Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-587/2025 13.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, Zeynalova (Şahbazova) Ayşən Mirxəlil qızının Cavabdeh qarşı “darvazanın həyətyanı torpaq sahəsindən götürülməsi və cavabdehə qanunsuz hərəkətlər etməsinin qadağan edilməsi tələbinə dair mülki iş üzrə Q Ə T N A M Ə S İ İş № 2(106)-587/2025 Açar sözlər : darvazanın sökülməsi, qanunsuz hərəkətlərə son qoyulması, maneənin aradan qaldırılması, hüquqdan sui-istifadə, zəruri keçid; X4 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Əliyev Qasım Vəli oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı3 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, Zeynalova (Şahbazova) Ayşən Mirxəlil qızının Cavabdeh qarşı “darvazanın həyətyanı torpaq sahəsindən götürülməsi və cavabdehə qanunsuz hərəkətlər etməsinin qadağan edilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Saatlı Rayon Məhkəməsinin 2(055)-629/2019 saylı, 22 oktyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, Zeynalova (Şahbazova) Ayşən Mirxəlil qızı Cavabdeh qarşı birgə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən həyətyanı torpaq sahəsindən cavabdehə məxsus darvazanın götürülməsi və həyətyanı torpaq sahəsinin kənarlarına çəpər çəkmələrinə qanunsuz müdaxilənin dayandırılması, yəni qanunsuz hərəkətlər etməsinin cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar tələblərini belə əsaslandırmışlar ki, onlar ünvan 2 ünvanında yaşayırlar. Saatlı rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli, 05 saylı qərarına əsasən ünvan 1 ünvanında onların mülkiyyətinə 0,04 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Həmin həyətyanı torpaq sahəsində yerləşən 3 otaqdan ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında İddiaçı1 məxsusdur. Bu barədə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriya nömrəli çıxarışı da var. Onlarla qonşuluqda yaşayan İddiaçı1 qardaşı Cavabdeh dəmir darvazasının bir hissəsi iddiaçıların həyətyanı torpaq sahəsində yerləşir. İddiaçı həyətyanı torpaq sahəsinin kənarına mişar daşından çəpər çəkmək istəyir. Lakin cavabdehin darvazasının bir hissəsi iddiaçıların həyətyanı sahəsinə, bir hissəsi isə cavabdehin həyətyanı sahəsinə düşdüyü üçün iddiaçı çəpəri çəkməkdə çətinlik çəkir. Bu barədə dəfələrlə cavabdehə bildirilsə də, cavabdeh nəinki darvazasını iddiaçıların həyətyanı sahəsindən götürmür, əksinə həyətinin kənarı ilə əkdiyi ağac və gülləri də çıxararaq tullayır və bildirir ki, nə olursa olsun, çəpəri çəkməyə imkan verməyəcəkdir. Ona görə də məcburiyyət qarşısında qalaraq hazırkı iddia ilə məhkəməyə müraciət etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Cavabdeh birinci instansiya məhkəməsinin iclası zamanı iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, iddiaçının iddia ərizəsində göstərdikləri həqqiqətə uyğun deyil. Belə ki, iddiaçın göstərdiyi darvaza uşaqlıq illərindən, yəni, 1969-cu ildən ailələrinin istifadəsində olmuş hazırda da həmin darvazadan istifadə edirlər. Həmin darvazanın ümumi darvaza olduğunu, darvazanın söküldüyü halda, onun evinə gediş-gəliş yolunun tamam bağlanmış olmasını bildirmişdir. Göstərmişdir ki, iddiaçı ilə narazılığı ona gedən yolda iddiaçı tərəfindən ağac və gül kollarının əkilməsindən sonra yaranmışdır. İddiaçının darvaza olan hissəsyə dair hər hansı mülkiyyət sənədi yoxdur. Bildirmişdir ki, tikinti-texniki ekspertizanın rəyi ilə razı deyil, iş tam araşdırılmamışdır. Darvaza götürüləcəyi təqdirdə onun evinə gediş-gəliş yolu qalmayacaqdır. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. Saatlı rayon Məhkəməsinin 2(055)-629/2019 saylı, 30 may 2019-cu il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin Şirvan Layihə Tədqiqat İdarəsinin 14 avqust 2019-cu il tarixli mütəxəssis rəyinə əsasən Cavabdeh istifadəsində olan dəmir darvaza Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 29 may 2013-cü il tarixli, seriya RX 0164127 saylı çıxarış əsasında iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, Şahbazova (Zeynalova) Ayşən Mirxəlil qızının mülkiyyətinə verilmiş ünvan 1 ünvanında yerləşən 0,0371 ha torpaq sahəsində yerləşir və mütəxəssis rəyinə əlavə edilmiş sxematik planda qeyd edilmişdir. Sözügedən dəmir darvaza iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, Şahbazova (Zeynalova) Ayşən Mirxəlil qızının mülkiyyətinə verilmiş ünvan 1 ünvanında yerləşən 0,0371 ha torpaq sahəsinin şimal hissəsində 4,5 metr məsafədədir. Həmçinin, Cavabdeh dəmir darvazadan həyətyanı sahəsinə (cənub istiqamətinə) doğru 16 metr məsafədə iddiaçıların torpaq sahəsindən istifadə edir və sxematik planda əks olunmuşdur. Mütəxəssis rəyinin verilməsi üçün xidmət haqqının məbləği 93,56 manat təşkil edir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi rəyi belə olmuşdur ki, cavabdehin istifadəsində olan darvaza DƏDRX-dən verilmiş 29 may 2013-cü il tarixli, seriya MH ******* saylı çıxarış əsasında iddiaçıların mülkiyyətinə verilmiş ünvan 1 ünvanında yerləşən 0.0371 ha torpaq sahəsində yerləşir və sözügedən dəmir darvaza iddiaçıların mülkiyyətinə verilmiş ünvan 1 ünvanında yerləşən 0.0371 ha torpaq sahəsinin şimal hissəsində 4,5 metr məsafədədir. Həmçinin cavabdeh dəmir darvazadan həyətyanı sahəsinə (cənub istiqamətinə) doğru 16 metr məsafədə iddiaçıların torpağından istifadə edir. Saatlı Rayon Məhkəməsinin 2(055)-629/2019 saylı, 22 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim İxtiyar Abuşov) iddianın təmin edilməsi, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, Zeynalova (Şahbazova) Ayşən Mirxəlil qızının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən həyətyanı torpaq sahəsindən Cavabdeh məxsus dəmir darvazanın götürülməsi, iddiaçıların həmin həyətyanı torpaq sahəsinin kənarlarına çəpər çəkməsinə cavabdehin qanunsuz müdaxiləsinin dayandırılması və gələcəkdə də belə hərəkətlərin (maneələrin) iddiaçılara qarşı təkrar törədilməsinin cavabdehə qadağan olunması, Cavabdeh mütəxəssis rəyinin verilməsinə dair çəkilən 93,56 manat xərcin alınaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin hesabına və iş üzrə keçirilmiş ekspertizaya görə 50 manat ekspertiza xərcinin alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Saatlı Rayon Məhkəməsinin 2(055)-629/2019 saylı, 22 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan darvaza hələ 1969-cu ildən ailələrinin ümumi istifadə etdiyi darvazadır. Həmin darvaza olan hissəyə isə iddiaçılara Saatlı rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən 18 may 1998-ci il tarixində şəhadətnamə verilmişdir. İkincisi, həmin darvazanın söküləcəyi təqdirdə, cavabdehin evinə gediş-gəliş yolu qalmır. Üçüncüsü, birinci instansiya məhkəməsi yerli baxış keçirmədən hazırkı qətnaməni qəbul etmişdir ki, həmin yerə baxış keçirsəydi, belə bir ədalətsiz qətnamə qəbul etməzdi. Dördüncüsü, birinci instansiya məhkəməsi hazırkı iş üzrə ekspertiza təyin etmiş, lakin təyin olunmuş ekspertiza üzrə ekspert qarşısında işin ədalətli həll edilməsi üçün əhəmiyyət kəsb edən bütün halların aydınlaşdırılmasına yönələn suallar qoymamışdır. Beşincisi, aparılmış ekspertizanın rəyi ilə razı olmadığını bildirərək əlavə ekspertiza təyin edilməsi üçün vəsatət vermiş, lakin birinci instansiya məhkəməsi həmin vəsatətə də münasibət bildirməmişdir. Qeyd olunanlardan da göründüyü kimi, birinci instansiya məhkəməsi hazırkı işə birtərəfli qaydada yanaşmış, iş üçün əhəmiyyət kəsb edən faktiki halları araşdırmamışdır. Cavabdeh hesab edir ki, hazırkı mülki iş üzrə Saatlı Rayon Məhkəməsi tərəfindən qeyri-qanuni və əsassız qətnamə qəbul edilmişdir, buna görə də qətnamə ləğv edilməli və iddia təmin olunmamalıdır. b) Apellyasiya instansiyasında birinci icraat. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-2/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən verilən rəyə əsasən, mübahisəli ərazidə yerləşən, cavabdehin mülkiyyətində olan torpaq sahəsinə, mübahisəli darvazanın qoyulduğu yoldan başqa, başqa bir yerdən hər hansı piyada və ya avtomobil gediş-gəliş yolu iddiaçının mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsinin hüdudları daxilindədir. Cavabdehin torpaq sahəsinin hasarının hər hansı bir hissəsi sökülməklə, iddiaçıların və üçüncü şəxslərin hüquqları pozulmadan cavabdehin mülkiyyətində olan torpaq sahəsinə mübahisəli yoldan başqa yolun açılması mümkün deyil. İddiaçıların mülkiyyət hüququ pozulmadan cavabdehin mülkiyyətində olan torpaq sahəsinə yalnız piyada yolu mümkündür. Saatlı şəhərinə aid xəritə məlumatlarında cavabdeh mülkiyyətində olan torpaq sahəsinə yol haradan nəzərdə tutulmamışdır. Lakin həmin xəritə materiallarında iddiaçıların mülkiyyətinə verilmiş torpaq sahəsindən əlavə piyada gediş-gəliş yolu nəzərdə tutulmuşdur. Cavabdeh iddiaçıların mülkiyyətinə verilmiş torpaq sahəsindən faktiki olaraq 4.5 metr enində, 16 metr uzunluğunda ərazidən istifadə edir. Apellyasiya məhkəməsində aparılan icraat zamanı əldə olunan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin 15 fevral 2024-cü il tarixli məktubu ilə təqdim olunmuş mütəxəssis rəyinə əsasən mübahisəli ərazidə yerləşən Cavabdeh mülkiyyətində olan torpaq sahəsinə, mübahisəli darvazanın qoyulduğu yoldan başqa, başqa bir yerdən hər hansı piyada və ya avtomobil gediş-gəliş yolu mövcud deyil. Lakin Cavabdeh istifadəsində olan darvaza və gediş-gəliş yolu İddiaçı1 mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsinin hüdudları daxilindədir. Cavabdeh mülkiyyətində olan həyətyanı torpaq sahəsinin hasarının hər hansı bir hissəsi sökülməklə, iddiaçıların və üçüncü şəxslərin hüquqları pozulmadan Cavabdeh mülkiyyətində olan torpaq sahəsinə mübahisəli yoldan başqa yolun açılması mümkün deyil. İddiaçıların mülkiyyət hüququ pozulmadan Cavabdeh mülkiyyətində olan torpaq sahəsinə yalnız piyada yolu mümkündür. Saatlı şəhərinə aid xəritə materiallarında Cavabdeh mülkiyyətində olan torpaq sahəsinə avtomobil gediş-gəliş yolu heç bir tərəfdən nəzərdə tutulmamışdır. Lakin həmin xəritə materiallarında iddiaçıların mülkiyyətinə verilmiş torpaq sahəsindən əlavə piyada gediş-gəliş yolu nəzərdə tutulmuşdur. Əlavə olaraq, Cavabdeh iddiaçıların mülkiyyətinə verilmiş torpaq sahəsindən faktiki olaraq 4,5 metr enində, 16 metr uzunluğunda ərazidən istifadə edir. Apellyasiya məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli iclasında iştirak etmiş Cavabdeh çıxış edərək bildirmişdir ki, mübahisəli darvaza olan yerdən başqa, onun torpaq sahəsinə hər hansı yerdən gediş-gəliş yolu yoxdur. Hətta bu cür yol açmaq istəsə belə, onun torpaq sahəsi hər tərəfdən qonşuların torpaq sahələri ilə əhatələndiyinə görə mübahisəli yerdən başqa, heç bir yerdən yola açılan darvaza qoya bilmir. Üstəlik, həmin darvaza hələ 1971-ci ildə onun mərhum atası Həşim Zeynalov tərəfindən qoyulmuş, həmin vaxt da onların həyətyanı torpaq sahəsi dörd bir tərəfdən qonşu torpaq sahələri ilə əhatə olunmuş, mübahisəli darvazadan başqa, gediş-gəliş üçün hər hansı yol olmamışdır. İddiaçı1 izahatında bildirmişdir ki, cavabdehin torpaq sahəsinə başqa yerdən gediş-gəliş yolu mövcuddur və bu sxematik planda da qeyd olunmuşdur. Cavabdehin torpaq sahəsinə başqa yerdən maşın yolu olsa da, həmin yol qonşular tərəfindən zəbt edilmişdir. Cavabdeh həmin qonşulara qarşı iddia qaldıraraq zəbt edilmiş yolunun açılmasını tələb etməlidir. Bildirdi ki, mübahisəli darvaza 1971-ci ildə mərhum atası tərəfindən qoyulmuş, ondan sonra hər kəs həmin darvazadan istifadə etmişdir. Mübahisəli darvazanın yerləşdiyi torpaq sahəsi 1998-ci ildə Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş, mülkiyyət hüququ 2013-cü ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. O, torpaq sahəsinin hər hansı hissəsini cavabdehə bağışlamamışdır. Mübahisəli darvaza götürülərək bağlansa belə, cavabdehin evinə və həyətyanı torpaq sahəsinə 1,2 metr enində piyada gediş-gəliş yolu qalacaqdır. Hesab edir ki, cavabdehin evinə və həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün həmin yol kifayət edir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(106)- 1/2024 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Saatlı Rayon Məhkəməsinin 2(055)-629/2019 saylı, 22 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. ç) Kassasiya instansiyasında icraat Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(106)- 1/2024 nömrəli qətnaməsindən narazı qalan Cavabdeh kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-3671/2024 nömrəli qərarı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 iyul 2024cü il tarixli 2(106)- 1/2024 saylı qətnaməsi ləğv edilərək, iş yeni apellyasiya baxışına qaytarılmışdır. d)Apellyasiya instansiyasında ikinci icraat Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətini əsassız hesab edib izahatında bildirmişdir ki, cavabdeh 30 ildən artıqdır ki, həmin evdə yaşamır. Evin qapısını və darvazasını bağlayıb ailəlikcə Bakı şəhərində yaşayır. Hazırda da Bakı şəhərində yaşayır. Cavabdehin torpaq sahəsinə başqa yerdən piyada gediş-gəliş yolu mövcuddur. Lakin cavabdehin həyətinə maşınlar üçün gediş-gəliş yolu yoxdur. O, maşın üçün onun mülkiyyətində olan torpaq sahəsində istifadə edir. Bildirmişdir ki, mübahisəli darvaza 1971ci ildə mərhum atası tərəfindən qoyulmuş, ondan sonra cavabdeh və ailəsi də daxil olmaqla hər kəs həmin darvazadan istifadə etmişdir. Mübahisəli darvazanın yerləşdiyi torpaq sahəsi 1998-ci ildə Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş, mülkiyyət hüququ 2013-cü ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. O, torpaq sahəsinin hər hansı hissəsini cavabdehə bağışlamamışdır. Mübahisəli darvaza götürülərək bağlansa belə, cavabdehin evinə və həyətyanı torpaq sahəsinə 1,2 metr enində piyada gediş-gəliş yolu qalacaqdır. Cavabdehlə razılaşıb mübahisəni özləri həll etməyə çalışmışlar, lakin sonradan cavabdeh buna razı olmamışdır. Digər İddiaçı3 da atası İddiaçı1 izahatına oxşar olan izahat vermişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh tərəf məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etməklə qətnaməni mahiyyətcə tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. İşə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 169.1. Bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. Maddə 175.1. Əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Maddə 175.2. Sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: ... 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi; .. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını, məruzəni dinləyib, kassasiya instansiyası məhkəməsinin qərarındakı göstərişləri nəzərə alıb, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iddia tələbi təmin edilməməlidir. Birinci instansiya məhkəməsi iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: İşdə surəti olan JN-1221A, KOD 90801004 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 18 may 1998ci il tarixli, 05 saylı qərarı ilə Saatlı şəhərində yerləşən 0,04 ha torpaq sahəsi İddiaçı1 və onun ailə üzvləri İddiaçı2 Mirqəni qızının, İddiaçı3 və X1 mülkiyyətinə verilmişdir. İşdə surəti olan qeydiyyat tarixi xx.xx.2013-cü il, qeydiyyat nömrəsi **********, RX ******* seriya nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən 0,0371 ha torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ əsasında İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 adına, həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 168,7 kv.m olan 2 mərtəbəli fərdi yaşayış evi isə xüsusi mülkiyyət hüququ əsasında İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 16 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdəki Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin Şirvan Layihə Tədqiqat İdarəsinin 14 avqust 2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, Cavabdeh istifadəsində olan dəmir darvaza Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 29 may 2013cü il tarixli, seriya RX ******* saylı çıxarış əsasında iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, Şahbazova (Zeynalova) Ayşən Mirxəlil qızının mülkiyyətinə verilmiş ünvan 1 ünvanında yerləşən 0,0371 ha torpaq sahəsində yerləşir və mütəxəssis rəyinə əlavə edilmiş sxematik planda qeyd edilmişdir. Sözügedən dəmir darvaza iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, Şahbazova (Zeynalova) Ayşən Mirxəlil qızının mülkiyyətinə verilmiş ünvan 1 ünvanında yerləşən 0,0371 ha torpaq sahəsinin şimal hissəsində 4,5 metr məsafədədir. Həmçinin, Cavabdeh dəmir darvazadan həyətyanı sahəsinə (cənub istiqamətinə) doğru 16 metr məsafədə iddiaçıların torpaq sahəsindən istifadə edir və sxematik planda əks olunmuşdur. Mütəxəssis rəyinin verilməsi üçün xidmət haqqının məbləği 93,56 manat təşkil edir. İşdəki 15282 saylı, 30 avqust 2019-cu il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh istifadəsində olan darvaza Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş 29 may 2013-cü il tarixli, seriya RX ******* saylı çıxarış əsasında iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, Şahbazova (Zeynalova) Ayşən Mirxəlil qızının mülkiyyətinə verilmiş ünvan 1 ünvanında yerləşən 0,0371 ha torpaq sahəsində yerləşir və mütəxəssis rəyinə əlavə edilmiş sxematik planda qeyd edilmişdir. Sözügedən dəmir darvaza iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, Şahbazova (Zeynalova) Ayşən Mirxəlil qızının mülkiyyətinə verilmiş ünvan 1 ünvanında yerləşən 0,0371 ha torpaq sahəsinin şimal hissəsində 4,5 metr məsafədədir. Həmçinin, Cavabdeh dəmir darvazadan həyətyanı sahəsinə (cənub istiqamətinə) doğru 16 metr məsafədə iddiaçıların torpağından istifadə edir və mütəxəssis rəyinə əlavə edilmiş sxematik planda əks olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Apellyasiya məhkəməsində aparılan birinci icraat zamanı əldə olunan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin 15 fevral 2024-cü il tarixli məktubu ilə təqdim olunmuş mütəxəssis rəyindən görünür ki, mübahisəli ərazidə yerləşən Cavabdeh mülkiyyətində olan torpaq sahəsinə, mübahisəli darvazanın qoyulduğu yoldan başqa, başqa bir yerdən hər hansı piyada və ya avtomobil gediş-gəliş yolu mövcud deyil. Lakin Cavabdeh istifadəsində olan darvaza və gediş-gəliş yolu İddiaçı1 mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsinin hüdudları daxilindədir. Cavabdeh mülkiyyətində olan həyətyanı torpaq sahəsinin hasarının hər hansı bir hissəsi sökülməklə, iddiaçıların və üçüncü şəxslərin hüquqları pozulmadan Cavabdeh mülkiyyətində olan torpaq sahəsinə mübahisəli yoldan başqa yolun açılması mümkün deyil. İddiaçıların mülkiyyət hüququ pozulmadan Cavabdeh mülkiyyətində olan torpaq sahəsinə yalnız piyada yolu mümkündür. Saatlı şəhərinə aid xəritə materiallarında Cavabdeh mülkiyyətində olan torpaq sahəsinə avtomobil gediş-gəliş yolu heç bir tərəfdən nəzərdə tutulmamışdır. Lakin həmin xəritə materiallarında iddiaçıların mülkiyyətinə verilmiş torpaq sahəsindən əlavə piyada gediş-gəliş yolu nəzərdə tutulmuşdur. Əlavə olaraq, Cavabdeh iddiaçıların mülkiyyətinə verilmiş torpaq sahəsindən faktiki olaraq 4,5 metr enində, 16 metr uzunluğunda ərazidən istifadə edir. İşdəki 10 yanvar 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, həmin mütəxəssis rəyinin verilməsinə görə Cavabdeh tərəfindən 95 manat məbləğində xidmət haqqı ödənilmişdir. İşdəki 21 may 2024-cü il tarixli, 3-16-16/2-10/7331 nömrəli ekspert rəyindən görünür ki, mübahisəli ərazidə yerləşən Cavabdeh mülkiyyətində olan torpaq sahəsinə, mübahisəli darvazanın qoyulduğu yoldan başqa, başqa bir yerdən hər hansı piyada və ya avtomobil gediş-gəliş yolu mövcud deyil. Lakin Cavabdeh istifadəsində olan darvaza və gediş-gəliş yolu İddiaçı1 mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsinin hüdudları daxilindədir. Cavabdeh mülkiyyətində olan torpaq sahəsinin hasarının hər hansı bir hissəsi sökülməklə, iddiaçıların və üçüncü şəxslərin hüquqları pozulmadan Cavabdeh mülkiyyətində olan torpaq sahəsinə mübahisəli yoldan başqa yolun açılması mümkün deyil. İddiaçıların mülkiyyət hüququ pozulmadan Cavabdeh mülkiyyətində olan torpaq sahəsinə yalnız piyada yolu mümkündür. Saatlı şəhərinə aid xəritə materiallarında Cavabdeh mülkiyyətində olan torpaq sahəsinə yol nəzərdə tutulmamışdır. Lakin həmin xəritə materiallarında iddiaçıların mülkiyyətinə verilmiş torpaq sahəsindən əlavə piyada gedişgəliş yolu nəzərdə tutulmuşdur. Cavabdeh iddiaçıların mülkiyyətinə verilmiş torpaq sahəsindən faktiki olaraq 4,5 metr enində, 16 metr uzunluğunda ərazidən istifadə edir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Göründüyü kimi birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. İddiaçı qətnamə ilə razılaşmış və apellyasiya şikayəti verməmişdir. Lakin Cavabdeh çıxarılmış qətnamədən narazı qalmış və birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirmişdir. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili darvaza olan hissənin iddiaçılara Saatlı rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən 18 may 1998-ci il tarixində şəhadətnamə verilməsindən və ikincisi dəlil, həmin darvazanın söküləcəyi təqdirdə, cavabdehin evinə gediş-gəliş yolunun qalmamasından və mülkiyyətində olan torpaq sahəsinə və evinə giriş-çıxış yolunun olmamasından ibarətdir. Kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi iddiaya düzgün hüquqi qiymət verməmiş, tətbiq edilməli olan maddi və prosessual normaları düzgün tətbiq etməmiş və nəticədə cavabdehin öz mülkiyyətindən istifadə hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Belə ki, cavabdehin apelyasiya şikayətinin dəlilləri onun evinə yeganə giriş-çıxış yolunun həmin torpaq sahəsindən olması, sökülməsi tələb edilən darvazanın 1969-cu ildən ailələrinin istifadə etdiyi ümumi darvaza olduğunu, darvazanın söküldüyü halda, onun evinə gediş-gəliş yolunun tamam bağlanmış olması barədə olmuşdur. Birinci instansiya məhkəməsi işin faktiki hallarına əsasən cavabdehin istifadəsində olan darvaza və yolun cavabdehin mülkiyyətində olan 371 kv.m torpaq sahəsinə quraşdırılmasını müəyyən edərək həmin darvazanın sökülməsini, həmin torpaq sahəsinin sərhədi boyu hasarın çəkilməsinə cavabdehin müdaxiləsinin dayandırılması qət etmişdir. Lakin işdən görünür ki, mübahisəli darvaza və darvazadan həyətə doğru 4,5 m enində 16 metr uzununda yol cavabdehin torpaq sahəsi və onun üzərində yerləşən evinə yeganə gediş-gəliş yoludur və işdə olan sənədlərdən görünür ki, Aqrar islahat zamanı iddiaçıların mülkiyyətinə torpaq sahəsi verilərkən onun üzərində bu darvaza və arxada yerləşən torpaq sahəsinə yol mövcud olmuşdur. İddiaçı izahatında bu faktı təsdiq edərək, darvazanın atası tərəfindən 1971-ci ildə qoyulduğunu və hamının istifadəsində olduğunu, 1998-ci ildə isə həmin hissənin onun mülkiyyətinə keçdiyini, lakin darvaza bağlansa, kənarda iddiaçının 1,2 metr piyada yolu qalacağını və bunun ona kifayət etdiyini bildirmişdir. Göründüyü kimi, mübahisəli torpaq sahəsi iddiaçıların mülkiyyətinə verilən zaman həmin torpaq sahəsindən arxada yerləşən cavabdehin ailəsinə məxsus torpaq sahəsinə keçid mövcud olmuş, iddiaçı 1998-ci ildən bəri darvaza və yoldan istifadəyə heç bir etiraz etməmişdir. Belə olan halda isə birinci instansiya məhkəməsi tərəfindən isə iddia tələbinə Mülki Məcəllənin 560-cı maddəsinin tələbləri baxımından hüquqi qiymət verilməmişdir. Həmçinin iddiaçılara məxsus JN-1221A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə, həm xx.xx.2013-cü ildə iddiaçıların əmlakın dair tərtib edilmi texniki pasportdakı situasiya planında iddiaçının torpaq sahəsinin yan tərəfindən iddiaçının torpaq sahəsinin arxasında yerləşən, hazırda cavabdehin istifadəsində olan torpaq sahəsinə keçid olduğu sxematik planlardan görünür. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, sadəcə həmin yol və darvazanın yerləşdiyi torpaq sahəsinin iddiaçının mülkiyyətində olan torpaq sahəsinin koordinatları daxilində yerləşməsinə istinad edərək cavabdehin qeydə alınmış servitut hüququnun olmamasına görə mövcud yolun bağlanması qənaətinə gəlinməsi və bu zaman cavabdehin öz mülkiyyətindən istifadəsinə maneə yaranacağı ilə yanaşı, həmçinin hər hansı fövqəladə hal (yanğın və s.) zamanı insanların həyat və sağlamlığı üçün təhlükə yaratmış olacağı ümumiyyətlə nəzərə alınmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, darvazanın və yolun iddiaçıların mülkiyyətində olan torpaq sahəsində yerləşdiyi müəyyən edildiyi təqdirdə belə cavabdehin başqa yolu olmadığına görə servitut müəyyən edilənə qədər onun Mülki Məcəllənin 175.1-ci maddəsində nəzərdə tutulan qaydada zəruri keçidlə təmin edilməsi məsələsi birinci instansiya məhkəməsi tərəfindən müzakirə edilməmiş, buna münasibət bildirilməmişdir. Belə ki, Mülki Məcəllənin 169 və 175-ci maddələrinə əsasən əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, onun qonşulardan zəruri keçid ayrılmasını tələb etmək hüququ tanınır. Bu cür tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. İşin halları ilə müəyyən edilir ki, mübahisəli darvaza və darvazadan həyətə doğru 4,5 m enində 16 metr uzununda yol cavabdehin torpaq sahəsi və onun üzərində yerləşən evinə yeganə gediş-gəliş yolu olmuş və işdə olan sənədlərdən görünür ki, Aqrar islahat zamanı iddiaçıların mülkiyyətinə torpaq sahəsi verilərkən onun üzərində bu darvaza və arxada yerləşən cavabdehə məxsus torpaq sahəsinə gedən yol mövcud olmuş və bu günədək cavabdeh və ailəsi həmin yoldan istifadə etmiş, həmçinin iddiaçılar bütün bu müddət ərzində cavabdehin həmin yoldan istifadə etməsinə etiraz etməmişdir. İddiaçı bu faktı təsdiq edərək, darvazanın atası tərəfindən 1971-ci ildə qoyulduğunu və hamının istifadəsində olduğunu, 1998-ci ildə isə həmin hissənin onun mülkiyyətinə keçdiyini bildirmişdir. Göründüyü kimi torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, bu cür yol verilməsi üçün qonşu torpaq sahəsinin mülkiyyətçisinin mülkiyyət hüququnun məhdudlaşdırılması yolveriləndir. Bu işdə olan mütəxəssiz və ekspert rəyi ilə də təsdiq edilir. Belə ki, işdə olan 21 may 2024-cü il tarixli, ekspert rəyində qeyd edilir ki, mübahisəli ərazidə yerləşən Cavabdeh mülkiyyətində olan torpaq sahəsinə, mübahisəli darvazanın qoyulduğu yoldan başqa, başqa bir yerdən hər hansı piyada və ya avtomobil gediş-gəliş yolu mövcud deyil. Lakin Cavabdeh istifadəsində olan darvaza və gediş-gəliş yolu İddiaçı1 mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsinin hüdudları daxilindədir. Cavabdeh mülkiyyətində olan torpaq sahəsinin hasarının hər hansı bir hissəsi sökülməklə, iddiaçıların və üçüncü şəxslərin hüquqları pozulmadan Cavabdeh mülkiyyətində olan torpaq sahəsinə mübahisəli yoldan başqa yolun açılması mümkün deyil. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur. Buna görə də Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Saatlı Rayon Məhkəməsinin 2(055)-629/2019 saylı, 22 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən cavabdehin apellyasiya şikayəti təmin edilməli, Saatlı Rayon Məhkəməsinin 2(055)-629/2019 saylı, 22 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, Zeynalova (Şahbazova) Ayşən Mirxəlil qızının Cavabdeh qarşı “darvazanın həyətyanı torpaq sahəsindən götürülməsi və cavabdehə qanunsuz hərəkətlər etməsinin qadağan edilməsi tələbinə dair” iddiaları təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qdur ki, İddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumu onların özlərinə aid edilməlidir. Həmçinin Birinci instansiya və Apellyasiya instansiya məhkəməsi zamanı mütəxəssis rəyinin verilməsinə dair çəkilən (93,56+95) cəmi, 188.56 manat xərc iddiaçılardan müştərək qaydada alınaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin hesabına ödənilməli, Birinci instansiya və Apellyasiya instansiya məhkəməsi zamanı təyin edilmiş ekspertiza xərci olan (50+50) cəmi 100 manat məbləğində ekspertiza xərci iddiaçılardan müştərək qaydada tutularaq, X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesaba köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.2, 385.1.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Saatlı Rayon Məhkəməsinin 2(055)-629/2019 saylı, 22 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, Zeynalova (Şahbazova) Ayşən Mirxəlil qızının Cavabdeh qarşı “darvazanın həyətyanı torpaq sahəsindən götürülməsi və cavabdehə qanunsuz hərəkətlər etməsinin qadağan edilməsi tələbinə dair” iddiası təmin edilməsin. İddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumu onların özlərinə aid edilsin. Birinci instansiya və Apellyasiya instansiya məhkəməsi zamanı mütəxəssis rəyinin verilməsinə dair çəkilən (93,56+95) cəmi, 188.56 manat xərc iddiaçılardan müştərək qaydada alınaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin hesabına ödənilsin. Birinci instansiya və Apellyasiya instansiya məhkəməsi zamanı təyin edilmiş ekspertiza xərci olan (50+50) cəmi 100 manat məbləğində ekspertiza xərci iddiaçılardan müştərək qaydada tutularaq, X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesaba köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-587/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-587/2025
13.03.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver