Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-52/2024 28.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Qəribov Nahid Vidadi oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yağış suyunun axıdılması üçün nəzərdə tutulan kanalın üzərinin və mühafizə zolağının qanunsuz tikililərdən təmizlənməsi və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 2(049)-533/2022 saylı, 21 noyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran rayonunun Digah kəndində yerləşən, həmin ərazidə yaşayan əhalinin ümumi istifadəsi üçün nəzərdə tutulan kənd ərazisindən keçən suötürücü kanalın Cavabdeh tərəfindən aparılmış qanunsuz tikili nəticəsində tutulmuş üstünün və iddiaçı tərəfindən saxlanılan mühafizə zolağının boşaldılması, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Lənkəran rayonunun Digah kəndində yaşayır və mülkiyyətində 0,08 ha həyətyanı torpaq sahəsi var. Bu torpaq sahəsi kəndin perspektiv inkişaf fonduna aid olan bələdiyyə mülkiyyətindəki torpaq sahəsində fərdi yaşayış evinin tikintisindən ötrü Digah kənd bələdiyyəsi tərəfindən alğı-satqı yolu ilə ona ayrılmışdır. Həmin torpaq sahəsinə mülkiyyət hüququ 26 yanvar 2007-ci il tarixdə DƏDRXdə qeydə alınmışdır. Lənkəran ŞİHB-nin 29 may 2008-ci il tarixli, 209 saylı sərəncamı ilə mülkiyyətində olan Digah kəndi ərazisində yerləşən 800 kv.m torpaq sahəsində ümumi sahəsi 239,3 kv.m, yaşayış sahəsi 63 kv.m olan iki mərtəbəli, üç otaqlı fərdi yaşayış evinin tikintisinə icazə verilmiş, ŞİHB Aparatının Memarlıq və Tikinti şöbəsinin hazırladığı layihə əsasında fərdi yaşayış evi tikilmiş, hazırda ailəsi ilə həmin evdə yaşayır. Fərdi yaşayış evinin cənub hissəsindən suötürücü kanal keçir. Bu kanal kənd sakinlərinin ümumi istifadəsi üçün yağış sularının və izafi suların axıdılması üçün ayrılmışdır. İddiaçı həyətinə hasar çəkərkən suötürücü kanala xidmət üçün hasarla xəndək arasında 1,5 metr məsafədə mühafizə zolağı saxlamışdır. Həyətə düşən yağış sularının axıdılması üçün suötürücü kanala üç istiqamətdə boru xətti çəkmişdir. Mütəmadi olaraq öz vəsaiti hesabına suötürücü kanalı və mühafizə zolağını təmizlətdirir. Bu məqsədlə dəvət etdiyi fəhlə 2019cu ildə mühafizə zolağında və suötürücü kanalda növbəti təmizləmə işləri apararkən suötürücü kanalın digər tərəfində yaşayan Digah kənd sakini Cavabdeh fəhlənin təmizlik işləri aparmasına imkan verməyərək, onu təhdid etmişdir. Sonradan cavabdeh qeyriqanuni olaraq əhalinin ümumi istifadəsi üçün nəzərdə tutulan suötürücü kanalın enini daraldaraq, kanalın üstünü betonlamışdır. Suötürücü kanalın üstü ilə kifayətlənməyən cavabdeh kanalın təmizlənməsi üçün saxlanılmış mühafizə zolağını da zəbt edərək betonlamış, üzərində mişar daşı ilə sahəsi 36 kv.m olan qeyri-yaşayış sahəsi tikmiş, həmin tikilini iddiaçının hasarına birləşdirmişdir. Qanunsuz tikdiyi qeyri-yaşayış sahəsinin damı üçün döşəmələri iddiaçının hasarının üstünə atmışdır. Cavabdehin tikdiyi bu qeyri-yaşayış sahəsi suötürücü kanalın suötürmə fəaliyyətinə və yağıntılar zamanı həyətə yığılan yağış sularının suötürücü kanala ötürülməsinə maneçilik yaratmış, həyətin yağış suları ilə dolmasına, yağış sularının həyətdə yığılıb qalmasına, həyətdə və yaşayış evində rütubətin artmasına səbəb olur. Eyni zamanda, iddiaçının hasarının 29 metr hissəsi cavabdehin bu hərəkəti nəticəsində zədələnmişdir. Cavabdehə Şiləvar kənd bələdiyyəsinin sədri və Şiləvar kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin əməkdaşlarının iştirakı ilə irad bildirilərək suötürücü kanalın iddiaçı tərəfindən saxlanılan mühafizə zolağının əvvəlki vəziyyətə gətirilməsi tələb edildikdə, cavabdeh qanunsuz inşa etdirdiyi tikilinin sökülməsi üçün iddiaçıdan 10000 manat məbləğində vəsait tələb etmişdir. Həmin vəsait verilməyəcəyi təqdirdə söküntü işləri aparılmasına imkan verməyəcəyini bildirir. Bütün xəbərdarlıqlara baxmayaraq, cavabdeh ərazini boşaltmamış, 11 oktyabr 2021-ci il tarixində qanunsuz olaraq tikdiyi qeyri-yaşayış sahəsində mala işləri aparmış, 13 oktyabr 2021-ci il tarixində dam örtüyünün tikintisi iddiaçı tərəfindən dayandırılmışdır. Cavabdehin yağış və izafi suların axıdılması üçün yaşayış məntəqəsi sakinlərinin ümumi istifadəsinə verilmiş suötürücü kanalın üstündə qanunsuz olaraq qeyri-yaşayış sahəsi tikməsi nəticəsində iddiaçının həyətindən yağış və izafi suların çıxarılmasına maneələr yaranmış, mülkiyyətində olan hasara qəsd edilməsi nəticəsində hasar zədələnmiş, mülkiyyəti üçün təhlükə yaranmışdır. Lənkəran Rayon Məhkəməsinin 2(049)-533/2022 saylı, 21 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Toğrul Məmmədov) iddia təmin edilmiş, Lənkəran rayonunun Digah kəndində yerləşən, həmin ərazidə yaşayan əhalinin ümumi istifadəsi üçün nəzərdə tutulan kənd ərazisindən keçən suötürücü kanalın Cavabdeh tərəfindən aparılmış qanunsuz tikili nəticəsində tutulmuş üstünün və onun tərəfindən saxlanılan mühafizə zolağının boşaldılması və cavabdehin bu kimi qanunsuz hərəkətlərinə son qoyulması, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun İddiaçı özünə aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Lənkəran Rayon Məhkəməsinin 2(049)-533/2022 saylı, 21 noyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, 1988-ci ildə Ermənistan ərazisindən qaçmışdır. O, hərbçi olmuşdur, 2-ci qrup əlildir, tək qadındır və onkoloji xəstədir. Artıq 15 ildir ki, Lənkəran rayonunun Digah kəndində yaşayır. Həyətinin arxasından ümumi istifadədə olan yağış sularının ötürülməsi üçün nəzərdə tutulmuş kanal keçir. Həmin kanalın üzəri açıq olduğu üçün tez-tez lil ilə dolduğundan, həmin kanalın bir hissəsini, təxminən 30-35 metr uzunluğunda qoruyucu divarlarını iki tərəfli mişar daşı və çay daşı ilə qum-sementlə öz hesabına 2-3 il ərzində hördürüb üzərini taxta ilə bağlatdırdıqdan sonra kanalla gələn qrunt sularının sərbəst axıb getməsinə şərait yaratmışdır. Həmin kanalın üzərinin bağlanmış hissəsində 2 metr eni, 3 metr uzunluğunda içərisində 10-15 ədəd toyuq saxlamaq üçün hin düzəldib orada ərzaq ehtiyacının ödənilməsi üçün 10-15 ədəd toyuq saxlayır. İş üzrə iddiaçı onun qonşusudur. Mübahisə predmeti olan kanal cavabdehin evinin arxasından, iddiaçının isə evinin qarşısından keçir. Cavabdeh həmin kanalı təmir etdikdən sonra iddiaçı kanalı da zəbt etmək istəmiş və bunu dəfələrlə bildirmişdir. Cavabdeh buna etiraz etdikdə isə iddiaçı hazırkı mövqeyindən (tutduğu vəzifədən) sui-istifadə etməklə onu məhkəməyə verməklə həmin kanala heç bir subyektiv hüququ olmadan kanalın buraxılmasını və orada apardığı təmir-bərpa işlərinin sökülməsini tələb etmiş, Lənkəran Rayon Məhkəməsi də iddiaçının tələbini qanunsuz və əsassız olaraq təmin etmişdir. Belə ki, məhkəmə tərəfindən iş üzrə tikinti-texniki ekspertizası təyin olunmuş və ekspertizanın aparılması Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Bir neçə ay bundan əvvəl məhkəmə ekspertizasının keçirilməsi üçün Dövlət Ünvan Reyestrinin mütəxəssisi və iddiaçının nümayəndəsi və vəkili mübahisəli əraziyə gəlmiş, mütəxəssis ölçmə işlərini aparacağını bildirmişdir. Cavabdeh buna heç bir etiraz etmədiyini ona bildirmişdir. Mütəxəssis ölçmə işlərinə başlamamış iddiaçının nümayəndəsi ilə aralarındakı hazırkı mübahisə ilə bağlı söhbət edən zaman guya cavabdehin onun işinə müdaxilə etməsi bəhanəsi ilə acıq edib heç bir ölçmə işləri aparmadan həyətdən çıxıb getmişdir. O, həyət qapısından çıxanda mütəxəssisə qayıdıb müvafiq ölçmə işlərinin aparılmasını və məhkəmə qərardadında qeyd olunan sualların cavablandırılması üçün zəruri olan hərəkətlərin davam etdirilməsini istəsə də, mütəxəssis əsəbi olduğundan heç bir iş görə bilməyəcəyini, lazımi cavabı məhkəməyə göndərəcəyini bildirərək çıxıb getmişdir. Sonradan cavabdehin təkrar ekspertizanın keçirilməsi barədə yazılı vəsatəti də məhkəmə tərəfindən nəzərə alınmamış, ona hər hansı münasibət bildirilməmişdir. Məhkəmə işə baxan zaman iddiaçının həmin iddianı qaldırmağa subyektiv hüququnun olub-olmamasını araşdırmamış, iddiaçının mülkiyyətində olmayan və cavabdehin hərəkətləri ilə onun mülkiyyətinə və mənafeyinə toxuna biləcək heç bir sübut olmadan qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Halbuki, məhkəmə iş üzrə ekspertiza təyin edib ekspert rəyini aldıqdan sonra həmin ekspert rəyinin nəticəsinə uyğun olaraq və ya mübahisə predmeti olan kanalın, onun üzərində olan tikililərin yerində müayinəsini keçirməklə və ən əsası da iddiaçının həmin iddianı qaldırmağa subyektiv hüququnun olub-olmamasını araşdırandan sonra yekun məhkəmə aktı qəbul etməli idi. Məhkəmə qətnaməsinin 3-cü səhifəsinin 6-cı abzasında qeyd edilmişdir ki, guya cavabdeh ekspertizanın keçirilməsinə etiraz etmiş və buna görə də iş üzrə ekspertlər ölçmə işlərini apara bilməmiş, bu barədə akt tərtib etmişlər. Halbuki, həmin əraziyə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərindən heç kim gəlməmiş, Dövlət Kadastr İdarəsinin mütəxəssisi, iddiaçının vəkili 25 aprel 2022-ci ildə mübahisəli əraziyə gəlsələr də, adını bilmədiyi mütəxəssis oruc tutduğu üçün başının ağrıdığını bildirmiş və buna görə də ölçmə işləri aparmayıb çıxıb getmişdir. Belə olan halda məhkəmə həmin işin tam, obyektiv və hərtərəfli araşdırılmasından ötrü tələb olunan ekspert rəyi olmadan işə baxmış və əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Mübahisəli kanala münasibətdə iddiaçının mülkiyyətçi kimi hər hansı hüquqmüəyyənedici sənədinin olub-olmaması da məhkəmə tərəfindən araşdırılmamış və belə bir sənədin mövcud olmamasına baxmayaraq, məhkəmə iddiaçının subyektiv hüququnu qanunsuz və əsassız tanımaqla hər hansı bir sübuta istinad etmədən iddianı təmin etmişdir. Halbuki, işə baxan məhkəmə əvvəlcə iddiaçının həmin iddianı qaldırmağa subyektiv hüququnun olub-olmamasını yoxlamalıdır. Lakin hazırkı mübahisəli iş üzrə məhkəmə araşdırması zamanı iddiaçının öz mülkiyyətində olmayan, yəni ümumi istifadə üçün nəzərdə tutulmuş su kanalına münasibətdə iddia qaldırmaq üçün subyektiv hüququnun olmamasına baxmayaraq, məhkəmə həmin halı araşdırmamaqla qanunsuz və əsassız olaraq iddia tələbini təmin etmişdir. Məhkəmə tərəfindən həmin su kanalının iddiaçının mülkiyyətində olmaması, kanalın ümumi istifadə üçün nəzərdə tutulması, eləcə də iddiaçının hazırkı iş üzrə iddia qaldırmaq üçün subyektiv hüququnun olmaması və kanalın cavabdeh tərəfindən təmizlənərək öz funksiyasını həyata keçirməsinə heç bir maneə törətməməsi, onun üzərində xırda tikinti işinin aparılmasının iddiaçının hər hansı hüquqlarını məhdudlaşdırmaması hallarının araşdırılması iddianın rədd edilməsinə əsas yaradacaqdır. Apellyasiya məhkəməsinin 28 fevral 2024-cü il tarixli iclasında iştirak edən Cavabdeh çıxış edərək bildirdi ki, mübahisəli suötürücü kanal bələdiyyə mülkiyyətində olan torpaq sahəsində yerləşir. Həmin kanalın mühafizə zonası baxımsız vəziyyətdə olduğundan, o, həmin kanalın ətrafını təmizləmiş, onu baxımlı hala gətirmişdir. Həmin kanalın divarlarını da uçmaması üçün hörmüş, lakin su axımının qarşısını almamışdır. Öz mülkiyyətində olan torpaq sahəsinin arx tərəfdən olan hissəsinə hasar çəkə bilməməsi səbəbindən hazırda həmin ərazi onun istifadəsində görünür. Həmçinin, qeyd etdi ki, o, kanalın üstünü bağlatdıraraq iddiaçının həyətinin divarına bitişik şəkildə hin tikmiş və hinin damının atmalarını iddiaçının hasarına söykəsə də, atmaları yağış suyunun iddiaçının həyətinə tökülməyəcəyi şəkildə qoymuşdur. Ona görə də həmin atmalar və ya hin iddiaçının hər hansı hüququnu pozmamışdır. Həmin hinin yerləşdiyi torpaq sahəsi isə bələdiyyə mülkiyyətində olduğundan, onun sökülməsini yalnız bələdiyyə ondan tələb edə bilər. Həmçinin bildirdi ki, o, İ Qarabağ müharibəsində döyüşmüşdür və onkoloji xəstədir. Həmin hallar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin 28 fevral 2024-cü il tarixli iclasında iştirak edən İddiaçı çıxış edərək bildirdi ki, cavabdeh ümumi istifadədə olan suötürücü kanalın mühafizə zonasını zəbt etmiş, həmin hissəni özünün həyətyanı torpaq sahəsinə qataraq orada müxtəlif tikililər inşa etmişdir. Hətta suötürücü kanalın üstünü bağlatdıraraq onun tikmiş olduğu hasara bitişik hin də inşa etmiş, hinin damının atmalarını onun hasarına atmışdır. Ona görə də hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən düzgün nəticəyə gəlmişdir. O, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı iş üzrə cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab etdi. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, sübutlara obyektiv hüquqi qiymət verərək hesab etdi ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********75 olan MH ******* seriya nömrəli Çıxarışın surətindən görünür ki, Lənkəran rayonunun Digah kəndində yerləşən 0,08 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi xx.xx.2007-ci il tarixində ********* qeydiyyat nömrəsi ilə İddiaçı adına mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 178 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********74 olan MH ******* seriya nömrəli Çıxarışın surətindən görünür ki, Lənkəran rayonunun Digah kəndində yerləşən 0,06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi xx.xx.2007-ci il tarixində ********* qeydiyyat nömrəsi ilə Cavabdeh adına mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 118 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarının 62-ci vərəqində olan 25 aprel 2022-ci il tarixli aktdan görünür ki, Lənkəran Rayon Məhkəməsi tərəfindən təyin edilmiş ekspertizanın aparılması zamanı Lənkəran rayonu, Digah kəndində yerləşən mübahisəli əraziyə baxış keçirilmiş, Cavabdeh Ədliyyə Nazirliyinin ekspertini tələb etmiş və ölçü işlərinin aparılmasına icazə verməmişdir. Bu səbəbdən də ekspertiza tədqiqatının aparılması mümkün olmamışdır. Qeyd edilən 25 aprel 2022-ci il tarixli aktı nəzərə alaraq birinci instansiya məhkəməsi hazırkı mübahisənin həll edilməsi üçün MPM-in 97.5-ci maddəsini tətbiq edərək iddianı təmin etmişdir. Apellyasiya məhkəməsində aparılan icraat zamanı Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq mülki iş üzrə yenidən məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin 18 oktyabr 2023-cü il tarixli məktubu ilə təqdim olunmuş mütəxəssis rəyində suallar üzrə aşağıdakılar müəyyən edilmişdir:
1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli Çıxarışla İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Digah kəndi ərazisində yerləşən 0,08 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin sərhədləri və koordinatları müəyyən edilmişdir.
2. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli Çıxarışla Cavabdeh mülkiyyətində olan Lənkəran rayonu, Digah kəndi ərazisində yerləşən 0,06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin sərhədləri və koordinatları müəyyən edilmişdir. 3-5. Araşdırma zamanı Lənkəran rayonunun Digah kəndində yerləşən İddiaçı mülkiyyətində olan 0,08 ha torpaq sahəsi ilə Cavabdeh mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin arasından suötürücü kanalın keçməsi müəyyən olunmuşdur. Mövcud baza məlumatlarına əsasən həmin suötürücü kanalın keçdiyi ərazinin bələdiyyə mülkiyyətinə aid olması müəyyən edilmişdir. Lakin həmin suötürücü kanalın Meliorasiya və Su Təsərrüfatı ASC-nin balansında olub-olmamasını, yaxud da suötürücü kanalın və mühafizə zolağının eninin nə qədər təşkil etməsini müəyyənləşdirmək mütəxəssisin imkanı xaricindədir.
6. Araşdırma zamanı həmin suötürücü kanalın üzərində kanalın sağ və sol ətrafının betonlanaraq (su axınının hərəkəti məhdudlaşdırılmamaqla) Cavabdeh tərəfindən tikilinin (toyuq hininin) inşa edilməsi müəyyən edilmişdir.
7. Lənkəran rayonunun Digah kəndində yerləşən İddiaçı mülkiyyətində olan 0,08 ha torpaq sahəsi ilə Cavabdeh mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin arasında hasarın mövcud olması və hasara bitişik iddiaçı tərəfindən də tikilinin (sarayın) inşa edilməsi müəyyən edilmişdir. Sualın digər hissəsini cavablandırmaq mütəxəssisin imkanı xaricindədir. Mütəxəssis rəyinin verilməsinə görə 95 manat xidmət haqqı Cavabdeh tərəfindən ödənilmişdir. İşdəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/9366 saylı, 30 dekabr 2023-cü il tarixli ekspert rəyində suallar üzrə aşağıdakılar müəyyən edilmişdir: 1-2) İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli Çıxarışla İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Digah kəndi ərazisində yerləşən 0,08 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2007ci il tarixli, ********* qeydiyyat nömrəli Çıxarışla Cavabdeh mülkiyyətində olan Lənkəran rayonu, Digah kəndi ərazisində yerləşən 0,06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin sərhədləri və koordinatları müəyyən edilmişdir. Mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında qeyd olunanlara əsasən İddiaçı faktiki istifadəsində 0,08 ha torpaq sahəsinin olması, Cavabdeh faktiki istifadəsində 0,09 ha torpaq sahəsinin olması müəyyən edilmişdir. 3) İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə əsasən, Lənkəran rayonunun Digah kəndində yerləşən İddiaçı mülkiyyətində olan 0,08 ha torpaq sahəsi ilə Cavabdeh mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin arasından suötürücü kanalın keçməsi müəyyən olunmuşdur. Mövcud baza məlumatlarına əsasən həmin suötürücü kanalın keçdiyi ərazinin bələdiyyə mülkiyyətinə aid olması müəyyən edilmişdir. Mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında qeyd olunanlara əsasən, suötürücü kanalın keçdiyi ərazi Cavabdeh faktiki istifadəsində olan 0,09 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. 4-5) İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə və rəyə əlavə edilmiş yerquruluşu planında qeyd olunanlara əsasən, araşdırma zamanı həmin suötürücü kanalın üzərində kanalın sağ və sol ətrafı betonlanaraq (su axınının hərəkəti məhdudlaşdırılmamaqla) Cavabdeh tərəfindən tikilinin (toyuq hininin) inşa edilməsi müəyyən edilmişdir. İddiaçı mülkiyyətində olan 0,08 ha torpaq sahəsi ilə Cavabdeh mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin arasında hasarın mövcud olması və hasara bitişik iddiaçı tərəfindən də tikilinin (sarayın) inşa edilməsi müəyyən edilmişdir. Torpaq sahəsinin və tikililərin yerləşmə vəziyyətini əks etdirən sxem mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Beləliklə, iş materialları ilə müəyyən edilir ki, iddiaçı öz tələbində Lənkəran rayonunun Digah kəndində yerləşən, həmin ərazidə yaşayan əhalinin ümumi istifadəsi üçün nəzərdə tutulan kənd ərazisindən keçən suötürücü kanalın cavabdeh tərəfindən aparılmış qanunsuz tikili nəticəsində tutulmuş üstünün və iddiaçı tərəfindən saxlanılan mühafizə zolağının boşaldılması, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Lənkəran Rayon Məhkəməsi isə 2(049)- 533/2022 saylı, 21 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddianı təmin etmiş, Lənkəran rayonunun Digah kəndində yerləşən, həmin ərazidə yaşayan əhalinin ümumi istifadəsi üçün nəzərdə tutulan kənd ərazisindən keçən suötürücü kanalın Cavabdeh tərəfindən aparılmış qanunsuz tikili nəticəsində tutulmuş üstünün və onun tərəfindən saxlanılan mühafizə zolağının boşaldılmasını və cavabdehin bu kimi qanunsuz hərəkətlərinə son qoyulmasını qət etmişdir. Cavabdeh apellyasiya şikayətində həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, apellyasiya şikayətini iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququnun olmaması, kanalı zəbt etməməsi, birinci instansiya məhkəməsində aparılan icraat zamanı ekspertizanın keçirilməsinə mane olmaq niyyətində olmaması və məhkəmənin ekspertizanın keçirilməsini təmin etməməsi ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində aparılan icraat zamanı məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq iş üzrə yenidən məhkəmə tikinti-texniki ekspertizası keçirmiş, mütəxəssis və ekspert rəylərinin alınmasını təmin etmişdir. Mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında əks olunanlara əsasən müəyyən edilir ki, mübahisəli ərazidə iddiaçının faktiki istifadəsində 0,08 ha, cavabdehin faktiki istifadəsində isə 0,09 ha torpaq sahəsi mövcuddur. İddiaçı öz mülkiyyətində olan 0,08 ha torpaq sahəsindən istifadə etsə də, cavabdehin mülkiyyətində 0,06 ha torpaq sahəsi mövcud olduğundan, o, hazırda ümumi istifadə üçün nəzərdə tutulmuş olan bələdiyyə mülkiyyətindəki torpaq sahəsini də zəbt edərək orada tikili (hin) inşa etmişdir. Həmçinin müəyyən olunur ki, Lənkəran rayonunun Digah kəndində yerləşən iddiaçının mülkiyyətində olan 0,08 ha torpaq sahəsi ilə cavabdehin mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin arasından suötürücü kanal keçir və mövcud baza məlumatlarına əsasən həmin suötürücü kanalın keçdiyi ərazi bələdiyyə mülkiyyətinə aiddir. Lakin hazırda suötürücü kanalın keçdiyi ərazi cavabdehin faktiki istifadəsində olan 0,09 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. Həm mütəxəssis, həm də ekspert rəyləri ilə müəyyən edilir ki, həmin suötürücü kanalın üzərində kanalın sağ və sol ətrafı betonlanaraq (su axınının hərəkəti məhdudlaşdırılmamaqla) cavabdeh tərəfindən tikili (toyuq hini) inşa edilmişdir. İddiaçının mülkiyyətində olan 0,08 ha torpaq sahəsi ilə cavabdehin mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin arasında hasarın mövcud olması və hasara bitişik iddiaçı tərəfindən də tikilinin (sarayın) inşa edilməsi müəyyən edilmişdir. Məhkəmə kollegiyası mütəxəssis və ekspert rəylərini vermiş şəxslərin mühəndislik sahəsində xüsusi biliklərə malik olmasını nəzərə alaraq həmin rəylərlə müəyyən edilənləri işin hallarına uyğun hesab edir və onları mötəbər sübut olaraq qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Mülki Məcəllənin 171.1-ci və 171.2-ci maddələrinə əsasən, torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Məhkəmə kollegiyası bildirir ki, Lənkəran rayonunun Digah kəndində iddiaçıya məxsus 0,08 ha torpaq sahəsi ilə cavabdehə məxsus 0,06 ha torpaq sahəsi qonşu torpaq sahələri olduğundan tərəflərin hər ikisinin qonşu təsirinə dözmək vəzifəsi yaransa da, hazırda müəyyən edilir ki, cavabdehin hərəkətləri öz torpaq sahəsindən deyil, zəbt edilmiş bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə ilə əlaqədar olduğundan və bunun nəticəsində iddiaçının mülkiyyətində olan torpaq sahəsindən istifadədə və yağış və digər tullantı sularının suötürücü kanala axıdılmasına maneə yaratdığından cavabdehin hazırkı təsiri əhəmiyyətli hesab olunur və onun öz əmlakından adi istifadə nəticəsində yaranmadığı müəyyən edilir. Bu zaman həm də nəzərə alınmalıdır ki, cavabdeh zəbt etmiş olduğu torpaq sahəsində toyuq hini tikən zaman məhz iddiaçı tərəfindən inşa edilmiş hasarı öz toyuq hininin bir divarı kimi istifadə etmiş, həmin hinin damının atmalarını da məhz iddiaçının hasarına söykəmiş, bununla da, iddiaçının mənafeyinə toxunmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, torpaq sahəsi — dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Torpaq Məcəlləsinin 18.2-ci maddəsinə əsasən, yerüstü su axarları, sututarlar, akvatoriyalar, su mühafizə zonaları, hidrotexniki və digər su təsərrüfatı qurğularının yerləşdiyi su obyektləri torpaqları da yaşayış məntəqələrinin torpaqlarının tərkibinə daxildir. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən, yaşayış məntəqələrinin torpaqlarından onların baş planlarına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə və eləcə də yerquruluşu-təsərrüfat planlarına müvafiq surətdə istifadə edilir. Torpaq Məcəlləsinin 47-ci maddəsinə əsasən, ümumi istifadədə olan torpaqlar bələdiyyə mülkiyyətinə aid olmaqla, ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Həmin Məcəllənin 55-ci maddəsində torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları göstərilmişdir. TM-in 67.4-cü maddəsinə əsasən, torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 84.3-cü maddəsinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. TM-in 111.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası Su Məcəlləsinin 36-cı maddəsinə əsasən, ümumi istifadədə olan su obyektləri — istifadəsi hamı üçün mümkün və açıq olan su obyektləridir. Fiziki şəxslər belə su obyektlərindən öz ehtiyaclarını təmin etmək məqsədi ilə (çimərlik, qayıqla gəzinti, idman, balıq və digər su bioresurslarının həvəskar ovu, mal-qaranın suvarılması, texniki qurğulardan istifadə etmədən su götürmə və s.) pulsuz istifadə edirlər. Ümumi istifadədə olan su obyektlərində sudan istifadənin məhdudlaşdırılmasına yalnız Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda yol verilə bilər. Su Məcəlləsinin 37-ci maddəsinin 4-cü abzasına əsasən, su obyektləri ayrıca istifadəyə verildikdə ümumi istifadədə olan su obyektləri sırasından çıxarılır. Həmin Məcəllənin 64-cü maddəsinin 1-ci abzasına əsasən, Azərbaycan Respublikasının çayları, gölləri, su anbarları, kanalları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi, digər yerüstü su obyektləri, əgər onlardan su yolu kimi istifadə tam və ya qismən qadağan edilməmişdirsə, yaxud həmin obyektlər ayrıca istifadəyə verilməmişdirsə, ümumi istifadədə olan su yollarına aid edilir. Su Məcəlləsinin 83-cü maddəsinin 1-ci abzasına əsasən, su mühafizə zonalarında yerləşən torpaq sahələri fiziki və hüquqi şəxslərin istifadəsinə, Azərbaycan Respublikasının torpaq qanunvericiliyi və bu Məcəllə ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmaqla verilə bilər. İş materiallarından göründüyü kimi, iddiaçı ilə cavabdehin torpaq sahələrinin arasından keçən suötürücü kanal bələdiyyə mülkiyyətində yerləşir və həmin suötürücü kanal ayrıca istifadəyə verilmədiyinə görə Su Məcəlləsinin tələbləri baxımından ümumi istifadədə olan su obyekti hesab edilir. Belə olan halda həmin ümumi istifadədə olan su obyektinə dair tələbin yalnız həmin obyektin mülkiyyətində olan bələdiyyə tərəfindən irəli sürülməsi zəruri deyil, həmin su obyektindən istifadədə hüququ olan şəxsin də su obyektinə dair tələblərlə məhkəmədə çıxış etməyə subyektiv hüququ mövcuddur. Bu baxımdan cavabdehin apellyasiya şikayətinin qeyd edilən dəlili əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası bildirir ki, cavabdeh bələdiyyə mülkiyyətində olan torpaq sahəsindəki ümumi istifadə üçün nəzərdə tutulmuş suötürücü kanalın üstünü örtməklə, orada toyuq hini inşa etməsi nəticəsində iddiaçının həmin ümumi istifadə obyektinə dair hüquqlarını pozmuşdur. Həmçinin, cavabdeh mübahisəli suötürücü kanalın onun ayrıca istifadəsinə verilməsinə dair hər hansı sübut təqdim etmədiyindən, məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin həmin suötürücü kanal üzərindəki hərəkətlərinin hər hansı qanuni əsası yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi öz qətnaməsində Lənkəran rayonunun Digah kəndində yerləşən, həmin ərazidə yaşayan əhalinin ümumi istifadəsi üçün nəzərdə tutulan kənd ərazisindən keçən suötürücü kanalın Cavabdeh tərəfindən aparılmış qanunsuz tikili nəticəsində tutulmuş üstünün və iddiaçı tərəfindən saxlanılan mühafizə zolağının boşaldılmasını və cavabdehin bu kimi qanunsuz hərəkətlərinə son qoyulmasını qət etməklə, iddia tələbini təmin edərək, düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası yekun olaraq belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 119.5-ci maddəsinə əsasən, apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Qeyd edilən normaların tələblərini nəzərə alan məhkəmə kollegiyası bildirir ki, iddia tələbi təmin edildiyinə və cavabdehin apellyasiya şikayəti təmin edilmədiyinə görə, iş üzrə alınmış müxətəssis rəyinin verilməsinə görə cavabdeh tərəfindən ödənilən 95 manat xidmət haqqı onun özünə aid edilməli, 3-16-16/2-10/9366 saylı, 30 dekabr 2023-cü il tarixli ekspert rəyinin verilməsinə görə 50 manat məbləğində ekspertiza xərci cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 2(049)-533/2022 saylı, 21 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə təqdim olunmuş mütəxəssis rəyinin verilməsinə görə Cavabdeh tərəfindən ödənilmiş 95 manat xidmət haqqı onun özünə aid edilsin. Cavabdeh 3-16-16/2-10/9366 saylı, 30 dekabr 2023-cü il tarixli ekspert rəyinin verilməsinə görə 50 manat məbləğində ekspertiza xərci tutularaq, X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesaba köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, şikayət verilmədikdə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.