Məhkəmə qərarları › İş №2(106)-59/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-59/2024

06.02.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-59/2024 06.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X12 (sədrlik edən və məruzəçi), X14 və Kərimov Tale Suliddin oğlundan ibarət məhkəmə tərkibində, X19 oğlunun katibliyi, Cavabdeh1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin səlahiyyətli nümayəndəsi X6 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və X2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Lənkəran Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi, "xxxx" kooperativi və X17) qarşı cəmiyyətə məxsus şüşə sexinin, zəbt olunmuş torpaq sahəsinin boşaldılmasına və cavabdehlərə və üçüncü şəxslərə həmin sahədən istifadənin qadağan edilməsi tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli 2(049)-68/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X7 tərəfindən iddiaçıya məxsus Lənkəran şəhəri Mirsalayev küçəsi (keçmiş Füzuli küçəsi) ünvanında yerləşən şüşə sexinin və torpaq sahəsinin boşaldılmasına və cavabdehlərə və hər hansı digər üçüncü şəxslərə həmin sahədən qanunsuz istifadənin qadağan edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, Dövlət Əmlak Komitəsinin 459 saylı sərəncamı ilə 23 mart 1998-ci il tarixdə X15 Xidməti "xxxx" İK Firmasının bazasında "xxxx" ASC yaradılmışdır. Dövlət mülkiyyətinin özəlləşdirilməsi zamanı yaradılan X22 cəmiyyəti kimi "xxxx" ASC-nin emissiya prospekti Özəlləşdirmənin İ Dövlət Proqramında və ona müvafiq qəbul edilmiş digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydada hazırlanmış və təsdiq edilmişdir. Emissiya prospektində Cəmiyyətə verilən əmlakların siyahısı və yerləşdiyi torpaq sahəsinin ölçüsü və planı öz əksini tapmışdır. Lənkəran XDS-nin xx.xx.1961-ci il tarixli qərarı ilə Cəmiyyətə 1.7 hektar torpaq sahəsi ayrılmışdır. Həmin ünvanda Cəmiyyətin şüşə sexi və ağacların mişarlanma sexi olmuşdur. Hazırda sökülmüş ağacların mişarlanma sexinin yanında olan şüşə sexi və istifadəsində olan 0,32 ha torpaq sahəsi Cavabdeh1 və X7 tərəfindən zəbt olunmuşdur. Həmin şəxslər ərazinin darvazasının və şüşə sexinin dəmir qapılarının qıfıllarını dəyişmiş, ərazini zəbt etmiş və həmin əraziyə ASC-nin nümayəndəsini buraxmırlar. Dəfələrlə həmin şəxslərlə görüşmüş, lakin heç bir nəticəsi olmamışdır. Sonuncu dəfə xx.xx.2021-ci ildə DƏDRX-nin Lənkəran Ərazi idarəsinin nümayəndəsi ilə ölçü işləri aparmaq üçün gələrkən Cavabdeh1 və X7 obyektə daxil olaraq onlara işləri aparmağa imkan verməmişlər. Cavabdehlər Cavabdeh1 və X7 iddia ərizəsinə Etiraz verərək, iddianın rədd edilməsini xahiş etmişlər. Lənkəran Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli 2(049)-68/2023 saylı qətnaməsi ilə (hakim Rəşad Məmmədov) iddia rədd edilmişdir. İddiaçı "xxxx" ASC tərəfindən qətnamədən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Şikayətdə göstərilmişdir ki, mülki işə cavabdehlər tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarə tərəfindən xx.xx.2015-ci il tarixli baş plan əlavə edilmişdir. Həmin baş planın qeyd bölməsindən aydın olur ki, Lənkəran şəhər XDS-nin xx.xx.1990-ci il tarixli 3 saylı protokoluna əsasən "xxxx" Kooperativinə 0,18 hektar torpaq sahəsi ayırılb. Ərazinin ümumi torpaq sahəsi zəbt olunmuş torpaq sahəsi ilə birlikdə S=0,5630 hektardır. Zəbt olunmuş torpaq sahəsi S=0,3830 hektardır. Zəbt olunmuş torpaq sahəsində "xxxx" ASC-yə məxsus mişar sexi mövcud olmuşdur. Beləliklə də, mülki işə əlavə edilmiş sübutlardan da məlum olur ki, "xxxx" A.S.C-yə məxsus mişar sexi sökülüb və zəbt olunmuş S=0,3830 hektar torpaq sahəsi "xxxx" ASC-nin istifadəsindədir. Mübahisə predmeti olan torpaq sahəsi "xxxx" ASC-nin istifadəsində olsa da, dövlətə məxsusdur və dövlət mükiyyəti hesab edilir. Cavabdeh1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçı "xxxx" ASC hazırkı iddianı düzgün qaldırmamışdır. Hazırkı iddia onlara qarşı yox, "xxxx" Kooperativinə qarşı qaldırılmalıydı. 1988-ci ildə "xxxx" Kooperativi yaradılmış, ümumi ərazisi 0.56 ha olan torpaq sahəsi 1990-cı ildən oranın istifadəsində olmuşdur. 2023-cü ilin fevral ayından həmin ərazidə X8 tərəfindən bina inşa edilməyə başlanılmışdır. Belə ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin 09 fevral 2021-ci il tarixli sərəncamı ilə həmin torpaq sahəsi X5 inzibati binanın tikintisi üçün ayrılmışdır. Həmin sərəncamın ləğv etdirilməsi üçün müvafiq inzibati məhkəməyə müraciət etmişlər. Hesab edir ki, iddiaçı belə olan halda, ya Lənkəran Şəhər İcra Hakimiyyətini, ya da X8 barədə iddia qaldırmalıydı. Qeyd edir ki, onlara verilən 0.56 ha torpaq sahəsinin 0.32 ha hissəsi X3 istifadəsindədir. Həmin torpaq sahəsinin qalan hissəsi onlardadır. Onlarda olan torpaq sahəsində dair arxivdən çıxarış var və 2002-ci ildə onlara texniki pasport verilmişdir. 2016-cı ildə qalan torpaq sahəsinin verilməsi barədə müvafiq orqanlara müraciət etmişdir. Cavab məktubunda torpaqların alqı-satqısının dayandırılması bildirilmişdir. 2018-ci ildə İcra Hakimiyyətinə və Bələdiyyəyə müraciətdən sonra ona bildirilmişdir ki, həmin torpaq sahəsinin mülkiyyət növü bəlli deyildir. Bir daha qeyd edir ki, iddiaçının iddia etdiyi şüşə sexinin yerləşdiyi ərazi onların istifadəsində deyil, X3 istifadəsindədir. Ekspertiza keçirilməsinə də zərurət yoxdur. Çünki Lənkəran Şəhər İcra Hakimiyyətinin 09 fevral 2021-ci il tarixli sərəncamının ləğvi barədə "xxxx" kooperativi Lənkəran Şəhər İcra Hakimiyyətinə qarşı Şirvan İnzibati Məhkəməsində iddia qaldırmış və iş hazırda icraatdadır. Həmin işə baxılması hazırkı iş üzrə icraatın dayandırılması üçün əsas deyildir. Belə ki, "xxxx" ASC hazırda həmin ərazidə olmadığı və fəaliyyət göstərmədiyi üçün adıçəkilən inzibati mübahisəyə dair iş üzrə cəlb edilməmişdir. Üçüncü şəxs X3 nümayəndəsi X10 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, sözügedən mübahisəli ərazi iddia edilən ərazidirsə, onlar həmin ərazidə fəaliyyət göstərir və orada artıq inzibati binanın tikintisi tamamlanmışdır. Müvafiq ekoloji ekspertizalar keçirilmiş, baş planlar çəkilmiş, məhkəməyə yerquruluşu planı, sərəncam, icazələr və s. barədə müəyyən sənədlər təqdim etmişlər. Tikinti işləri üçün 2020-ci ildə müraciət etmişlər, orada tikinti işlərinə 2021-ci ildə başlanılmışdır. Pandemiyaya görə işlər dayansa da, sonradan davam etdirilmişdir. Qeyd edilən 0.32 ha torpaq sahəsinə dair tikinti icazə sənədləri və mülkiyyət sənədlərini məhkəməyə təqdim etmişlər. Həmin torpaq sahəsi dövlət torpaqlarıdır və dövlət ehtiyacları üçün onlara ayrılmışdır. Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İşdə iştirak edən başqa şəxslərə (nümayəndələrinə) məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və Lənkəran Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli 2(049)-68/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan xx.xx.2006-cı il tarixli Təhvil-təslim Aktından görünür ki, "xxxx" İstehsalat kommersiya firmasının balansından olan Lənkəran şəhəri Füzuli küçəsində yerləşən şüşə sexi firmanın bazasında yaradılmış "xxxx" X22 Cəmiyyətinə verilmişdir. Kollegiya qeyd edir ki, MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına maddi və prosessual hüquq normalarına müvafiq hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, cavabdehlərin istifadəsində olan tikilinin və onun altındakı torpaq sahəsinin iddiaçıya məxsus şüşə sexi və ona aid torpaq sahəsi olub-olmamasının müəyyən edilməsi üçün Lənkəran Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli qərardadı ilə, məhkəmə-tikinti texniki ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri cəlb olunmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. İş materiallarından müəyyən edilir ki, mübahisəli torpaq sahəsinə və tikiliyə mütəxəssislər tərəfindən baxış keçirilmiş, mütəxəssis tərəfindən rəyin verilməsi ilə əlaqədar daxil olmuş smeta sənədləri ödənilməsi üçün iddiaçıya göndərilmiş, lakin iddiaçı rəyin verilməsi üçün xidmət haqqını ödənilməsindən imtina etmişdir. Mütəxəssis rəyi verilmədiyindən ekspert tərəfindən müvafiq rəyin verilməsindən imtina edilərək, mülki işin materialları məhkəməyə geri qaytarılmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında da bildirmişdir ki, iddiaçının müvafiq vəsaiti olmadığından rəyin verilməsi üçün xidmət haqqını ödənilməsindən imtina edirlər. MPM-nin 77.1-ci maddəsinin tələbi baxımından iddianın əsaslılığını təsdiq edən sübutların təqdim edilməsi cavabdehin deyil, ilk növbədə iddiaçının vəzifəsidir. Hazırki iş üzrə iddiaçı isə həmin sübutları təqdim etmək vəzifəsini icra etməmiş, sübutun təqdim edilməsinə yönələn hərəkətləri etməmişdir. Qeyd olunanlara əsasən həmin halları sübut etmək vəzifəsi MPM-in 77.1-ci maddəsinin tələbi baxımından iddiaçının üzərinə düşür ki, iddiaçı da qeyd olunan sübutları məhkəməyə təqdim etməmiş, təqdim edilmiş sübutlar isə iddianın təmin edilməsi üçün kifayət deyildir. Tərəflər arasında mübahisə mübahisə tikilinin və torpaq sahəsinin iddiaçının mülkiyyətində olub-olmaması ilə deyil, məhz onlara məxsus tikilinin cavabdehlərin qanunsuz istifadəsi ilə əlaqədardır və bu hal yalnız müvafiq ekspert və mütəxəssis rəyi ilə müəyyən olunur ki, iddiaçı tərəfindən həmin rəyin verilməsi üçün müvafiq ödənişlər həyata keçirilmədiyindən rəyin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də, mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi mülkiyyət hüququna verilən təminat, bu hüququ hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Habelə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndində əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci bəndinə əsasən özbaşına tutulmuş, zəbt olunmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililərin, qurğuların da sökülməsi daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən görünür ki, mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunur. Həmin hüquq normalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, Lənkəran Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli 2(049)-68/2023 saylı qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillləri mötəbər sübutlarla təsdiqini tapmır və əsaslı sayıla bilməz. Belə ki, MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan əlavə, MPM-in 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Habelə MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına görə mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır; Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmış, təqdim olunmuş sübutlara obyektiv qiymət verilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, hazırkı iş üzrə sübut etmək vəzifəsi MPM-in 77.1-ci maddəsinin tələbi baxımından iddiaçı olaraq ”Lənkəran Məişət” ASC-nin üzərinə düşsə də, iddianın əsasını təşkil edən hallar yalnız müvafiq ekspert və mütəxəssis rəyi ilə müəyyən olunur ki, məhkəmə tərəfindən 30 may 2023-cü il tarixli qərardadla iş üzrə əhəmiyyət kəsb edən məsələlərin aydınlaşdırılması xüsusi bilik tələb etdiyindən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Həmin qərardadda cavabdehlər tərəfindən boşaldılması tələb edilən şüşə sexi və zəbt olunması iddia edilən torpaq sahəsinin naturada hüdudlarının müəyyən edilməsi və həmin sexin və torpaq sahəsinin kimin (iddiaçı "xxxx" ASC-nin və s.) mülkiyyətində, icarəsində və ya faktiki istifadəsində olmasının müəyyən olunması, habelə mübahisəli boşaldılması tələb edilən şüşə sexi və zəbt olunması iddia edilən torpaq sahəsinin hazırda cavabdehlər və ya digər şəxslər tərəfindən zəbt və ya istifadə edilməsi faktının mövcudluğu ilə bağlı halların müfəssəl şəkildə araşdırılaraq cavablandırılması barədə suallar qoyulmuşdur. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 31 avqust 2023-cü il tarixli məktubunda tərtib olunmuş müvafiq mütəxəssis rəyinin verilməsi üçün məhkəməyə təqdim edilən smetada göstərilən (380 manat) məbləğin ödənilməsi xahiş edilmişdir. Bundan sonra 08 dekabr 2023cü il tarixdə iddiaçı "xxxx" ASC-yə (işdə olan iddiaçıya məxsus bütün ünvanlar üzrə) məktubda qeyd edilmişdir ki, tədqiqat obyektinə baxışı 05 iyul 2023-cü il tarixdə həyata keçirilərək Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin mütəxəssisləri mübahisəli ərazidə olaraq ölçmə işləri aparılmış, müəyyən edilmiş xidmət haqqının ödənilməsi barədə 23 avqust 2023-cü il tarixli smeta (N 0133) və hesab vərəqəsi 15 sentyabr 2023-cü il tarixdə poçt və “wotsapp” proqramı vasitəsilə "xxxx" ASC-yə göndərilmişdir. Müxtəlif (25 sentyabr 2023-cü il, 11 noyabr 2023-cü il və s.) tarixlərdə "xxxx" ASC-nin qanuni təmsilçisi X1 istifadəsində olan 050 *** ** ** mobil telefonuna zəng vuraraq göndərilmiş smetada əks olunmuş xidmət haqqının ödənilərək Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsindən mütəxəssis rəyinin əldə edilməsinin zəruriliyi, əks təqdirdə bunun mümkün olmayacağı və ekspertiza rəyinin verilməyəcəyi, nəticədə işə mövcud sübutlar əsasında baxılacağı bildirilmişdir. "xxxx" ASC-nin qanuni təmsilçisi X4 ASC-nin maddi imkanının olmaması səbəbindən smetada göstərilən məbləğdə xidmət haqqını ödəyə bilməyəcəyini, həmin torpaq sahəsinin başqa şəxslər tərəfindən zəbt edilərək istifadə edildiyini və buna görə də, mübahisəli torpaq sahəsinə onların buraxılıb-buraxılmamasına dair hər hansı qərar qəbul edilməsinin artıq heç bir mənasının olmadığını, məhkəmə iclaslarında iştirak etməyəcəklərini bildirmişdir. Qeyd edilən məktubda həmçinin nəzərə çatdırılmışdır ki, MPM-in 14-cü maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Habelə MPM-in 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Kollegiya diqqətə çatdırır ki, "xxxx" ASC-yə eyni məzmunlu məktub 11 yanvar 2023cü il tarixdə yenidən göndərilmiş, habelə hər bir məktubun ünvan üzrə çatması yaxud əldə edilməsi iş materialları ilə təsdiq olunur. Beləliklə, iddiaçıya çoxsaylı telefonoqram və bildiriş-məktubla yuxarıda qeyd edilən hallar izah edilsə də, işin hərtərəfli araşdırılması üçün kifayət qədər vaxt və zəruri şərait yaradılsa da, iddiaçı tərəfindən müvafiq ödəniş həyata keçirilməmiş və nəticədə müvafiq rəyin verilməsi mümkün olmamışdır. Beləcə, sübutun əldə edilməsinə nail olunmamışdır. Bu baxımdan, xüsusi diqqətə çatdırılmalıdır ki, MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Apellyasiya şikayətində eyni zamanda mübahisə predmeti olan torpaq sahəsinin dövlət mükiyyəti olmaqla, "xxxx" ASC-nin istifadəsində olması da qeyd edilmişdir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin işdə olan 09 fevral 2021-ci il tarixli sərəncamı ilə 0,326 ha torpaq sahəsi X3 X9 inzibati binanın tikintisi üçün ayrılmış və işdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 29 yanvar 2012-ci il tarixli məktubundan göründüyü kimi, Xidmət buna etiraz etməmişdir. İş üzrə üçüncü şəxs X3 nümayəndəsi məhkəmədə bildirmişdir ki, onlar sözügedən mübahisəli ərazidə fəaliyyət göstərir və orada artıq inzibati binanın tikintisi tamamlanmışdır. Müvafiq ekoloji ekspertizalar keçirilmiş, baş planlar çəkilmiş, məhkəməyə yerquruluşu planı, sərəncam, icazələr və s. barədə müəyyən sənədlər təqdim etmişlər. Bu zaman qeyd edilməlidir ki, "xxxx" ASC-nin qanuni təmsilçisi X4 da ASC-nin maddi imkanının olmaması səbəbindən smetada göstərilən məbləğdə xidmət haqqını ödəyə bilməyəcəyini, habelə həmin torpaq sahəsinin başqa şəxslər tərəfindən zəbt edilərək istifadə edildiyini və mübahisəli torpaq sahəsinə onların buraxılıb-buraxılmamasına dair hər hansı qərar qəbul edilməsinin artıq heç bir mənasının olmadığını, bu səbəbdən də, məhkəmə iclaslarında iştirak etməyəcəklərini bildirmişdir. Göründüyü kimi, işin mübahisəsiz hallarına, həmçinin apellyasiya şikayətinə görə torpaq sahəsinin mülkiyyətçisi dövlətdir və həmin mübahisəli ərazi üzrə də Lənkəran Şəhər İcra Hakimiyyətinin 09 fevral 2021-ci il tarixli sərəncamı mövcuddur. Həmin sərəncamın ləğvi barədə isə "xxxx" kooperativi Lənkəran Şəhər İcra Hakimiyyətinə qarşı iddia qaldırmış və həmin iş Şirvan İnzibati Məhkəməsinin icraatındadır. Ancaq kollegiya hesab edir ki, həmin işə baxılması hazırkı iş üzrə icraatın dayandırılması üçün əsas deyildir. Belə ki, həmin iş üzrə "xxxx" ASC cəlb edilməmişdir. Bu da inzibati iş üzrə gələcəkdə qəbul ediləcək hər hansı qərarın preyudisial əhəmiyyət kəsb etməyəcəyini deməyə əsas verir. Bundan başqa, kollegiya işdə olan X20 Məhkəməsinin 28 noyabr 2008-ci il tarixli 2(86)-1221/2008 saylı və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2-1(106)- 19/2009 saylı qətnamələri üzrə qeyd edir ki, işdəki sübutlara əsasən həmin qətnamələr üzrə tərəf "xxxx" kooperativi olmuşdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, onun sahibi hazırkı iş üzrə cavabdehlər olmamışdır. Bundan əlavə, müvafiq aktlarla həmin məhkəmə qərarının tam icra edildiyi müəyyən edilmişdir. Əlavə olaraq, bildirilməlidir ki, iddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və X7 tərəfindən iddiaçıya məxsus olan Lənkəran şəhəri Mirsalayev küçəsi (keçmiş Füzuli küçəsi) ünvanında yerləşən şüşə sexinin və torpaq sahəsinin boşaldılmasına və cavabdehlərə və hər hansı digər üçüncü şəxslərə həmin sahədən qanunsuz istifadənin qadağan edilməsini məhkəmədən xahiş etmişlər ki, iş üzrə mübahisəsiz hal olaraq müəyyən edilmişdir ki, adıçəkilən torpaq sahəsi ümumiyyətlə iddiaçının mülkiyyətində olmamışdır. Buna görə də, həmin hissədə onun subyektiv hüququ da mövcud olmamışdır. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Yuxarıda bütün qeyd edilənlərə əsasən kollegiya qeyd etməyi zəruri hesab edir ki, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu isə öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiq edənin hərəkətlərinin isə qabaqcadan bilməsinə imkan verməlidir. Bu prinsip azadlıq və toxunulmazlıq hüququnun məhdudlaşdırılması şərtlərinin milli qanunvericilikdə aydın və dəqiq təsbitini, hüquq tətbiq etmə praktikasının qanunun eyni cür və dürüst təfsirinə əsaslanmasını, müxtəlif məhkəmə qərarlarında hüququn tətbiqi məsələlərində ardıcıllığın gözlənilməsini, yəni qanunun tətbiqi təcrübəsinin şəxslər üçün gözlənilən olmasını nəzərdə tutur. Beləliklə, qeyd edilməlidir ki, işə baxan məhkəmələr hüquqi müəyyənlik prinsipinin yüksək səviyyədə gözlənilməsi və məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi baxımından hüququn tətbiqində tərəflərin mövqeyindən və hüquqi əsaslandırmasından asılı deyildir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli 2(049)-68/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Kollegiya məhkəmə xərclərinə dair hesab edir ki, hazırkı iş üzrə qətnamədən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 372, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrinin rəhbər tutaraq QƏTETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli 2(049)-68/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar