Məhkəmə qərarları › İş №2(106)-591/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-591/2024

15.04.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-591/2024 15.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1 və Cavabdeh, onun nümayəndəsi və vəkili X3 iştirakları ilə , İddiaçı Cavabdeh qarşı Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində yerləşən 0.28 hektar ölçüdə torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş evindən çıxarılması tələbinə dair mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 2(022)-1241/2023 saylı, 21 dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 15 aprel 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Qasımov İddiaçı Şəhla Ələşrəf qızına qarşı cavabdehin iddiaçıya məxsus Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində yerləşən 0.28 hektar ölçüdə torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş evindən çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, göstərdi ki, o, hazırda Biləsuvar rayonu, Xırmandalı kəndində ailə üzvləri ilə birlikdə qeydiyyatda olmaqla yaşayır. Onun hazırda yaşadığı ev, o cümlədən mübahisə predmeti olan və cavabdeh tərəfindən zəbt edilmiş ev Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 06 iyun 2000-ci il tarixli, 6 saylı qərarı ilə onun və digər ailə üzvlərinin – arvadı X13, uşaqları – X4, X6 və X7 mülkiyyətinə verilmiş Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində yerləşən 0.28 hektar torpaq sahəsində tikilmişdir. Belə ki, mübahisəli torpaq sahəsində iki ev yerləşir. Həmin evlərdən biri, yəni onun hazırda yaşadığı ev onun mərhum atası tərəfindən kərpicdən tikilmişdir, digər ev isə onun özü tərəfindən daşdan tikilmişdir. O, həmin evi 1990-cı illərin sonlarında, Sovet hakimiyyəti dövründə tikməyə başlamış və evin tikintisi 2000-ci illərin əvvəllərində bitmiş və o, ailəsi ilə birlikdə həmin evə köçmüşdür. Həmin evlər torpağın mülkiyyətə verilməsinə dair JN – 787A seriyalı şəhadətnamədə 787AJ və 787AK inventar nömrələri ilə göstərilmişdir. 1994- cü ildə mərhum anasının yas mərasimi də həmin evdə keçirilmişdir. Həmin vaxt evin qapısı və pəncərələri olmasa da, evin üstü bağlanmışdır. Təxminən 2000-ci ildə o, evin tikintisini tam başa çatdırmış və yaşayış üçün tam hazır vəziyyətə gətirdikdən sonra evə öz vəsaiti hesabına əldə etdiyi mebellərini də yerləşdirmişdir. Həmin vaxt o, həmin evə qaz xətti çəkdirməsə də, elektrik enerjisi çəkdirmiş, o cümlədən evdə isitmə sistemi qurmuşdur. Mübahisəli evi tikdiyi dövrdə qardaşı X2 Respublikasında yaşamış və ildə bir neçə dəfə bir neçə günlüyə Azərbaycana gəlmişdir. B.İ.Qasımov hətta Azərbaycan Respublikasına səfərlərinin birində Ukrayna Respublikasında yaşayan ailəsini də özü ilə gətirmişdir. Həmin vaxt B.İ.Qasımovun Ukraynalı ailə üzvləri onun ailə üzvləri ilə birlikdə mübahisəli evdə qalmış, hətta orada fotoşəkillər də çəkmişlər. Onun məhkəməyə təqdim etdiyi fotoşəkillərdə də görünür ki, həmin evdə yaşayış üçün hər cür şərait olmuşdur. Əks halda o və qardaşı B.İ.Qasımov ailə üzvlərinin həmin evdə qalmalarına icazə verməzdilər. 2008-ci ildə təxminən 60 yaşı olan qardaşı B.İ.Qasımov Azərbaycan Respublikasına gəldiyi zaman qonşusu Cavabdeh ilə hımin vaxt nikaha daxil olsa da, cavabdeh bir neçə il öz valideynlərinin evində yaşamağa davam etmişdir. Bundan bir neçə il sonra B.İ.Qasımov Cavabdeh onun rəsmi nikahda olduğu arvadı olduğunu, lakin özünün Azərbaycan Respublikasında evi olmadığını bildirərək, Cavabdeh müvəqqəti olaraq ona məxsus olan hazırki mübahisəli evə köçüb yaşamasını xahiş etmişdir. O, qardaşı B.İ.Qasımovun xətrini əziz tutduğuna və bacıları da ondan eyni xahişi etdiklərinə, habelə oğlu hələ yetkinlik yaşına çatmadığına görə o, Cavabdeh, evin kommunal xərclərini ödəməsi şərtilə, müvəqqəti olaraq həmin evdə yaşamağa icazə vermişdir. Cavabdeh evə köçdüyü zaman özü ilə cehiz gətirməmiş və buna görə də B.İ.Qasımov və Cavabdeh həmin evə köçdükdən sonra onun əşyalarından istifadə etmişlər. O, B.İ.Qasımov ilə etdiyi söhbətlər zamanı həmin şəxsə hər dəfə evi müvəqqəti şəkildə onlara verdiyini bildirmiş və B.İ.Qasımov da ona Bakı şəhəri, Novxanı kəndində ev tikdirdiyini və evin tikintisi başa çatdıqdan sonra arvadını da götürüb ora gedəcəyini bildirmişdir. O, Cavabdeh bir gəlin kimi hörmətlə yanaşmış və ona əlindən gələn köməyi etmişdir. Tərəflər həmin evə köçdükdən təxminən 1-2 ay sonra Ukrayna Respublikasına getmişlər və orada Çerkas vilayətində 4-5 il yaşamışlar. O, özü də Ukrayna Respublikası vətəndaşı ilə evli olduğuna görə sonradan həmin ölkəyə ailəsi ilə birlikdə getmişdir. Həmin müddətdə isə onun qardaşı B.İ.Qasımov da işləmək üçün Ukrayna Respublikasına getdiyinə görə Cavabdeh onun evində yaşamağa davam etmiş və həmin evin təsərrüfat işlərini həyata keçirmişdir. Cavabdeh mübahisəli evdə yaşadığı dövrdə öz kommunal xərclərini ödəmək məqsədi ilə müvafiq enerji təminatçısı olan müəssisələrə müraciət edərək qaz xətti çəkdirmiş, habelə öz adına müvafiq hesablar açmaqla və sayğaclar quraşdırmaqla, evin kommunal haqlarını özü ödəmişdir. O, güman etmişdir ki, qardaşı B.İ.Qasımov tezliklə arvadı Cavabdeh da öz yanına – Ukrayna Respublikasına aparacaq və həmin şəxslər ona məxsus evi tərk edəcəklər. Lakin zaman keçdikcə qardaşı B.İ.Qasımov nadir hallarda Azərbaycan Respublikasına gəlmiş və Cavabdeh da onun evində köklü şəkildə məskunlaşmağa başlamışdır. Habelə B.İ.Qasımov və Cavabdeh birgə nikahları dövründə Bakı şəhərində bağ sahəsi alaraq, orada bağ evi də saldırsalar da, həmin şəxslər onun evini tərk etməmişlər. O isə qardaşı ilə münasibətləri pisləşməməsi üçün Cavabdeh evdən çıxması barədə heç bir rəsmi tələb irəli sürməmişdir. Cavabdeh və B.İ.Qasımov Biləsuvar rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli qətnaməsi ilə rəsmi şəkildə ayrılmışlar. Həmin qətnamə ilə eyni zamanda tərəflərin birgə nikah dövründə aldıqları əmlakları hər iki tərəf arasında bölünmüş və həmin əmlakların hər birinin ½ hissəsində Cavabdeh payı müəyyən edilmişdir. Lakin tərəflər arasında nikah pozulduqdan sonra da Cavabdeh onun evində yaşamağa davam etmişdir. O, həmin şəxsdən evini tərk etməsini xahiş etdiyi zaman sonuncu onunla razı olmamış və evin əslində özünün olduğunu bildirmişdir. O, hazırda mərhum atasının inşa etdiyi köhnə evdə yaşayır və özünün maddi vəsaiti hesabına inşa etdiyi evində cavabdeh həmin evi tərk etmədiyinə görə yaşaya bilmir. O, Cavabdeh dəfələrlə ona məxsus evdən çıxmasını tələb etsə də, həmin şəxs onun xəbərdarlıqlarına heç bir əhəmiyyət verməmişdir. Cavabdeh həmin evi özünün tikdiyini və təmir etdiyini iddia etsə də, həmin şəxs yalnız evin dam hissəsində cüzi təmir işləri və evin həyətində bir neçə tikinti işləri aparmışdır. Belə ki, onun məhkəməyə təqdim etdiyi fotoşəkillərdən də görünür ki, həmin ev çoxdan tikilmiş və təmir edilmişdir. Həmçinin o, cavabdehin mane olması səbəbindən həmin evə dair heç bir rəsmi sənəd ala bilməmişdir. Belə ki, o, dəfələrlə - təxminən 5 dəfə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşlarını torpaq sahəsində yerləşən evlərin sərhədlərinin müəyyən edilməsi, planın çəkilməsi məqsədi ilə dəvət etsə də, cavabdeh hər dəfə həmin əməkdaşlara mane olmuş və buna görə də o, mübahisəli evdə öz mülkiyyət hüququnu təsdiq edən sənədləri əldə edə bilməmişdir. Hazırda onun oğlu evlənmiş və buna görə də ailəsi genişlənmişdir və yaşadığı ev kiçik olduğuna görə həmin evə ailəsi ilə birlikdə artıq yerləşə bilmirlər. Cavabdehin zəbt etdiyi ona məxsus ev isə kifayət qədər böyükdür və onun ailəsinin ehtiyaclarını qarşılamağa imkan verir. O, hazırda öz mülkiyyətindən sərbəst şəkildə istifadə edə bilmir və cavabdehin təqsirli hərəkətləri nəticəsində o, öz əmlakından məhrum olmuşdur. O, dəfələrlə cavabdehlə razılaşmağa cəhd göstərib, həmin şəxsə Bakı şəhərindəki bağ evinə köçməsini təklif etsə də, Cavabdeh onunla razılaşmayaraq, onun öz evindən də ona pay ayrılmasını istəmişdir. Buna görə də o, mülkiyyət hüququnun müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmişdir. Sonda, İddiaçı məhkəmədən iddianın təmin edilməsini və Cavabdeh ona məxsus Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində yerləşən 0.28 hektar ölçüdə torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş evindən çıxarılması barədə qətnamə qəbul edlməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, o, B.İ.Qasımov ilə 29 aprel 2008-ci il tarixdə rəsmi nikaha daxil olaraq evlənmişdir. Evləndikləri zamanı yaşları çox olduğuna görə toy mərasimi həyata keçirməmiş, yalnızca kiçik yığıncaqla kifayətlənmişlər. Həmin yığıncaq isə hazırda yaşadığı, yəni Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində yerləşən 0.28 hektar ölçüdə torpaq sahəsində tikilmiş evdə həyata keçirilmişdir. B.İ.Qasımov onu bir gəlin kimi hazırda yaşadığı evə gətirmiş, lakin həmin ev yarım tikili vəziyyətdə olmaqla, yaşayış üçün yararsız vəziyyətdə olmuşdur. Onun ailəsinin maddi vəziyyəti yaxşı olduğuna görə, o, evə köçdüyü zaman gətirdiyi cehizində hər növ mebel və avadanlıq olmuşdur. Həmin ev onun əri B.İ.Qasımovun vəsaiti hesabına tikilmiş və o, həmin gündən hazırki tarixədək həmin evdə yaşamışdır. Həmçinin həmin torpaq sahəsində onun yaşadığı evlə yanaşı qaynı İddiaçı da evi olmuşdur. O və İddiaçı mehriban şəkildə yola getmişlər və həmin şəxs ona və ya onun əri B.İ.Qasımova heç vaxt onların evdən çıxmalı olmaları ilə bağlı hər hansı irad bildirməmişdir. O, B.İ.Qasımov ilə evli olduğu müddətdə yalnız iki dəfə Ukrayna Respublikasına getmiş və orada 2-3 ay qaldıqdan sonra geri qayıtmışdır. Lakin İddiaçı o, mübahisəli evdə yaşadığı müddətdə Ukrayna Respublikasında olmuş və 2016-cı ildə geri qayıtmışdır. Onun əri B.İ.Qasımovun yaxşı imkanı olduğuna görə İddiaçı və onun ailəsinə maddi yardımlar göstərmiş, o cümlədən mübahisə predmeti olan evin tikintisi üçün pul vəsaiti də vermişdir. O, həmin evdə yaşadığı vaxt evi yenidən təmir etdirmiş, evin üstünü dəyişmiş, həyətdə bağ salmış, digər yardımçı tikililər – besedka, qaraj, hasar, hovuz və bir neçə dam inşa etmişdir. O, həmin evə köçdüyü vaxt evdə qaz və ya su olmamış, o, özü evinə ayrıca elektrik, qaz, su xətləri çəkdirmiş və evində quraşdırılmış sayğaclar vasitəsi ilə öz xərclərini özü ödəmişdir. Bir sözlə, o, həmin evdə yaşadığı müddətdə o və əri B.İ.Qasımov evdə zəruri təmir işləri aparaq, onu yaşayış üçün yararlı hala salmışlar. İddiaçı isə onun və ərinin həmin evdə etdiyi işləri Ukrayna Respublikasından Azərbaycan gəldiyi vaxtlar görmüş və heç bir söz deməmişdir. Əgər həmin şəxsin evə dair iddiası var idisə, elə həmin vaxt ona və ərinə evdə təmir və tikinti işləri gördükləri, habelə İddiaçı ilə yaşadığı ev arasında hasarın çəkildiyi vaxt irad bildirərdi. O və B.İ.Qasımov rəsmi olaraq 14 iyul 2023-cü il tarixdə boşanmışlar və Biləsuvar rayon Məhkəməsinin həmin tarixli qətnaməsi ilə onların birgə nikahları dövründə aldıqları əmlaklar üzərində hər ikisinin bərabər həcmdə payı müəyyənləşdirilmişdir. O, məhkəmədə əmlaklara onun da payının müəyyən edilməsi məqsədi ilə müraciət etdiyi zaman, mübahisəli evə dair iddia tələbi irəli sürməmişdir. Buna səbəb isə həmin evə mülkiyyət hüququna dair onun rəsmi sənədinin olmaması olmuşdur, çünki iddiaçı 10 il müddətində onu və keçmiş ərini aldadaraq, torpağı B.İ.Qasımovun adına qeydiyyata aldırdığını bildirmişdir. Onunla və B.İ.Qasımov arasında nikah pozulduqdan sonra İddiaçı ona olan rəftarı dəyişmiş və ondan evdən çıxmasını tələb etmişdir. Belə ki, İddiaçı həmin evin özünə məxsus olduğunu bildirərək, ondan evi tərk edib, Bakı şəhərində yerləşən bağ evinə köçməsini tələb etmişdir. Lakin o, Biləsuvar rayonunda böyüyüb, boya-başa çatdığına və artıq 17 ilə yaxındır ki, həmin evdə yaşadığına görə başqa şəhərdə yaşamaq istəməmişdir. İddiaçı onun yaşadığı evin üzərində tikildiyi torpağın ona məxsus olduğunu təsdiq edən dövlət sənədini məhkəməyə təqdim etsə də, mübahisə predmeti olan və onun məskunlaşdığı evin həqiqətən də özünə məxsus olmasını təsdiq edən heç bir sənədi məhkəməyə təqdim etməmişdir. İddiaçı məhkəmədə həmin evin plan çertyojunun çəkilməsi məqsədi ilə dəfələrlə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşlarını dəvət etdiyini və onun həmin şəxslərə mane olduğunu bildirsə də, belə bir hal baş verməmişdir. Həmin evin tikildiyi torpaq sahəsi onun keşmiş əri B.İ.Qasımovun valideynlərinə məxsus olduğuna görə B.İ.Qasımovun da həmin torpaq sahəsində payı vardır. O, yaşlı qadındır və hazırda gedə biləcəyi yer yoxdur. Sonda, Cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Biləsuvar Rayon Məhkəməsinin 2(022)-1241/2023 saylı, 21 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim R.Əliyev), iddianın təmin edilməsi, Cavabdeh Biləsuvar rayonu, Xırmandalı kəndində yerləşən, torpağın mülkiyyətə verilməsinə dair JN – 787A seriyalı şəhadətnamə əsasında İddiaçı, X13, X4, X6 və X7 birgə mülkiyyətinə verilmiş 0,28 hektar ölçüdə torpaq sahəsindən və həmin torpaqda inşa edilmiş fərdi yaşayış evindən çıxarılması, Cavabdeh torpağın mülkiyyətə verilməsinə dair JN – 787A seriyalı şəhadətnamə əsasında İddiaçı, X13, X4, X6 və X7 birgə mülkiyyətinə verilmiş torpaq sahəsini və həmin torpaqda inşa edilmiş fərdi yaşayış evini yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini iddiaçıdan tələb etməkdə haqlı olmasının izah edilməsi, Cavabdeh iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 (bir yüz) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-152.3, 157.1, 157.4, 164.1 Torpaq Məcəlləsinin 65, 111-ci maddələrinə istinad etmişdir. Apelyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apelyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh tərəfindən apelyasiya şikayəti verilmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh Qasımova X12 Rayon Məhkəməsinin 2(022)-1241/2023 saylı, 21 dekabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apelyasiya şikayətinin dəlillərinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh apellyasiya icraatı zamanı apellyasiya şikayətini müdafiə edərək, Biləsuvar Rayon Məhkəməsinin 2(022)-1241/2023 saylı, 21 dekabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili X8 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək izahatında Biləsuvar Rayon Məhkəməsinin 2(022)-1241/2023 saylı, 21 dekabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə şifahi etiraz edərək, Biləsuvar Rayon Məhkəməsinin 2(022)-1241/2023 saylı, 21 dekabr 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə şifahi etiraz edərək, Biləsuvar Rayon Məhkəməsinin 2(022)-1241/2023 saylı, 21 dekabr 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apelyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən Apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə Apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya Apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin Apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq Apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində Apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, Apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində, Biləsuvar Rayon Məhkəməsinin 2(022)-1241/2023 saylı, 21 dekabr 2023-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının; 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 135.4-cü maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. 158.1 və 158.2-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ və servitutlar da əmlak hüquqları sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin; 111-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəlləsinin 111-ci maddəsinin 2-ci və 3-cü hissəsinə əsasən özbaşına tutulmuş zəbt olunmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin, qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Biləsuvar Rayon Məhkəməsinin 2(022)-1241/2023 saylı, 21 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası iş materiallarında aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpağın mülkiyyətə verilməsinə dair 15 iyul 2002-ci il tarixli, JNº-787A saylı (kod ********) şəhadətnamənin surətindən görünür ki, Biləsuvar rayonu Aqrar İslahat Komissiyasının 06 iyun 2000-ci il tarixli, 06 saylı qərarı ilə İddiaçı İsrafil oğlunun, X13, X4, X6 və X7 mülkiyyətinə Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində 0,28 hektar ölçüdə fərdi yaşayış evi, həyatyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin şəhadətnamənin “Verilən torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü” adlı sxemində torpaq sahəsinin planı 1:1000 miqyas ölçüsündə göstərilmiş və torpaq sahəsində inşa edilmiş evlər 787AJ və 787AK inventar nömrəsi ilə göstərilmişdir. İşdə olan Biləsuvar rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, 2(022)-157/2023 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh və X10 arasında 29 aprel 2008-ci il tarixdə Biləsuvar rayon qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 119 nömrəsi ilə qeyd edilmiş nikah pozulmuş və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əlakın dövlət reyestrindən çıxarışa əsasən B.İ.Qasımovun adına qeydiyyata alınmış 0,06 hekat torpaq sahəsindən ibarət Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 837a nömrəli bağ sahəsinin və “Lexus LX 470” markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobilin ½ hissəsinə Cavabdeh payı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Xırmandalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyini tərəfindən təqdim edilmiş 28 avqust 2023-cü il tarixli, 5-39-3/2-1482 saylı arayışından görünür ki, İddiaçı İsrafil oğlu həqiqətən də Xırmandalı kənd icra nümayəndəliyində mövcud olan 13 saylı təsərrüfatbaşına kitabda qeydiyyatdadır. Həmin kitabın 22-ci səhifəsində 1139 saylı təsərrüfatda 0.25 hektar həyətyanı torpaq sahəsi qeydiyyata alınmışdır. İddiaçı adına olan 0.25 hektar həyətyanı sahədə 2 ədəd yaşayış evi və digər tikililər vardır. İşdə olan X23 İstismarı İdarəsinin 13 oktyabr 2023-cü il tarixli, 14-2-2-10/2-1863/2023 nömrəli arayışından görünür ki, Cavabdeh **********02480 saylı abunə kodu ilə X23 İstismarı İdarəsinin Biləsuvar xidmət sahəsində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Xırmandalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyini tərəfindən təqdim edilmiş 09 may 2023-cü il tarixli, 5-39-3/2-788 saylı arayışından görünür ki, Cavabdeh İddiaçı İsrafil oğlu ilə birlikdə Xırmandalı kənd icra nümayəndəliyində mövcud olan 13 saylı təsərrüfatbaşına kitabda qeydiyyatdadır. Həmin kitabın 24-cü səhifəsində 1140 saylı təsərrüfatda yaşayış evi, 2 ədəd hər biri 12 kvadratmetr olmaqla qaraj, 9 kvadratmetr besedka, 6 kvadratmetr su hovuzu, 15 metr daş hasar, 1 ədəd giriş qapısı qeydiyyata alınmışdır. Mülki işdə olan “Azərişıq” açıq səhmdar cəmiyyətinin arayışından görünür ki, X1 elektrik şəbəkəsinin hesabatlarında **********00065 saylı abonent kodu ilə qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş 05 yanvar 2023-cü il tarixli, 619258 nömrəli “Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqısatqısının birtipli” müqaviləsindən görünür ki, Biləsuvar elektrik şəbəkəsi və X10 arasında elektrik enerjisinin alqı-satqısı müqaviləsi bağlanmış və B.İ.Qasımov **********00065 abonent kodu ilə qeydiyyata alınmışdır. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı tələbdən görünür ki, cavabdeh iddiaçının mülkiyyətində olan Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində yerləşən 0.28 hektar ölçüdə torpaq sahəsini və həmin torpaq sahəsində inşa edilmiş evi zəbt etmişdir. Bu səbəbdən də iddiaçı cavabdehin həmin torpaq sahəsindən və evdən çıxarılmasını tələb edir. İddiaçının iddia tələbinin mahiyyətindən müəyyən edilir ki, Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 06 iyun 2000-ci il tarixli, 6 saylı qərarı ilə onun və ailə üzvlərinin mülkiyyətinə 0.28 hektar torpaq sahəsi verilmişdir. Torpağa mülkiyyət hüququna dair JN – 787A seriyalı şəhadətnamə də verilmişdir. Həmin torpaq sahəsində ona məxsus 2 ev vardır. 1-ci ev mərhum atası tərəfindən tikilmiş 3 otaqlı 1 mərtəbəli evdir. 2-ci təzə tikdiyi ev isə 2 mərtəbədir. Hər iki Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 06 iyun 2000-ci il tarixli, 6 saylı qərarı ilə ona verilmiş 0.28 ha həyətyanı torpaq sahəsinə dair şəhadətnamədə 787AJ və 787AK inventar nömrəsi ilə qeydə alınmışdır. Cavabdeh onun qardaşı Bəxtiyar Qasımovun keçmiş arvadıdır. Belə ki, qardaşı Bəxtiyar Şəhla ilə 2008-ci ildə rəsmi nikaha girməklə evlənmişlər. Qardaşı Ukrayna Respublikasında yaşayırdı. X19 birgə yaşadıqları müddətdə Bakı şəhərində ev və digər əmlaklar almışlar. Qardaşı Ukraynada yaşadığından Şəhləya müvəqqəti yaşamaq üçün həyətindəki 2-ci evdə icazə vermişdir. Hazırda qardaşı ilə Şəhla məhkəmə qətnaməsinə əsasən boşanmış və əmlakları da bölünmüşdür. Dəfələrlə Şəhlanın evindən çıxarılmasını tələb etsə də Şəhla bundan imtina etmişdir. Cavabdeh iddiaya münasibətindən müəyyən olunur ki, o, B.İ.Qasımov ilə 29 aprel 2008ci il tarixdə rəsmi nikaha daxil olaraq evlənmişdir. Evləndikləri zamanı yaşları çox olduğuna görə toy mərasimi həyata keçirməmiş, yalnızca kiçik yığıncaqla kifayətlənmişlər. Həmin yığıncaq isə hazırda yaşadığı, yəni Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində yerləşən 0.28 hektar ölçüdə torpaq sahəsində tikilmiş evdə həyata keçirilmişdir. B.İ.Qasımov onu bir gəlin kimi hazırda yaşadığı evə gətirmiş, lakin həmin ev yarım tikili vəziyyətdə olmaqla, yaşayış üçün yararsız vəziyyətdə olmuşdur. Onun ailəsinin maddi vəziyyəti yaxşı olduğuna görə, o, evə köçdüyü zaman gətirdiyi cehizində hər növ mebel və avadanlıq olmuşdur. Həmin ev onun əri B.İ.Qasımovun vəsaiti hesabına tikilmiş və o, həmin gündən hazırki tarixədək həmin evdə yaşamışdır. Həmçinin həmin torpaq sahəsində onun yaşadığı evlə yanaşı qaynı İddiaçı da evi olmuşdurOnun əri B.İ.Qasımovun yaxşı imkanı olduğuna görə İddiaçı və onun ailəsinə maddi yardımlar göstərmiş, o cümlədən mübahisə predmeti olan evin tikintisi üçün pul vəsaiti də vermişdir. O, həmin evdə yaşadığı vaxt evi yenidən təmir etdirmiş, evin üstünü dəyişmiş, həyətdə bağ salmış, digər yardımçı tikililər – besedka, qaraj, hasar, hovuz və bir neçə dam inşa etmişdir. O, həmin evə köçdüyü vaxt evdə qaz və ya su olmamış, o, özü evinə ayrıca elektrik, qaz, su xətləri çəkdirmiş və evində quraşdırılmış sayğaclar vasitəsi ilə öz xərclərini özü ödəmişdir. Bir sözlə, o, həmin evdə yaşadığı müddətdə o və əri B.İ.Qasımov evdə zəruri təmir işləri aparaq, onu yaşayış üçün yararlı hala salmışlar. İddiaçı isə onun və ərinin həmin evdə etdiyi işləri Ukrayna Respublikasından Azərbaycan gəldiyi vaxtlar görmüş və heç bir söz deməmişdir. Əgər həmin şəxsin evə dair iddiası var idisə, elə həmin vaxt ona və ərinə evdə təmir və tikinti işləri gördükləri, habelə İddiaçı ilə yaşadığı ev arasında hasarın çəkildiyi vaxt irad bildirərdi. O və B.İ.Qasımov rəsmi olaraq 14 iyul 2023-cü il tarixdə boşanmışlar və Biləsuvar rayon Məhkəməsinin həmin tarixli qətnaməsi ilə onların birgə nikahları dövründə aldıqları əmlaklar üzərində hər ikisinin bərabər həcmdə payı müəyyənləşdirilmişdir. O, məhkəmədə əmlaklara onun da payının müəyyən edilməsi məqsədi ilə müraciət etdiyi zaman, mübahisəli evə dair iddia tələbi irəli sürməmişdir. Buna səbəb isə həmin evə mülkiyyət hüququna dair onun rəsmi sənədinin olmaması olmuşdur, çünki iddiaçı 10 il müddətində onu və keçmiş ərini aldadaraq, torpağı B.İ.Qasımovun adına qeydiyyata aldırdığını bildirmişdir. Onunla və B.İ.Qasımov arasında nikah pozulduqdan sonra İddiaçı ona olan rəftarı dəyişmiş və ondan evdən çıxmasını tələb etmişdir. Belə ki, İddiaçı həmin evin özünə məxsus olduğunu bildirərək, ondan evi tərk edib, Bakı şəhərində yerləşən bağ evinə köçməsini tələb etmişdir. Lakin o, Biləsuvar rayonunda böyüyüb, boya-başa çatdığına və artıq 17 ilə yaxındır ki, həmin evdə yaşadığına görə başqa şəhərdə yaşamaq istəməmişdir. İddiaçı onun yaşadığı evin üzərində tikildiyi torpağın ona məxsus olduğunu təsdiq edən dövlət sənədini məhkəməyə təqdim etsə də, mübahisə predmeti olan və onun məskunlaşdığı evin həqiqətən də özünə məxsus olmasını təsdiq edən heç bir sənədi məhkəməyə təqdim etməmişdir. İddiaçı məhkəmədə həmin evin plan çertyojunun çəkilməsi məqsədi ilə dəfələrlə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşlarını dəvət etdiyini və onun həmin şəxslərə mane olduğunu bildirsə də, belə bir hal baş verməmişdir. Həmin evin tikildiyi torpaq sahəsi onun keşmiş əri B.İ.Qasımovun valideynlərinə məxsus olduğuna görə B.İ.Qasımovun da həmin torpaq sahəsində payı vardır. O, yaşlı qadındır və hazırda gedə biləcəyi yer yoxdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, o, Biləsuvar rayonu, Xırmandalı kəndində yaşayır və daş ustası kimi fəaliyyət göstərir. O, kənd sakinləri arasında “Əbil” deyə çağırılan şəxsi, yəni İddiaçı həmkəndlisi kimi tanımış və həmin şəxsin xahişi ilə mübahisəli evin tikilməsində iştirak etmişdir. Belə ki, həmin ev 1990-cı ilin yaz aylarında, daha dəqiqliklə isə “20 Yanvar” hadisələri baş verdikdən bir neçə ay sonra tikilmişdir. O, mübahisəli ev tikildiyi zaman bütün daş dişlərini – divar hörülməsini icra etmişdir. O, əvvəlcə bir neçə saat evin çertyojunu (planını) çəkmiş, daha sonra isə evin inşasında 6-7 gün növbəli şəkildə, ümumilikdə isə 15 gün müddətində işləmişdir. O, gündə 1.000 ədəd daş hörmüşdür və həmin ev iki mərtəbəli olmuşdur. İşini yekunlaşdırdıqdan sonra onun zəhmət haqqını İddiaçı vermişdir. O, evi tikdiyi vaxt İddiaçı qardaşı B.İ.Qasımovu görməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X11 göstərmişdir ki, o, Biləsuvar rayonu, Xırmandalı kəndində yaşayır və ağac ustası kimi fəaliyyət göstərir. O, Şahid1 həmin evin daşını hördükdən sonra mübahisəli evin damını qurmuşdur. Bundan bir neçə il sonra isə o, evin qapı və pəncərələrini hazırlamışdır. Onu usta kimi işləməyə İddiaçı dəvət etmiş və həmin şəxs də onun zəhmət haqqını ödəmişdir. O, evin sahibi kimi İddiaçı tanımış və həmin şəxsin qardaşı B.İ.Qasımovu tikinti zamanı görməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, o, mübahisə predmeti olan ev 1990-cı illərdə, yəni “20 Yanvar” hadisələri baş verdikdən bir neçə ay sonra tikilməyə başlamış və o, usta Şahid1 yanında fəhlə kimi çalışmışdır. Həmin evin tikintisi zamanı yeganə fəhlə o özü olmuşdur. O, evi tez tikib qurtarmaq üçün gecələr də işləmiş və 15 gün ərzində evin divarları hörülüb qurtarmışdır. O, işini yekunlaşdırdıqdan sonra onun zəhmət haqqını İddiaçı vermişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X15 göstərmişdir ki, o, İddiaçı qardaşıdır. Həmin ev iddiaçı tərəfindən “20 Yanvar” hadisələri baş verdikdən bir neçə ay sonra tikilməyə başlanmışdır. İddiaçı mübahisə predmeti olan evi onun anası ilə birlikdə tikmişdir. Onun iki qardaşı, o cümlədən B.İ.Qasımov həmin ev tikildiyi vaxt Ukrayna Respublikasında olmuş və Azərbaycan Respublikasına ildə təxminən bir-iki dəfə qonaq kimi gəlmişlər. B.İ.Qasımovun evi isə Ukrayna Respublikasında, həmçinin Bakı şəhərində olmuşdur. Mübahisəli ev tikildiyi vaxt İddiaçı kömək etmək məqsədi ilə o, evin betonunun tökülməsində iştirak etmişdir. O və digər bacı və qardaşları öz valideynlərinin torpağında paylarından imtina edərək, evi və torpağı İddiaçı vermişlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid5 göstərmişdir ki, o, Biləsuvar rayonu, Xırmandalı kəndində yaşayır və usta kimi fəaliyyət göstərir. O, mübahisə predmeti olan evdə təxminən 2008-2010-cu illərdə usta kimi işləmişdir. O, həmin evdə su hovuzunun, qarajın tikilməsində, hasarın hörülməsində, həmçinin darvazanın qurulmasında usta kimi çalışmışdır. Evdə işlədiyi vaxt onun yeməyini, çayını Cavabdeh, zəhmət haqqını isə cavabdehin əri B.İ.Qasımov vermişdir. O, həmin evdə işlədiyi vaxt İddiaçı görməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid6 göstərmişdir ki, o, mabahisə predmeti olan evdə malyar ustası kimi işləmişdir. Belə ki, o, mübahisəli evin yalnız birinci mərtəbəsində 2 otağı təmir etmişdir. Mübahisəli evdə işlədiyi vaxt onun zəhmət haqqını Cavabdeh vermiş və o, evdə işlədiyi vaxt İddiaçı görməmişdir. Məhkəmə kollegiyası işdə olan sübutlardan müəyyən etmişdir ki, İddiaçı İsrafil oğlunun və onun ailə üzvlərinin mülkiyyətinə Biləsuvar rayonu Aqrar İslahat Komissiyasının 06 iyun 2000-ci il tarixli, 06 saylı qərarı ilə Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində 0,28 hektar ölçüdə fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində iddiaçının valideyni tərəfindən inşa olunmuş evdən başqa 1990-ci ildən sonra tikilməyə başlanmış digər bir fərdi yaşayış evi də mövcuddur. Hazırki mülki iş üzrə mübahisə predmeti olan, 1990-ci ildən sonra inşa edilməyə başlanmış fərdi yaşayış evi 2008-ci ildən əvvəl, Cavabdeh iddiaçının qardaşı B.İ.Qasımovla nikaha daxil olmazdan öncə yaşayış üçün istifadəyə hazır olmuş və cavabdehin məhkəmədə verdiyi izahata görə hətta Cavabdeh ilə iddiaçının qardaşı B.İ.Qasımovun nikahı münasibətilə təşkil edilmiş yığıncaq da həmin evdə baş tutmuş, nikahdan sonra Cavabdeh yaşamaq üçün həmin evə köçmüşdür. Belə ki, Cavabdeh 29 aprel 2008-ci il tarixdə iddiaçının qardaşı B.İ.Qasımovla rəsmi nikaha girmişdir və həmin dövrdən hal-hazıradək mübahisəli evdə yaşamağa davam edir. Cavabdeh və B.İ.Qasımov arasında nikah Bilsuvar rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, 2(022)-157/2023 saylı qətnaməsi ilə ləğv edilmiş, eyni zamanda həmin qətnamə ilə Cavabdeh və B.İ.Qasımovun birgə nikahı dövründə əldə etdikləri əmlakları - Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 837a nömrəli bağ sahəsinə və “Lexus LX 470” markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobilə Cavabdeh ½ hissədə payı müəyyən edilmişdir. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair 15 iyul 2002-ci il tarixli, JNº- 787A saylı (kod ********) şəhadətnamə İddiaçı İsrafil oğlunun və həmin şəxsin ailə üzvlərinin mübahisə predmeti olan torpaq sahəsinə ümumi mülkiyyət hüququnu şəksiz təsdiq edir. İş materiallarından görünür ki, hazırki mülki iş üzrə Cavabdeh məhkəmə iclasında öz izahatında hazırki mülki iş üzrə mübahisə predmeti olan evin onun B.İ.Qasımovla nikaha daxil olmazdan əvvəl inşa edildiyini və iddiaçının həmin torpaq sahəsinə mülkiyyət hüququnu mübahisələndirməsə də, qeyd edilən evin 2008-ci ilədək yaşayış üçün yararsız olduğunu, nikahdan sonra isə məhz cavabdehin özü tərəfindən həmin evdə təmir işləri aparıldıqdan və torpaq sahəsində əlavə tikililər inşa edildikdən sonra yaşayış üçün yararlı vəziyyətə gətirildiyini bildirməklə, habelə iddiaçının mübahisəli evə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığını əsas tutaraq, mübahisəli evdən və həmin evin yerləşdiyi torpaq sahəsindən çıxmaqdan imtina edir. Lakin işdə olan sübutlara müəyyən edilir ki, iddiaçının mübahisəli evə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpağın mülkiyyətə verilməsinə dair 15 iyul 2002-ci il tarixli, JNº-787A saylı (kod ********) şəhadətnamədə “Verilən torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü” adlı sxemdə həmin torpaq sahəsində tikilmiş hər iki ev, o cümlədən mübahisə predmeti olan ev 787AJ və 787AK inventar nömrələri ilə göstərilmişdir. Habelə İddiaçı tərəfindən iş üzrə sübut qismində məhkəməyə təqdim edilmiş fotoşəkillərdən də görünür ki, 2007-ci ildə iddiaçının ailə üzvlərinin iştirakı ilə çəkilmiş həmin fotoşəkillərdə mübahisə predmeti olan evin yaşayış üçün əlverişli olmuşdur və evdə mebel avadanlıqları da yerləşdirilmişdir. Bu sübutlar isə mübahisə predmeti olan iki mərtəbəli mübahisəli evin Cavabdeh iddiaçının qardaşı ilə 2008-ci ildə nikaha daxil olmazdan əvvəl inşa edildiyini və yaşayış üçün hazır olduğunu təsdiq edir. Bu halı cavabdeh apellyasiya icaatı zamanı özünün verdiyi izahatı ilə də, təsdiq etmişdir. Belə ki, Cavabdeh göstərmişdir ki, o, iki mərtəbəli mübahisəli evə gəlin köçmüş, gəlin köçərkən yalnız bir yaşayış otağı hazır olmuş, qalan təmir tikinti işlərini isə, əri Bəxtiyar Qasımov tərəfindən Rusiya Fedarasiyasından göndərdiyi pul vəsaiti hesabına aparılmışdır. Avropa İnsan Hüquqları Məhkəməsi “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Belə olan halda kollegiya hesab edir ki, İddiaçı mübahisə predmeti olan və hazırda cavabdehin yaşadığı ev daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında iddiaçının adına qeydiyyata alınmasa da, həmin şəxs torpağın mülkiyyətə verilməsinə dair 15 iyul 2002-ci il tarixli, JNº-787A saylı (kod ********) şəhadətnamə üzrə mübahisəli evin faktiki sahibi olduğuna görə qeyd edilən əmlak üzərində mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə» malikdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. İşdə olan sübutlarla müəyyən edilir ki, Cavabdeh iddiaçının qardaşının keçmiş arvadı olsa da, İddiaçı ailə üzvü hesab edilmir və həmin şəxsin mübahisə predmeti olan evdən istifadə hüququnu təsdiq edən mülkiyyətçi hüquqlarına malik şəxslə bağlanan yazılı razılaşması mövcud deyil. Bununla əlaqədar məhkəmə hesab etmişdir ki, cavabdehin uzun müddət mübahisəli evdə yaşaması, orada təsərrüfat aparması, habelə müvafiq enerji paylayıcısı olan müəssisələrlə abunə müqavilələri bağlaması həmin şəxsin mübahisə predmeti olan yaşayış evindən istifadə hüququnun yaranmasına səbəb olmur və buna görə də cavabdehin mübahisəli yaşayış evindən istifadə hüququ yoxdur. Kollegiya iş materiallarından onu da müəyyən edir ki, Cavabdeh Biləsuvar rayon Məhkəməsinə B.İ.Qasımov ilə aralarında olan nikahın pozulması və tərəflərin birgə nikah dövründə əldə edilmiş əmlaklarında onun payının müəyyən edilməsi üçün iddia ərizəsi ilə müraciət etsə də, həmin şəxs hazırki iş üzrə mübahisə predmeti olan evdə özünün payının müəyyən edilməsi və ya mübahisəli evə istifadə hüquqlarının tanınması barədə məhkəmədə iddia qaldırmamışdır. Bundan başqa, İddiaçı mübahisə predmeti olan evi özünün inşa etdirdiyini onun vəsatəti ilə məhkəmə baxışı zamanı dindirilmiş şahidlərin ifadələri ilə sübut etsə də, cavabdeh tərəfin vəsatəti ilə məhkəmə iclasında ifadə vermiş şahidlər yalnız həmin evdə Cavabdeh tərəfindən təmir işləri aparıldığını və evin ətrafında əlavə tikililər inşa olunduğunu göstərmiş, habelə cavabdeh tərəf mübahisəli evin 2008-ci ilədək yarımçıq tikili olduğunu, məhz Cavabdeh iddiaçının qardaşı B.İ.Qasımovla 2008-ci ildə nikaha daxil olduqdan sonra inşa edildiyini və ya istifadəyə hazır vəziyyətə gətirildiyini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin hazırki Cavabdeh mübahisəli evin keçmiş əri B.İ.Qasımovun vəsaiti hesabına inşa edildiyini və həmin evin B.İ.Qasımova məxsus olduğunu iddia etsə də, cavabdeh bu barədə məhkəməyə heç bir sübut təqdim etməməklə yanaşı, hazırki mülki iş üzrə məhkəmə iclasında tədqiq olunmuş sübutlarla İddiaçı doğma qardaşı olan B.İ.Qasımovun mübahisəli evə hüquqlarının və ya hər hansı iddiasının olduğu müəyyən edilmir. Kollegiya onu da diqqətdən qaçırmır ki, əgər cavabdehin qeyd etdiyi kimi, iddiaçının qardaşı Bəxtiyar Qasımovla ailə qurduqdan sonra mübahisəli mənzilin əsaslı təmiri və tikintisinə məhz əri Bəxtiyar Qasımovun qazancı hesabına xərc çəkilmişdirsə, bu hal cavabdehin başqasına məxsus olan mübahisəli mənzildə yaşayış yaxud istifadə hüququnun əldə etməsi üçün deyil, birgə nikah müddətində çəkilmiş xərcin onlara ödənilməsi barədə iddia qaldırıldıqda və qaldırılmış iddia sübut olunduğu halda çəkilmiş xərcin ər-arvada aid olması və aralarında bölünməsi üçün əsas ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM-in) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. “İnsan hüquqlarının və əsas azdlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və 5 beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-in 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası MM-in 139.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikasının MM-in 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası MM-in 6.1-ci maddəsinin 7, 8 və 9-cu bəndlərinə müvafiq olaraq mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsninə müvafiq olaraq torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyət üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “Beləliklə iddia təmin edilməli, cavabdeh Qasımova X12 rayonu, Xırmandalı kəndində yerləşən, torpağın mülkiyyətə verilməsinə dair JN – 787A seriyalı şəhadətnamə əsasında İddiaçı, X13, X4, X6 və X7 birgə mülkiyyətinə verilmiş 0,28 hektar ölçüdə torpaq sahəsindən və həmin torpaqda inşa edilmiş fərdi yaşayış evindən çıxarılmalıdır” qənaətinə gəlməsi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Kollegiya hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olmuşdur. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, üzrə Biləsuvar Rayon Məhkəməsinin 2(022)-1241/2023 saylı, 21 dekabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi üçün Azərbaycan Respublikası MPMnin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,; QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsinin 2(022)-1241/2023 saylı, 21 dekabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar