Məhkəmə qərarları › İş №2(106)-592/2022

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-592/2022

28.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-592/2022 28.01.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Mayılov Samir İlham oğlu, (sədrlik edən, məruzəçi) X3 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Qəribov Nahid Vidadi oğlunun katibliyi ilə, Ağcabədi Rayon Məhkəməsinin 2(017)-2226/2021 saylı, 30 noyabr 2021-ci il tarixli qərardadından iddiaçı "xxxx" MMC tərəfindən verilmiş şikayətə məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi; İŞİN HALLARİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ağcabədi rayonunun Hindarx kəndində yerləşən 7,65 ha və 8 ha olan kənd təsərrüfatı (əkin) təyinatlı torpaq sahələrinə dair 18 fevral 2021-ci il tarixli hərracların qalibi kimi "xxxx" MMC ilə müvafiq torpaq sahələrinə dair icarə müqavilələrinin bağlanması öhdəliyinin cavabdeh Ağcabədi rayon Hindarx qəsəbə bələdiyyəsinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC dövlət iqtisadi siyasətinin başlıca istiqamətlərindən biri olan kənd təsərrüfatı sahəsində fəaliyyət göstərməklə mülki dövriyyədə, bir qayda olaraq, kənd təsərrüfatı məhsullarının istehsalçısı, idxalçısı və satıcısı qismində çıxış edir. Ağcabədi rayonunun Hindarx kəndində yerləşən 7,65 ha və 8 ha olan kənd təsərrüfatı (əkin) təyinatlı torpaq sahələri mülkiyyət hüququ əsasında Ağcabədi rayon Hindarx qəsəbə bələdiyyəsinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq həmin bələdiyyənin adına xx.xx.2014-cü il tarixdə müvafiq olaraq RX seriyalı ******* saylı və RX seriyalı ******* saylı çıxarışlar verilmişdir. Həmin torpaq sahələrinin icarəyə verilməsi məqsədi ilə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə X2 Torpaq Müsabiqə və Hərrac Komissiyası tərəfindən 2 ayrı hərrac keçirilmiş, iddiaçı cəmiyyət həmin torpaq sahələrinin illik icarə haqqına görə ən yüksək təklifi etdiyindən hər iki hərracın qalibi hesab edilmiş və Təşkilatçı tərəfindən onun adına müvafiq olaraq AM seriyalı, 012164 saylı və AM seriyalı, 012165 saylı şəhadətnamələr verilmişdir. Ağcabədi Rayon Məhkəməsinin 2(017)-2226/2021 saylı, 30 noyabr 2021-ci il tarixli qərardadı ilə (sədrlik edən hakim Etibar Quliyev) iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin iddiaçı "xxxx" MMC-yə qaytarılması, iddia ərizəsinin qaytarılmasına əsas olmuş nöqsanı aradan qaldırdıqdan sonra ümumi qaydada aidiyyəti üzrə kommersiya məhkəməsinə müraciət etmək hüququnun olmasının iddiaçıya izah edilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan "xxxx" MMC şikayət vermiş və şikayətini onunla əsaslandırmışdır ki, Ağcabədi rayonunun Hindarx kəndində yerləşən 7,65 ha və 8 ha kənd təsərrüfatı (əkin) təyinatlı torpaq sahələrinin icarəyə verilməsi məqsədi ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə X2 Torpaq Müsabiqə və Hərrac Komissiyası tərəfindən xx.xx.2021-ci il tarixdə keçirilmiş 2 ayrı hərracda iddiaçı qalib hesab edilərək ona şəhadətnamələr təqdim edilmişdir. Bununla belə, cavabdeh iddiaçı ilə müvafiq icarə müqavilələrini bağlamaqdan yayınmışdır və belə olan halda iddiaçının həmin torpaq sahəsində sahibkarlıq fəaliyyətini həyata keçirməsi mümkün deyil. Digər tərəfdən, iddiaçı hüquqi şəxs kimi kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş olsa da, hazırkı mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışdır. İddia ərizəsindən də göründüyü kimi, hazırkı mübahisə Ağcabədi rayon Hindarx qəsəbə bələdiyyəsinin üzərinə icarə müqaviləsinin bağlanması öhdəliyinin qoyulması ilə əlaqədardır və işdə iştirak edən digər tərəf olan cavabdeh (Hindarx qəsəbə bələdiyyəsi) sahibkarlıq fəaliyyətinin subyekti hesab edilə bilməz. Şikayətdə Ağcabədi Rayon Məhkəməsinin 2(017)-2226/2021 saylı, 30 noyabr 2021-ci il tarixli qərardadının ləğv edilməsi və iddia ərizəsinin icraata qəbul edilməsi xahiş edilmişdir. Ağcabədi Rayon Məhkəməsinin 2(017)-2226/2021 saylı, 16 dekabr 2021-ci il tarixli qərardadı ilə Ağcabədi Rayon Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 2(017)-2226/2021 nömrəli qərardadından iddiaçı "xxxx" MMC tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Ağcabədi Rayon Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 2(017)-2226/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən verilmiş AM 012164 seriya nömrəli şəhadətnamənin surətindən görünür ki, "xxxx" MMC Ağcabədi rayonunun ərazisində yerləşən Ağcabədi rayon Hindarx bələdiyyəsinin mülkiyyətində olan 7,65 ha torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə X2 Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyası tərəfindən xx.xx.2021-ci il tarixdə keçirilmiş torpaq müsabiqəsinin qalibidir. Torpaq sahəsi torpaq müsabiqəsində hər il 1550 manata icarəyə (25 il müddətinə) verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən verilmiş AM 012165 seriya nömrəli şəhadətnamənin surətindən görünür ki, "xxxx" MMC Ağcabədi rayonunun ərazisində yerləşən Ağcabədi rayon Hindarx bələdiyyəsinin mülkiyyətində olan 8 ha torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə X2 Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyası tərəfindən xx.xx.2021-ci il tarixdə keçirilmiş torpaq müsabiqəsinin qalibidir. Torpaq sahəsi torpaq müsabiqəsində hər il 1620 manata icarəyə (25 il müddətinə) verilmişdir. Hər iki şəhadətnamədə qeyd edilmişdir ki, şəhadətnamə müsabiqədə qalib gəlmiş hüquqi və ya fiziki şəxslə bələdiyyə torpaqlarına münasibətdə müvafiq bələdiyyə arasında 20 gündən gec olmayaraq mülki və torpaq qanunvericiliyinə uyğun olaraq müvafiq müqavilə bağlanması üçün əsasdır. İddia ərizəsindən də göründüyü kimi, iddiaçı hüquqi şəxs olmaqla, bir qayda olaraq, kənd təsərrüfatı məhsullarının istehsalçısı, idxalçısı və satıcısı qismində çıxış edir. İddiaçı öz şikayətində bildirmişdir ki, cavabdeh bələdiyyə olduğuna görə hazırkı mübahisə işdə iştirak edənlərin subyektiv tərkibinə əsasən kommersiya mübahisəsi hesab edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 18 sentyabr 2020-ci il tarixli, 10 nömrəli Qərarının 20-ci bəndinə əsasən, məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. Həmin Qərarın 23-cü bəndinə əsasən, mübahisə tərəflərindən birinin dövlət orqanı və bələdiyyə olduğu halla bağlı məhkəmələrə izah edilməlidir ki, qanunvericiliyin tələbinə görə dövlət və bələdiyyə orqanları hakimiyyət səlahiyyətlərini icra etməkdən başqa mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində malların (işlərin və xidmətlərin və s.) dövlət və bələdiyyə vəsaiti hesabına alınmasında, sahibkarlıq subyektləri ilə mülki hüquqi əqdlərin bağlanmasında, həmçinin investisiya fəaliyyətinin həyata keçirilməsində eyni ilə digər hüquqi şəxslər kimi iştirak edə bilərlər. Bu zaman sahibkarlıq subyektləri tərəfindən dövlət orqanlarına və bələdiyyələrə qarşı və ya sonuncuların sahibkarlıq subyektlərinə qarşı tələbləri mahiyyət etibarı ilə iqtisadi məzmunlu olduğundan, habelə bu tələblərdən irəli gələn mübahisələrə tətbiq edilən maddi hüquq normalarının sahibkarlıq fəaliyyətini tənzimləyən normalara aid olduğundan həmin mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. İddiaçı tərəfindən barəsində müqavilələrin bağlanmasının tələb edildiyi torpaq sahələri kənd təsərrüfatı (əkin) təyinatlı torpaq sahələridir. İddiaçının kənd təsərrüfatı məhsullarının istehsalçısı, idxalçısı və satıcısı qismində mülki dövriyyədə iştirak etdiyi nəzərə alındıqda, hazırkı tələbin iddiaçının sahibkarlıq faəliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğu görünür. MPM-in 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Belə ki, MPM-in 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Ağcabədi Rayon Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 2(017)-2226/2021 saylı qərardadı qanuni və əsaslı olduğundan şikayət təmin edilməməli, həmin qərardad dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-269, 398.0.1 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Ağcabədi Rayon Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 2(017)-2226/2021 saylı qərardadından iddiaçı "xxxx" MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 2(017)-2226/2021 saylı qərardadı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar