Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-552/2025 06.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Novruzova Aytən Nazim qızı və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi, İddiaçı "xxxx" X5 Cəmiyyətinin nümayəndələri Nümayəndə və X1, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" X5 Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair Laçın Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(047)-1006/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi İşin halları İddiaçı ASC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi iddia tələbini onunla əsaslandırmışdır ki, ”Azər-Türk Bank” ASC ilə Cavabdeh arasında “fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsinə dair 21 oktyabr 2021-ci il tarixli, ******************** saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, bank ödəniş kartının verilməsi ilə bağlı müvafiq bank xidmətləri göstərməyi, müştəri isə müqavilə üzrə nəzərdə tutulmuş hallarda komissiya haqlarını, xidmət haqlarını, habelə digər ödənişləri həyata keçirməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə əsasən bank tərəfindən müvafiq kart cavabdehə təhvil verilmiş və onun istifadəsində olmuşdur. xx.xx.2021-ci il tarixdə xarici bankın müştərisi aldadılaraq pul köçürülmüşdür. Qarşı bank bu əməliyyat üçün chargeback sorğusu yaratmış və udmuşdur. Yuxarıda qeyd edilənlərə əsasən Cavabdeh bankın hesabına 1663.66 manat məbləğində əsassız varlanmışdır. 22 sentyabr 2023-cü il tarixində tərəflər arasında borcun hissə-hissə ödənilməsi barədə razılaşma əldə edilsə də, borc məbləği tam olaraq ödənilməmişdir. Bundan başqa, müqavilənin 2.7-ci bəndinə əsasən, müştərinin ödəniş kartı vasitəsilə apardığı əməliyyata görə bank rəsmi internet səhifəsində yaxud bunun üçün xüsusi yaradılmış digər elektron vasitələrdə əvvəlcədən müəyyən edilmiş şərtlərə uyğun həcmdə və ya məbləğdə geri ödəniş (cashback) həyata keçirə bilər. Müştəri xidmət/satış nöqtələrində alış zamanı alınan mal və ya xidmət geri qaytarıldıqda, ödənilmiş geri ödəniş məbləği (cashback) bank tərəfindən geri qaytarılır. Geri qaytarılan zaman müştərinin hesabında kifayət qədər vəsait olmadığı halda müştərinin ödəniş kartında (hesabında) borc məbləği (overdraft) yaradılır və müştəri tərəfindən qeyd-şərtsiz ödənilməlidir. Bank tərəfindən geri ödənişin (cashback) həyata keçirilməsi birtərəfli qaydada dayandırıla və ya şərtləri dəyişdirilə bilər. Fiziki şəxslərə ödəniş kartinin (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi müqaviləsinin standart şərtlərinin 3.1.8-ci bəndinə əsasən kart hesabına artıq səhvən mədaxil olunmuş vəsait (və ya texniki overdraft) barədə dərhal bankı məlumatlandırmaq, əlavə mədaxil olunmuş vəsaitdən istifadə etməmək, vəsaitin geri qaytarılmasını təmin etmək, əlavə mədaxil olunmuş vəsaitin bank tərəfindən silinməsinə etiraz etməmək, həmin standart şərtlərin 3.1.9-cu bəndinə əsasən isə əməliyyatın aparıldığı tarixdən vəsaitin silinməsi həyata keçirilən tarixədək olan dövr ərzində baş verən valyuta kursu dəyişikliyi nəticəsində və yaxud “offline” terminallarda aparılan əməliyyatlar nəticəsində kart hesabındakı vəsaitdən artıq istifadə halı qeydə alındığı təqdirdə bu vəsaiti qeyd-şərtsiz geri qaytarmaq müştərinin vəzifəsidir. Göründüyü kimi, cavabdeh ilə bank arasında olan 21 oktyabr 2021ci il tarixli müqavilə ödəniş kartının verilməsi və ondan istifadə münasibətlərini tənzimləyir. Borcun yaranmasına səbəb olan hadisə zamanı cavabdehin əldə etdiyi vəsait onun müqaviləyə əsasən əldə etməli olduğu əmlak (vəsait) deyildir və cavabdehin əsassız varlanması kimi şərh edilməlidir. Bоrcun ödənilməsi tələbi ilə borcluya dəfələrlə müraciət оlunmasına, tərəflərindən məsələnin məhkəmədən kənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq Cavabdeh onun istifadəsində ödəniş kartına bağlı olan hesabına köçürülən vəsaitin qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişdir. Borcluya göndərilmiş 12 sentyabr 2024-cü il tarixli, 6-3/xx/xx-8588 saylı bildiriş (хəbərdarlıq) məktubu da cavabsız qalmışdır. Hаl-hаzırdа borclunun müqaviləyə əsаsən «Аzər-Türk Bаnk» Аçıq Səhmdаr Cəmiyyətinə оlаn bоrcu 1663.66 manat təşkil еdir ki, bu bоrcun dа cavabdeh tərəfindən ödənilməsi təmin еdilməlidir. Odur ki, Cavabdeh əsassız varlanma nəticəsində əldə etiyi 1663.66 manat pulun və 37,04 manat ödənilmiş dövlət rusumunun İddiaçı ASC-nin xeyrinə tutulması məhkəmədən xahiş edilmişdir Birinci instansiya məhkəməsində icraat: Laçın Rayon Məhkəməsinin (hakim Cavad İbrahimov) xx.xx.2024-cü il tarixli iş № e- 2(047)-1006/2024 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh əsassız varlanma nəticəsində əldə edilmiş 1663.66 (bir min altı yüz altmış üç manat altmış altı qəpik) manat məbləğində pul və 37,04 (otuz yeddi manat dörd qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İddiaçı ASC ilə Cavabdeh arasında “Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi” dair xx.xx.2021-ci il tarixli, ******************** saylı müqavilə bağlanmış, həmin müqaviləyə əsasən bank ödəniş kartının verilməsi ilə bağlı müvafiq bank xidmətləri göstərməyi, müştəri isə müqavilə üzrə nəzərdə tutulmuş hallarda komissiya haqlarını, xidmət haqlarını, habelə digər ödənişləri həyata keçirməyi öz öhdəsinə götürmüş, bank tərəfindən müvafiq kart cavabdehə təhvil verilmiş, həmin kart cavabdehin istifadəsində olmuş və bundan sonra xx.xx.2021-ci il tarixdə xarici bankın müştərisi aldadılaraq pul köçürülmüş, daha sonra qarşı bank bu əməliyyat üçün chargeback sorğusu yaratmış və udmuş, bununla əlaqədar olaraq da İddiaçı ASC-nə 1663.66 manat həcmində ziyan dəymişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; İddiaçı ASC ilə Cavabdeh arasında “Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi” dair xx.xx.2021-ci il tarixli, ******************** saylı müqavilə bağlanmış, həmin müqaviləyə əsasən bank ödəniş kartının verilməsi ilə bağlı müvafiq bank xidmətləri göstərməyi, müştəri isə müqavilə üzrə nəzərdə tutulmuş hallarda komissiya haqlarını, xidmət haqlarını, habelə digər ödənişləri həyata keçirməyi öz öhdəsinə götürmüş, bank tərəfindən müvafiq kart cavabdehə təhvil verilmiş, həmin kart cavabdehin istifadəsində olmuş, bundan sonra xx.xx.2021-ci il tarixdə xarici bankın müştərisi aldadılaraq pul köçürülmüş, daha sonra qarşı bank bu əməliyyat üçün “chargeback” sorğusu verərək mübahisəni öz xeyrinə həll etmişdir. Bundan sonra tərəflər arasında qarşılıqlı razılıq əsasında borcun hissə-hissə ödənilməsi barədə xx.xx.2023-cü il tarixli razılaşma imzalanmış, Cavabdeh İddiaçı ASC-nə 2108,66 manat borcu olduğunu qəbul etmiş və həmin borcu 24 ay müddətinə, aylıq 87,66 manat məbləğindən az olmayaraq ödəməyi öz üzərinə götürmüşdür. Lakin Cavabdeh borcun hissə-hissə ödənilməsi barədə xx.xx.2023-cü il tarixli razılaşmanın tələblərini pozmuş, qeyd edilənlərlə əlaqədar olaraq da İddiaçı ASC-nə hal-hazırda 1663.66 manat həcmində ziyan dəymiş və Cavabdeh bankın hesabına 1663.66 manat məbləğində əsassız varlanmışdır. Cavabdehə əsassız varlanma nəticəsində əldə edilmiş vəsaitin qaytarılması haqqında İddiaçı ASC tərəfindən xx.xx.2024-cü il tarixdə bildiriş göndərilərək gecikdirilmiş vəsaitin banka geri qaytarılması barədə xəbərdarlıq edilsə də, bundan sonra da Cavabdeh tərəfindən əsassız varlanma nəticəsinə əldə olunmuş vəsait geri qaytarılmadığından iddiaçı məcbur olub belə bir tələblə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən də məhkəmə belə hesab etmişdir ki, sonradan tərəflər arasında qarşılıqlı razılıq əsasında borcun hissə-hissə ödənilməsi barədə xx.xx.2023-cü il tarixli razılaşma imzalanmış olsa da belə Cavabdeh heç bir hüquqi əsas olmadan başqa şəxsin, yəni İddiaçı ASC-nin hesabına pul vəsaiti əldə edərək əsassız varlanmışdır. Odur ki, iddia tələbinin təmin edilməsi qanuni və əsaslı hesab olunmalıdır. Eyni zamanda məhkəmə mülki iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə, 29-cu maddəsinin 2-ci hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 386.1, 439.4, 1091.1, 1091.2, 1092.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Laçın rayon Məhkəməsində e-2(047)-1006/2024 saylı işlə bağlı prosessual qaydalar kobud şəkildə pozulmuşdur və ədalətsiz qətnamə qəbul edilmişdir. Cavabdehin etirazlarına, vəsatətlərinə məhəl qoymadan, iddiaçının öz iddiasını sübut edə bilmədiyi halda qətnamə qəbul edilib. Ziyanın nə ilə bağlı dəydiyini və ümumiyyətlə ziyan dəymişdirsə onun əsaslarını və sübutlarını təqdim etməmişlər. Hazırkı günədək problemli adlandırılan vəsaitin geri qaytarılması haqda sənədlər təqdim olunmamışdır. “Borcun hissə-hissə ödənilməsinə dair” razılaşmanı xx.xx.2023 tarixində imzalıyarkən aldadılmış (ziyan sübut edilməyib) və təzyiqə (polis, məhkəmə təhdidi)məruz qalmışdır. Bank ziyana uğrayaraq,məhrum olduğunu subut edə bilmir! Bu subut cavabdehin kartına mədaxil edən xarici banka 2100 manat məbləğin geri qaytarılmasını təsdiq edən hesabdan çixarış,ödənişin təfərrüatı və ya SWİFTödəniş təsdiqidir. Bu sənədin adı “REFUND”-dır. Bu sənədlər azərbaycan dilində, hər kəsin anlaya biləyəcəyi, hüquqi qüvvəyə malik, yəni möhürlü, imzalı olmalıdır. İddiaçı bu günədək bankın ziyana uğradığını təsdiq edən sənədləri məhkəməyə təqdim etməyib. Ona görə də Laçın Rayon Məhkəməsinin 24 dekabr 2024-cü il 2(047)-1006/2024 saylı qətnaməsi ləğv edilməli və iddia tələbi tam rədd edilməlidir. Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Laçın Rayon Məhkəməsinin 24 dekabr 2024-cü il 2(047)-1006/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin rədd edilməsini, Laçın Rayon Məhkəməsinin 24 dekabr 2024-cü il 2(047)-1006/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin rədd edilməsini, Laçın Rayon Məhkəməsinin 24 dekabr 2024-cü il 2(047)- 1006/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 14.2.7-ci maddəsinə əsasən, əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas nolmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2.-ci maddəsinə Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1.-ci maddəsinə Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: Həmin Məcəllənin 1092.1.1.-ci maddəsinə bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; Həmin Məcəllənin 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Həmin Məcəllənin 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3.-ci qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 372.1.-ci Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7.-ci Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apelyasiya baxışının hədləri. Apellyasiya şikayətindən görünür ki, apellyator Laçın Rayon Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli 2(047)-1006/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı məhkəmə tərkibi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə tərkibi prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Laçın Rayon Məhkəməsinin 24 dekabr 2024cü il tarixli 2(047)-1006/2024 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərini, iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Mülki hüquq münasibətləri sferasında da müqavilələrdən geniş səviyyədə istifadə olunur. Geniş spektrli mülki hüquq və vəzifələrin əmələ gəlməsi məhz bilavasitə müqavilələrlə bağlıdır. Hüquqi fakt kimi müqavilə-mülki hüquq və vəzifələr əmələ gətirir, dəyişdirir və ya xitam edir. Bu baxımdan müqavilələr öhdəlik hüquq münasibətlərinin (öhdəliklərin) əmələ gəlməsini şərtləndirən hüquqi fakt kimi çıxış edir. Lakin bütün hüquqi faktların hamısını, istisnasız olaraq, müqavilə hesab etmək olmaz. Elə hüquqi faktlar vardır ki, onlar müqavilə hesab edilmir. İnsan iradəsindən asılı olmayaraq baş verən hüquqi faktlar, yəni hadisələr (məsələn, tufan, təbii fəlakət, zəlzələ, təbii yanğın və s.) mülki hüquq və vəzifələr əmələ gətirsə də və ya onları ləğv etsə də, müqavilə sayılmır. Hüquq məsuliyyətin müxtəlif növləri fərqləndirilir: sosial məsuliyyət; mənəvi məsuliyyət; siyasi məsuliyyət; hüquqi məsuliyyət. Sosial məsuliyyət daha əhatəli ümumiləşdirilmiş anlayışdır. Bu məsuliyyət cəmiyyətdəki bütün məsuliyyət növlərini özündə birləşdirir. Bu baxımdan hüquqi məsuliyyət sosial məsuliyyətin bir növü kimi çıxış edir. Mülki hüquqda hüquqi məsuliyyət mülki hüquq məsuliyyəti anlayışı ilə əhatə olunur. Mülki (əmlak) dövriyyənin normal inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Bu şərtin iqtisadiyyatın normal fəaliyyət göstərməsi üçün mühüm əhəmiyyəti vardır. Bəzi hallarda mülki hüquq subyektləri müqavilə və digər öhdəlikləri ya yerinə yetirmirlər, ya da lazımınca icra etmirlər. Bununla onlar mülki hüquq pozuntusu (mülki xətalar) törətmiş olurlar. Müqavilə və digər öhdəliklərin pozulması — törədilmiş mülki hüquq pozuntuları nəinki subyektlərin əmlak sferasına, habelə bütövlükdə ölkə iqtisadiyyatına və vətəndaş cəmiyyətinə mənfi təsir göstərir. Bunun nəticəsində istehsalın sabitliyi pozulur, cəmiyyətin əmtəə-pul münasibətləri mexanizmində qeyri-müntəzəmlik, fasilə, boş dayanma və pozuntu halları yaranı Mülki işin araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında “Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsinə” dair xx.xx.2021-ci il tarixli, ******************** saylı müqavilə bağlanmış, müqavilə şərtinə əsasən bank tərəfindən müvafiq kart cavabdehə təhvil verilmiş və onun istifadəsində olmuşdur. Qeyd edilən müqavilənin 2.7-ci bəndinə əsasən müştərinin ödəniş kartı vasitəsilə apardığı əməliyyata görə bank rəsmi internet səhifəsində yaxud xüsusi yaradılmış digər elektron vasitələrdə əvvəlcədən müəyyən edilmiş şərtlərə uyğun həcmdə və ya məbləğdə geri ödəniş (cashback) həyata keçirə bilər. Müştəri xidmət/satış nöqtələrində alış zamanı alınan mal və ya xidmət geri qaytarıldıqda, ödənilmiş geri ödəniş məbləği (cashback) Bank tərəfindən geri qaytarılır. Geri qaytarılan zaman müştərinin hesabında kifayət qədər vəsait olmadığı halda müştərinin ödəniş kartında (hesabında) borc məbləği (overdraft) yaradılır və müştəri tərəfindən qeyd-şərtsiz ödənilməlidir. Bank tərəfindən geri ödənişin (cashback) həyata keçirilməsi birtərəfli qaydada dayandırıla və ya şərtləri dəyişdirilə bilər. “Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə Xidmətlərin göstərilməsi müqaviləsinin standart şərtlərinin 3.1.8-ci və 3.1.9-cu bəndlərinə əsasən kart hesabına artıq səhvən mədaxil olunmuş vəsait (və ya texniki overdraft) barədə dərhal bankı məlumatlandırmaq, əlavə mədaxil olunmuş vəsaitdən istifadə etməmək, vəsaitin geri qaytarılmasını təmin etmək, əlavə mədaxil olunmuş vəsaitin bank tərəfindən silinməsinə etiraz etmək; əməliyyatın aparıldığı tarixdən vəsaitin silinməsi həyata keçirilən tarixədək olan dövr ərzində baş verən valyuta kursu dəyişikliyi nəticəsində və yaxud “Offline” terminallarda aparılan əməliyyatlar nəticəsində kart hesabındakı vəsaitdən artıq istifadə halı qeydə alındığı təqdirdə bu vəsaiti qeyd-şərtsiz geri qaytarmaq müştərinin vəzifəsidir. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, Bank ziyana uğrayaraq, məhrum olduğunu sübut edə bilmir. Bu sənədin adı “REFUND”-dır-yəni, vəsaitin geri qaytarılması. “REFUND” sənədi cavabdehə, məhkəməyə bu günədək təqdim edilməmişdir. Məhkəmə tərkibi qeyd edir ki, dispute (mübahisə) sənədidir və saxta (fraud) tranzaksiya iddiası ilə bağlı mübahisəni əks etdirir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qarşı bank bu əməliyyat üçün “chargeback” sorğusu verərək mübahisəni öz xeyrinə həll etmişdir. Bundan sonra tərəflər arasında qarşılıqlı razılıq əsasında borcun hissə-hissə ödənilməsi barədə xx.xx.2023-cü il tarixli razılaşma imzalanmış, Cavabdeh İddiaçı ASC-nə 2108,66 manat borcu olduğunu qəbul etmiş və həmin borcu 24 ay müddətinə, aylıq 87,66 manat məbləğindən az olmayaraq ödəməyi öz üzərinə götürmüşdür. Lakin Cavabdeh borcun hissə-hissə ödənilməsi barədə xx.xx.2023cü il tarixli razılaşmanın tələblərini pozmuş, qeyd edilənlərlə əlaqədar olaraq da İddiaçı ASC-nə hal-hazırda 1663.66 manat həcmində ziyan dəymiş və Cavabdeh bankın hesabına 1663.66 manat məbləğində əsassız varlanmışdır. Eyni zamanda cavabdeh apellyasiya şikayətində “Refund” sənədinin yeganə sübut olmasını qeyd etmişdir. Bu dəlillə bağlı məhkəmə tərkibi qeyd edir ki, borcun yaranması və mövcudluğu sübut olunmuşdur. Müqavilə bağlanarkən cavabdeh razılaşmanın şərtləri ilə razılaşmış və borcun ödənilməsinə dair öhdəlik götürmüşdür. Bununla yanaşı, refund sənədi isə borcun mövcudluğunu təsbit edən yeganə sübut kimi qəbul edilə bilməz. Çünki refund sənədi yalnız vəsaitin geri qaytarılmasını təsdiq edən sənəddir. Lakin mübahisədə əsas məsələ borcun yaranması və mövcudluğudur, bu isə artıq overdraft razılaşması və ödənişlər əsasında sübut olunur. Refund sənədinin təqdim edilməməsi borcun olmadığını göstərmir. Məhkəməyə təqdim olunan hesabdan çıxarışda pulların köçürülməsi təsdiq olunur. Cavabdeh, müqaviləni hədə təsiri altında imzaladığını iddia edir, lakin bunu sübut edən heç bir fakt təqdim etməyib. Məhkəmə tərkibi cavabdehin bu arqumentini zəiflədən məqamları qeyd edir: Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, overdraft razılaşması bağlandıqdan sonrakı müəyyən məbləğdə ödəniş edilmişdir. Əgər həqiqətən razılaşma hədə altında bağlanılmışdırsa, cavabdeh tərəfindən borcun müəyyən hissəsinin ödənilməsi ağlabatan və məntiqli deyildir. Bundan başqa, əqd bağlayan zaman vacib əhəmiyyətli yanılmanın şərtləri aşağıdakılardır (AR MM 347.2) 1.Şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; 2.Şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; 3.Tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. Lakin mövcud iş üzrə təqdim olunan sübutlar və hüquqi dəyərləndirmə göstərir ki, cavabdehin irəli sürdüyü dəlillər qeyd edilən hallardan heç birinə uyğun gəlmir. Cavabdeh iddia edir ki, bank zərərə uğramayıb və buna görə də cavabdeh əsassız varlanmayıb. 1.Lakin overdraft razılaşması, faktiki ödənişlər və digər sübutlar göstərir ki, borc yaranmışdır və ödənilməlidir. 2.Bununla belə, bankın maddi ziyana uğrayıb-uğramaması borcun geri qaytarılmasının zəruriliyini ortadan qaldırmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Birinci instansiya məhkəməsi iddianın hüquqi əsası kimi əsassız varlanma nəticəsində əldə edilənləri qaytarma vəzifəsi ilə əlaqədar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091 və 1092-ci maddələrinin nəzərdən keçirilməsi ilə bağlı gəldiyi qənaət düzgün olmuşdur. Belə ki, hüquqqoruyucu öhdəlik münasibətləri müqavilə əsasında əmələ gəlmir. Bu cür münasibətlər zərər vurmaqdan, ziyan yetirməkdən və ya əsassız varlanmadan əmələ gəlir. Həmin münasibətlər iki cür olur: delikt öhdəlik münasibətləri; əsassız varlanma ilə bağlı olan öhdəlik münasibətləri. Əsassız varlanmaya dair münasibətləri tənzimləyən normaların təhlilindən bəlli olur ki, bu əsasa söykənən tələbin keçərliliyi üçün qanunda nəzərdə tutulmuş dizpozitiv şərtlərin, həm də eyni vaxta olması tələb olunur: - birincisi, əsassız varlanmaya haqq qazandıran qanuni və ya müqavilə əsası olmur, eləcə də bu cür varlanma həyata keçirilmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənir; - ikincisi, iddiaçı əmlakdan məhrum olur; - üçüncüsü, cavabdeh iddiaçının hesabına əmlak əldə etmiş olur.cavabdeh qeyd edilən məbləği bank təşkilatına ödəmədiyindən, o, həmin məbləğ həddində əsassız varlanmışdır. Hazırki iş üzrə tərəflər arasında bağlanılmış müqavilə şərtinin cavabdeh tərəfindən pozulması nəticəsində iddiaçının ziyanla bağlı tələbinin təmini üçün işin müəyyən olunmuş faktiki hallarının istinad olunan qanunun dispozitiv şərtlərinə cavab verməsi – uyğun gəlməsi müəyyən olunur. Yəni işin qeyd edilən halında cavabdeh iddiaçının hesabına qanuni əsas olmadan əmlak əldə etmiş, əsassız varlanmış, iddiaçı da bunun nəticəsində həmin əmlakdan məhrum olmuşdur. Cavabdeh apellyasiya şikayətində irəli sürdüyü dəlilləri əsaslandırmaq üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. Buna görə də onun dəlilləri yalnız subyektiv mülahizələrdən ibarət olmaqla, hüquqi və faktiki əsaslardan məhrumdur. Məhkəmə işə baxarkən yalnız tərəflər tərəfindən təqdim olunmuş və işin mahiyyətinə aidiyyəti olan sübutları nəzərə alır. Sübutların məhkəməyə təqdim edilməsi kifayət etmir; onlar eyni zamanda işin halları ilə əlaqəli olmalı və onların həqiqiliyinə, mötəbərliyinə şübhə yeri qalmamalıdır. Sübutlar qanuni qaydada əldə edilməli və prosessual normalara uyğun təqdim olunmalıdır. Qətnamənin çıxarılması zamanı məhkəmə iş üzrə toplanmış sübutları hərtərəfli, tam və obyektiv şəkildə qiymətləndirir. Hakim sübutların dəyərini müəyyən edərək, iş üçün əhəmiyyətli olan halların təsdiqlənibtəsdiqlənmədiyini araşdırır. Eyni zamanda, məhkəmə tərəflərin hüquqi münasibətini müəyyən edir və mübahisənin həlli üçün tətbiq edilməli olan qanun normalarını dəqiqləşdirir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə, məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin həlli baxımından düzgün qənaətə gəlmişdir. Apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur, odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirələn hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki halda mübahisələndirilən hissədə iddianın qiyməti qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının 382, 384.0.1, 385.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qətetdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Laçın Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(047)-1006/2024 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-552/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-552/2025
06.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver