Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-562/2025 13.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı (üçüncü şəxs: Masallı rayon Göyəçöl bələdiyyəsi) həyətyanı torpaq sahəsinə cavabdeh tərəfindən bağlanmış gedişgəliş yolunun açılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsinə gedən yolun açılması, ekspertiza məsələləri) Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, X13 oğlunun katibliyi, İddiaçı2, İddiaçı1 vəkili Vəkil1, İddiaçıların nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı (üçüncü şəxs: Masallı rayon Göyəçöl bələdiyyəsi) həyətyanı torpaq sahəsinə cavabdeh tərəfindən bağlanmış gediş-gəliş yolunun açılması tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-9/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi İşin halları İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair JN-663A saylı şəhadətnamə ilə mülkiyyətlərində olan Masallı rayonu Göyəçöl kəndində yerləşən həyətyanı torpaq sahəsinin cavabdeh tərəfindən özbaşına hasar qoyulmaqla bağlanılmış gediş-gəliş yolunun onun hesabına açılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 24 iyul 1998-ci il tarixli qərarı ilə hazırkı yaşadıqları evin yerləşdiyi həyətyanı torpaq sahəsi mülkiyyətlərinə verilmiş və bu barədə onlara JN 663A saylı şəhadətnamə verilmişdir. Uzun müddətdir ki, istifadə etdikləri və rəsmi sənədlərdə də yol kimi nəzərdə tutulmuş ərazidə cavabdeh darvaza qoymaqla həmin yeri özünün torpaq sahəsinin daxilinə salır ki, nəticədə də həyətlərinə gediş-gəliş yolu bağlanmış olur. Bununla bağlı cavabdehə dəfələrlə iradlarını bildirsələr də, nəticəsi olmamışdır. Birinci instansiya məhkəməsində icraat Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-9/2024 saylı qətnaməsi (hakim C.Abdullayev) ilə iddia təmin edilmiş, Masallı rayonu, Göyəçöl kəndində yerləşən iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan həyətyanı torpaq sahəsinin kanalkənarı gediş-gəliş yolunun üzərində quraşdırılmış darvazanın cavabdeh X1 hesabına götürülməklə yaradılmış maneələrin aradan qaldırılması, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu qismində ödənilmiş 100 (yüz) manat və mütəxəssis rəylərinin verilməsinə görə ödənilmiş 265 (iki yüz altmış beş) manat pulun Cavabdeh tutularaq iddiaçılara ödənilməsi və ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pulun Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Məhkəmə işin faktiki halları ilə müəyyən olunmuşdur ki, Masallı rayonu, Göyəçöl kəndində iddiaçılara məxsus 0.06 hektar həyətyanı torpaq sahəsi var və həmin torpaq sahəsində fərdi yaşayış evi tikilmişdir. Həmin torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə iddiaçıların adına dövlət reyestrində rəsmi qeydiyyata alınmışdır. İddiaçı təxminən 2017-ci il tarixdən etibarən özünə məxsus torpaq sahəsinə gediş-gəliş yolu kimi bələdiyyənin mülkiyyətində olan kanalın mühafizə zonasından istifadə etmiş, həmin gediş-gəliş yolunun girişinə cavabdeh tərəfindən darvaza qoyulduqdan sonra gedişgəliş yolu bağlanmışdır. Cavabdehin darvazanı qoyduğu torpaq sahəsi bələdiyyənin mülkiyyətində olan, yəni cavabdehə məxsus torpaq sahəsininin hüdudlarından kənarda yerləşir. Gediş-gəliş yolu kimi mübahisə edilən torpaq sahəsi soldan cavabdehlə bələdiyyənin mülkiyyətində olan torpaq sahələrinə bitişik olmaqla, sağ tərəfdən bələdiyyənin mülkiyyətində olan su kanalı ilə həmsərhəddir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən qoyulmuş darvaza baza məlumatları üzrə verilmiş mütəxəssis və ekpsert rəylərinə əsasən iddiaçılara məxsus torpaq sahəsinə gedən yolun üzərində yerləşmədiyi, iddiaçıya məxsus torpaq sahəsinə gedən yolun başqa ərazidən keçdiyi göstərilsə də, işin faktiki halları ilə tam müəyyən edilmişdir ki, iddiaçının torpaq sahəsinə gediş-gəliş yolu kimi alternativ hər hansı imkanı olmamış, o, yalnız qeyd edilən mübahisəli ərazidən istifadə etməklə həmin hüququnu təmin edə bilər. Cavabdehin hər hansı hüquqi əsas olmadan bələdiyyə məxsus torpaq sahəsinə darvazanı qoymaqla gediş-gəlişə mane olması iddiaçının öz mülkiyyətində olan əmlaka istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən konstitusion mülkiyyət hüququnu kobud şəkildə pozur. Bu səbəbdən iddiaçının mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehin qeyd edilən özbaşınalığına son qoyulmalı, gediş-gəliş yolunun girişinə qoyulmuş maneə aradan qaldırılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.4, 170.2-ci maddələri, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsi, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47, 111-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 119.1, 217.4 və 218.3-cü əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, çıxarılmış qətnamə maddi hüquq normalarının tam şəkildə pozulması ilə qəbul edilmişdir. Ona və iddiaçılara verilmiş həyətyanı torpaq sahəsinin yanında əlavə olaraq bələdiyyə torpaq sahəsi də yerləşir. Bələdiyyə torpağından o 7 sotunu zəbt edərək həyətyanı torpaq sahəsinə birləşdirmişdir. İddiaçılar isə bələdiyyə torpağından 11 sotunu zəbt edərək həyətyanı torpaq sahəsinə birləşdirmişlər. Buna sübut olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında X2 Təşkili üzrə X7 rayon Gəyəçöl bələdiyyəsinə xx.xx.2019-cu il tarixli məktubunda tam şəkildə qeyd edilmişdir ki, iddiaçılar bələdiyyə mülkiyyətinə məxsus 11 sot toraq sahəsini zəbt etmişlər. Yəni mülkiyyətində olan torpaq sahəsindən artıq hissə bələdiyyə mülkiyyətidir. O, Gəyəçöl bələdiyyəsi ilə mülkiyyətində olan torpaq sahəsinin ona satması barədə razılaşmışdırlar. Məhkəmələr qurtardıqdan sonra həmin torpaq sahəsini o alğı-satqı müqaviləsi əsasında alacaqdır. Mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizaları dəfələrlə təyin edilmiş, istər mütəxəssis, istərsədə ekspert rəyləri bir mənalı olaraq ərazidən iddiaçıların mülkiyyətlərinə gediş-gəliş yolunun nəzərdə tutulmadığı qeyd edilmişdir. Həmçinin rəydə qeyd edilmişdir ki, iddiaçıların mülkiyyətlərində olan həyətyanı torpaq sahəsinə gediş-gəliş yolunun iddia olunan ərazidən deyil digər yerdən olması göstərilmişdir. Həmin yeridə rəyə əlavə edilmiş yer quruluşu planında göstərmişlər. Rəydə konkret olaraq yazılmışdır ki, darvazanın qoyulduğu torpaq sahəsi yol kimi nəzərdə tutulmamışdır. Qətnamədə qeyd edilən su kanalı kəndin qərbindən şərqinə doğru uzanmaqdadır və həmçinin yüzlərlə evin həyətindən gəlib keçir. O kanalı və onun mühafizə zolağını zəbt etməmişdir. Bələdiyyə sədrinin məhkəmə iclasında verdiyi ifadə tamamı ilə əsassızdır. O, məhkəmə iclasında bildirmişdir ki, sözügedən torpaq sahəsi bələdiyyə mülkiyyətində olmaqla su kanalının mühafizə zonasına daxil olan ərazidir. İddiaçılara verilmiş torpağın mülkiyyətinə dair çıxarışda qanunsuzdur. İlk öncə torpaq sahəsinə gedən yol müəyyən olunmalı, sonra isə çıxarış verilməlidir. Məhkəmə məhkəmə iclasında iddiaçılara verilmiş çıxarışı tətqiq edərkən, əmlak komitəsinin baza məlumatlarına yox, Google Map-in və digər sosial şəbəkələrin kordinatlarına istinad etmişdir. İşin qırılma nöqtəsi iddiaçının iddia tələbi ilə məhkəmədə iddia qaldırmaq üçün sübyektiv hüququnun olmamasıdır. Məhkəmə iddiaçının sübyektiv hüququnu yaratmaq üçün heç bir sənədə istinad etmədən zəbt etdiyi bələdiyyə mülkiyyəti torpağını, su kanalının mühafizə zolağı kimi qətnaməsində qeyd etmişdir. O təxminən bələdiyyə mülkiyyətinin 7 sot torpaq sahəsini qanuni əsaslarla zəbt etmişdir. Yəni torpaq sahələri bölünərkən kimin mülkiyyətində olan torpaq sahəsinin yaxınlığında bələdiyyə torpaqları var idisə, həmin torpaq sahələri ona çatırdı. Məhkəmə qətnaməsində maddi hüquq norması kimi mülkiyyət hüququna aid normalara səhvən istinad etmişdir. Çıxarılmış qətnamə bir çox pozuntularla, yəni verilmiş mütəxəssis və ekspert rəylərinə düzgün qiymət verilməməsi, iddiaçının subyektiv hüququnun olmasının araşdırılmaması səbəbindən Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-09/2024 saylı qətnaməsi ləğv edilməli və iddia tələbi rədd olunmalıdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahat verərək bildirmişdir ki, apellyasiya şikayətini müdafiə edir. Bildirir ki, cavabdehə və iddiaçılara verilmiş həyətyanı torpaq sahəsinin yanında əlavə olaraq bələdiyyə torpaq sahəsi də yerləşir. Bələdiyyə torpağından cavabdeh 7 sotunu, iddiaçılar isə 11 sotunu zəbt edərək həyətyanı torpaq sahələrinə birləşdirmişlər. Cavabdeh Gəyəçöl bələdiyyəsi ilə mülkiyyətində olan torpaq sahəsinin ona satması barədə razılaşmış, lakin bələdiyyə məhkəmələr qurtardıqdan sonra həmin torpaq sahəsini cavabdehə alğı-satqı müqaviləsi əsasında satacağını bildirmişdir. Mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizaları dəfələrlə təyin edilmiş, istər mütəxəssis, istərsədə ekspert rəyləri bir ərazidən iddiaçıların mülkiyyətlərinə gediş-gəliş yolunun nəzərdə tutulmadığı qeyd edilmişdir. Həmçinin rəydə qeyd edilir ki, iddiaçıların mülkiyyətlərində olan həyətyanı torpaq sahəsinə gediş-gəliş yolunun iddia olunan ərazidən deyil digər yerdən olması göstərilmişdir. Həmin yeridə rəyə əlavə edilmiş yerqurluşu planında göstərmişlər. Rəydə konkret olaraq yazılmışdır ki, darvazanın qoyulduğu torpaq sahəsi yol kimi nəzərdə tutulmamışdır. Əlavə olaraq qeyd edir ki, iddiaçıların iddia qaldırmaq üçün subyektiv hüquqları yoxdur. Məhkəmə hansı mötəbər sübuta istinad edərək qeyd edir ki, darvazanın qoyulduğu torpaq sahəsi ümumi istifadədə olan ərazidir? Qətnamədə qeyd edilən su kanalı kəndin qərbindən şərqinə doğru uzanmaqdadır və həmçinin yüzlərlə evin həyətindən gəlib keçir. Cavabdeh kanalı və onun mühafizə zolağını zəbt etməmişdir. Bələdiyyə sədrinin birinci instansiya məhkəməsi zamanı verdiyi ifadə tamamı ilə əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən Gəyəçöl bələdiyyəsinə mübahisəli torpaq sahəsinin təyinatı barədə sorğu göndərilmiş, bələdiyyə tərəfindən sorğuya cavab olaraq bələdiyyədə baza məlumatları olmadığından sorğuya cavab verə bilməyəcəkləri bildirilmişdir. Birinci instansiya məhkəməsi iddiaçının subyektiv hüququnu yaratmaq üçün heç bir sənədə istinad etmədən cavabdehin zəbt etdiyi bələdiyyə mülkiyyəti torpağını, su kanalının mühafizə zolağı kimi qətnaməsində qeyd etmişdir. Məhkəmənin nəzərinə çatdır ki, orada yol nəzərdə tutulmamışdır. Həmçinin alternativ yol da mövcuddur. Həyətə iki günk atılaraq guya orada yolun olmaması bildirilmişdir. Apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 vəkili Vəkil1 izahat verərək bildirmişdir ki, apellyasiya şikayətini qəbul etmirlər. Bildirir ki, sözügedən yerə iddiaçıların alternativ yolu yoxdur. Birinci instansiya məhkəməsi zamanı mübahisəli əraziyə yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, orada təkcə piyada yolu var, o da ata həyətindən keçməklə mümkündür. Həmin darvazaya görə oradan hər hansı bir avtomobilin keçməsi mümkün deyildir. Sözügedən yer ümumi istifadədə olan yerdir və kanalın qırağıdır deyə satıla da bilməz. Sadəcə olaraq cavabdeh heç bir əsas olmadan darvaza qoymuş, iddiaçının gediş-gəliş yoluna maneçilik törətmişdir. Apellyasiya şikayətinin təmin edilməməsini, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-9/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 apellyasiya şikayətinin əsassız olduğundan rədd edilməsini və Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-9/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin əsassız olduğundan rədd edilməsini və Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-9/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin maddəyə müvafiq olaraq sahiblik hüququ — əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin, istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin, sərəncam hüququ isə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Sahiblik və istifadə hüquqları nəticəsində şəxs əmlaka malik olur və onu istismar edə bilir. Sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsi ilə nəticələnir. Bu zaman mülkiyyətçi öz mülahizəsinə görə səlahiyyətlərini həyata keçirmək və ya əmlak üzərində sərəncam vermək hüququnu digər şəxslərin həmin əmlak üzərində iradəsindən asılı olmayaraq bilavasitə qanuna əsaslanaraq həyata keçirir. Digər şəxslərin əmlak üzərində iradəsi isə təkcə qanuna söykənmir, eyni zamanda mülkiyyətçinin iradəsindən asılı olur və onunla şərtlənir. Həmin Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Cavabdehin apellyasiya şikayətindən görünür ki, apellyator Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-9/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə tərkibi prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Masallı Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(050)-9/2024 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətlərinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-9/2024 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən qoyulmuş darvaza baza məlumatları üzrə verilmiş mütəxəssis və ekpsert rəylərinə əsasən iddiaçılara məxsus torpaq sahəsinə gedən yolun üzərində yerləşmədiyi, iddiaçıya məxsus torpaq sahəsinə gedən yolun başqa ərazidən keçdiyi göstərilsə də, işin faktiki halları ilə tam müəyyən edilmişdir ki, iddiaçının torpaq sahəsinə gediş-gəliş yolu kimi alternativ hər hansı imkanı olmamış, o, yalnız qeyd edilən mübahisəli ərazidən istifadə etməklə həmin hüququnu təmin edə bilər. Cavabdehin hər hansı hüquqi əsas olmadan bələdiyyə məxsus torpaq sahəsinə darvazanı qoymaqla gediş-gəlişə mane olması iddiaçının öz mülkiyyətində olan əmlaka istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən konstitusion mülkiyyət hüququnu kobud şəkildə pozur. Bu səbəbdən iddiaçının mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehin qeyd edilən özbaşınalığına son qoyulmalı, gediş-gəliş yolunun girişinə qoyulmuş maneə aradan qaldırılmalıdır. Apellyasiya şikayətinin ilk dəlili ondan ibarət olmuşdur ki, mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizaları dəfələrlə təyin edilmiş, istər mütəxəssis, istərsədə ekspert rəyləri bir mənalı olaraq ərazidən iddiaçıların mülkiyyətlərinə gediş-gəliş yolunun nəzərdə tutulmadığı qeyd edilmişdir. Həmçinin rəydə qeyd edilmişdir ki, iddiaçıların mülkiyyətlərində olan həyətyanı torpaq sahəsinə gediş-gəliş yolunun iddia olunan ərazidən deyil digər yerdən olması göstərilmişdir. Həmin yeridə rəyə əlavə edilmiş yer quruluşu planında göstərmişlər. Rəydə konkret olaraq yazılmışdır ki, darvazanın qoyulduğu torpaq sahəsi yol kimi nəzərdə tutulmamışdır. Qətnamədə qeyd edilən su kanalı kəndin qərbindən şərqinə doğru uzanmaqdadır və həmçinin yüzlərlə evin həyətindən gəlib keçir. O kanalı və onun mühafizə zolağını zəbt etməmişdir. Bələdiyyə sədrinin məhkəmə iclasında verdiyi ifadə tamamı ilə əsassızdır. Birinci instaniya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə tərkibi qeyd edir ki, şikayətin dəlilləri əsassızdır. Məhkəmə tərkibi qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların mövcudluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə tərkibi hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddiaya düzgün hüquqi qiymət verilmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Masallı rayonu, Göyəçöl kəndində iddiaçılara məxsus 0.06 hektar həyətyanı torpaq sahəsi var və həmin torpaq sahəsində fərdi yaşayış evi tikilmişdir. Həmin torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə iddiaçıların adına dövlət reyestrində rəsmi qeydiyyata alınmışdır. İddiaçı təxminən 2017-ci il tarixdən etibarən özünə məxsus torpaq sahəsinə gediş-gəliş yolu kimi bələdiyyənin mülkiyyətində olan kanalın mühafizə zonasından istifadə etmiş, həmin gediş-gəliş yolunun girişinə cavabdeh tərəfindən darvaza qoyulduqdan sonra gediş-gəliş yolu bağlanmışdır. Cavabdehin darvazanı qoyduğu torpaq sahəsi bələdiyyənin mülkiyyətində olan, yəni cavabdehə məxsus torpaq sahəsininin hüdudlarından kənarda yerləşir. Gediş-gəliş yolu kimi mübahisə edilən torpaq sahəsi soldan cavabdehlə bələdiyyənin mülkiyyətində olan torpaq sahələrinə bitişik olmaqla, sağ tərəfdən bələdiyyənin mülkiyyətində olan su kanalı ilə həmsərhəddir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən qoyulmuş darvaza baza məlumatları üzrə verilmiş mütəxəssis və ekpsert rəylərinə əsasən iddiaçılara məxsus torpaq sahəsinə gedən yolun üzərində yerləşmədiyi, iddiaçıya məxsus torpaq sahəsinə gedən yolun başqa ərazidən keçdiyi göstərilsə də, işin faktiki halları ilə tam müəyyən edilmişdir ki, iddiaçının torpaq sahəsinə gediş-gəliş yolu kimi alternativ hər hansı imkanı olmamış, o, yalnız qeyd edilən mübahisəli ərazidən istifadə etməklə həmin hüququnu təmin edə bilər. Cavabdehin hər hansı hüquqi əsas olmadan bələdiyyəyə məxsus torpaq sahəsinə darvazanı qoymaqla gediş-gəlişə mane olması iddiaçının öz mülkiyyətində olan əmlaka istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən konstitusion mülkiyyət hüququnu kobud şəkildə pozur. Göründüyü kimi iddaçıların iddia tələbi əsaslı olmaqla, cavabdehin apellyasiya şikayəti əsassızdır. Odur ki, məhkəmə tərkibi birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iddianı təmin etməməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Məhkəmə tərkibi iş üzrə toplanmış sübutlara və yuxarıda göstərilən maddi hüquq normalarını hazırkı münasibətlərə tətbiq etməklə hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır. Belə ki, mübahisəli darvazanın yerləşdiyi torpaq sahəsi Masallı Rayon Göyəçöl Bələdiyyəsinə aid ümumi istifadədə olan ərazidə yerləşir. Birinci instansiya məhkəməsinin gəldiyi ilə razılaşan məhkəmə tərkibi qeyd edir ki, cavabdehin hər hansı hüquqi əsas olmadan bələdiyyəyə məxsus torpaq sahəsinə darvazanı qoymaqla gediş-gəlişə mane olması iddiaçının öz mülkiyyətində olan əmlaka istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən konstitusion mülkiyyət hüququnu kobud şəkildə pozur. Bu səbəbdən iddiaçının mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehin qeyd edilən özbaşınalığına son qoyulmalı, gediş-gəliş yolunun girişinə qoyulmuş maneə aradan qaldırılmalıdır. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Göründüyü kimi, qanun mülkiyyətçinin özünə məxsus əmlakdan sərbəst istifadəsini iki şərt daxilində məhdudlaşdırır: bunlardan biri əmlakdan istifadənin qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozması, digəri isə hüquqdan sui - istifadə etməsidir. Cavabdehin başqa şəxsin istifadəsinə maneə yaratdığı torpaq sahəsi ümumiyyətlə onun mülkiyyətində deyildir. Hazırkı işin halları ilə müəyyən edilmişdir ki, cavabdehə məxsus torpaq sahəsi birbaşa iddiaçıya məxsus torpaq sahəsi ilə qonşuluqda yerləşməsə də, əmlak sahibi kimi iddiaçının yol kimi istifadə etdiyi ərazinin onun həyəti ilə həmsərhəd olmasından istifadə edərək yolun girişinə darvaza qoymaqla yaranmış vəziyyətdən sui istifadə edərək iddiaçının hüquqlarını kobud şəkildə pozmuşdur. Yəni, iddiaçının özünə məxsus əmlakdan istifadə etmək hüquqlarının həyata keçirilməsinə cavabdeh tərəfindən maneçilik törədilir. Cavabdeh özü də bunu qəbul etməklə buna haqqı çatdığını iddia edir. Ona görə də mülkiyyətçinin (iddiaçının) mülkiyyət hüquqlarının həyata keçirməsinə cavabdeh tərəfindən maneə törədildiyindən iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, iddiaçılara verilmiş torpağın mülkiyyətinə dair çıxarış qanunsuzdur. Məhkəmə iddiaçının sübyektiv hüququnu yaratmaq üçün heç bir sənədə istinad etmədən zəbt etdiyi bələdiyyə mülkiyyəti torpağını, su kanalının mühafizə zolağı kimi qətnaməsində qeyd etmişdir. O təxminən bələdiyyə mülkiyyətinin 7 sot torpaq sahəsini qanuni əsaslarla zəbt etmişdir. Yəni torpaq sahələri bölünərkən kimin mülkiyyətində olan torpaq sahəsinin yaxınlığında bələdiyyə torpaqları var idisə, həmin torpaq sahələri ona çatırdı. Məhkəmə qətnaməsində maddi hüquq norması kimi mülkiyyət hüququna aid normalara səhvən istinad etmişdir. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, iş materiallarında olan “Torpaq mülkiyyətinə verilməsinə dair” şəhadətnamədən görünür ki, X5, İddiaçı2 və X3 mülkiyyətinə Masallı rayonu, Göyəçöl kəndində 0.06 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Bununla da onlar həmin torpaq sahəsinə mülkiyyət hüququ əldə etmişdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddənin məzmunundan da göründüyü kimi, hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstrilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir. Məhkəmə tərkibi qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və s. hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Məhkəmə tərkibi daşınmaz əmlak barədə reyestrin məzmununun qeyri-dəqiqliyinin müəyyən olunmasını cavabdehin bunu sübut etməsi ilə əlaqələndirir. Məhz cavabdeh reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur, əks halda o buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır. Cavabdeh isə belə bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Daha sonra birinci instansiya məhəkəməsi iddianı təmin edərkən qeyd etmişdir ki, baxmayaraq ki, mütəxəssis və ekspert rəylərində baza məlumatlarına əsasən həmin mübahisəli ərazi yol kimi nəzərdə tutulmamışdır, həmin ərazinin yol kimi istifadə edilməsinə maneçilik törədən hər hansı maneə mövcud deyildir. İddiaçılara verilmiş reyestr çıxarışının arxa tərəfində torpaq sahəsinin planı təsvir edilmiş, həmin təsvirin alt hissəsində xəritədə bax sözləri yazılmış, alt hissəsində isə ştrixt kod həkk edilmişdir. Göründüyü kimi, daşınmaz əmlakın 8 saylı Reyestr xidmətinin mütəxəssisləri mübahisəli ərazinin baza məlumatlarına əsasən yol kimi nəzərdə tutulmadığını göstərsələr də, torpaq sahəsinin yerləşmə vəziyyəti və torpaq sahəsinin yolu ilə bağlı məlumatların əks edildiyi çıxarışın üzərindəki ştrixt kodda əsk etdirilmiş məlumatlarla vətəndaşa məxsus torpaq sahəsinin yolunun məhz mübahisəli gediş-gəliş yolu ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Göyəçöl Bələdiyyəsinin kompleks yerquruluşu layihəsindən edilmiş çıxarışdan da görünür ki, cavabdeh və bələdiyyə mülkiyyətində olan torpaq sahələri ilə həmsərhəd olmaqla, kanalkənarı ilə iddiaçıya məxsus olan torpaq sahəsinə qədər yol formasında (naturada mövcud olan) ərazinin olduğu görünür. Eyni zamanda, birinci instansiya məhkəməsinin iclasında bələdiyyə sədrinin izahatı alınarkən o da mübahisəli gediş-gəliş yolunun və darvazanın qoyulduğu ərazinin bələdiyyənin mülkiyyətində olduğunu, həmin ərazinin kanalın mühafizə zonasına aid olmaqla, vətəndaşların ordan istifadə etmələrinə hər hansı məhdudiyyətin olmadığını bildirmişdir. Bütün qeyd edilənlərdən belə nəticəyə gəlmək olar ki, bələdiyyənin mülkiyyətində olan və hamının istifadə etməsi mümkün olan torpaq sahəsi vətəndaşlardan biri tərəfindən yaradılmış maneə nəticəsində digər şəxsin hüquqlarını pozmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının bələdiyyənin mülkiyyətində olan torpaq sahəsinə qoyulmuş darvazanın götürülməsi üçün subyektiv hüququ yaranmışdır. İddiaçının yol kimi istifadə etmək istədiyi ərazi xüsusi mülkiyyətdə deyildir, ümumi istifadə üçün nəzərdə tutulmuşdur. Həmin ərazidən yol kimi istifadə ilə bağlı qaydaların, eləcə də məhdudiyyətlərin müəyyən edilməsi yalnız müvafiq orqanların səlahiyyətinə aiddir. Cavabdehin ümumi istifadədə olan torpaq sahəsindən istifadəyə mane olması üçün heç bir qanuni əsası yoxdur. Cavabdehin yol verdiyi bu qanunsuz hərəkətlər iddiaçının öz mülkiyyətində olan yaşayış sahəsindən istifadə hüququnu pozur. Cavabdeh qeyd edilən gediş-gəliş yolunun özünə məxsus torpaq sahəsinin həmsərhədində yerləməsindən (bitişik olmasından), əvvəlcə onun torpaq sahəsinin, ondan sonra isə iddiaçıya məxsus torpaq sahəsinin yerləşməsindən sui-istifadə edərək (torpaq sahələrinin yerləşmə vəziyyətindən istifadə edərək) heç bir səbəb göstərmədən yolun giriş hissəsinə bələdiyyə məxsus əraziyə darvaza qoymaqla qəsdən iddiaçıya torpaq sahəsindən istifadə etməyə maneə yaratmışdır. Daha sonra iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 24.050.2022-ci il tarixli 2(102)-3198/2022 saylı qərarından görünür ki, iddiaçı X4 cavabdeh Nümayəndə qarşı “torpaq sahəsinin təmizlənməsi, torpağın əvvəlki vəziyyətə gətirilməsi və qanunsuz müdaxilənin qarşısının alınması” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollyegiyasının 2(106)- 462/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh Nümayəndə kassasiya şikayəti təmin edilməmişdir. Həmin qərarda qeyd edilmişdir ki, Masallı Rayon Məhkəməsinin 2(050)-343/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, X6 və ailə üzvlərinin mülkiyyətində olan 0.006 ha həyətyanı torpaq sahəsinin cənub hissəsində 36.6 kv.m sahəyə tökülmüş çınqıl daşlarının cavabdeh Nümayəndə tərəfindən təmizlənməsi, torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi, mülkiyyət hüququna qanunsuz müdaxilənin qadağan edilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-462/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə üzrə aparılmış araşdırma zamanı məlum olmuşdur ki, Nümayəndə gediş-gəliş yolu kimi istfafə etdiyi mübahisəli ərazi Şöhrət Şükürovaya məxsus JN-662A, Kod 80500028 saylı şəhadətnamə əsasında olan torpaq sahəsinin hüdudları daxilində deyil, bələdiyyə məxsus su kanalının mühafizə zolağının tərkib hissəsində olmuşdur. Buna görə də iddia qismən təmin edilərək Qardaşbalanın bütün çınqıl daşlarını deyil, yol kimi istifadə edilən ərazi ilə həmsərhəd olan iddiaçıya məxsus torpaq sahəsinin 36,6 kv metr hissəsinə tökülmüş çınqıl daşlarının təmizlənməsi qərara alınmış və birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsi Ali Məhkəmə tərəfindən dəyişdirilmədən qüvvədə saxlanmışdır. Bütün bunlardan aydın olmuşdur ki, iddiaçı Şöhrət Şükürovanın cavabdehin gediş-gəliş yolu kimi istifadə etdiyi əraziyə dair subyektiv hüququnun olmadığı, həmin ərazinin ona şəhatənamə ilə verilən torpaq sahəsinin hüdudlarından kənarda yerləşdiyi, həmin ərazinin bələdiyyənin balansında olan kanalın mühafizə zolağında yerləşməsi öz təsdiqini tapmışdır. Eyni zamanda o, həmin vaxt izahatında etiraf etmişdir ki, Nümayəndə əvvəllər atalarına məxsus həyətdən öz torpağına getmişdir. Buradan da görünür ki, iddiaçı X9 Şükürovun torpaq sahəsinə getmək üçün alternativ yolunun olmadığını etiraf etmiş, onun atasının həyətindən keçməklə torpaq sahəsinə getdiyini bildirmişdir. İddiaçı tərəf çınqıl daşlarının tam şəkildə təmizlənməsinə nail ola bilmədiklərindən 2022-ci ilin ortalarında həmin gediş-gəliş yolunun girişinə darvaza qoymaqla cavabdehin həmin ərazindən keçidinə mane olmuşdur. Həmin məhkəmə mübahisəsindən sonra hazırki məhkəmə mübahisəsinə qədər vəziyyət bir az da hazırki iş üzrə İddiaçı2 (Qardaşbalanın oğlu) xeyrinə dəyişmiş, yəni o, cavabdehin birinci məhkəmə mübahisəsi zamanı onun bələdiyyə torpaq sahəsini zəbt edərək orada qanunsuz ev tikdiyini bildirsə də, İddiaçı2 həmin əraziyə mülkiyyət hüququnu təsdiq edən reyestr çıxarışını da əldə edib məhkəməyə təqdim etmişdir. Göründüyü kimi iddiaçıların iddia tələbi əsaslı, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Məlum olduğu kimi, mülki hüquq münasibətlərində riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca suiistifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Haqlar istənilən şəkildə deyil, yalnız onların tanınma məqsədlərinə uyğun gəldiyi hədlər daxilində istifadə oluna bilər. Məhkəmələr hüquqi mübahisələrə baxarkən hüquqdan sui-istifadə hallarını tərəflərin irəli sürüb-sürməməyindən asılı olmayaraq nəzərə almalıdırlar. Əks halda, yəni hüquqdan sui-istifadə halını nəzərə almadan çıxarılan məhkəmə qərarları başda konstitusiya olmaqla bütün qanunvericiliyə zidd olaraq ədalətsiz nəticələrin əmələ gəlmə səbəbi olar. Belə bir nəticə “ədalət mühakiməsi” anlayışının özünə kökündən ziddir. Beləliklə, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etməmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-9/2024 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-9/2024 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-562/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-562/2025
13.03.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver