Məhkəmə qərarları › İş №2(106)-545/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-545/2025

03.03.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-545/2025 03.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən məcburi qaydada çıxarılma, torpaq sahəsinin cavabdehdən alınıb ona təhvil verilməsi və cavabdeh tərəfindən törədilən maneənin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 2(020)-243/2024 saylı, 29 dekabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə 03 mart 2025-ci il tarixdə baxaraq aşağıdakı qətnaməni qəbul etdi; İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xüsusi mülkiyyətində olan 3.9742 hektar torpaq sahəsinin 1.57 hektarından məcburi qaydada çıxarılması, 1.57 hektar torpaq sahəsinin cavabdehdən alınıb ona təhvil verilməsi və cavabdeh tərəfindən törədilən maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X6 iddianı müdafiə etdi və izahatında göstərdi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X7 daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan, reyestr nömrəsi **********41 olan və qeydiyyat tarixi xx.xx.2019-cu il olan çıxarışa əsasən Beyləqan rayonunun Əhmədli kəndi ərazisində yerləşən 3.9742 hektar kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətinə verilmişdir. Lakin Cavabdeh qeyri-qanuni olaraq iddiaçının mülkiyyətində olan 3.9742 hektar torpaq sahəsinin 1.57 hektarını xeyli müddətdir ki, özbaşına zəbt edərək həmin torpaq sahəsindən çıxmır. İddiaçı cavabdehə dəfələrlə qeyri-qanuni zəbt etdiyi torpağından çıxmasını xahiş etsə də, cavabdeh əhəmiyyət verməmiş və torpaqdan çıxmamışdır. Cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması məqsədilə müvafiq instansiyalara müraciət edilmiş, lakin iddiaçının müraciətləri heç bir nəticə verməmişdir. Ona görə də, Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan 3.9742 hektar torpaq sahəsinin 1.57 hektarından məcburi qaydada çıxarılması, 1.57 hektar torpaq sahəsinin cavabdehdən alınıb iddiaçıya təhvil verilməsi və cavabdeh tərəfindən törədilən maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədi və izahatında göstərdi ki, iddiaçının topraq sahəsini zəbt etməmişdir. Torpaq sahəsi ona Beyləqan rayon Aqrar İslahat Komissiyasının 01.05. 1998-ci il tarixli, 46 saylı qərarı ilə JN 143, KOD 60704018 olan Torpağa Mülkiyyət Hüququna X11 ilə verilmişdir. Onun mülkiyyətində 2.27 ha torpaq sahəsi vardır. İddiaçı isə həmin torpaq sahəsini başqa şəxslərdən almışdır. İddiaçının torpaq sahəsi onun torpaq sahəsinin qonşuluğunda yerləşir. Torpaqların Elektron X1 torpaq sahəsi sürüşdürülmüşdür. Orada qara cizgi ilə həmin torpaq sahəsi göstərilmişdir. Həmin yerdə artıq torpaq sahəsi mövcuddur. Hesab edir ki, o, öz torpaq sahəsindən istifadə edir. Ona görə də iddianın rədd edilməsini xahiş etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Beyləqan Rayon Məhkəməsinin 2(020)-243/2024 saylı, 29 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (Hakim: Ramiz Nurullayev) iddianın qismən təmin edilməsi, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X7 daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan, reyestr nömrəsi **********41 olan,qeydiyyat tarixi xx.xx.2019-cü il olan çıxarışa əsasən İddiaçı məxsus Beyləqan rayonunun Əhmədli kəndi ərazisində yerləşən 3.9742 ha torpaq sahəsinin 1.4840 ha hissəsindən məcburi qaydada çıxarılması, torpaq sahəsinin iddiaçıya təhvil verilməsi və cavabdeh tərəfindən iddiaçıya törədilən maneənin aradan qaldırılması, mütəxəssis rəyinin dəyirini təşkil edən iddiaçı tərəfindən KADASTR və YERQUR LAYİHƏ TADQİQAT Mərkəzi MM-nin hesabına ödənilmiş 100 (yüz) manat və dövlət rüsumu kimi ödədiyi 100 (yüz) manatın Cavabdeh alınıb İddiaçı verilməsi, iş üzrə ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manatın Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə2 apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh Beyləqan Rayon Məhkəməsinin 2(020)-243/2024 saylı, 29 dekabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı nümayəndəsi Nümayəndə1 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə şifahi etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini Beyləqan Rayon Məhkəməsinin 2(020)-243/2024 saylı, 29 dekabr 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Cavabdeh apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, şikayətin təmin edilməsini, Beyləqan Rayon Məhkəməsinin 2(020)-243/2024 saylı, 29 dekabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, bu barədə hər hansı məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası məhkəmə icraatının tezliyini təmin etmək məqsədilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçının iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində Beyləqan Rayon Məhkəməsinin 2(020)-243/2024 saylı, 29 dekabr 2024-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının; 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 140-cı maddəsinə əsasən Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 48.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir. 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 238.3-cü maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin; 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)-243/2024 saylı, 29 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, Apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. İşdə olan Çıxarışdan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X7 daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan, reyestr nömrəsi **********41 olan və qeydiyyat tarixi xx.xx.2019-cu il olan çıxarışa əsasən Beyləqan rayonunun Əhmədli kəndi ərazisində yerləşən 3.9742 hektar kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətinə verilmişdir. İşdə olan JN 143, KOD 60704018 olan Torpağa Mülkiyyət Hüququna X10 görünür ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 01.05. 1998-ci il tarixli, 46 saylı qərarı ilə Cavabdeh mülkiyyətinə 6.24 ha torpaq sahəsi verilmişdir. İş üzrə İddiaçı vəsatəti əsasında məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. İş üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19.11. 2024-cü il tarixli, 3-16-16/2-10/7033 saylı ekspertiza rəyindən və mütəxəssis rəyindən görünür ki, İddiaçı məxsus Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti,Hüquqların X7 daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan, reyestr nömrəsi **********41 olan,qeydiyyat tarixi xx.xx.2019-cü il olan çıxarışa əsasən Beyləqan rayonunun Əhmədli kəndi ərazisində yerləşən 3.9742 ha torpaq sahəsinin X3 X4 (TEKUİS-də) qeyd edilən 2.49 ha və 1.4840 ha hissələrinin naturada yerləşdiyi yer və onun sərhədləri müəyyən edilmişdir. Cavabdeh və ailə üzvlərinə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 01.05. 1998-ci il tarixli, 46 saylı qərarı ilə JN 143, KOD 60704018 olan Torpağa Mülkiyyət Hüququna X11 ilə verilmiş Beyləqan rayonunun Əhmədli kəndi ərazisində yerləşən 6.24 ha torpaq sahəsinin mübahisəli ərazidə yerləşən X3 X4 (TEKUİS-də) qeyd edilən 2.27 ha hissəsinin (JN 143 A üzrə) naturada yerləşdiyi yer və onun sərhədləri müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh faktiki İstifadəsində olan 2.20 ha torpaq sahəsinin də ərazisi müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş ölçü planında göstərilmişdir. Cavabdeh tərəfindən İddiaçı məxsus Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X7 daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan, reyestr nömrəsi **********41 olan,qeydiyyat tarixi xx.xx.2019-cü il olan çıxarışa əsasən Beyləqan rayonunun Əhmədli kəndi ərazisində yerləşən 3.9742 ha torpaq sahəsinin X3 X4 (TEKUİS-də) qeyd edilən 1.4840 ha hissəsi istifadə olunur. X3 X5 (TEKUİS-ə) əsasən İddiaçı məxsus Beyləqan rayonunun Əhmədli kəndi ərazisində yerləşən 3.9742 ha torpaq sahəsinin 1.4840 ha hissəsi bütünlüklə Cavabdeh tərəfindən istifadə olunur. X3 X5 (TEKUİS-ə) əsasən İddiaçı məxsus Beyləqan rayonunun Əhmədli kəndi ərazisində yerləşən 3.9742 ha torpaq sahəsinin 2.49 ha hissəsinin 0.30 ha hissəsi digər şəxslər tərəfindən istifadə olunur. Eyni zamanda X3 X5 əsasən Cavabdeh və ailə üzvlərinə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 01.05. 1998-ciil tarixli, 46 saylı qərarı ilə JN 143, KOD 60704018 olan Torpağa Mülkiyyət Hüququna X11 ilə verilmiş Beyləqan rayonunun Əhmədli kəndi ərazisində yerləşən 6.24 ha torpaq sahəsinin mübahisəli ərazidə yerləşən 2.27 ha hissəsi (JN 143 A üzrə) də digər şəxslər tərəfindən istifadə olunur. Cavabdeh və ailə üzvlərinə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 01.05. 1998-ci il tarixli 46 saylı qərarı ilə JN 143, KOD 60704018 olan Torpağa Mülkiyyət Hüququna X11 ilə verilmiş Beyləqan rayonunun Əhmədli kəndi ərazisində yerləşən 6.24 ha torpaq sahəsi ilə İddiaçı məxsus torpaq sahəsi sənəd üzrə üst-üstə üst-üstə düşmür. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə İddiaçı Cavabdeh qarşı iddia irəli sürərək, cavabdehin iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinin qanunsuz zəbt edilən hissəsindən çıxarılmasını və maneələrin aradan qaldırılmasını tələb edir. İddia tələbinin hüquqi əsasını Mülki məcəllənin 152.1,152.5 və 157.2ci maddələri və Torpaq məcəlləsinin 84, 111-ci maddələri təşkil edir. İddia tələbi iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilmiş hissəsindən cavabdehin çıxarılması barədədir. Bu iddia mülkiyyətin müdafiəsinə yönəlmişdir və bu tələblərə baxılarkən əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, daha sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Baxılan işdə də birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətinə Hüquqların X7 daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan, reyestr nömrəsi **********41 olan,qeydiyyat tarixi xx.xx.2019-cü il olan çıxarışa əsasən verilmişdir. İddiaçının subyektiv hüququ təsdiq olunduğuna görə sonrakı dəyərləndirmə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilib-edilməməsi, edilmişdirsə hansı hissəsinin zəbt edilməsinin müəyyən edilməsindən ibarətdir. İşə baxmış birinci instansiya məhkəməsi bu halın müəyyən olunması üçün ekspertiza aparmaq yolu ilə müəyyən etmişdir ki, Cavabdeh tərəfindən İddiaçı məxsus Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X7 daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan, reyestr nömrəsi **********41 olan,qeydiyyat tarixi xx.xx.2019-cü il olan çıxarışa əsasən Beyləqan rayonunun Əhmədli kəndi ərazisində yerləşən 3.9742 ha torpaq sahəsinin X3 X4 (TEKUİS-də) qeyd edilən 1.4840 ha hissəsindən istifadə etməsi müəyyən edilmişdir. Bu halda iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsində təsbit edilmiş mülkiyyətində olan əmlaka başqa şəxslərin sahibliyinə yol verməmək, Mülki Məcəllənin 157.2-ci maddəsində müəyyən edilmiş özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməklə cavabdehin onun torpaq sahəsindən çıxarılması və yaradılan maneələrin aradan qaldırılmasını tələb etmək hüququ üçün əsaslar da yaranmışdır. Mülki Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmçinin Mülki Məcəllənin 152.6-cı maddəsində deyilir ki, hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Cavabdeh iddiaya etirazında və apellyasiya şikayətinin dəlillərində qeyd edir ki, torpaqların Elektron X1 torpaq sahəsi sürüşdürülmüşdür. Orada qara cizgi ilə həmin torpaq sahəsi göstərilmişdir. Həmin yerdə artıq torpaq sahəsi mövcuddur. Hesab edir ki, o, öz torpaq sahəsindən istifadə edir. Ona görə də iddianın rədd edilməsini xahiş edir. Məhkəmə kollegiyası bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, torpaqların Elektron X1 torpaq sahəsi sürüşdürülməsi ilə bağlı dəlili hazırkı məhkəmə araşdırmasının predmetinə daxil deyildir. Əgər cavabdeh belə bir halın mövcudluğuna istinad edirsə bununla bağlı inzibati məhkəmə icraatı çərçivəsində Çıxarışı mübahisələndirə bilərdi. Əks halda MM-in 140-cı maddəsinin tələbi baxımından Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Ümumiyyətlə cavabdeh tərəfin torpaq sahəsinin koordinatlarının düzgün müəyyən edilməməsi, o cümlədən torpaq sahəsinin sürüşdürülməsi məsələsinin mübahisələndirilməsi üçün istər birinci instansiya məhkəməsində istərsə də apelyasiya icraatı zamanı həmin məsələ ilə bağlı məhkəmə qarşısında iddia qaldırmaq üçün kifayət qədər vaxt və imkana malik olmuşdur. Lakin cavabdehin bu hüquqdan istifadə etməməsi, apelyasiya şikayətində dəlil kimi qeyd etməsi, həmin dəlilin formal mülahizədən ibarət olduğunu təsdiq edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X7 daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan, reyestr nömrəsi **********41 olan,qeydiyyat tarixi xx.xx.2019-cü il olan çıxarışa əsasən İddiaçı məxsus Beyləqan rayonunun Əhmədli kəndi ərazisində yerləşən 3.9742 ha torpaq sahəsinin 1.4840 ha hissəsindən çıxarılmalıdırlar” qənaətinə gəlməsini qanuni və əsaslı hesab edir. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvəfiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Beyləqan Rayon Məhkəməsinin 2(020)-243/2024 saylı, 29 dekabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin 2(020)-243/2024 saylı, 29 dekabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar