Məhkəmə qərarları › İş №2(106)-587/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-587/2024

20.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-587/2024 20.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə, İlkin iddia üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC-nin) Cavabdeh qarşı əmlakın üzərində ipoteka yüklülüyünün saxlanılması tələbinə dair iddiası və qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı ASC-yə qarşı əmlakın yüklülükdən çıxarılması, ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və yüklülüyə dair qeydin ləğv edilməsi tələbinə dair Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)-498/2022 saylı (hakim Qalib Paşayev) qətnaməsindən ilkin iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İlkin iddia üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı əmlakın üzərində ipoteka yüklülüyünün saxlanılması tələbinə dair iddia ərizəsi ilə, qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı ASC-yə qarşı əmlakın yüklülükdən çıxarılması, ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və yüklülüyə dair qeydin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)-498/2022 saylı qətnaməsi ilə ilkin iddia tələb təmin edilməmiş, qarşılıqlı iddia tələbi təmin edilmişdir. Qətnamədən (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ASC apellyasiya şikayəti vermiş, Cəlilabad Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli qərardadı ilə İddiaçı ASC-nin apellyasiya şikayəti, şikayətə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsinə dair sənəd əlavə edilmədiyindən geri qaytarılmışdır. Qətnamədən yenidən İddiaçı ASC apellyasiya şikayəti vermiş, Cəlilabad Rayon Məhkəməsinin 03 noyabr 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti “Elektronməhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, elektron imza vasitəsilə imzalanmaqla verilmədiyindən geri qaytarılmışdır. Hazırda İddiaçı ASC qeyd edilən nöqsanları aradan qaldırmış və yeni apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya apellyatorun iştirakı olmadan prosesin keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası təqdim olunmuş apellyasiya şikayətini mülki işin materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilərək, birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəlləsinin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Həmin Məcəllənin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 366.3-cü maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 128.2-ci maddəsinə əsasən prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. Həmin Məcəllənin 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Həmin Məcəllənin 129.2-ci maddəsinə əsasən müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Həmin Məcəllənin 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. İş materiallarından müəyyən edilir ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)-498/2022 saylı qətnaməsinin surəti İddiaçı ASC-yə poçt vasitəsilə göndərilmiş, 30 iyun 2022-ci il tarixdə qətnamənin surəti rəsmi qaydada (xəbərnamə iş səhifə 232) xəbərnamə imza edilməklə qəbul edilmişdir. Qətnamədən İddiaçı ASC 20 iyul 2022-ci il tarixdə apellyasiya şikayəti vermiş, Cəlilabad Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli qərardadı ilə İddiaçı ASC-nin apellyasiya şikayəti, şikayətə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsinə dair sənəd əlavə edilmədiyindən geri qaytarılmışdır. İddiaçı ASC dövlət rüsumunun müəyyən edilmiş qaydada və miqdarda ödənilməsinə dair ödəniş qəbzini əlavə etməklə qətnamədən xx.xx.2023-cü il tarixdə yenidən apellyasiya şikayəti vermiş, Cəlilabad Rayon Məhkəməsinin 03 noyabr 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti “Elektron-məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, elektron imza vasitəsilə imzalanmaqla verilmədiyindən geri qaytarılmışdır. Hazırda İddiaçı ASC qeyd edilən nöqsanları aradan qaldırmış və elektron qaydada 08 fevral 2024-cü il tarixdə məhkəməyə apellyasiya şikayəti vermişdir. Göründüyü kimi, İddiaçı ASC apellyasiya şikayətini qətnamənin onlara rəsmi qaydada təqdim edildiyi, yəni 30 iyun 2022-ci il tarixdən 1 il 7 aydan çox müddət keçdikdən sonra vermiş, eyni zamanda apellyasiya şikayətinə prosessual müddətin bərpasına dair ərizə əlavə etməmişdir. Birinci instansiya məhkəməsi İddiaçı ASC tərəfindən apellyasiya şikayəti verilməsi müddətinin ötürülməməsi qənaətinə gəlsə də, Məhkəmə Kollegiyası qeyd edir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq İddiaçı ASC-yə 30 iyun 2022-ci il tarixində qətnamənin təqdim olunduğu gündən sonrakı gündən, yəni 01 iyul 2022-ci il tarixdən apellyasiya şikayəti verilməsi üçün müəyyən olunmuş prosessual müddət başlamışdır. Qətnamədən qanunvericiliyə əsasən 1 ay müddətində apellyasiya şikayəti verilməsi nəzərdə tutulduğu üçün prosessual müddət 01 avqust 2022-ci il tarixdə başa çatmış, lakin İddiaçı ASC apellyasiya şikayətini 08 fevral 2024-cü il tarixdə məhkəməyə təqdim etmişdir. Beləliklə burdan belə qənaətə gəlmək olur ki, prosessual müddət İddiaçı ASC tərəfindən ötürülmüşdür. Prosessual müddət ötürüldüyü halda, tərəf üzrlü səbəblər göstərilməklə prosessual müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etməli, müddətin üzrlü səbəblərdən ötürülməsini (apellyasiya şikayətinin geri qaytarılmasına dair qərardadlarda göstərilən nöqsanların bərpa edilərək apellyasiya şikayətinin yenidən verilməsi və s. əsaslarını) konkret əsaslarla göstərməli idi. Birinci instansiya məhkəməsi də, prosessual müddətin bərpasına dair ərizəyə qiymət verməklə, müddətin üzrlü səbəblərdən ötürülüb-ötürülməməsini müəyyən etməli idi. Görüdüyü kimi Prosessual qanunvericiliyin tələblərinə əsasən prosessual hərəkətlər Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilməlidir və qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Müddət keçdikdən sonra isə həmin prosessual hərəkətin yerinə-yetirilməsindən ötrü, Mülki Prosessual Məcəllənin 133-cü maddəsində nəzərdə tutulan qaydalara riayət edildiyi halda, həmin prosessual hərəkət yerinə yetirilə bilər. Lakin birinci instansiya məhkəməsi apellyasiya şikayətini Mülki Prosessual Məcəllənin 363.1.3-ü maddəsinə əsasən geri qaytarmalı olduğu, buraxılmış prosessual müddətin barpasına dair ərizə verilmədiyi halda iş materiallarını müddətin ötürülməmiş hesab edilməsi əsası ilə apellyasiya instansiyası məhkəməsinə göndərmiş, bununla da prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)-498/2022 saylı qətnaməsindən ilkin iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Qanunvericiliyə əsasən apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə apellyasiya instansiyası məhkəmələrinin qərardadlarından kassasiya instansiyası məhkəməsinə şikayə verilə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 128.1, 363.1.3, 366, 400, 402-maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)-498/2022 saylı qətnaməsindən ilkin iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinin yerinə yetirilməsi və sonrakı prosessual hərəkətlər edilməsi üçün Cəlilabad Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qərardad “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar