Məhkəmə qərarları › İş №2(106)-59/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-59/2023

11.10.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-59/2023 11.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X6 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cəlilabad şəhər Bələdiyyəsinə qarşı "qərarın etibarsız hesab edilməsi, tikililərin sökülməsi və cavabdehin torpaqdan çıxarılması" tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli 2(073)-55/2021 saylı qətnaməsindən İddiaçı və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İddiaçı cavabdehlər Cavabdeh2 və Cəlilabad şəhər Bələdiyyəsinə qarşı "qərarın etibarsız hesab edilməsi, tikililərin sökülməsi və cavabdehin torpaqdan çıxarılması" tələbinə dair iddia ərizəsi ilə Cəlilabad Rayon Məhkəməsinə müraciət edərək, Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının 13 noyabr 2008-ci il tarixli 151 saylı sərəncamı ilə istifadəsinə verilmiş Cəlilabad şəhəri Qurtuluş prospektində Bakı-Astara yolunun 213-cü kilometrində yerləşən 0.117 ha torpaq sahəsində Cavabdeh2 tərəfindən inşa etdirilmiş tikililərin sökülməsi, Cavabdeh2 həmin torpaq sahəsindən çıxarılması və Cəlilabad şəhər Bələdiyyəsinin 29 aprel 2011-ci il tarixli 06 saylı qərarının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının 13 noyabr 2008-ci il tarixli 151 saylı sərəncamı ilə Cəlilabad şəhəri Qurtuluş prospektində Bakı-Astara yolunun 213-cü kilometrində yerləşən 0.117 ha torpaq sahəsi kommersiya obyekti və avtomobillərin təmir sexi tikintisi məqsədi ilə istifadəsinə verilmişdir. Uzun müddət ailə problemləri səbəbindən həmin torpaq sahəsindən istifadə edə bilməmişdir. Daha sonra məlum olmuşdur ki, Cavabdeh2 ona məxsus torpaq sahəsinin baş hissəsində, yəni Bakı-Astara yolunun üzbə-üz sahəsində qeyri-qanuni olaraq qəssab dükanları inşa etdirmişdir. Cavabdeh həmin torpaq sahəsinə qanunsuz olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Cəlilabad Rayon Ərazi İdarəsindən 24 fevral 2020-ci il tarixli **********71 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış almışdır. Bu da onun mülkiyyət hüququnu pozmuşdur. Cavabdeh2 qanunsuz tikililəri sökməsini və torpaq sahəsindən çıxmasını tələb etsə də, cavabdeh haqlı tələbini yerinə yetirməmişdir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh2 iddianı qəbul etməyərək rədd olunmasını xahiş edib izahatında göstərmişdir ki, Bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında 23 yanvar 2012-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən Cəlilabad şəhər Bələdiyyəsi tərəfindən Bələdiyyənin 31 oktyabr 2011-ci il tarixli 12 saylı qərarı və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Cəlilabad rayon şöbəsinin Torpaq Hərracı və Torpaq müsabiqəsi komissiyasının 18 yanvar 2012-ci il tarixli 39 saylı qərarı ilə Cəlilabad şəhərində yerləşən ümumi sahəsi 50 kv.metr olan torpaq sahəsi ona satılmış və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən adına şəhadətnamə verilmişdir. Daha sonra həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Cəlilabad Rayon Ərazi İdarəsi tərəfindən ona 06 mart 2012-ci il tarixdə mülkiyyət hüququna dair çıxarış verilmişdir. "xxxx" QSC-dən götürdüyü kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi "xxxx" QSC ilə aralarında ipoteka müqaviləsi bağlanmış və həmin torpaq sahəsi Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliyini lazımi qaydada yerinə yetirə bilmədiyinə görə həmin torpaq sahəsi bankın balansına keçmiş və sonradan "xxxx" QSC ilə aralarında bağlanmış alğı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsinin dəyərini ödəyərək almışdır. Bundan sonra həmin torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 24 fevral 2020-ci il tarixli **********71 reyestr nömrəli çıxarış verilmişdir. Bundan başqa, Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının 12 sentyabr 2005-ci il tarixli 127 saylı sərəncamı ilə onun yaxın qohumu X4 Cəlilabad şəhəri ərazisindən, yəni onun mülkiyyətində olan 0.005 ha torpaq sahəsinin yanından kommersiya xidməti məqsədi ilə 0.048 ha torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə dair Zülfüqar Səfərovun adına A 386697 saylı torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Həmin torpaq sahəsini qohumu Zülfüqar Səfərov qısa müddət sonra ona qeyri-rəsmi satmış və o da həmin torpaq sahəsində qəssab dükanı inşa etdirmişdir. Zülfüqar Səfərov 07 fevral 2019-cu ildə ölmüş və bu səbəbdən həmin torpaq sahəsinin alğı-satqısına dair notarial qaydada müqavilə bağlaması mümkün olmamışdır. Hazırda da həmin torpaq sahəsi və qəssab dükanı onun istifadəsindədir. Bundan başqa, ərizə ilə Cəlilabad şəhər Bələdiyyəsinə müraciət edərək torpaq sahəsinin ayrılmasını xahiş etmiş və ərizəsi nəzərə alınaraq mülkiyyətində olan 0.005 ha torpaq sahəsinin yanından ona 83 kv.metr torpaq sahəsi verilmişdir. Mülkiyyətində olan 0.005 ha torpaq sahəsində və Bələdiyyə tərəfindən ona ayrılmış 83 kv.metr torpaq sahəsində tikili inşa etdirməyə başlamış, lakin mübahisə yarandığına görə tikilini başa çatdıra bilməmişdir. Bələdiyyə tərəfindən 83 kv.metr torpaq sahəsi ona ayrılsada, həmin torpaq sahəsini rəsmiləşdirərək, mülkiyyətinə keçirməsi mümkün olmamışdır. İddiaçıya məxsus torpaq sahəsini zəbt etməmiş və iddiaçının mülkiyyət hüquqununu pozmamışdır. Özünə məxsus torpaq sahələrindən istifadə edir və həmin torpaq sahəsində tikinti işləri aparır. Bu səbəbdən iddianı əsassız hesab edir. Cəlilabad şəhər Bələdiyyəsi birinci instansiya məhkəməsində nümayəndəsi vasitəsilə təmsil olunmamışdır. Cəlilabad Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli 2(073)-55/2021 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, Cavabdeh2 Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının 13 noyabr 2008-ci il tarixli 151 saylı sərəncamı ilə İddiaçı istifadəsinə verilmiş Cəlilabad şəhəri Qurtuluş prospektində Bakı-Astara yolunun 213-cü kilometrində (Biləsuvar-Masallı avtomobil yolu) yerləşən 0.117 ha torpaq sahəsindən (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli (**********71 reyestr nömrəli) Çıxarışa əsasən Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.005 ha torpaq sahəsi və X3 adına tərtib edilmiş A 386697 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 48 kv.metr torpaq sahəsi istisna olmaqla) çıxarılması və cavabdeh tərəfindən inşa etdirilmiş tikilinin həmin torpaq sahəsində yerləşən (torpaq sahəsinin şimal hissəsində-Biləsuvar-Masallı avtomobil yoluna yaxın hissədə yerləşən 83 kv.metr hissəsi) hissəsi (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli (**********71 reyestr nömrəli) Çıxarışa əsasən Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.005 ha torpaq sahəsində inşa edilmiş tikili və X3 adına tərtib edilmiş A 386697 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 48 kv.metr torpaq sahəsində inşa edilmiş tikili istisna olmaqla) sökülməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək ləğv olunması və iddiasının tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən həmçinin Cavabdeh2 apellyasiya şikayəti verərək ləğv olunması və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi X5 tərəflərindən verilən apellyasiya şikayətini müdafiə edib təmin olunmasını, cavabdehin apellyasiya şikayətinin isə təmin olunmamasını xahiş etdi və izahatında göstərdi ki, iddiaçı onun rəsmi nikahla arvadıdır, mübahisəli torpaq sahəsi ona sahibkarlıq məqsədilə ayrılmışdır, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir, 30 may 2019-cu ildən vergi ödəyicisi kimi qeydiyyatdadır. Məhkəmədə Cavabdeh2 tərəfindən verilən apellyasiya şikayətini müdafiə edib təmin olunmasını, iddiaçının apellyasiya şikayətinin isə təmin olunmamasını xahiş etdi və izahatında göstərdi ki, mübahisəli torpaq sahəsi ona sahibkarlıq məqsədilə ayrılmışdır, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir və həmin ərazidə sahibkarlıq fəaliyyətini həyata keçirir. 18 fevral 2008-ci ildən vergi ödəyicisi kimi qeydiyyatdadır. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış digər cavabdeh Cəlilabad şəhər Bələdiyyəsi məhkəmədə nümayəndələri vasitəsilə təmsil olunmamışdır, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə həmin cavabdehin nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edib belə nəticəyə gəlir ki, “Cəlilabad şəhər Bələdiyyəsinin 29 aprel 2011-ci il tarixli 06 saylı qərarının etibarsız hesab edilməsi” hissədə işin icraatına mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilməlidir. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 2-ci bəndinə əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Plenum Qərarının 3.1-ci bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Plenum Qərarının 4-cü bəndinə əsasən inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Plenum Qərarının 5.1-ci bəndinə əsasən inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Plenum Qərarının 16.1-ci bəndinə əsasən inzibati mübahisələr hüquqi təbiətinə görə mülki mübahisələrdən (kommersiya mübahisələrindən) fərqli olduğundan mülki tələblər (kommersiya mübahisələri üzrə tələblər) inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddialarla, inzibati iddia tələbləri isə mülki məhkəmə icraatı qaydasında qaldırılan iddialarla birləşdirilə və onlara birgə baxıla bilməz. Plenum Qərarının 16.3-cü bəndinə əsasən ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə” verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. İş materiallarından göründüyü kimi iddiaçı Cəlilabad şəhər Bələdiyyəsinin 29 aprel 2011-ci il tarixli 06 saylı qərarının etibarsız hesab edilməsi tələbini inzibati orqanın tərəfindən qanunsuzluğa yol verilməsi ilə əsaslandırmağa çalışmışdır. Belə olan halda tələbə inzibati orqanın qəbul etdiyi aktın etibarsızlığının (qanunsuzluğunun) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1, 263, 264 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli 2(073)-55/2021 saylı qətnaməsi “Cəlilabad şəhər Bələdiyyəsinin 29 aprel 2011-ci il tarixli 06 saylı qərarının etibarsız hesab edilməsi” tələbinin təmin olunmaması hissədə ləğv olunsun. İddiaçı cavabdehlər Cavabdeh2 və Cəlilabad şəhər Bələdiyyəsinə qarşı “Cəlilabad şəhər Bələdiyyəsinin 29 aprel 2011-ci il tarixli 06 saylı qərarının etibarsız hesab edilməsi” hissədə tələbi üzrə işin icraatına, mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilsin. İddiaçıya qərardadın əsaslandırıcı hissəsində qeyd olunanlar nəzərə alınmaqla həmin hissədə mübahisə predmeti üzrə müvafiq inzibati orqana, nəticəsindən asılı olaraq isə aidiyyəti inzibati məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Pərviz Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar