Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-60/2023 03.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin 2(064)-301/2022 saylı, 07 fevral 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 və İddiaçı2 birgə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı1 məxsus 1 ha və qardaşı İddiaçı2 məxsus 11 hektar torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, 2 il bundan əvvəl onlara məxsus torpaq sahələri ölçülərək dəqiq sərhədləri müəyyən edilərkən onlara məxsus torpaq sahələrinin Cavabdeh torpaq sahəsi ilə dəyişik düşdüyü məlum olmuşdur. Bundan sonra, cavabdehlə İddiaçı1 məxsus 1 ha və qardaşı İddiaçı2 məxsus 11 ha torpaq sahəsində yonca əkməklə müəyyən sayda ot bağlamasından onlara da verməsi barədə danışıqları olmuşdur. Cavabdeh torpaq sahələrində yonca əksə də, otun biçini vaxtı onlara heç bir ot bağlaması verməmişdir. İddiaçılar cavabdehdən razılaşmaya riayət etməsini tələb etsələr də, o, buna məhəl qoymamışdır. Ona görə də iddiaçılar torpaq sahələrinin özlərinə qaytarılmasını cavabdehdən tələb etmişlər. Lakin buna baxmayaraq cavabdeh hələ də torpaq sahələrini onlara qaytarmamış, torpaqlardan istifadə etməkdədir. Füzuli Rayon Məhkəməsinin 2(064)-301/2022 saylı, 07 fevral 2022-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Yaşar Həşimov) iddia təmin edilmiş, Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətlərində olan Füzuli rayonu, Qarabağ kəndi ərazisində yerləşən 1 ha və 11 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən çıxarılması, Cavabdeh 503 manatın tutularaq İddiaçı2 ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Füzuli Rayon Məhkəməsinin 2(064)-301/2022 saylı, 07 fevral 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Füzuli rayonunun Qarabağ kəndində yerləşən 11,7701 ha torpaq sahəsi 1991-ci ildən bugünədək onun və ailə üzvlərinin qanuni sahibliyində və istifadəsindədir. Torpaq sahəsinə dair ona ilk öncə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə, daha sonra isə daşınmaz əmlakın dövlət reyestrindən **********67 reyestr nömrəli çıxarış verilmişdir. Həmin torpaq sahəsində hər il müxtəlif növ kənd təsərrüfatı məhsulları əkib becərir və bugünədək torpaq sahəsi ilə bağlı heç kəslə arasında mübahisə yaranmamışdır. Cavabdeh torpaq sahəsini münbit vəziyyətə gətirmək üçün ümumilikdə 220 yük maşını ilə dolu peyini əraziyə dağıtmışdır. Hər maşın üçün 40 manat olmaqla, ümumilikdə 8800 manat xərc çəkmişdir. Lakin 2021-ci ildə iddiaçılar məhkəməyə müraciət etmiş və bildirmişlər ki, guya cavabdehin istifadəsində olan torpaq sahəsi əslində onlara məxsusdur. Halbuki, mübahisəli torpaq sahəsi hələ 1991-ci ildən bugünədək onun faktiki istifadəsinə verilmişdir. Məhkəmə isə cavabdehin verdiyi izahatı təhrif etməklə, tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, torpaq sahəsinin cavabdehin mülkiyyətində olduğunu təsdiq edən sənədləri təqdim etməsi üçün məhkəmə iclasını təxirə salmamış və bu istiqamətdə heç bir tədbir görməmişdir. Məhkəmə yalnız iş üzrə verilmiş mütəxəssis rəyinə istinad etmişdir ki, həmin rəyin hazırkı iş üzrə mötəbər sübut kimi qəbul edilməsi yolverilməzdir. Çünki mütəxəssis rəyinin alınması üçün məhkəmə tərəfindən qərardad qəbul edilərkən mütəxəssis qarşısında yalnız iddiaçılara məxsus torpaq sahələrinin kim tərəfindən istifadə edildiyi ilə bağlı sual qoyulmuşdur. Halbuki, həmin torpaq sahəsi cavabdehin mülkiyyətindədir və bunu təsdiq edən çıxarış mütəxəssisə təqdim edilməklə, çıxarışda göstərilən torpaq sahəsi ilə bağlı cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin üst-üstə düşüb-düşmədiyi ilə bağlı sual qoyulsaydı, əsl həqiqət ortaya çıxar və istifadəsində olan torpaq sahəsinin cavabdehin mülkiyyətində olduğu aşkar edilərdi. Birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, mübahisəli torpaq sahəsinin cavabdehə məxsus olub-olmamasını, ötən 31 il ərzində iddiaçıların torpaq sahəsi ilə hər hansı iddia ilə məhkəməyə müraciət etməmələrinin səbəblərini araşdırmamışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 dekabr 2022-ci il tarixli, 2(106)-1295/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertin rəyi məhkəməyə təqdim edilənə kimi mülki işin icraatı dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 mart 2023-cü il tarixli, 10/8736 saylı məktubu Şirvan Apellyasiya Məhkəməsinə 12 aprel 2023-cü il tarixində daxil olmuş, həmin məktubla məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 aprel 2023-cü il tarixli, 2(106)-60/2023 saylı qərardadı ilə iş üzrə icraat təzələnmiş və işə məhkəmə iclasında baxılması 03 may 2023-cü il tarixə, saat 15:00-a Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasına təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş, nümayəndə ilə təmsil olunmamışlar. Odur ki, məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı iş üzrə cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb və işdəki sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbinin təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. İşdəki Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, Füzuli rayonu, Qarabağ kəndində yerləşən 11 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində 12 nömrəli reyestr kitabının 52 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi ilə bağlı DƏDRX-nin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixində A481787 seriya nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. İşdəki Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, Füzuli rayonu, Qarabağ kəndində yerləşən 1 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində 12 nömrəli reyestr kitabının 42 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi ilə bağlı DƏDRX-nin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixində A481689 seriya nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. İşdəki Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, Füzuli rayonu, Qarabağ kəndində yerləşən 11,7701 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında Cavabdeh, X5, X6, X2, X3 və X1 adına daşınmaz əmlakın dövlət reyestrində 15 nömrəli reyestr kitabının 88 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi ilə bağlı DƏDRX-nin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixində A671833 seriya nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən əldə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Beyləqan Layihə Tədqiqat İdarəsinin 18 yanvar 2022-ci il tarixli, 09 nömrəli mütəxəssis rəyindən görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən müvafiq olaraq reyestr nömrəsi **********83 olan xx.xx.2020-ci il qeydiyyat tarixli və reyestr nömrəsi **********91 olan xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışlara əsasən iddiaçılar İddiaçı1 və İddiaçı2 xüsusi mülkiyyətində olan Füzuli rayonu, Qarabağ kəndində yerləşən 1 ha və 11 ha torpaq sahələri tamamilə Cavabdeh tərəfindən istifadə olunur. Aparılmış tədqiqatın dəyəri 503 manat təşkil edir. İş materiallarının 50-ci vərəqində olan ödəniş qəbzindən görünür ki, mütəxəssis rəyinin verilməsinə görə İddiaçı2 tərəfindən 503 manat məbləğində xidmət haqqı ödənilmişdir. Cavabdeh sözügedən mütəxəssis rəyi ilə razılaşmadığından və mütəxəssis rəyi onun torpaq sahəsinin sərhədləri də müəyyən edilmədən verildiyindən, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinin 20 fevral 2023-cü il tarixli məktubundan görünür ki, Şirvan Apellyasiya Məhkəməsi tərəfindən təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi işində iştirak etmək üçün idarənin mütəxəssisləri ərazidə olmuşlar. Ölçmə işləri aparmaq üçün hazırlıq işləri aparılan zaman müəyyən olunmuşdur ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 torpaq sahələrinin hüdudları ilə Cavabdeh torpaq sahəsinin hüdudları arasında mübahisəli ərazi mövcud deyil. İddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətlərində olan torpaq sahələrindən istifadə edirlər. Ona görə də naturada tərəflər arasında torpaq mübahisəsi mövcud olmadığına görə ekspertizanın keçirilməsi üçün tədqiqat aparılmamış və tərəflərin iştirakı ilə akt tərtib olunmuşdur. Həmin məktuba əlavə edilmiş aktdan görünür ki, akt 07 fevral 2023-cü il tarixində Füzuli rayonu, Qarabağ kəndi ərazisində 6 saylı Beyləqan Ərazi İdarəsinin mühəndisi X7, 6 saylı Beyləqan Ərazi İdarəsinin yerquruluşu texniki X8, iddiaçılar İddiaçı1 və İddiaçı2 və Cavabdeh iştirakı ilə tərtib edilmiş, onlar tərəfindən imzalanmışdır. Aktın məzmununda qeyd edilmişdir ki, ölçmə işləri aparılan zaman iddiaçılar İddiaçı1 və İddiaçı2 ilə Cavabdeh arasında olan mübahisəli torpaq sahəsinin hüdudlarında heç bir ciddi nöqsanın mövcud olmadığı müəyyən edilmişdir. İddiaçılar pay torpaqlarından sərbəst istifadə edirlər. Ona görə də ekspertizanın keçirilməməsi məqsədəmüvafiq hesab edilmişdir. Bundan əlavə, Cavabdeh da Şirvan Apellyasiya Məhkəməsinə yazılı ərizə ilə müraciət edərək, iddiaçılar ilə aralarında yaranmış torpaq münaqişəsinin qarşılıqlı razılaşma yolu ilə həll olunduğunu və bir-birilərinə heç bir iddialarının olmadığını bildirmişdir. Beləliklə, iş materialları ilə müəyyən edilir ki, iddiaçılar Cavabdeh İddiaçı1 məxsus 1 ha və qardaşı İddiaçı2 məxsus 11 hektar torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, tələblərini cavabdehin onların mülkiyyətində olan torpaqdan istifadə etməsi ilə əsaslandırmışlar. Füzuli Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermiş, öz mülkiyyətində olan torpaq sahəsindən istifadə etdiyini bildirmişdir. Apellyasiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması məqsədilə 6 saylı Beyləqan Ərazi İdarəsinin mütəxəssisləri mübahisəli ərazidə olduqları vaxt müəyyən olunmuşdur ki, iddiaçılar öz mülkiyyətlərində olan torpaq sahələrindən sərbəst şəkildə istifadə edirlər və onlar arasında hazırda torpaq sahələrinin hüdudlarına dair hər hansı mübahisə mövcud deyil. Bu barədə akt tərtib edilmiş və həm iddiaçılar, həm də cavabdeh həmin aktı imzalamışlar. Bundan başqa, cavabdeh məhkəməyə ünvanladığı yazılı ərizəsində də aralarında olan torpaq mübahisəsinin qarşılıqlı razılaşma yolu ilə həll olunduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Hazırkı iş üzrə iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 157.2-ci maddəsi çıxış edir. Həmin maddənin tətbiqi üçün isə zəruri şərtlər ondan ibarətdir ki, şəxs tələb etdiyi əmlakın özünün mülkiyyətində olduğunu, əmlakın hazırda tələb etdiyi şəxsin sahibliyində olmasını və həmin sahibliyin qanunsuz olmasını sübut etməlidir. Hazırkı işin hallarından isə göründüyü kimi, tərəflər arasında torpaq mübahisəsi həll olunmuş və iddiaçılar öz mülkiyyətlərində olan torpaq sahələrindən sərbəst şəkildə istifadə edirlər. Bu hal isə Mülki Məcəllənin 157.2-ci maddəsinin tətbiq edilməsinə zərurəti aradan qaldırır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə iddia tələbi rədd edildiyindən mütəxəssis rəyinin verilməsi üçün İddiaçı2 tərəfindən ödənilmiş 503 manat məbləğində xidmət haqqı onun özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Füzuli Rayon Məhkəməsinin 2(064)-301/2022 saylı, 07 fevral 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma tələbinə dair” iddiası təmin edilməsin. Mütəxəssis rəyinin verilməsinə görə ödənilmiş 503 manat məbləğində xərc İddiaçı2 özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov Hakimlər: İlham Əsədov Tofiq Heydərov
Məhkəmə qərarları › İş №2(106)-60/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-60/2023
03.05.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver