Məhkəmə qərarları › İş №2(106)-592/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-592/2024

01.03.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-592/2024 01.03.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Biləsuvar Rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli, e-2(022)-274/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Biləsuvar rayon Notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, digər vərəsələrin razılığını nəzərə alaraq mərhum X1 miras qalmış ünvan 1 ünvanında yerləşən 111,6 kvadrat metrdən ibarət fərdi yaşayış evinə, ünvan 2 ünvanında yerləşən 1 mərtəbəli, 3 otaqlı evinə, həyətyanı torpaq sahəsinə və Biləsuvar şəhəri, B.Abbasov küçəsi 47-də yerləşən **********060-10301 saylı çıxarışa əsasən mərhum X2 ümumi birgə mülkiyyətində olan 0,164 ha torpaq sahəsinə onun vərəsələri – Cavabdeh1, İddiaçı hər birinin ½ (ikidə bir) hissədə irs alması barədə - “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin verilməsinin cavabdeh Biləsuvar rayon Notariat ofisinə həvalə edilməsi, digər vərəsələrin razılığını nəzərə alaraq mərhum X4 adına verilmiş reyestr nömrəsi **********16 olan və Biləsuvar şəhəri ünvanında yerləşən kənd təsərrüfatı təyinatlı 1,2148 ha torpaq sahəsindən İddiaçı ½ (ikidə bir) hissədə payının müəyyən edilməklə onun payının naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Biləsuvar Rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli, e-2(022)-274/2024 saylı qərardadı ilə (sədrlik edən hakim Nüsrət Mirzəyev) İddiaçı cavabdeh X3 və Biləsuvar rayon Notariat ofisinə qarşı “miras qalmış evə, həyətyanı torpaq sahəsinə “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin verilməsinin Biləsuvar rayon Notariat ofisinə həvalə edilməsi və kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən payların müəyyən edilməklə naturada ayrılması tələbinə dair” iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. Biləsuvar Rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli, e-2(022)-274/2024 saylı qərardadından narazı qalan İddiaçı şikayət vermiş, şikayətində həmin qərardadın ləğv edilməsinə dair qərardad qəbul edilməsini, əks halda şikayətin işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə hazırkı iş üzrə iddianın hansı səbəblərdən mülki mühakimə icraatı qaydasında baxılmalı olmamasını göstərməmiş, yeganə istinad kimi vurğuladığı Konstitusiya Məhkəməsinin vərəsəlik hüququ ilə (müddətlər ilə) bağlı son qərarına sadəcə olaraq istinad etməklə kifayətlənmiş və bununla da qanunsuzluğa yol vermişdir. Məhkəmə hər hansı əsaslı müddəalara istinad etmədən, sadəcə olaraq ötəri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarına istinad etməklə kifayətlənmiş və nədənsə hesab etmişdir ki, hazırkı mülki iddiaya Biləsuvar Rayon Məhkəməsində baxılmalı deyil, lakin hansı məhkəməyə müraciət edilməli olduğu da göstərilməmişdir. Bununla razılaşmayaraq, lakin məhkəmənin mövqeyini anlayaraq ki, burada iddianın baxılması məhz inzibati icraat qaydasında, məsələn öhdəliyin icrası, olmalı olmasını nəzərdə tutmuşdur ki, bu da növbəti yanlış mövqedir. Belə ki, məhkəmənin istinad etdiyi həmin Plenum Qərarı ümumilikdə və prinsip olaraq müddətlərlə bağlı münasibətlərə aydınlıq gətirmiş, göstərməmişdir ki, vərəsəlik işləri ilə bağlı notariat ofislərinə qarşı olan iddialara mütləq qaydada inzibati məhkəmələr tərəfindən baxılmalıdır. Məhkəmə nəzərə almamışdır ki, aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayət verilməsi zamanı mübahisəyə mülki, yoxsa inzibati məhkəmə icraatı qaydasında baxılması ilə bağlı məsələ qanunvericilikdə dəqiq tənzimlənmədiyindən Ali Məhkəmənin Plenumu 10 aprel 2015-ci il tarixdə 04№-li Qərar qəbul etmiş, həmin qərarın 8-ci bəndinə düzəliş edilərək xx.xx.2021ci il tarixdə yeni redaksiyada verilmiş və nəzərdə tutulmuşdur ki, “qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilsin”. Göründüyü kimi, birinci instansiya məhkəməsinin ciddi prosessual pozuntuya yol verərək hazırkı mülki iddianın mülki mühakimə icraatı qaydasında deyil, məhz inzibati icraat qaydasında baxılmalı olmalı olmasına dair mövqeyi yanlış olduğundan həmin qərardad ləğv edilməlidir. Birinci instansiya məhkəməsinin hazırkı iş üzrə mübahisələndirilən qərardadı qəbul edərkən Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən Qərarına istinad etməsini ciddi pozuntu hesab edir, ona görə ki, həmin Qərar ümumiyyətlə vərəsəlik işləri ilə bağlı nə ərazi, nə də ki məhkəmə aidiyyatının müəyyən edilməsinə yönəlmiş deyil, əksinə MM-in 1273-1-ci maddəsini qüvvədən salaraq vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən susmuş vərəsə institutunu ləğv etmişdir. Qərarda heç bir halda məhkəmə və yaxud ərazi aidiyyatı qaydalarının tətbiqi ilə bağlı müddəalar əks edilməmişdir. Bununla da məhkəmə yanlış mövqedən çıxış edərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin məhkəmə aidiyyatı seçilmədiyinə görə geri qaytarılması qənaətinə gəlmişdir. Məhkəmə öz qərardadını yalnız öz mülahizəsinə uyğun qəbul etmiş, işin aydınlaşdırılmalı olan halları kimi hazırkı mübahisənin hansı əsaslarla mülki mühakimə icraatı qaydasında olmasını əsaslandırmamışdır. Biləsuvar Rayon Məhkəməsinin 02 fevral 2024-cü il tarixli, e-2(022)-274/2024 saylı qərardadı ilə Biləsuvar Rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli, 2(022)-274/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, Biləsuvar Rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli, 2(022)-274/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmış, Biləsuvar Rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli, 2(022)-274/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, Biləsuvar Rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli, e-2(022)-274/2024 saylı qərardadı ləğv edilməli, mülki iş sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün Biləsuvar Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, hazırkı iş üzrə iddia ərizəsindən görünür ki, iddia tələbi miras qalmış əmlaka dair “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin verilməsinin cavabdeh Biləsuvar rayon Notariat ofisinə həvalə edilməsinə və digər vərəsələrin razılığını nəzərə alaraq digər miras əmlakdan iddiaçının ½ (ikidə bir) hissədə payının müəyyən edilməklə onun payının naturada ayrılmasına yönəlmişdir. İddiaçının iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair Biləsuvar Rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli, e-2(022)-274/2024 saylı qərardadı məhkəmə tərəfindən əsaslandırılmamışdır. Belə ki, həmin qərardadda MPM-in 4.1-ci, 5.1-ci, 149.2.3-cü maddələrinə, Mülki Məcəllənin 220.2-ci, 223.2-ci, 1291-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarına istinad etmiş olsa da, məhkəmə iddia ərizəsinin hansı səbəblə geri qaytarılmalı olduğunu göstərməmiş, sadəcə işdəki bir sıra məktubları və qeyd edilən normaları sadalayaraq bildirmişdir ki, “Məhkəmə qeyd olunanlara əsasən və eyni zamanda mövcud mülki qanunvericiliyin tələblərini nəzərə alaraq belə hesab edir ki, hazırda İddiaçı mərhum X1 miras qalmış ünvan 1 ünvanında yerləşən 111,6 kvadrat metrdən ibarət fərdi yaşayış evinə və ünvan 3 ünvanında yerləşən 1 mərtəbəli, 3 otaqlı evinə, həyətyanı torpaq sahəsinə və Biləsuvar şəhəri B.Abbasov küçəsi 47-də yerləşən **********060-10301 saylı çıxarışa əsasən mərhum X2 ümumi birgə mülkiyyətində olan 0,164 ha torpaq sahəsinə onun vərəsələri – Cavabdeh1, İddiaçı hər birinin 1/2 (ikidə bir) hissədə irs alması barədə “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin verilməsinin cavabdeh Biləsuvar rayon Notariat Ofisinə həvalə edilməsi tələbinə mülki mühakimə icraatı qaydasında baxılmasını istisna edir”. Göründüyü kimi, birinci instansiya məhkəməsi konkret olaraq məhz hansı səbəbə görə iddia ərizəsinin geri qaytarılmalı olduğu nəticəsinə gəldiyini göstərməmiş, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması üçün əsasların təsbit olunduğu MPM-in 152.1-ci maddəsinin hər hansı bir bəndinə istinad etməmişdir. Əksinə, məhkəmə iddia ərizəsinin qaytarılması nəticəsinə gəlməsinə baxmayaraq, əsası müəyyənləşdirilməyən hala görə tələbə mülki məhkəmə icraatı qaydasında baxılmasının istisna edildiyini qeyd etmişdir. Halbuki, MPM-in 153.2.1-ci maddəsində ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina üçün əsasdır və iddianın geri qaytarılması ilə onun yolverilməzliyinə görə qəbul edilməsindən imtinanın fərqli hüquqi nəticələri mövcud olsa da, məhkəmə bu hala da əhəmiyyət verməmişdir. Bundan əlavə, tələbə mülki məhkəmə icraatı qaydasında baxılmasının istisna edildiyi qənaətinə gəlmiş olsa belə, məhkəmə qərardadında MPM-in 153.3-cü maddəsinə uyğun olaraq iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını da göstərməmişdir. Məhkəmə iddia tələbinin digər vərəsələrin razılığı nəzərə alınaraq mərhum X4 adına verilmiş reyestr nömrəsi **********16 olan və Biləsuvar şəhəri ünvanında yerləşən kənd təsərrüfatlı təyinatlı 1,2148 ha torpaq sahəsindən iddiaçının ½ (ikidə bir) hissədə payının müəyyən edilməsi və onun naturada ayrılmasına dair hissəsi ilə bağlı Mülki Məcəllənin 220.2-ci və 223.2-ci maddələrinə istinad edərək faktiki olaraq həmin hissədə tələbə hüquqi qiymət verməyə və iddiaçının subyektiv hüququnun olmadığını qeyd etməyə çalışmışdır. Məhkəmə kollegiyası bildirir ki, hər hansı bir tələblə bağlı şəxsin subyektiv hüququnun ilkin baxışda müəyyən edilməsində çətinliyin olması onun iddiasının geri qaytarılması üçün əsas ola bilməz. MPM-in 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qeyd edilənlər onu göstərir ki, Biləsuvar Rayon Məhkəməsi tərəfindən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair 12 yanvar 2024-cü il tarixli, e-2(022)-274/2024 saylı qərardad prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir və iddiaçının şikayətinin dəlilləri əsaslıdır. Ona görə də məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, Biləsuvar Rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli, e-2(022)-274/2024 saylı qərardadı ləğv edilməli, mülki iş sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün Biləsuvar Rayon Məhkəməsinə qaytarılmalıdır. MPM-in 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh olunanlara əsasən və MPM-in 263-269, 397, 398.0.2 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Biləsuvar Rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli, e-2(022)-274/2024 saylı qərardadı ləğv edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün Biləsuvar Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar