmişdir. Daha sonra, apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə araşdıraraq müəyyən etmişdir ki, birinci instansiya məhkəməsinin iclasında Cavabdeh Ağaəli qızı iddianı etiraf etməyərək bildirmişdir ki, torpaq sahəsi ona məxsusdur, 20 ildir ki, həmin torpaq sahəsini əkib-becərir, iddiaçı torpağa dair sənədi qanunsuz yolla əldə etmişdir, buna görə də o torpaq sahəsindən çıxmayacaqdır. Həmçinin müəyyən edilmişdir ki, iddiaçı məhkəmə iclasında qanuni nümayəndəsi vasitəsilə təmsil olunmuşdur, cavabdeh tərəfindən məhkəmə iclas protokoluna dair qeydlər verilməmişdir. Apellyasiya instansiyası məhkəməsi, həmçinin Mülki Məcəllənin 140-cı maddəsinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə kassasiya şikayətinin dəlilləri ilə təkzib edilir. Belə ki, cavabdeh kassasiya şikayətində qeyd edir ki, Lənkəran rayonu, Aşağı Nüvədi bələdiyyəsi Cavabdeh Ağəli qızının müraciətinə əsasən işə aydınlıq gətirmək üçün bildirmişdir ki, Cavabdeh Ağaəli qızı İddiaçı torpağını zəbt etməmişdir. Belə ki, Cavabdeh Ağəli qızının mülkiyyətində olan torpaq sahəsi Aşağı Nüvədi ərazisində yerləşir və ancaq ondan istifadə edir. İddiaçı mülkiyyətində olan torpaq isə Küvənil kəndində yerləşir və Cavabdeh mülkiyyətində olan torpaq sahəsindən 5-6 km aralı məsafədədir. Bu barədə bələdiyyə üzrə yaradılmış komissiya müəyyən etmişdir ki, Cavabdeh Ağəli qızının mülkiyyətində olan torpaq İddiaçı iddia etdiyi torpaq deyil, ondan istifadə etmir və zəbt etməmişdir. Bununla yanaşı, "xxxx" MMC adlı müəssisə ekspertiza işində heç bir mötəbər texniki məlumat bazasına əsaslanmadan İddiaçı mülkiyyəti kimi göstərdiyi 20 kub metr qum-çınqıl və 18 ədəd güng yeri İddiaçı mülkiyyətində deyil. Həmin yer bələdiyyə mülkiyyətidir və nə İddiaçı, nə də Cavabdeh Ağəli qızının mülkiyyətində deyil. Kassasiya şikayətinin bu dəlilləri ona əlavə edilmiş Şirvan Apellyasiya Məhkəməsinin 25 sentyabr 2017-ci il tarixli, 2(106)-755/2017 saylı qanuni qüvvəsini almış qətnaməsində də öz əksini tapmışdır. Bundan başqa, Lənkəran rayon Aşağı Nüvədi bələdiyyəsinin Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Vəkil1 ünvanladığı 26 noyabr 2021-ci il tarixli, 43 saylı məktubuna əsasən, Lənkəran rayonunun Küvənil kəndində yerləşən X12 tərəfindən istifadə olunan 20 kub metr qum-çınqıl qarışığı və 18 ədəd su quyusu üçün nəzərdə tutulan beton günglərin qoyulduğu torpaq sahəsi Aşağı Nüvədi bələdiyyəsinin mülkiyyətindədir və heç kimə bələdiyyə tərəfindən satılmamışdır. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi işdə olan sübutlara istinad etməklə, cavabdeh tərəfin iddiaçının mülkiyyətində olan torpaq sahəsini zəbt etməsi qənaətinə gəlmişdir. Halbuki, məhkəmə bu qənaətə gələrkən, işdə olan sübutlara MPM-in 88-ci və 103.1-ci maddələrinin tələbləri baxımından qiymət verməli və sübutlar arasında olan ziddiyyətlərə aydınlıq gətirməli idi. Apellyasiya instansiyası məhkəməsi işdə olan ekspertiza rəyinə işdə olan digər sübutlarla yanaşı prosessual qanunvericiliyin tələb etdiyi formada qiymət verməmiş, habelə digər sübutları müqayisəli şəkildə təhlil etmədən cavabdeh tərəfin iddiaçının mülkiyyətində olan sahəni zəbt etməsi qənaətinə gəlmişdir. Təkrar apellyasiya baxışı zamanı apellyasiya məhkəməsinin iclaslarında iştirak edən cavabdehin nümayəndəsi Vəkil1 iddiaçının iddia etdiyi torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə olunmadığını, həmin torpaq sahəsinin başqa şəxslər tərəfindən istifadə olunduğunu bildirdi. O, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Vəkil2 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, Cavabdeh və Ağazadə Abdullayev qohumdurlar. Əvvəllər iddiaçı tərəfindən ona məxsus torpaq sahəsindən Ağazadə Abdullayevin çıxarılması ilə bağlı məhkəmə mübahisəsi olsa da, həmin iddia tələbi rədd edilmişdir. Həmin iş üzrə ekspertiza təyin edilməklə mübahisəli əraziyə baxış keçirilərkən Cavabdeh torpaq sahəsinin özü tərəfindən istifadə olunduğunu bildirmişdir. Bu səbəbdən də hazırkı iş üzrə Cavabdeh qarşı iddia qaldırılmışdır. Lakin cavabdeh və qohumu məhkəməni yanlış istiqamətləndirmək məqsədilə indi də torpaq sahəsinin Ağazadə Abdullayev tərəfindən istifadə edilməsi görüntüsünü yaratmaq istəyirlər. Onlardan birinə qarşı iddia qaldırıldıqda digəri torpaq sahəsinin əslində onun istifadəsində olduğunu bildirir. Odur ki, o, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə təqdim olunmuş Qiyas Quliyev tərəfindən tərtib olunmuş mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/7660 saylı, 24 yanvar 2023-cü il tarixli Təhmasib Kərimov tərəfindən verilmiş ekspert rəyi arasındakı qeyri-müəyyənliyin aradan qaldırılması məqsədilə həmin rəyləri vermiş X24 və ekspert Təhmasib Kərimov apellyasiya məhkəməsinin iclasına dəvət edilmişlər. Apellyasiya məhkəməsinin 03 may 2023-cü il tarixli iclasında iştirak edən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti X13 çıxış edərək bildirdi ki, o, 24 yanvar 2023-cü il tarixli ekspert rəyini Əmlak Məsələləri Dövlət Xidmətinin “kadastr.az” sistemi ilə, həmçinin iş materialları əsasında araşdırma apararaq vermişdir. O qeyd etdi ki, rəyin nəticə hissəsində 1-ci və 5-ci sualların cavabları üzrə 1-ci abzası təqdim edilmiş mütəxəssis rəyində olduğu kimi göstərmişdir. Mütəxəssis rəyində iddiaçının mülkiyyətində olan torpaq sahəsinin iddia edilən yerdə deyil, həmin yerdən təxminən 185-190 metr aralıda yerləşdiyi qeyd olunmuşdur. Lakin onun özü tərəfindən aparılan araşdırma nəticəsində müəyyən olunmuşdur ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi yolun kənarında birinci sırada yerləşən torpaq sahəsidir və həmin torpaq sahəsinin yaxınlığında bir idarənin inzibati binası yerləşir. Ərazinin tərpənməz oriyentirlərinə istinadən onun tərəfindən aşkarlanmışdır ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə onun iddia etdiyi torpaq sahəsi üst-üstə düşür. Lakin mütəxəssis rəyində iddiaçının mülkiyyətində olan torpaq sahəsinin iddia olunan yerdən 185-190 metr aralıda, yoldan içərilərə doğru yerləşməsinin qeyd olunma səbəbini bilmir. O, qərardadın 6-cı sualı üzrə ekspert rəyində göstərilmiş nəticə, yəni iddiaçının torpaq sahəsinin digər şəxs X8 tərəfindən istifadə olunmasının müşahidə edilməsi ilə bağlı verilmiş suala cavab olaraq bildirdi ki, həmin hissəni yalnız mütəxəssisin verdiyi rəy əsasında yazmışdır. Apellyasiya məhkəməsinin 03 may 2023-cü il tarixli iclasında iştirak edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin mütəxəssisi X18 çıxış edərək bildirdi ki, Ərazi İdarəsinin 10 noyabr 2022-ci il tarixli məktubu ilə təqdim edilmiş mütəxəssis rəyinin verilməsi zamanı tədqiqatı Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı əsasında aparılmış elektron uçot xəritələrinə uyğun olaraq həyata keçirmişdir. İddiaçının mülkiyyətində olan torpaq sahəsi Aqrar İslahat Komissiyasının vətəndaşlara verdiyi pay torpaq sahələrindəndir. İlkin sənədlərdəki koordinatlardan görünür ki, həqiqətən də, ekspertin bildirdiyi kimi, iddiaçının mülkiyyətində olan torpaq sahəsi yolun kənarında yerləşməli olsa da, hazırkı faktiki istifadə ilə bağlı hazırlanmış elektron xəritələrə görə yolun kənarında yerləşmir. O da mütəxəssis rəyini məhz həmin xəritələrə uyğun vermişdir. İddiaçının ilkin sənədləri ilə işlənmiş sonuncu xəritələr arasındakı ziddiyyətin səbəbi ona məlum deyil. Mütəxəssis bildirdi ki, mübahisəli torpaq sahəsinə baxış keçirilməsi üçün gedərkən onu ilk öncə özünü Ağazadə Abdullayev kimi təqdim edən şəxs qarşılamış, mübahisəli ərazinin girişində qıfıllı qapı olmuş, torpaq sahəsinə baxış keçirilməli olduğu bildirilərkən, özünü Ağazadə Abdullayev kimi təqdim etmiş şəxs açarın onda olmadığını bildirmiş, kənarda maşında əyləşmiş Cavabdeh açarı götürərək qıfılı açmışdır. Lakin torpaq sahəsinin kimin istifadəsində olması soruşulduqda Ağazadə Abdullayev onun öz istifadəsində olduğunu bildirmişdir. Bu səbəbdən də o, mütəxəssis rəyində mübahisəli torpaq sahəsinin Cavabdeh tərəfindən deyil, X8 tərəfindən istifadə olunduğunun müşahidə edildiyini qeyd etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, üçüncü şəxs Lənkəran rayon Aşağı Nüvədi bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin mahiyyətindən görünür ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini iddia tələbinin təmin edilmiş hissəsində mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilmiş hissəsində yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, sübutlara obyektiv hüquqi qiymət verərək hesab etdi ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdəki RX ******* seriya nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Lənkəran rayonunun Küvənil kəndində yerləşən 0,1545 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2015-ci il tarixində xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 29 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi ilə bağlı DƏDRX-nin 10 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixində Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. İşdəki "xxxx" MMC-nin 15 mart 2021-ci il tarixli rəyindən görünür ki, İddiaçı Səfəralı oğlunun mülkiyyətində olan Lənkəran rayonu Küvənil kəndində yerləşən 0,1545 ha torpaq sahəsinə baxış keçirilməsi zamanı iddiaçının nümayəndəsi Əliyev Elman, Cavabdeh Ağaəli qızı, cavabdehin qızı Minayə, bir nəfər qohum adlandırdıqları şəxs və əvvəllər bu iş üzrə cavabdeh olmuş X12 iştirak etdilər. Torpaq sahəsi daxilində olan 20 kub/metr qum + çınqıl qarışığı və 18 ədəd su quyusu üçün nəzərdə tutulmuş beton günglərin əvvəllər bu iş üzrə cavabdeh olmuş X12 tərəfindən yığıldığı müəyyən olundu. X2 materialların ona məxsus olmasını təsdiqlədi. Cavabdeh Ağaəli qızı ilə aparılan şifahi sorğu zamanı, cavabdeh mübahisəli torpaq sahəsini zəbt etmədiyini bildirdi və bu barədə yazılı ərizə təqdim etdi. Mübahisəli əraziyə baxış zamanı cavabdeh iddiaçının etibarnamə üzrə nümayəndəsini təhqir edərək ərazidən uzaqlaşdırdı. Cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsini zəbt etmədiyini bildirdiyi halda, etdiyi hərəkətlər zəbt faktının təsdiqlənməsinə əsas verir. Mübahisəli torpaq sahəsi hal-hazırda tam hasarlanaraq Cavabdeh Ağaəli qızı və X12 tərəfindən istifadə edilir. Zəbt olunmuş torpaq sahəsində heç bir tikili inşa edilməmişdir. Aparılmış tədqiqatın dəyəri 300 manat təşkil edir. İşdəki 10/1502 saylı, 08 may 2021-ci il tarixli ekspert rəyindən görünür ki, "xxxx" MMCnin direktoru N.F.İsmayılovun imzası ilə təsdiq edilmiş 15 mart 2021-ci il tarixli məktubla göndərilmiş, "xxxx" MMC-nin mühəndisi Hüseyn İsmayılovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən, İddiaçı Səfəralı oğlunun mülkiyyətində olan Lənkəran rayonu, Küvənil kəndində yerləşən 0,1545 ha torpaq sahəsinə baxış keçirilməsi zamanı iddiaçının nümayəndəsi Əliyev Elman, Cavabdeh Ağaəli qızı, cavabdehin qızı Minayə, bir nəfər qohum adlandırdıqları şəxs və əvvəllər bu iş üzrə cavabdeh olmuş X12 iştirak etdilər. Torpaq sahəsi daxilində olan 20 kub/metr qum+çınqıl qarışığı və 18 ədəd su quyusu üçün nəzərdə tutulmuş beton günglərin əvvəllər bu iş üzrə cavabdeh olmuş X12 tərəfindən yığıldığı müəyyən olundu. X12, sadalanan materialların ona məxsus olmasını təsdiqlədi. Cavabdeh Ağaəli qızı ilə aparılan şifahi sorğu zamanı, cavabdeh mübahisəli torpaq sahəsini zəbt etmədiyini bildirdi və bu barədə yazılı ərizə təqdim etdi. Mübahisəli torpaq sahəsi hal-hazırda tam hasarlanaraq Cavabdeh Ağaəli qızı və X12 tərəfindən istifadə edilir. Zəbt olunmuş torpaq sahəsində heç bir tikili inşa edilməmişdir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. İşdəki Lənkəran rayon Aşağı Nüvədi bələdiyyəsinin Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Vəkil1 ünvanladığı 43 nömrəli, 26 noyabr 2021-ci il tarixli məktubundan görünür ki, Lənkəran rayonunun Küvənil kəndində yerləşən X8 tərəfindən istifadə olunan 20 kub metr qum-çınqıl qarışığı və 18 ədəd su quyusu üçün nəzərdə tutulan beton günglərin qoyulduğu torpaq sahəsi Aşağı Nüvədi bələdiyyəsinin mülkiyyətindədir və heç kimə bələdiyyə tərəfindən satılmamışdır. İşdəki Lənkəran rayon Aşağı Nüvədi bələdiyyəsinin Cavabdeh Ağəli qızına ünvanladığı məktubdan görünür ki, cavabdehin istifadəsində və mülkiyyətində olan torpaq sahəsi Aşağı Nüvədi ərazisindədir. Küvənil kəndində İddiaçı tərəfindən tərəfindən iddia olunan sahə cavabdehin istifadəsində deyil və cavabdeh tərəfindən faktiki zəbt olunması təsdiqlənmir. İşdəki **********15 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsində yerləşən 0,0299 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2020-ci il tarixində ümumi birgə mülkiyyət hüququ əsasında Cavabdeh, X25, X26, X6 və X9 adına daşınmaz əmlakın dövlət reyestrində 231 nömrəli reyestr kitabının 29 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi ilə bağlı DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixində Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. İşdəki **********87 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsində yerləşən 0,221 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2020-ci il tarixində ümumi birgə mülkiyyət hüququ əsasında Cavabdeh, X25, X26, X6 və X9 adına daşınmaz əmlakın dövlət reyestrində 231 nömrəli reyestr kitabının 31 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi ilə bağlı DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixində Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə təqdim olunmuş Qiyas Quliyev tərəfindən tərtib olunmuş mütəxəssis rəyində göstərilir ki, İddiaçı xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Lənkəran rayonun Küvənil kəndində yerləşən 0,1545 ha torpaq sahəsi üzrə tədqiqat aparıldı. Araşdırma zamanı məlum oldu ki, mülki işin mübahisə predmeti JN-176 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında verilmiş pay torpaq sahəsidir. Müəyyən olundu ki, torpaq islahatı zamanı Lənkəran rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 03 nömrəli qərarı əsasında JN-176 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə 0,22 ha pay torpaq sahəsi (2 yerdə olmaqla 0,1545 ha və 0,0685 ha) X22 və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş və həmin torpaq sahəsi 2006-cı ildə daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında digər şəxsə Aşağı Nüvədi qəsəbəsində yaşayan X1. Son olaraq sözügedən 0,22 ha torpaq sahəsini X10 2015-ci ildə daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında hazırkı mülki işdə iddiaçı qismində olan İddiaçı satın almışdır. Qeyd olunan 0,22 ha torpaq sahəsinin mübahisəli ərazidə yerləşən 0,1545 ha hissəsinə dair əvvəl yaranmış hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı İddiaçı ərizəsi Ərazi İdarəsində icraata qəbul edilərək sözügedən torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən 15 oktyabr 2015-ci il tarixli, ********** qeydiyyat nömrəli müvafiq Çıxarış və **********53 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib olunmuşdur. Sözügedən torpaq sahəsinin yerləşmə yerinin koordinatları əks olunan “Torpaq sahəsinin planı və ölçüsü” sənədi torpaq islahatı zamanı texniki, qüsurlu hazırlanmış, naturaya uyğun gəlməyən DWG faylına əsasən tərtib olunmuşdur. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu işləri aparılmış və həmin məlumatlar Torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS-ə) və AZCAD-a miqrasiya edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********53 reyestr nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənedici sənəd JN-176 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) əsasən İddiaçı mülkiyyətində olan Lənkəran rayonunun Küvənil kəndində yerləşən 0,1545 ha torpaq sahəsinin sərhədləri və koordinatları Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən müəyyən edildi. Araşdırma zamanı məlum oldu ki, İddiaçı mülkiyyətində olan həmin 0,1545 ha torpaq sahəsi elektron kadastr uçotu informasiya sistemində Küvənil kəndi ərazisində yerləşməklə iddiaçının iddia etdiyi yerdə deyil, iddia olunan yerdən 185-190 metr aralı faktiki istifadə vəziyyətinə uyğun öz əksini tapmışdır. Yəni elektron uçot işləri nəticəsində tərtib edilmiş rəqəmsal kadastr xəritəsində torpaq sahələri faktiki istifadə vəziyyətlərinə uyğun işlənilərək sözügedən 0,1545 ha torpaq sahəsinin yerləşdiyi yer isə digər torpaq mülkiyyətçisinin uzunmüddətli faktiki istifadə vəziyyətinə uyğun öz əksini tapmışdır. Eyni zamanda araşdırma zamanı iddiaçı tərəfindən həmin torpaq sahəsi satın alındığı tarixdən bəri istifadə edilməməsi müəyyən olundu. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********15 reyestr nömrəli Çıxarışa əsasən Cavabdeh, X25, X26, X6 və X9 ümumi birgə mülkiyyətlərində olan Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsində yerləşən 0,0299 ha torpaq sahəsinin sərhədləri və koordinatları müəyyən edildi. Mövcud baza məlumatlarına əsasən araşdırma zamanı həmin 0,0299 ha torpaq sahəsinin Lənkəran rayonunun Küvənil kəndi ərazisindəki mübahisəli yerdə deyil, qonşu Aşağı Nüvədi qəsəbəsində yerləşməsi müəyyən edildi. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********87 reyestr nömrəli Çıxarışa əsasən Cavabdeh, X25, X26, X6 və X9 ümumi birgə mülkiyyətlərində olan Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsində yerləşən 0,221 ha torpaq sahəsinin sərhədləri və koordinatları müəyyən edildi. Mövcud baza məlumatlarına əsasən araşdırma zamanı həmin 0,221 ha torpaq sahəsinin Lənkəran rayonunun Küvənil kəndi ərazisindəki mübahisəli yerdə deyil, qonşu Aşağı Nüvədi qəsəbəsində yerləşməsi müəyyən edildi. Hazırkı iş üzrə mübahisə predmeti olan İddiaçı iddia etdiyi torpaq sahəsi Lənkəran rayonunun Küvənil kəndində yerləşir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********53 reyestr nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənedici sənəd JN-176 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) əsasən İddiaçı mülkiyyətində olan Lənkəran rayonunun Küvənil kəndində yerləşən 0,1545 ha torpaq sahəsi elektron kadastr uçotu informasiya sistemində Küvənil kəndi ərazisində yerləşməklə iddiaçının iddia etdiyi yerdə deyil, iddia olunan yerdən 185-190 metr aralı yerləşir. Tədqiqat zamanı mülki işdə cavabdeh qismində olan Cavabdeh mübahisəli ərazidən istifadə etmədiyini bildirdi. Həmin mübahisəli torpaq sahəsinin digər şəxs X8 tərəfindən istifadə olunduğu müşahidə olundu. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na əsasən ərazidə aparılmış elektron uçot işləri nəticəsində tərtib edilmiş rəqəmsal kadastr xəritəsində İddiaçı iddia etdiyi sözügedən 0,1545 ha torpaq sahəsi hazırki iş materiallarında adıçəkilməyən şəxs-X11 və ailə üzvlərinin (JN-162 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) faktiki istifadələrində olan torpaq sahəsi öz əksini tapmış və həmin məlumatlar Torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS-ə) və AZCAD-a miqrasiya edilmişdir. İşdəki xx.xx.2022-ci ildə icra edilmiş ******************** nömrəli qəbzdən görünür ki, mütəxəssis rəyinin verilməsinə görə 95 manat xidmət haqqı iddiaçı tərəfindən Lənkəran Ərazi İdarəsinin hesabına köçürülmüşdür. İşdəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/7660 saylı, 24 yanvar 2023-cü il tarixli Təhmasib Kərimov tərəfindən verilmiş ekspert rəyində göstərilir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********26 saylı mütəxəssis rəyində qeyd olunur ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********53 reyestr nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənedici sənəd JN-176 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) əsasən İddiaçı mülkiyyətində olan Lənkəran rayonunun Küvənil kəndində yerləşən 0,1545 ha torpaq sahəsi elektron kadastr uçotu informasiya sistemində Küvənil kəndi ərazisində yerləşməklə iddiaçının iddia etdiyi yerdə deyil, iddia olunan yerdən 185-190 metr aralı yerləşir. Ekspert tərəfindən qeyd olunur ki, mütəxəssis rəyinə əlavə edilmiş mübahisə predmeti olan 0,15 ha torpaq sahəsinin koordinatları ilə mülki iş materiallarına əlavə edilmiş **********53 reyestr nömrəli Çıxarış sənədinə əsasən, İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmış 0,1545 ha torpaq sahəsinə dair xx.xx.2015-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatları və “torpaq sahəsinin planı” hissəsində göstərilənləri (torpaq sahəsinin planı hissəsindən torpaq sahəsinin planlı yerləşməsi, qonşuluqları və s. göstərilir) müqayisəli şəkildə tədqiq etdikdə iddiaçının iddia etdiyi torpaq sahəsi ilə **********53 reyestr nömrəli Çıxarış sənədinə əsasən onun mülkiyyətinə verilmiş, xx.xx.2015-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlar daxilində yerləşən 0,1545 ha torpaq sahəsinin üst-üstə düşdüyü və naturada eyni ərazi olması müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********26 saylı mütəxəssis rəyində qeyd olunanlara və mülki iş materiallarına əlavə edilmiş sənədlərə (xx.xx.2020-ci il tarixli, **********15 reyestr nömrəli və xx.xx.2020-ci il tarixli, **********15 reyestr nömrəli çıxarış, “Torpaq sahəsinin planı və ölçüsü”) əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********15 reyestr nömrəli və **********87 reyestr nömrəli Çıxarışlara əsasən Cavabdeh, X25, X26, X6 və X9 ümumi birgə mülkiyyətlərində olan Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsində yerləşən 0,0299 ha və 0,221 ha torpaq sahəsinin sərhədləri, kontur və koordinatları müəyyən edilmişdir. Həmin torpaq sahələrinin Lənkəran rayonunun Küvənil kəndi ərazisindəki mübahisəli yerdə deyil, qonşu Aşağı Nüvədi qəsəbəsində yerləşməsi müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********26 saylı mütəxəssis rəyində qeyd olunanlara və mülki iş materiallarına əlavə edilmiş sənədlərə əsasən, hazırkı iş üzrə mübahisə predmeti olan İddiaçı iddia etdiyi torpaq sahəsinin Lənkəran rayonunun Küvənil kəndində yerləşdiyi müəyyən edilir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********26 saylı mütəxəssis rəyində qeyd olunanlara əsasən, Cavabdeh mübahisəli ərazidən istifadə etmədiyini bildirmiş, həmin mübahisəli torpaq sahəsinin digər şəxs X8 tərəfindən istifadə olunduğu müşahidə olunmuşdur. Ekspert tərəfindən qeyd olunur ki, iddiaçının mülkiyyətində olan, mübahisəli torpaq sahəsinin kim tərəfindən zəbt edilməsinin, istifadə olunmasının müəyyən olunması hüquqi xarakterli məsələ olmaqla, ekspertizanın predmetinə aid deyil və məhkəmə tərəfindən həll edilə bilər. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. İşdə surəti olan Lənkəran Rayon Məhkəməsinin 05 dekabr 2016-cı il tarixli, 2(049)- 10565/2016 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X5 qarşı “qanunsuz zəbt olunmuş torpaq sahəsinin qaytarılması və maneənin aradan qaldırılmasına tələbinə dair” iddiası ilə bağlı mülki işə baxılmış, iddia təmin edilmiş, cavabdeh X3 Lənkəran rayonunun Küvənil kəndində yerləşən və İddiaçı xüsusi mülkiyyətində olan 0,1545 ha torpaq sahəsindən çıxarılması, cavabdeh A.F.Abdullayev tərəfindən həmin torpaq sahəsində qanunsuz olaraq su quyuları üçün hazırlanmış günglərin götürülməsi və onun İddiaçı tərəfindən öz mülkiyyətində olan 0,1545 ha torpaq sahəsində olan maneələrin aradan qaldırılması qət edilmişdir. İşdə surəti olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 sentyabr 2017-ci il tarixli, 2(106)-755/2017 saylı qətnaməsindən görünür ki, Lənkəran Rayon Məhkəməsinin 05 dekabr 2016-cı il tarixli, 2(049)-10565/2016 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunmuş və iddia tələbi təmin olunmamışdır. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan 0,1545 ha torpaq sahəsi və ya onun hansısa bir hissəsi X8 tərəfindən tutulmamışdır. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçı cavabdehin zəbt etmiş olduğu mülkiyyətində olan torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa olunması və zəbt olunmuş torpaq sahəsinin naturada iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək, cavabdehin iddiaçının mülkiyyətində olan Lənkəran rayonu, Küvənil kəndində yerləşən 0,1545 ha torpaq sahəsindən çıxarılmasını və həmin torpaq sahəsinin iddiaçıya naturada təhvil verilməsini qət etmişdir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Həmin qətnamədən cavabdeh kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-797/2022 saylı, 28 yanvar 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Təkrar apellyasiya baxışı zamanı məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qərarında qeyd etdiyi ziddiyyətlərin aradan qaldırılması məqsədilə ilə yenidən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş, bununla da, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə təqdim olunmuş Qiyas Quliyev tərəfindən tərtib olunmuş mütəxəssis rəyini və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/7660 saylı, 24 yanvar 2023-cü il tarixli Təhmasib Kərimov tərəfindən verilmiş ekspert rəyini əldə etmişdir. Lakin mütəxəssis və ekspert rəylərini aydınlaşdırmaq zərurəti yarandığından məhkəmə kollegiyası tərəfindən həmin rəyləri vermiş mütəxəssis və ekspert məhkəmə iclasında dinlənilmişdir. Məhkəmə kollegiyası bildirir ki, hazırkı iş üzrə "xxxx" MMC-nin 15 mart 2021-ci il tarixli rəyi mötəbər sübut olaraq qəbul edilə bilməz. Belə ki, həmin MMC-nin bu cür mübahisələr üzrə rəy verməsi əsaslı olmamaqla yanaşı, onun torpaq mübahisələri ilə bağlı rəy vermək səlahiyyəti də müəyyən edilmir. Həmin rəyə əsasən Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/1502 saylı, 08 may 2021-ci il tarixli ekspert rəyi də mötəbər sübut olaraq qəbul edilə bilməz. Məhkəmə kollegiyası iş materiallarını, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə təqdim olunmuş Qiyas Quliyev tərəfindən tərtib olunmuş mütəxəssis rəyini və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/7660 saylı, 24 yanvar 2023-cü il tarixli Təhmasib Kərimov tərəfindən verilmiş ekspert rəyini, eləcə də apellyasiya məhkəməsinin iclasında X24 və ekspert Təhmasib Kərimov tərəfindən verilmiş izahatları qarşılıqlı şəkildə təhlil edərək belə qənaətə gəlir ki, iddiaçının mülkiyyətində olan 0,1545 ha torpaq sahəsi məhz onun iddia etdiyi ərazidə yerləşir. Belə ki, mübahisə predmeti olan torpaq sahəsinin koordinatları ilə mülki iş materiallarına əlavə edilmiş **********53 reyestr nömrəli Çıxarış sənədinə əsasən, İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmış 0,1545 ha torpaq sahəsinə dair xx.xx.2015-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatları və “torpaq sahəsinin planı” hissəsində göstərilənləri (torpaq sahəsinin planı hissəsindən torpaq sahəsinin planlı yerləşməsi, qonşuluqları və s. göstərilir) müqayisəli şəkildə tədqiq etdikdə iddiaçının iddia etdiyi torpaq sahəsi ilə **********53 reyestr nömrəli Çıxarış sənədinə əsasən onun mülkiyyətinə verilmiş, xx.xx.2015ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlar daxilində yerləşən 0,1545 ha torpaq sahəsinin üst-üstə düşdüyü və naturada eyni ərazi olması ekspert tərəfindən müəyyən edilmişdir. Ekspert tərəfindən müəyyən edilmiş bu hal apellyasiya məhkəməsinin iclasında çıxış etmiş X24 tərəfindən də təsdiq edilmiş, o bildirmişdir ki, elektron xəritə məlumatlarında hansısa səbəbdən iddiaçının mülkiyyətində olan torpaq sahəsi onun iddia etdiyi yerdən 185-190 metr aralıda yerləşdiyinə görə o, mütəxəssis rəyində bu cür qeyd etmişdir. Halbuki, həqiqətən də, təbii və tərpənməz oriyentirlərə görə iddiaçının mülkiyyətində olan torpaq sahəsi onun iddia etdiyi yerdə yerləşir. Sözügedən mütəxəssis rəyində tədqiqat zamanı mülki işdə cavabdeh qismində olan Cavabdeh mübahisəli ərazidən istifadə etmədiyini bildirməsi, həmin mübahisəli torpaq sahəsinin digər şəxs X8 tərəfindən istifadə olunduğunun müşahidə olunması qeyd edilmiş, ekspert də öz rəyində mütəxəssis rəyində göstərilmiş bu halları eynilə yazmışdır. Apellyasiya məhkəməsinin iclasında izahatı alınarkən isə X24 rəydə bu cür qeyd etməsini onu özünü Ağazadə Abdullayev kimi təqdim etmiş şəxsin qarşılaması ilə əlaqələndirmiş, həmçinin bildirmişdir ki, Ağazadə Abdullayev onları qarşılamış olsa da, mübahisəli ərazinin girişində qıfıllı qapı olmuş, Ağazadə Abdullayev açarın onda olmadığını bildirmiş, kənarda maşında əyləşmiş Cavabdeh açarı götürərək qıfılı açmışdır. Bu halı nəzərə alan məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Ağazadə Abdullayev mübahisəli torpaq sahəsinin öz istifadəsində olduğunu bildirsə də, açarın onda olmaması onun torpaq sahəsinə faktiki sahiblik etmədiyini, sonuncu dəfə mütəxəssis tərəfindən mübahisəli torpaq sahəsinə baxış keçirilənədək Cavabdeh özünü torpağın sahibi kimi təqdim etməsi torpaq sahəsinin əslində Cavabdeh sahibliyində və istifadəsində olduğunu göstərir. Bu zaman həm də nəzərə alınmalıdır ki, İddiaçı əvvəllər X4 qarşı torpaq sahəsindən çıxarılma barədə iddiası olmuş, lakin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 sentyabr 2017-ci il tarixli, 2(106)-755/2017 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, müəyyən olunmuşdur ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi X8 tərəfindən tutulmamışdır. Həmin iş üzrə 11127 nömrəli, 28 iyul 2017-ci il tarixli ekspert rəyində mübahisəli torpaq sahəsinin kəndin digər vətəndaşları tərəfindən istifadə edildiyi qeyd olunmuşdur. İddiaçının nümayəndəsi vəkil X16 da məhkəmənin iclasında X15 Əliyevanın qohum olduğunu, onlardan birinə qarşı iddia qaldırdıqda torpaq sahəsinin digəri tərəfindən idarə edildiyini bildirdiklərini, bununla da məhkəmənin yanlış yönləndirilməsinə cəhd etdiklərini qeyd etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin qeyd etdiklərini ağlabatan sayır və belə hesab edir ki, torpaq sahəsi hazırda həqiqətən də Cavabdeh tərəfindən istifadə edilir. Məhkəmə kollegiyası həmçinin onu qeyd edir ki, Qiyas Quliyev tərəfindən tərtib edilmiş mütəxəssis rəyində “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na əsasən ərazidə aparılmış elektron uçot işləri nəticəsində tərtib edilmiş rəqəmsal kadastr xəritəsində İddiaçı iddia etdiyi sözügedən 0,1545 ha torpaq sahəsində hazırkı iş materiallarında adıçəkilməyən şəxs-X11 və ailə üzvlərinin (JN- 162 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) faktiki istifadələrində olan torpaq sahəsinin öz əksini tapdığı qeyd edilsə də, ekspert Təhmasib Kərimov qeyd etmişdir ki, ərazinin tərpənməz oriyentirlərinə istinadən onun tərəfindən aşkarlanmışdır ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə onun iddia etdiyi torpaq sahəsi üst-üstə düşür. X24 də həmin nəticə ilə razılaşmış, iddiaçının ilkin sənədlərinə görə torpaq sahəsinin həqiqətən də iddia olunan yerdə yerləşdiyini qəbul etmiş və bildirmişdir ki, iddiaçının ilkin sənədləri ilə işlənmiş sonuncu xəritələr arasındakı ziddiyyətin səbəbi ona məlum deyil. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İV hissəsinə əsasən, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Bundan sonra MM-in) 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (Bundan sonra TM-in) 84-cü maddəsinin 1-ci hissəsinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. TM-in 84-cü maddəsinin 3-cü hissəsinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. TM-in 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə kollegiyası cavabdehin iddiaçıya məxsus Lənkəran rayonunun Küvənil kəndində yerləşən 0,1545 ha torpaq sahəsindən istifadə etməsi halının müəyyən edildiyini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin iddiaçının mülkiyyətində olan Lənkəran rayonu, Küvənil kəndində yerləşən 0,1545 ha torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin iddiaçıya naturada təhvil verilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Odur ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən, iş üzrə mütəxəssis rəyinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 95 manat xidmət haqqı onun özünə aid edilməli, ekspert rəylərinin verilməsinə görə cəmi 150 manat ekspertiza xərci cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 2(049)-63/2020 saylı, 03 mart 2020-ci il tarixli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Cavabdeh ekspertə verilməli məbləğ üzrə cəmi 150 manat tutularaq, X7, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesaba köçürülsün. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin mütəxəssis rəyi üzrə iddiaçı tərəfindən ödənilmiş 95 manat məbləğində xərc onun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, şikayət verilmədikdə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov Hakimlər: İlham Əsədov Tofiq Heydərov
Məhkəmə qərarları › İş №2(106)-49/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-49/2023
10.05.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver