Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-571/2025 07.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X11 və Əliyev Qasım Vəli oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi, İddiaçı, onun vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə3, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «dəymiş maddi ziyanın əvəzinin ödənilməsi», birləşdirilmiş digər mülki iş üzrə İddiaçı Cavabdeh1 qarşı isə «mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiaları üzrə Neftçala Rayon Məhkəməsinin 7 noyabr 2024-cü il tarixli 2(053)-629/2024 saylı qətnaməsindən (hakim S.Quliyev) hər iki tərəfin vermiş olduğu apellyasiya şikayətlərinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İlkin olaraq İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «dəymiş maddi ziyanın əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Neftçala Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin qanunsuz hərəkətləri nəticəsində yetirilmiş 43000 manat maddi zərərin cavabdehlərdən müştərək qaydada tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı tələbinin həcmini artıraraq cavabdehlərdən 55095 manat məbləğində pulun tutulub xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir(iş v.-85). Daha sonra isə iddiaçı tələbinin həcmini azaldaraq cavabdehlərdən 42000 manat məbləğində pulun tutulub xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir(iş v.-201). Tələb onunla əsaslandırılmışdır ki, 2021-ci ilin dekabr ayında qoşulduğu sürücülük kurslarında Cavabdeh1 ilə tanış olmuş, tədricən onunla səmimi münasibətləri formalaşmışdır. Bu münasibətlər çərçivəsində Fidan mağaza işlətməsi və onu da əldə olunacaq qazanca şərik edəcəyi vədi ilə ilk dəfə ondan 500 manat pul almış, lakin verdiyi vədi yerinə yetirməmiş, eyni zamanda aldığı pulu geri qaytarmamışdır. Daha sonra şəhid ailəsi üzvü olaraq mənzil növbəliliyi ilə bağlı guya X13 işləyən Nərmin adlı tanışı (həmin şəxsi işarə etdiyi fotoşəkil işə əlavə olunur) vasitəsilə təminatını zaman baxımından sürətləndirəcəyini və ona Bakı şəhərinin mərkəzi yerlərindən birində mənzil verilməsini təmin edə biləcəyini vəd etmiş, bunun qarşılığında isə əvvəlcə 5000 manat, sonradan daha 15000 manat pul lazım olduğunu bildirmiş və bunun üçün onunla "xxxx" ASC arasında bağlanan xx.xx.2022-ci il tarixli, GTKR4675413A299 № li müqavilə əsasında götürülən 20000 manat dəyərində olan kredit məbləğindən real olaraq yararlanmışdır. Əlavə olaraq qeyd edir ki, bəhs olunan kredit məbləği həmin bankla xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqavilələrlə, "xxxx" ASC ilə isə bağlanmış xx.xx.2024-cü il tarixli müqavilə əsasında cari kreditin bağlanması ilə yenilənmişdir. Sözügedən proseslərin gedişində Fidan həmçinin ərinin heyvandarlıq sahəsində xüsusi biliklərə malik olduğunu bildirərək onu iribuynuzlu heyvan təsərrüfatı ilə məşğul olmağa, bunun üçün 8700 manat dəyərində 7 baş davar almağa sövq etmiş, lakin buna nail olduqdan sonra həmin heyvanları sataraq pulunu tam şəkildə mənimsəmişdir. Yuxarıda göstərilənlərlə əlaqədar Cavabdeh1 verdiyi vədləri icra etməməsini müxtəlif bəhanələrlə əsaslandırmış, ona təqdim etdiyi pul məbləğlərini və kredit ohdəliklərini borc olaraq qəbul etdiyini və ona qaytaracağını bildirmişdir. Bu istiqamətdə o, qaynanasına və digər şəxslərə məxsus bank kartlarını ona təhvil vermiş, lakin sonradan həmin kartları bloklamışdır. Beləliklə, cavabdehin və ərinin qanunsuz hərəkətləri nəticəsində ona nağd şəkildə alınan pul vəsaitləri və bağladığı kredit müqavilələrinin ümumi dəyəri həcmində, bütövlükdə 57095 (əlli yeddi min doxsan beş) manat maddi ziyan dəymiş, həmin ziyanın sadəcə 2000 (iki min) manatı kompensasiya olunmuşdur. Qeyd edilənlərlə bağlı Cavabdeh1 əməllərinin dələduzluq motivi ilə törədildiyini düşündüyündən bu barədə Salyan Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etsə də, müraciətinə mahiyyəti üzrə baxılmamış, tərəflərin izahatları, təqdim edilən səs yazıları və yazışmalar, eyni zamanda şahid ifadələri əsasında toplanmış material üzrə heç bir prosessual hərəkət həyata keçirilməmişdir. Belə olduğu təqdirdə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Birləşdirilmiş digər mülki iş üzrə İddiaçı Cavabdeh1 qarşı «mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Neftçala Rayon Məhkəməsinə müraciət edərək, böhtan xarakterli ittihamları və təhqirləri ilə əlaqədar cavabdeh tərəfindən ona yetirilmiş 15000 (on beş min) manat mənəvi ziyanın cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mənəvi zərərin ödənilməsi ilə bağlı tələb onunla əsaslandırılmışdır ki, 2021-ci ilin dekabr ayında qoşulduğu sürücülük kurslarında Cavabdeh1 ilə tanış olmuş, tədricən onunla səmimi münasibətləri formalaşmışdır. Həmin münasibətlər fonunda cavabdeh müxtəlif yollarla ona ümumilikdə əlli min manatdan çox maddi ziyan vurmuş, həmin ziyanla bağlı tərəfindən Neftçala Rayon Məhkəməsinə müraciət olunmuş və sözügedən iş hazırda icraatdadır. Əlavə olaraq qeyd edir ki, pul tələbi ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl Fidanı qeyri-rəsmi nizamlayıcı tədbirlərlə təqib edərək ondan aldığı pul məbləğlərini qaytarmağı tələb etmiş, bununla bağlı sonradan onun özü ilə yanaşı əri Rüfətlə də telefon əlaqəsi saxlamışdır. Cavabdeh1 göstərilənlərlə əlaqədar ona “Whatsapp” sosial şəbəkəsi vasitəsilə səsli mesaj yollayaraq ünvanına olduqca təhqiramiz ifadələr işlətmiş, onu heç bir əsası olmayan və heç bir fakta istinad edilməyən, yalan olduğunu bilə-bilə əxlaqsızlıqda ittiham etmiş, bununla da onun şərəf və ləyaqətini ləkələməklə yanaşı, şəhid olmuş həyat yoldaşının xatirəsinə də hörmətsizlik nümayiş etdirmişdir. Bütün bunlar nəticəsində daxilən ağır sarsıntılar keçirmiş və mənəvi ziyan çəkmişdir. Belə olduğu təqdirdə, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Təhqirlərə məruz qalan şəxs olaraq onun əlahiddə ictimai statusu və cəmiyyətdəki nüfuzu, eyni zamanda şəhid övladının əbədiyaşar xatirəsinə edilən həqarətlərin xüsusi olaraq yolverilməzliyi nəzərə alınaraq bildirir ki, dəymiş mənəvi zərərin məbləği 15000 manat məbləğində müəyyən olunmalıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Məhkəmədə iddiaçı hər iki iddianı müdafiə edərək təmin olunmasını xahiş edib, izahatında göstərmişdir ki, 2021-ci ilin dekabr ayında qoşulduğu sürücülük kurslarında Cavabdeh1 ilə tanış olduqdan sonra aralarında isti münasibət yarandığından ilkin olaraq ona 500 manat Cavabdeh1 məxsus dükanda gəlir əldə etmək məqsədi ilə pul vermiş, sonra isə onun verdiyi vədlərlə əlaqədar 20000 manat "xxxx"dan kredit götürüb 15000 manatını Fidanın göndərdiyi taksi sürücü Elmanın vasitəsilə Cavabdeh1 göndərmiş, sonradan zəng edib pulu qəbul etdiyini Fidandan soruşmuş, o da həmin məbləği qəbul etdiyini bildirmişdir. Sonra isə iri buynuzlu heyvanlar alıb saxlanması ilə əlaqədar Cavabdeh1 təklifi ilə razılaşaraq sonuncunun kiçik qardaşı Məhəmmədə heyvan almaq üçün 3000 manat pulu özünün yaşadığı evin küçə darvazasında, şəhid yoldaşına aid bulağın yanında vermişdir. Cavabdeh Fidanın kiçik qardaşı Məhəmmədin kartına isə hissə-hissə 450+400 manat pul köçürmüşdür. Sonra "xxxx" ASC-nın qarşısında, avtomobilin salonunda Fidana 5000 manat vermişdir. Sonra Fidanın sifarişi ilə Azər adlı taksi sürücüsünə 3000 manat vermişdir ki, Fidana çatdırsın. Pulu verdikdən sonra Fidanla əlaqə saxlamış, Fidan Azərin pulu ona çatdırdığını bildirmişdir. Sonradan Fidanın digər vədlərinə inanıb onun təklifi ilə ikinci dəfə "xxxx" ASC-dən xx.xx.2022-ci il tarixdə əvvəlki kredit müqaviləsi üzrə borcu ödəyib yeniləməklə 27450 manat kredit götürüb, 17000 manat pulu bağlamış, qalan pul məbləğinin üzərinə uşaqlarına aid puldan və atasından aldığı borc məbləğindən qoyaraq 8700 manatı hissə-hissə heyvan alıb Fidanın təsərüffatında saxlamaq üçün Fidana göndərmişdir. Heyvanları Salyan rayonu, Ərəb Qardaşbəyli kəndində yaşayan Ələkbər adlı şəxsdən almış, gedib özləri Fidanla heyvanlara baxmışlar. Sonra Fidanla 2022-ci ilin aprel ayında ikinci krediti bağlayıb yeniləmək məqsədilə, həmin bankdan 28930 manat pul götürmüş, əvvəlki borcu bağlamışdır. Qalan məbləğdən Fidan əri üçün 3000 manat istəmişdir ki, ərinin banka borcu var onu bağlasın. Pulu götürdükdən sonra Fidana 3000 manat "xxxx"ın yanında şəxsən özünə vermiş, 5000 manatını da evində aparıb Fidana vermişdir. Birinci krediti aldıqdan sonra 2000 manat pulu da Fidana dükanı genişləndirmək üçün telefonunda olan “Birbank” tətbiqi ilə cavabdehin göndərdiyi karta köçürmüşdür. Ümumiyyətlə bu məbləğdən Fidanın əri iş üzrə cavabdeh olan Cavabdeh2 4 ay 500 manat olmaqla, cəmi 2000 manat pul ödəyib. Bununla bağlı polis şöbəsinə müraciət etmiş, şəhid ailəsi olduğunu bildirmişdir. Onlar polis şöbəsinə dəvət olunmuş, izahatları alınmış, şahidləri dindirilmiş, oradan çıxdıqdan sonra bir yerdə əyləşib razılığa gəlmişlər ki, cavabdehlər evlərini onun adına rəsmiləşdirsinlər. Əvvəl razılaşmış, sonra görmüşdür ki, cavabdehlər onu aldadır. Cəmi verdikləri 2000 manatı çıxmaqla cavabdehlərin ona 43000 manat borcu vardır. Son dəfə telefonla danışıqları olmuş, Cavabdeh1 bildirmişdir ki, 2023-cü ilin mart ayında bankdan pul götürüb ona olan borcu tam qaytaracaqlar. Müraciət etdiyi polis şöbəsi tərəfindən də cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilsə də o, həmin qərarla razı deyil, bununla bağlı Salyan Rayon Məhkəməsinə müraciət etmiş, lakin şikayəti təmin edilməmişdir. Pul verdiyi taksi sürücüləri Elman, Azər və Fidanın kiçik qardaşı Məhəmməd Salyan Rayon Polis Şöbəsində dindirilmişdir. İlk əvvəl cavabdeh Fidan 450+400 manat olmaqla 2 ay bankın krediti üçün ona köməklik etmiş, sonra isə ödənişi dayandırmışdır. O da məcbur qalıb bankın ödənişlərini davam etdirmişdir. İlk 500 manat məbləğində pulu ona kömək məqsədilə vermişdir. Dükanda əldə olunan gəlirdən ona pul verilməyib. Özünə məxsus "xxxx" kartından Fidana 5000 manat köçürmə etmişdir. Fidan ona qaynanası X2 adına olan kartı və digər iki şəxsə aid olan plastik kartlar vermişdir. Cavabdeh Rüfətin anasının kartından 1 il ərzində əvvəl 80 manat, sonra isə 100 manat pul götürmüşdür. Bu pul ümumi borcdan əlavədir. Çünki Fidanın xahişi ilə o, 2000 manat tanıdığı şəxsdən faizə pul götürmüş, Fidan ödəniş etmədiyi üçün həmin məbləği faizi ilə birlikdə lotareya oynayıb qaytarmışdır. Maddi ziyanla əlaqədar iddiasında qeyd etdiyi pul məbləğini cavabdehlərdən müştərək qaydada iştəməsinin səbəbi borcun və heyvanların pulunun Cavabdeh2 öz öhdəsinə götürməsidir. İşdə dəqiqləşdirmə aparılması barədə ərizəsi vardır. Heyvan almaq üçün Rüfətə arvadı Fidanın iştirakı ilə 8700 manat vermişdir. Bunun 3000 manatını Azərdən göndərilmiş, 3000 manatı Məhəmmədə verilmiş, 2700 manat da əlavə verilmişdir. Ona Fidan tərəfindən verilmiş plastik kartlarla bağlı "xxxx"da məlumatlar vardır. Cavabdeh1 kartı onda olsa da, həmin kartdan pul çıxarmamışdır. Bunun səbəbi həmin kartda pulun olmamasıdır. Fidanın anası Qələmnaz adlı şəxsin kartı qısa vaxt ərzində onda olmuşdur. Cavabdeh Fidanın qaynanası Rəfiqənin kartından əvvəllər 80 manat, sonra 100 manat, axrıncı dəfə 500 manat pul çıxarmışdır. Bu pulu da Fidan üçün tanıdığı şəxsdən götürdüyü 2000 manatın faizinə vermişdir. Cavabdehlərə 2022-ci ildə 300 manat da bələdiyyədən torpaq almaq üçün pul vermişdir. Verilən pullar bank faizləri ilə birlikdə 55000 manat olmuşdur. Cavabdeh Fidana inanıb 15000 manat pulu taksi vasitəsilə ona göndərmişdir. Şikayəti əsasında Neftçala RPŞ-də ilkin araşdırma olmuş, sonra isə araşdırma materialı Salyan RPŞ-yə göndərilmişdir. Cavabdeh2 mübahisədən əvvəl borcundan 2000 manat ödəyib. Sonradan ödəniş etməmişdir. Sonra o, 45000 manatdan hər ay 500 manat ödəməyə razılığ vermiş, həmçinin o, 80000 manata olan evinin onun adına rəsmiləşdirməyi təklif etmişdir. Sonra onlar sənəd düzəldə bilmədiklərini bildirmiş və 1 il vaxt keçmişdir. Bundan sonra başa düşmüşdür ki, cavabdehlər onu aldadırlar. “Whatsapp” sosial şəbəkəsi ilə yazışmalarında 29800 manat cavabdehlərin borcu olduğu öz əksini tapmış, faizlərlə birlikdə 45000 manat borc təşkil etmişdir. Yuxarıda qeyd etdiyi kimi 1 il vaxt keçdikdən sonra Cavabdeh2 borcunu tələb edərkən o, Fidanın borcu olduğunu və yenidən ondan onlar üçün kredit götürməsini xahiş etmiş, o isə bu təklifdən imtina etmişdir. Salyan RPŞ-də şikayəti əsasında şahidlər dindirilmişdir. Qeyd etdiyi faktlarla bağlı bütün sübutları təqdim etmişdir. Cavabdehlərdən sadəcə haqqını istəyir. “Whatsapp” sosial şəbəkəsi vasitəsilə yazışmalarında evi borc əvəzinə rəsmiləşdirmək istədiklərini bildirmiş cavabdehlər sonradan fikirlərindən yayınmış, sonuncu dəfə evin sənədi olmadığını bildirmişlər. O, cavabdehlərə qeyd etdiyi məbləğləri verdikdən sonra Fidan özünə “Mercedes ML” markalı avtomobil almışdır. Alınmış heyvanlar balaları ilə birlikdə 11 baş olub. Heyvanlar 2 ay onların tövləsində qalmışdır. Sonradan ona məlum olmuşdur ki, həmin heyvanlar cavabdehlər tərəfindən satılıb. Heyvanları Rüfətdən soruşduqda bildirmişdir ki, onları naxıra göndərib. Şəhid ailələrinin rifahının yüksəldiləməsi məqsədilə verilən mənzil növbəliliyinin tezləşdirilməsi məsələsində də cavabdeh Fidan onun etibarından sui-istifadə etmişdir. Bildirir ki, əgər cavabdehlər 42000 manat verərlərsə onlarla razılaşa bilər. Həmçinin cavabdeh Fidandan 15000 manat mənəvi ziyana görə pul tələb edir. Çünki Fidan səs yazılarında onun əxlaqsızlıq etdiyini bildirmiş və şəhid olmuş həyat yoldaşının ünvanına təhqiramiz ifadələr işlətmişdir. Sonuncu dəfə Salyan RPŞ-dən çıxdıqdan sonra Rüfət və Fidanla restoranda bir yerdə əyləşib 45000 manatla razılığa gəlmişdir. Orada Rüfət bildirmişdir ki, həmin 45000 manat pulu ödəməyi öz öhdəsinə götürür. O isə onlara notariusa gedib dediklərini rəsmiləşdirməyi təklif etmişdir. Onlar isə bu təkliflə razılaşmamışlar. Sonuncu dəfə 45000 manatlıq razılaşmadan sonra 2000 manat ödəniş etmişlər. Bu pul məbləğinin heyvanlarla heç bir əlaqəsi yoxdur. Heyvanlara aid pul ona qaytarılmayıb. Qeyd olunanların nəzərə alınmasını, cavabdehdən hüquqdan sui-istifadə edərək ələ keçirdiyi 42000 manat məbləğində maddi ziyanın və mənəvi ziyanla bağlı 15000 manat məbləğinin tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 6 sentyabr 2024-cü il tarixdə keçirilən məhkəmə baxışına hazırlıq iclasında iddanı qismən qəbul edərək izahatında göstərmişdir ki, iddiaçı ilə sürücülük kursunda 5 ayın içində tanış olmuş, bu münasibətləri dost münasibətlərinə çevrilmişdir. Mərhum atası işlədiyi dövrlərdə vəzifəli şəxs olmuş, atasından qalma malı-mülkü olmuşdur, hazırda 3 təşkilatın kadrlar üzrə mütəxəssisidir. Hazırda yaşadığı kənddə şəxsi dükanı vardır. İddiaçı ilə münasibətləri yaranan ilk vaxtlarda Ülkər ona 500 manat pulu dükana onun üçün mal gətirib satmaq üçün vermişdir. Dükan əvvəl 60 kv.metr olmuş, sonra dükanın artırılması üçün 5000 manat vəsait xərcləmişdir. Dükan 120 kv. metrə qədər artırılmışdır. İddiaçının qeyd etdiyi ev alınmasının tezləşdirilməsi məsələsi ilə onun bağlılığı yoxdur. Ev məsələsi ilə bağlı iddaçı başqa bir şəxsə qarşı şikayətçi olmuşdur. İddiaçı onunla iş birliyi qurmaq niyyəti ilə ona verdiyi pul məbləğinin əvəzində borcunu qaytara bilmədiyi üçün özünə məxsus mağazanı ona vermək istəmişdir. İddiaçı ondan və əri Rüfətdən 42000 manat maddi ziyan və 15000 manat mənəvi ziyan tələb etdir. İddiaçı onun qadaşı Məhəmmədə 5000 manat deyil 1850 manat dükanın artırılması üçün pul vermiş, pulu verəndə də faizə, borca vermişdir. Təbii ki, aralarında iş birliyi ilə əlaqədar razılaşma olmuş və bu razılama ilə əlaqədar 1400 manat Ülkərin rəfiqəsi Natavan xanım tərəfindən ona pul göndərilib. Ortaq qurduqları mağaza üçün materiallar alınıb. İddiaçının Elman adlı taksi sürücüsündən 15000 manat göndərməsinə gəldikdə isə Elman ona bir dəfə zərfdə pul gətirib, amma orada 15000 və ya 10000 manat olmayıb, hardasa 5000 manat pul olub. Taksi sürücüləri Elman, Azər gəlib ifadə verə bilərlər. İddiaçı ona 3900 manat, 3400 manat, 3000 manat, taksi sürücüsü Elman vasitəsilə 5000 manat və qardaşı Məhəmmədə 1850 manat pul vermişdir. İddiaçı böyük məbləğdə pullarla bağlı yalan izahat verir. Ona verilən pulları öz qeydləri olan dəftərdə yazmışdır. İddiaçının heyvan almaq fikri olmuş, hətta onunla birlikdə Ələkbərin həyətinə gedib onunla heyvanlarına baxmış, lakin heyvan almamışlar. Həmkəndlisi Ələkbər gəlib ifadə versə ona aydın olar ki, ondan nə vaxt heyvan almışlar. Əgər heyvan alınıbsa, alınan heyvanlarla bağlı ona pul verilməmişdir. İddiaçı qeyd edir ki, verdiyi məbləğlər və heyvan üçün verilən pullar aralarında olan yazışmalarda vardır. Amma o, həmin yazışmaları oxumamışdır. ***-***-**-** nömrəsi onun istifadəsindədir. Artıq bu məsələnin üstündən üç il keçib deyə olanları yaxşı xatırlamır. Cavabdeh2 8 oktyabr 2024-cü il tarixdə keçirilən məhkəmə baxış iclasında iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçının onun həyat yoldaşı Fidanla dost münasibətləri olmuşdur. Onların kənddə özlərinə məxsus 30 kv. metrlik dükanları olmuş, arvadı Fidanla iddiaçı Ülkər öz aralarında razılaşıblar ki, dükanı genişləndirsinlər. O isə bu işə iradını bildirmişdir. X15 fikrinin qəti olduğunu görüb onlara mane olmamışdır. O, bu proseslərdə iştirak etməmişdir. Sonra həyat yoldaşı Fidan insult keçirmişdir. İddiaçı onlara gələrək bildirmişdir ki, faiz borcu var onu təcili qaytarmaq lazımdır. Ülkər bu barədə onun özünə də zəng edib demişdir. Onların iş birliyi ilə bağlı xərclədikləri məbləğlərdən onun xəbəri olmamışdır. Nədə Ülkər ona Fidana verdiyi pulların məbləği barədə ilkin olaraq məlumat verməmişdir. Sonda Ülkər ona bildirmişdir ki, Fidanın ona 35000 manat borcu vardır. O, Ülkərə bildirmişdir ki, Fidan xəstədir, üç dəfə insult keçirmişdir. Danışa bilmir, sağalıb ayağa qalxsın o da, Fidanın ona olan borcunu qaytarmasına kömək edəcəkdir. X9 borcunun məbləğindən əvvəllər xəbəri olmamışdır. Ülkərə olan borcunu Fidan özü dəqiq deyə bilər. Onlar Ülkərə təklif etmişlər ki, evlərini 65000 manata satışa çıxarıb ona olan 30000 manat borcu qaytaracaqlar. O, Ülkərə razılaşmalarına əsasən ayda 500 manat olmaqla 4 ay ödəniş etməklə 2000 manat ödəmiş, sonra bildirmişdir ki, özünün də borcları var deyə razılaşdıqları 30000 manat borcdan ayda 200-300 manat olmaqla hissə-hissə borclarını qaytarsın, lakin Ülkər bununla razılaşmamışdır. Onlar Ülkərə olan 30000 manat borca görə evi satmaq qərarına gəlmişlər. Bu razılaşma Ülkərin Salyan RPŞ-yə etdiyi şikayətlə əlaqədar polis şöbəsində izahat verib çıxdıqdan sonra baş tutmuşdur. Onlar Ülkərlə 45000 manatla deyil 30000 manat borc məbləği ilə bağlı razılaşmışlar. Hal-hazırda da Ülkərlə razılaşdığı 30000 manat pulun qaytarılmasına etirazı yoxdur, həmin məbləğdən razılaşdıqları tarixdən sonra 2000 manat tərəfindən iddiaçıya ödənildiyinin nəzərə alınmasını xahiş edir. Cavabdehlərin vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə1 iddianı qismən qəbul edərək bildirmişdir ki, məhkəmə hazırlıq iclaslarında iddiaçının verdiyi izahatlarla bağlı Cavabdeh1 tərəfindən iddiaçıya verilmiş 4 nəfərə aid plastik kartlardan hansı məbləğdə pul vəsaitlərinin çıxarılmasının müəyyən edilməsi məqsədilə sorğu verilməsi haqqında vəsatəti təmin olunmuşdur. Həmçinin Neftçala və Salyan RPŞ-də aparılmış araşdırma materiallarının tələb olunması ilə bağlı vəsatəti təmin olunmuşdur. İddiaçı ilə Cavabdeh1 arasında 9000 manat pul məbləği olmuş, həmin məbləğdən 2000 manatı iddiaçıya qaytarılmışdır. Qalan məbləğləri qəbul etmirlər. İddiaçı tərəfindən 12 ay ona verilmiş kartlardan pul çıxarılıb. İddiaçı cavabdeh Fidanın qaynanası Qələmnazın kartından 1500 manat pul çıxarıb. Ümumilikdə 4500 manat pul qaytarılmış, cavabdehlərin qaytarılmamış 4757 manat borcları qalmışdır. Bankdan götürülən pul məbləğlərini qəbul etmirlər. İddiaçı göstərdiyi məbləğlərlə bağlı sübut təqdim edə bilməmişdir. Onun qeyd etdiyi məbləğlərlə bağlı razılığa gələ bilməzlər. X8 və X3 aid kartlardan 2021-ci ilin dekabr ayından pul vəsaitləri çıxarılmışdır. Heyvanlarla bağlı tərəflər arasında razılaşma olmamışdır. İddiaçı qeyd edir ki, cavabdehlər onun pullarından yararlanaraq özlərinə “Mercedes” markalı avtomobil almışlar. Lakin Fidanın istifadə etdiyi avtomobillər rentkara məxsus olmuşdur. İddiaçı bildirir ki, Fidan səs yazışmalarında onu və şəhid olmuş ərini təhqir etmişdir. Bunlar tamamilə yanlışdır. Cavabdeh1 Salyan RPŞ-də verdiyi izahatında mağazaya görə onların arasında razılaşma olduğunu, Ülkər tərəfindən ona fevral ayında 2400 manat, 4 mart 2023-cü ildə 3900 manat, 20 mart 2023-cü ildə Fidanın qardaşı Məhəmmədə pul verildiyini qeyd etməklə həmin pulların faizlə verildiyini bildirmişdir. Ümumilikdə tərəflərin arasında 19100 manat məbləğində pul münasibətləri olmuşdur. Bundan əlavə Fidana iddiaçı tərəfindən pul verilməyib. Cavabdeh1 qaynanasına məxsus kartı iddiaçıya vermiş, sonra da kart bloklanmışdır. 5 ay 600 manatdan Qələmnazın kartından pul çıxarılmışdır. Cavabdeh kimi tanınmış Cavabdeh2 özü iddiaçıya 4 ay 500 manatdan pul ödəmiş,12 ay ərzində Rüfətin anasının kartından iddiaçı cəmi 1200 manat olmaqla pul çıxarmışdır. İzahatlardan da görünür ki, iddiaçı pul məbləğlərini faizlə cavabdehə vermişdir. Hesablamalara görə 8600 manat borcdan qaytarılıb. İddia tələbi Cavabdeh2 münasibətdə əsassızdır. Cavabdeh1 qarşı iddia tələbinə münasibətdə iddia ilə qismən razıdırlar. İddiaçının məhkəmə iclaslarında verdiyi izahatlar bir-biri ilə üst-üstə düşmür. Heç bir rəqəm deyilənlərə uyğun gəlmir. Onun göstərdiyi rəqəmlər şişirdilmişdir. Cavabdehlər hər ay iddiaçıya verdiyi puldan qaytarmışlar. İddiaçının Salyan RPŞ-də və Neftçala rayon prokurorluğunda verdiyi izahatların heç birində borc məbləğləri eynilik təşkil etmir. Cavabdehlərin verdiyi pulun məbləği cəmi 21000 manat təşkil edir. “Whatsapp” sosial şəbəkəsi vasitəsilə yazışmalarla bağlı ödənilən məbləğ 19100 manat təşkil edir. İddiaçı pul verib faiz götürmüşdür. SMS yazışmalar var. Bu səbəbdən iddia tələbi Fidana qarşı qismən təmin olunmalı, cavabdeh Rüfətə qarşı olan iddia tələbi isə rədd olunmalıdır. Kartlardan da pullar çıxarılıb. 19100 manatdan 8600 manat ödənilib. İddiaçının mənəvi ziyan tələbi isə əsassız olduğundan rədd olunmalıdır. Neftçala Rayon Məhkəməsinin 7 noyabr 2024-cü il tarixli 2(053)-629/2024 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «dəymiş maddi ziyanın əvəzinin ödənilməsi» tələbinə dair iddiası qismən təmin olunaraq, 28000 manat məbləğində pulun dəymiş maddi ziyanın əvəzi olaraq cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması, birləşdirilmiş mülki iş üzrə İddiaçı Cavabdeh1 qarşı isə «mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası qismən təmin olunaraq yetirilmiş mənəvi zərərə görə 700 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 385.1, 425.1, 442, 443.1, 448.1, 739.1, 739.2, 21.1, 23.1, 24.1-ci, Mülki Prosessual Məcəllənin 106.3, 217.4-cü maddələrinə istinadla gəldiyi hüquqi nəticəni belə əsaslandırmışdır ki, iddiaçının cavabdehlərə qarşı olan maddi ziyanın ödənilməsi tələbi cavabdehlərin və onların nümayəndəsi, vəkili tərəfindən səsləndirilən iddiaçıya cavabdehlər tərəfindən müxtəlif vaxtlarda nəğd və ya kart köçürmələri ilə həyata keçirilmiş ödənişlərdən sonra son olaraq tərəflər arasında cavabdehlərin ümumilikdə iddiaçıya ödəməli olduğu məbləğ 30000 manat təşkil etmişdir. Məhkəmə bu qənaətə araşdırılan sübutlara, habelə Cavabdeh2 etirafına əsasən gəlmişdir. Belə ki, iddiaçıya cavabdehlər tərəfindən 30000 manat məbləğində maddi ziyanın ödənilməmiş qalması tərəflərin öz aralarında olan razılaşma ilə müəyyən edilmiş və həmin razılaşmadan sonra dəymiş ziyan məbləğindən 2000 manatının cavabdehlər tərəfindən ödənilməsi təsdiqini tapmışdır. Tərəflər arasında yaranmış münasibətlərdən əmələ gələn mübahisələr davam etdiyi dövrdə iddiaçı ailə başçısını itirmiş tək qadın-ana olaraq uşaqları üçün ayırdığı pul məbləğini də Cavabdeh1 təkidi ilə ona göndərməli olmuş, davamlı kreditlərin aylıq ödənişlərinin qarşısında həyəcan və sarsıntılar yaşamaqla mənəvi ziyana məruz qalmış və bu kimi hallar da iddiaçının səhhətinə mənfi təsir göstərmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək ləğv olunması, iddia tələblərinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin mübahisələndirilən qətnaməsi ilə müəyyən etdiyi halları qəbul etmir. Belə ki, iş materialları səthi təhlil edildiyindən məhkəmə tərəfindən işi nəticələndirən faktiki hallar düzgün müəyyən olunmamış, habelə qətnamə tələblərin qismən təmin olunmasına əsas olan halların qeyri-müəyyən şəkildə təsviri ilə qəbul edilmişdir. Aşağıda göstərilənlərlə əlaqədar hesab edir ki, Neftçala Rayon Məhkəməsinin mübahisələndirilən qətnaməsinin qəbul olunmasına əsas olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, iş üçün mühüm əhəmiyyətli halları təsdiq edən sübutlara düzgün hüquqi qiymət verilməmiş, habelə qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Məhkəmə Mülki Məcəllənin 448.1-ci maddəsini müxtəlif epizodlar üzrə səhv tətbiq etmişdir. Belə ki, Cavabdeh1 ilə aralarında aparılan və maddi zərər tələbinə münasibətdə etirafedici məzmunlu yazışmalar, həmçinin digər cavabdehin onunla birgə nikahdan irəli gələn ümumi öhdəlikləri tərəflərin risk dairəsini konkret ifadə etsə də, məhkəmə qeyd olunanları nəzərə almamış, yekun nəticədə şifahi bağlanan mülki-hüquqi əqddən yaranan öhdəliyin icra olunmayan hissəsini daha az həcmdə müəyyən etmişdir. Məhkəmə qətnamənin əsaslandırma hissəsində iş materiallarına əlavə olunan, həmçinin tərəflərin vəsatətlərinə əsasən əldə edilmiş sübutları yalnız sadalamaqla kifayətlənmiş, onları qarşılıqlı təhlil edərək işin mühüm əhəmiyyət kəsb edən hallarının təsdiqinə münasibətdə şərh etməmişdir. Belə olduğu təqdirdə hesab edir ki, birinci intansiya məhkəməsi sübutların qiymətləndirilməsi üzrə məhkəmə baxışını Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərini pozmaqla aparmışdır. İş materiallarına tərəfindən əlavə olunan sənədlərin iddia ərizəsində əks olunan faktları hansı həcmdə təsdiq edib-etməməsi, onların mötəbərliliyi, aidiyyəti və sübuti baxımdan təsir spektri məhkəmə tərəfindən düzgün müəyyən edilməmişdir. Mübahisə üzrə sübutetmənin göstərilən məqamları aydınlaşdırılmadığından iddia tələblərinin maddi zərərə aid təmin olunan hissəsi yalnız cavabdehin etirafına, mənəvi zərərə aid hissəsi isə məhkəmənin mülahizəsinə əsaslanmışdır. Hesab edir ki, birinci instansiya məhkəməsi mənəvi zərərin vurulması faktı ilə bağlı gəldiyi nəticəni böhtan xarakterli ittihamın mahiyyətinə, şərəf və ləyaqəti ləkələmə dərəcəsinə və motivasiyasına uyğun əsaslandırmalı olduğu halda, göstərilən məqamları sübut edilən hüquqi predmetdən kənarda saxlamışdır. Belə ki, mənəvi zərərin ödənilməsi tələbinə dair hissədə yekun nəticə ümumiyyətlə əsaslandırılmamış, həmin tələbin təmin edilməyən hissəsi işin faktiki halları ilə əlaqələndirilməmişdir. İş materiallarına əlavə edilmiş sübutlar bir-bir sadalanmış, həmin sübutların iddia tələblərinin hüquqi əsasını təşkil edən xüsusatları təsdiqləyən tərəfləri göstərilmiş, lakin qət edilmiş yekun nəticə həmin sübutlarla əlaqədar olmamışdır. Belə ki, tərəfindən iş materiallarına əlavə olunan votsap tətbiqində aparılan yazışmaların fotogörünütüləri, Salyan rayon polis şöbəsində şikayəti üzrə aparılan araşdırma zamanı şahid qismində dindirilmiş şəxslərin verdiyi izahatlar və digər sübutlarla Fidan və ərinin ondan adına rəsmiləşdirilən kredit müqaviləsi üzrə əldə olunan vəsaitdən yararlanmaları və həmin krediti bağlayacaqlarını vəd etmələrinə baxmayaraq icra etməmələri, iribuynuzlu heyvan təsərrüfatı ilə məşğul olmağa, bunun üçün 8700 (səkkiz min yeddi yüz) manat dəyərində 7 (yeddi) baş davar almağa sövq etmələri, lakin buna nail olduqdan sonra həmin heyvanları sataraq pulunu tam şəkildə mənimsəmələri, nəticədə iddia tələbində qeyd olunan həcmdə zərər vurmaları faktını tam təsdiq etsə də, məhkəmə yekun nəticəyə gələrkən yalnız cavabdehin etirafını əsas götürmüşdür. Göründüyü kimi, məhkəmənin göstərilən istiqamətdə gəldiyi nəticə tərəflərin qarşılıqlı münasibətlərini əks etdirməməklə işin faktiki hallarına uyğun olmamışdır. Qətnamədən həmçinin cavabdehlər apellyasiya şikayəti verərək ləğv olunması, maddi ziyanla bağlı iddia tələbinin Cavabdeh1 münasibətdə qismən, 4757 manat hissədə təmin olunması, maddi ziyanla bağlı qalan hissədə və mənəvi zərərlə bağlı hissədə bütövlükdə iddiaların rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 6(057)7/2024 saylı qərarın 4-cü səhifəsində İddiaçı bildirir ki, 3000 manat Məhəmmədə pul vermişdir. 15000 manat pulu Kapital Bankın yanında Elman adlı taksi sürücüsü ilə göndərmişdir. 2022-ci ilin mart ayında 27450 manat krediti təzələməklə bundan 3000 manatı Azər adlı taksi sürücüsü ilə Cavabdeh1 göndərdiyini bildirir. Daha sonra aprel ayının əvvəllərində 28930 manat krediti kapital bankdan yeniləyib 7000 manatını Cavabdeh1 Salyan rayonu Ərəbqardaşbəyli kəndində yaşadıqları evdə verdiyini bildirir. 2022-ci ilin aprel ayının ortalarında mağaza işlətmək adı ilə 500 manat Cavabdeh1 Salyan rayonu Ərəbqardaşbəyli kəndində yaşadıqları evdə verdiyini bildirir. Sonra Cavabdeh1 qardaşı Məhəmmədin leo bank kartına 450 manat göndərdiyini bildirir və sonrakı ayrı ayrı günlərdə 450 və 500 manat daxil olmaqla Cavabdeh1 6300 manat pul verdiyini bildirir. 8700 manat pulu Cavabdeh1 8 balası olan 7 inək almaq üçün verdiyini bildirir. Ümumilikdə 45000 manat pulunun ələ keçirildiyini bildirmişdir. Cavabdehlərdən Cavabdeh1 ifadəsində isə ilk dəfə 2022-ci ilin fevral ayının 23-də 3400 manat, daha sonra 2022-ci ilin mart ayının 4-də 3900 manat, martın 20-də qardaşı Məhəmmədə 1800 manat pul verdiyini bildirmiş, 10000 manat pulu Elman adlı taksi sürücüsündən mağaza təmiri üçün göndərdiyini bildirmişdir. Bunlardan başqa pul verilmədiyini bildirmiş və həmin pulu faizə verməklə hər ay Cavabdeh1 anası X5 pensiya kartından 600 manat olmaqla 4 ay, qaynanası X1 80 manat olmaqla 6 ay pul çıxarıldığını bildirmişdir. Bu qərarda olan məbləğ 43000 manat edir ki, birinci yalanı burada ortaya çıxır. Fidan bir dəfə mənim kartıma 900 manat, sonradan 600 və 400 manat atdığını bildirir və 6 ay 80 manat kartdan pul çıxardığını bildirir. 1900 manat buradan pul qaytarıldığını etiraf edir. 12 yanvar 2023-cü il tarixli materialın aidiyyatı üzrə göndərilməsi barədə Neftçala RPŞ istintaq qrupunun baş müstəntiqi tərəfindən qəbul edilmiş qərarda göstərilir: Cavabdeh1 ev almağında köməklik edəcəyini bildirməklə 5000 manat, şərikli mal qara saxlamaq üçün 8700 manat, ümumilikdə 60000 manat pulunu ələ keçirdiyini ərizə yazaraq bildirmiş, izahatında isə 3000 manatı Neftçala şəhərində Fidanın qardaşı Məhəmmədə verdiyini bildirib. Daha sonra 2000 manat əlbəəl Fidana yaşadığı Ərəbqardaşbəyli kəndinə gedərək verdiyini bildirib. 15000 manat pulu Elman adlı şəxs vasitəsilə verdiyini bildirib. 3000 manatı Azər adlı sürücüdən göndərdiyini bildirib. 7000 manat da 2022-ci ilin aprel ayında Ərəbqardaşbəyli kəndində əlbəəl verdiyini bildirib. Bu pulları Bakı şəhərində mənzil almaq üçün verib. 2022-ci ilin aprel ayının ortalarında 500 manat Ərəbqardaşbəyli kəndində Ferma düzəltmək məqsədilə verdiyini bildirib. Daha sonra mütəmadi olaraq 450, 400, 1000, 3000, 3300, 3300, 2000, 300 və əlavə 300 manat ona pul verib. Buradakı ziddiyyət 5000 manat ev üçün verilib və 8700 manat mal qara almaq üçün və ferma tikintisi üçün və sair fərqli ifadələrdir. Qeyd etdiyi məbləği hesabladıqda isə 44650 manat pul edir. Bu məbləğ yazılan ərizələrlə birlikdə hesablandıqda 45000 manat bir, 60000 manat bir, 44650 manat, 43000 manat olmaqla tam fərqli məbləğlər ortaya çıxır. Belə desək iddiaçı nə qədər pul verdiyini ya bilmir və ya ağlına gələn rəqəmi söyləyir ki, bəlkə polis məhkəmə onun dediyinə inanar və faizə verdiyi pulları başqa ad altında gizlədər. Həmçinin heç bir məhkəmə rüsmu ödəmədiyi üçün tələb etdiyi məbləğləri hər dəfə dəyişərək əsassız iddia irəli sürür. Qətnamədə Cavabdeh2 ifadəsi olaraq göstərilir ki, sonda Ülkər ona bildirmişdir ki, Fidanın ona 35000 manat borcu vardır. Onlar Ülkərə təklif etmişlər ki, evlərini 65000 manata satışa çıxarıb ona olan 30000 manat borcu qaytaracaqlar. Rüfət 30000 manat deyil, həyat yoldaşı Fidan sağaldıqdan sonra onun razılaşacağı rəqəmə uyğun borcu qaytaracağını göstərmişdir. Cavabdeh2 bildirmişdir ki, 30000 və ya 20000 yada 10000 olacaq onu razılaşaraq borcu qaytaracaqlar. O, Ülkərə razılaşmalarına əsasən ayda 500 manat olmaqla 4 ay ödəniş etməklə 2000 manat ödəmiş, sonra bildirmişdir ki, özünün də borcları var deyə razılaşdıqları 30000 manat borcdan ayda 200-300 manat olmaqla hissə-hissə borclarını qaytarsın, lakin Ülkər bununla razılaşmamışdır. Yenidən məhkəmə tərəfindən buradada 30000 manat borcu etiraf etdiyini göstərmiş və buna müvafiq olaraq qətnamə çıxarılmışdır. Onlar Ülkərə olan 30000 manat borca görə evi satmaq qərarına gəlmişlər. Hər cümlədə Cavabdeh2 30000 manat borclu olduğunu qeyd etməsi qətiyyən düzgün deyil. Bu razılaşma Ülkərin Salyan RPŞ-yə etdiyi şikayətlə əlaqədar polis şöbəsində izahat verib çıxdıqdan sonra baş tutmuşdur. Onlar Ülkərlə 45000 manatla deyil, 30000 manat borc məbləği ilə bağlı razılaşmışlar. Cavabdeh2 hər cümləsinə 30000 manat qaytaracağını qətnamədə məhkəmə xüsusilə qeyd etmişdir ki, bu əsla belə deyildir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə hər iki iddia tələbi üzrə İddiaçı tərəfindən verilən apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını, cavabdehlər tərəfindən verilən apellyasiya şikayətinin əsassız olmasından dolayı rədd edilməsini xahiş etdi. Məhkəmədə İddiaçı vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə3 tərəflərindən verilən apellyasiya şikayətinin dəlillərinin əsaslı olduğunu bildirib təmin olunmasını, cavabdehlərin apellyasiya şikayətinin əsassız olduğunu bildirib rədd edilməsini xahiş etdi. Məhkəmədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə1 cavabdehlər tərəfindən verilən apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını, iddiaçının apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda hər iki tərəf apellyasiya şikayətlərində iddianın təmin olunan, təmin olunmayan hissələrdə qətnamənin ləğvini xahiş etməklə qətnaməni tam mübahisələndirmişlər. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətlərinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еtmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, hər iki apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından tərəflərin apellyasiya şikayətlərində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiya yetirilən maddi zərər tələbi üzrə iddiaçının ayrı-ayrı epizodlarda verdiyini bildirdiyi pullara dair hər bir epizodda tələbin sübutlar və sübutetmə yükünün bölünməsi kontekstindən təsdiqini tapıb-tapmaması təhlilini apararaq, nəticəsindən asılı olaraq mübahisəyə hüquqi qiymət verilmənin daha doğru olduğunu qeyd edir və aşağıda sadalanacaq ardıcıllıqla sübutların ayrı-ayrılaqda qiymətləndirilməsini aparır: 1) İddiaçı Cavabdeh1 münasibətlərin yarandığı ilk vaxtlarda mağazasını işlətmək üçün 500 manat pul verdiyini bildirir, Cavabdeh1 6 sentyabr 2024-cü il tarixdə keçirilən məhkəmə baxışına hazırlıq iclasınqda (İ/V-192 hazırlıq iclasının protokolu) bu məqsədlə iddiaçıdan 500 manat aldığını etiraf edir. Qeyd olunan epizod üzrə iddia cavabdehin etirafı ilə təsdiqini tapır; 2) İddiaçı bildirir ki, Cavabdeh1 X13 işləyən Nərmin adlı tanışı (həmin şəxsi işarə etdiyi fotoşəkil işə əlavə olunur) vasitəsi ilə şəhid ailəsi üzvü olaraq mənzil növbəliliyi ilə bağlı təminatını zaman baxımından sürətləndirəcəyini və ona Bakı şəhərinin mərkəzi yerlərindən birində mənzil verilməsini təmin edə biləcəyini vəd etmiş, bunun qarşılığında isə əvvəlcə 5000 manat, sonradan daha 15000 manat pul lazım olduğunu bildirmişdir. Bu məqsədlə "xxxx" ASC-dən xx.xx.2022-ci il tarixdə bağlamış olduğu GTKR4675413A299 № li kredit müqaviləsi əsasında götürdüyü 20000 manat dəyərində olan kredit məbləğindən real olaraq yararlanmışdır. Belə ki, kart vasitəsilə terminaldan Fidana 5000 manat pul ödəmişdir, lakin nə kartın surətini, nədəki ödəniş qəbzini məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa 15000 manat pulu Fidanın göndərdiyi taksi sürücüsü Elmanın vasitəsilə Cavabdeh1 göndərmiş, sonradan zəng edib pulu qəbul etdiyini Fidandan soruşmuş, o da həmin məbləği qəbul etdiyini bildirmişdir. Cavabdeh1 iddiaçı ilə şəhid ailəsi olduğundan mənzil növbəsinin tezləşdirilməsi ilə bağlı söhbətlərinin olmadığını, iddiaçı tərəfindən ona kart vasitəsilə 3900 manat pul köçürüldüyünü bildirir. Belə ki, ortaq qurduqları mağaza üçün materiallar alınmış, iddiaçı Elman adlı taksi sürücüsü ilə bir dəfə zərfdə pul göndərmiş, amma orada 15000 və ya 10000 manat deyil, hardasa 5000 manat olmuşdur (İ/V-193 hazırlıq iclasının protokolu). Qeyd olunan hissədə iddiaçının bildirdikləri iş materiallarında olan "xxxx" ASC ilə xx.xx.2022-ci ildə bağlann kredit müqaviləsi (İ/V-24) və taksi sürücüsü olan X7 polisdə aparılan araşdırma zamanı verdiyi izahatın məzmunu ilə təsdiqini tapır (İ/V-110-111). Belə ki, sonuncu izahatında göstərmişdir ki, etibarnamə əsasında mavi rəngli, VAZ 2106 markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir, taksi kimi istifadə etməklə gündəlik çörək pulunu qazanır. Cavabdeh1 əvvəldən həmkəndli kimi tanımış və onunla qohumluğu, ədavəti olmamışdır. Həmkəndli kimi də münasibətləri yaxşı olduğundan 2021-2022-ci tədris ilində Fidanın uşaqlarını öz maşını ilə məktəbə aparıb-gətirmişdir. Neftçala rayon sakini İddiaçı isə əvvəldən tanımamış, onunla heç bir münasibəti də olmamışdır. Təxminən 2022-ci ilin fevral ayının əvvəllərində Fidan ondan Neftçala şəhərinə getməyi, orada bir nəfərin verəcəyi pulu onun üçün gətirməyi, buna görə ona artıqlaması ilə zəhmət haqqı verəcəyini demiş, ona görə öz idarə etdiyi maşınla Fidanın ona dediyi yerə, yəni Neftçala şəhərindəki "xxxx"ın qarşısına gəlmiş, orada ona yaxınlaşan bir qadın ondan Elman olub-olmadığını soruşub dəqiqləşdirdikdən sonra, həmin qadın bankın qarşısındakı bankomata yaxınlaşıb oradan pul çıxarandan sonra, əlindəki pulları sayıb 15000 manat olmasını bildirib, həmin pulu Fidana çatdırmasını ondan xahiş etmişdir. O da həmin qadının ona verdiyi həmin pulu saymadan gətirib Salyan rayonu, Ərəbqardaşbəyli kəndində hamısını Fidana vermiş, Fidan ona maşın haqqı kimi cəmi 20 manat pul vermiş, bundan başqa heç vaxt kimdənsə pul alıb gətirib onu Fidana verməmişdir. Tanımadığı qadının öz deməsinə görə 15000 manat olan pulu Fidana nə üçün göndərməsinin səbəbini bilməmişdir. Qeyd olunan epizod üzrə iddia qismən, yalnız 3900 manat və 15000 manat pulların cavabdehə verilməsi hissədə təsdiqini tapır; 3) İddiaçı eyni məqsədlə Cavabdeh1 qardaşı Məhəmmədin adına olan “LeoBank” kartına 450 və 400 manat pul köçürdüyünü, Cavabdeh1 isə belə bir halın olmadığını bildirir. Qeyd olunan epizad üzrə iddia yalnız 450 manat hissədə təsdiqini tapır, belə ki, iş materiallarının 63-cü vərəqində yer alan tərəflər arasında baş tutmuş vatsap yazışmasında Fidanın təqdim etdiyi kart hesabına iddiaçıdan 450 manat pul atmasını xahiş edir; 4) İddiaçı bildirir ki, Nərmin üçün ev növbəsinin tezləşdirilməsi məqsədilə veriləcək pula daxil 3000 manat pulu cavabdehin əri Rüfətin banka olan borcunun bağlanması üçün Cavabdeh1 vermişdir. Belə ki, Fidan ərinin banka olan borcunun bağlanması üçün ondan 3000 manat pul istəmiş və demişdir ki, həmin 3000 manatı Nərminə onun əvəzindən özü verəcək. Həmin 3000 manat pulu Fidana verməsinə dair sübutu yoxdur. Cavabdeh1 isə belə bir halın olmadığını bildirir; 5) İddiaçı bildirir ki, Cavabdeh1 ərinin heyvandarlıq sahəsində xüsusi biliklərə malik olduğunu bildirərək onu iribuynuzlu heyvan təsərrüfatı ilə məşğul olmağa, bunun üçün 8700 manat dəyərində 7 baş davar almağa sövq etmiş, lakin buna nail olduqdan sonra həmin heyvanları sataraq pulunu tam şəkildə mənimsəmişdir. Belə ki, 8700 manat heyvana verilən puldan 3000 manatını Fidanın göndərdiyi taksi sürücüsü Azər vasitəsilə Fidana göndərmiş, 3000 manatını Fidanın göstərişi əsasında qardaşı Məhəmmədə vermişdir. 2700 manatını isə şəxsən Fidanın evində özünə vermişdir. Alınacaq heyvanlardan 3 inək 2 bala 3900 manata, 3 boğaz inək 2950 manata, 1 inək isə 1850 manata qiymətləndirilmişdi. Cavabdeh1 iddiaçı ilə heyvanlarla bağlı hər hansı bir danışıqlarının olmadığını, taksi sürücüsü Azərlə ona pul göndərmədiyini, qardaşı Məhəmmədə isə 1850 manat pul verildiyini bildirir. Qeyd olunan epizod üzrə iddiaçının tələbi iş materiallarında olan tərəflər arasında baş tutmuş vatsap yazışmaları, heyvanları satan Ələkbər adlı şəxsin polisdə araşdırma aparılan zaman verdiyi izahatla qismən təsdiqini tapır. Belə ki, tərəflər arasında baş tutmuş vatsap yazışmalarında iddiaçı cavabdeh Fidandan “Mənim heyvanlarım hanı” soruşur, cavabında Cavabdeh1 “Heyvanlarını Danmıram senin” deyərək cavab verir (İ/V-56). Polisdə aparılan araşdırma zamanı izahatı alınmış X14 bildirmişdir ki, “Hundai Elantra” markalı, **-BD- *** dövlət qeydiyyat nişanlı avtomobili var və həmin avtomobilindən taksi kimi istifadə etməklə gündəlik çörək pulunu qazanır. Cavabdeh1 əvvəldən həmkəndli kimi tanımış, onunla qohumluğu, ədavəti olmamışdır. Neftçala rayon sakini İddiaçı isə əvvəldən Neftçalaya gedib-gələn zaman tanımış, onun mərhum əri ilə yaxın münasibəti olmuş, ona görə də onların Neftçala şəhərində yaşadıqları evi də tanımışdır. Təxminən 2022-ci ilin mart ayında Neftçala şəhərində olan zaman Fidan ona zəng vuraraq gedib orada Ülkərdən onun verəcəyi pulu onun üçün gətirməsini xahiş etmiş, ona görə Ülkərgilə gedib onun verdiyi 3000 manat pulu gətirib Salyan rayonu, Ərəbqardaşbəyli kəndindəki evlərində Fidana vermiş, Fidan da pulu sayıb ona 2 manat zəhmət kimi vermişdir. Bundan təxminən 2-3 ay sonra Ülkər ondan xahiş etmişdir ki, gedib Fidanın onun üçün göndərdiyi 100 manat pulu götürüb ona çatdırsın. O da ona görə Fidangilə gəlmiş, Fidan ona bir neçə bank kartı və 100 manat pul vermiş, o da onların hamısını gətirib Neftçala şəhərində Ülkərə vermişdir (İ/V-111). Polisdə aparılan araşdırma zamanı izahatı alınmış X6 bildirmişdir ki, Salyan rayonu, Ərəbqardaşbəyli kəndində yaşamaqla heyvandarlıqla məşğul olur və yaşadığı evin həyətində mal-qara, qoyun-quzu saxlayır. Bəzən də saxladığı heyvanlardan bazarda və ya qapısına gəlib istəyən şəxslərə satıb qazancını ailəsinin ehtiyaclarına xərcləyir. Cavabdeh1 qonşu kimi tanımış, bir qonşu kimi münasibətləri həmişə yaxşı olmuş, aralarında heç vaxt narazılıq, ədavət olmamışdır. Neftçala rayon sakini İddiaçı isə elə də yaxından tanımamış, onu təxminən bir il əvvəl, qonşuluqda yaşayan Fidanın mağazasında görmüşdür. Həmin vaxta qədər, yəni 2022-ci ilin mart ayının əvvəllərində təxminən 20 gün ərzində Fidan ondan ümumilikdə cəmi 5 baş ana inək və 3 baş da inək balası almış, ilk dəfə Fidan ondan 3 baş boğaz ana inəyi 3800 manata, ondan 5-6 gün sonra Fidan ondan 1250 manata yenidən yanında əkiz balası olan daha bir baş inək almış, 1 həftə sonra isə Fidan ondan 1300 manata yenə yanıbalalı bir baş inək almış, aldığı 5 baş ana inǝyǝ və 3 baş inək balasına görə Fidan ona cəmi 6350 manat pul vermişdir. Fidan ondan ilk 3 baş boğaz inəyləri alanda əri Rüfətlə onun yanına gəlmiş, həmin vaxt demələrinə görə onlar inəkləri özləri üçün almışlar. Sonradan Ülkər adlı qadını Fidanın mağazasında görəndə Fidan ondan aldıqları malları Ülkərlə şərik aldığını, birlikdə şərik iş gördüklərini ona demişdir. Sonradan qardaşı Vasifdən eşitmişdir ki, Fidan və əri Rüfət ondan aldıqları heyvanları bir ay keçməmiş Salyan rayon bazarında satıblar. Fidana cəmi 5 baş ana inək və 3 baş da inək balası satmış, Fidanın Ülkəri aldatmasını, ondan buna görə 8700 manat almasını bilməmiş, bu barədə də onun heç bir məlumatı olmamışdır (İ/V-111). Qeyd olunan epizod üzrə iddia qismən, yalnız 6350 manat pulun cavabdehə verilməsi hissədə təsdiqini tapır; 6) İddiaçı bildirir ki, Fidanın xahişi ilə tanıdığı şəxsdən 2000 manat faizə pul götürüb Fidana vermiş, Fidan ödəniş etmədiyi üçün həmin məbləği faizi ilə birlikdə lotareya oynayıb qaytarmışdır. Cavabdeh1 həmin halı inkar edir. 7) İddiaçı bildirir ki, Cavabdeh1 onun evində yuxarıda qeyd etdiyi məqsədlə 5000 manat pul vermişdir. Cavabdeh1 iddiaçı tərəfindən ona onun evində 3400 manat pul verildiyini etiraf edir. Qeyd olunan epizod üzrə iddia qismən, yalnız 3400 manat pulun cavabdehə verilməsi hissədə təsdiqini tapır. Beləliklə iddia tələbi İddiaçı tərəfindən Cavabdeh1 ümumilikdə 500+3900+15000+450+6350+3400=29600 (iyirmi doqquz min altı yüz) manat məbləğində pulların verilməsi hissədə təsdiqini tapmış olur. İddiaçı cavabdehə vermiş olduğu pullardan sadəcə 2000 (iki min) manatının kompensasiya olunduğunu bildirsə də, iş materiallarının 109-110-cu vərəqlərində yer alan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən Cavabdeh1 900+600+400 manat onun kartına köçürülməsi yolu ilə pullar aldığını, həmçinin Fidanın qaynanasının sosial kartından 6 ay ərzində hər ay 80 manat pul çıxardığını göstərmişdir. Bundan başqa tərəflər arasında baş tutmuş vatsap yazışmalarında (İ/V-52) Ülkər bildirir ki, 6 ayda cəmi bircə dəfə 900 manat kredit ödəmisən, 5 ayda cəmi iki dəfə yarı ödəmisən. Daha sonra Cavabdeh1 Ülkərə bildirir ki, mən sənə 1800 atmışam(İ/V-56). Qeyd olunanla onu deməyə əsas verir ki, İddiaçı bildirdiyi 900 manatdan savayı, hər dəfəsində 450 manat olmaqla əlavə 900 manat ona ödəniş edilmişdir. Qaytarılan məbləğlərin cəmi 900+600+400+(6X80)+900 = 3280 (üç min iki yüz səksən) manat təşkil edir. İddiaçı cavabdehlərdən Cavabdeh1 verdiyini sübuta yetirə bildiyi 29600 manatdan qaytarılan 3280 manat çıxılanda, qaytarılmayan məbləğ 26320 manat müəyyən olunur. “Mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iş üzrə iş materiallarına əlavə edilmiş sübutlar səs yazısından ibarətdir. Cavabdeh1 vəkili, eyni zamanda nümayəndəsi həmin səsin cavabdehə aid olduğunu təsdiq etdikdən sonra məhkəmə baxışında dinlənilərək tədqiq edilmişdir. Səs yazısında Cavabdeh1 iddiaçını aşkar şəkildə təhqiramiz ifadələrlə təhqir edir, şəhid olmuş ərinin adını hallandırır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3 - Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 6.2 - Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 14.2.7 - Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Maddə 560.1 - Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 21.1 - Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2 - Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 23.1 - Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Maddə 23.4 - Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Maddə 386.1 - Öhdəliyin əmələ gəlmə əsaslarından biri də əsassız varlanmadır; Maddə 1091.1 - Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2 - Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1 - Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1096.1 - Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2 - Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1 - Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 4.1 - Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Maddə 14.2 - Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1 - Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2 - Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1 - Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 - Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1 - İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Hər iki apellyasiya şikayətinin dəlillərini “dəymiş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iş üzrə tədqiq edən kollegiya işin müəyyən olunan faktiki və sübuta yetirilən halları əsasında hesab edir ki, Cavabdeh1 iddiaçının şəhid ailəsi üzvü olaraq mənzil növbəsinin tezləşdirilməsi, mağazada birgə fəaliyyət təşkil etmələri və bunun üçün mağazanın təmiri məqsədilə pullar alması, ərini təsərrüfatdan başı çıxan bir şəxs kimi təqdim etməklə mal-qara alıb saxlayıb daha baha qiymətə satacaqlarını bildirib iddiaçı tərəfindən dəyəri ödənilərək alınan malları sonradan satmaqla iddiaçının hesabına əsassız varlanan şəxsə çevrilmişdir. Yuxarıda sadalanan maddi hüquq normaları tələbin hüquqi əsasını təşkil etməklə mübahisə predmeti üzrə tətbiqi məhkəmə kollegiyasına belə nəticəyə gəlməyə əsas verir ki, iddianın sübuta yetirilmiş və qaytarılmayan 26320 manat məbləği hissədə iddiaçının Cavabdeh1 qarşı pul tələbi qanuni və əsaslı olmuşdur. Belə ki, Cavabdeh1 varlanmış şəxs olaraq əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Bununla belə qeyd olunan iş üzrə ikinci cavabdeh kimi cəlb edilmiş Cavabdeh2 iddiaçı ilə arvadı (cav. Cavabdeh1) arasında aparılan danışıqların, razılaşmaların bilavasitə iştirakçısı olmadığından, arvadının iddiaçı qarşısında yaranan pul öhdəlikləri üzrə birgə məsuliyyət daşımadığından, iddia ona qarşı əsaslı hesab edilə bilməz. İddiaçının özü də birinci instansiya məhkəməsində maddi ziyanla əlaqədar iddiasında qeyd etdiyi pul məbləğini cavabdehlərdən müştərək qaydada iştəməsinin səbəbi kimi borcun və heyvanların pulunun Cavabdeh2 öz öhdəsinə götürməsi ilə izah etmişdir. Hər iki apellyasiya şikayətinin dəlillərini “dəymiş mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iş üzrə tədqiq edən kollegiya işin müəyyən olunan faktiki və sübuta yetirilən halları əsasında hesab edir ki, Cavabdeh1 vatsap üzərindən iddiaçıya atmış olduğu səs yazısında iddiaçını aşkar şəkildə təhqiramiz ifadələrlə təhqir etməsi, şəhid olmuş ərinin adını xoşagəlməz formada hallandırması sübuta yetir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarı : Mülki Məcəllənin 23.4-cü maddəsində şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ nəzərdə tutulmuşdur. Bu qaydalar həmçinin hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir (maddə 23.6). Lakin burada göstərilən zərərin maddi və yaxud mənəvi olduğu birbaşa göstərilməmişdir. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib olan halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. "Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 nömrəli Qərarı: 3-cü bəndə əsasən məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məhkəmələrə izah edilmişdir ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətləndə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Şərəfin ləkələnməsi - zərərvuranın zərərçəkmiş barəsində cəmiyyətdə mənfi rəy yaratmaq məqsədi ilə həqiqətə uyğun olmayan neqativ məlumatların yaymasında ifadə olunur. Ləyaqətin alçaldılması – bu halda yayılma faktının olması məcburi şərt olmaya bilər. Bu halda zərərçəkmişə və ya daha çox şəxs arasında zərərvuran tərəfindən zərər çəkmiş barəsində həqiqətə uyğun olmayan, şərəf və ləyaqəti alçaldan ifadələrin işlədilməsi, təhqir edilməsində ifadə olunan mənfi neqativ davranışlar başa düşülür. Şərəf və ləyaqətin müdafiəsi ilə bağlı iddia tələbləri üzrə işlərə baxılarkən bu iki məfhum arasında diferensiasiya aparılmalı, iddianın əsasının şərəf, yoxsa ləyaqətin alçaldılması ilə bağlı olması fərqləndirilərək, ifadə edilmiş yalan məlumatların və ya ittihamedici ifadələrin yalnız yayılmaması əsası ilə rədd edilməməlidir. Həm şərəf, həm də ləyaqət insanda yüksək mənəvi keyfiyyətləri göstərən xassələrin məcmusu olsa da, şərəf bu xüsusiyyətlərə görə hər hansı şəxsə ətrafdan verilən dəyəri, qiyməti ehtiva edirsə, ləyaqət həmin xassələrin dəyərini dərk edən şəxsin özünə qarşı duyduğu ehtiram hissidir. Bu baxımdan şəxsin şərəfinin alçaldılmış hesab edilməsi üçün yalan məlumatların və ya ittihamedici ifadələrin ən azı bir neçə şəxs arasında yayılması tələb edildiyi halda, ləyaqətin alçaldılmış hesab edilməsi üçün belə ifadələrin üçüncü şəxslərin iştirakı olmadan da şəxsə bildirilməsi kifayət edir. Odur ki, hətta yayılma halı olmadan da ünvanlandığı şəxsin şəxsiyyətinə uyğun olmayan, açıq-aşkar alçaldıcı, nüfuzdan salan, ağır cinayətlərdə ittiham edən ifadələrin ona bildirilməsinin sübuta yetirilməsi, sonuncunun ləyaqətinin alçaldılması əsası ilə keçirdiyi iztirab və sarsıntının əvəzi olaraq məhkəmə qaydasında mənəvi təzminatın tutulmasını istisna etmir. Şərəf, ləyaqət və ya işgüzar nüfuzun müdafiəsi ilə bağlı iddialarda mənəvi zərərin kompensasiyası kimi - pul qismində təzminat; yayılmış məlumatların təkzib edilməsi; (yayılmış) məlumatların şərəf və ləyaqəti alçaldan, işgüzar nüfuzu ləkələyən məlumatlar olması faktının müəyyən edilməsi; üzr istəmə vəzifəsinin qoyulması çıxış edir. Sözügedən təzminat növləri həm ayrılıqda müstəqil şəkildə, həm də bir neçəsi eyni zamanda tətbiq edilə bilər. Mənəvi zərər şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyri-müəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyətidir. Maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. (Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarı). Nəzərə alınmalıdır ki, maddi zərərə görə təzminatın ödənilməsi zamanı zərərçəkənin şəxsiyyəti zərərin hesablanmasına təsir etməsə də, mənəvi zərərin müəyyən edilməsində əsas meyar hesab edilir. Zərərvurulan şəxsin şəxsiyyəti ilə bağlı meyarlar hissetmə qabiliyyəti, bədən quruluşu və dözümlülüyü, yaşı və cinsi, işgüzar nüfuzu və sosial vəziyyəti, həyat tərzi və vərdişləri, iqtisadi vəziyyəti kimi hallar göstərilə bilər. Baxılan iş üzrə iddiaçı cavabdehin ona qarşı mülki-hüquq pozuntusu (delikt) törətməklə ləyaqətini alçaltmasına və bunun nəticəsində zərər çəkməsinə istinad edir. Qeyd olunan tələbin hüquqi əsasları Mülki Məcəllənin 23-cü, 1096-cı və 1097-ci maddələrində nəzərdə tutulmuşdur. Həmin normaların iddiaya tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Sadalanan şərtlərin hər biri müəyyən edilməli, onlardan birinin aşkar edilməməsi iddianın rədd edilməsi üçün kifayətdir, digər əlamətlərin araşdırılmasına gərək yoxdur. İşin müəyyən olunan hallarına əsasən iddiaçının ləyaqətini alçaldan ifadələrlə səs yazısı vatsap tətbiqi üzərindən cavabdeh tərəfindən iddiaçıya göndərilmişdir. Həmin hərəkətlər hüquqa zidd olmaqla, səs yazısında işlədilən aşkar şəkildə təhqiramiz ifadələr ünvanlandığı şəxsin ləyaqətini alçaldan ifadələrdir, əməl ilə zərər arasında səbəbli əlaqə, cavabdehin təqsiri vardır. İddiaçının şəhid arvadı və üç azyaşlı uşağı tək böyüdən bir ana, cavabdehin yalançı vədləri ilə aldadılmış bir şəxs olaraq şəhid ərinin adı hallandırılmaqla ləyaqətinin aşkar şəkildə təhqiramiz ifadələrlə alçaldılması ona mənəvi zərərin kompensasiyası kimi - pul qismində təzminat tələb etmək hüququ verir. Ləyaqəti alçaldılmış şəxs olaraq iddiaçının mənəvi və fiziki iztirablarının xarakteri və dərəcəsini, sosial vəziyyətini, cavabdehin təqsiri və əmlak vəziyyətini nəzərə alan məhkəmə kollegiyası mənəvi zərərin komensasiyası kimi pul qismində 3000 manat təzminatın müəyyən edilməsini işin hallarına mütənasib və ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslardır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının aydınlaşdırılmaması, gəlinən nəticənin işin faktiki hallarına uyğun olmaması, maddi hüquq normalarının düzgün tətbiq edilməməsi əsasları ilə hər iki apellyasiya şikayəti qismən təmin olunmaqla qətnamə ləğv edilməli, hər iki iddianın qismən təmin olunmasına dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Resçublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda məhkəməyə verilən iddia ərizəsi üzrə 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilir. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumunu ödəməkdən azaddırlar. İddiaçı şəhid ailəsi olaraq məhkəmədə verdiyi iddialar üzrə dövlət rüsumunu ödəməkdən azad olan şəxsdir. İddiaçı dəqiqləşdirilmiş tələblə cavabdehdən 42000 manat məbləğində dəymiş maddi zərərin əvəzinin ödənilməsini, ləyaqətinin alçaldılmasına görə 15000 manat mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmişdir. İddiaçının maddi zərərin əvəzinin ödənilməsinə dair tələbi qiymətləndirilən iddia olduğundan, həmin tələb üzrə ödənilməli olan dövlət rüsumu 216 manat müəyyən edilir. Ləyaqətinin alçaldılması ilə bağlı tələblər qiymətləndirilməyən iddia növlərindən olduğundan, həmin tələb üzrə ödənilməli olan dövlət rüsumu 100 manat müəyyən edilir. İddiaçı məhkəmədə verdiyi iddialar üzrə dövlət rüsumunu ödəməkdən azad olan şəxs olduğundan, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Maddi zərərin ödənilməsi hissədə iddiaçının tələbi 42000 manat olsa da, qətnamə ilə təsdiqini tapan məbləğ 26320 manat təşkil edir ki, bu məbləğ iddianın 62.6 faizini təşkil edir. Belə olan halda ödənilməli olan 216 manat məbləğində dövlət rüsumunun iddianın təmin olunan hissəsinə mütənasib olan məbləği 135.2 manat təşkil edəcək. Həmçinin mənəvi zərərlə bağlı ödənilməli olan 100 manat dövlət rüsumunun iddianın təmin olunan hissəsinə mütənasib olan məbləği 62.6 manat təşkil edəcək. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119.2, 382, 384.0.2, 385.1., 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Hər iki apellyasiya şikayəti qismən təmin edilsin. Neftçala Rayon Məhkəməsinin 7 noyabr 2024-cü il tarixli 2(053)-629/2024 saylı qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «dəymiş maddi ziyanın əvəzinin ödənilməsi» tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh1 26320(iyirmi altı min üç yüz iyirmi) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissələrdə rədd edilsin. Cavabdeh1 135.2 (bir yüz otuz beş manat 20 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. İddiaçı Cavabdeh1 qarşı «mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh1 3000 (üç min) manat yetirilmiş mənəvi zərərin əvəzi olaraq tutulub İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh1 62.6 (altmış iki manat 60 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemi üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Qasım Əliyev Cahid İmanov
Məhkəmə qərarları › İş №2(106)-571/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-571/2025
07.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver