Məhkəmə qərarları › İş №2(106)-578/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-578/2025

23.04.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-578/2025 23.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə, İddiaçı Cavabdehnə qarşı «xx.xx.2023-cü il tarixli 01/158 saylı əmrin etibarsız hesab edilməsi» tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli, 2(049)-3688/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları İş materiallarına əlavə edilmiş xx.xx.2023- cü il tarixli ərizədən görünür ki, İddiaçı, X1 Nəznində Sosial və X2 direktoru Leyla İbrahimova ilə bağlanmış əmək müqaviləsinin vaxtı bitdiynə görə yenidən cari tədris ilinə qədər yenidən müqavilə bağlanmağını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023- cü il tarixli, 02/47 saylı əmrdən görünür ki, X1 Nəznində Sosial və X2 direktoru Leyla İbrahimova ilə İddiaçı ərizəsinə əsasən arlarında bağlanmış müqavillədə dəyişiklik edilərək cari tədris ilinin sonuna olan müddətə yəni xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək uzadılmışdır. xx.xx.2023- cü il tarixli, 01/158 saylı əmrdən görünür ki, X1 Nəznində Sosial və X2 direktoru Leyla İbrahimova ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinin müddəti 30 iyun 2023-cü il tarixdə bitmişdir. Onu Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən əmək müqaviləsinə xitam verilərək ona son haqq-hesab ödənilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024- cü il tarixli, “Ciayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan görünür ki, İddiaçı şikayəti üzrə (müqavilələrdə imzaların ona məxsus olmaması ilə bağlı) cinayət işinin başlanması rədd edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 28 avqust 2018-ci il tarixli, 2(049)-4011/2018 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, X5 Kollecinin Gənclərin çağırışaqədərki hazırlıq rəhbəri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyi X5 Kollecində işlədiyi hərbi rəhbər və müəllim (Gənclərin çağırışaqədərki hazırlıq rəhbəri) vəzifəsinə bərpa edilməsi və 02 iyul 2018-ci il tarixdən işə bərpa olunduğu tarixədək məcburi iş buraxma müddəti üçün ona əmək haqqı ödənilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 15 yanvar 2019-cu il tarixli, 2(106)305/2019 saylı qətnaməsi ilə, cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Rayon Məhkəməsinin 28 avqust 2018-ci il tarixli, 2(049)-4011/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehn nəzdində publik hüquqi şəxs statusuna malik olan Sosial və Aqrar-Texnoloji Kollecin direktoru Leyla İbrahimova tərəfindən imzalanmış 03 iyul 2023-ci il tarixli 01/158 № -li əmri ilə qanunsuz hesab edilərək ləğv olunması, "Gənclərin çağırışaqədərki hazır və fiziki tərbiyə rəhbəri" vəzifəsinə və müəllim kimi bərpa edilməklə məcburi iş buraxma müddətinə görə əmək haqqının tutulub onun xeyrinə verilməsi və cavabdehdən 3000 manat məbləğində mənəvi ziyan pulunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1980-ci il tarixdə Lənkəran rayonu, Türkəkəran kəndində ziyalı ailəsində anadan olmuşdur. 20 sentyabr 2007-ci il tarixdə onunla X5 Kolleci arasında əmək müqaviləsi bağlanaraq o, Hərbi rəhbər və ixtisası üzrə müəllimlik işinə təyin edilmişdir. Bununla bağlı X5 Kollecinin direktoru C.İbrahimov xx.xx.2007-ci il tarixli 198 nömrəli əmr imzalamışdır. Həmin vaxtdan xx.xx.2011-ci il tarixə kimi həmin işdə fasiləsiz işləmiş və həmin tarixdə onuna X5 Kolleci arasında bağlanmış əmək müqaviləsinin müddəti bitdiyinə görə Kollecin direktoru C.İbrahimovun əmri ilə əmək müqaviləsinə xitam verilmişdir. Bundan sonra Kollecin direktoru C.İbrahimovun xx.xx.2011-ci il tarixli 72 nömrəli əmri ilə onunla müddətsiz əmək müqaviləsi bağlanılmış və o, daimi ixtisası üzrə müəllim və Hərbi rəhbər vəzifəsinə təyin edilmişdir. Həmin tarixdən xx.xx.2018-ci il tarixə kimi təyin edildiyim vəzifələrdə qüsursuz işləmişdir. Kollecin direktorunun xx.xx.2018-ci il tarixli 01/86 nömrəli əmri ilə guya o, əmək funksiyamı düzgün yerinə yetirmədiyinə görə qanunsuz olaraq onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin c bəndinə əsasən 02 iyul 2018-ci il tarixində Q/39 saylı əmrlə qanunsuz xitam verilmişdir. Onunla bağlanmış əmək müqaviləsinə əsassız olaraq xitam verilərək işdən azad edildiyi üçün o, Kollecə qarşı işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Lənkəran rayon məhkəməsinə müraciət etmişdir. Məhkəmənin qətnaməsi ilə onun iddia tələbim təmin edilmişdir. Kollec rəhbərliyi məhkəmənin qətnaməsindən apellyasiya və kassasiya şikayətləri versələr də, onların şikayətləri təmin edilməmiş və bununla da o, yenidən tutduğum vəzifələrə bərpa edilmişdir. Kollecin direktorunun 29 iyul 2019-cu il tarixli 01/111 saylı əmri ilə məhkəmənin qətnaməsinə əsasən yenidən həmin vəzifələrdə işləməyə başlamışdır. Kollecin direktoru R.Həmidovun 10 iyun 2021-ci il tarixli 01/97 saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən 14 iyun 2021-ci il tarixindən xitam verilmişdir. Səbəb kimi də qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyul 2020-ci il tarixli 250 saylı qərarı ilə X5 Kollleci Cavabdeh nəzdində publik hüquqi şəxs statusuna malik olan Sosial və AqrarTexnoloji Kollecə çevirilmə yolu ilə yenidən təşkil edilmişdir. Yeni təşkil edilmiş kollecin ştat cədvəlində "Gənclərin çağırışaqədərki hazırlıq rəhbəri" və "Fiziki tərbiyə rəhbəri" ştatları ixtisar edilərək "Gənclərin çağırışaqədərki hazırlıq və fiziki tərbiyə rəhbəri" ştatı yaradılmışdır. Bu səbəbdən "Gənclərin çağırışaqədərki hazırlıq rəhbəri" olan o, bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən xitam verilməsi məsələsi yaranmışdır. Bu zaman kollec rəhbərliyi tərəfindən guya o, yəni İddiaçı qanunvericiliyə uyğun olaraq əmək haqqı azalmamaqla digər vəzifəyə keçmək təklif ediləsə də, o, etiraz etmişdir. Əslində belə bir təklif almamışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkərlıq səviyyəsinin işəgötürən müəyyən edir. Ona görə də Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin tələblərinə uyğun olaraq İddiaçı 10 mart 2021-ci il tarixli M-0321/83 saylı məktubla onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən xitam veriləcəyi barədə xəbərdarlıq edilmiş və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80-ci maddəsinin tələblərinə uyğun olaraq X3 Komitəsinə bu məsələ ilə əlaqədar qərar bildirmək xahişi ilə 20 may 2021-ci il tarixli M-0521/149 saylı məktub göndərilmişdir. X6 Komitəsi Məclis heyət üzvlərinin 09 iyun 2021-ci il tarixli iclasının (protokol № 11) qərarı ilə İddiaçıla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən xitam verilməsi qanuna uyğun hesab edilmişdir. Baxmayaraq ki, işlədiyi 14 ilə yaxın dövr ərzində o, həmişə işdə olmuş və heç vaxt xəbərdarlıq belə almamışdır. Ona tapşırılan işləri layiqincə və vicdanla yerinə yetirmiş, işində heç vaxt heç bir qüsur olmamışdır. Ona görə də o, qeyd olunan iddia ərizəsi ilə Lənkəran rayon məhkəməsinə müraciət etmiş və Lənkəran rayon məhkəməsində işə baxılarkən məhkəmə ona bildirmiş ki, siz öncə ilkin mediasiya prossesini keçməlisiniz, ondan sonra ümumi qaydada məhkəmə müraciət edə bilərsiniz. Ona görə də o, ərizə verib, işə baxılmamış saxlamaq şərti ilə razılaşıb iddia ərizəsini geri götürmuşdur. Bundan sonra o, mediasiyaya müraciət etmişdir. Mediasiya prossesini keçəndən sonra hazırki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, işlədiyi dövrdə əsassız olaraq ondan hər ay 50 manat məbləğində pul tutulmaqla ümumilikdə 846 manat məbləğində pul tutulmuşdur. Bundan əlavə onunla qanunsuz əmək müqaviləsi ağlanmışdır, kadrlar şöbəsinin rəhbəri Ali təhsilli olmadığı üçün onların onunla bağladığı əmək müqaviləsini qanunsuz sayır. Çünki, həmin əmək müqaviləsində onun adının qarşısında və onun adından imza edilən imza ona məxsus deyildir. Həmçinin cavabdehin qeyd olunan hərəkətləri ondan Əsəb və stres yaratmış və o, xəstəlik tapmışdır. Buna görə də müalicə almış. Bununla da cavabdeh öz hərəkətləri ilə ona mənəvi ziyan vurmuşdur. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 iyul 2020-ci il tarixli 250 saylı qərarı ilə X5 Kolleci Cavabdeh nəzdində publik hüquqi şəxs statusuna malik olan Sosial və Aqrar-Texnoloji Kollecə çevirmə yolu ilə yenidən təşkil edilmişdir. Yeni təşkil edilmiş kollecin ştat cədvəlində bir neçə ştat, o cümlədən "Gənclərin şağırışaqədər hazırlıq rəhbəri" ştatı ixtisar edilmişdir. Lakin qeyd olunan qərarla həmin ştat ixtisar edilməmişdir, bunu ona Universisetinin rəhbəri rektor Natiq İbrahimov məni qəbul edərək görüş zamanı bildirmişdir. Ona görə də hesab edir ki, qeyd olunan əmr əsassızdır və ləğv edilməlidir. GÇH-nin rəhbəri vəzifəsi gizlədilmişdir. Necə ola bilər ki, hərbi dərslər keçirilir amma hərbi rəhbərlik vəzifəsi isə yoxdur. Lənkəran Rayon Məhkəməsinin Məhkəməsinin (hakim Murad Aslanov) xx.xx.2024-cü il il tarixli, 2(049)-3688/2024 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikasinin Əmək Məcəlləsinin 45, 73, Mülki Porsessual Məcəlləsinin 14.2, 119.3, 217.4, 218.3-cü maddələrinə əsaslandırmış, hesab etmişdir ki, İddiaçı ilə Cavabdeh nəzdində publik hüquqi şəxs statusuna malik olan Sosial və Aqrar- Texnoloji Kollec arasında müddətli əmək müqaviləsinin bağlanılması tam qanuna uyğun formada aparılmış, həmçinin iddiaçının işdən azad olunması prosesində Əmək Məcəlləsinin hər hansı normasının pozulmasına yol verilməmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan cavabdeh İddiaçı apellyasiya şikayəti vermişdir. Cavabdeh tərəf apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmiş, göstərmişdir ki, məhkəmə qətnamə qəbul edərkən cavabdehin nümayəndəsinin təqdim etdiyi sübutları onun təqdim etmiş olduğu sübutlardan daha üstün tutmuş və onlara daha çox önəm vermişdir. Ona görə də, onun iddia tələbini rədd etmişdir. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı tərəfin apellyasiya şikayətinə qarşı cavabdeh tərəfindən etiraz daxil olmamışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən iddiaçı tərəf apellyasiya şikayətini müdafiə edərək Lənkəran Rayon Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli, 2(049)-3688/2024 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi. Apellyasiya baxışında iştirak edən Cavabdeh Nümayəndə izahatında apellyasiya şikayətinin təmin edilməməsini, Lənkəran Rayon Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli, 2(049)-3688/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya baxışının hədləri. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Qətnamədən iddiaçı tərəf apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini, iddianın təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 125-ci maddəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. 129-ci maddəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 3-cü maddəsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; 288-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinin predmetinə daxil olan hallardan biri də əmək müqaviləsinin ləğv olunması ilə bağlı işçi ilə işəgötürən arasında yaranan mübahisələrdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını və sübutları araşdırıb, həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia təmin edilməməlidir. Kollegiya qeyd edir ki, hazırki mübahisə üzrə müəyyən edilməli hallar – 1) iddiaçının hazırki iddianı qaldırmaqda müvafiq subyektiv hüquqa malik olub-olmaması, 2) iddianın cavabdeh ola bilən şəxsə qarşı qaldırılması 3) cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmaması, əgər əvvəlki hər iki şərt iddiaçının xeyrinə müsbət müəyyən olunarsa, o halda 3) iddianın uğurlu olub-olmaması məsələsinə baxılmalıdır. Kollegiya bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əmək münasibətləri-işçi ilə işəgötürən arasında yaranan hüquqi münasibətlər sistemi olmaqla, tərəflərin sərbəst iradəsinə əsasən bağlanmış əmək müqaviləsi əsasında formalaşır. Bu münasibətlərin əsasında əmək müqaviləsi, Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun olaraq, həm işçiyə, həm də işəgötürənə qarşılıqlı hüquq və vəzifələr yaradır. Müqavilə hüququnun ümumi prinsiplərinə görə, əmək müqaviləsi yalnız onu bağlayan tərəflər, yəni işçi və işəgötürən üçün hüquq və öhdəliklər doğurur. Bu, həm hüquqi sabitliyin təmin olunmasına, həm də müqavilə pozuntuları zamanı məsuliyyətin konkret şəkildə müəyyən edilməsinə şərait yaradır. Əmək müqaviləsinin yalnız tərəfləri üçün hüquqi nəticələr doğurması, bu müqavilədən irəli gələn hüquq və vəzifələrin yalnız həmin tərəflərə şamil olunması deməkdir. Nəticə etibarilə, əmək müqaviləsinin müddəaları yalnız işçi və işəgötürən arasında hüquqi məsuliyyət və cavabdehlik doğurur. Əgər bu müqavilənin şərtlərindən biri pozularsa-məsələn, işçinin əmək funksiyasını yerinə yetirməməsi və ya işəgötürənin əmək haqqı verməkdən yayınması hallarında yalnız müqavilənin digər tərəfi həmin pozuntuya görə iddia qaldıra bilər. Hazırkı işdə iddiaçının tələbi əmək münasibətlərindən irəli gəlsə də, əsas hüquq pozuntusuna görə cavabdeh şəxsin, yəni işəgötürənin tərəf kimi məhkəmə prosesinə cəlb olunmaması iddianın təmin olunmasına mane olur. Hüquqi əsaslandırmaya görə, iddia yalnız əmək müqaviləsinin tərəflərinə qarşı qaldırıla bilər. Əgər işçi əmək hüquqlarının pozulduğunu əsas gətirərək məhkəməyə müraciət edirsə, bu halda cavabdeh qismində mütləq şəkildə işəgötürən iştirak etməlidir. Əgər iddia üçün cavabdeh hüquqi şəxs-işəgötürən deyil, başqa bir şəxs göstərilərsə və ya ümumiyyətlə cavabdeh düzgün müəyyən edilməzsə, bu halda:

1. İddia predmetinə uyğun hüquqi məsuliyyət daşıyan şəxs prosesdə iştirak etmədiyindən, qərar hüquqi baxımdan əsassız olacaq;

2. İşəgötürənə qarşı iddianın qaldırılmaması nəticəsində, həqiqi pozuntuya səbəb olan tərəf məsuliyyətdən kənarda qalacaq və bu, hüquq pozuntusunun aradan qaldırılmasını mümkünsüz edəcək;

3. İddiaçıya əlavə vaxt və maliyyə itkiləri yaranacaq, çünki yenidən iddia qaldırmaq, sübutları toplamaq və prosesə başlamaq lazım olacaq. Mülki işin araşdırılması zamanı müəyyən olunmuşdur ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən iddianın düzgün olmayan cavabdehə, yəni Cavabdehnə qarşı qaldırılmasına baxmayaraq, işin mahiyyəti üzrə araşdırma aparılmış və qərar qəbul edilmişdir. Bu yanaşma, həm Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin müddəalarına, həm də prosessual hüququn ümumi prinsiplərinə ziddir. Qeyd olunanlara əsaslanaraq kollegiya hesab edir ki, işəgötürənin əmrinin ləğv ollunmasına dair hazırki iddia əmri verən və barəsində əmr verilən şəxslərin hüquq və mənafeləri ilə birbaşa bağlıdır və iddia təmin edildiyi halda həmin şəxslər üçün hüquqi nəticələrin yaranmasına səbəb olacaqdır. Bu baxımdan da, hazırda baxılan iş üzrə əmri verən X1 Nəznində Sosial və X4 mülki iş üzrə cavabdeh qismində cəlb edilməsi zəruridir. Mövcud prosessual qanunvericilik məhkəməyə şəxsi işə cavabdeh kimi cəlb etmək səlahiyyəti verməmişdir. Şəxsin işə cavabdeh kimi cəlb edilməsi yalnız iddiaçının bu barədə ərizə verməsi ilə mümkündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülkiprosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur. Həmçinin qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 51-ci maddəsinə görə, Başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Cavabdeh iddia tələbinin yönəldiyi şəxsdir. O, iddiaçının hüququnu və ya qanuni maraqlarını pozduğu güman edildiyinə, yaxud onun iştirak etdiyi hüquq münasibəti mübahisləndirildiyinə görə prosesə cəlb edilir və tərəf olur. İddianın irəli sürülməsi isə, adətən, cavabdehin hərəkət və ya hərəkətsizliyi ilə bağlı olur. Mülki prosesdə tərəflər bərabər prosessual hüquqlara malikdirlər və bərabər prosessual vəzifələr daşıyırlar. Ona görə də, məhkəmə onlara öz hüquqlarından sərbəst istifadə etmək üçün bərabər imkan və şərait yaratmalı, eləcə də onların vəzifələrinin icrasını eyni dərəcədə təmin etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Nəzərə almaq lazımdır ki, iddia ərizəsini qəbul edən məhkəmə tələb hüququnun iddiaçıya məxsus olduğunu və cavabdehin iddia üzrə cavab verməli şəxs olduğunu müəyyənləşdirilməlidir. Əsl olmayan cavabdehin işdə iştirakı mübahisənin qanuni və əsaslı həllinə mane olur və buna görə də əsl olmayan cavabdeh əvəz edilmədən verilmiş iddianı həll etmək mümkün deyildir. Göründüyü kimi, mülki prosessual qanunvericilik iddiaya cavab verməli olmayan şəxsə qarşı iddia verildikə iddiaçının razılığı ilə cavabdehin əsl cavabdeh ilə əvəz edilməsi imkanını da tanıyır. Lakin Kollegiya qeyd edir ki, MPM-in 54.1-ci maddəsinin tətbiqi mülki işin araşdırılmasının birinci instansiya məhkəməsinin icraatında olduğu zaman mümkündür. Bu baxımdan hazırki işdə cavabdeh statusunda çıxış edən Cavabdeh əmək münasibətlərində tərəf deyildir, belə olduğu halda isə işə mahiyyəti üzrə baxılması və qərar qəbul edilməsi faktiki və hüquqi əsasdan məhrumdur. Hüquqi məsuliyyət yalnız mübahisəli hüquq münasibətlərində birbaşa iştirak edən və müqavilə üzrə tərəf olan şəxsin üzərinə qoyula bilər. Hazırki işdə isə əmək münasibətləri Cavabdeh nəzdində Sosial və Aqrar-Texnoloji Kollec ilə işçi arasında yaranmış, əmək müqaviləsinin tərəfi məhz publik hüquqi şəxs olan kollec olmuşdur. Bu baxımdan, Cavabdeh nə həmin məkmüqavilənin tərəfidir, nə də əmək münasibətlərində hüquqi məsuliyyət daşıyır. Belə olduqda, məhkəmənin həmin şəxsə qarşı irəli sürülmüş iddianı mahiyyəti üzrə araşdırması və qərar qəbul etməsi hüquqi nöqteyi-nəzərdən əsaslı və qanuni sayılmır. Bu hal həmçinin hüququn əsas prinsiplərindən biri olan “mübahisəyə səbəb olan hüquqi münasibətlərdə birbaşa iştirak edən şəxsin məsuliyyət daşıması” prinsipinə də ziddir. Bu səbəbdən, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 385.1.1.-ci maddəsinə əsasən Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biri də maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsidir. X9 Məhkəməsi (AİHM) Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş “ədalətli məhkəmə araşdırması hüququ” çərçivəsində bir neçə qərarında vurğulamışdır ki, məhkəmənin işə prosessual qaydalara əməl etmədən baxması və hüquqi məsuliyyət daşımayan şəxsə qarşı iddianı mahiyyəti üzrə araşdırması məhkəməyə çıxış hüququnun pozulması ilə nəticələnə bilər. “Miragall Escolano və digərləri İspaniyaya qarşı” işində AİHM qeyd edir ki, milli məhkəmələrin formal prosessual tələbləri düzgün tətbiq etməməsi və ya cavabdehin hüquqi statusunu nəzərə almadan qərar qəbul etməsi şəxsin effektiv hüquqi müdafiə hüququna zərbə vurur. Həmçinin “Zubac Xorvatiyaya qarşı” işində Məhkəmə vurğulamışdır ki, məhkəmənin prosedur normalara əməl etməsi və iddianın düzgün hüquqi subyektə qarşı irəli sürülməsini təmin etməsi, hüququn mühafizəsində əsas şərtdir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinin məzmununa əsasən iddiaçı öz maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Məhkəmə müdafiəsi hüququ öz təbiət etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin movcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələsi araşdırılmalıdır. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hüquq və vəzifələr hüquq münasibətlərində iştirak edən subyektləri qarşılıqlı surətdə bir-biri ilə bağlayır və əlaqələndirir. Hüquq elmi onlan subyektiv hüquq və subyektiv vəzifə adlandırır. Bu hüquq və vəzifələrin vasitəsi ilə hüquq münasibəti iştirakçıları arasında həmişə ikitərəfli əlaqə yaranır. Bu əlaqənin özü elə hüquq münasibəti deməkdir. Elə bir münasibət ki, bu münasibətdə iştirak edən tərəflərdən birinin malik olduğu hüquq digər tərəfin daşıdığı vəzifəyə uyğun gəlir və ya əksinə, əgər tərəflərdən biri hər hansı müəyyən hüquqa malik olarsa, onda hökmən və mütləq digər tərəfin üzərinə bu hüquqa uyğun gələn vəzifə həvalə edilir və qoyulur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (İddiaçının şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Kollegiya qeyd edir ki, apellyasiya şikayətinin dəlillərinin müzakirəsi, iddiaçının irəli sürdüyü dəlillərin araşdırılmasına ümumiyyətlə ehtiyac yoxdur, çünki belə yanaşma prosessual qənaət prinsipinin tələbidir və iddianın təmin olunması mümkün deyildir. Odur ki, məhkəmə kollegiyası işin yuxarıda qeyd edilən hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdeh tərəfin apellyasiya şikayəti qismən təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli 2(049)-3688/2024 saylı qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası

qətetdi:

Cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli, 2(049)-3688/2024 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdehnə qarşı «xx.xx.2023-cü il tarixli 01/158 saylı əmrin etibarsız hesab edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar