Məhkəmə qərarları › İş №2(106)-53/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-53/2023

10.10.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-53/2023 10.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X17 (sədrlik edən və məruzəçi), X24 və Bağırov Məhəmməd Ənvər oğlundan ibarət məhkəmə tərkibində, Məmmədov Samir Valeh oğlunun katibliyi ilə, İddiaçı1, cavabdehlər Cavabdeh1, X18 və X11 iştirakları ilə, İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, X10, X12, X7 və X19 qarşı cavabdehlərin qanunazidd hərəkətlərinə son qoyulması və torpaq sahəsindən çıxarılmaları tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli 2(036)-90/2020 saylı qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, X10, X12, X7 və X19 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərərk, A 402410 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən yeri müəyyən edilmiş xüsusi mülkiyyətində olan İmişli rayonunun Buludlu kəndində yerləşən 1,5798 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehlərin çıxarılaraq torpaq sahəsi üzərində mülkiyyət hüququnun bərpa edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 iddia tələbini onunla əsaslandırmışdır ki, o öz ailə üzvləri ilə birlikdə İmişli rayonunun Sarxanlı kəndində yaşayır. X13 ailə üzvlərinin mülkiyyətində olan JN-0180 nömrəli Dövlət aktına əsasən planda yeri göstərilmiş İmişli rayonunun Buludlu kəndində yerləşən 1,5798 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun tərəfindən xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında əldə edilmiş və xx.xx.2019-cu il tarixdə adına mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. Torpaq sahəsinin sərhədləri plan əsasında yerə köçürülərək döngə nöqtələri tapılmış və koordinatları təyin edilərək A 402410 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. X14, X22 və X8 mülkiyyətində olan JN-0181 nömrəli Dövlət aktına əsasən planda yeri göstərilmiş 0,34 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi həmin torpaq sahəsi ilə həmsərhəd yerləşir. JN- 0182 nömrəli Dövlət aktına əsasən planda yeri göstərilmiş 0,63ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh2, JN-0183 nömrəli Dövlət aktına əsasən planda yeri göstərilmiş 0,63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X1 və JN-0184 nömrəli Dövlət aktına əsasən planda yeri göstərilmiş 1,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi isə Cavabdeh1 məxsusdur və müvafiq qaydada biri-biri ilə həmsərhəddir. Onların hər biri istifadə etdiyi torpaq sahəsini eninə genişləndirərək qonşu torpaq sahəsini müvafiq ölçüdə zəbt etmiş, nəticədə ona məxsus olan 1,5798 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 11,0 m x 500m ölçüdə X18, X22 və X3 qanunsuz sahibliyinə keçmişdir. Torpaq sahəsinin geri alıması barədə indiyədək etdiyi cəhdlər nəticə vermədiyindən torpaq sahəsi üzərində mülkiyyət hüququnun bərpa edilməsi haqqında iddia qaldırmışdır. İmişli Rayon Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli 2(036)-90/2020 saylı saylı qətnaməsi (hakim Ülvi Qənbərov) ilə iddia tələbinin təmin edilməsi, cavabdehlər X18, X22, X14, Cavabdeh1, X25 və Cavabdeh2 İddiaçı1 məxsus olan A № 402410 nömrəli Torpaq sahəsinin planı və ölçüsündə qeyd edilmiş koordinatlar üzrə sərhədlər daxilindəki İmişli rayonunun Buludlu yerləşən 1,5798 ha kənd təsərrüfatlı torpaq sahəsindən zəbt edilmiş 11,0mx498,61m ölçüdə (4-5 döngə nöqtələrini birləşdirən düz xəttədək) torpaq sahəsi geri alınaraq çıxarılması qət edilmişdir. Cavabdehlər Cavabdeh1 Cavabdeh2, X18, X22, X14 və X25 tərəfindən İmişli Rayon Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli 2(036)-90/2020 saylı qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməklə iddia tələbinin təmin edilməməsini xahiş edilmişdir. Cavabdehlər Cavabdeh1 Cavabdeh2, X18, X22, X14 və X25 birgə vermiş olduğu apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, qətnamə əsassız olduğundan ləğv edilməlidir. Belə ki, torpaq islahatı aparılarkən İmişli rayonu Buludlu kəndində onların ailə üzvlərinin mülkiyyətinə torpaq sahəsi ayrılmış və Torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. Plana əsasən torpaq sahəsindən yeraltı drenaj kanal nəzərdə tutulmuş, bunun üçün torpaq zolağı ayrılmışdır. Həmin zolaq mülkiyyətə verilmiş torpaq sahəsinə daxil edilmədiyi üçün mülkiyyətdə olan torpaq sahəsinin qonşu torpaq sahəsinin hesabına genişləndirilməsi barədə olan dəlilər əsassızdır. Eyni zamanda İmişli Rayon Məhkəməsində işə baxılan zaman məhkəmə torpaq sahələrinin sərhədlərini müəyyən etmək üçün heç bir mütəxəssis dəvət etmədi. Qanuna əsasən məhkəmə torpaqların sərhədlərini müəyyənləşdirmək üçün mütəxəssis dəvət etməli idi. Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Tofiq Heydərov (sədrlik edən), Tale Kərimov və İsmayıl Əhmədov) 12 oktyabr 2021-ci il tarixli 2(106)- 146/2021 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, X18, X22, X14 və X25 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, İmişli Rayon Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli 2(036)-90/2020 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunmuş, İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, X18, X22, X14 və X19 qarşı torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı1 Şirvan Apelyasiya Məhkəməsinin adıçəkilən qətnaməsindən kassasiya şikayəti vermişdir. İddiaçı1 Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 oktyabr 2021-ci il tarixli 2(106)-146/2021 saylı qətnaməsindən kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 22 fevral 2022-ci il tarixli 2(102)-1146/2022 saylı qərarı ilə qismən təmin edilmiş, Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 oktyabr 2021-ci il tarixli 2(106)-146/2021 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarında göstərilmişdir ki, apellyasiya kollegiyası ekspert rəyinə istinad edərək, cavabdehlərə məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsinin hüdudları ilə həmsərhəd olduğu, həmçinin cavabdehlər tərəfindən iddiaçıya məxsus olan torpaq sahəsinin zəbt edildiyi müəyyən edilmədiyi əsas gətirərək iddia tələbini təmin etməsə də, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, ekspertiza tədqiqatı həyata keçirilməmiş, ekspert ekspertizanın hansı metodla həyata keçirilməsini göstərməmiş, yalnız mütəxəssis rəyini özünün tərtib etdiyi ekspert rəyinə olduğu kimi köçürməklə ekspertiza tədqiqatını tamamlamışdır. İşdən görünür ki, apelyasiya kollegiyası iş üzrə ekspertiza təyin edərkən qəbul etdiyi qərardadda 1-ci sualda çıxarışla iddiaçıya verilmiş torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi tələb olunmuş, lakin ekspert çıxarışla iddiaçıya məxsus torpaq sahəsinin koordinatları ilə onun istifadə olan torpaq sahəsinin koordinatlarının fərqli olması əsası ilə torpaq sahəsinin ərazisini hüquqi sənəd əsasında müəyyən etməyin mümkün olmadığını göstərmiş, 1-ci sual üzrə iddiaçıya məxsus torpaq sahəsinin hüdudlarını müəyyən etməmiş, 1-ci suala cavab verməyin mümkün olmadığını əsas gətirərək cavabdehlər tərəfindən zəbtə yol verilib-verilmədiyini müəyyən etməyin mümkün olmadığını göstərmişdir. Halbuki, iş materiallarında olan iddiaçının mülkiyyətindəki və hazırda cavabdehlər tərəfindən zəbt edildiyini iddia etdiyi torpaq sahəsinin sənədlərində həmin torpaq sahəsinin koordinatları dəqiq olaraq göstərilmişdir ki, ekspert də həmin sənədlərdə göstərilmiş koordinatlar əsasında iddiaçının mülkiyyətində olan torpaq sahəsinin yerini dəqiqliyi ilə müəyyən etməli, bundan sonra həmin sahə üzrə zəbt olubolmadığı barədə tədqiqat aparmalı idi. Həmçinin qeyd edilməlidir ki, işdə olan mütəxəsiss rəyindən görünür ki, mütəxəssis mötərizə daxilində qeyd şəklində göstərmişdir ki, İddiaçı1 mülkiyyətində olan torpaq sahəsinin hüdudlarını əks etdirən koordinatlarda naturaya uyğun müvafiq düzəliş edildikdən sonra ərazisini müəyyən etmək olar. Mütəxəssisin göstərilən mövqeyi ilə bağlı bildirilməlidir ki, sanki mütəxəssis iddiaçının mülkiyyətində olan torpaq sahəsinin ərazisinin müəyyən edilməsi üçün özündə olan və mülkiyyətini təsdiq edən sənədlə kifayətlənməməli, naturada istifadəsində hansı sahədə və ya həcmdə torpaq sahəsi vardırsa, mülkiyyətini təsdiq edən sənədlərdə də həmin naturaya düzəlişlər edilməli olduğunu vəzifə kimi iddiaçıya müəyyən etmişdir. Əks halda iddiaçının mülkiyyətini təsdiq edən sənədlər onun ərazisinin müəyyən edilməsi üçün yetərli deyildir. Digər tərəfdən həmin mütəxəssis rəyinə münasibətdə bildirilməlidir ki, mütəxəssis tərtib etdiyi rəydə cavabdehlərin torpaq sahələri ilə iddiaçının torpaq sahəsinin həmsərhəd olmadığını əsas gətirib ölçmə işlərini aparmadığını göstərsə də, bu mövqeyə gəlməsini naturada və ya tərəflərin torpaq sahələrinə dair sənədləri üzrə apardığı araşdırma nəticəsində gəldiyini göstərməmişdir. Bu xüsusat özü də rəydə qeyri-müəyyənliyə yol verilməsinin göstəricisidir. Məhkəmə ekspertizasının həyata keçirilməsi həvalə edilmiş ekspert də bu hallara önəm verməmiş, həmçinin yuxarıda göstərilən qanunla müəyyən edilmiş vəzifəsini həyata keçirməmiş, ekspertiza obyektinin tədqiqatını həyata keçirməmişdir. Cavabdeh X18 məhkəmədə verdiyi izahatında bildirmişdir ki, İmişli Rayon Məhkəməsində işə baxılarkən torpaq sahəsi ekspert tərətindən deyil, hakim tərəfindən ölçülərək ona göstərilmişdir. Torpaq sahəsi ölçülərkən əks istiqamətdə ölçülmuşdür. Hazırda o, 34 sot torpaq sahəsindən istifadə edir. Mübahisəli torpaq sahəsi “tut bağı” deyilən ərazidə yerləşir. Hazırda mübahisəli torpaq sahəsindən özü istifadə edir. Həmin ərazidə kəsilmiş ağac götüklərini çıxaraq oranı yaxşılaşdırmışdır. O, hazırkı ekspert rəyi ilə tanışdır və onun razı deyildir. Cavabdeh1 məhkəmədə verdiyi izahatında bildirmişdir ki, o, iddiaçıya məxsus hər hansı torpaq sahəsini zəb etməmişdir. X36 Komissiyasının qərarı ilə ona və ailə üzvlərinə təyin olunmuş torpaq sahəsindən istifadə edir. Ekspert rəyi ilə tanış olmuş və rəylə ona aid hissədə razıdır. Belə ki, rəydə də onun iddiaçının torpaq sahəsini zəbt etməməyi bir daha öz əksini tapmışdır. Cavabdeh X25 məhkəmədə verdiyi izahatında bildirmişdir ki, ekspert rəyi ilə razıdır. O, ancaq özünə aid olan torpaq sahəsindən istifadə edir. İddiaçıya məxsus hər hansı torpaq sahəsini zəb etməmişdir. İddiaçı1 məhkəmədə verdiyi izahatında bildirmişdir ki, ekspert rəyi ilə razıdır və iddiasının təmin edilməsini xahiş etmişdir. İşdə iştirak edən digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların (və ya səlahiyyətli nümayəndələrinin) iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarında olan A № 402410 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən reyestr nömrəsi **********92 olan İmişli rayonunun Buludlu kəndində yerləşən daşınmaz əmlak obyekti - 1,5798 ha torpaq sahəsinin ölçüləri koordinatlar üzrə yerdə müəyyən edilmişdir. İş materiallarında olan Torpağa mülkiyyət hüququna dair JN-181 saylı Dövlət aktına əsasən planda yeri göstərilmiş İmişli rayonu Buludlu kəndində yerləşən 0,34 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X18, X22, X3 ümumi mülkiyyətindədir. İş materiallarında olan Torpağa mülkiyyət hüququna dair JN-182 saylı Dövlət aktına əsasən planda yeri göstərilmiş İmişli rayonu Buludlu kəndində yerləşən 0,63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh2 Saday oğlu, X15 və X2 ümumi mülkiyyətindədir. İş materiallarında olan Torpağa mülkiyyət hüququna dair JN-183 saylı Dövlət aktına əsasən planda yeri göstərilmiş İmişli rayonu Buludlu kəndində yerləşən 0,63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X25, X26 və X4 ümumi mülkiyyətindədir. İş materiallarında olan Torpağa mülkiyyət hüququna dair JN-184 saylı Dövlət aktına əsasən planda yeri göstərilmiş İmişli rayonu Buludlu kəndində yerləşən 1,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1, X27, X20, X23 və X5 ümumi mülkiyyətindədir. Birinci instansiya məhkəməsi tərəfindən yerində müayinə zamanı müəyyən edilmişdir ki, X18 (JN-181), Cavabdeh2 (JN-182), X25 (JN-183), Cavabdeh1 (JN-184) istifadəsində olan torpaq sahələri biri-birindən təcrid edilməyən bütöv torpaq sahəsi kimi bir tərəfdə İddiaçı1 istifadəsində olan torpaq sahəsindən, digər tərəfdə isə X9 məxsus olan torpaq sahəsindən (JN-185) kiçik ölçülü arxla faktiki surətdə ayrılmışdır. A № 402410 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə (JN-180 saylı plana) əsasən yeri müəyyən edilən 1,5798 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi boyunca uzanan yol yamacının sıfır nöqtəsindən başlayaraq JN-185 saylı planda göstərilmiş torpaq sahəsinin təmas nöqtəsinədək ölçü aparıldıqda İddiaçı1 istifadəsində olan torpaq sahəsinin eni bir tərəfdə 36,0 metr olmalı olduğu halda 25,0 metr, qarşı tərəfdə isə 23,0 metr olmalı olduğu halda 12,0 metr olmuşdur. X9 məxsus olan torpaq sahəsindən başlayaraq əks istiqamətdə ölçü aparılarkən cavabdeh tərəfin bütövlükdə 11,0 metr enində 499,0 metr uzunluqda artıq torpaq sahəsindən istifadə etdiyi müəyyən edilmişdir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası aparılmış məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi hərtərəfli araşdırma apararaq işin faktiki hallarına düzgün qiymət verməmiş və yekun olaraq yanlış nəticəyə gəlmişdir. Beləcə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlmir, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməmişdir. MPM-in 384.0.2-ci maddəsinə görə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 iyul 2023-cü il tarixli № 10/4159 rəyindən müəyyən olunur ki, cavabdehlər Cavabdeh1 və ailə üzvlərinin, Cavabdeh2 Saday oğlunun və ailə üzvlərinin, X11 və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahələri ilə İddiaçı1 məxsus torpaq sahəsinin hüdudları həmsərhəd olmadığına görə müdaxilə faktı olması müyyən olunmamışdır. Bölgü layihəsində qeyd olunan JN-180 saylı Dövlət aktına əsasən 1.5798 ha olan və alqı-satqı yolu ilə İddiaçı1 tərəfindən alınmış torpaq sahəsinin 0.34 ha hissəsi X18 tərəfindən istifadə olunması müəyyən edilmişdir. MPM-in 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Beləliklə, diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia tələbi əsaslı, əgər uzlaşmırsa iddia tələbi əsassız hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də, mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi mülkiyyət hüququna verilən təminat, bu hüququ hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Habelə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndində əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci bəndinə əsasən özbaşına tutulmuş, zəbt olunmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililərin, qurğuların da sökülməsi daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən görünür ki, mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunur. Qeyd edilən hüquq normalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Beləliklə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər Cavabdeh1 Cavabdeh2, X18, X22, X14 və X25 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, İmişli Rayon Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli 2(036)-90/2020 saylı qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, cavabdeh X18 JN-180 saylı Dövlət aktına əsasən 1.5798 ha olan və alqı-satqı yolu ilə İddiaçı1 tərəfindən alınmış torpaq sahəsinin 0.34 ha hissəsindən çıxarılmalı və həmin torpaq sahəsi geri qaytarılmalı və iddia qalan hissədə təmin edilməməlidir. “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlmir, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmamış, təqdim olunmuş sübutlara obyektiv qiymət verilməmişdir. MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 iyul 2023-cü il tarixli № 10/4159 saylı ekspert rəyinin verilməsi üzrə ekspertiza tədqiqatının dəyəri qismində 50 (əlli) manat və mütəxəsis rəyinin verilməsinə görə 100 (yüz) manat 80 (səksən) qəpik məbləğlərdə pul vəsaiti cavabdeh X6 tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və MPM-in 14.2, 76, 77, 89, 124, 217.2, 218.1, 372, 384, 385, 387, 392, 393 və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq QƏTETDİ: Cavabdehlər Cavabdeh1 Cavabdeh2, X18, X22, X14 və X25 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İmişli Rayon Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli 2(036)-90/2020 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh X18 JN-180 saylı Dövlət aktına əsasən 1.5798 ha olan və alqı-satqı yolu ilə İddiaçı1 tərəfindən alınmış torpaq sahəsinin 0.34 ha hissəsindən çıxarılsın və həmin torpaq sahəsi geri qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 iyul 2023-cü il tarixli № 10/4159 saylı ekspert rəyinin verilməsi üzrə ekspertiza tədqiqatının dəyəri qismində 50 (əlli) manat və mütəxəsis rəyinin verilməsinə görə 100 (yüz) manat 80 (səksən) qəpik məbləğlərdə pul vəsaiti cavabdeh X6 tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar