Məhkəmə qərarları › İş №2(106)-523/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-523/2023

04.04.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-523/2023 04.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Elvin Nizami oğlu Hüseynovun katibliyi ilə, Sabirabad Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı (Sabirabad RKC-nin) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı RKC-yə məxsus zəbt olunmuş qeyri-yaşayış binasından çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin İddiaçınə məxsus əvvəllər 190 saylı mağaza adlanan qeyriyaşayış sahəsindən çıxarılmaqla onların qanunsuz istifadəsinə son qoyulması və onlardan xx.xx.2010-cu ildən icarə haqqı hesabına ödənilməmiş qalan 32944 manat və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin alınaraq Sabirabad RKC-yə verilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər 2010-cu ildən icarə müqavilələri üzrə icarə haqqını ödəməmişlər. 2010, 2011, 2012, 2013-cü illərdə aylıq icarə haqqı 60 manata bağlanılmış icarə müqaviləsindən 2520 manat, 2014, 2015-ci illərdə aylıq icarə haqqı 70 manata bağlanmış icarə müqaviləsindən 1440 manat, 2016-cı ildə aylıq icarə haqqı 80 manata bağlanılmış icarə müqaviləsindən 3840 manat olmaqla, cəmi 7800 manat borc yaranmışdır. İcarə müqaviləsinin 11-ci maddəsini nəzərə alınarsa, gecikdirilmiş gün üçün 0,1% həcmində əlavə vəsait hesablanmalı, bu rəqəm 23860 manat müəyyən edilməklə cavabdehlərin borcu cəmi 31660 manat müəyyən edilməlidir. Sabirabad RKC-də olan tarifə əsasən binanın hər bir kvadrat metri 2 manata icarəyə verilməlidir. Nəzərə alınarsa ki, həmin bina 192 kv.metrdir, aylıq icarə pulu 384 manat təşkil edir. Uzun müddət həmin mağazada müdir-satıcı işləmiş Cavabdeh1la güzəştli şərtlə müqavilə bağlamışlar. Digər Cavabdeh2 da hal-hazırkı vaxtadək bağlanmış icarə pulunu ödəmədiyindən onun da hesabında 800 manat borc yaranmışdır. İcarə müqaviləsinin 11-ci bəndinə əsasən 484 manat faiz hesablanmaqla 1284 manat Cavabdeh2 tərəfindən icarə pulu ödənilməlidir. Cavabdehlər ata və oğul olmaqla eyni yerdə eyni işi icra etdiklərindən hər ikisinin birlikdə 9084 (7800+1284) manat icarə haqqı, faizlə birlikdə 32944 (31660+1284) manat pul öhdəlikləri yaranmışdır. Sabirabad Rayon Məhkəməsinin (hakim F.Pənahov) 24 fevral 2023-cü il tarixli qətnaməsi ilə Sabirabd RKC-nin iddiası qismən təmin edilmiş, Sabirabad şəhəri, H.Əliyev prospektində yerləşən Sabirabad RKC-yə məxsus 190 nömrəli mağazanın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən boşaldılması və iddiaçıya təhvil verilməsi, Cavabdeh1 xx.xx.2010-cu il tarixdən xx.xx.2013-cü il tarixədək 42 ay üçün 60 manat aylıq olmaqla 2520 manat, xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək 24 ay üçün 70 manat olmaqla 1680 manat, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək 12 ay üçün 80 manat olmaqla 960 manat olmaqla, cəmi 5160 (beş min bir yüz altımış) manat məbləğində və Cavabdeh2 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 12 ay üçün 40 manat olmaqla 480 (dörd yüz səksən) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçınə verilməsi, ödənilmiş dövlət rüsumunun əvəzində 30 manatın cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulub İddiaçınə verilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Cavabdeh1 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. İddiaçının təmsilçisi və cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı tərəf məhkəməyə məktub göndərərək, apellyasiya şikayətinə qarşı etirazını bildirmişdir. Müəyyən olunmuş qaydada məlumat verilsə də, iddiaçının nümayəndəsi və cavabdeh apellyasiya baxışına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Kollegiya işə, Azərbaycan Respublikasının MPM-nin 376.2-ci maddəsinə əsasən məlumat verilmiş, gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Kollegiyası məruzəni dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini aidiyyət qaydalarını pozmaqla icraata qəbul etmişdir. Azərbaycan Respublikasının MPM-nin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, həmin Məcəlləyə müvafiq olaraq müəyyən edilir. MPM-in 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. İş materiallarına əlavə edilmiş vergi ödəyiciləri barədə məlumat verilməsi ilə bağlı elektron sistemdən çıxarışdan müəyyən edilir ki, İddiaçı hüquq şəxs kimi 5 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatdadır. Elektron məhkəmə sistemindən çıxarışdan müəyyən edilir ki, cavabdehlər sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdir. Belə ki, hazırkı iş üzrə Cavabdeh2 və Cavabdeh1 fərdi sahibkarlardır, onların adına VÖEN açılmışdır. Hazırkı mübahisə tərəflərin kommersiya fəaliyyəti ilə bağlıdır. Beləliklə, hazırkı mübahisədə iddiaçı hüquqi şəxs, cavabdehlər isə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fərdi sahibkarlardır. Tərəflər arasında yaranan münasibətlər sahibkarlıq fəaliyyətindən irəli əlir. Belə olan halda birinci instansiya məhkəməsində işə ümumi məhkəmədə baxılmalı deyildi. Birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsi məhkəmə aidiyyəti qaydalarının pozulması ilə icraata qəbul edilmiş, işə səlahiyyəti olmayan hakim tərəfindən baxılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində təsbit edilmişdir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələbinə görə işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Bundan başqa, mülki işlərin məhkəmə aidiyyətinin dəyişdirilməsinə yol verilməməsi Azərbaycan Respublikasının MPM-nin 31-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddənin tələbinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikasının MPM-nin 387.2-ci maddəsinə tələbinə görə, işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılması, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin şərtsiz ləğvinə səbəb olur. Kollegiya hesab edir ki, hazırkı iş kommersiya mübahisəsi hesab olunduğundan işə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalıdır; ona görə də qətnamə ləğv edilməli, işə mahiyyəti üzrə baxılmaq üçün iş üzrə materiallar aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməlidir. Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, mahiyyəti üzrə baxılmaq üçün iş məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 31, 32, 385.1, 387.2.1, 387.2.9-cu maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 2(056)-64/2022 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı RKC-yə məxsus zəbt olunmuş qeyri-yaşayış binasından çıxarılma tələbinə dair mülki iş mahiyyəti üzrə baxılmaq üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya qaydasında şikayət vermək olar. Sədrlik edən İlham Əsədov Hakimlər Samir Mayılov Tofiq Heydərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar