Məhkəmə qərarları › İş №2(106)-579/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-579/2024

28.02.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-579/2024 28.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Masallı Rayon Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli, 2(050)-4583/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun yetkinlik yaşına çatmayan uşaqları – 04 iyul 2011-ci il təvəllüdlü X1 və 01 aprel 2014-cü il təvəllüdlü X2 ilə birlikdə ünvan 1 ünvanına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli, 2(050)-4583/2023 saylı qərardadı ilə (sədrlik edən hakim Ceyhun Quliyev) İddiaçı Cavabdeh qarşı “evə köçürülmə tələbinə dair” iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, iddiaçıya hazırkı mübahisə ilə bağlı səlahiyyətli məhkəmə kimi Abşeron Rayon Məhkəməsinə müraciət edə biləcəyi izah edilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat, **********54 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, torpaq sahəsi Abşeron rayonu, Məmmədli kəndində yerləşir. Tərəflər Masallı rayonu, Xırmandalı kəndində qeydiyyatdadılar. Məhkəmə Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə istinad edərək hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin səlahiyyətli olduğunu qeyd etmişdir. Masallı Rayon Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli, 2(050)-4583/2023 saylı qərardadından narazı qalan İddiaçı şikayət vermiş, şikayətində qərardadın ləğv olunmasını və aidiyyət məsələsinin müəyyən olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qanunvericilikdə də qeyd olunduğu kimi, ərazi aidiyyəti məsələsində fikir ayrılığı olduqda məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən həll edilir. İddiaçı əvvəlcə müvəqqəti təminat tədbiri barədə ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət etsə də, həmin məhkəmə ərizəni baxmadan geri qaytarmaqla Masallı Rayon Məhkəməsinə müraciət etməyi tövsiyə etmişdir. Hazırda iddia cavabdehin qeydiyyatda olduğu üzrə Masallı Rayon Məhkəməsinə göndərilmişdir. Masallı Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, 2(050)-4583/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş, Masallı Rayon Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli, 2(050)-4583/2023 saylı qərardadı qüvvədə saxlanılmış, Masallı Rayon Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli, 2(050)-4583/2023 saylı qərardadından iddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, Masallı Rayon Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli, 2(050)-4583/2023 saylı qərardadı ləğv edilməli, mülki iş sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün Masallı Rayon Məhkəməsinə qaytarılmalıdır. Hazırkı iş materialları ilə müəyyən edilir ki, İddiaçı uşaqları ilə birlikdə köçürülməsini tələb etdiyi ev ünvan 1 ünvanında yerləşir. Lakin həm İddiaçı, həm də Cavabdeh Masallı rayonunun Xırmandalı kəndində qeydiyyatdadırlar. Birinci instansiya məhkəməsi hazırkı iş üzrə iddia ərizəsinin ərazi aidiyyəti qaydalarına uyğun verilməməsini Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə istinad edərək əsaslandırmışdır. MPM-in 39.1-ci maddəsinə əsasən, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 iyun 2021-ci il tarixli Qərarında qeyd etmişdir ki, Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: 1) daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; 2) daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; 3) sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, həmin halların dairəsi qanunvericilikdə dəqiq müəyyən edildiyinə görə geniş təfsir edilə bilməz. Hazırkı iş üzrə iddiaçının tələbi isə sadəcə daşınmaz əşya olan evə köçürülmə ilə əlaqədardır və Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsində daşınmaz əşya kimi evə köçürülmə ilə bağlı tələblərin müstəsna aidiyyət qaydası müəyyənləşdirilməmişdir. MPM-in 39.1-ci maddəsi isə bu baxımdan geniş təfsir edilə bilməz və həmin maddədə dəqiq müəyyən edilmiş tələblər üzrə mübahisələr istisna olmaqla, digər tələblərin müstəsna aidiyyət qaydalarının pozulması səbəbi ilə geri qaytarılmasına yol verilə bilməz. MPM-in 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir Hazırkı tələb üzrə ərazi aidiyyəti ilə bağlı qanunda hər hansı başqa hal nəzərdə tutulmadığından, İddiaçı iddia ərizəsini Cavabdeh qeydə alındığı yerin məhkəməsinə - Masallı Rayon Məhkəməsinə verməkdə haqlı olmuşdur. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi qeyd edilən əsasla iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmaqla, yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərini pozmuşdur. Ona görə də məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, Masallı Rayon Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli, 2(050)-4583/2023 saylı qərardadı ləğv edilməli, mülki iş sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün Masallı Rayon Məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-269, 398.0.1 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Masallı Rayon Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli, 2(050)-4583/2023 saylı qərardadı ləğv edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün Masallı Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar