Məhkəmə qərarları › İş №2(106)-546/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-546/2023

27.04.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-546/2023 27.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi, Cavabdeh1 İsmayıl oğlunun və onun nümayəndəsi və vəkili X4 iştirakları ilə, Astara Rayon Məhkəməsinin 2(018)1340/2022 saylı, 28 dekabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 27 aprel 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qızına qarşı “Fərdi yaşayış evinə azyaşlı uşağı ilə birlikdə köçürülməyi tələbinə dair” iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qızının istifadəsində olan Astara rayonu, Şahağacı kəndi ərazisində yerləşən fərdi yaşayış evinə 13 noyabr 2018-ci il təvəllüdlü X5 ilə birlikdə köçürülməyi barədə qətnamə qəbul olunmasını xahiş emişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddianı müdafiə edib izahat verərək bildirdi ki, Cavabdeh1 onun keçmiş qaynatası, Cavabdeh2 qızı keçmiş qaynanası, Cavabdeh3 isə keçmiş əri olmuşdur. O, Cavabdeh3 ilə fakitiki nikaha girməklə evlənmiş və nikahlarını 27 aprel 2018-ci il tarixdə rəsmiləşdirmişlər. Onlar evləndikdən sonra o, cavabdehlərin razılığı ilə Astara rayonu, Şahağacı kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Birgə nikah dövründə 13 noyabr 2018-ci il təvəllüdlü X5 adlı uşaqları doğulmuşdur. O, cavabdehlərin istifadəsində olan fərdi yaşayış evində 2020-ci ilə cavabdehlərlə birgə təsərrüfatı idarə edərək bir ailə üzvü kimi yaşamışdır. Sonradan keçmiş ərinin təqsirli hərəkətləri nəticəsində ər-arvad münasibətləri pozulmuşdur. Belə ki, Cavabdeh3 tərəfindən səbəbsiz olaraq döyülüb təhqir olunmuş və bir müddət sonra azyaşlı uşağı ilə birgə fərdi yaşayış evindən qovulmuşdur. Hazırda yaşamağa başqa yeri olmadığından valideynlərinin yaşadığı evə getmişdir. Qeyd etdi ki, mübahisəli fərdi yaşayış evinin heç bir hüquqi statusu olmadığından o, həmin evdə yaşamaq üçün heç bir müqavilə bağlaya bilməmişdir. Ona görə də, o, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etmədi və məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, İddiaçı ilə oğlu Cavabdeh3 fakitiki nikaha girməklə evlənmiş və nikahlarını 27 aprel 2018-ci il tarixdə rəsmiləşdirmişlər. Onlar evləndikdən sonra iddiaçı onların razılığı ilə Astara rayonu, Şahağacı kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Birgə nikah dövründə 13 noyabr 2018-ci il təvəllüdlü X5 adlı uşaqları doğulmuşdur. İddiaçı həmin evdə qısa müddət ərzində yaşamaqla, əsasən Rüsiya Federasiyasında yaşamışlar. Bir müddət sonra Cavabdeh3 ilə İddiaçı arasında olan ər-arvad münasibətləri pozulduğundan ayrılmışlar və sonuncu hamilə olduğu dövürdə valideynlərinin evinə qayıtmışdır. İddiaçı köçmək istədiyi fərdi yaşayış evi hal-hazırda onun mülkiyyətində olmaqla, onunla iddiaçı arasında evdən istifadəyə dair hər hansı bir notarial müqavilə də bağlanmamışdır. Ona görə də, o, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən digər Cavabdeh2 qızı və onların vəkili və nümayəndəsi X7 da məhkəmə iclasında Cavabdeh1 ilə eyni məzmunlu izahat verərək onun göstərdiyi xüsusatları bir daha da təsdiq etdilər. Məhkəmə baxışı iclasında şahid qismində iştirak edən Ağayev Taleh ifadəsində göstərdi ki, iddiaçı onun qohumudur. İddiaçı ailə həyatı qurduqdan sonra mübahisəli fərdi yaşayış evində yaşamış, sonradan Rusiya Federasiyasına getmişlər. Məhkəmə baxışı iclasında şahid qismində iştirak edən Talıbova Ülkər, Ağayeva Mərziyyə və Məcidova Elnura digər şahid Ağayev Taleh ilə eyni məzmunlu ifadə verərək Ağayev Taleh göstərdiyi xüsusatları bir daha da təsdiq etdilər. Əvvəlki məhkəmə baxışı iclasında şahid qismində iştirak edən X3 ifadəsində göstərmişdir ki, o, Cavabdeh2 qızının qohumudur. İddiaçı evləndikdən sonra üç gün mübahisəli evdə yaşamış, sonradan keçmiş əri ilə Rusiya Federasiyasına getmişlər. İddiaçı Rusiya Federasiyasına getdikdən sonra o, İddiaçı bir daha görməmişdir. Əvvəlki məhkəmə baxışı iclasında şahid qismində iştirak edən X8 və X6 digər şahid X3 ilə eyni məzmunlu ifadə verərək X1 göstərdiyi xüsusatları bir daha da təsdiq etdilər. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Astara Rayon Məhkəməsinin 2(018)1239/2022 saylı, 21 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (Hakim: M.Məmmədov), İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qızına qarşı «Fərdi yaşayış evinə azyaşlı uşağı ilə birlikdə köçürülməyi tələbinə dair» iddiası əsassız olmasına görə təmin edilməməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Mülki Məcəllənin 228.1, 228.2, 228.5 və Mənzil Məcəlləsinin 5.1-ci maddələrinə istinad etmişdir. Apelyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apelyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instasniya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı Astara Rayon Məhkəməsinin 2(018)1239/2022 saylı, 21 noyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdehlər tərəfindən apelyasiya şikayətinin dəlillərinə qarşı etirazı daxil olmamışdır.. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh1 İsmayıl oğlu apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə şifahi etiraz edərək, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini Astara Rayon Məhkəməsinin 2(018)1239/2022 saylı, 21 noyabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Cavabdeh1 İsmayıl oğlunun nümayəndəsi və vəkili X7 apellyasiya icraatı zamanı izahat verərək izahatında Astara Rayon Məhkəməsinin 2(018)1239/2022 saylı, 21 noyabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada İddiaçı və cavabdehlər Cavabdeh3, Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı məhkəmə kollegiyasına teleqran ünvanlayaraq üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bu səbəbdən məhkəmə iclasınən təxirə salınmasını xahiş etmişdir. İddiaçı üzrlü səbəblərin nədən ibarət olmasını bildirməmişdir. Cavabdehlər iştirak etməmələri barədə heç bir məlumat verməmişdirlər. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası İddiaçı apelyasiya şikayətinin dəlilləri həddində Astara Rayon Məhkəməsinin 2(018)1239/2022 saylı, 21 noyabr 2022-ci il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını məqsədə müvafiq hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyəəsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. 30.7-ci maddəsinə əsasən mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən vətəndaş belə razılaşmanın şərtlərinə müvafiq olaraq hüquqlara malikdir və müvafiq olaraq vəzifə və məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Astara Rayon Məhkəməsinin 2(018)1239/2022 saylı, 21 noyabr 2022ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən və Astara RİHB-nın Suparibağ kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı xx xxxxxxxx 1996-cı il tarixdə anadan olmuş və Astara rayonu, Məçitməhəllə kəndində yaşayır. İş materiallarında olan Astara RİHB-nın Şahağacı kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İsmayılova X2 İƏD üzrə nümayəndəliyində qeydiyyatda olan Cavabdeh3 ilə ailə həyatı qurmuş və 2019-2020-ci il tarixədək Şahağacı kəndində Cavabdeh1 məxsus evində yaşamışdır. İş materiallarında olan “Nikah bağlanması haqqında şəhadətnaməsi”-ndən görünür ki, Cavabdeh3 ilə X12 arasında olan nikah 27 aprel 2018-ci il tarixdə Vladivastok şəhər administrasiyasının Fruzensk rayonu üzrə vətəndaş vəziyyətləri aktlarının qeydiyyat şöbəsinə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra arvada “İsmayılova” soyadı verilmişdir. İş materiallarında olan ƏMDX DƏDK və reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 14 noyabr 2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Astara rayonu, Şahağacı kəndində 0.0536 hektar torpaq sahəsi üzərində yerləşən 298.5 kv/m fərdi yaşayış evi Cavabdeh1 tam, torpaq sahəsi isə Cavabdeh3, Cavabdeh2 qızı, X14, X9 və Cavabdeh1 ümumi mülkiyyətinə verilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırılarkən müəyyən edir ki, mübahisəli fərdi yaşayış evi cavabdehlərə məxsus olmaqla, onların mülkiyyətindədir. Belə ki, ƏMDX DƏDK və reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 14 noyabr 2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışına əsasən Astara rayonu, Şahağacı kəndində 0.0536 hektar torpaq sahəsi üzərində yerləşən 298.5 kv/m fərdi yaşayış evi Cavabdeh1, torpaq sahəsi Cavabdeh3, Cavabdeh2 qızı, X14, X9 və Cavabdeh1 xüsusi mülkiyyətinə verilmişdir. Cavabdehlər isə iddiaçının həmin evdə yaşaması üçün razılıq verməmişlər. İddiaçı mübahisəli mənzilə gəlin köçməklə 2 ilə yaxın bir müddətdə yaşaması, sonradan isə ailə münasibətləri pozulması və o evdən çıxmasını, cavabdehlərin isə onun mübahisəli mənzilə köçməsinə maneə yaratmalarını bildirir. Cavabdeh mülkiyyətçi Cavabdeh1 isə iddiaçının bu arqumentləri ilə razılaşmır və qeyd edir ki, İddiaçı ilə oğlu Cavabdeh3 faktiki nikaha girməklə evlənmiş və nikahlarını 27 aprel 2018-ci il tarixdə rəsmiləşdirmişlər. Onlar evləndikdən sonra iddiaçı onların razılığı ilə Astara rayonu, Şahağacı kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Gəlin köçdükdən sonra bir aya yaxın müddətdə onlarla birgə yaşadıqdan sonra əri İmadəddinin yaşadığı və vətəndaşlığı olan Rusiya federasiyasına köçmüş, birgə nikah dövründə 13 noyabr 2018-ci il təvəllüdlü X5 adlı uşaqları doğulmuşdur. İddiaçı həmin evdə qısa müddət ərzində yaşamaqla, əsasən Rusiya Federasiyasında yaşamışlar. Bir müddət sonra Cavabdeh3 ilə İddiaçı arasında olan ər-arvad münasibətləri pozulduğundan ayrılmışlar və sonuncu hamilə olduğu dövrdə valideynlərinin evinə qayıtmışdır. İddiaçı köçmək istədiyi fərdi yaşayış evi hal-hazırda onun mülkiyyətində olmaqla, onunla iddiaçı arasında evdən istifadəyə dair hər hansı bir notarial müqavilə də bağlanmamışdır. İşdən göründüyü kimi mübahisəli fərdi yaşayış evi iddiaçının gəlin köçdüyü 2018-ci ildə mülkiyyət hüququ əsasında dövlət qeydiyyatında olmamışdır. Hazırda Cavabdeh1 mülkiyyətindədir. Onunla İddiaçı arasında qeyd edilən yaşayış evində yaşamasına dair hərhansı notariat qaydasında təsdiqlənən yazılı razılaşma olmamışdır. “X.Məmmədovanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 11 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, qayınata ilə gəlin arasında yaranmış mübahisələr Mənzil Məcəlləsinin 30.7-ci maddəsinə əsasən həll edilməlidir. Ona görə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəalarının müqayisəli təhlilinə əsasən gəlin mülkiyyətçinin (hazırki mübahisəyə uyğun olaraq qayınatanın) ailə üzvi (digər qohumların da ailə üzvi hesab edilməsi də nəzərə alınmaqla) hesab edilə bilməz. Belə olan halda, gəlin yalnız Mənzil Məcəlləsinin 30.7-ci maddəsinə əsasən mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən subyekt – vətəndaş kimi qəbul edilməlidir. Mənzil Məcəlləsinin 30.7-ci maddəsinin mənasından da görünür ki, qanunverici razılaşmanı hər hansı bir şərtlə (misal: yazılı və ya şifahi ola bilməsi ilə) əlaqələndirməmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyəəsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. 30.7-ci maddəsinə əsasən mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən vətəndaş belə razılaşmanın şərtlərinə müvafiq olaraq hüquqlara malikdir və müvafiq olaraq vəzifə və məsuliyyət daşıyır. Göründüyü kimi, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçi ilə birgə yaşayan üç müxtəlif subyekt müəyyən edilmişdir: Mülkiyyətçinin ailə üzvləri; Digər qohumları; Vətandaş; Mülkiyyətçinin ailə üzvlərinin dairəsi qanunda dəqiq müəyyən edilmişdir. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumların anlayışı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir”. Mənzil Məcəlləsinin 30.7-ci maddəsində qeyd edilir ki, mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən vətəndaş belə razılaşmanın şərtlərinə müvafiq olaraq hüquqlara malikdir və müvafiq olaraq vəzifə və məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarında qeyd edilir ki, “Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Bununla belə, əgər tərəflər arasında başqa razılaşma olarsa, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə etmək imkanı artıq ailə münasibətlərini tənzimləyən normalara görə deyil, mülki qanunvericilik əsasında davam edər. (Mənzil Məcəlləsinin 30.7-ci maddəsi). Qeyd edilən Plenum qərarının şərh hissəsinin mənasından, Plenum ailə üzvi olmayan şəxslərin mülkiyyətçinin yaşayış sahəsindən istifadə hüququnun razılaşma əsasında mülki qanunvericilik əsasında davam edə biləcəyini qəbul edir (Mənzil Məcəlləsinin 30.7-ci maddəsi). Hazırki mübahisədən də müəyyən edilir ki, cavabdeh hələ mülkiyyətçi olmadığı vaxtda şəxsi razılığı əsasında iddiaçını (gəlinini) istifadə etdiyi mənzilə köçürmüşdür. Sonradan İddiaçı əri Cavabdeh3 ilə birlikdə Rusiya federasiyası Vladivostok vilayətində yaşamışlar. Cavabdeh mənzilin mülkiyyətçisinə çevrildikdən sonra iddiaçı ilə mənzildən istifadəyə dair hər hansı bir razılaşmada olması müəyyən edilməmişdir. Belə olan halda, hazırki mübahisəyə Mülki Məcəllənin müddəalarının tətbiqi zərurəti yaranır. Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Belə olan təqdirdə İddiaçı ilə cavabdehin oğlu arasında nikahın ləğv edilibedilməməsindən asılı olmayaraq iddiaçının həmin mənzilə köçürülməsi barədə hər hansı bir hüququ yoxdur. Ona görə ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarında qeyd edilir ki, “ bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz”. Məhkəmə kollegiyasını birinci instansiya məhkəməsinin “İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qızına qarşı «Fərdi yaşayış evinə azyaşlı uşağı ilə birlikdə köçürülməyi tələbinə dair» iddiası əsassız olmasına görə təmin edilməsin”. Mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə qanuni və əsaslıdır. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Kollegiya iddiaçının apellyasiya şikayətinin dəlillərini isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizə hesab edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslandığından iş üzrə Astara Rayon Məhkəməsinin 2(018)1239/2022 saylı, 21 noyabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin 2(018)1239/2022 saylı, 21 noyabr 2022-ci il tarixli qətnaməsi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar