Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-559/2023 16.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Pərviz Tərlan oğlu (sədrlik edən və məruzəçi), İmanov Cahid Fehruz oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Məmmədov Samir Valeh oğlunun katibliyi, İddiaçı (eyni zamanda, iddiaçılar İddiaçı2 və İddiaçı3 nümayəndəsi) İddiaçı1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli 2(017)-1008/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Ağcabədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin ona məxsus Ağcabədi rayonu Poladlı kəndi ərazisində yerləşən 0,15 ha torpaq sahəsindən çıxarılmasını xahiş etmişdir. Ağcabədi Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli 2(017)-1008/2022 saylı qətnaməsi ilə (hakim Etibar Quliyev) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 JN 048 B kod 60812038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətində olan və Ağcabədi rayonunun Poladlı kəndi ərazisində yerləşən 0,15 ha həyətyanı torpaq sahəsindən çıxarılması qət edilmişdir. Cavabdeh1 Ağcabədi Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli 2(017)- 1008/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İ Ş İ N H A L L A R İ: İddia tələbi onunla əsaslandırılmışdır ki, digər iddiaçılar onun ailə üzvləridir. Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 1998-ci il tarixli 14 nömrəli qərarına əsasən ailə olaraq onlara Ağcabədi rayonu Poladlı kəndi ərazisindən 0,15 ha həyətyanı torpaq sahəsi verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair adlarına müvafiq olaraq JN 048 B kod 60812038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Özü ağır xəstə olduğuna görə 2006-cı ildə onun müalicəsi üçün arvadı İddiaçı2 Cavabdeh1 məcbur olub 400 manat məbləğində pul almışdır. Nüsrətin təkidi ilə 06 noyabr 2006-cı il tarixli müqavilə imzalanmışdır ki, guya torpağı Nüsrətə satmışlar. Lakin onlar arasında alqı-satqı olmamış və notariatda həmin alqı-satqı müqaviləsi qeydə alınmamışdır. Həmin vaxtdan etibarən aldıqları pulu qaytara bilmədiklərinə görə hal-hazıra kimi onlara məxsus mübahisəli torpaq sahəsini Cavabdeh1 istifadə etmişdir. Onların razılığı olmadan Nüsrət digər Cavabdeh2 da həmin torpaq sahəsinə gətirmiş və onlara aid torpaq sahəsini bir yerdə qanunsuz istifadə edirlər. Torpaqdan çıxmasını cavabdehlərdən tələb etsələr də, bu mümkün olmamışdır. Hazırda borclu olduqları 400 manat məbləğində pul vəsaitini geri qaytarmamışlar. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh1 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlərin onların mülkiyyətində olan Ağcəbədi rayonu Poladlı kəndində yerləşən 0.15 ha həyətyanı torpaq sahəsinin zəbt edilməsini və onların çıxarılmasını xahiş etmişdir. Lakin o, həmin torpaq sahəsinə görə 2006-cı ildə iddiaçılara 400 manat məbləğində pul ödəməklə almışdır. Bununla bağlı bələdiyyənin təsdiq etdiyi iddiaçıların iştirakı ilə tərtib edilmiş Torpaq sahəsinin satılmasına dair müqaviləni təqdim etmişlər. Həmin müqavilədə hər iki tərəfin üzərinə notarial qaydada təsdiq edilməsi kimi öhdəliyin qoyulması əks olunmuşdur. İddiaçı tərəfin isə bundan qərəzli şəkildə boyun qaçırmasını və sonda bundan sui-istifadə edərək hazırkı tələblə müraciət etməsini nəzərə almamışdır. Bundan başqa, birinci instansiya məhkəməsi işə baxarkən cavabdeh tərəfin iddia olunan torpaq sahəsinin hansı hissəsini zəbt edib-etməməsini də yoxlamamış və nəticədə ədalətli araşdırma aparmamışdır. Çünki hazırkı kateqoriya işlərə baxılarkən xüsusi biliyə malik olan şəxsin rəyinə zərurət yaranır. Torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi üçün “GPS” cihazı ilə ölçü işlə aparılmalı, bunun üçün məhkəmə tikinti-texniki ekspertizası təyin edilməli, iddiaçı tərəfin iddia etdiyi yerə subyektiv hüququnun olmaması kimi dəyərləndirilmə aparılmalıdır. Birinci instansiya məhkəməsi ümumiyyətlə, mübahisəli ərazinin yerini müəyyən etməmiş, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmək üçün bu kimi halları araşdırmalı idi. İşdə olan alqı-satqı müqaviləsindən görünür ki, o, mübahisəli 0.15 ha torpaq sahəsini 2006-cı ildə alqı-satqı müqaviləsi bağlayaraq cavabdehlər Etibar və Gülüstan Mustafayevlərdən 400 manat məbləğində pulu ödəməklə almışdır. 16 ildir ki, həmin torpaq sahəsi onun istifadəsindədir. O, həmin torpaq sahəsində yaşayış evi inşa etdirmiş, müxtəlif növlərdə ağaclar əkmişdir. Müqavilədə hər iki tərəfin müqavilənin imzalanması və notarial qaydada təsdiqlənməsi öhdəliyi qoyulmuşdur. Lakin iddiaçılar notariusa gedib müqaviləni təsdiqləmək əvəzinə 16 il keçdikdən sonra torpaqdan çıxarılma tələbi ilə müraciət edərək əsassız varlamaq niyyətinə düşmüşlər. Birinci instansiya məhkəməsi işə baxarkən onun 2006-cı ildən mübahisəli torpaq sahəsinə sahiblik etməyini, həmin torpaq sahəsində tikili inşa etdirməyini və nəticədə əmlakdan istifadə hüququnu özündə saxlamaq hüququnun olmasını nəzərə almamışdır. İddiaçı tərəf müqavilədə imzaların onlara məxsus olmaması kimi dəlilləri irəli sürsələr də, təqdim edilmiş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 26 yanvar 2022-ci il tarixli ekspert rəyi ilə imzaların iddiaçılara məxsus olması öz təsdiqini tapmışdır. Bu da onu göstərir ki, 2006-cı ildə bağlanmış müqavilə əsasında iddiaçılar həqiqətən də torpaq sahəsini ona satmışlar və o, həmin torpaq sahəsinin vicdanlı sahibidir. 16 ildir ki, iddiaçılar torpaq sahəsini ona satmışlar və o, torpaq sahəsini vicdanlılıq prinsipini rəhbər tutub sahib kimi istifadə etmişdir. Həmin torpaq sahəsində tikili inşa edərkən iddiaçılar bunu görmüşlər və etiraz etməmişlər ki, onlar tərəfindən torpaq sahəsinin satılması ilə razılaşmışlar. Torpaq sahəsinin rəsmiləşdirilməsi ilə əlaqədar dəfələrlə notariat orqanına gedib müqavilənin rəsmiləşdirilməsini tələb etsə də, müxtəlif bəhanələrlə iddiaçılar bundan boyun qaçırmışlar. Birinci instansiya məhkəməsi işin bu kimi hallarına düzgün hüquqi qiymət verməmiş, nəticədə maddi və prosessual hüquq normalarının pozulmasına yol vermişdir ki, bu da qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd etmək lazımdir ki, məhkəmə heç bir araşdırma aparmadan, həqiqətən də onun iddiaçının iddia etdiyi torpaq sahəsini istifadə etdiyini, ona məxsus tikilinin hansı torpaq sahəsində yerləşməsini müəyyən etmədən, mübahisəli əraziyə yerində baxmadan və ya bunun üçün məhkəmə tikinti-texniki ekspertizasını təyin etmədən iddianı təmin etmişdir. Hazrkı kateqoriya işlər üçün bu kimi prosessual addımların atılması zəruridir. Torpaq sahəsinin yeri müəyyən edilmədən hansı maddi hüquq normasına istinad edilməsi barədə nəticəyə gəlmək mümkün deyildir. Bu hissədə isə sübutlar məhkəmənin özü tərəfindən toplanılmalı olduğu halda, birinci instansiya məhkəməsi bu kimi prosessual addımları atmamışdır. Cavabdeh1 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, Ağcabədi Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli 2(017)-1008/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. O, əlavə olaraq göstərmişdir ki, iddiaçı onun mübahisəli torpağa çəkdiyi xərcləri ödəyərsə, onunla razılığa gələ bilər. O, iddiaçıdan torpaq sahəsini alanda Kənd İcra nümayəndəsinin və Bələdiyyənin sədrinin iştirakları ilə aralarında qarşılıqlı razılaşma olmuş və müqavilə bağlamışlar. Mübahisəli torpaq sahəsi 16 ildir ki, onun istifadəsində olmaqla, həmin torpaq sahəsində özünün yaşaması üçün fərdi yaşayış evi tikdirmiş və orada müxtəlif növ meyvə ağacları əkmişdir. İddiaçı və ya onun ailə üzvlərindən kimsə heç vaxt evin tikilməsinə, meyvə ağaclarının əkilməsinə, ümumiyyətlə torpaq sahəəsindən hər hansı istifadəyə etiraz etməmişdir. Belə ki, orada tikinti işləri gedəndə və digər işlər görüləndə iddiaçı özü dəfələrlə həmin yerdə olmuş və “xeyir-dua” vermişdir. İddiaçı1 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu, ona görə də, apellyasiya şikayətinin təmin edilmədən, Ağcabədi Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli 2(017)-1008/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. O, əlavə olaraq göstərmişdir ki, o, 2006-cı ildə mübahisəli torpaq sahəsini müqavilə əsasında Cavabdeh1 400 manata satmamışdır. O, həmin vaxt yataq xəstəsi olmuş və buna görə də, heç bir müqaviləyə imza edə bilməzdi. Həmin müqaviləyə nəzər yetirdikdə görünür ki, müqavilədə olan möhür və müqavilənin tərtib olunduğu vərəq yenidir. Əgər həmin müqavilə 16 il bundan öncə tərtib edilmiş olsaydı, həmin müqavilənin tərtib olunduğu vərəq saralar və müqaviləyə vurulmuş möhür solğun olardı. Beləcə, həmin müqavilə sonradan tərtib edilmişdir. Ona görə də, adıçəkilən müqavilənin heç bir hüquqi əsası yoxdur. 2006-cı ildə Cavabdeh1 400 manatı mərhum qardaşı Mustafayev Şıxəli Mustafa oğlu almışdır. Ancaq torpaq sahəsi geri qaytarılsa, həmin pulu özü qaytarmağa hazırdır. O, mərhum qardaşının Cavabdeh1 400 manat pul alaraq torpağı ona satmasını sonralar bilmişdir. Mustafayeva Gülüstan onun həyat yoldaşıdır və o, sözügedən müqaviləni imzalamamışdır. O, baxmyaraq ki, torpaq sahəsi eyni yaşayış sahəsində yerləşir, ancaq həmin torpağın Cavabdeh1 tərəfindən alındığını və istifadə edildiyini 2011ci ildə bilmişdir. Cavabdeh2 məhkəmədə iddia tələbi ilə razı olmadığını, mübahisəli torpaq sahəsinin ona aidiyyəti olmadığını bildirmişdir. Cavabdeh1 vəkili Xankişiyev Mirzə Aslan oğlu 18 aprel 2023-cü il tarixli məhkəmədə verdiyi izahatında göstərmişdir ki, Cavabdeh1 mübahisəli 0,15 ha torpaq sahəsini iddiaçılar İddiaçı1 və İddiaçı2 ilə olan qarşılıqlı razılaşmasına əsasən 400 manata almışdır. Aralarında olan razılaşma bələdiyyənin iştirakı və tərəflərin qarşılıqlı razılaşmasına əsasən rəsmiləşmiş və onlar arasında xüsusi mülkiyyətdə olan torpaq sahəsinin satılmasına dair 06 noyabr 2006-cı il tarixli müqavilə bağlanmışdır. Lakin həmin müqavilə notariat qaydasında təsdiq edilməmişdir. 2006-cı il tarixdən torpaq sahəsi cavabdehin istifadəsindədir. Cavabdeh1 həmin torpaq sahəsində fərdi yaşayış evi tikdirmiş, torpaqda yaxşılaşdırma işləri aparmış və müxtəlif növ ağaclar əkmişdir. Bir sözlə, 16 ildir ki, həmin torpaq sahəsi cavabdehin istifadəsindədir. Lakin iddiaçılar notariusa gedib müqaviləni təsdiqləmək əvəzinə 16 il keçdikdən sonra torpaqdan çıxarılma tələbi ilə müraciət edərək, əsassız varlamaq niyyətinə düşmüşlər. İddiaçı tərəf müqavilədə imzaların onlara məxsus olmaması kimi dəlilləri irəli sürsələr də, ekspert rəyi ilə imzaların iddiaçılara məxsus olması öz təsdiqini tapmışdır. Bu da onu göstərir ki, 2006-cı ildə bağlanmış müqavilə əsasında iddiaçılar həqiqətən də torpaq sahəsini cavabdehə satmışlar. Lakin məhkəmə bu halları nəzərə almamış əsassız nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilərək, Ağcabədi Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli 2(017)-1008/2022 saylı qətnaməsi ləğv edilməli və iddia rədd edilməlidir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli 2(017)-1008/2022 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan JN 048 B kod 60812038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 1998-ci il tarixli 14 nömrəli qərarına əsasən 3 nəfərdən - İddiaçı1, İddiaçı2 və İddiaçı3 ibarət olmuş ailə üzvlərinə Ağcabədi rayonunun Poladlı kəndi ərazisindən 0,15 ha həyətyanı torpaq sahəsi verilmişdir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, hazırkı iddianın təmin edilib-edilməməsi baxımından, məhkəmə tərəfindən iş üzrə tərəflər arasında mövcud razılaşmanın onların həqiqi iradə ifadəsini tamamilə əks etdirib-etdirməməsini düzgün qiymətləndirməmişdir. Belə ki, işdə olan Ağcabədi rayonunun Poladlı bələdiyyəsinin möhürü və tərəflərin imzası ilə təsdiq edilmiş 06 noyabr 2006-cı il tarixli müqavilədən görünür ki, JN 048 B kod 60812038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 1998-ci il tarixli 14 nömrəli qərarına əsasən İddiaçı1 və İddiaçı2 (habelə, uşaqları 15 iyun 1996-cı il təvəllüdlü İddiaçı3) mülkiyyətinə verilmiş Ağcabədi rayonunun Poladlı kəndi ərazisində yerləşən 0,15 ha həyətyanı torpaq sahəsini İddiaçı1 və İddiaçı2 400 manat məbləğə Cavabdeh1 satmışlar. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 yanvar 2022-ci il tarixli ekspert rəyi ilə müəyyən edilir ki, adıçəkilən 06 noyabr 2006-cı il tarixli müqavilədəki İddiaçı1 və İddiaçı2 adının qarşısındakı imzalar müvafiq olaraq İddiaçı1 və İddiaçı2 tərəfindən icra edilmiş və imzalar özlərinə məxsusdur. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Birinci instansiya məhkəməsi hazırkı iddia tələbinin qanuni əsası kimi MM-in 157.2-ci maddəsinə istinad edərkən həmin maddə üzrə bütün dispozisiya şərtlərini yoxlamamışdır. Belə ki, adıçəkilən maddə özündə üç şərti birləşdirir: iddiaçı əşyanın mülkiyyətçisi olmalıdır, cavabdeh əşyanın sahibi olmalıdır və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Ancaq mübahisəli torpaq sahəsinin 2006-cı ildən etibarən Cavabdeh1 faktiki istifadəsində olması halının qanunsuz baş verməsi iş üzrə təsdiqini tapmamışdır. Həmin torpaq sahəsinin Cavabdeh1 qanuni sahibliyinə verilməsi tərəflərin izahatları, eləcə də, iş materiallarında olan digər mötəbər sübutlarla tam təsdiq edilir. Bununla da, hazırkı iddia tələbinin MM-in 157.2-ci maddəsi əsasında həll edilməsi mümkün deyildir və iddianın qanuni əsası mövcud deyildir. MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Diqqətə çatdırılmalıdır ki, MPM-in 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, müqavilə tərəflər arasında öhdəliyin əmələ gəlməsi əsaslarındandır. Mülki hüquqi öhdəliklərin mühüm yaranma əsası kimi müqavilələr tərəflərin iradə sərbəstliyi ilə şərtləndirilir və tərəflərin iradə sərbəstliyi, müqavilə azadlığı müqavilə münasibətlərinin tənzimlənməsinin əsas prinsipləri olaraq qəbul edilir. Bağlanmış müqavilə üzrə tərəflər öz əmlak mənafeləri ilə yanaşı, həmçinin hüquq və vəzifələrini də müəyyən etməlidir. Müqavilə şərtləri həmişə mövcud qanunvericilikdə şərtləndirilmiş imperativ normalara uyğun olmalıdır. Belə ki, müqavilə anlayışı üç vacib elementdən ibarətdir ki, bunlara müqavilənin subyekt tərkibi, məzmunu və forması aiddir. Subyekt tərkibi müəyyən müqavilənin bağlanmasında və ya onun həyata keçirilməsində iştirak edən şəxsləri ehtiva edir. Müqavilədən yaranan qarşılıqlı hüquq və vəzifələrin daşıyıcıları olan şəxslər, yəni kreditor və borclu müqavilənin subyekt tərkibinə aiddir. Müqavilənin məzmunu dedikdə, müqavilə tərəflərinin hüquq və vəzifələri, onların barəsində razılıq əldə etdikləri şərtlərin məcmusu başa düşülür. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində qanunla müəyyən edilmiş formada razılıq əldə etdikləri təqdirdə müqavilə bağlanmış sayılır. Beləcə, qanunla müəyyən edilmiş məcburi formaya riayət edilməklə bağlanmış müqavilə üzrə kreditor müqavilənin digər tərəfindən, yəni həmin hərəkətləri etməyə borclu olan şəxsdən öhdəliyin icrasını tələb etmək hüququna malikdir. Nəzərə alınmalıdır ki, MM-in 6.1.2-ci maddəsinin tələbinə əsasən mülki hüquq subyektlərinin iradə sərbəstliyi mülki qanunvericiliyin prinsiplərindəndir. Həmin prinsip mülki hüquq subyektlərinin müqavilələrin forması ilə bağlı iradə azadlığını da ehtiva edir. Mülki hüquq subyektləri bir qayda olaraq müqavilələri arzu etdikləri istənilən formada (şifahi, fiziki hərəkətlərlə, sadə yazılı, notarial qaydada təsdiqlənməklə) bağlaya bilərlər. Müqavilənin forması ilə bağlı tərəflərin iradə azadlığı mülki dövriyyənin inkişafı, mülki münasibətlərin dinamikliyinin təmin olunması baxımından çox əhəmiyyətlidir. Ancaq şəxsi və (və ya) ictimai mənafeyin təmin olunması baxımından zərurət olduqda bəzi müqavilələrin bağlanılması qanunvericilikdə məcburi forma şərtinə tabe tutulur. Qanunvericiliyin müəyyən etdiyi forma (şəkil) tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər. Qanunda bəzi əqdlər üçün sadə yazılı və ya notariat qaydasında təsdiqlənmə tələbinin etibarlılıq şərti kimi müəyyən edilməsi həmin əqdlərin mahiyyətindən irəli gəlir. Belə ki, bir qayda olaraq iqtisadi dəyəri daha yüksək olan, fərdin şəxsi və iqtisadi həyatı baxımından mühüm rol oynayan (bir tərəf üçün öhdəlik və vəzifələr yaradan zaminlik, bağışlama vədi kimi) əqdlərin, dövlətin xüsusi qeydiyyatını apardığı əşyalara dair sərəncam öhdəliyi yaradan əqdlərin (daşınmaz əşyaların, avtomobil və s. əşyaların alqısatqısı, ipoteka və s.) etibarlı olması üçün onların müvafiq məcburi formada bağlanması və ya notarial qaydasında təsdiqlənməsi tələb olunur. Bununla mülki dövriyyə iştirakçılarına daha yaxşı düşünmək, bağlayacaqları əqd səbəbindən yaranacaq nəticələri əvvəlcədən müəyyən etmək və yekun qəti qərara gəlmək imkanı yaratmaq məqsədi güdülür. Məhz bu məqsədə nail olmaq, nəticədə mülki hüquq subyektlərinin mənafelərini qorumaq üçün qanunverici bir sıra əqdlər baxımından forma tələbini etibarlılıq şərti kimi müəyyən etmişdir. Göründüyü kimi, iddiaçıların eyni yaşayış ünvanında yaşaması baxımından torpaqdan istifadəyə uzun illər sükut nümayiş etdirməsi, Cavabdeh1 tərəfindən ona göstərilən razılığa, onda yaradılan arxayınçılığa görə də, orada müxtəlif növ ağaclar əkərək, ev inşa edərək həmin evdə yaşamaq onun qeyd edilən torpaq sahəsinə qanuni sahibliyinin göstəricisi sayılmalıdır. Hətta, İddiaçı1 həmin torpağın Cavabdeh1 tərəfindən istifadə edildiyini 2011-ci ildən bilməsi də öz izahatı ilə təasdiq edilir. Habelə, iş materialları ilə İddiaçı1 tərəfindən ağır xəstə olduğu üçün 2006-cı ildə Cavabdeh1 400 manat məbləğdə pul vəsaitinin mərhum qardaşı Mustafayev Şıxəli Mustafa oğlu tərəfindən alınması etiraf olunur. Bununla yanaşı, mübahisəli torpaq sahəsi geri qaytarıldığı təqdirdə, iddiaçının həmin pulu özünün qaytarmağa hazır olmasını bildirməsi də qeyd edilən məbləğ pulun onun üçün alındığına dolayı da olsa, bir işarədir. Bu hal özlüyündə tərəflər arasında mübahisəli torpaqla bağlı möv cud razılaşmanın onun iradəsi ilə əhatə edildiyini tam sübut edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O, da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Bundan əlavə, kollegiya diqqətə çatdırır ki, MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmçinin, 16.1-ci madəsinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Bundan əlavə, MM-in 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-in 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. MM-in 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2021-ci il tarixli “X.Mirzəliyevin şikayəti üzrə” qərarında göstərilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla, dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. MM-in 357-ci maddəsinə görə əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. MM-in 358-ci maddəsinə əsasən səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. MM-in 360.2-ci maddəsinin tələbinə əsasən təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Bundan əlavə, nəzərə alınmalıdır ki, MM-in 404.1 və 404.2-ci maddəsinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Məhkəmə iclasında müəyyən edilmiş işin mübahisəsiz faktiki hallarından görünür ki, Ağcabədi rayonunun Poladlı kəndi ərazisində yerləşən 0,15 ha mübahisəli həyətyanı torpaq sahəsi 2006-cı ildən Cavabdeh1 faktiki istifadəsindədir. Cavabdeh1 həmin torpaq sahəsində özü üçün fərdi yaşayış evi tikdirmiş, torpaqda yaxşılaşdırma işləri aparmış və müxtəlif növ ağaclar əkmişdir. Bir sözlə, həmin torpaq sahəsi qeyd edilən dövrdən etibarən etirazsız şəkildə cavabdehin istifadəsindədir. Lakin birinci instansiya məhkəməsi göstərilən halları nəzərə almamış, tərəflər arasındakı qarşılıqlı münasibəti onların müqavilə üzrə əsl məqsədlərini və iradə ifadələrini dəqiqləşdirmədən, yəni tərəflərin həqiqi iradə ifadələrinə uyğun şəkildə müqayisəli təhlil etməməyərək, işin faktiki hallarına qanunvericiliyin imperativ normalarını düzgün tətbiq etməməklə əsassız nəticəyə gəlmişdir. Bu baxımdan, məhkəmə kollegiyası hazırkı iş üzrə diqqətə çatdırmağı zəruri hesab edir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 mart 2023-cü il tarixli Plenum qərarına görə səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan suiistifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Konstitusiya Məhkəməsinin Plenumu göstərilənlərə əsasən hesab etmişdir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun adıçəkilən qərarında, eyni zamanda, göstərilmişdir ki, mülki dövriyyənin sabitliyinin təmin edilməsi məqsədi ilə məhkəmələr təqdim olunmuş sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq onların əsasında müqavilə üzrə tərəflərin əsl məqsədlərini və iradə ifadələrini dəqiqləşdirməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsini müəyyən etməli, müqavilələrin etibarlı olub-olmamasına düzgün hüquqi qiymət verməlidir. Qeyd edilməlidir ki, MM-in 560.3.4-cü maddəsinə görə digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir. Qeyd edilməlidir ki, “B.Qasımovun şikayəti üzrə” 09 dekabr 2019-cu il tarixli Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun qərarında formalaşmış hüquqi mövqeyə görə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər. Bununla da, 06 noyabr 2006-cı il tarixli müqaviləyə əsasən Cavabdeh1 2006-cı ildən sahibliyinə keçmiş və hazırkı vaxta kimi istifadəsində olan mübahisəli torpaq sahəsi üzrə qanuni gözləntiyə malikdir. Belə ki, onun bu sahibliyi tərəflər arasındakı müqavilə və ondan sonrakı uzun illər ərzində hazırkı iş üzrə iddiaçıların davranışı ilə müəyyən edilən rəftarı və əsl iradə ifadəsində inikasını tapan olunan qanunvericilik normalarına əsaslanır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malikdir. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” o halda qanunidir ki, o hər hansı qanunvericilik müddəasına və ya mübahisə obyektinə dair hüquqi sənədə əsaslansın (Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 2010-cu il 27 may tarixli Qərar, §103). Həmçinin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilibedilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarına və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 mart 2023-cü il tarixli və digər qərarlarında formalaşmış hüquqi mövqeyinə görə mübahisəli torpaq sahəsinə dair iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 artıq heç bir subyektiv hüququ mövcud deyildir. Nəzərə alınmalıdır ki, mübahisəli torpaq sahəsinin satıldığı vaxt - 2006-cı ildə İddiaçı3 yetkinlik yaşına çatmadığından yuxarıda qeyd edilən müqavilədə onun da imzasına zərurət olmamışdır. Məhkəmə kollegiyası subyektiv hüququn istisna edildiyi halda, iddiaçıların hazırkı iş üzrə icraat çərçivəsində hər hansı ekspertizanın keçirilməsi barədə dəlilini əsaslı və iş üçün əhəmiyyətli hesab etmir. Qeyd edilənlərlə əlaqədar, nəzərə alınmalıdır ki, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına görə mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır; Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Habelə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul olunmuşdur. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, hazırkı iddianın təmin edilməsi üçün hər hansı hüquqi əsas müəyyən edilməmişdir. Beləliklə, kollegiya hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Ağcabədi Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli 2(017)- 1008/2022 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin ona məxsus Ağcabədi rayonu Poladlı kəndi ərazisində yerləşən 0,15 ha torpaq sahəsindən çıxarılması tələbinə dair iddiası təmin edilməməlidir. Habelə, MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 77.1, 135.2, 217.2, 217.4, 372, 376.2, 384.0.1, 385.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Ağcabədi Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli 2(017)-1008/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin ona məxsus Ağcabədi rayonu Poladlı kəndi ərazisində yerləşən 0,15 ha torpaq sahəsindən çıxarılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-559/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-559/2023
16.05.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver