Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-557/2023 16.11.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakimlər: Allahyarov Zaur Mirzağa oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İmranov Orxan Fərman oğlunun katibliyi, İddiaçı3 və onun vəkili X3 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı3 Cavabdeh1 qarşı “zəbt edilmiş torpaq sahəsindən çıxarılma və hasarın sökülməsi” barədə iddia ərizəsinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli, 2(057)-65/2022 saylı qətnaməsindən cavabeh Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı3 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, mərhum X5 məxsus ünvan 1 ünvanında yerləşən 0,059997 ha həyətyanı torpaq sahəsinin plan və ölçüsünə uyğun olaraq bir tərəfdən eni 1 metr, tədricən darlaşan uzunluğu 30 metr olan hissəsindən çıxarılması və həmin zəbt etdiyi torpaq sahəsində tikdiyi hasarın öz vəsaiti hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 X6 ilə 1965-ci il tarixdə Salyan şəhərində nikaha daxil olmuşlar. Salyan rayon 2 saylı Xüsusi Notariat Ofisinin xx.xx.2020ci il tarixli 325g saylı arayışına əsasən xx.xx.2007-ci ildə vəfat etmiş X4 vərəsəsidir. Oğlu İddiaçı3la birlikdə yaşayır, sonuncu da vərəsədir. Salyan şəhəri, Ə.Hüseynov ev 137-də yerləşən, X6 tərəfindən 1987-ci ildə inşa edilmiş evin yerləşdiyi həyətyanı torpaq sahəsinin kadastr ölçü planını o əldə etməmişdir. Hazırda həmin kadastr planı DƏDRX 13 saylı Ərazi idarəsində saxlanılır. Reyestrdən çıxarışı almaq üçün Salyan rayon 2 saylı Xüsusi Notariat ofisindən məktub almaqla Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX 13 saylı Şirvan Ərazi idarəsinə müraciət etmişlər. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci “maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından həmin torpaq sahəsi ilə bağlı mübahisə olduğundan imtina edildiyi üçün reyestrdən çıxarışı ala bilməmişlər. xx.xx.2020-ci il tarixdə bu barədə DƏDRX 13 saylı Şirvan ərazi İdarəsi tərəfindən məktub verilmişdir. Salyan şəhəri, Ə.Hüseynov küçəsində yerləşən 0,059997 ha həyətyanı torpaq sahəsinə və üzərində yerləşən 2 otaqdan, 83.70 kvm sahədən ibarət olan 137 saylı fərdi yaşayış evi həmin evin sol tərəfdən qonşu Cavabdeh1 tərəfindən 1 metr enində 30 m. uzunluğunda hasar tikərək həyətini zəbt etmişdir. Həmin torpaq sahəsi yaşayış məntəqələri təyinatlı torpaqdır. Cavabdeh torpaq sahəsində hasar tikinti işləri aparmışdır. Cavabdeh həmin torpaq sahəsinin ona məxsus olduğunu iddia edir. Torpaq sahəsində tikinti işlərinin aparılmasına maneçilik törədərək, hasar tikintisinin aparılmasına və reyestr çıxarışının alınması üçün DƏDRX 13 saylı Şirvan Ərazi İdarəsinin işçiləri ölçü işləri aparılması mümkün olmamışdır. Halbuki, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, torpaq sahəsi qonşuluqda yerləşir. Həmin torpaq sahəsinin koordinatlarına əsasən həyətdə yerləşən evdən 1 metr məsafədə onlara məxsusdur. Hətta evin arxasında yerləşən hündür tut ağacını kəsməyə imkan vermir. Həmin ağac da evlərini zədələyir. Divarlar tut ağacının kökünün təsirindən çatlamışdır. Həmin tut ağacı iddia etdikləri yerdədir. Bütün cəhdlərə baxmayaraq bu günə kimi cavabdehin törətdiyi maneələri aradan qaldırmaq mümkün olmamışdır. DİN 102 Xidmətinə də bu barədə şikayət olunmuşdur. Amma mülki xarakterli olduğundan pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək onlara məsləhət bilinmişdir. Hazırda mülkiyyətində olan torpaq sahəsindən sərbəst istifadə etmək istəyirlər. Lakin dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh torpaq sahəsindən onun sərbəst istifadə etməsinə maneçilik törədir. Odur ki, Cavabdeh1 tərəfindən məhrum X5 məxsus ünvan 2 ünvanda yerləşən 0,059997 ha həyətyanı torpaq sahəsinin zəbt etdiyi eni 1 metr, uzunluğu 30 metr olan torpaq sahəsindən çıxarılması və həmin zəbt etdiyi torpaq sahəsində inşa etdirdiyi hasarın öz vəsaiti hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsini zəbt etməmişdir. Həmçinin, mütəxəssis rəyi ilə razı olmadığını bildirərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Salyan Rayon Məhkəməsinin 2(057)-65/2022 saylı, 19 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ağarza Səmədov) iddia qismən təmin edilmiş, Cavabdeh1 mərhum X5 məxsus ünvan 1 ünvanında yerləşən 0,059997 ha həyətyanı torpaq sahəsinin zəbt etdiyi torpaq sahəsinin plan və ölçüsünə uyğun olaraq bir tərəfdən eni 1 metr tədricən darlaşan uzunluğu 30 metr olan hissəsindən çıxarılması, zəbt olunmuş torpaq sahəsində inşa olunmuş hasarın sökülməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçıların mülkiyyətində olan bir tərəfdən eni 1 metr tədricən darlaşan uzunluğu təqribən 30 metr torpaq sahəsini qanunsuz olaraq hasar edərək faktiki istifadə edir. Nəticədə bu hərəkətləri ilə iddiaçıların mülkiyyət hüququnu pozmuşdur. Bunu işdə olan sənədlərdən və əlavə olunmuş fotoşəkillərdən aydın görmək mümkündür. Cavabdehin qeyd olunan torpaq sahəsinin tutulub istifadə etməsi üçün heç bir hüquqi əsası olmamışdır. Cavabdeh tərəfindən mərhum X5 məxsus ünvan 1 ünvanında yerləşən 0,059997 ha həyətyanı torpaq sahəsinin zəbt etdiyi eni 1 metr, uzunluğu 30 metr olan torpaq sahəsindən çıxarılması tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, cavabdehin zəbt etdiyi və mütəxəssis rəyinə əlavə olunmuş torpaq sahəsi bir tərəfdən eni 1 metr olmuş, digər tərəfdən isə getdikcə darlaşaraq iddiaçının torpaq sahəsi ilə üst-üstə düşmüşdür. Ona görə də iddiaçının tələb etdiyi qaydada 1 metr enində, 30 metr uzunluğunda cavabdehin çıxarılması yalnız iddiaçının mülkiyyətində olan torpaq sahəsi sərhədlərində mümkündür. Eyni zamanda, iddiaçıların tələb etdiyi hasarın cavabdehin hesabına sökülməsi tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, cavabdeh həmin hərəkətlərin edilməsində maraqlı deyil, həmin vəzifənin cavabdehin üzərinə qoyulması məhkəmə qətnaməsinin icrasını qeyri-müəyyən vəziyyətə gətirib çıxaracaqdır. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 146.1, 152.1 və Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 106.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Mülki Məcəllənin 152, 153, 154, 155, 156, 157, 158, 159-166, 169-176, 178-180, 139, 146-149, 238-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, o, heç kimin torpaq sahəsini zəbt etməmişdir, heç kimin mülkiyyəti də ona lazım deyildir. İş materiallındakı mütəxəssis rəyi digər sənədlərlə ziddiyyət təşki edir, rəy mövcud olmayan torpaq sahəsinə verilmişdir. İş materialında olan 13 saylı Şirvan Ərazi idarəsinin xx.xx.2021-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, torpaq sahəsi barədə X4 adına tərtib olunmuş plan və ölçü sənədi DTXKnin aidiyyəti rayon şöbəsindən ərazi idarəsinə təhvil verilərkən qeydiyyat kitablarında məlumat qeyd olunmamış və səlahiyyətli şəxslər tərəfindən təsdiq olunmamışdır. Eləcə də mütəxəssis rəyində iddiaçının mülkiyyətində 0,06 ha torpaq sahəsi olması qeyd edilmişdir, lakin iş materialında bu halı sübut edəcək hər hansı bir mötəbər sübut mövcud deyildir. Həmçinin iddiaçıların X4 vərəsəsi olması barədə iş materialında hər hansı bir sübut yoxdur. Bu da onu sübut edir ki, iddia tələbi hüququ olmayan şəxslər tərəfindən qaldırılmışdır. İş üzrə ekspert rəyi də alınmamışdır. Mülki prosessual Məcəllənin 14, 388, 389, 390-cı maddələrinin tələbləri pozularaq iş üzrə hallar tam araşdırılmamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçılar apellyasiya şikayətinə etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında İddiaçı3 və onun vəkili X7 apellyasiya şikayətini qəbul etməyərək, Salyan Rayon Məhkəməsinin 2(057)-65/2022 saylı, 19 may 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə İddiaçı1, və Cavabdeh1 məhkəmə iclasına gəlməmişlər və iştirak etməmələrinin səbəbi barədə məhkəmə kollegiyasına məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə yuxarıda adları göstərilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13.
1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29.
1. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. 2.Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsi; Maddə 6.1-6.1.4. Mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsipidir. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heçbir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi nəzərdə tutulduğundan qətnamənin tam yoxlanılmasını təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, məhkəmə mühəndis-texniki espertizasının rəyini tədqiq edərək hesab edir ki, aşağıda sadalananlara əsasən birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialında olan 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Salyan şəhərində yerləşən 0, 059997 ha həyətyanı torpaq sahəsinə dair X4 adına tərtib olunmuş A No 325383 olan torpaq sahəsinin plan və ölçü sənədi barədə məlumatlar 13 saylı Şirvan Ərazi İdarəsində aşkar olunmuşdur. Həmin sənəd ləğv edilmiş DTXK-nin aidiyyəti rayon şöbəsindən ərazi idarəsinə təhvil verilərkən qeydiyyat kitablarında məlumat qeyd olunmamış və səlahiyyətli şəxslər tərəfindən təsdiq olunmamışdır. Torpaq sahəsinə dair məlumatlar yalnız elektron daşıyıcılarda yerləşdirilmişdir. İş materialında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktuba əlavə etdiyi mütəxəssis rəyinə əsasən, İddiaçı1 və İddiaçı3 ləğv olunmuş DTXK tərəfindən verilmiş “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən mülkiyyətində 0,06 ha torpaq sahəsi mövcuddur, faktiki istifadələrində 0,065 ha torpaq sahəsi mövcuddur. Cavabdeh1 faktiki istifadəsində 0,082 ha torpaq sahəsi mövcuddur, lakin mülkiyyətində hər hansı bir torpaq sahəsinin mövcudluğu aşkarlanmadı. Təqdim olunmuş sənədlər 1987-ci ilə aid texniki pasport və ləğv olunmuş DTXK tərəfindən verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” faktiki istifadə olunan torpaq sahələri ilə uyğunluq təşkil etmir, yəni təqdim olunan sənədlərlə istifadə olunan torpaq sahəsinin ölçüləri fərqlidir. Lakin mübahisəli torpaq sahəsi ləğv olunmuş DTXK tərəfindən İddiaçı1 həyat yoldaşı mərhum X5 verilmiş A No 325383 nömrəli torpaq sahəsinin plan və ölçüsünün hüdudları daxilində yerləşir və faktiki olaraq Cavabdeh1 istifadəsində olan torpaq sahəsidir. Rəyə əlavə olunmuş sxemdən görünür ki, bir tərəfdən 1 metr enində getdikcə darlaşan ştrixlənmiş formada qeyd olunmuş torpaq sahəsi faktiki olaraq Cavabdeh1 istifadəsindədir. İş materialında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin son mütəxəssis rəyi və Məhkəmə Ekspertiza Mərkəzinin 03 oktyabr 2023-cü il tarixli rəyinə əsasən, İddiaçı1 və İddiaçı3 faktiki istifadələrində 0,065 ha torpaq sahəsi mövcuddur. Elektron kadastr baza məlumatlarında isə ləğv olunmuş DTXK tərəfindən İddiaçı1 həyat yoldaşı mərhum X4 adına işlənmiş **********1035 saylı “Torpaq sahəsinin planı və ölçüsü” ilə 0,06 ha torpaq sahəsi mövcuddur. Cavabdeh1 faktiki istifadəsində 0,082 ha torpaq sahəsi mövcuddur. Elektron kadastr baza məlumatlarında mülkiyyətə aid torpaq sahəsi müəyyən olunmadı. İddiaçı1 və İddiaçı3 iddia etdikləri mübahisəli torpaq sahəsi Cavabdeh1 faktiki istifadəsində olan torpaq sahəsində yerləşir. İddiaçı1 və İddiaçı3 istifadəsində olan torpaq sahəsi ilə Cavabdeh1 istifadəsində olan torpaq sahələri arasında daş hasar tikilisi mövcuddur. Daş hasarın 30 m-ə qədər hissəsi mübahisəlidir və həmin hasar İddiaçı1 və İddiaçı3 istifadəsində olan torpaq sahəsində yerləşmir. Rəyə əlavə olunmuş sxemadan görünür ki, Cavabdeh1 faktiki istifadəsində olan - 1 metr enində getdikcə darlaşan ştrixlənmiş formada qeyd olunmuş torpaq sahəsi faktiki olaraq Cavabdeh1 istifadəsindədir, lakin ləğv olunmuş DTXK tərəfindən İddiaçı1 həyat yoldaşı mərhum X5 verilmiş “Torpaq sahəsinin planı və ölçüsü”nə daxildir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarında olan sübutlar üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə işin faktiki hallarına uyğun olmaqla, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün heç bir əsas yoxdur. Belə ki, birinci instansiya məhkəməsi Cavabdeh1 iddiaçılara məxsus olan torpaq sahəsini zəbt edib oradan öz məqsədləri üçün qanunsuz istifadə etməklə iddiaçıların həmin torpaq sahəsi üzərindəki qanunla qorunan hüquqlarını pozduğu üçün haqlı olaraq iddia tələbini əsaslı hesab edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Yuxarıda qeyd edilən hüquq normalarının hazırki işin müəyyən edilmiş fakitiki hallarına tətbiq edərək məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların hazırkı iddia tələbi üzrə subyektiv hüquqlarının olması üçün vacib şərtlərdən biri mübahisələndirdikləri torpaq sahəsinin hər hansı hüquqi əsasla onlara məxsus olmasıdır. Ekspert rəyi ilə müəyyən olunmuşdur ki, iddiaçıların iddia etdikləri - daş hasarın mübahisələndirilən 30 m-ə qədər hissəsinin yerləşdiyi torpaq sahəsi iddiaçılara X1 miras qalmış, yəni onların qanuni istifadələrində olan torpaq sahəsində yerləşir. “S.Mahmudovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 12 fevral 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 1 noyabr 2013-cü il tarixli qərarında göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəflərin tələb və etirazlarına hüquqi qiymət verir, onların hüquq və vəzifələrini müəyyənləşdirir, işə faktlar üzrə araşdırma aparmaqla baxır. Bunun üçün apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinə təqdim olunmuş sübutlardan, həmçinin MPM-in 371-ci maddəsində müəyyən olunmuş qaydada ona təqdim olunmuş yeni sübutlardan istifadə edir. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakterli dəlillər olmaqla hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, ona görə də apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə ekspertiza xərcini təşkil edən 50 (əlli) manat Cavabdeh1 tutularaq dövlət nəfinə ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrinə əsasən, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli, 2(057)-65/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərcini təşkil edən 50 (əlli) manat Cavabdeh1 tutularaq (Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO**********000003944, SWİFT Bik CTREAZ22, Məhkəmə ekspertiza mərkəzi VÖEN:**********, Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) dövlət nəfinə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.