Məhkəmə qərarları › İş №2(106)-523/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-523/2024

09.02.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-523/2024 09.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Neftçala Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli, 2(053)1179/2023 saylı qərardadından iddiaçılar İddiaçı1 və İddiaçı2 birgə nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə Şirvan Apelyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə ümumi birgə mülkiyyətlərində olan JN 883F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə olan torpaq sahəsinin üzərində yerləşən Neftçala şəhəri, Yalçın Hacıyev küçəsi 50-də yerləşən evə köçürülmələrinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Neftçala Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli, 2(053)1179/2023 saylı (hakim Samir Quliyev) qərardadı ilə, icraatın dayandırılması qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçılar İddiaçı1 və İddiaçı2 birgə nümayəndəsi və vəkili Nümayəndə şikayət vermişdir. Neftçala Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli, 2(053)83/2024 saylı qərardadı ilə, Neftçala Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli, 2(053)1179/2023 saylı qərardadının iddiaçılar İddiaçı1 və İddiaçı2 şikayətinin təmin edilməməsi, şikayətin işlə birlikdə 07 gün müddətinə baxılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 397.1-ci maddəsinə əsasən bu məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qərardadından müəyyən olunur ki, məhkəmə hazırkı iş üzrə Cavabdeh vəsatətinə əsasan iş üzrə icraatın dayandırılmasını, Şirvan İnzibati Məhkəməsində 2-1(120)-1111/2023 nömrəsi ilə qeydiyyata alınmış-cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı Neftçala rayon Aqrar İslahat Komissiyasının 28 sentyabr 2002-ci il tarixli qərarı ilə verilmiş Neftçala şəhəri, Yalçın Hacıyev küçəsində yerləşən torpaq sahəsinin “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin etibarsız hesab edilməsi öhdəliyinin inzibati orqanın üzərinə qoyulması tələbinə dair işin hazırkı mülki işlə yəni, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «Evə köçürülmə» tələbinə dair işlə bağlı olması ilə əlaqələndirmişdir. Kollegiya qeyd edir ki, MPM-nin 254-cü maddəsində məhkəmənin icraatı dayandırmaq vəzifəsi müəyyən edilmişdir. Həmin maddənin 254.1.4-cü maddəsində Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmadıqda məhkəmə icraatı dayandırır. Qanunun qeyd olunan maddəsinin mənasından aydın başa düşülür ki, məhkəmə icraatı o halda dayandırmalıdır ki, başqa məhkəmənin icraatında olan işin mahiyyəti üzrə həlli, icraatı dayandırılmış işin həllinə və həmin iş üzrə yekun məhkəmə aktının qəbul edilməsinə mütləq şəkildə təsir etmiş olsun. Hazırki işdə, yəni Neftçala Rayon Məhkəməsinin icraatında olan 2(053)83/2024 saylı mülki işdə iddia tələbi “iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı” «Neftçala şəhəri, Yalçın Hacıyev küçəsi, 50 nömrəli mənzilə köçürülmə» tələbinə aiddir. Şirvan İnzibati Məhkəməsinin icraatında olan 2-1(120)-1111/2023 nömrəli inzibati iş isə Neftçala şəhəri, Yalçın Hacıyev küçəsi, 50 nömrəli mənzillə bağlı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dairdir. Kollegiya qeyd edir ki, Şirvan İnzibati Məhkəməsinin icraatında olan 2-1(120)-1111/2023 nömrəli inzibati iş üzrə qəbul ediləcək məhkəmə aktının hazırkı vəziyyətdə iddiaçıların tələblərinin hüquqi mahiyyətinə heç bir əlaqəsi yoxdur. Çünki torpağa mülkiyyət hüququnun verilməsi haqqında şəhadətnamənin etibarsız hesab edilib-edilməməsi, həmin torpaq sahəsinə münasibətdə hüquqi nəticələr yaratmaqda iddiaçıların adı çəkilən mənzilə münasibətdə köçürülüb-köçürülməmələrinə heç bir maneə yarada bilməz. Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin icraatın dayandırılması barədə gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Neftçala Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli, 2(053)1179/2023 saylı qərardadı ləğv edilməli, “iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı” «Neftçala şəhəri, Yalçın Hacıyev küçəsi, 50 nömrəli mənzilə köçürülmə» tələbinə dair mülki iş materialları baxılmasına dəvam etdirilməsi üçün Neftçala Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 398.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400, 402.2-402.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası; QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 birgə nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilsin. Neftçala Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli, 2(053)1179/2023 saylı qərardadı ləğv edilsin. Cavabdeh iş üzrə icraatın dayandırılması barədə vəsatəti təmin edilməsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «Neftçala şəhəri, Yalçın Hacıyev küçəsi, 50 nömrəli mənzilə köçürülmə» tələbinə dair mülki iş materialları məhkəmə baxışı iclasının davam etdirilməsi üçün Neftçala Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar