Məhkəmə qərarları › İş №2(106)-568/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-568/2025

13.02.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-568/2025 13.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Lənkəran Rayon Məhkəməsinin 2(049)-24/2025 nömrəli, 27 yanvar 2025-ci il tarixli qərardadından İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Rayon Məhkəməsinin 15 avqust 2024-cü il tarixli, e-2(049)-2302/2024 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı «zəbt olunmuş torpaq sahəsinin boşaldılması və üzərində tikilmiş tikililərin cavabdehin hesabına sökülməsi» tələbinə dair mülki iş üzrə Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır. Lənkəran Rayon Məhkəməsinin 15 avqust 2024-cü il tarixli, 2(049)-2302/2024 saylı qərardadından Cavabdeh şikayət vermiş, Lənkəran Rayon Məhkəməsinin 04 sentyabr 2024cü il tarixli, 2(049)-2302/2024 saylı qərardadı ilə Cavabdeh tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. xx.xx.2024-cü il tarixdə iş üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 həmin qərardaddan şikayət vermiş, eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə qəbul olunmuş 15 avqust 2024-cü il tarixli, 2(049)-2302/2024 saylı qərardaddan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qarşı «zəbt olunmuş torpaq sahəsinin boşaldılması və üzərində tikilmiş tikililərin cavabdehin hesabına sökülməsi» tələbi barədə iddia ərizəsinə dair mülki iş hazırda hakim Anar Pənahovun icraatındadır. Məhkəməyə qarşılıqlı iddia təqdim edərək xx.xx.2021-ci il tarixli 4Ə-1850 saylı “Daşınmaz əmlakın bağışlanma müqaviləsi”nin və onun əsasında verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat və **********33 reyestr nömrəli çıxarışın, habelə “torpaq sahəsinin planı və ölçüsü”-nün dəyişdirilərək yeni verilmiş - xx.xx.2021- ci il tarixli “torpaq sahəsinin planı və ölçüsü” sənədinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixində qarşılıqlı iddia heç bir əsas olmadan məhkəmə tərəfindən icraata qəbul edilməmişdir. Lənkəran rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e2(049)-2302/2024 saylı qərardadını xx.xx.2024-cü il tarixinədək əldə edə bilmədiyindən üzrlü səbəbdən şikayəti vaxtında Lənkəran Rayon Məhkəməsinə təqdim edə bilməmişdir. Lənkəran Rayon Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli, 2(049)-2302/2024 saylı qərardadı ilə Lənkəran Rayon Məhkəməsinin 15 avqust 2024-cü il tarixli, 2(049)- 2302/2024 saylı qərardadından şikayət verilməsi üçün müddətinin bərpa edilməsi barədə Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş vəsatət təmin edilərək, buraxılmış prosessual müddət Cavabdeh münasibətdə bərpa edilmiş və Lənkəran Rayon Məhkəməsinin 15 avqust 2024-cü il tarixli, 2(049)-2302/2024 saylı qərardadı ləğv edilərək, mülki iş üzrə Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmişdir. Həmin qərardaddan narazı qalan İddiaçı nümayəndəsi və vəkili Nümayəndə şikayət vermiş, şikayətində Lənkəran Rayon Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli, e-e-2(049)- 2302/2024 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli, e-2(049)-2302/2024 saylı qərardadı ilə Lənkəran Rayon Məhkəməsinin 2(049)-2302/2024 nömrəli, 22 oktyabr 2024-cü il tarixli qərardadının ləğvi barədə mülki iş üzrə İddiaçı nümyəndəsi və vəkili Nümayəndə şikayəti təmin edilməmiş və işin şikayətlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1974/2024-002 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayət qismən təmin edilərək, Lənkəran Rayon Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli, e-2(049)- 2302/2024 saylı qərardadı ləğv edilmiş, Lənkəran Rayon Məhkəməsinin e-2(049)-2302/2024 saylı, 15 avqust 2024-cü il tarixli qərardadından verilmiş şikayətə və buraxılmış prosessual müddətin bərpa edilməsi barədə Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş ərizəyə qərardadın təsviri-əsaslandırıcı hissəsində qeyd edilən məsələlər araşdırılmaqla yenidən baxılması üçün mülki iş Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-24/2025 nömrəli, 27 yanvar 2025-ci il tarixli qərardadı ilə Lənkəran Rayon Məhkəməsinin 15 avqust 2024-cü il tarixli, 2(049)-2302/2024 saylı qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddətinin bərpa edilməsi barədə Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş ərizə təmin edilmiş və buraxılmış prosessual müddət Cavabdeh münasibətdə bərpa edilməsi, Lənkəran Rayon Məhkəməsinin 15 avqust 2024-cü il tarixli, 2(049)-2302/2024 saylı qərardadından (qarşılıqlı iddia ərizəsinin geri qaytarılması barədə) Cavabdeh tərəfindən verilmiş şikayətin təmin edilməməsi və iş şikayətlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan İddiaçı nümyəndəsi və vəkili Nümayəndə məhkəməyə şikayət verərək, Lənkəran Rayon Məhkəməsinin 2(049)-24/2025 nömrəli, 27 yanvar 2025-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-24/2025 nömrəli, 05 fevral 2025-ci il tarixli qərardadı ilə, Lənkəran Rayon Məhkəməsinin 2(049)-24/2025 nömrəli, 27 yanvar 2025-ci il tarixli qərardadının ləğvi barədə mülki iş üzrə İddiaçı nümyəndəsi və vəkili Nümayəndə şikayəti təmin edilməmiş, iş şikayətlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən bu məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Kollegiya iş materiallarını tədqiq edərək müəyyən etmişdir ki, Cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatında Lənkəran Rayon Məhkəməsinin e-2(049)-2302/2024 saylı, 15 avqust 2024-cü il tarixli qərardadının ona poçt vasitəsilə çatdırılmadığını bildirmiş, ona görə də qərardaddan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini və qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. EMİS-dən əldə edilmiş məlumatdan müəyən edilir ki, Lənkəran Rayon Məhkəməsinin e- 2(049)-2302/2024 saylı, 15 avqust 2024-cü il tarixli qərardadın tam mətni 23 avqust 2024-cü il tarixdə sistemə daxil edilərək imzalanmışdır. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 elektron sistemə proses iştirakçısı kimi daxil edilmiş və 15 avqust 2024-cü il tarixli qərardad 23 avqust 2024-cü il tarixdə onun elektron kabinetinə yerləşdirilmişdir. İş materiallarında olan poçt reyestrindən görünür ki, 15 avqust 2024-cü il tarixli qərardad xx.xx.2024-cü il tarixdə Cavabdeh göndərilmişdir (reyestr № SS908658291AZ). Qeyd edilən poçt göndərişinin Cavabdeh çatdırılması barədə iş materiallarında sübut yoxdur. Belə ki, iş materiallarına əlavə edilmiş poçt göndərişlərinin izlənməsindən və zərfdən görünür ki, həmin poçt göndərişi qeyd edilmiş ünvanda yaşamaması səbəbindən Cavabdeh təqdim edilmədən, xx.xx.2024-cü il tarixdə məhkəməyə geri qaytarılmışdır. Lənkəran Rayon Məhkəməsinin e-2(049)-2302/2024 saylı, 15 avqust 2024-cü il tarixli qərardadından Cavabdeh tərəfindən şikayət Lənkəran Rayon Məhkəməsinin dəftərxanasına xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir (qeydiyyat nömrəsi: 1-Ə-114- 13/2024). Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 ərizəsində və məhkəmə iclasındakı izahatında mübahisələndirilən qərardadı xx.xx.2024-cü il tarixdə əldə etdiyini bildirmişdir. Göründüyü kimi 15 avqust 2024-cü il tarixli qərardaddan şikayət vermək üçün qanunla nəzərdə tutulmuş prosessual müddətin axımı Cavabdeh münasibətdə xx.xx.2024-cü il tarixdən başlamış və o, həmin prosessual müddət başa çatmamış şikayəti məhkəməyə təqdim etmidir. Ona görə də Lənkəran Rayon Məhkəməsinin 2(049)-24/2025 nömrəli, 27 yanvar 2025-ci il tarixli qərardadı ilə Lənkəran Rayon Məhkəməsinin 15 avqust 2024-cü il tarixli, 2(049)- 2302/2024 saylı qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddətinin bərpa edilməsi barədə Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş ərizə təmin edilmiş və buraxılmış prosessual müddət Cavabdeh münasibətdə bərpa edilmiş, həmçinin Lənkəran Rayon Məhkəməsinin 15 avqust 2024-cü il tarixli, 2(049)-2302/2024 saylı qərardadından (qarşılıqlı iddia ərizəsinin geri qaytarılması barədə) Cavabdeh tərəfindən verilmiş şikayətin təmin edilməyərək və işin şikayətlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək aşağıdakıları qeyd edir. Kollegiya qeyd edir ki, məhkəməyə müraciət hüququnun həyata keçirilməsinin qanunvericiliklə müəyyən olunmuş prosessual tələblərlə şərtləndirilməsi qəbul edilən olsa da, həmin normalar şəxsi məhkəməyə müraciət etmək hüququndan məhrum edəcək dərəcədə hədsiz formallıqdan uzaq olmalıdır. Məhkəmə müdafiəsi hüququnun realizəsi qaydalarını müəyyən edən Mülki Prosesual Məcəllənin 10-1.1 və 10-1.2-ci maddələrinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı ilə ədalət mühakiməsinin əlçatanlığını və şəffaflığını daha da artırmaq məqsədilə “elektron məhkəmə” informasiya sisteminin tətbiqinin təmin edilməsi, fiziki və hüquqi şəxslərin “elektron məhkəmə” informasiya sistemindən istifadəsinin təşviq edilməsi üçün tədbirlərin görülməsi müəyyən olunmuşdur. Nəzərə alınmalıdır ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi vətəndaşların məhkəməyə müraciət imkanlarının daha da genişləndirilməsi, icraatın effektivliyinin yüksəldilməsi məqsədini daşıyır ki, bu da yeni, elektron müraciət vasitələrinin şəxslərin məhkəməyə müraciətinə maneə yaratmaq, məhkəmə əlçatanlığını çətinləşdirmək vasitəsi kimi nəzərdən keçirilməsini istisna edir. Konstitusiya Məhkəməsinin Plenumunun “E.Axundovun məhkəməyə müraciət hüququnun pozulması barədə şikayətinə dair” 2023-cü il 6 oktyabr tarixli Qərarında da göstərilmişdir ki, məhkəməyə əlçatanlıq müdafiəyə ehtiyacı olan şəxs üçün ədalət mühakiməsinin təmin edilməsinin zəruriliyini nəzərdə tutmaqla, həmin şəxsin yaranmış vəziyyətlə bağlı məhkəmənin simasında dövlətin mövqeyini bilmək hüququnu da ehtiva edir. Konstitusiyada təsbit edilmiş insan hüquq və azadlıqları ilə bağlı digər qanunvericilik aktlarında əks olunmuş tənzimləyici normalar müvafiq konstitusiya normalarının tətbiqini mümkünsüz etməməli, əksinə məhkəmə tərəfindən konstitusion hüquqların realizəsinə, təməl prinsiplərin rəhbər tutulmasına imkan yaratmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) də məsələyə dair oxşar mövqelər ifadə etmişdir. Belə ki, X3rşı iş üzrə 1975-ci il 21 fevral tarixli Qərarda qeyd olunmuşdur ki, məhkəmə araşdırması hüququnun bir aspektini təşkil edən məhkəməyə müraciət etmək hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulan hüququn ayrılmaz elementidir (§36). Məhkəməyə müraciət etmək hüququ mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər, çünki müraciət etmək hüququ öz təbiətinə görə dövlət tərəfindən tənzimləməni tələb edir və həmin tənzimləmə cəmiyyətin və fərdlərin ehtiyaclarına uyğun olaraq müxtəlif vaxtlarda və müxtəlif yerlərdə dəyişə bilər (X1rşı iş üzrə 1985-ci il 28 may tarixli Qərar §57). Lakin qoyulan məhdudiyyətlər bu hüququn mahiyyətinə xələl gətirəcək dərəcədə şəxsin məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmamalıdır. Onlar legitim məqsəd güdməli və istifadə olunan vasitələr və güdülən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (X4rşı iş üzrə 1994-cü il 21 sentyabr §65; Bellet Fransaya qarşı iş üzrə 1995-ci il 4 dekabr tarixli §31 Qərarlar). İş materiallarından da görünür ki, məhkəmə Cavabdeh münasibətdə prosessual müddəti bərpa edərkən 15 avqust 2024-cü il tarixli qərardadın cavabdehə vaxtında təqdim edilməsi ilə bağlı iş materiallarında sübut olmadığına görə cavabdeh tərəfindən verilmiş şikayətin müddət ötürülmədən verilməsi qənaətinə gəlmişdir. Beləliklə kollegiya hesab edir ki, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətin dəlilləri əsassız olmaqla, Lənkəran Rayon Məhkəməsinin 2(049)-24/2025 nömrəli, 27 yanvar 2025-ci il tarixli qərardadın ləğvi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 128, 130, 263, 264, 360, 365, 397,398, 400 və 402.2-402.3-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 2(049)-24/2025 nömrəli, 27 yanvar 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar