Məhkəmə qərarları › İş №2(106)-531/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-531/2023

12.04.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-531/2023 12.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X6 və X1 ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, iddiaçının vəkili və eyni zamanda nümayəndəsi Vəkil iştirakı ilə, iddiaçı “X11 Təsərrüfatı” MMC-nin Cavabdeh qarşı “zəbt olunmuş daşınmaz əmlakdan məcburi qaydada çıxarılma və istifadəyə qoyulmuş maneələrin aradan qaldırılması” tələbinə dair iddiası üzrə Kürdəmir Rayon Məhkəməsinin 26 avqust 2020-ci il tarixli 2(041)-551/2020 saylı qətnaməsindən cavabdehin vəkili və eyni zamanda nümayəndəsi X4 tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İddiaçı “X11 Təsərrüfatı” MMC Cavabdeh qarşı “zəbt olunmuş daşınmaz əmlakdan məcburi qaydada çıxarılma və istifadəyə qoyulmuş maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə Kürdəmir Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus qeyri-yaşayış binasından və həmin tikiliyə aid torpaq sahəsindən cavabdehin məcburi qaydada çıxarılması və əmlakdan istifadə ilə bağlı yaranmış maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, xüsusi mülkiyyətində olan və Kürdəmir rayonu, Mollakənd kəndinin ərazisində yerləşən 047566 hektar torpaq sahəsində kənd təsərrüfatı məhsullarının satışını təşkil etmək məqsədi ilə ümumi sahəsi 86 kv.metrdən ibarət qeyri- yaşayış binası inşa edib müəyyən müddət ərzində həmin qeyri-yaşayış binasında fəaliyyət göstərmişdir. Sonradan qeyri-yaşayış binasında fəaliyyətini dayandırmış və qeyri-yaşayış binası iki il müddət ərzində istifadəsiz qalmşdır. Ailələrində yaranmış ciddi problem səbəbindən bir müddət kənddə yaşamamalarından istifadə edən ona məxsus qeyri-yaşayış binasının qonşuluğunda fəaliyyət göstərən kafenin sahibi Cavabdeh ona aid əmlakı mənimsəmiş və qanunsuz istifadə etməkdə davam edir. Cavabdeh zəbt etdiyi qeyri-yaşayış binasından çıxmaq istəmir və hər dəfə onlarla mübahisə edir. Cavabdeh tərəfindən qanunsuz zəbt olunan qeyri-yaşayış binası “X11 Təsərrüfatı” MMC-nin xüsusi mülkiyyətində olmaqla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmış və çıxarış verilmişdir. Cavabdeh isə xüsusi mülkiyyətində olan qeyri-yaşayış binasının qanunsuz zəbt edərək onların mənafeyinə zidd hərəkətlər edərək, hüquqlarını pozur. Birinci instansiya məhkəməsində Cavabdeh vəkili və eyni zamanda nümayəndəsi X4 iddianı qəbul etməyərək rədd olunmasını xahiş edib izahatında göstərmişdir ki, “X11 Təsərrüfatı” MMCnin xüsusi mülkiyyətində olan və Kürdəmir rayonu, Mollakənd kəndinin ərazisində yerləşən 04766 hektar torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 86 kv.metrdən ibarət qeyri-yaşayış binasını, yerləşdiyi torpaq sahəsi ilə birlikdə həmin kəndli fermer təsərrüfatının təsisçisi olan X5 hazırki iş üzrə cavabdeh olan Cavabdeh 2010-cu ildə 5000 ABŞ dollarına satmış və S.İmanova bu barədə ona sadə formada qəbz də yazıb vermişdir. Cavabdeh qeyri-yaşayış sahəsini torpaq sahəsi ilə birlikdə alarkən, həmin qeyri-yaşayış sahəsi 4 divardan ibarət tikili olduğundan Nemət həmin binanın dam örtüyünü örtmüş, qapı-pəncərələrin qoydurmuş, divarların üzərinə dəmir fermalar qoyldurmuş və fəhlələr işlətməklə həmin işlərin görülməsinə 3000 manat vəsait xərcəmişdir. Cavabdeh qeyri-yaşayış binasını və torpaq sahəsini İmanova Səadətdən alandan sonra aralarında olan alqı-satqını rəsmiləşdirməyi Səadətdən bir neçə dəfə tələb etməsinə baxmayaraq, sonuncu onun tələbini yerinə yetirməyərək, qeyri-yaşayış binasını və torpaq sahəsini onun adına sənədləşdirmək əvəzinə, təsisçisi olduğı “X11 Təsərrüfatı” MMC-nin adına rəsmiləşdirmiş və çıxarış almışdır. Çıxarış alınandan sonra “X11 Təsərrüfatı” MMC-nin icraçı direktoru X2 Nemət İnqilab oğlunun ona məxsus qeyri-yaşayış binasından və həmin tikiliyə aid torpaq sahəsindən məcburi qaydada çıxarılması və əmlakdan istifadə ilə bağlı yaranmış maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi qanunsuz olmaqla bərabər, heç bir maddi hüquq normalarına əməl olunmadan verilmişdir. Kürdəmir Rayon Məhkəməsinin 26 avqust 2020-ci il tarixli 2(041)-551/2020 saylı qətnaməsi ilə iddia təmin olunaraq, Cavabdeh iddiaçı “X11 Təsərrüfatı” MMC-nin mülkiyyətində olan Kürdəmir rayonu Mollakənd kəndi ərazisində yerləşən yerləşən 0.0104 hektar torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 86.0 kv.metrdən ibarət qeyri yaşayış binasından əmlakları ilə birlikdə məcburi qaydada çıxarılsın və əmlakdan istifadəyə cavabdeh tərəfindən edilən maneələr aradan qaldırılsın. Qətnamədən cavabdehin vəkili və eyni zamanda nümayəndəsi X4 apellyasiya şikayəti verərək ləğv olunması, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə iddiaçının vəkili və eyni zamanda nümayəndəsi Vəkil apellyasiya şikayətinin əsassız olduğunu bildirib, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh teleqramla məhkəməyə müraciət edərək, iddiaçının hüquqmüəyyəndeci sənədlərini başqa məhkəmə müstəvisində mübahisələndirmək üçün iddia qaldırdıqlarını bildirib, işə baxılmasını müəyyən müddətə təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının vəkili və eyni zamanda nümayəndəsi Vəkil izahatını dinləyib, iş materiallarını tədqiq edib belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilərək iş məhkəmə aidiyyəti üzrə baxılmasından ötrü Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya"nın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin ; 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir, 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir, 1-ci maddəsinin qeyd hissəsinə əsasən bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür, 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 10-cu bəndində qeyd olunur ki, 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Plenum Qərarının 5-ci bəndində qeyd olunur ki, məhkəmələr nəzərə almalıdır ki, MPM-in 31.2-ci maddəsinin tələbləri baxımından 2020-ci il yanvarın 1-dək qüvvədə olan prosessual qanunvericiliyə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş istinad edilən dəyişikliklərin qüvvəyə minməsindən sonra məhkəmə aidiyyətini dəyişmiş olsa da, mahiyyəti üzrə həmin, yəni işi icraatına qəbul etmiş məhkəmədə həll edilməlidir. Eyni qayda, apelyasiya və kassasiya instansiyası məhkəmələrinə də aiddir. Plenum Qərarının 11-ci bəndində qeyd olunur ki, o da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Plenum Qərarının 12-ci bəndində qeyd olunur ki, bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Plenum Qərarının 14-cü bəndində qeyd olunur ki, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Plenum Qərarının 28-ci bəndində qeyd olunur ki, məhkəmələrə izah edilsin ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət (lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir. İş materiallarına əlavə edilmiş Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin birinci instansiya məhkəməsinin sorğusuna verdiyi 23 iyun 2020-ci il tarixli cavab məktubundan görünür ki, cavabdeh Kürdəmir rayonu Mollakənd kənd sakini Cavabdeh 03 dekabr 2013-cü ildən (VÖEN-**********) sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər kimi qeydiyyatdadır, rəsmi müraciəti əsasında fəaliyyəti 10 may 2016-cı ildən 10 may 2021-ci il tarixədək dayandırılmışdır. Göründüyü kimi 24 fevral 2020-ci il tarixdə Kürdəmir Rayon Məhkəməsində qeydiyyatdan keçmiş mübahisənin həll olunması həm subyekt tərkibi baxımından, həmdə mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri baxımından kommersiya məhkəməsinin səlahiyyətinə aid olmuşdur. Aidiyyət qaydalarının pozulması yolverilməz olduğundan, hazırki mübahisənin də məhz kommersiya məhkəməsində baxılaraq həll edilməli olmasına baxmayaraq, iddianı icraata qəbul edərək, mahiyyəti üzrə baxıb həll etmiş Kürdəmir Rayon Məhkəməsi kobud prosessual pozuntuya yol vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.1-ci maddəsinə əsasən işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılması şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslardan biridir. Həmin Məcəllənin 387.3-cü maddəsinə müvafiq olaraq Məcəllənin 387.2.1-ci maddəsində göstərilmiş halların mövcudluğu birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların kobud pozulması kimi qiymətləndirilir. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və mülki iş məhkəmə aidiyyəti üzrə baxılmasından ötrü Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2.5-ci maddəsinə əsasən bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadından kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 24, 26.1, 387.2.1, 384.0.4, 400, 402.2.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin vəkili və eyni zamanda nümayəndəsi X3 apellyasiya şikayəti qismən təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin 26 avqust 2020-ci il tarixli 2(041)-551/2020 saylı qətnaməsi ləğv olunsun və mülki iş məhkəmə aidiyyəti üzrə baxılmasından ötrü Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qanunla müəyyən olunan qaydada Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində kassasiya şikayəti verilmədiyi halda, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar