Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-491/2025 11.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 2(050)-3563/2024 saylı, 21 noyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 11 mart 2025-ci il tarixdə baxaraq aşağıdakı qətnaməni qəbul etdi; İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh öhdəlik müqaviləsinə görə ona veriləcək 1200 (bir min iki yüz) manat pulun və ödənilmiş 32 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1969-cu ildə Masallı rayonu, Yeyənkənd kəndində anadan olmuş və həmin ünvanda qeydiyyatda olmaqla, orada yaşayır. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin xx.xx.2007-ci il tarixli Fərmanına əsasən “bir pəncərə” prinsipi ilə xx.xx.2013-cü il tarixdə Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər İdarəsində qeydiyyata alınaraq nümayəndəlik fəaliyyəti ilə məşğuldur (nümayəndəlik məhdudlaşdırılsa da, ləğv edilməmişdir). Belə ki, xx.xx.1968-ci ildə Masallı rayonu, Kalinovka (hazırda Viləş kəndi) kəndində anadan olmuş, Cavabdeh ona müraciət edərək, Dövlət Təhlükəsizlik Xidmətinin müxtəlif rayonlarında əməkdaşlıq edən, Xaçmaz rayonunda qeydiyyatda olan X3 tərəfindən aldadılaraq, 2023-cü ilin yavar ayında 12000 (on iki min) manat pulunu dələduzluq yolu ilə ələ keçirərək, sonra da, bugün, səhər verərəm deyə onu incitdiyi barədə müraciət etmişdir. O, Cavabdeh fikirlərini dinlədikdən sonra, həmin gün xx.xx.2023-cü il tarixdə ona etibarnamə verərək, razılaşmalarına əsasən hesabına 500 (beş yüz) manat pul ödədikdən sonra, Cavabdehla aralarında, 010 saylı, xx.xx.2023-cü il tarixli öhdəlik müqaviləsi bağlamışlar. Öhdəlik Müqaviləsinin 2.1-ci bəndinə əsasən “Sifarişçi” “İcraçı”nın yerinə yetirdiyi işlərin müqabilində əvvəlcədən ona işin həlli istiqamətində hərəkət etməkdən ötəri etibarnamə verməklə, nümayəndə ilə öhdəlik müqaviləsi bağlayır. İşin həllindən aslı olmayaraq 500 (beş yüz) manat pul vəsaiti ödəyir. Tələb olunan pul 12000 (on iki min) manat təşkil edir. Həmin müqavilə əsasında da işin həllindən sonra, yəni 12000 (on iki min) manat pul alınarsa və yaxud sifarişçi tərəfdən razılıq olarsa, işin həllindən sonra 10%-i icraçıya ödəyəcəkdir. O, Cavabdeh borclu olan Taleh Həmidovla telefon əlaqəsi yaratmışdır. Telefonda aralarında mübahisə yaranmış, o, da öhdəlik müqaviləsinə əsasən, Respublikanın müxtəlif təşkilatlarına bu barədə müraciət etmişdir. Taleh Həmidov barəsində cinayət işi başlanmış, iş gedişində X5 Hüseynova olan borcunu ödəyərək, razılıq əldə olunmuşdur. Cavabdeh sonradan yanına gəlib, ona öz təşəkkürünü bildirmişdir. Xidməti otağında adamların çoxluğundan, Yaqubla ona verəcəyi pul barədə bir söz demək yadından çıxmışdır. Ondan bir-iki gün sonra, Yaquba ona öhdəlik müqaviləsinə əsasən verəcəyi pul barədə nəzərinə çatdırdıqda, bildirmişdir ki, -sənin yanına gələndə üstümdə pul var idi. Sən mənə heç bir söz demədin, mən də o pulları xərcləmişəm. Həmin gündən indiyədək bu ay, gələn ay verərəm deyə-deyə onu aldatmağa başlamışdır. Sonda isə, telefon zənglərini açmamışdır. Məcburiyyət qarşısında qalıb, məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, müqavilələrin məbləğləri hər kəslə fərqli ola bilir. Bundan başqa icra etdiyi işlərə görə məbləğin 10 faizi müqavilə əsaında ona çatdığına görə bu səbəbdən işin axıracan həll olunmasında öz marağı olur. Bu səbəbdən də işlərin həllində sonacan öz öhdəliyini yerinə yetirir. Cavabdehin işi ilə bağlı MTN işçisinə zəng etmişdir, o, telefona cavab vermədiyindən onun həyat yoldaşına zəng etmişdir. Sonradan Taleh adlı həmin şəxs ona zəng etmiş və ona Yaqubdan aldığı pulu qaytarması barədə onu axtardığını bildirmişdir. Bu zaman Taleh ona təzyiq etmişdir. Sonra Talehə pulu qaytarmasını, bu barədə bir daha ona zəng etməyəcəyini bildirmişdir. Taleh isə ona niyə hədə-qorxu gəldiyini soruşduqda, ona hədə-qorxu gəlmədiyini, onun barəsində müvafiq orqanlara müraciətlər edəcəyini bildirmişdir. Sonra isə xx.xx.2023-cü il tarixdə Taleh barəsində müvafiq orqanlara şikayət yazaraq poçt vasitəsilə ünvanlamışdır. Onun bir məktubu ilə MTN işçisi olan Taleh barəsində tədbir görülmüş və o, işdən azad edilmişdir. Onu yazdığı məktub əsasında Yaqubu çağırmışlar və onun izahatları alınmışdır. Həmin vaxt Yaqub həmiş şəxslə barışmışdır. Yaqub ona barışığa görə şəhid ailəsi gətirdiklərindən ona görə barışmışdır və bu səbəbdən də az pul aldığını bildirmişdir. O, şəhid ailəsinə görə öz haqqını keçə bilər, lakin onun haqqını kəsə bilməz. Cavabdehlə müqavilə bağlamış və müqavilənin bir nüsxəsini də ona vermişdir. Müqavilə bağlananda ümumilikdə cavabdeh ona 500 manat pul ödəmiş, müqavilənin şərtlərini ona izah etmişdir. Prokurorluqda işlə bağlı araşdırma olsa da, cavabdeh həmin araşdırmada tərəf olmamışdır. Yalnız onun şikayətindən sonra onu da Prokurorluğa çağırıb izahatını almışlar. Bundan başqa DİN 102 zəng xidmətinə də zəng edib şikayət etmişlər. Bu da həmin işlə əlaqədar olmuşdur. Məhz onun etdiyi şikayətlərə əsasən cavabdehin problemi həll edilmişdir. Sonradan cavabdeh onun yanına başqa bir işlə bağlı gəlmişdir. O, edə bilmədiyi işi öhdəsinə götürmür. Həmin zaman onun yanında başqa vətəndaşlar olduğundan ona pul verəcəyi barədə bir söz deyə bilməmişdir. Daha sonra cavabdehə zəng edib, ona pul verəcəyini bildirdikdə, cavabdeh ona bildirmişdir ki, ora gələndə pulu var imiş, lakin pul barədə ona nəsə demədiyindən, o, da həmin pulu aparıb banka ödəmişdir. Talehin barəsində araşdırmanın gedib getməməsindən məlumatı olmamışdır. Lakin onun şikayətindən sonra həmin şəxsi bir müddət saxlamışlar. Cavabdehin deməsinə görə Taleh ona 3000 manat pul ödəmişdir, lakin onun bildiyinə görə Taleh 6000 manat pul ödəmişdir. Bundan başqa Talehin ona nə qədər pul ödəməsinin ona heç bir aidiyyəti yoxdur. Müqavilədə 12000 manat pulun alınması və ya sifarişçinin öz istəyi ilə məbləğdən imtina etməsinin onun üçün fərqi yoxdur. Odur ki, 1200 manat pul ona ödənilməlidir. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı onun üçün şikayət ərizəsi yazdıqdan sonra onu etdiyi şikayətə görə Masallı Rayon Prokurorluğuna çağırmışlar, həmçinin DİN 102 zəng xidmətinə də zəng edib şikayət etmişlər. O, Prokurorluqda qəbulda olmuşdur. O, şikayət etdiyi məsələdə tək olmamışdır, ondan başqa 7 nəfər şəxs də Taleh tərəfindən aldadılmışdır, bu barədə də ümumi araşdırma aparılmışdır. O, bu məsələni qaldırmamışdan əvvəl də həmin 7 nəfər şəxslərin də şikayətləri əsasında araşdırmalar başlamışdır. O, iddiaçı ilə müqavilə bağlayarkən onun şərtləri barədə iddiaçı ona məlumat verməmişdir. İddiaçıya ümumilkdə 500 manat pul ödəmişdir. Lakin, pulu aldıqdan sonra ona 10 faiz aldığı puldan ödəyəcəyini bilməmişdir. Bundan başqa Talehlə sonradan razılığa gəlmiş və Taleh ona borcundan 3000 manat pul ödəmişdir. Talehin arvadı ona pul ödəyərkən şəhid ailəsi ilə gəldiyindən, ona qalan pulun ödənilməsi üçün vaxt vermişdir. Sonda Cavabdeh iddianın rədd edilməsini xahiş etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Masallı Rayon Məhkəməsinin 2(050)-3563/2024 saylı, 21 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (Hakim: Coşqun Abdullayev), iddia təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı Nağıyev X2 Rayon Məhkəməsinin 2(050)-3563/2024 saylı, 21 noyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddiaçının apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, izahatında apelyasiya şikayətinin təmin edilməsini, Masallı Rayon Məhkəməsinin 2(050)- 3563/2024 saylı, 21 noyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək, izahatında apelyasiya şikayətinin təmin edilməməsini, Masallı Rayon Məhkəməsinin 2(050)-3563/2024 saylı, 21 noyabr 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası İddiaçı apellyasiya şikayətinin dəlilləri həddində, Masallı Rayon Məhkəməsinin 2(050)-3563/2024 saylı, 21 noyabr 2024-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 783.1. Vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. 783.2. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddia tələbinin təmin edilməməsi ilə bağlı nəticəyə gələrkən qeyd etmişdir ki, tərəflər 13 iyun 2023cü il tarixdə bağladıqları müqavilənin adını öhdəlik müqaviləsi qoysalar da, əslində tərəflər arasında yaranmış münasibətlər şərtlə bağlanmış tapşırıq müqaviləsinin əsasında yaranmışdır. MM-nin 328.3-cü maddəsinin tələbləri baxımından tərəflərin iradəsindən asılı olan şərt, yəni baş verməsi və ya baş verməməsi yalnız tərəflərin əqddəki arzusundan asılı olan şərt etibarsızdır. Belə şərtlə bağlanmış əqd etibarsızdır. Ona görə də iddia rədd edilməlidir. Məhkəmə kollegiyası aparılmış məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tərəflərin qarşılıqlı münasibətinə uyğun araşdırmamış, nəticədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə qanunsuz qətnamə qəbul etmiş və qətnamənin apellyasiya qaydasında ləğvi üçün kifayət qədər əsas yaratmışdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə bağlı iş materiallarını araşdırarkən aşağıdakı müəyyən etmişdir. Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisində təqsdiq edilmiş etibarnamədən görünür ki, Cavabdeh özünün idarə müəssisə, təşkilatlarda, İcra və probasiya şöbələrində, Prokurorluq orqanlarında, DİN-də onun bütün şöbə və bölmələrində təmsil etməyi, müvafiq sənədləri təqdim edib təhvil almağı, arayışları təqdim edib təhvil almağı, aldığına dair imza etməyi, dövlət rüsumlarını ödəməyi və bu tapşırığın yerinə yetirilməsi ilə bütün hərəkətləri, o cümlədən bütün məhkəmə orqanlarında onunla bağlı qətnamə qərarların surətini almağı kimi səlahiyyətlərini İddiaçı etibar etmişdir. 13 iyun 2023-cü il tarixli, 010 nömrəli öhdəlik müqaviləsindən görünür ki, İddiaçı (icraçı) ilə Cavabdeh (sifarişçi) arasında öhdəlik müqaviləsi bağlanmışdır. 13 iyun 2023-cü il tarixli ərizədən və poçt qəblərindən görünür ki, Cavabdeh adından Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin rəisi cənab Əli Nağıyevə, Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə, Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Vilayət Eyvazova və Masallı rayon Polis şöbəsinin rəisi cənab Azay Ağayevə ərizə ünvanlanaraq, X1 barəsində araşdırma aparılması və qanuni tədbir görülməsi xahiş edilmişdir. Hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun ictimai əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq öz mahiyyətinə görə insan və vətəndaşların hüquq və azadlıqlarının həyata keçirilməsinin vacib təminatıdır və funksiyalarından biri olan preventiv funksiya nəinki şəxsin öz hüquq və azadlıqlarının qanunauyğun həyata keçirilməsinə kömək edir, həmçinin dövlət hakimiyyəti orqanlarının və onların vəzifəli şəxslərinin insan və vətəndaş hüquq və azadlıqlarının qeyri-qanuni məhdudlaşdırılmasına yönəldilmiş hərəkətlərinin qarşısının alınmasına zəmanət verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 390.1 və 390.5-ci maddələrinin və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin İİİ hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1 və 560.2-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, hüquqi yardım xidməti yalnız məhkəmə icraatlarında iştirakla bağlı olmadığından, belə xidmət göstərən şəxslərin fəaliyyəti heç də həmişə müraciət edənin hüquqlarının və mənafelərinin müdafiəsi və ya təmsil edilməsindən ibarət olmamaqla, bəzi hallarda ərizələrin, şikayətlərin layihələrinin, məhkəməyə müraciət etmək üçün lazım olan sənədlər paketinin, hüquqi xarakterli digər sənədlərin hazırlanaraq təqdim edilməsi kimi maddi nəticələri özündə ehtiva edən işlərin icrası ilə məhdudlaşa bilər. Hüquqi yardımla bağlı müqavilələr üzrə göstərilən xidmətə görə haqqın məbləği və ödənilməsi şərtləri ilə əlaqədar, ilk növbədə, qeyd edilməlidir ki, Mülki Məcəllənin mülki dövriyyənin azadlığının təmin edilməsi məqsədinə xidmət edən prinsiplərindən olan müqavilə azadlığı prinsipi Məcəllənin 6-cı maddəsində öz əksini tapmaqla, mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan, öz mülahizə və istəklərinə görə, mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Eləcə də Mülki Məcəllənin müqavilə azadlığı adlanan 390-cı maddəsi ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasına seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını aid etmək olar (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 14 iyul tarixli Qərarı). Beləliklə, Mülki Məcəllənin 6.2 və 390.5-ci maddələrinə görə, fiziki və hüquqi şəxslər öz mənafelərini gerçəkləşdirmək üçün sərbəst iradə ifadələri olan müqavilə əsasında hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Müvafiq müqavilə şərtinin məzmununun Mülki Məcəllə ilə göstərildiyi hallar istisna olmaqla, müqavilənin şərtləri tərəflərin istəyi ilə müəyyən olunur. Hazırki iddia tələbindən də görünür ki, Cavabdeh onu müxtəlif dövlət orqanlarında təmsil etmək və lazımi tapşırıqları icra etmək üçün İddiaçı etibarnamə vermiş və tərəflərin arasında “öhdəlik” müqaviləsi bağlanmış, həmin müqavilədə İddiaçı ərizə və şikayətlər yazmaq və digər hərəkətlərin icra edilməsi üçü öhdəlik götürmüşdür. Qeyd edilən müqavilənin bağlanmasına səbəb cavabdehin aldadılaraq MTN əməkdaşı kimi qeyd edilən şəxsin ondan aldığı 12000 manat pulun geri alınması ilə əlaqədar olmuşdur. İddiaçı müvafiq dövlət orqanlarına ərizəşikayətlər ünvanlayaraq həmin pulu geri qaytaracağına köməklik edəcəyinə söz vermişdir. Tərəflər aralarındakı münasibəti rəsmiləşdirərək öhdəlik müqaviləsi bağlamışlar. Həmin müqaviləyə görə cavabdeh əvvəlcə 500 manat pulu iddiaçıya ödəmiş, alınacaq pulun isə 10 faizini ona ödəyəcəyinə söz vermişdir. İddiaçı qeyd edilən müqavilə üzrə cavabdehin adından yalnız bir dəfə 13 iyun 2023-cü il tarixdə müvafiq dövlət orqanlarına şikayət ərizəsi yazaraq cavabdehi aldatmış şəxsin hərəkətləri barəsində şikayət etmişdir. İddiaçı hazırda bağladıqları müqaviləyə əsasən üzərinə düşən vəzifələrini yerinə yetirdiyini, cavabdehin 3000 manat pulu aldığını, digər məbləğin də ona qaytarılacağı ilə bağlı borclu şəxslə razılaşdığını bildirmiş, lakin cavabdehin ona 12000 manat pulun 10 faiz məbləğini ödəmədiyini qeyd etmişdir. Cavabdeh alınacaq pulun 3000 manatı aldığını, qalan məbləğin isə ona hələ ödənilmədiyini, lakin gələcəkdə ödənilməsi ilə bağlı möhlət verdiyini bildirərək, qeyd edilən pulun qaytarılmasında İddiaçı heç bir köməkliyinin olmadığını, pulun hüquq mühafizə orqanlarının təsiri nəticəsində ona qaytarıldığını, eyni zamanda bağlanmış müqavilənin şərtlərini oxumadığını qeyd edərək həmin pulun faizini ödəməkdən imtina etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öhdəlik üzrə üzərinə götürdüyü vəzifələri icra etmiş, cavabdehin adından dövlət orqanlarına şikayət ərizəsi yazmış, cavabdehə həmin 12000 manat pulun 3000 manat hissəsi geri qaytarılmışdır. Belə olan halda həmin qaytarılan 3000 manat pulun 10%-i, yəni 300 manat hissəsi müqavilə tələbi üzrə cavabdehin götürdüyü öhdəliyə uyğun olaraq cavabdehdən alınıb iddiaçıya verilməlidir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri) Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Masallı Rayon Məhkəməsinin 2(050)-3563/2024 saylı, 21 noyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, Cavabdeh 300 (üç yüz) manat məbləğində pul alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Belə olan halda qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min mantdan az təşkil etdiyindən qəbul olunmuş qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.2, 385.2, 392, 393 və 402.1-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin 2(050)-3563/2024 saylı, 21 noyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh 300 (üç yüz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə elan edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-491/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-491/2025
11.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver