Məhkəmə qərarları › İş №2(106)-551/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-551/2023

13.04.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-551/2023 13.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh2 Şanqulu qızının iştirakları ilə, Lənkəran Rayon Məhkəməsinin 2(049)3782/2022 saylı, 15 dekabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 13 aprel 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 evinin yaxınlığında olmaqla bir hissəsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX ******* saylı Çıxarışla mülkiyyətində olan Lənkəran rayonu Liman şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən torpaq sahəsində inşa etdikləri tövlənin onların hesabına sökülməsi, həmin torpaq sahəsinə özbaşına yığdıqları mişar daşlarının onların hesabına oradan götürülərək cavabdehin zəbt olunmuş həmin torpaq sahəsindən çıxarılması, hasarı sökməklə və iki ədəd meyvə ağacını kəsməklə vurduqları maddi ziyana görə onlardan 1000 (bir min) manat, mənəvi ziyana görə 10000 (on min) manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında 0,06 ha həyətyanı torpaq sahəsi vardır və orada inşa edilmiş evdə ailə üzvləri ilə yaşayır. Bir neçə ildir ki, qonşuluqda yaşayan cavabdehlər həyətlərində tövlə inşa etmişlər. Lakin tövləni evindən təxminən 4 metr məsafədə olmaqla, müəyyən qədər mülkiyyətində olan torpaqda inşa etmişlər. Cari ilin iyun ayının 9-da isə cavabdehlər heç bir əsaslı səbəb olmadan həyətinə hücum edib, həyətində inşa etdiyi tövləyə bitişik navesin mişar daşından ibarət divarını kvalt, balta və digər alətlərlə sökmüş, özünün və ailə üzvlərinin ünvanına uca səslə nalayiq ifadələr işlədib təhqir etmiş, 2 ədəd meyvə ağacını kəsmiş, özlərinə məxsus mişar daşlarını şəxsi mülkiyyətində olan torpaq sahəsinə yığaraq 20x1,5 metr ölçüdə torpağını özbaşına zəbt etmişlər. Həmçinin həmin vaxt ona xəsarət də yetirmişlər. Bütün bunlar həmin vaxt ailə üzvləri tərəfindən videoya çəkilmişdir. Qeyd olunan xüsusatla bağlı şikayəti əsasında Lənkəran ŞRPŞ-nın TB-də araşdırma aparılmış, cinayət tərkibi olmaması qənaətinə gəlinsə də, Cavabdeh1 əməlində Azərbacan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibinin olması müəyyən edilərək, barəsində inzibati qadada tənbeh tədbiri görülmüşdür. Cavabdehdən qanunsuz və bir qədər də torpağında inşa etdikləri tövləni söküb, öz həyətlərində, kənarda inşa etmələri, həyətindən mişar daşlarını yığıb, hasarını bərpa etmələrini dəfələrlə tələb etsə də nəticəsi olmamışdır. Cavabdehlər mülkiyyətinə aid olan torpaq sahəsində özlərinə məxsus tövlənin bir hissəsini inşa etməklə, həmçinin həmin torpaq sahəsinə özbaşına mişar daşları yığmaqla oradan hazırda da istifadə etməklə həmin torpağa mülkiyyət hüquqlarını, eləcə də Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 110-cu maddəsini kobud şəkildə pozur. Belə ki, Torpaq Məcəlləsinin 110-cu maddəsinə sasən torpaq sahəsinin özbaşına tutulması torpaq qanunvericiliynin pozulması hesab edilir və bu hərəkəti törətmiş təqsirli şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci və 3-cü hissəsinə əsasən özbaşına tutulmuş zəbt olunmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi və orada olan binaların, tikililərin, qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Qanunvericiliyin tələbindən göründüyü kimi cavabdehlər ona məxsus torpaq sahəsini özbaşına tutduğundan həmin torpaq sahəsində çəkdikləri xərclər onlara ödənilmədən, torpaq əvvəlki vəziyyətinə gətirilməklə oradan çıxmalıdır. Lakin hazırda da cavabdehlər qeyd olunan torpaq sahəsini zəbt etməkdə davam etdiyindən həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını pozur və bu pozuntu davam etməkdədir. Bu hərəkətlərini dayandırması, zəbt etdiyi torpaq sahəsini tərk etməsi barədə dəfələrlə onlara etdiyi müraciətlər nəticəsiz qalmışdır. Hazırda da cavabdehlər qanunsuz hərəkətlərini davam etdirməklə göstərilən torpaq sahəsini zəbt etdiyindən qanuni mülkiyyətindən istifadə etməyi mümkün deyildir. Bundan başqa cavabehlərin həyətində kifayət qədər torpaq sahəsi olmasına baxmayaraq onlar məhz ona ziyan vurmaq məqsədi ilə yaşayış evinin yaxınlığında tövlə inşa etmişlər ki, həmin tövlənin ağır qoxusundan evdə yaşamaq mümkün deyildir. Qanunvericiliyin tələbinə əsasən cavabdehlər tövləsini həyətinin elə hissəsində inşa etməli idilər ki, həm evlə ara məsafə qanunvericiliyə uyğun olsun, həm də həmin tövlədən gələn ağır qoxu qonşu kimi onlara təsir etməsin. Lakin onlar həmin tövləni həyətinin başqa yerində inşa etmək imkanı olmasına baxmayaraq evilərinin yanında inşa etməklə həm qanunvericiliyin tələbini pozmuş, həm də mülkiyyətində olan torpaqda yerləşən evdə yaşamaqlarını qeyri-mümkün etmişdir. Bundan əlavə cavabdehlər navesin mişar daşından olan divarını sökməklə ona 500 manat dəyərində ziyan vurmuşlar. Belə ki, qeyd olunan navesin tikintisində istifadə edilmiş mişar daşları sındırılaraq yararsız hala salınmışdır. Halbuki həmin daşların alınmasına, onun hörülməsi üçün sement və qum alınmasına, hörgü işini həyata keçirən usta və fəhləyə pul vəsaiti verilmişdir. Cavabdehlər həmçinin 15 illik iki ədəd meyvə ağaclarını da kəsmişlər. Bununla da onu həm meyvə ağacından həm də onun bəhərindən məhrum etmişlər. Qanununvericiliyin tələbinə əsasən cavabdehlərin 500 manat məbləğində vəsait sərf etdiyi hasarını sökməsi və 15 illik yaşı olan iki ədəd meyvə ağacını kəsməsi ona vurulmuş maddi zərər hesab edilir ki, həmin zərəri də cavabdehlərdən tam məbləğdə tələb etmək hüququ vardır. Cavabdehlərin yuxarıda göstərilən hərəkətləri nəticəsində həmçinin ona mənəvi ziyan da vurulmuşdur. Belə ki, qohumları olan cavabdehlərin hərəkəti onun nüfuzuna zərbə vurmuş, onda dərin mənəvi sarsıntı və iztirablar, səhhətində ciddi problemlər yaratmış, mənfi psixoloji reaksiyaya, mütəmadi olaraq narahatçılıq hissləri keçirməsinə səbəb olmuş, mənəviyyatını sarsıtmış, ona dərin iztirablar vermişdir. Bununla da ona mühüm mənəvi ziyan dəymişdir. Hesab edir ki, ona vurulan mənəvi zərər heç bir pul ekvivalentinə uyğun deyildir. Lakin cavabdehlərin hərəkətlərinin dərin iztirab və sarsıntı keçirməyinə səbəb olması ilə nəticələnməsini nəzərə alaraq və ona mənəvi zərər vuran şəxsləri maddi cəzaya məruz qoymaq məqsədilə ona vurulan mənəvi zərəri 10000 (on min) manat civarında qiymətləndirir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişlər ki, iş üzrə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 oktyabr 2022-ci il tarixli rəyi ilə razı deyillər, ona görə də əlavə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi barədə verilmiş vəsatətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat göndərilmiş cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(bundan sonra MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Lənkəran Rayon Məhkəməsinin 2(049)3782/2022 saylı, 15 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (Hakim: N.Ağabəyov), İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “evinin yaxınlığında olmaqla bir hissəsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX ******* saylı Çıxarışla mülkiyyətində olan Lənkəran rayonu Liman şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən torpaq sahəsində inşa etdikləri tövlənin onların hesabına sökülməsi, həmin torpaq sahəsinə özbaşına yığdıqları mişar daşlarının onların hesabına oradan götürülərək cavabdehin zəbt olunmuş həmin torpaq sahəsindən çıxarılması, hasarı sökməklə və iki ədəd meyvə ağacını kəsməklə vurduqları maddi ziyana görə onlardan 1000 (bir min) manat, mənəvi ziyana görə 10000 (on min) manat məbləğində pulun alınaraq ona verilməsi” tələbinə dair iddiası rədd edilməsi, iş üzrə ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində məhkəmə xərci və ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı Dadaşov X2 Rayon Məhkəməsinin 2(049)3782/2022 saylı, 15 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdehlər tərəfindən apellyasiya şikayətinə etirazı daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya icraatı zamanı, apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, Lənkəran Rayon Məhkəməsinin 2(049)3782/2022 saylı, 15 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 Şanqulu qızı apellyasiya icraatı zamanı iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə şifahi etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini Lənkəran Rayon Məhkəməsinin 2(049)3782/2022 saylı, 15 dekabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişdir.. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası İddiaçı apellyasiya şikayətinin dəlilləri həddində Lənkəran Rayon Məhkəməsinin 2(049)3782/2022 saylı, 15 dekabr 2022-ci il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının; 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 158.1 və 158.2-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ və servitutlar da əmlak hüquqları sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 170.2-ci maddəsinin tələbinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin; 111-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəlləsinin 111-ci maddəsinin 2-ci və 3-cü hissəsinə əsasən özbaşına tutulmuş zəbt olunmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin, qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)3782/2022 saylı, 15 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya RX ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 2 ünvanı 0.06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ üzrə İddiaçı (fərdi yaşayış evi və torpaq sahəsi), Nümayəndə (torpaq sahəsi), X3 (torpaq sahəsi) və X1 (torpaq sahəsi) adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2016-cı ildə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/6216 №-li, 28 oktyabr 2022-ci il tarixli rəyindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 07 sentyabr 2022-ci il tarixli, **********49 saylı mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********61-10301 reyestr nömrəli Çıxarış və Texniki Pasport ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətlərində olan, Lənkəran rayonun Liman şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinin hüdudları yerdə (naturada) və xəritədə müəyyən edilmişdir. İddiaçı və ailə üzvlərinin mülkiyyətlərində olan həmin 0.06 ha torpaq sahəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən istifadə olunmadığı, cavabdehlər tərəfindən inşa edilmiş tövlənin və həyət sahəsindəki mişar daşlarının İddiaçı və ailə üzvlərinin dövlət reyestrində qeydiyyata alınmış həmin 0.06 ha torpaq sahəsində yerləşmədiyi müəyyən edilir. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, aparılmış tədqiqatın ümumi dəyəri 50 manat təşkil edir. Kollegiya qeyd edir ki, qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən görünür ki, mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunur. Qeyd edilən hüquq normalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə kollegiyası iş matreallarını və iddiaçının apellyasiya şikayətinin dəlillərini müqayisəli təhlil edərək qeyd edir ki, iş materiallarına əlavə edilmiş ekspert rəyləri ilə iddiaçı və onun ailə üzvlərinə məxsus torpaq sahəsinin cavabdehlərin qanunsuz sahibliyində olması, həmin torpaq sahəsində tikililərin inşa olunması müəyyən edilmir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/6216 №-li, 28 oktyabr 2022-ci il tarixli rəyindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 07 sentyabr 2022ci il tarixli, **********49 saylı mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********61-10301 reyestr nömrəli Çıxarış və Texniki Pasport ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətlərində olan, Lənkəran rayonun Liman şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinin hüdudları yerdə (naturada) və xəritədə müəyyən edilmişdir. İddiaçı və ailə üzvlərinin mülkiyyətlərində olan həmin 0.06 ha torpaq sahəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən istifadə olunmadığı, cavabdehlər tərəfindən inşa edilmiş tövlənin və həyət sahəsindəki mişar daşlarının İddiaçı və ailə üzvlərinin dövlət reyestrində qeydiyyata alınmış həmin 0.06 ha torpaq sahəsində yerləşmədiyi müəyyən edilir. Bundan başqa iddiaçı iddia tələbinin əsası və apelyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi hallara dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Odur ki, iddia tələbi əsaslı olmadığından, iddianın təmin edilməməsi barədə gəlinən nəticə qanuni və əsaslıdır. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Kollegiya İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız hesab etməklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Məhkəmə kollegiyası yuxarıda göstərilən iddia tələbinin yuxarıda göstərilən hallar üzrə hüquqi dəyərləndirilməsi nəticəsində apellyasiya şikayətinin dəlillərinə yekun hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi verilmiş tələb üzrə qanuni və əsaslı nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlilləri isə formal mülahizələrdən ibarət olmaqla qətnamənin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Lənkəran Rayon Məhkəməsinin 2(049)3782/2022 saylı, 15 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 2(049)3782/2022 saylı, 15 dekabr 2022-ci il tarixli qətnaməsi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar