Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-58/2023 07.11.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Elvin Nizami oğlu Hüseynovun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İmişli Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsinin Cavabdeh qarşı özbaşına tikilinin sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Qaz İxrac” İdarəsi Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsi Astara Magistral X6 istismarında olan yüksək təzyiqli, 325 mm. diametrli “Azadkənd-İmişli” magistral qaz kəmərinin (İmişli rayonu, Mürsəlli kəndi ərazisində) 85-ci kilometrliyində mühafizə zonasında inşa olunmuş 13 metr uzunluğunda otun yığılması üçün talvarın, 9 metr uzunluğunda köməkçi tikilinin, 13 metr uzunluğunda tövlənin və 20 metr uzunluğunda hasarın cavabdehin öz vəsaiti hesabına (əvəzi ödənilmədən) sökülməsi, mühafizə zonasının əvvəlki vəziyyətə qaytarılması, eləcə də, Cavabdeh iddia qaldırılması üçün ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutularaq, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsinin xeyrinə ödənilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsinin Astara Magistral X6 balans istismarında olan yüksək təzyiqli “Azadkənd-İmişli” magistral qaz kəmərinin D 325 mm, hissəsinin 85-ci kilometrliyinin İmişli rayonunun Mürsəlli kəndinin ərazisindən keçən hissəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 103 saylı, 21 iyun 1999-cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələblərini pozaraq, magistral kəmərindən 1.5 metr məsafədə 13 metr uzunluğunda otun yığılması üçün nəzərdə tutulmuş talvar, 9 metr uzunluğunda köməkçi tikili, 13 metr uzunluğunda tövlə və 20 metr uzunluğunda hasar inşa etmişdir. “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”na əsasən 12 atmosfer təzyiqə qədər olan magistral qaz kəmərləri və ona bitişik qollar üçün kəmərin orta oxundan 10 metr məsafə mühafizə zonası müəyyən edilmişdir. Belə ki, həmin Qərara əsasən magistral qaz kəmərinin mühafizə zonasında (10 metr məsafədə) hər hansı bir tikili, quraşdırma, qazıntı, çəpərləmə və hasarlama işlərinin aparılması qadağandır. Magistral qaz kəmərlərinin mühafizə zonalarından inşa edilmiş tikililərlə əlaqədar İmişli Rayon İcra Hakimiyyətinə, X1 Təşkili üzrə Dövlət Agentliyinə və İmişli rayon Polis Şöbəsinə məlumat verilmiş, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti üzrə müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir. Cavabdeh tərəfindən aidiyyəti orqanların müvafiq icazəsi olmadan, tikinti normaları və qaydaları ciddi surətdə pozularaq inşa edilmiş qanunsuz tikili, fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaratmaqla bərabər, həm də kəmərin texniki baxışı və ona qulluğun göstərilməsinə maneçilik törədir. Magistral boru kəmərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin torpaq sahələri ayrılması haqqında ərizələrinə baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərini istismar edən orqanla razılaşdırılmalıdır. Belə bir razılaşma da yoxdur. “Qaz təchizatı haqqında“ Azərbaycan Respublikasının Qanununa əsasən qaz kəmərlərinin mühafizə zonası» dairəsində tikinti işləri aparılmasına, xüsusilə bu binaların inşasına icazə verilmir. Cavabdeh inşa etdiyi tikilinin qaz kəmərinin mühafizə zonasından yerləşməsi, orada hər hansı tikintinin aparılmasının qadağan olması və potensial təhlükə mənbəyi olduğu barədə xəbərdarlıq edilmiş, lakin bunun heç bir müsbət nəticəsi olmamışdır. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qəbul etməmiş, izahatında bildirmişdir ki, İmişli Rayon Aqrar islahat Komissiyasının 06 saylı, 15 may 1998-ci il tarixli qərarı ilə İmişli şəhərində 0.48 ha həyətyanı torpaq sahəsi onun ailəsinin mülkiyyətinə verilmiş, “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə verilmişdir. O, “Azadkənd-İmişli” magistral qaz kəmərinin 85-ci km-liyində mühafizə zonasında 13 metr uzunluğunda otun yığılması üçün nəzərdə tutulmuş talvar, 9 metr uzunluğunda köməkçi tikili, 13 metr uzunluğunda tövlə və 20 metr uzunluğunda hasar inşa etmişdir. Özbaşına inşa edilmiş tikililər onun mülkiyyətində olan həyətyanı torpaq sahəsindən kənarda yerləşir. Bilir ki, inşa etdiyi qanunsuz tikililər həyat və sağlamlıq üçün real təhlükə yaradır, eləcə də qaz kəmərinə texniki baxışın və qulluğun göstərilməsinə əngəl törədir. İmişli Rayon Məhkəməsinin (hakim T.Nüsrətov) 27 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsi Astara Magistral X6 istismarında olan yüksək təzyiqli, 325 mm., diametrli “Azadkənd-İmişli” magistral qaz kəmərinin (İmişli rayonu, Mürsəlli kəndi ərazisində) 85-ci kmliyində mühafizə zonasında inşa olunmuş 13 metr uzunluğunda otun yığılması üçün talvar, 9 metr uzunluğunda köməkçi tikili, 13 metr uzunluğunda tövlə və 20 metr uzunluğunda hasarın cavabdehin öz vəsaiti hesabına sökülməsi və mühafizə zonasının əvvəlki vəziyyətə qaytarılması, Cavabdeh iddia qaldırılması üçün ödənilmiş 20 (iyirmi) AZN məbləğində dövlət rüsumunun tutularaq, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Qaz İxrac” İdarəsinin xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, sözügedən ərazidəki torpaq sahəsindən, o, SSRİ dövründən istifadə edir, qaz xətti isə sonradan orada çəkilmişdir. Birinci instansiya məhkəməsində kənd bələdiyyəsinin və ərazi nümayəndəliyinin məhkəmə prosesinə cəlb edilməsi barədə məhkəməyə vəsatət versə də, əsassız olaraq vəsatəti təmin edilməmişdir. Həmçinin 3 illik iddia müddəti ötürülmüşdür və məhkəmə bu hala qiymət verməmişdir. İzahatlar Prosessualməsələlər Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə qarşı öz etirazını bildirmiş, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya baxışında iştirak etməmişdir. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, apellyasiya baxışına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Kollegiyası işə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM-nin) 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İddiaçı qaz kəmərinin mühafizə zonasında inşa edilmiş və cavabdehə məxsus olan tikililərin sökülməsini tələb etmişdir. İddiaçının tələbi aşağıdakılara əsasən keçərlidir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 1-ci bəndinə əsasən sənaye qurğularını digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını müdafiə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanı mühafizə zonası və tədbirləri ilə bağlı qaydalar tətbiq edə bilər. Qanunun tələbinə görə, mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri sənaye qaz qurğusunun istismarına icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. Həmin maddənin üçüncü bəndinə görə bu maddənin 1-ci hissəsi tətbiq edilənə qədər mühafizə zonası və tədbirlərilə bağlı qüvvədə olan norma və qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 1999-cu il tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.7-ci bəndinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Qaydaların 2.23-cü bəndinə əsasən magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır. Həmin Qaydaların 2.24-cü bəndinə əsasən, kəmərləri istismar edən hüquqi şəxslərə, Dövlət Neft Şirkətinə, onun yerli orqanlarına və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, öz səlahiyyətləri çərçivəsində, bu Qaydaları pozanlar tərəfindən kəmərlərin mühafizə zonalarında və kəmərlərin (onun obyektlərinin) oxundan şəhərlərə və digər yaşayış məntəqələrinə qədər, minimal məsafəyə bərabər olan sahədə Azərbaycan Respublikası Dövləttikintikomun təsdiq etdiyi magistral kəmərlərin layihələndirilməsi qaydaları və normaları ilə müəyyən edilmiş məsafələr daxilində aparılan işləri dayandırmağa səlahiyyət verilir. Həmin Qaydaların 5 nömrəli Əlavəsinə görə 12 atmosfer təzyiqə qədər olan magistral qaz kəmərləri və ona bitişik qollar üçün kəmərin orta oxundan hər iki tərəfə olan məsafə 10 metr mühafizə zonası müəyyən edilir. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Cavabdehin mülkiyyətində olan 0.48 ha həyətyanı torpaq sahəsinin, orada olan tikililərin, eləcə də həyətyanı sahədən kənarda yerləşən və Cavabdeh sahibliyində olan digər tikililərin Astara Magistral X6 balans istismarında olan yüksək təzyiqli “Azadkənd-İmişli” magistral qaz kəmərinin Dş 325 mm, hissəsinin 85-ci kilometrliyinin İmişli rayonunun Mürsəlli kəndinin ərazisindən keçən mühafizə zonasında yerləşib-yerləşmədiyi müəyyən etmək üçün məhkəmə tikinti-texniki ekspertizası keçirilmiş və müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nın Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisinin arayışı əsasında iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının 25 avqust 2023-cü il tarixli, 10/5953 nömrəli rəyinə görə aşağıdakılar müəyyən edilmişdir: - Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsinin Astara Magistral X6 balans istismarında olan yüksək təzyiqli “Azadkənd-İmişli” magistral qaz kəmərinin Dş 325 mm, hissəsinin 85-ci kilometrliyinin İmişli rayonunun Mürsəl kəndinin ərazisindən keçən hissədə mühafizə zonası müəyyən edilmişdir. - İmişli Rayon Aqrar İslahat Komissiyasının 06 saylı 15 may 1998-ci il tarixli qərarı ilə Cavabdeh verilmiş 0.48 ha həyətyanı torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. - Cavabdeh verilmiş 0.48 ha torpaq sahəsinin, orada olan tikililərin, eləcə də, həyətyanı sahədən kənarda yerləşən və Cavabdeh sahibliyində olan digər tikililərin Astara Magistral X6 balans istismarında olan yüksək təzyiqli “Azadkənd-İmişli” magistral qaz kəmərinin Dş325 mm, hissəsinin 85-ci kilometrliyinin İmişli rayonunun Mürsəl kəndinin ərazisindən keçən hissədə mühafizə zonasında yerləşmir. Eyni zamanda, rəyə görə, öçmə işləri aparılan zaman müəyyən edilmişdir ki, Cavabdeh və onun ailə üzvlərinin faktiki olaraq istifadələrində 1.68 ha həyətyanı torpaq sahəsi mövcuddur. Araşdırma aparılarkən müəyyən olunmuşdur ki, qeyd olunan 1.68 ha həyətyanı torpaq sahəsinin 579 kv.m. hissəsi o cümlədən 158 kv.m (36kv.m və 122 kv.m) olan tikililər və eləcə də ot tayasının yerləşdiyi 119 kv.m ərazi Astara Magistral X6 balans istismarında olan yüksək təzyiqli “Azadkənd-İmişli” magistral qaz kəmərinin Dş 325 mm, hissəsinin 85-ci kilometrliyinin İmişli rayonunun Mürsəl kəndinin ərazisindən keçən hissədə mühafizə zonasında yerləşir. Beləliklə, ekspert rəyi ilə müəyyən edilir ki, cavabdehin faktiki istifadədə olan 1.68 ha həyətyanı torpaq sahəsinin 579 kv.m. hissəsi o cümlədən 158 kv.m (36kv.m və 122 kv.m) olan tikililər və eləcə də ot tayasının yerləşdiyi 119 kv.m ərazi qaz kəmərlərinin mühafizə zonasında yerləşir. Kollegiya ekspert rəyini sübut olaraq qəbul edir və hesab edir ki, cavabdehin və onun ailə üzvlərinin faktiki olaraq istifadələrində 1.68 ha həyətyanı torpaq sahəsinin 579 kv.m. hissəsi, o cümlədən 158 kv.m (36kv.m və 122 kv.m) olan tikililər və eləcə də ot tayasının yerləşdiyi 119 kv.m ərazi qaz kəmərlərinin mühafizə zonasına düşdüyündən həmin ərazi boşaldılmalıdır. Cavabdeh apellyasiya şikayətində sözügedən tikililərin mühafizə zonasında yerləşdiyi faktı inkar etməmişdi. Lakin o, həmin tikililərdən SSRİ dövründən istifadə etdiyini, həmçinin 3 illik iddia müddətinin də ötürüldüyünü bildirmişdir. Kollegiya qeyd edir ki, cavabdehin qaz kəmərlərinin mühafizə zonasından uzun müddət əvvəldən istifadə etməsi iddianın rədd edilməsinə əsas vermir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə, iddia müddəti şamil edilmir. Göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsaslıdır. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2(036)-1257/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-58/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-58/2023
07.11.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver