Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-493/2023 27.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Ağcabədi Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 2(017)-87/2023 saylı qərardadından iddiaçı X1 tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qızına, Cavabdeh4 qızına və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin mülkiyyət hüququ ilə iddiaçıya məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və torpaq sahəsindən məcburi çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ağcabədi Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli, 2(017)-1909/2022 saylı qərardadı ilə iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmiş, işin məhkəmə hazırlıq iclası Ağcabədi Rayon Məhkəməsinin binasına 21 noyabr 2022-ci il tarixə, saat 11:00-a təyin edilmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barəsində tərəflərə bildiriş vasitəsilə məlumat verilmişdir. Ağcabədi Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2(017)-1909/2022 saylı qərardadı ilə işin məhkəmə iclasında baxılması 17 yanvar 2023-cü il tarixə, saat 10:00-a təyin edilmişdir. İş materiallarının 31-ci vərəqində olan məhkəmə bildirişinin kötüyündən görünür ki, iddiaçı imza etməklə, məhkəmə baxışı iclasının 17 yanvar 2023-cü il tarixə, saat 10:00-a, Ağcabədi Rayon Məhkəməsinin binasına təyin edilməsi barədə məlumatlandırılmışdır. Ağcabədi Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 2(017)-87/2023 saylı qərardadı ilə (sədrlik edən hakim Rəşad Nuriyev) iddia ərizəsi baxılmamış saxlanılmış, iddiaçıya iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilməsi izah edilmiş, ödənilmiş 100 manat dövlət rüsumunun dövlət büdcəsindən iddiaçıya qaytarılması qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxmağı xahiş etməmişlər. Məhkəmə bu nəticəyə gələrkən Mülki Prosessual Məcəllənin 259.0.6-cı maddəsinə istinad etmişdir. Qərardaddan narazı qalan iddiaçı şikayət vermiş, şikayətində Ağcabədi Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 2(017)-87/2023 saylı qərardadının ləğv edilməsi və iddia tələbinə mahiyyəti üzrə baxılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, o, mülki işin hazırlıq iclasında iştirak etmiş, işin məhkəmə baxışı 17 yanvar 2023-cü il tarixə, saat 10:00-a təyin edilmişdir. Lakin iddiaçı məhkəmə iclasının vaxtını səhvən 10:00 əvəzinə, 15:00-a təyin edildiyini güman edərək, 17 yanvar 2023-cü il tarixində saat 15:00-da məhkəmənin inzibati binasına gəlmişdir. Bu səbəbdən məhkəmədə iştirak etməsi mümkün olmamışdır. Ona görə də, məhkəmə iclasının vaxtını səhv bilməsinin üzrlü hal kimi qəbul edilərək şikayətinin təmin edilməsini istəyir. Ağcabədi Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 2(017)-87/2023 saylı qərardadı ilə Ağcabədi Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 2(017)-87/2023 saylı qərardadının ləğv olunması barədə iş üzrə iddiaçı X1 tərəfindən verilmiş şikayət təmin olunmamış, şikayətin 7 gün müddətində işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Ağcabədi Rayon Məhkəməsinin 2(017)-87/2023 saylı, 17 yanvar 2023-cü il və 19 yanvar 2023-cü il tarixli, qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Mülki Prosessual Məcəllənin 260.5-ci maddəsinə əsasən, məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli, 3 nömrəli Qərarının 17-ci bəndinə əsasən, iddianın baxılmamış saxlanılması həmin iddia ilə məhkəməyə yenidən müraciət etməni istisna etmir. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən maraqlı şəxs baxılmamış saxlanılmış iddia ilə məhkəməyə ümumi qaydada müracıət edə bilər. Bu zaman ümumi qaydada yeni iş açılmalıdır. Lakin ərizənin baxılmamış saxlanılması MPM-nin 259.0.6 və 259.0.7-ci maddələrdə göstərilən əsaslarla əlaqədar olduqda, tərəflər məhkəmə iclasında iştirak etməmələri ilə əlaqədar üzürlü səbəblər göstərdikdə və bu barədə məhkəməyə sübutlar təqdim etdikdə məhkəmə tərəflərin vəsatətinə əsasən ərizənin baxılmamış saxlanılması barədə qərardadını qanunla müəyyən edilmiş müddətdə ləğv edərək həmin işə mahiyyəti üzrə baxmağa haqlıdır. Bu zaman işin davamı əvvəlki işdə aparılır. Məhkəmə kollegiyası bildirir ki, iş materiallarından göründüyü kimi, iddiaçı məhkəmə bildirişi kötüyünə imza etməklə, məhkəmə baxışı iclasının 17 yanvar 2023-cü il tarixə, saat 10:00-a, Ağcabədi Rayon Məhkəməsinin binasına təyin edilməsi barədə məlumatlandırılmışdır. İddiaçı isə onun iştirakı olmadan işə baxılmasını xahiş etməmiş, bununla belə məhkəməyə gəlməmiş, cavabdehlər də məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə isə bu halda MPM-in 259.0.6-cı maddəsinə əsasən iddia ərizəsini baxılmamış saxlamaqda haqlı olmuşdur. İddiaçı birinci instansiya məhkəməsinə məhkəmə iclasında iştirak etməməsi ilə əlaqədar üzrlü səbəblər göstərməklə və bu barədə məhkəməyə sübutlar təqdim etməklə, ərizənin baxılmamış saxlanılması barədə qərardadı ləğv edərək, həmin işə mahiyyəti üzrə baxmağa davam edilməsi barədə vəsatətlə müraciət etməmiş, məhkəmənin qəbul etdiyi qərardadın qanuniliyini mübahisələndirən şikayət vermişdir. Halbuki, göründüyü kimi, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı qanunvericiliyin tələblərinə uyğun çıxarılmışdır. Bununla yanaşı, məhkəmə kollegiyası iddiaçının məhkəmə iclası vaxtının 10:00 əvəzinə, 15:00 olmasını güman etməsi ilə bağlı dəlilinə dair onu bildirir ki, qeyd edilən əsas üzrlü səbəb hesab edilə və birinci instansiya məhkəməsinin qanuni və əsaslı qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli, 3 nömrəli Qərarının 9.2-ci bəndinə əsasən, qanunla müəyyən edilmiş qaydada işə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı üzürsüz səbəbdən məhkəmə iclasına gəlmədikdə və buna görə ərizə baxılmamış saxlanıldıqda məhkəmə iddiaçının ərizəsi ilə icraatı təzələməyə və işə baxmağa haqlı deyildir. Həmin şəxs ümumi qaydada ərizə ilə məhkəməyə müraciət etməlidir. Birinci instansiya məhkəməsi də ərizənin baxılmamış saxlanılmasına dair qərardaddan iddiaçı tərəfindən verilmiş şikayəti təmin etməyərək, icraatı təzələməmişdir. Həmçinin, mübahisələndirilən 17 yanvar 2023-cü il tarixli qərardadında birinci instansiya məhkəməsi iddiaçıya iddianın baxılmamış saxlanılması üçün səbəb olan əsas aradan qalxdıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilməsi hüququnu izah etmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsinin qərardadları qanuni və əsaslıdır. Şikayətin dəlillərinin formal mülahizələrə əsaslanmasını, Mülki Prosessual Məcəllənin tələblərini və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli, 3 nömrəli Qərarını nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260, 263, 264, 385.2, 397, 398.0.1, 399 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı X1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin 2(017)-87/2023 saylı, 17 yanvar 2023-cü il və 19 yanvar 2023-cü il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Tofiq Heydərov
Məhkəmə qərarları › İş №2(106)-493/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-493/2023
27.02.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver