Məhkəmə qərarları › İş №2(106)-509/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-509/2024

13.03.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-509/2024 13.03.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Qəribov Nahid Vidadi oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cavabdeh tərəfindən zəbt olunmuş torpaq sahəsinin geri alınması və əldən çıxmış faydanın tutulması tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Lerik Rayon Məhkəməsinin 2(048)-134/2023 saylı, 04 dekabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona və ailəsinə məxsus Lerik rayonu, Kəlvəz kəndində yerləşən Lerik rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş 2,38 hektar torpaq sahəsində Cavabdeh tərəfindən zəbt olunmuş torpaq sahəsinin geri alınması, eyni zamanda həmin 2,38 ha torpaq sahəsi üçün 2018-2022-ci illər üçün əldən çıxmış faydaya görə Cavabdeh 15000 manat məbləğində maddi ziyanın tutularaq ona və ailə üzvlərinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1965-ci ildə Lerik rayonu, Kəlvəz kəndində anadan olmuşdur, hazırda da ailə üzvləri ilə birlikdə həmin kənddə yaşayır. Lerik rayon Aqrar İslahat Komissiyasının qərarı ilə ailəsinin 6 üzvünə Lerik rayonu, Kəlvəz kəndi ərazisində ümumi sahəsi 43642,34 kv.m olan torpaq sahəsi ayrılaraq verilmişdir. Bu torpağa aid dövlət aktı verilmişdir. Bu torpaq sahələrinin qanuni əsaslarla iddiaçının və ailə üzvlərinin mülkiyyətində olmasına baxmayaraq, torpaqların 23775,11 kv.m (2,38 ha) hissəsi (koordinatlar əlavə edilir) Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmişdir. İş üzrə Cavabdeh həmin torpaq sahəsində iddiaçı və ailə üzvləri ilə heç bir icarə müqaviləsi olmadan bəzi işlər aparmış və oranı ot sahəsinə çevirmişdir. Cavabdeh həmin sahəni 3 ildən çoxdur ki, əkir-biçir. Cavabdehə dəfələrlə xəbərdarlıq etmişlər ki, qanunsuz olaraq zəbt edilmiş 23775,11 kv.m ərazidən çıxsın. Cavabdeh isə hər il onlara ümid verir ki, növbəti ildən ərazini tərk edəcək. Növbəti il çatdıqda isə o, yenidən əkir. Cavabdehə hətta yaxın insanlar vasitəsilə xəbər göndərilmiş, qanunsuz hərəkətlərindən çəkinməsi tövsiyə olunmuşdur. Kənd kiçik olduğundan, maksimum dərəcədə münasibətlərin qorunub saxlanılmasına çalışılır, ağsaqqal tövsiyələri ilə onu qanunsuz hərəkətlərdən çəkindirməyə çalışırlar. Lakin cavabdeh bu tələblərə əhəmiyyət verməyərək qanunsuz hərəkətlərini davam etdirir, bu hərəkətlərindən əl çəkmək istəmir. Cavabdeh barədə yerli icra hakimiyyəti nümayəndələrinə və iki dəfə Lerik Rayon İcra Hakimiyyətinə də məlumat vermiş, icra başçısı vəzifəsini müvəqqəti icra edən Cəlil Baxşıyevlə də danışmışdır. Orada araşdırma aparıldıqdan sonra tövsiyə olunmuşdur ki, məhkəməyə müraciət etsin. Cavabdeh iddiaçı ilə ailə üzvlərinin mülkiyyətində olan əkin torpaq sahəsindən hazırda da istifadə etməklə həmin torpağa mülkiyyət hüquqlarını, eləcə də Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 110-cu maddəsini kobud şəkildə pozur. Qanunvericiliyin tələbindən də göründüyü kimi, cavabdeh iddiaçıya məxsus torpaq sahəsini özbaşına tutduğundan həmin torpaq sahəsində çəkdiyi xərclər ona ödənilmədən, torpaq əvvəlki vəziyyətinə gətirilməklə oradan çıxmalıdır. Lakin hazırda da cavabdeh qeyd olunan torpaq sahəsini zəbt etməkdə davam etdiyindən həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını pozur və bu pozuntu davam etməkdədir. Bu hərəkətlərini dayandırması, zəbt etdiyi torpaq sahəsini tərk etməsi barədə dəfələrlə ona edilən müraciətlər nəticəsiz qalmışdır. Hazırda da cavabdeh qanunsuz hərəkətlərini davam etdirməklə göstərilən torpaq sahəsini zəbt etdiyindən qanuni mülkiyyətindən istifadə etməsi mümkün deyil. Lerik Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, 2(048)-134/2023 saylı qətnaməsi ilə (sədrlik edən Atabəy Kiçibəyov) iddia qismən təmin edilmiş, Lerik rayonu, Kəlvəz kəndində yerləşən JN-0069 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 2,3775 ha torpaq sahəsinin Cavabdeh alınaraq İddiaçı mülkiyyətinə qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi, İddiaçı tərəfindən kadastr və yerquruluş Lahiyə-Tədqiqat Mərkəzinə ödənilmiş 109 manatın, dövlət rüsumunun əvəzi olan 200 manatın Cavabdeh alınaraq İddiaçı verilməsi, əlavə olaraq ekspertiza tədqiqatının dəyəri olan 50 manat pulun Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə köçürülməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Lerik Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, 2(048)-134/2023 saylı qətnaməsinin qismən – iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Buna əsasən qətnamə maddi zərərin təmin edilməməsi hissəsində qismən ləğv edilərək, iddia tam təmin edilməlidir. Belə ki, Lerik rayon Aqrar İslahat Komissiyasının qərarı ilə iddiaçının ailəsinin 6 üzvünə Lerik rayonu, Kəlvəz kəndi ərazisində ümumi sahəsi 43642,34 kv.m torpaq sahəsi ayrılaraq verilmişdir. Həmin torpağa aid dövlət aktı verilmişdir. Bu torpaq sahələrinin qanuni olaraq mülkiyyətində olmasına baxmayaraq, torpaqların 23775,11 kv.m, yəni 2,38 ha hissəsi Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmişdir. Cavabdeh həmin torpaq sahəsinə qanunsuz daxil olaraq oranı ot sahəsinə çevirmiş və təsərrüfat işləri aparmışdır. Cavabdeh həmin sahədə 4 ilə yaxın müddətdir ki, əkin-biçin işləri görür. Ona dəfələrlə 23775,11 kv.m torpağın zəbtdən azad edilməsi barədə xəbərdarlıq edilsə də, cavabdeh buna heç bir məhəl qoymamışdır. Hətta, iddiaçı cavabdeh şəxsə yaxın insanlar vasitəsilə qanunsuz hərəkətlərindən çəkinməyi barədə xəbər göndərsə də, bir nəticəsi olmamışdır. Lakin cavabdeh onların bu tələbinə əhəmiyyət verməyərək, qanunsuz hərəkətlərini davam etdirmişdir. Cavabdeh barədə yerli icra hakimiyyəti nümayəndələrinə və iki dəfə Lerik Rayonu İcra Hakimiyyətinə də məlumat verilmişdir. Sonda isə iddiaçı hazırkı qaydada məhkəməyə müraciət etmişdir. Lerik Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2(048)- 447/2022 saylı qərardadına əsasən iş üzrə məhkəmə-torpaqşünaslıq ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən verilmiş 30 oktyabr 2023-cü il tarixli, 10/6846 saylı ekspert rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-2153/2023 saylı mütəxəssis rəyinə əsasən, Lerik rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 44 saylı qərarı əsasında JN-0069 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Lerik rayonu, Kəlvəz kəndi ərazisində yerləşən 4,66 ha pay torpaq sahəsinin dörd hissədən ibarət olması müəyyən edilmişdir. Həmin 4,66 ha torpaq sahəsinin məhkəmə predmeti olan mübahisəli ərazidə 2,3775 ha hissəsi yerləşir və 2,3775 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sistemində araşdırma zamanı JN-0069 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Lerik rayonu, Kəlvəz kəndi ərazisində yerləşən 4,66 ha pay torpaq sahəsinin mübahisəli ərazidə olan 2,3775 ha hissəsinin bütövlüklə Cavabdeh tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Faktiki olaraq ekspertiza tərəfindən verilmiş rəydən də görünür ki, qanunsuz zəbt müəyyən edilmişdir. Qanunsuz zəbt varsa, maddi ziyan da mövcuddur. Bu əsasla bağlı iddiaçı qeyd edir ki, eyni əsaslarla hazırkı iş üzrə cavabdehin bu iddiaçıya qarşı dəymiş maddi ziyanla bağlı iddia tələbinə əsasən mülki iş vardır. Həmin işdə guya 23-24 ildir torpaqdan istifadə etdiyini, guya hər hansı düzəlişlər etdiyini və buna əsasən ona maddi ziyan dəydiyini bildirmişdir. Bu halda məhkəmə öz tərəfindən iddiaçının heç bir təşəbbüsü olmadan birbaşa ekspertiza barədə qərardad qəbul etmiş və dəymiş ziyanın müəyyənləşdirilməsi ilə bağlı ekspertiza təyin etmişdir. Bununla bağlı digər işin videogörüntüsünə baxmaqla da müəyyənləşdirmək mümkündür. Əslinə qalanda hər iki tərəf ayrı-ayrı işlər üzrə maddi zərər tələb etsə də, məhkəmə işə təktərəfli yanaşmışdır. Bu işdə həmin mahiyyəti təşkil edir. Lakin iddiaçı və cavabdehin yerləri fərqlidir. Bunu xüsusi olaraq iddiaçı tərəfindən məhkəməyə sübut təqdim edilməməsi əsaslandırılması ilə bağlı bildirir. Əlavə olaraq da vəkil və nümayəndə olaraq ilk dəfə işə qoşulmasına baxmayaraq dərhal iş üzrə məhkəmə baxışının bitirilib çıxışlara keçilməsi də məhkəmənin işin hazırkı formada yekunlaşdırılmasına zəmin yaratdığını göstərmək üçün kifayət qədər əsas olduğunu hesab edir. Məhkəmə Konstitusiyanın və Mülki Məcəllənin mülkiyyət hüququ ilə bağlı, hətta Avropa Məhkəməsinin müvafiq qərarlarına istinad etmiş, yəni delikti faktiki olaraq qəbul etmiş, lakin məbləğinin müəyyənləşdirilməsi üçün heç bir addım atmamışdır. MPM-in 14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə tərəfindən göstərilən prosessual hüquq normasının tələbi pozulmuşdur. Məhkəmə tərəfindən işin hərtərəfli, tam, obyektiv araşdırılması aparılmamışdır. Delikti, yəni dəymiş zərəri faktiki qəbul edən məhkəmə işin hərtərəfli, tam, obyektiv araşdırılmasına təşəbbüs belə göstərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə tərəfindən göstərilən prosessual hüquq normasının tələbi pozulmuşdur. Məhkəmə qətnaməsi nə qanuni, nə də əsaslı deyildir. Qanuna istinad edən məhkəmə əksinə heç bir araşdırma aparmaq üçün addım atmamışdır. Bundan fərqli olaraq eyni şəxslərin digər məhkəməsində öz təşəbbüsü ilə ekspertiza təyin etmişdir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək bildirdi ki, 30 oktyabr 2023-cü il tarixli ekspert rəyi ilə Cavabdeh ona və ailə üzvlərinə məxsus olan torpaq sahəsindən istifadə etməsi halı öz təsdiqini tapmışdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi cavabdehin həmin torpaq sahəsindən istifadə etməsi nəticəsində onun əldən çıxmış fayda şəklində zərərə məruz qalması halına düzgün qiymət verməmiş, həmin hissədə iddianı təmin etməməklə onun hüquqlarını pozmuşdur. Belə ki, cavabdeh həmin torpaq sahəsindən qanunsuz istifadə edərək, iddiaçının həmin torpaq sahəsindən istifadəsinə mane olmuşdur. Halbuki, iddiaçı həmin torpaq sahəsində özü əkin işləri həyata keçirsəydi, oradan gəlir əldə edə bilərdi. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 İddiaçı bildirdikləri ilə razılaşdığını qeyd etdi və apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən – iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, nümayəndə ilə təmsil olunmamışdır. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən – iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etməklə, birinci instansiya məhkəməsinin qətnaməsini qismən mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası iddiaçı tərəfi dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, sübutlara obyektiv hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşdəki JN-0069, KOD 80306158 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktından görünür ki, Lerik rayon Aqrar İslahat Komissiyasının 21 oktyabr 1998-ci il tarixli, 44 saylı qərarı ilə Lerik rayonu, Kəlvəz kəndində cizgidə göstərilən sərhəd daxilində yerləşən 4,66 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi İddiaçı və onun ailə üzvləri X4, X5, X6, X1 və X2 mülkiyyətinə verilmişdir. Həmin Dövlət aktı üzrə torpaq sahəsi 4 massivdən ibarətdir: 0069 nömrəli (2951 kv.m), 69M nömrəli (23775,11 kv.m), 69N nömrəli (18679,23 kv.m) və 69V nömrəli (1188 kv.m). İşdəki JN-0054, KOD 80306158 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktından görünür ki, Lerik rayon Aqrar İslahat Komissiyasının 21 oktyabr 1998-ci il tarixli, 44 saylı qərarı ilə Lerik rayonu, Kəlvəz kəndində cizgidə göstərilən sərhəd daxilində yerləşən 1,59 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi Cavabdeh və onun ailə üzvü X3 mülkiyyətinə verilmişdir. Həmin Dövlət aktı üzrə torpaq sahəsi 2 massivdən ibarətdir: 0054 nömrəli (982,56 kv.m) və 54M nömrəli (14891 kv.m). İşdəki 30 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-10/6846 nömrəli ekspert rəyindən görünür ki, Lerik rayon Aqrar İslahat Komissiyasının 21 oktyabr 1998-ci il tarixli, 44 saylı qərarı əsasında JN-0069 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Lerik rayonu, Kəlvəz kəndi ərazisində yerləşən 4,66 ha pay torpaq sahəsinin dörd hissədən ibarət olması müəyyən edilmişdir. Həmin 4,66 ha pay torpaq sahəsinin məhkəmə predmeti olan mübahisəli ərazidə 2,3775 ha hissəsi yerləşir və 2,3775 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sistemində araşdırma zamanı JN-0069 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Lerik rayonu, Kəlvəz kəndi ərazisində yerləşən 4,66 ha pay torpaq sahəsinin mübahisəli ərazidə olan 2,3775 ha hissəsinin bütövlükdə Cavabdeh tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Beləliklə, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona və ailəsinə məxsus Lerik rayonu, Kəlvəz kəndində yerləşən Lerik rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş 2,38 hektar torpaq sahəsində Cavabdeh tərəfindən zəbt olunmuş torpaq sahəsinin geri alınması, eyni zamanda həmin 2,38 ha torpaq sahəsi üçün 2018-2022-ci illər üçün əldən çıxmış faydaya görə Cavabdeh 15000 manat məbləğində maddi ziyanın tutularaq ona və ailə üzvlərinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Lerik Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, 2(048)-134/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Lerik rayonu, Kəlvəz kəndində yerləşən JN-0069 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 2,3775 ha torpaq sahəsinin Cavabdeh alınaraq İddiaçı mülkiyyətinə qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi, İddiaçı tərəfindən kadastr və yerquruluş Lahiyə-Tədqiqat Mərkəzinə ödənilmiş 109 manatın, dövlət rüsumunun əvəzi olan 200 manatın Cavabdeh alınaraq İddiaçı verilməsi, əlavə olaraq ekspertiza tədqiqatının dəyəri olan 50 manat pulun Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə köçürülməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsini qismən – iddia tələbinin təmin edilməmiş hissəsində mübahisələndirmişdir. Hazırkı işin müəyyən edilmiş hallarından görünür ki, Lerik rayon Aqrar İslahat Komissiyasının 21 oktyabr 1998-ci il tarixli, 44 saylı qərarı əsasında JN-0069 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Lerik rayonu, Kəlvəz kəndi ərazisində yerləşən 4,66 ha pay torpaq sahəsinin mübahisə predmeti olan mübahisəli ərazidə yerləşən 2,3775 ha hissəsi bütövlükdə Cavabdeh tərəfindən istifadə edilir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Hazırkı iş üzrə iddia tələbinin təmin edilməmiş hissəsi mübahisəli torpaq sahəsi üçün 2018-2022-ci illər üçün əldən çıxmış faydaya görə cavabdehdən 15000 manat məbləğində maddi ziyanın tutulması ilə bağlıdır. Həmin hissədə birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən öz mövqeyini onunla əsaslandırmışdır ki, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 157.5-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Məhkəmə kollegiyası 15000 manat məbləğində əldən çıxmış faydanın tutulmasına dair hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq bildirir ki, iddiaçı həmin hissədə öz tələbi ilə bağlı hər hansı sübut təqdim etməməklə yanaşı, əldən çıxmış fayda kimi müəyyən edilmiş 15000 manat məbləğinin hansı gəlirlərdən ibarət olmasını, həmin gəlirin hansı qaydada hesablandığını, əgər hüququ pozulmasaydı, həmin məbləği adi mülki dövriyyə şəraitində əldə edə biləcəyini təsdiq edən hansı sübutlarının olduğunu göstərməmiş, cavabdehin mübahisəli torpaq sahəsindən nə vaxtdan etibarən qanunsuz şəkildə istifadə etməsini, onun həmin torpaq sahəsindən hər hansı gəlir götürübgötürmədiyini, gəlir götürmüşdürsə, həmin gəlirin məbləğinin nə qədər olduğunu və onun hansı qaydada müəyyən edildiyini təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında qeyd edilir ki, hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Qeyd edilənlərə uyğun olaraq məhkəmə kollegiyası bildirir ki, əldən çıxmış fayda şəklində vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ilə bağlı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı tələb olunan məbləğdə ona əldən çıxmış fayda şəklində zərərin vurulmasını sübut etməlidir. Buna görə də, iddiaçı məhkəməyə müraciət edərkən məhz bu halları da təsdiq edən sübutları təqdim etməli idi. İddiaçı isə məhkəmə kollegiyasının Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə uyğun olaraq “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə müvafiq qaydada fəaliyyətini həyata keçirməsi üçün əldən çıxmış fayda şəklində vurulmuş zərərin ödənilməsi ilə bağlı tələbinə dair lazımi sübutları nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyası məhkəməsinə təqdim etməmiş, yalnız formal mülahizələrlə çıxış etmişdir. Ona görə də məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi həmin hissədə iddianı təmin etməməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hissədə maddi və prosessual hüquq normaları pozulmamış, düzgün tətbiq edilmiş, mübahisələndirilən hissədə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmış, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmişdir. Ona görə də, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Lerik Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, 2(048)-134/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lerik Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, 2(048)-134/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, şikayət verilmədikdə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar