Məhkəmə qərarları › İş №2(106)-566/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-566/2024

07.05.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-566/2024 07.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X7 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X6 ibarət məhkəmə tərkibində, X11 oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması və qanunsuz tikililərin sökülməsi tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli 2(050)-686/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçılar cavabdehə qarşı Masallı rayonu Tatyanoba kəndində yerləşən 0,33 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı pay torpağının cavabdeh tərəfindən boşaldılması, 2019-2023-cü illərdə istifadə üzrə üç il üçün 1500 manat istifadə haqqının ödənilməsi, torpaq sahəsində aparılmış özbaşına tikililərin cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli 2(050)-686/2023 saylı qətnaməsi ilə (hakim Habil Bəhmənov) iddianın təmin edilərək Masallı rayonu Tatyanoba kəndində yerləşən 0,33 ha torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz inşa edilmiş tikililərin onun öz hesabına sökülməsi və torpaq sahəsinin boşaldılması, cavabdehdən torpaq sahəsinə dair mütəxəssis rəyinin verilməsi üçün çəkilmiş xərcə görə 95 manat pulun alınaraq iddiaçılara, məhkəmə tikinti-texniki ekspertiza xərci 50 manat pulun alınaraq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddia tələbi onunla əsaslandırılmışdır ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 10 dekabr 1997-ci tarixli 169 saylı qərarı ilə ailəsinə 0.33 ha kənd təsərrüfatı məhsulları təyinatlı pay torpağı verilmişdir. Həmin pay torpağının verilməsi Masallı rayon Torpaq şöbəsində 1998-ci ildə qeydə alınmış JN -129 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktında təsdiqini tapmışdır. Həmin dövlət aktında 2022-ci ildə vəfat etmiş mərhum atası X1 adı da göstərilmişdir. 2019-cu ildən qeyd edilən 0,33 ha torpaq sahəsini Cavabdeh əkib becərmişdir. Bu istifadənin əvəzi olaraq ailəsinə hər il üçün dənli bitki göndərəcəyini vəd etsə də, atasının sağlığında o, bu işləri gördüyü üçün maraqlanmamışlar. Torpaq sahəsinə baxış zamanı müəyyən edilmişdir ki, həmin sahənin bir hissəsində cavabdeh özbaşına tikililər aparmış, nəticədə tikinti üçün nəzərdə tutulmayan bu sahədə qanunla hüquq pozuntusu hesab edilən hərəkətlərə yol vermişdir. Cavabdehə torpaq sahəsinin üç illik istifadə etdiyi müddət üçün icarə haqlarının ödənilməsi və 01 yanvar 2023-cü il tarixdən torpaq sahəsini istifadədən geri qaytarılması və boşaldılması barədə 2022-ci ilin dekabrında şifahi xəbərdarlıq göndərmişlər. Cavabdeh bu xəbərdarlığı nəzərə almamış və mülkiyyətçisi olduğu torpaq sahəsinin toxunulmazlığını pozmaqda davam etmişdir. İddiaçılar Niftiyeva (Seyfullayeva) İlahə Hüseynbala qızı və İddiaçı2 iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək mübahisələndirilən torpaq sahəsinin boşaldılması və qanunsuz tikililərin sökülməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh heç kimin torpağını zəbt etməmiş və ev öz torpağında tikilmişdir. Məhkəmə düzgün araşdırma aparmamışdır. Ümumiyyətlə, iddiaçının tələbi pay torpağı ilə bağlıdır, o, pay torpağında ev tikməmişdir. Məhkəmə yerində baxış keçirməmiş, torpaq sahəsinin vəziyyətini və evinin vəziyyətini müəyyən etməmişdir. Məhkəmə sübutları düzgün və hərtərəfli araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, sübutlar əsassız olaraq qiymətləndirilmişdir. Məhkəmə çəkişmə prinsipini pozmuş, məhkəmə iclasından məlumatı olmamış, məhkəmə iclasında iştirakı təmin olunmamışdır. İddiaçılara məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasına gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə bağlı, həmçinin vəkili başqa prosesdə olduğuna görə məhkəməyə gələ bilməyəcəyini və iclasın təxirə salınmasını xahiş etmişdir. Bundan əvvəlki məhkəmə iclasları barəsində də cavabdehə məlumat verilmiş, lakin işə əlavə edilmiş 74 və 89 №-li telefonoqramlardan görünür ki, o səhhəti ilə bağlı məhkəmə iclasından iştirak edə bilməyəcəyini bildirmiş, lakin səhhəti ilə əlaqədar məhkəməyə hər hansı bir sənəd təqdim etməmişdir. Kollegiya cavabdehin həmin əsassız müraciətini iş üzrə icraatın qəsdən yubandırılması kimi qiymətləndirərək Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və Masallı Rayon Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli 2(050)- 686/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan JN -129 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, X2 və onun ailə üzvləri X5 və X3 Masallı rayon Aqrar İslahat Komissiyasının 10 dekabr tarixli 169 saylı Qərarı ilə 0.33 ha kənd təsərrüfatı məhsulları təyinatlı pay torpağı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli AZ-İİ seriyalı 219196 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, X2 oğlu xx.xx.2022-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış barədə məlumatdan görünür ki, Masallı rayonu Tətian kəndində yerləşən 0.329 ha kənd təsəsrrüfatı təyinatlı torpaq sahəsi İddiaçı2, Niftiyeva (Seyfullayeva) İlahə Hüseynbala qızının və X1 ümumi birgə mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 8 saylı Cəlilabad Ərazi İdarəsinin 17 iyul 2023-cü il tarixli mütəxəssis rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi məhkəmə tikintitexniki ekspertizasının 04 sentyabr 2023-cü il tarixli 10/5950 saylı rəyindən məlum olur ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-3494/2023 saylı mütəxəssis rəyinə əsasən iddiaçı Seyfullayeva (Niftullayeva) Xanım Hüseyn qızının və digər ailə üzvlərinin mülkiyyətində olan 0,33 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları müəyyən edilərək mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. Seyfullayeva (Niftullayeva) Xanım Hüseyn qızının və digər üzvlərinin mülkiyyətində olan 0,33 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdehım Mirzəxan oğlunun faktiki istifadə kimi plana alınmış torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi və həmin 0,33 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları daxilində Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin mövcud olduğu müəyyənləşdirilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırımışdır ki, işin mübahisəli halları araşdırılarkən torpaq sahəsinə dair mütəxəssis rəyi alınmış, tikinti-texniki ekspertizası təyin edilmiş və qeyd edilənlərin əsasında müəyyən olmuşdur ki, İddiaçı2 və digər üzvlərinin mülkiyyətində olan 0,33 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdehım Mirzəxan oğlunun faktiki istifadə kimi plana alınmış torpaq sahəsinin hüdudları daxilində yerləşir. Həmçinin ekspert rəyi ilə Cavabdeh tərəfindən mübahisəli torpaq sahəsində fərdi yaşayış evinin tikildiyi müəyyənləşdirilmişdir. Göründüyü kimi, iddiaçılar tərəfindən iddia ərizəsində göstərilmiş hallar sübuta yetirilmiş, bunun əksi olaraq cavabdehin həmin torpaq sahəsinin ona məxsus olması, iddiaçıların onun torpaq sahəsini zəbt etmiş olması kimi fikirləri öz təsdiqini tapmamışdır. Belə ki, iş üzrə alınmış mütəxəssis və ekspert rəyləri ilə cavabdehin istifadəsində olan torpaq sahəsinin və fərdi yaşayış evinin iddiaçılara məxsus torpaq sahəsi daxilində yerləşdiyi göstərilmişdir. Cavabdeh iddiaçıları mülkiyyətlərində olan torpaq sahəsinə buraxmamaqla, həmçinin orada fərdi yaşayış evi inşa etməklə, mülkiyyətçi kimi iddiaçıların torpaq sahəsindən istifadə etmək və sahiblik hüquqlarının maneəsiz həyata keçirməsinə mane olur. Onun hal-hazırda da davam edən hərəkətləri mülkiyyətçinin iradəsi olmadan sahiblikdən məhrumetmə və qadağan edilmiş özbaşınalıq hesab olunur. MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına maddi hüquq normalarının tələbləri baxımından qiymət verərkən aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 3-cü bəndində göstərilmişdir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. göstərilir ki, subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Konstitusion və maddi hüquq normalarının tələbinə görə Azərbaycan Respublikasının vətəndaşı olan hər kəs daşınar və daşınmaz əmlakı mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilər ki, onların bu hüquqlarının dövlət qeydiyyatına alınması vacib şərtlərdən biridir. Mülkiyyət hüququnun və eləcə də daşınmaz əmlaka digər hüquqların qeydə alınmasının vacibliyi isə həmin hüquqlara dövlət tərəfindən verilən yüksək təminatla (qanunsuz qəsdlərdən qorunma) əlaqələndirilir. Ona görə də, mülkiyyət hüququnun tərkib hissəsini təşkil edən üç ünsürdən birinin pozulması istər milli qanunvericilik, istərsə də beynəlxalq qanunvericilik baxımından (Avropa Məhkəməsinin hüquqi mövqeyi) bütünlükdə mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 164.1., 165.1. və 165.2.-ci maddələrinin tələbinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. MM-in 178.1.-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. MM-in 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. MM-in 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. MM-in 238.1. və 238.2.-ci maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (TM) 48-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. TM-in 65.1-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. TM-in 67-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. TM-in 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. TM-in 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. TM-in 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. TM-in 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Kollegiya qeyd edir ki, cavabdeh apellyasiya şikayətində evi öz torpağında tikdiyini, heç kimin torpağını zəbt etmədiyini bidirsə də, iddia etdiyi öz torpağının, onun üzərində yerləşən evinin hüquqmüəyyənedici sənədlərini məhkəməyə təqdim edə bilməmiş, iddia etdiyi halları sübut edə bilməmişdir. Əksinə ekspert və mütəxəssis rəylərindən görünür ki, Seyfullayeva (Niftullayeva) Xanım Hüseyn qızının və digər üzvlərinin mülkiyyətində olan 0,33 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdehım Mirzəxan oğlunun faktiki istifadə kimi plana alınmış torpaq sahəsinin hüdudları daxilində yerləşir və həmin 0,33 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları daxilində cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi mövcuddur. Beləliklə, iş materiallarında olan digər mötəbər sübutlara istinadən məhkəmə kollegiyası belə hesab edir ki, Cavabdeh apellyasiya şikayətində istinad etdiyi formal və mötəbər sübutlarla təkzib edilən dəlillər iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan torpaq sahəsindən çıxarılma tələbinin əsassız olması qənaətinə gəlməyə əsas vermir. Bundan başqa, cavabdeh öz apellyasiya şikayətində məhkəmə iclasından məlumatsız olduğunu və çəkişmə prinsipinin pozulduğunu qeyd etsə də, iş materiallarına (səh. 21, 22, 58, 68) əsasən cavabdeh mülki iş üzrə məhkəmə proseslərindən xəbərdar olmuş, hətta dəfələrlə ərizə və və vəsatətlərlə məhkəməyə müraciətlər ünvanlamışdır. Beləcə, hazırkı dəlil də özlüyündə tamamilə formal olmaqla onun hər hansı əsası yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlir, işin müəyyən edilmiş faktiki hallarına, habelə qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq düzgün hüquqi qiymət verilmişdir. Ona görə də, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Masallı Rayon Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli 2(050)-686/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 76, 89.1, 217.2, 372, 384, 385.2, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli 2(050)-686/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar