Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-510/2025 27.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, X9 oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “müqavilə üzrə yaranmış borcun ölmüş şəxsin mirası qəbul etmiş vərəsələrindən tutulması” tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli, 2(018)-1277/2024 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 vərəsələri X8, Cavabdeh3 və X3"xxxx" ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli BPM**********69 saylı Kredit Müqaviləsinə əsasən 8618.54 manat əsas, 80.11 manat faiz borcu olmaqla cəmi 8698.65 manat (səkkiz min altı yüz doxsan səkkiz tam yüzdə altımış beş) manat və ödənilmiş 106.99 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, "xxxx" ASC ilə X4 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli BPM**********69 saylı Kredit Müqaviləsinə əsasən ona illik 18 %-lə, 36 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqavilələri ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilələr ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Astara rayon Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli AZ-İİ № 321165 saylı ölüm haqqında şəhadətnaməsindən görünür ki, X4 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Astara rayon 1 saylı Notariat ofisinin xx.xx.2023- cü il tarixli 2V-926 saylı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsindən görünür ki, X1 qalmış mirasa X8, Cavabdeh3 və X5 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Cavabdehlər mərhum X1 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Birinci instansiya məhkəməsində icraat Astara Rayon Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli, 2(018)-1277/2024 saylı qətnaməsi ilə (hakim B.Məmmədov) iddia təmin edilmiş, xx.xx.2022-ci il tarixdə BPM**********69 saylı kredit müqaviləsinə əsasən, 8618,54 manat əsas və 80,11 manat faiz borcu olmaqla, cəmi 8698,65 manat həmçinin 106.99 manat məbləğində dövlət rüsumunun və 0.40 manat xidmət haqqının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İşin mübahisəsiz halları ilə müəyyən edilmişdir ki, iddiaçı ilə Borc Alan arasında xx.xx.2022-ci il tarixdə BPM**********69 saylı kredit müqaviləsi bağlanmış, iddiaçı tərəfindən 36 ay müddətinə, illik 18% ödəmək şərti ilə ona 10000 manat məbləğində kredit verilmişdir. Həmçinin, iş materialları ilə müəyyən edilir ki, borc alan xx.xx.2023-cü il tarixdə ölmüşdür. Cavabdehlərə Astara Rayon 1 saylı Notariat ofisi tərəfindən xx.xx.2023-cü il tarixli 2V-926 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə hesab etmişdir ki, Borc alan kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliyə malik olmuşdur. Onun ölməsi nəticəsində cavabdehlər Mülki Məcəllənin yuxarıda qeyd edilən müddəalarına əsasən iddiaçı qarşısında müqavilə tərəfinə çevrilməklə, Borc Alanın vərəsəsi kimi krediti iddiaçıya qaytarmaq öhdəliyinə malik olmuşdur. Lakin, işin hallarından da görünür ki, cavabdeh kredit müqaviləsi üzrə kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin qaytarılmasını cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin iddianın 106.99 manat məbləğində dövlət rüsumunun və 0.40 manat xidmət haqqının cavabdehlərdən alınmasına dair hissəsini də araşdıraraq hesab etmişdir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdehlərin vəzifələrini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırmış, bununla dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir. Odur ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 739.1, 739.2, 1133.1, 1134.1, 1151.1, 1159.1.1, 1306.1, 386.1, 389.1, 405.1, 1256-cı maddələri, “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2022-ci il tarixli Qərarı, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vlİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarı, . Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında" 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarı, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1, 14.2, 217.4, 119.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, atası X4 vəfat edərkən hesabında küllü miqdarda adına pul vəsaiti var idi. Həmin puldan qanunla müəyyən edilmiş qaydada və müddətdə onlar istifadə edə bilmirlər. İddiaçı ilə bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə borc şişirdirilib. Dünyasını dəyişmiş atasına cəmi 10,000 manat məbləğində kredit verilmişdir. Buna baxmayaraq iddiaçı "xxxx" ASC kredit məbləğini şişirdərək ödənilən məbləği heç birini nəzərə almayaraq onlara qarşı iddia ərizəsində yenidən yüksək məbləğdə verdiyini qeyd etmişdir. Bundan başqa qətnamədə ümumiyyətlə onlara qarşı artıq pullar hesablanmışdır. Buda Azərbaycan Respublikasının MM-nin 467-ci maddəsinə ziddir. Ən əsası rəhmətlik atasının banka borcu olmadığından aidiyyəti üzrə ekspertizanın keçirilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə etirazda qeyd edilmişdir ki, Astara Rayon Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli, 2(018)-1277/2024 saylı qətnaməsi üzrə məhkəmə düzgün nəticəyə gəlmiş, iddia tələbi tam əsaslı olduğundan iddianın təmin olunması barədə qətnamə qəbul etmişdir. Cavabdehin apellyasiya şikayəti tam əsassızdır, onun verdiyi apellyasiya şikayətinin rədd edilməsi və əsaslı olduğundan Astara Rayon Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli, 2(018)-1277/2024 saylı qətnaməsinin dəyişdirilməədn saxlanılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Həmin Məcəllənin 385-ci mаddəsində göstərilir ki, öhdəliyə əsаsən bir şəxs (bоrclu) bаşqа şəxsin (kreditоrun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlаk verməli, iş görməli və i.а. və yа müəyyən hərəkətdən çəkinməlidir, kreditоrun isə bоrcludаn vəzifəsinin icrаsını tələb etmək hüququ vаrdır. Həmin Məcəllənin 430.1-ci mаddəsinə əsаsə əgər bu Məcəllədə аyrı qаydа nəzərdə tutulmаyıbsа, öhdəliyin icrаsındаn birtərəfli imtinаyа və оnun şərtini birtərəfli dəyişdirməyə yоl verilmir. Həmin Məcəllənin 442-ci mаddəsinə görə öhdəliyin icrа edilməməsi dedikdə оnun pоzulmаsı və yа lаzımıncа icrа edilməməsi (vаxtındа icrа edilməməsi, nаturаdа, işlərdə və xidmətlərdə qüsurlаrlа və yа öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pоzmаqlа icrа edilməsi) bаşа düşülür. Həmin Məcəllənin 443.1-ci mаddəsinə əsаsən öhdəliyini icrа etməyən bоrclu kreditоrа dəymiş zərərin əvəzini ödəməyə bоrcludur. Həmin Məcəllənin 743-cü mаddəsinə görə əgər bоrc аlаnın əmlаk vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə bоrcun qаytаrılmаsı tələbi üçün təhlükə yаrаdаrsа, bоrc verən bоrcun dərhаl qаytаrılmаsını tələb edə bilər. Həmin Məcəllənin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə görə, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 1145-ci maddəsində göstərilir ki, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsində göstərilir ki, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1166-cı maddəsində göstərilir ki, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1246-cı maddəsində göstərilir ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1243.1-1243.3-cü maddələrinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1306.2-ci maddəsinə əsasən əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1307-ci maddəsinə əsasən vərəsələr tərəfindən kreditorların təmin edilməsi zamanı sübutetmə yükü Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2022-ci il tarixli Qərar: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vlİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərar: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli Qərar: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Astara Rayon Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli, 2(018)-1277/2024 saylı qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni obyektiv qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Astara Rayon Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli, 2(018)-1277/2024 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin qətnamənin mübahisələndirilən hissədə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Astara Rayon Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli, 2(018)- 1277/2024 saylı qətnaməsi Cavabdeh3 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Borc Alan arasında xx.xx.2022-ci il tarixdə BPM**********69 saylı kredit müqaviləsi bağlanmış, iddiaçı tərəfindən 36 ay müddətinə, illik 18% ödəmək şərti ilə ona 10000 manat məbləğində kredit verilmişdir. Həmçinin, iş materialları ilə müəyyən edilir ki, borc alan xx.xx.2023-cü il tarixdə ölmüşdür. Cavabdehlərə Astara Rayon 1 saylı Notariat ofisi tərəfindən xx.xx.2023-cü il tarixli 2V-926 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Borc alan kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliyə malik olmuşdur. Onun ölməsi nəticəsində cavabdehlər Mülki Məcəllənin yuxarıda qeyd edilən müddəalarına əsasən iddiaçı qarşısında müqavilə tərəfinə çevrilməklə, Borc Alanın vərəsəsi kimi krediti iddiaçıya qaytarmaq öhdəliyinə malik olmuşdur. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin qaytarılmasını cavabdehlərdən tələb etməkdə haqlıdır. Apellyasiya şikayətinin dəlilləri iki hissədə ibarətdir. İddiaçı ilə bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə borc şişirdirilib. Bu da Azərbaycan Respublikasının Mülki Məcəllənin 467-ci maddəsinə ziddir. Eyni zamanda rəhmətlik atasının banka borcu olmadığından aidiyyəti üzrə mühasibatlıq ekspertizası keçirilməlidr. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan, apelyasiya şikayətinin dəlillərinə əsassız sayan Məhkəmə tərkbi hesab edir ki, birinci instansiya məhkəməsinin qətnamənin mübahisələndirilən hissədə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. İlk növbədə qeyd edilməlidir ki, Mülki Məcəllənin 385-ci mаddəsində göstərilir ki, öhdəliyə əsаsən bir şəxs (bоrclu) bаşqа şəxsin (kreditоrun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlаk verməli, iş görməli və i.а. və yа müəyyən hərəkətdən çəkinməlidir, kreditоrun isə bоrcludаn vəzifəsinin icrаsını tələb etmək hüququ vаrdır. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Kredit müqaviləsi ikitərəfli müqavilələrdən olub, bağlanması ilə hər iki tərəf, yəni həm kredit alan, həm də kredit verən üçün müəyyən vəzifələr yaratmış olur. Kredit müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Vərəsəliyə gəldikdə, bu hüquq obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Vərəsəlik hüququ mülkiyyətçinin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin ölümündən sonra onun iradəsinə uyğun olaraq müəyyən etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Mülki hüququn bu institutu vasitəsi ilə miras qoyanın, onun kreditorlarının, eləcə də vərəsələrinin mənafeyi qorunur, miras qoyanın əmlakın aqibəti ilə bağlı niyyətinin həyata keçirilməsinə şərait yaradılır, bununla da etibarlı və sağlam ailə münasibətlərinin qorunub inkişaf etdirilməsi təmin olunur. Qeyd olunan hallar həm şəxsiyyətin qorunması, həm də ictimai mənafelərin təmin olunması məqsədinə xidmət etməklə, vərəsəlik hüquq qaydalarının məcburiliyini, yəni qanunverici tərəfindən müəyyən tənzimetmənin imperativliyini şərtləndirir. Vərəsəlik hüququ vasitəsilə mülki dövriyyə iştirakçıları olan fiziki şəxslərin ölməsi halında onların sağlığında qurduqları hüquqi münasibətlərdən irəli gələn hüquq və öhdəliklərinin aradan qalxmaması, vərəsələri tərəfindən həyata keçirilməsi üçün hüquqi şərait yaradılır ki, nəticədə mülki dövriyyənin davamlılığı və fasiləsizliyi təmin edilməklə hüquqi müəyyənlik və hüquqi etimad prinsipləri qorunmuş olur. Mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəklində şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarında qeyd olunur ki, Konstitusiya Məhkəməsinin Plenumu borclunun ölümü qarşısında mirası qəbul etmiş vərəsələrin miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyini nəzərə alaraq hesab edir ki, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Məhkəmə tərkibi şikayətin cavabdehin rəhmətlik atasının banka borclu olmaması, borcun şişirdilməsi ilə bağlı dəlilinə münasibət bildirərək qeyd edir ki, şikayət bu hissədə əsassızdır. İş materiallarında olan (səhifə 25) maliyyə arayışından görünür ki, ABB” ASC ilə X4 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli BPM**********69 saylı Kredit Müqaviləsinə əsasən X2 ABB” ASC-yə 8618.54 manat əsas, 80.11 manat faiz borcu olmaqla cəmi 8698.65 manat borcu qalmışdır. Məhkəmə tərkibi hesab edir ki, maliyyə arayışının mötəbərliyi şübhə doğurmadığından, cavabdeh mərhum atasının kredit müqaviləsi üzrə daha az borcunun olması barədə məhkəməyə hər hansı bir sübut növü təqdim etmədiyindən şikayət əsaslı sayıla bilməz. Borcun şişirdilməsinin Azərbaycan Respublikasının Mülki Məcəllənin 467-ci maddəsinə zidd olması barədə şikayətin dəlilinə münasibət bildirən Məhkəmə tərkibi hesab edir ki, şikayət bu hissədə də əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddənin məzmunundan görünür ki, həmin maddə məhkəmələrə tənasübsüz surətdə yüksək hesablanmış dəbbə pulunun azaldılmasını hüquq kimi tanımışdır. Yəni dəbbə puluna aid məsələləri nizama salır. İddia ərizəsindən görünür ki, iddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 vərəsələri X8, Cavabdeh3 və X3"xxxx" ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli BPM**********69 saylı Kredit Müqaviləsinə əsasən 8618.54 manat əsas, 80.11 manat faiz borcu olmaqla cəmi 8698.65 manat (səkkiz min altı yüz doxsan səkkiz tam yüzdə altımış beş) manat pulun cavabdehlərdən alınaraq iddiaçının hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi hazırkı iş üzrə iddia ərizəsində iddiaçı dəbbə pulu ilə bağlı heç bir tələb irəli sürməmişdir. Apellyasiya şikayətinin aidiyyəti üzrə mühasibatlıq ekspertizasının keçirilməsinə dair dəlilinə münasibət bildirən Məhkəmə tərkibi hesab edir ki, şikayət bu hissədə də əsassızdır. Belə ki, apelyatorun formal olaraq mühasibatlıq ekspertizasının keçirilməsi tələbi əsaslı sayıla bilməz. Belə ki, apelyator yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə mərhum atasının banka ödədiyi hansı məbləğlərin nəzərə alınmadığını, nə qədər əsas borcunun qalması, nə qədər isə faiz borcunun olması və ya olmaması barədə şikayətində heç bir əsaslandırma aparmamışdır. Eyni zamanda cavabdeh birinci instansiya məhkəməsində iştirak edib mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatət verə bilərdi. Cavabdeh tərəf isə birinci instansiya məhkəməsinin iclası barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, prosessual hüquqlarından istifadə etməmişdir. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Məhkəmə tərkibi qeyd edir ki, qanunverici işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün ekspertiza təyin edilməsini məhkəmə üçün vəzifə kimi deyil, hüquq kimi tanımışdır. Yəni qeyd edilən dəlil birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Daha sonra Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Eyni zamanda Konstitusiya Məhkəməsinin bir çox qərarlarında Apellyasiya mərhələsində sübutların təqdim edilməsi ilə bağlı hüquqi mövqe ondan ibarət olmuşdur ki, yeni və əlavə sübutların təqdim edilməsi üçün bir sıra halların mövcud olması vacibdir: İşə birinci instansiya məhkəməsində baxılan zaman işdə iştirak edən şəxsin sübutu təqdim etmək imkanının olmamasının sübut edilməsi, yeni və əlavə sübutu təqdim etmənin mümkünsüzlüyünü sübut etmək yükü bu sübutların yoxlanılmasına dair vəsatət vermiş şəxsin üzərinə düşür; yeni və əlavə sübutların yoxlanılmasına dair vəsatətin subyekti işdə iştirak edən istənilən şəxs, onun nümayəndəsi, həmçinin mübahisələndirilən aktla hüquqlarına toxunulan, yəni apellyasiya şikayətilə müraciət etmiş şəxs ola bilər; yeni və əlavə sübutlar aidiyyət və mümkünlük tələblərinə cavab verməlidirlər. Əgər sübutlar işin hallarına aid deyildirsə və ya qanunun tələblərinə uyğun olaraq mümkünsüzdürsə onlar qəbul oluna bilməzlər; apellyasiya məhkəməsi sübutun birinci instansiya məhkəməsində təqdim edilməməsinin səbəblərini üzrlü hesab etsin. Göründüyü kimi qaqnunverici sübutların yalınız birinci instansiya məhkəməsinə təqdim edilməsi ilə şərtləndirilmişdir. Apellyasiya mərhələsində sübutlar o halda təqdim edilə bilər ki, işə birinci instansiya məhkəməsində baxılan zaman işdə iştirak edən şəxsin sübutu təqdim etmək imkanının olmamasının sübut etmiş olsun. Halbuki cavabdeh tərəf həmin sübutu birinci instansiya məhkəməsində təqdim edə bilməməsinin ondan asılı olmayan səbəblərə aydınlıq gətirməmişdir. Odur ki, məhkəmə tərkibi birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iddianı təmin etməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Beləliklə birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etməmişdir. Odur ki, Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Astara Rayon Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli, 2(018)-1277/2024 saylı qətnaməsi Cavabdeh3 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli, 2(018)-1277/2024 saylı qətnaməsi Cavabdeh3 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-510/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-510/2025
27.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver