Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-521/2023 02.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Pərviz Tərlan oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Məmmədov Samir Valeh oğlunun iştirakı, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı cavabdehin zəbt etdiyi torpaq sahəsindən çıxarılması tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli 2(036)- 67/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İmişli Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli 2(036)-67/2022 saylı qətnaməsi ilə (hakim Qurban Hacıyev) iddianın qismən təmin edilməsi və cаvаbdeh Cavabdeh zəbt etdiyi İddiaçı оğlunun mülkiyyətində olan 300 kv.m həyətyanı tоrpаq sаhəsinin 195 kv.m hissəsindən çıxarılması qət edilmişdir. Cavabdeh İmişli Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli 2(036)-67/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İmişli Bələdiyyəsinin 31 iyul 2013-cü il tarixli 07 saylı qərarı ilə ona verilmiş 300 kv.m torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İmişli Bələdiyyəsinin xx.xx.2013-cü il tarixli 07 saylı qərarı ilə ona 300 kv.m torpaq sahəsi ayrılmışdır. Bundan sonra o, 27 noyabr 2013-cü il tarixdə həmin torpaq sahəsinə dair texniki pasport almışdır. Lakin cavabdeh onun torpaq sahəsini zəbt etmişdir. Dəfələrlə cavabdehdən qanunsuz hərəkətlərinə son qoymasını, onun torpaq sahəsindən çıxmasını tələb etsə də, cavabdeh ona məhəl qoymamış, əksinə onu öz torpaq sahəsinə buraxmamışdır. Bununla da onun mülkiyyət hüquqları pozulmuşdur. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı “mən zəbt etmişəm” deyə mübahisələndirib çıxarılmağını xahiş etdiyi torpaq sahəsini ondan 6 il əvvəl, alqı-satqı yolu ilə 22 iyul 2007-ci il tarixdə İmişli rayon Bələdiyyəsinin 07 saylı qərarına əsasən almışdır. Alqı-satqıya görə də həmin vaxt 200 manat Bələdiyyəyə pul da ödəmişdir. Almış olduğu torpaq sahəsi də 22 dekabr 2007-ci il tarixdə İmişl rayon Torpaq və Xəritəçəkmə şöbəsində qeydiyyata alınmış, torpaq sahəsinin plan və ölçüləri sənədlərdə də göstərilmiş və alqı-satqı yolu ilə almış olduğu 1000 kv.metr həyətyanı torpaq sahəsi İmişli rayon Bələdiyyəsinin o vaxtkı sədri F.Vəliyevin, İmişli rayon Torpaq və Xəritəçəkmə şöbəsinin müdiri V.Məmmədovun və özünün şəxsən iştirakı ilə 22 iyul 2007-ci il tarixdə yerində ölçülərək ona təhvil verilmişdir. İddiaçı Nurəddin oğlu isə öz iddia ərizəsinə uyğun vermiş olduğu izahatında da göstərmişdir ki, İmişli Bələdiyyəsinin xx.xx.2013-cü il tarixli 07 saylı qərarı ilə ona 300 kv.metr torpaq sahəsi ayrılmışdır. Bundan sonra o, 27 noyabr 2013-cü il tarixdə həmin torpaq sahəsinə dair texniki pasport almışdır. Belə olduğu halda, o, iddiaçının torpaq sahəsini neçə zəbt edə bilər ki, o, mübahisələndirilən torpaq sahəsini iddiaçıdan 6 il əvvəl alaraq, yararlı vəziyyətə salmış və torpaq sahəsi üzərində də 64 kv.metr ölçüdə yaşayış evi də tikdirmişdir. Mübahisələndirilən torpaq sahəsi çala altı olduğundan həmin torpaq sahəsini yararlı hala salmaq üçün həmin sahəyə öz hesabına 120 “Kamaz” maşını da torpaq daşıtdıraraq tökmüşdür. Məhkəmədən iddia müddətinin tətbiq edilməsini xahiş etsə də, məhkəmə iddia müddətini tətbiq etməməklə onun hüququnu pozmuşdur. Belə ki, əgər həqiqətən də iddiaçının torpaq sahəsini zəbt etmişdisə, hansı səbəbdən iddiaçı torpaq sahəsini aldığı 2013-cü il tarixdən məhkəməyə müraciət etmirdi. Məhkəmə demək olar ki, işin obyektiv həlli üçün kifayət qədər araşdırma aparmamışdır. Belə ki, mülki iş materiallarından göründüyü kimi, iş üzrə iki, bir-birinə uyğun gəlməyən, ekspertiza rəyi vardır. Belə olduğu halda, məhkəmə hansı əsasla ikinci ekspertiza rəyini əsas götürməyini öz qətnaməsində əsaslandırmamış, komisyon ekspertiza keçirilməsi haqqında qərar qəbul etməli olduğu halda, bunu etməmişdir. Eyni zamanda məhkəmə onun təqdim etdiyi sənədlərə baxıb düzgün hüquqi qiymət versəydi, o zaman əgər həqiqətən də iddiaçı ilə onun mülkiyyətində olan torpaq sahələi müəyyən hissədə olsa da, üst-üstə düşmüş olsaydı, o zaman da məhkəmə iddianı rədd etməli idi. Çünki onun iddiaçı tərəfindən mübahisələndirilən torpaq sahəsini ondan 6 il əvvəl aldığı, həmin torpaq sahəsinin naturada ölçülərək, sənədlərlə birlikdə yerində ona təhvil verilməyi nəzərə alınsaydı, o zaman iddia da rədd edilməli idi. Mübahisələndirilən torpaq sahəsini 2007-ci il tarixdə aldığı halda, torpaq sahəsi ona naturada təhvil verildiyi halda, sonradan iddiaçının ondan 6 il sonra - 2013-cü ildə aldığı torpaq sahəsini zəbt edərək tutmağı barədə heç bir sübut əldə edilməmiş, iş üçün mühüm əhəmiyyəti olan bu hal sübut edilməmişdir. Məhkəmə qətnaməsində göstərilmiş olsa da, onun iddiaçının torpaq sahəsini qismən də olsa, zəbt etməyi mülki iş materiallarına uyğun gəlmir. Əgər iddiaçı mübahisələndirdiyi torpaq sahəsini həqiqətən də qanuni yolla əldə edibsə, o zaman necə olur ki, o, iddiaçıdan 6 il əvvəl almış olduğu torpaq sahəsi, iddiaçının sonradan almış olduğu torpaq sahəsi ilə müəyyən hissədə üst-üstə düşür və onun torpaq sahəsini qismən də olsa, zəbt edir. Cavabdeh məhkəmədə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, İmişli Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli 2(036)-67/2022 saylı qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. 11 aprel 2023-cü il tarixli məhkəmə iclasında cavabdehin vəkili Əhmədova Ulduzə Mehdi qızına izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, İmişli Rayon Məhkəməsinin iş üzrə 25 may 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tamamilə rədd edilməsini xahiş etmişdir. İddiaçı məhkəmədə izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini, İmişli Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli 2(036)-67/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və İmişli Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli 2(036)-67/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” İş materiallarında olan A476166 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin surətindən görünür ki, İmişli Bələdiyyəsinin 31 iyul 2013-cü il tarixli 07 saylı qərarına əsasən İddiaçı 300 kv.m həyətyanı torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan İmişli Bələdiyyəsinin 22 iyul 2007-ci il tarixli 07 saylı qərarına əsasən Cavabdeh 1000 kv.m həyətyanı torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 aprel 2022-ci il tarixli 10/2241 saylı rəyinə görə İddiaçı xüsusi mülkiyyətinə verilmiş 300 kv.m torpaq sahəsinin 195 kv.m hissəsinin Cavabdeh tərəfindən istifadə olunduğu və hüdudlarının mişar daşından inşa edilmiş hasarla əhatə olunduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına maddi hüquq normalarının tələbləri baxımından qiymət verərkən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 3-cü bəndində göstərilmişdir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (TM) 48-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. TM-in 65.1-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. TM-in 67-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. TM-in 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. TM-in 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. TM-in 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Konstitusion və maddi hüquq normalarının tələbinə görə Azərbaycan Respublikasının vətəndaşı olan hər kəs daşınar və daşınmaz əmlakı mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilər ki, onların bu hüquqlarının dövlət qeydiyyatına alınması vacib şərtlərdən biridir. Mülkiyyət hüququnun və eləcə də daşınmaz əmlaka digər hüquqların qeydə alınmasının vacibliyi isə həmin hüquqlara dövlət tərəfindən verilən yüksək təminatla (qanunsuz qəsdlərdən qorunma) əlaqələndirilir. Ona görə də, mülkiyyət hüququnun tərkib hissəsini təşkil edən üç ünsürdən birinin pozulması istər milli qanunvericilik, istərsə də beynəlxalq qanunvericilik baxımından (Avropa Məhkəməsinin hüquqi mövqeyi) bütünlükdə mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilir. Beləliklə, iş materiallarından görünür ki, İmişli Bələdiyyəsinin 31 iyul 2013-cü il tarixli 07 saylı qərarı ilə İddiaçı 300 kv.m həyətyanı torpaq sahəsi ayrılmışdır. Birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş mühəndis-texniki ekspertizasının 14 aprel 2022-ci il tarixli rəyinə əsasən İddiaçı xüsusi mülkiyyətinə verilmiş 300 kv.m torpaq sahəsinin 195 kv.m hissəsi Cavabdeh tərəfindən istifadə olunur. MM-in 157.2-ci maddəsində göstərilir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin normanın mənasından da göründüyü kimi, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi məcmu şəkildə aşağıdakı hallar mövcud olduqda mümkündür: birincisi, əmlakın mülkiyyətçinin faktiki sahibliyindən çıxması; ikincisi, əmlakın naturada mövcud olması və başqasının sahibliyində olması; üçüncüsü, tərəflər arasında müqavilənin və yaxud sair öhdəliyin olmaması. Nəzərə alınmalıdır ki, MM-in 157-ci maddəsi mülkiyyət hüququnun müdafiəsinin aşağıdakı üç üsulunu nəzərdə tutur: birincisi, mülkiyyət hüququnun tanınması; ikincisi, özgəsinin qanunsuz sahibliyindən əmlakın tələb edilməsi; üçüncüsü, mülkiyyətə qəsd və maneələrə son qoyulmasının tələb edilməsi. Məhz mülkiyyətçi adıçəkilən maddədə nəzərdə tutulmuş üsullardan istifadə edərək, öz mülkiyyətində olan əmlakın hər cür pozuntulardan müdafiə edilməsini təmin edir. Mülkiyyətçinin öz əmlakını başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Mülkiyyəçinin öz əmlakını başqasının qanunsuz sahibliyindən tələb etməsi üçün məhkəməyə verdiyi iddia hüquq ədəbiyyatında vindikasiya iddiası adlanır. Vindikasiya iddiası (latın sözü olub, “vimdecere” sözündəndir və “zor tətbiq edəcəyini elan etmək” mənasını verir) mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədən kənar tələbdir. Beləliklə, məhkəmə kollegiyası belə hesab edir ki, Cavabdeh apellyasiya şikayətində istinad etdiyi formal və iş üzrə məhkəməyə təqdim edilmiş mötəbər sübutlarla təsdiq edilməyən dəlillər İddiaçı mülkiyyətində olan torpaq sahəsindən çıxarılma tələbinin əsassız olması qənaətinə gəlməyə əsas vermir. Belə ki, iş materiallarında olan ekspert rəyi ilə müəyyən olunur ki, İmişli Bələdiyyəsinin 31 iyul 2013-cü il tarixli 07 saylı qərarı ilə A476166 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən İddiaçı mülkiyyətində olan 300 kv.m həyətyanı torpaq sahəsinin 195 kv.m hissəsi Cavabdeh tərəfindən qanunsuz olaraq istifadə edilir. Hazırkı iş üzrə komisyon ekspertiza keçirilməsi barədə apellyasiya şikayətində qeyd edilsə də, cavabdeh tərəfindən bunun zəruriliyi nə şikayətdə, nə də məhkəmə iclasında izahat verərkən əsaslandırılmışdır. Habelə, Cavabdeh apellyasiya şikayətində göstərilən – iş üzrə tələbə iddia müddətinin tətbiqinin mümkünlüyü ilə əlaqədar kollegiya diqqətə çatdırır ki, hazırkı iddia tələbi mülkiyyət hüquqlarının müdafiəsi ilə əlaqədar olduğu üçün həmin tələb üzrə hər hansı müddətin tətbiqi yolverilməzdir. Belə ki, MM-in 384.0.4-cü maddəsinin tələbinə görə mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə, iddia müddəti şamil edilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlir, işin müəyyən edilmiş faktiki hallarına, habelə qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq düzgün hüquqi qiymət verilmişdir. Ona görə də, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, İmişli Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli 2(036)-67/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Bundan başqa, MPM-in 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş mühəndis-texniki ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 manat məbləğində pul vəsaiti də Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 76, 89.1, 217.2, 372, 384, 385.2, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli 2(036)-67/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğdə pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-521/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-521/2023
02.05.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver